Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə martın 9-da Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirə keçirilmişdi. Həmin müşavirədə dövlətimizin başçısı şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı tapşırıqlar vermişdi. Bu tapşırıqların icrası ilə yerində tanış olmaq üçün martın 31-də Prezident İlham Əliyev Sabunçu və Suraxanı rayonlarında olmuşdur.
Prezident İlham Əliyev Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunan müşavirədə respublikamızın paytaxtında ötən illərdə konkret proqramların həyata keçirildiyini bildirərək Bakının meqapolisə çevrilməsinin prioritet məsələlərdən biri olduğunu vurğulamışdı. Dövlətimizin başçısı paytaxtın yol-nəqliyyat infrastrukturunun, energetika şəbəkəsinin, təbii qaz təsərrüfatının, istilik sisteminin, kanalizasiya qurğularının, digər infrastruktur və kommunal sahələrin təkmilləşdirilməsi üçün kompleks tədbirlərin və yenidənqurma işlərinin bundan sonra daha da vüsət alacağını qeyd etmiş və bu məqsədlə xüsusi dövlət proqramı üzərində işlərin getdiyini bildirmişdir. Prezidentin tapşırıqlarına əsasən Bakı şəhərinin bütün rayonlarının kənd və qəsəbələrində yenidənqurma tədbirlərinə başlanılmışdır.
Müşavirədə qarşıya qoyulan vəzifələrin icrası ilə yerində tanış olmaq üçün Prezident İlham Əliyev Zabrat qəsəbəsinin 7500-dən artıq sakinin məskunlaşdığı "Teplitsa" adlandırılan yaşayış sahəsində oldu.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verdi. Bildirildi ki, Prezident İlham Əliyevin tapşırığına əsasən qəsəbələrarası yolların əsaslı təmirinə başlanılıb. Bu yaşayış sahəsindəki 12 min 300 kvadratmetr yola yeni asfalt örtüyü döşənib. Dövlətimizin başçısının tapşırıqlarına əsasən qəsəbələrarası yollar boyunca işıqlandırma sisteminin qurulacağı qeyd olundu, kəndlərdə və qəsəbələrdə kanalizasiya xətlərinin çəkiləcəyinin isə dövlət proqramına daxil edildiyi vurğulandı.
Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev sakinlərlə görüşdü.
Dövlətimizin başçısını hərarətlə qarşılayan sakinlər bir ağızdan "Xoş gəlmisiniz!" dedilər.
Sakinləri salamlayan Prezident İlham ƏLİYEV dedi:
- Çox sağ olun. Bildiyiniz kimi, Bakıətrafı qəsəbələrin sosial-iqtisadi problemləri həll olunur. Ümid edirəm ki, aprel ayında müvafiq proqram qəbul ediləcəkdir. Bir müddət bundan əvvəl geniş müşavirə keçirildi, qarşıya vəzifələr qoyuldu. Əsas məqsəd ondan ibarət idi ki, Bakıətrafı qəsəbələrdə bütün sosial-iqtisadi məsələlər öz həllini tapsın. Proqram qəbul olunandan sonra əlbəttə ki, dövlət büdcəsində əlavə vəsait nəzərdə tutulacaqdır. Bu məqsədlə dövlət büdcəsinə düzəlişlər də edilməlidir. Çünki büdcəmiz keçən il qəbul edilmişdir və bu proqram nəzərdə tutulmurdu. Düzəlişlər ediləndən sonra artıq dövlət büdcəsinin imkanları çərçivəsində proqram icra olunmağa başlanacaqdır.
Onu da qeyd etməliyəm ki, keçən müddət ərzində müəyyən işlər görülmüşdür. Qəsəbələrdə məktəb tikintisi sürətlə aparılmışdır, tibb məntəqələri tikilmişdir. Elektrik enerjisi ilə təchizat, qazlaşdırma prosesləri getmişdir. Yəni, müəyyən işlər görülmüşdür. Ancaq mən çox istərdim ki, bu işlər daha da sürətlə və daha da keyfiyyətlə görülsün. Qəsəbələrdə yaşayan bütün insanlar maksimum şəraitlə təmin olunsunlar. İndi proqram hazırlanır və bu proqram bütün qəsəbələri əhatə edəcəkdir. Çox böyük bir proqramdır. Hazırda qəsəbələrdə yaşayan əhalinin sayı 800 mindən çoxdur. Bu, özlüyündə böyük şəhərdir. Bu qəsəbələrdə yaşayan insanlar bir daha demək istəyirəm ki, ən yüksək standartlarla təmin olunmalıdırlar. Amma bu məsələnin həllinin çox sürətlə getməsini nəzərə alaraq, bir müddət bundan əvvəl Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə vəsait ayrılmışdır ki, təxirəsalınmaz tədbirlər görülsün. Bu gün bu yolun çəkilişi verilmiş o vəsaitin hesabınadır. Artıq müəyyən işlər görülmüşdür. Bu yol ümumiyyətlə yox idi, burada torpaq yollar var idi. Yəni biz bütün bu yolları yenidən qurmalıyıq, yenidən tikməliyik.
Əlbəttə, proqram təkcə yolların tikintisi ilə məhdudlaşmayacaqdır, geniş tədbirlər görüləcəkdir. Qəsəbədə qaz, işıq, su problemləri həll olunubdur. Bu da böyük bir nailiyyətdir. Kanalizasiya problemləri var, o da həll olunacaqdır. Çünki bilirsiniz, ölkəmizdə gedən quruculuq-abadlıq işləri hər bir bölgədə öz müsbət təsirini göstərmişdir. Regionların sosial-iqtisadi inkişaf proqramı vardır və icra edilir. Eyni zamanda, Bakıətrafı qəsəbələrin də sosial-iqtisadi inkişafı proqramının yeni mərhələsi başlanmalıdır. Mən hesab edirəm ki, birinci mərhələdə 2011-2013-cü illər əhatə olunmalıdır. Ancaq artıq o proqramı hazırlayanlar məlumat verirlər ki, iki il ərzində nəzərdə tutduğumuz məsələləri həll etmək üçün vaxt bizə imkan verməyəcəkdir. Ona görə ola bilsin ki, 2011-2013-cü illərdən əlavə 2013-2018-ci illəri əhatə edəcək proqram da hazırlanmalıdır. Bu proqramın icrası nəticəsində bütün qəsəbələrdə ən müasir infrastruktur yaradılacaq, ən yüksək standartlar tətbiq olunacaq və qəsəbələrin inkişafı üçün bütün lazım olan məsələlər öz həllini tapacaqdır.
Bununla bərabər, İqtisadi İnkişaf Nazirliyinə göstəriş verilmişdir ki, qəsəbələrdə yaşayan iş adamları üçün əlavə şərait yaradılsın. Güzəştli şərtlərlə kreditlər verilsin, burada iş yerləri yaradılsın, yeni müəssisələr açılsın ki, işsizliyin də aradan qaldırılması üçün əlavə şərait yaradılsın.
Bütövlükdə ölkəmizdə işsizliyə qarşı mübarizə çox ciddi gedir. Demək olar ki, hər bir bölgədə yeni müəssisələr, minlərlə iş yerləri, yeni zavodlar, fabriklər açılmışdır. Bu gün bizim iqtisadi və sənaye potensialımızın güclənməsində bunun çox böyük rolu vardır.
Bu gün isə mən gəldim özüm görüm ki, işlər necə gedir. Çox ümid edirəm ki, verilən bütün tapşırıqlar yerinə yetiriləcəkdir. Sizdən və bütün qəsəbələrin sakinlərindən xahiş edirəm ki, bu proqramın icrası ilə bağlı olan məsələləri Prezident Administrasiyasına da göndərsinlər. Əgər hər hansı bir irad varsa, narazılıq varsa, mütləq bizim xəbərimiz olmalıdır ki, bütün bu məsələlər lazımi səviyyədə görülsün.
(ardı 2-ci səhifədə)
(əvvəli 1-ci səhifədə)
Qəsəbə sakini Səfixan GƏNCƏLİYEV dövlətimizin başçısına təşəkkür edərək dedi:
-Cənab Prezidentimiz! Siz bizim qəsəbəyə - Zabrata xoş gəlmisiniz. 2011-ci il martın 9-da Sizin sədrliyiniz ilə keçirilən müşavirədə Bakı və Bakıətrafı qəsəbələrdə abadlaşma və yenidənqurma işlərinə dair verdiyiniz tövsiyələr, məsləhətlər bizim Zabrat camaatı tərəfindən, eyni zamanda, bütün respublika əhalisi tərəfindən rəğbətlə qarşılanmışdır. Ona görə də Sizə dərin minnətdarlığımızı, xoş arzularımızı bildiririk.
Cənab Prezident, ulu öndərimiz, milli liderimiz Heydər Əliyevin xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır. Azərbaycanın inkişafı üçün Heydər Əliyevin gördüyü misilsiz işləri Siz uğurla davam etdirirsiniz. Ona görə də bizim respublika indi dünyada çox qabaqcıl ölkələrdən birinə çevrilmişdir.
Hazırda respublikamız Cənubi Qafqazda lider dövlətdir, türk dövlətləri içərisində lider dövlətə çevrilməkdədir. Bu, Sizin gecəli-gündüzlü səmərəli işinizin nəticəsidir. Ona görə də bir daha Sizə minnətdarlığımızı bildiririk.
Hazırda Sizin gördüyünüz bu qəsəbədə abadlıq işləri vüsət alıb. Gözəl yollar çəkilir. Qəsəbəmizdə su, kanalizasiya sahəsində vəziyyət o qədər də yaxşı deyildir. Bəzi işlər görülüb, ancaq problemlər vardır. Yəqin ki, Sizin göstərişiniz əsasında bu problemlər də həllini tapacaqdır.
Qaldı ki, işıq, qaz bütün qəsəbənin hər bir ailəsində vardır. Elektrik var, sayğaclar qoyulub, pulları vaxtında ödənilir, bu barədə heç bir problem yoxdur.
Cənab Prezidentimiz, Sizin gəlişiniz bizə xoş bayramdır. İstəyirəm ki, bir neçə problemi Sizin nəzərinizə çatdıraq. Demək olar ki, Zabrat qəsəbəsində kanalizasiya işi doğrudan da pis vəziyyətdə idi. Düzdür, indi bir hissəsi çəkilibdir. Miqrasiya ilə əlaqədar olaraq rayonlarımızdan Azərbaycan vətəndaşları gəlib bax belə evlər tikiblər. Bu ərazi sovxoza, Abşeron rayonuna aid idi. Bir qədər əvvəl bu torpaqlar Sabunçu rayonuna verilib. İndi burada çoxlu evlər tikilibdir. Bu evlərin qeydiyyatı yox idi. Siz o müşavirədə göstəriş verdiniz ki, qeydiyyatsız evlər nəzərə alınsın və onlar sənədləşdirilsin.
Buna görə də camaatımızın hamısı Sizə öz minnətdarlığını bildirir. Allah Sizi qorusun. Siz də Azərbaycanı qoruyursunuz.
Prezident İlham ƏLİYEV: Sağ olun.
Səfixan GƏNCƏLİYEV: Sizin mötəbər, o uca yerlərdən səsiniz gələndə biz fəxr edirik.
Qəsəbədəki 75 nömrəli məktəbin direktoru Solmaz ƏZİZZADƏ minnətdarlıq edərək dedi:
-Xoş gəlmisiniz, biz Sizdən enerji alırıq, qüvvə alırıq. Sizin diqqət və qayğınız nəticəsində qəsəbəmizdə inkişafın getməsi göz qabağındadır. Mən demək istəyirəm ki, bu gün quruculuq işləri nəinki Zabrat qəsəbəsində, bütün Azərbaycanda həyata keçirilir. Azərbaycanın bütün sakinləri Sizdən qüvvə, enerji alır. Bu, o deməkdir ki, bizim Prezidentimiz bir günəşdir, Azərbaycana doğub.
Prezident İlham ƏLİYEV: Çox sağ olun.
Solmaz ƏZİZZADƏ: O qüvvə, enerji Sizdən tükənməsin. Sizə, ailənizə, Mehriban xanıma uzun ömür, cansağlığı arzulayıram. Enerjiniz heç zaman tükənməsin.
Qəsəbə ağsaqqalı Lətifağa ƏZİMOV: Allah Sizə cansağlığı versin. Bu Zabrat kəndinə xoş gəlmisiniz. Moskvada "Pravda" qəzeti var idi. Orada "Azərbaycan iri addımlarla irəliləyir" adlı bir məqalə çıxmışdı. Bu irəliləyiş indi daha sürətlə gedir. Həqiqətən Azərbaycan çox gözəldir. Buralar qamışlıq idi. Sizin sayənizdə buralar gözəlləşib. İndi camaat evlər tikib, yeni gələnlər vardır. O iclasda Sizin dedikləriniz, verdiyiniz tapşırıqlar camaatın ürəyincədir. Camaat sevinir, inanın ki, bayram edirlər. Allah Sizə cansağlığı versin.
Prezident İlham ƏLİYEV: Çox sağ olun. Qeydiyyatla bağlı məsələlər öz həllini tapacaqdır. Mən müvafiq göstərişlər vermişəm. İndi məsələyə baxılır və yaxın zamanlarda təkliflər irəli sürüləcək ki, biz bu məsələni birdəfəlik həll edək.
Kanalizasiya ilə bağlı məsələlər təkcə Zabrat üçün deyil, bütün qəsəbələrə aid olan məsələlərdir. Bakı şəhərinin kanalizasiya məsələləri, əfsuslar olsun ki, bu günə qədər lazımi səviyyədə qurulmayıbdır. Bu işlər böyük maliyyə vəsaiti tələb edir. Ancaq biz bunu etməliyik, nəinki Bakıda və Bakıətrafı qəsəbələrdə, hər bir rayonda. İndi hər bir rayon mərkəzində içməli su və kanalizasiya proqramları icra olunur.
O ki qaldı, elektrik enerjisi və qazla təminata, mən çox şadam ki, bu məsələlər çoxdan həll olunubdur. İçməli su məsələsi də həll olunub. İçməli su ilə bağlı keçmişdən yığılmış borclar vardır. Mən bilirəm ki, o borcların ödənilməsində müəyyən problemlər vardır. Çünki bəzi hallarda o borclar düzgün hesablanmayıb və əhaliyə tətbiq olunan cərimələr də bəzi hallarda əsassızdır. Ona görə mən Nazirlər Kabinetinə göstəriş vermişəm ki, məsələyə baxsınlar və biz əvvəlki dövrdə yaranmış borcları silək.
SAKİNLƏR: Çox sağ olun, minnətdarıq.
Prezident İlham ƏLİYEV: Biz qaza olan borcları sildik, amma o şərtlə ki, bundan sonra qazın pulu verilsin. Ödəniş vardır. İndi mən izləyirəm. Mənə hər ay arayış verilir ki, ölkə və Bakı şəhəri üzrə nə qədər qaz, enerji haqqı ödənilir. Deyə bilərəm ki, yaxşı səviyyədədir. Haradasa, 90 faizə yaxındır. Düzdür, elə yerlər, elə qəsəbələr var ki, orada bu ödəniş çox aşağıdır. Mən onların adını çəkmək istəmirəm. Hesab edirəm ki, onlar da öz fəaliyyətlərində düzəlişlər edəcəklər. Amma biz suya olan borcları da qaz kimi siləcəyik. Ancaq o şərtlə ki, bundan sonra suyun pulu ödənilsin. Azərbaycanda su və qaz tarifləri bu bölgədə, demək olar ki, ən aşağı səviyyədədir. Qaz tarifləri qonşu ölkələrlə müqayisədə ən azı 3 dəfə aşağıdır. Biz bunu ona görə edirik ki, əhalinin üzərinə daha da az yük düşsün.
Burada biz təkcə bu infrastruktur məsələləri ilə öz işimizi məhdudlaşdırmamalıyıq. Qəsəbələrin abadlaşmasına da vəsait ayrılacaq, hasarlar, küçələr təmir olunacaq. Burada elektrik xətləri açıq havadadır. Yəni, bu mənzərəyə biz, necə deyərlər, öyrəşmişik. Amma əslində inkişaf etmiş şəhərlərdə biz bunları görmürük. Bakının mərkəzində artıq bu məsələlər həll olunubdur. Ona görə tədricən qəsəbələrdə də müasir elektrik xətləri çəkilməlidir. Transformatorlar köhnəlib. Düzdür, işıq var, amma bəzi hallarda keyfiyyətsiz verilir. Qaz var, bəzi hallarda təzyiq aşağıdır. Mənə verilən məlumata görə, Bakı şəhərinin 97 faizi qazla təmin olunubdur. Ancaq elə qəsəbələr var ki, təzyiq aşağıdır.
Biz elektrik enerjisi ilə təchizatı yaxşılaşdıracağıq. Bu məqsədlə də vəsait nəzərdə tutulub və eyni zamanda, görürəm, bu küçələrdə axşamlar qaranlıq olur. Küçə işıqları yoxdur. Bəlkə 10 il bundan əvvəl biz bununla barışa bilərdik. Amma indi barışa bilmərik. Gərək xüsusi dirəklər sifariş olunsun. Burada bəlkə də hündür dirəklər lazım deyildir. Çünki onların işığı bütün evlərə yayılacaqdır. Yəni, gecə yatmağa imkan verməyəcəkdir.
Daha hansı məsələlər vardır?
Lətifağa ƏZİMOV: Çox sağ olun. Sabunçu rayonunda elə bir kənd yoxdur ki, orada abadlıq işi getməsin. Problemlərimiz də vardır. Vallah hər ailənin problemi vardır. Suyunu düzəldir, qazı qalır, qazını düzəldir, hasarı sökülür. Problem vardır, bu boyda respublikanın problemi olmalıdır. Ancaq düzəlir, irəliləyiş var, qabağa gedir, geri getmir.
Prezident İlham ƏLİYEV: Bu təbiidir. Gərək qabağa sürətlə getsin. Mən bunu istəyirəm.
Lətifağa ƏZİMOV: Çox sağ olun, çox razıyıq.
Prezident İlham ƏLİYEV: Mən demişəm, bir daha demək istəyirəm ki, əgər hər bir qəsəbənin hər bir problemi həll olunarsa, deməli, bütün ölkədə problemlər həll olunur.
SAKİNLƏR: Sizin sayənizdə.
Prezident İlham ƏLİYEV: Xüsusilə Bakıətrafı qəsəbələrdə gərək bütün işlər bu cür yüksək səviyyədə görülsün. Bakının özü görün necə gözəlləşib. Bakıya gələnlər etiraf edirlər ki, Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Ətraf qəsəbələr də elə olmalıdır. Burada yaşamaq, işləmək üçün bütün şərait yüksək səviyyədə olmalıdır. Bu yolun çəkilişi proqramın icrasının birinci addımıdır. Sağ olun.
SAKİNLƏR: Çox sağ olun, Allah Sizi Azərbaycana çox görməsin.
Sakinlər Prezident İlham Əliyev ilə xatirə şəkli çəkdirdilər.
Prezident İlham Əliyev Suraxanı rayonunun Bülbülə kəndində də görülən işlərlə yaxından tanış oldu. 5500 sakinin yaşadığı bu kənddə də dövlətimizin başçısının tapşırıqlarına əsasən yeni məktəb binası inşa ediləcək və bu məqsədlə artıq torpaq sahəsi ayrılmışdır. Bülbülə kəndində məhəlləarası yolların əsaslı təmirinə də başlanılıb. Burada 8 min kvadratmetr əraziyə yeni asfalt örtüyü döşənib, yolun 45 min kvadratmetr hissəsində isə asfalt işləri qısa vaxt ərzində başa çatdırılacaqdır. Həyata keçirilən abadlıq və yenidənqurma işlərinin gedişi ilə tanış olan dövlətimizin başçısı Bülbülə kəndinin sakinləri ilə görüşdü.
Sakinlər dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Prezident İlham ƏLİYEV dedi:
-Qəsəbədə işlər görülür, yol tikintisi gedir. Bu, birinci addımdır. Bütün qəsəbələrin sosial-iqtisadi inkişafı proqramı hazırlanır. Müvafiq göstərişlər verilibdir. Bildiyiniz kimi, bu məsələ ilə bağlı geniş müşavirə keçirilmişdir. Artıq proqram hazırlanır. Ümid edirəm ki, aprel ayında biz onu təsdiq edəcəyik və genişmiqyaslı işlər başlayacaqdır. Vaxt itirməmək üçün artıq bu yolun çəkilişi başlanmışdır. Həm burada, həm başqa qəsəbələrdə bu cür yollar yox idi. Torpaq yolları idi, yağış, qar yağan kimi bu yoldan keçmək mümkün deyildi. Amma indi asfalt yollardır, bu, xəritədə də göstərilibdir. Bu, necə deyərlər, hələ birinci layihədir. Bütün qəsəbə yolları tikilməlidir. Qəsəbələrdə bütün infrastruktur obyektləri bərpa olunmalıdır, yenidən tikilməlidir. İndi qaz xətləri çəkilir. Mənə deyilir ki, indi qazın təzyiqi lazımi səviyyədə deyildir. Müvafiq göstərişlər verəcəyəm ki, qazın təzyiqi artırılsın. Ölkə üzrə elektrik enerjisi ilə təchizat məsələsi bütövlükdə həll olunub. Ancaq hələ görüləsi işlər çoxdur. Xətlərin yerin altına salınması, ondan sonra elektrik enerjisinin daha da keyfiyyətlə, fasiləsiz verilməsi məsələləri vardır. Bütün bu işlərlə də məşğul olacağıq. Kanalizasiya layihəsi mütləq icra olunacaqdır. İndi xüsusi bir proqram hazırlanır. Bütün ölkə üzrə, eyni zamanda, hər bir qəsəbə üzrə kanalizasiya, içməli su proqramları hazırlanır. Bu ərazidə məktəb yoxdur. Məktəbə getmək üçün uşaqlar çox uzaq məsafə qət etmiş olurlar. Ona görə məktəb tikintisi də başlamalıdır. Yer də seçilib. Layihəni də hazırlayın və tezliklə vəsait də ayıracağıq ki, məktəb də tikilsin.
Biz məsələlərə kompleks şəkildə yanaşırıq. Hər bir qəsəbədə normal yaşamaq və işləmək üçün yaxşı şərait olmalıdır.
SAKİNLƏR: Allah razı olsun.
Prezident İlham ƏLİYEV: İndi bilirsiniz ki, bütün rayonlarda quruculuq-abadlıq işləri gedir. Rayonların inkişafı proqramı sürətlə aparılır. Belə olan halda Bakıətrafı qəsəbələrdə işlər daha da sürətlə getməlidir. Məhz bu məqsədlə mən müşavirədə göstəriş vermişəm ki, qəsəbələrin xüsusi proqramı olmalıdır. Çünki bu qəsəbələr, əlbəttə ki, Bakının qəsəbələridir. Ancaq burada yaşayış, həyat tərzi, necə deyərlər, qəsəbə səviyyəsindədir. Biz bunu nəzərə almalıyıq. Bakıətrafı qəsəbələrdə səkkiz yüz mindən artıq əhali yaşayır. O insanların problemləri həll olunmalıdır. Həm iş yerləri açılmalı, həm sahibkarlıqla məşğul olanlar üçün güzəştli kreditlərin verilməsi və infrastruktur layihələrinin icrası təmin edilməlidir.
Hesab edirəm ki, bir neçə il ərzində qəsəbələrin əsas sosial- iqtisadi məsələləri öz həllini tapacaqdır. Hər halda bunu etmək üçün bizdə bütün imkanlar vardır. Birinci, siyasi iradə, problemlərin həlli üçün düşünülmüş siyasət və proqram vardır. İkincisi, indi hamı görür ki, ölkəmiz inkişaf edir, maliyyə imkanlarımız artır. Aparılan islahatlar hesabına bu gün Azərbaycan iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkələrdəndir. Bu da bizə imkan verəcək ki, problemləri tezliklə həll edək.
Bölgələrdə, qəsəbələrdə mövcud olan problemləri biz də bilirik, siz də bilirsiniz. Ona görə gəlmişəm ki, sizdən də eşidim əlavə nə edilməlidir. Məktəb binası tikiləcəkdir. Əgər tibb məntəqəsi lazımdırsa, onu da edək. Yollar, işıq dirəkləri, küçələr. Əslində bu küçəni heç küçə adlandırmaq mümkün deyildir. İşıq dirəkləri yoxdur. Onlar da qoyulmalıdır ki, gecələr burada yollar işıqlı olsun. Yəni, biz bütün bu məsələlərə kompleks şəkildə yanaşmalıyıq. Belə olan halda qısa müddət ərzində istədiyimizə nail ola biləcəyik.
Qəsəbə sakini Mirzəağa QULİYEV dedi:
-Bizim deyəcəyimiz sözləri Siz artıq dediniz. Bu, bizə ümid verir ki, bütün bu problemlər qısa müddət ərzində həll olunacaqdır. Ancaq bir məsələni deyim ki, görülən işləri sadalamaqla qurtarmaq olmaz. Sizə çox minnətdarıq. Bizə göstərdiyiniz qayğı və diqqətə görə Sizə hədsiz dərəcədə minnətdarıq. Bir problemi Sizin diqqətinizə çatdırmaq istəyirik.
Bəlkə də o problem proqrama daxil edilibdir. Lakin biz üç ildir bu problemin əziyyətini çəkirik. İstərdik ki, o problemin həlli bir qədər irəli çəkilsin. Özü də istədiyimiz görülən işlərin yanında elə də böyük bir iş deyildir. Məsələ nədən ibarətdir?! İki il bundan əvvəl Heydər Əliyev prospekti, Bakı-Aeroport yolu çəkilərkən, "Komsomol dairəsi" adlandırılan yerdən Bülbüləyə girən və Əmircandan çıxan yol kəsildi. İndi bizim iki yolumuz var - ya yeddi-səkkiz kilometr gedib yeni Suraxanıdan, körpünün üstündən keçmək, - bu, mümkün deyildir. İkinci yol isə qəsəbədaxili yoldur. Bütün avtobuslar, yük və minik maşınları - onlarla, yüzlərlə, minlərlə maşın Bülbülənin ensiz, yöndəmsiz qəsəbədaxili yollarından keçir. İnanın, biz çox böyük çətinliklərlə qarşılaşırıq. Artıq dərəcədə bütün qəsəbə sakinləri adından, min illik tarixi olan Bülbülə əhalisinin adından Sizdən xahiş edirəm bu işə əncam çəkəsiniz. Bu, elə də çətin iş deyildir, 150-200 metr yol çəkməklə problemi həll etmək olar. Sizdən bircə xahişimiz budur.
Prezident İlham ƏLİYEV: Siz bilirsiniz ora haradır?
Rayon İcra Hakimiyyətinin başçısı İlqar ABBASOV: Bəli, cənab Prezident.
Prezident İlham ƏLİYEV: Orada indi yol yoxdur?
Mirzəağa QULİYEV: Yoxdur. Biz kəndin içərisi ilə gedirik.
Prezident İlham ƏLİYEV: Orada binalar var, yoxsa boş yerdir?
Mirzəağa QULİYEV: Heç nə yoxdur, boş yerdir. Yol bərbad vəziyyətdədir.
Prezident İlham ƏLİYEV: İndi gedib baxacağam. Eybi yoxdur. İndi bərbad vəziyyətdə olmasa idi, deməzdilər. Ona görə mən gəlmişəm ki, sizdən eşidim daha nə edilməlidir. İndi deyirsiniz "Komsomol dairəsi", əslində bu dairələr artıq Bakının tarixindən silinir, çox rahat olub. Ancaq bu rahatlıq gərək qəsəbə sakinləri üçün də rahatlıq gətirsin. Ona görə indi o yerə baxacağıq, göstəriş verəcəyəm.
Mirzəağa QULİYEV: Heydər Əliyev prospektini, açığını desək, qəsəbələr üçün cənnət yolu adlandırmışıq. Doğrudan da, gündüz də, xüsusilə gecələr də bu yoldan keçərkən fəxr edirik və Sizə dualar edirik. Allah Sizə cansağlığı versin. Bu şəraiti əhali üçün yaratdığınıza görə çox minnətdarıq.
Prezident İlham ƏLİYEV: Bu prospekt deyə bilərəm ki, dünya səviyyəsində belə gözəlliyi, rahatlığı ilə seçilən bir prospektdir. Amma bu prospektin çəkilişində də çətinliklər oldu. Bilirsiniz ki, yolun sağında, solunda çoxlu binalar var idi. Onların hamısına kompensasiya verildi, onlar köçürüldü, yol genişləndi, neçə körpü tikildi. Camaat əvvəlki dövrdə, məsələn, Əzizbəyov, Sabunçu dairələrində saatlarla tıxacda gözləyirdi. İndi rahatdır, heç bir işıqfor da yoxdur.
SAKİNLƏR: Çox sağ olun, Allah Sizə ömür versin.
Prezident İlham ƏLİYEV: Ona görə qəsəbələrə çıxış, giriş yolları da rahat olmalıdır ki, camaat da bu yollardan istifadə etsin. Bir də ki, artıq Bakı qəsəbələrində bütün torpaq yolları yenidən qurulmalıdır. Bu, birinci mərhələdir. Bütün qəsəbələrdə həm yollar, həm işıq dirəkləri və həm də giriş-çıxış ən yüksək səviyyədə olmalıdır. Bundan başqa, daha hansı məsələ vardır?
Qəsəbə sakini Mahir KƏRİMOV: Cənab Prezident, birinci, biz sakinlər Sizə minnətdarıq ki, verdiyiniz göstərişlərin icrasına özünüz bilavasitə nəzarət edirsiniz.
Bizim bu qəsəbədən Heydər Əliyev prospektinə dörd çıxış yolumuz vardır. Onlardan biri açıqdır, üçü bağlı. Deməli, biz evimizə gəlmək üçün beş-altı kilometr yol getməliyik ki, gəlib qəsəbəyə çıxaq. Allah Sizdən razı olsun, xahiş edirik o yolların Heydər Əliyev prospektinə çıxışının təmin olunmasına göstəriş verəsiniz.
Bir də təhsil islahatı ilə bağlı, özünüz çox gözəl bildirdiniz, minnətdarıq Sizə. Əvvəldən iki məktəbin tikintisi planlaşdırılmışdır, biri yolun solunda, biri sağında. Soldakı məktəb tikildi. Çox təəssüf ki, biz o üzə keçə bilmirik, uzaqdır. Bir də ki, burada əhalinin sayı artıbdır deyə bir məktəb o yükü götürmür. İkinövbəli təhsildir. O məktəbin də yeri məncə, planlaşdırılıb, təyin olunub. Bu barədə artıq Siz dediniz, təkrarçılıq çıxmasın.
Prezident İlham ƏLİYEV: Göstəriş vermişəm.
Mahir KƏRİMOV: Biz Sizə çox minnətdarıq ki, bu qədər işin müqabilində bizə qayğı və diqqət göstərirsiniz.
Prezident İlham ƏLİYEV: Bu mənim işimdir, borcumdur. O yollar niyə bağlıdır, yəni Heydər Əliyev prospektinə çıxan o yollar? Əvvəl də bağlı idi?
Mahir KƏRİMOV: Yol çəkiləndə açıq idi. O vaxt mən layihəçilərlə bir neçə dəfə əlaqə qurdum, hətta biz rəsmi məktub da yazdıq. O yollardan ikisinin prospektə çıxışının yüz faiz şansı var. Orada keçid var, keçidin yanında yol enlənibdir. O keçiddən yüz-iki yüz metr qabağa gəlib baş yola girmək olar. Baş yola əlavə dəyişiklik etməyə heç bir ehtiyac yoxdur.
Yetmiş il bundan əvvəl türmənin yanından keçən yol düz gedib çıxır Suraxanı İcra Hakimiyyətinin yanındakı yola. Böyük, daş döşənmiş, enli, magistral yoldur. Heç prospekti sökməyə ehtiyac yoxdur. Onun yanından ikinci yol yüz metr qabağa gedib çıxır magistrala. O yolun əhali üçün böyük köməyi ola bilər. Bu yolların üçünün də çıxışı olsa, lap yaxşı olar. Heç olmasa, onlardan birini-ikisini də açdırsanız biz Sizə minnətdar olarıq. Çox sağ olun. Allah razı olsun.
Prezident İlham ƏLİYEV: Edərik.
Sakinlərlə xatirə şəkli çəkdirən Prezident İlham Əliyev Bülbülə kəndindən əsas yola çıxan köhnə yolun vəziyyəti ilə tanış olmaq üçün əraziyə gəldi.
Dövlətimizin başçısı köhnə yolun bərpa olunması ilə bağlı yerində tapşırıqlarını verdi. Prezident İlham Əliyevin tapşırığına əsasən Heydər Əliyev prospekti ilə "Atəşgah" məbədini birləşdirən küçələrdə əsaslı təmir işlərinə başlanılıb.
Daha sonra Prezident İlham Əliyev "Atəşgah" məbədinə gələrək burada həyata keçirilən bərpa və abadlıq işlərinin gedişi ilə tanış oldu. Aparılan arxeoloji qazıntılar barədə dövlətimizin başçısına məlumat verildi.
Prezident İlham Əliyev Bakıətrafı qəsəbələrdə həyata keçirilən abadlıq və quruculuq işləri ilə bağlı müvafiq tapşırıqlarını verdi.
{nl}
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.