– Çox hörmətli dövlət başçıları!
Hörmətli nazirlər, deputatlar, enerji ictimaiyyətinin təmsilçiləri!
Əziz qonaqlar, xanımlar və cənablar!
Sizi dərin səmimiyyətimlə salamlayıram. Bu gün bölgəmiz və ölkələrimiz üçün tarixi bir addım atırıq. Cənub Qaz Dəhlizinin bel sütunu olan və “Enerjinin İpək yolu” adlandırdığımız Trans-Anadolu təbii qaz boru kəmərinin açılışını edirik. Siz dostlarımı belə bir strateji layihənin açılışı ilə əlaqədar Əskişəhərdə qonaq qəbul etməkdən şəxsən öz adımdan və millətim adından böyük məmnunluq duyuram. Bu nəhəng layihənin nəzərdə tutulan tarixdən əvvəl həyata keçirilməsində əməyi olanları ürəkdən təbrik edirəm.
Bu layihənin reallaşması hər şeydən əvvəl Türkiyə ilə Azərbaycan arasındakı qarşılıqlı etimada əsaslanan münasibətlər sayəsində mümkün olub. Bundan başqa, istehsalçı, tranzit və istehlakçı ölkələrlə şirkətlər arasındakı uzlaşma və qarşılıqlı anlaşma birliyi prosesin sürətləndirilməsinə töhfə verib. Bu baxımdan TANAP, eyni zamanda, çoxtərəfli əməkdaşlığın nümunəsidir. Enerjini münaqişə deyil, əməkdaşlıq zəmini olaraq görən anlayışımız TANAP sayəsində bir daha təsdiqini tapdı. Bununla əlaqədar xüsusilə qardaşım İlham Əliyevə çox təşəkkür edirəm.
Dəyərli dostlar, TANAP ilə Xəzər qazı ilk dəfə Avropaya çatacaq. Şübhəsiz, Xəzər hövzəsindəki zəngin enerji ehtiyatlarının Avropaya nəqli fikrinin yeni olmadığını hamımız bilirik. Daha əvvəl bu məqsədlə bir sıra nəhəng layihələr həyata keçirmişik. Bu yola Bakı-Tbilisi-Ceyhan xam neft boru kəmərinin inşası ilə başladıq. “Əsrin layihəsi” adlandırılan Bakı-Tbilisi-Ceyhan kəməri daha sonrakı fəaliyyətlərin də başlanğıcı oldu. Azərbaycan və Gürcüstan ilə strateji tərəfdaşlığımız ölkəmizə ilk dəfə Azərbaycan qazını gətirən Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəməri layihəsi ilə davam etdi.
Əməkdaşlığımız enerji ilə məhdudlaşmadı. Son olaraq nəqliyyat sahəsində strateji əhəmiyyətə malik Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılışını da dəyərli qardaşımla bərabər reallaşdırdıq. Beləliklə, Londondan Çinə birbaşa dəmir yolu əlaqəsini qurmağa nail olduq.
TANAP ortaq baxışımızın ən son bəhrəsidir. Enerji bazarında yaşanan dəyişikliyə və ehtiyaca cavab verən TANAP, eyni zamanda, qarşıdakı illərdə həyata keçirəcəyimiz yeni layihələrin də müjdəsidir. Layihə ilə bağlı rəqəmlər bu həqiqəti açıq-aşkar ortaya qoyur. Diametri 56 düymlük borulardan ibarət olan 1850 kilometrlik TANAP Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun təbii qaz boru kəməridir. TANAP 20 vilayət, 67 rayon və Çanaqqala boğazını keçən marşruta sahibdir. Bu layihənin ilkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr təbii qazdır. Bunun 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya nəql olunacaq. Tələbdən asılı olaraq, ötürücülük qabiliyyətini əvvəlcə 22 milyard kubmetrə, daha sonra əlavə sərmayələrlə 31 milyard kubmetrə çatdırmağı hədəfləyirik. Yunanıstan sərhədinə ilk qazın çatdırılmasını 2019-cu ilin iyununda həyata keçirməyi nəzərdə tuturuq.
TANAP təkcə enerji təhlükəsizliyi baxımından deyil, Xəzər bölgəsindən Avropaya qədər marşrut üzərindəki bütün ölkələrin rifahına və məşğulluq probleminə də töhfə verəcək. Bunun bəhrələrini hələ sərmayə mərhələsində almağa başladıq. Sərmayə dövründə boru kəməri marşrutundakı 20 vilayətdə təxminən 10 min nəfərə bilavasitə və ya dolayısı ilə məşğulluq imkanı yaratdıq. Eyni zamanda, bu vilayətlərdə başda kiçik və orta sahibkarlıq subyektləri olmaqla çoxlu sayda müəssisəyə yeni iş imkanı təmin etdik. Bundan başqa, Türkiyə TANAP-ın reallaşması ilə tranzit ölkə olmaqdan çıxaraq istehsalçıdan son istehlakçıya uzanan dəyər zəncirinin hər mərhələsində rol oynayan əhəmiyyətli bir mövqeyə gəlib. Ölkəmiz regional enerji xətlərinin mərkəzinə çevrilmək missiyasına TANAP vasitəsilə bir addım da yaxınlaşdı.
Dəyərli qonaqlar, TANAP siyasi iradə ilə yanaşı, iqtisadi sabitliyin də məhsuludur. TANAP kimi böyük beynəlxalq infrastruktur layihəsinin qısa müddətdə həyata keçməsində Türkiyənin son 16 ildə təmin etdiyi siyasi və iqtisadi sabitliyin çox önəmli rolu var. Ölkəmiz bölgədəki bütün gərginliklərə, münaqişələrə, terror hadisələrinə, hətta FETÖ xəyanət dəstəsinin qanlı dövlət çevrilişi cəhdinə baxmayaraq, 16 ildir sabitliyini qorumağı bacarmışdır. Bu illərdə Türkiyə nəqliyyat, ticarət, sərmayə, enerji kimi müxtəlif sahələrdə xeyli sayda mühüm layihə həyata keçirib.
Xüsusilə enerji təhlükəsizliyinə nail olmaq və öz enerji mənbələrimizdən səmərəli şəkildə istifadə etmək üçün ciddi sərmayələr qoyduq. Milli enerji və mədən siyasətimizi formalaşdıraraq, enerji təhlükəsizliyi və proqnozlaşdırıla bilən bazar şərtləri ilə ölkəmizin sərmayələr üçün etibarlı bir liman və sabitlik adası olduğunu göstərdik. İki ədəd üzən LNG (mayeləşdirilmiş təbii qaz) qurumu və qurudakı LNG müəssisələrimizin imkanlarının genişləndirilməsi ilə son iki il yarımda ölkəmizin LNG-dən təbii qaz əldəetmə qabiliyyətini gündəlik 36 milyon kubmetrdən 113 milyon kubmetrə çatdırdıq.
Enerji təminatı üçün infrastrukturun gücləndirilməsi layihələri ilə yanaşı, təbii qaz və neft axtarışında da yeni bir dövrü başlatdıq. İlk milli qazma gəmimiz olan “Fatih”i Aralıq dənizinə yola saldıq. Dünyanın ən yeni texnologiyası ilə təchiz edilən bu gəmi ilə ölkəmizin mühüm bir çatışmazlığını da həll etmiş olduq.
Bundan başqa, son 16 ildə elektrik enerjisi gücümüzü 31 min 845 meqavatdan 87 min meqavata yüksəltdik. Bərpaolunan enerji qaynaqları gücümüzü 12 min 305 meqavatdan 40 min 838 meqavata çatdırdıq. Külək, geotermal və Günəş enerjisi mühüm elektrik mənbələrimizə çevrildi. Yeni bir enerji mənbəyi olaraq atom enerjisini də şəbəkəmizə daxil edəcəyik. Akkuyu və Sinop atom elektrik stansiyaları layihələrini, inşallah, önümüzdəki illərdə mərhələ-mərhələ həyata keçirəcəyik.
Hörmətli qonaqlar, biz tarix boyunca rəqabətin, gərginliyin əsas səbəbi olmuş enerji məsələsini əməkdaşlıq sahəsinə çevirərkən Avropada din, inanc və ibadət azadlığının yeni bir münaqişə sahəsinə çevrilməsi cəhdlərini görürük. Avropa ölkələrində son illərdə artan irqçilik, ksenofobiya və islamofobiya meyilləri təəssüf ki, get-gedə sosial və siyasi həyatı daha çox zəhərləyir. Qısamüddətli maraqlar naminə bəzi avropalı siyasətçilər də adətən yanğını körükləyirlər. Altı milyondan çox vətəndaşı Avropa dövlətlərində yaşayan bir ölkə olaraq açıq deyirəm, bu mənfi gedişatdan son dərəcə narahatıq. Müsəlmanları hədəf göstərməyin, ksenofobiyanı qızışdırmağın, ibadət yerlərinin qapısına kilid vurmağın heç kimə faydası yoxdur. Gərginlik platformalarından siyasi maraqlar naminə istifadə etməyə çalışmaq bəsirətsizlikdir, odla oynamaqdır. İkinci Dünya müharibəsində yəhudilərin və qaraçıların çəkdiyi zülmlər, yaşadıqları qətliam və işgəncələr belə məsuliyyətsiz siyasətin necə utancverici səhnələrə səbəb ola biləcəyini açıq göstərib. Avropadakı naşı siyasətçilər insanların həssas dəyərlərinə toxunan manevrlər etməzdən əvvəl öz tarixlərindəki dərsə bir daha baxsınlar və ondan nəticə çıxarsınlar.
Qanuni, leqal qurumların qapısına kilid vurmaqla, radikalizmlə mübarizə aparmaq olmaz. Müsəlmanların inanc və ibadət azadlıqlarını məhdudlaşdırmaqla, terrorla mübarizə aparmaq olmaz. Belə təhrikedici addımlar ancaq İŞİD, “Əl-Qaidə” kimi terror təşkilatlarına yeni fəaliyyət sahələri təqdim edər. Terror təşkilatı PKK-nın Avropa paytaxtlarında meydan suladığı, hər il milyonlarla avro xərac topladığı bir şəraitdə cami və məscidləri terror yuvası kimi göstərmək, sözün əsl mənasında, ağılsızlıqdır. Türkiyə olaraq Avstriya hökumətinin yanlış mövqedə israr etməsi əvəzinə dərhal doğru yola dönməsində fayda görürük. Vətəndaşlarımızın haqq, hüquq və mənfəətlərinin qorunması məsələsində səbrimizin sonsuz olmadığını bilmələrini istəyirik.
Dəyərli dostlarım, bilirsiniz ki, TANAP ilk dəfə gündəmə gələndə bəzi dairələr, - İlham qardaşım bunu çox yaxşı bilir, - buna xülya dedilər, həyata keçirilməsi mümkün deyil dedilər. Amma biz səbir etdik, dözüm göstərdik. Doğru bildiyimiz yolla qətiyyətlə irəlilədik və israr etdik. Nəticədə isə bu gün bərabər yaşadığımız qürur tablosuna şahid oluruq. İndi qarşımızda daha böyük hədəflər, yeni layihələr var. İndi qarşımızda buradan aldığımız ilhamla yeni uğur hekayələri yazmaq var.
Bu hisslərlə sözlərimi bitirərkən dəyərli qardaşım Əliyevə göstərdiyi liderliyə görə bir daha təşəkkür edirəm. Bu tədbirimizdə iştirak edən dəyərli dostlarım Poroşenkoya, Vuçiçə, Şimali Kiprin lideri Mustafa bəyə və bu tədbirdə aramızda olan bütün nazirlərə, deputatlara və hörmətli xalqımıza çox təşəkkür edirəm. Bu prosesdə Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları tərəfindən göstərilən dəstəkdən də məmnunluq duyduğumuzu xüsusi ifadə etmək istəyirəm. Bu tarixi açılış mərasimində bizi tək qoymayan, sevincimizə ortaq olan bütün dövlət və hökumət başçılarına bir daha təşəkkürlərimi çatdırıram. Sağ olun, var olun, salamat qalın.
* * *
Sonra TANAP kəmərinə qazın verilməsi mərasimi oldu.
Sonda birgə foto çəkdirildi.
Bununla da Azərbaycanın və Türkiyənin birgə səyləri nəticəsində daha bir dünya əhəmiyyətli tarixi layihə həyata vəsiqə aldı. Ölkəmizin reallaşdırdığı “Cənub Qaz Dəhlizi” layihəsinin ən vacib seqmentlərindən olan TANAP qaz kəmərinin istifadəyə verilməsi ilə artıq regiona və tərəfdaş ölkələrin həyatına yeni bir nəfəs gəlir. Bu isə Azərbaycanın və Türkiyənin birgə formalaşdırdığı regional inkişaf, tərəqqi və özünəinam mühitinin qələbəsidir.