Prezident İlham Əliyev Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün inşa edilən yeni binada tikinti işlərinin gedişi ilə tanış olmuşdur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 30-da Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün inşa edilən yeni binada tikinti işlərinin gedişi ilə tanış olmuşdur. 
Təməli 2008-ci ilin mayında Dənizkənarı Milli Parkda qoyulan muzeyin yeni binası Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, YUNESKO-nun birgə layihəsi əsasında inşa edilir. Muzey binasının layihəsi hazırlanarkən ilk növbədə, milli memarlıq ənənələrinə daha çox üstünlük verilib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev layihənin icrası ilə bağlı həyata keçirilən inşaat işlərinin gedişi barədə dövlətimizin başçısına məlumat verdi. Xalça muzeyinin dördmərtəbəli yeni binasının ümumi sahəsi 18 min 446 kvadratmetr olacaqdır. Binanın birinci mərtəbəsində muzeyin qonaqları üçün guşələr, inzibati və elmi zona, eksponatlar saxlanılan xüsusi yerlər, ikinci mərtəbədə kitabxana, xalça toxuma və tikmə elmi mərkəzi, suvenir və kitab köşkü, üçüncü mərtəbədə danışıqlar və audio-vizual təqdimat otaqları yaradılıb. Dördüncü mərtəbədə isə sərgi salonları və görüş otaqları yerləşəcəkdir. Binanın zirzəmisində ən müasir avadanlıqla təchiz olunmuş arxiv, anbar, laboratoriya, bərpa və konservasiya şöbələri olacaqdır. Burada, həmçinin açıq havada heykəllərin və xalçaların nümayişi üçün sahə də nəzərdə tutulub. Muzeyin foyesində cəvahirat və qiymətli bəzək əşyalarının sərgisi üçün seyf tipli otaqlar olacaqdır. Layihədə binanın uzunluğu 121,25 metr, eni 22,3 metr, hündürlüyü 18,5 metr nəzərdə tutulubdur.
Muzeyin yeni binasının orijinal memarlıq üslubu ilə seçiləcəyi qeyd olundu. Binanın ətrafında yaşıllaşdırma işlərinin aparılacağı, muzey kompleksinin yaradılacağı bildirildi. Muzeyin yeni binası istifadəyə verildikdən sonra burada 200 nəfərin çalışacağı qeyd olundu. Yeni bina Bakının memarlıq ansamblına xüsusi gözəllik gətirəcəkdir.
Görülən işlərlə yaxından tanış olan dövlətimizin başçısı müvafiq tapşırıqlarını verdi.
Prezident İlham Əliyev "Kiçik Venesiya şəhərciyi" adlanan ərazidə həyata keçirilən əsaslı yenidənqurma və bərpa işlərinin gedişi ilə də tanış oldu. Dövlətimizin başçısı paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün əvvəlki xidmət növləri saxlanılmaqla burada ən müasir əyləncə və yeni xidmət növlərinin yaradılması ilə bağlı tapşırıqlarını verdi.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında