Bakıda "Aitf-2010" IX Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi işə başlamışdır

Prezident İlham Əliyev açılış mərasimində iştirak etmişdir
Aprelin 28-də Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində "Aitf-2010" IX Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi işə başlamışdır.
Azərbaycan Prezidenti İlham Əliyev sərginin açılış mərasimində iştirak etmişdir.
Dövlətimizin başçısına məlumat verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, bu sərginin ölkəmizdə keçirilməsi artıq ənənə halı almışdır. Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Dünya Turizm Təşkilatı, Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəsmi dəstəyi ilə keçirilir.
"Sərgini ziyarət et, dünyanı kəşf et!" devizi ilə keçirilən və üç gün davam edəcək sərgidə bu il 33 turizm istiqamətini əhatə etməklə, dünyanın 24 ölkəsindən 120-dən çox şirkət iştirak edir. Sərginin ərazisi ötən illə müqayisədə 20 faiz artırılmışdır. Bu il sərgidə 14 ölkə öz milli stendləri ilə çıxış edir. Bu ölkələr arasında sərginin Azərbaycan, Yunanıstan, Gürcüstan, Malayziya, Türkiyə, Özbəkistan və Çexiya kimi daimi iştirakçıları ilə yanaşı, bu ilin "debütantları" olan Misir, Hindistan, İtaliya, Mavriki adaları, Birləşmiş Ərəb Əmirlikləri və Rusiya da vardır.
Prezident İlham Əliyev əvvəlcə I Ümumrespublika daxili turizm sərgisi ilə tanış oldu. Bildirildi ki, burada ilk dəfə Azərbaycanın regional turizm sektoru geniş təqdim olunmuşdur və ölkəmizin turizm üzrə ixtisaslaşan bölgələrində yaradılmış şərait haqqında bütün məlumatlar öz əksini tapmışdır. Sərgidə ölkənin istirahət zonaları, sanatoriyaları və mehmanxanaları barədə ekspozisiyalar vardır. Ziyarətçilər hər bir regionun milli koloritini duya, Azərbaycanın zəngin folkloru, mətbəxi və ənənələri ilə yaxından tanış ola bilərlər.
Vurğulandı ki, Azərbaycanda turizmin inkişafı dövlətimizin başçısının daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin cari il aprelin 6-da imzaladığı sərəncamla təsdiq olunmuş "Azərbaycan Respublikasında 2010-2014- cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" bu sahədə mühüm irəliləyişdir. Bu proqramda turizmi qeyri-neft sektorunun inkişaf etmiş aparıcı sahələrindən birinə çevirmək əsas vəzifələrdən biri kimi irəli sürülmüşdür. Təsadüfi deyildir ki, son illərdə Azərbaycanda turizmin ölkə iqtisadiyyatının mühüm hissəsinə çevrilməsi, bu sahədə kiçik və orta sahibkarlıq üçün möhkəm bazanın yaradılması regionların infrastruktur cəhətdən də inkişafını təmin edir. Digər tərəfdən, ölkəmizin malik olduğu təbii sərvətlər, tarixi abidələr Azərbaycana turist axınını şərtləndirən mühüm amillərdir. Ölkəmizdə turizmin inkişaf etdirilməsində bu sahədə dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən istifadə edilir. Turizmin təşkili ilə bağlı müxtəlif layihələrin icrası üçün əlverişli məkan olan Azərbaycanın malik olduğu imkanlar turizmin inkişafı üçün yaxşı şərait yaradır. Nadir təbii zənginliklərə malik olan ölkəmizdə yeni, müasir mehmanxanalar şəbəkəsinin yaradılması da Azərbaycana turist axınını sürətləndirir.
Prezident İlham Əliyev Bakı, Naxçıvan, Xaçmaz, Gəncə, Lənkəran, Lerik, Şəki, Şamaxı, Quba, Qarabağ, Qusar, Masallı, İsmayıllı, Qəbələ, Zaqatala, Qazax və Qax bölgələrinin turizm imkanlarının əks olunduğu pavilyonlarla yaxından tanış oldu, həmin ərazilərdə bu sahənin dinamik inkişafının göstərildiyi lövhələrə baxdı.
Sərgidə təmsil olunan xarici ölkə şirkətlərinin pavilyonları ilə tanış olan dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, ötən illərdən fərqli olaraq bu il sərgidə iştirak edən ölkələrin və şirkətlərin sayı artmışdır. Bu da Bakıda hər il keçirilən Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisinin əhəmiyyətindən xəbər verir.
Prezident İlham Əliyev sərgidə geniş pavilyonla təmsil edilən Rusiyanın Stavropol vilayətinin turizm potensialı ilə tanış oldu. Ölkəmizdə səfərdə olan Stavropol vilayətinin qubernatoru Valeri Qayevski bildirdi ki, Stavropol diyarının stendi nadir sanatoriya müalicəsi metodikaları ilə məşhur olan Yessentuki, Jeleznovodsk, Kislovodsk, Mineralnıye Vodı, Pyatiqorsk kimi kurort şəhərlərinin ekspozisiyalarını bir araya gətirmişdir. Sərgidə ilk dəfə olaraq, Rusiyanın tur-operatorları Sankt-Peterburq şəhəri üzrə ekskursiya turlarını da təklif edirlər.
Sərgiyə Azərbaycan turistlərinə təkcə Qara dənizin kurortları deyil, həm də Truskaves və digər şəhərlərin müalicə kurortlarını təklif edən Ukrayna şirkətləri də fəal qatılmışlar.
Dövlətimizin başçısına məlumat verildi ki, bu il sərgidə Türkiyə ilk dəfə olaraq tərəfdaş ölkə qismində çıxış edir. Öz turizm imkanları ilə dünyada kifayət qədər məşhur olan Türkiyə şirkətlərinin beynəlxalq sərgidə fəal təmsil olunması onların Azərbaycanın turizm bazarına marağından irəli gəlir.
Qeyd edildi ki, sərginin ilk iki günü xüsusi olaraq turizm sektorunun peşəkarları üçün müxtəlif mövzularda seminarlar keçiriləcəkdir. Sərgidə iştirak edən mütəxəssislər müxtəlif istiqamətlər üzrə turizm biznesinin inkişafı ilə bağlı təcrübələrini bölüşəcək, fikir mübadiləsi aparacaqlar.
Daha bir yenilik isə sərgi ərazisində quraşdırılmış informasiya köşkləridir. Ziyarətçilər bu köşklərdən istifadə etməklə sərgi, tədbirlərin təşkilatçıları, eləcə də tədbirlərin keçirildiyi yerlərlə bağlı faydalı məlumatlar əldə edə bilərlər. Bundan başqa, ilk dəfə ziyarətçilərə sərgini tərk etmədən Azərbaycan paytaxtı ilə tanışlıq imkanı yaradılmışdır.
"Aitf-2010" IX Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə yanaşı, "Mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar" IV Qafqaz beynəlxalq sərgisi də keçirilir. Sərgidə mehmanxanalar, restoranlar və supermarketlər üçün kompleks təchizat, ticarət köşkləri, mətbəx avadanlığı, qəlyanaltı sistemləri və s. nümayiş olunur.
"Aitf-2010" IX Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ölkəmizin malik olduğu iqtisadi qüdrəti və turizm potensialını nümayiş etdirmək, bu sahədə əməkdaşlıq əlaqələri yaratmaq, o cümlədən xarici tərəfdaşlarla səmərəli əlaqələr qurmaq baxımından mühüm hadisədir.
Prezident İlham Əliyev sərginin pavilyonları ilə tanış oldu, iştirakçılara uğurlar arzuladı.{nl}

AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında