Prezident İlham Əliyevin çıxışı

-Əziz dostlar, bu gün çox gözəl, çox əlamətdar bir gündür. Bu gün Bakıda yeni böyük gəmiqayırma zavodunun təməl daşını qoyuruq. Mən bu münasibətlə sizin hamınızı ürəkdən təbrik edirəm. Gözəl bayram ərəfəsində Azərbaycanda nəhəng sənaye obyektinin təməl daşının qoyulması xüsusilə böyük əhəmiyyət daşıyır. Çünki bu hadisə bir də onu göstərir ki, Azərbaycan çox uğurla inkişaf edir. Azərbaycanda ölkəmizin inkişafı üçün bütün lazımi tədbirlər görülür. Baxmayaraq ki, 2009-cu il dünya tarixində böhran ili kimi qalacaqdır. 2010-cu ildə də, deyə bilərəm ki, dünyada böhranlı vəziyyət hələ tam aradan qaldırılmayıb. Bu gün Bakıda, Azərbaycanda 100 milyon dollarla ölçülən böyük investisiya layihəsi başlayır. Bu, doğrudan da böyük əhəmiyyətə malik olan hadisədir. İlk növbədə onu göstərir ki, Azərbaycanda inkişaf sürətlə davam edir. Azərbaycan qarşıya qoyduğu bütün vəzifələri uğurla icra edir. Eyni zamanda, bizim siyasətimizin nəticəsi olan bu zavodun tikintisi sənaye imkanlarımızı daha da gücləndirəcəkdir. Biz indi Azərbaycanda böyük sənayeləşmə siyasətini aparırıq. Bu proses uğurla gedir. Bakıda, digər şəhər və rayonlarımızda nəhəng infrastruktur layihələri icra edilir. Bir müddət bundan əvvəl Qaradağ rayonunda böyük sement zavodunun təməl daşı qoyulmuşdur, bu gün gəmiqayırma zavodunun təməl daşı qoyulur. Bir sözlə, bu zavod ölkəmizin iqtisadi və sənaye potensialının gücləndirilməsi üçün çox mühüm rol oynayacaqdır. Zavodun tikintisinə böyük ehtiyac vardır. Bu gün bizim tələbatımız artır.

{nl}

Azərbaycanda kifayət qədər böyük donanma mövcuddur. Dövlət Neft Şirkətinin və Xəzər Dəniz Gəmiçiliyinin gəmilərinin ümumi sayı haradasa 350 təşkil edir. Onların təmirinə böyük ehtiyac vardır. Eyni zamanda, bu gün biz xaricdən gəmilər və tankerlər alırıq. Təkcə son 6 il ərzində Xəzər Dəniz Gəmiçiliyi 10 tanker, bir neçə quru yük gəmisi və bərələr almışdır. Bunu biz xaricdən almışdıq. Ona görə ki, Azərbaycanda gəmi istehsal etmək üçün imkanlar yox idi. Bundan sonra isə Azərbaycanın tələbatını ödəyə biləcək bütün növ gəmilər ölkəmizdə istehsal olunacaqdır. Eyni zamanda, ixrac potensialımızın gücləndirilməsi üçün də zavodun böyük əhəmiyyəti olacaqdır. Mən ümid edirəm ki, bax bu gün göstərilən bu təqdimatda nəzərdə tutulmuş bütün vəzifələr uğurla və vaxtında icra olunacaq, iki il ərzində zavod öz fəaliyyətinə başlayacaqdır və biz Azərbaycanda rəqabətqabiliyyətli, gözəl, müasir məhsulun istehsalına nail olacağıq. Zavodda ən qabaqcıl, ən müasir texnologiyalar tətbiq ediləcəkdir.

{nl}

Zavodun tikintisi, ümumiyyətlə Azərbaycanda aparılan iqtisadi siyasətin nəticəsidir. Qeyri-neft sektorunun inkişafı bizim üçün prioritet məna daşıyır. Xarici şirkətlərlə əməkdaşlığımız uğurla davam edir. Bu əməkdaşlığın güclənməsində Dövlət Neft Şirkətinin böyük rolu vardır. Çünki bizim böyük xarici şirkətlərlə əməkdaşlığımız məhz neft sənayesindən başlamışdır və bu gün bu əməkdaşlıq başqa sahələri də əhatə edir.

{nl}

Zavodun tikintisi beynəlxalq əməkdaşlığın nəticəsidir. Zavodun əsas səhmdarları Azərbaycan şirkətləridir. Azərbaycan Dövlət Neft Şirkəti zavodun payının 65 faizinə malikdir. Azərbaycan Dövlət İnvestisiya Şirkətinin payı 25 faizdir və beynəlxalq şirkətin - "Keppel" şirkətinin payı 10 faizdir. Beləliklə, bu beynəlxalq əməkdaşlıq əminəm ki, Azərbaycanda yeni, gözəl, müasir sənaye obyektinin yaranmasına gətirib çıxaracaqdır. Mən "Keppel" şirkətinin fəaliyyətini xüsusilə vurğulamaq istəyirəm. Bu gün bizimlə bərabər Sinqapurun xarici işlər naziri də bu mərasimdə iştirak edir. Mən onu bir daha salamlayıram.

{nl}

"Keppel" şirkəti 10 ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstərir. Bu fəaliyyət çox uğurludur. Bu fəaliyyət nəticəsində Azərbaycanın neft-qaz potensialının tam şəkildə işə salınması üçün çox lazımi infrastruktur qurğuları yaradılıbdır. Bu zavodun tikintisi isə "Keppel"lə Neft Şirkəti arasında əməkdaşlığın yeni mərhələsidir. Biz çox şadıq ki, dünyanın aparıcı beynəlxalq şirkətləri Azərbaycana sərmayə qoyurlar, eyni zamanda, Azərbaycanda podratçı kimi də fəaliyyət göstərirlər. Bu, bizim imkanlarımızı daha da genişləndirəcəkdir.

{nl}

Azərbaycan Dövlət Neft Şirkəti isə, öz növbəsində, artıq beynəlxalq şirkətə çevrilibdir. Şirkətin çox böyük potensialı var, böyük infrastruktura malikdir. Azərbaycanda neft-qaz hasilatı ildən-ilə artır. Neft-qaz potensialımızı tam şəkildə realizə etmək üçün bütün infrastruktur layihələri vaxtında icra edilir. Neft-qaz kəmərləri tikilibdir və bu gün Azərbaycan neft-qaz ixracatını şaxələndirilmiş formada həyata keçirir. Bu, əlbəttə ki, imkanlarımızı daha da gücləndirir. Azərbaycan Dövlət Neft Şirkəti beynəlxalq fəaliyyətdə də özünü artıq göstərib. Xaricə böyük həcmdə sərmayələrin qoyulması neft şirkətimizi beynəlxalq şirkət kimi də dünyaya təqdim edir. Bu gün dünyanın aparıcı enerji şirkətləri sırasına daxil olmuş Azərbaycan Dövlət Neft Şirkəti əminəm ki, gələcəkdə də öz imkanlarını genişləndirəcək, ölkəmiz üçün lazım olan yeni layihələri uğurla icra edəcəkdir. Əhalini təbii qazla təmin etmək üçün öz imkanlarını daha da artıracaqdır. Çünki bizim enerji təhlükəsizliyimizin mənbəyi Dövlət Neft Şirkətinin hasil etdiyi təbii resurslardır. Əlbəttə ki, bu resurslar ondan sonra elektrik enerjisinə çevrilir, ondan sonra qaz təminatı təmin olunur. Ancaq ilkin mənbə Neft Şirkətinin fəaliyyətidir və əminəm ki, Azərbaycan neftçiləri həmişə olduğu kimi, bu sahədə də öz peşəkarlığını göstərəcəklər. Bu sahə birbaşa neft-qaz əməliyyatları ilə bağlı olmasa belə, yenə də bu zavodun fəaliyyəti Azərbaycanda neft-qaz sənayesinin inkişafına böyük təkan verəcəkdir.

{nl}

Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyətinə gəldikdə isə, bu şirkət nisbətən bu yaxınlarda yaradılmışdır. Şirkətin əsas məqsədi yerli və xarici investisiyaları Azərbaycan üçün vacib olan sahələrə cəlb etməkdir. Azərbaycan Dövlət İnvestisiya Şirkəti bu məqsədlə yaradılmışdır. Bu vaxta qədər şirkət tərəfindən həyata keçirilən layihələr uğurlu olmuşdur. Bu layihələr bizə lazım olan sahələrə investisiyaların cəlb olunması işində çox mühüm rol oynayır. Bu zavodun tikintisi, eyni zamanda, Azərbaycan Dövlət İnvestisiya Şirkətinin fəaliyyəti hesabına baş verir.

{nl}

Çünki şirkətin əsas vəzifəsi xaricdən investisiyaları cəlb etmək, investisiya layihələrində ilkin mərhələdə səhmdar kimi iştirak etmək və eyni zamanda, yerli şirkətləri də bizim üçün lazım olan böyük layihələrə cəlb etməkdir. Tikiləcək bu zavodun timsalında biz bütün bu amilləri görürük. Bu, bir daha onu göstərir ki, Azərbaycan İnvestisiya Şirkətinin yaradılması çox düzgün və vaxtında atılmış addım idi. Bu qərar və onun icrası artıq gözəl nəticələrə gətirib çıxarır.

{nl}

Bizim, ümumiyyətlə, iqtisadiyyatımızın bütün sahələri, o cümlədən nəqliyyat sektoru da inkişaf edir. Nəqliyyat sektorunda çox böyük nailiyyətlər vardır. Nəqliyyatın bütün növləri üzrə konkret layihələr, proqramlar vardır və onlar icra edilir. Bütün bölgələrdə avtomobil yolları tikilir, avtonəqliyyat sistemi yaxşılaşdırılır. Metro tikintisi Azərbaycanda son illərdə sürətlə gedir. Son illərdə ildə bir yeni stansiya istismara verilir və hazırda Bakıda bir neçə istiqamətdə işlər aparılır. Dəmir yolunun modernləşməsi istiqamətində konkret addımlar atılır. Beynəlxalq maliyyə qurumları ilə məsələlər həll olunub və dəmir yolunun modernləşməsi prosesi Azərbaycanda sürətlə gedəcəkdir. Ölkəmizdə hava nəqliyyatının inkişafı üçün kifayət qədər şərait yaradılıbdır. Son illərdə bir neçə şəhərdə müasir beynəlxalq aeroportlar tikilibdir. Yeni müasir təyyarələr, helikopterlər alınır. Dəniz nəqliyyatının inkişafı üçün praktiki işlər aparılır. Bu yaxınlarda Zığda yeni dəniz limanının açılışında iştirak edirdik. Bu, bizə imkan verəcək ki, bu sahədə də müasir standartlara çataq. Eyni zamanda, hazırda Bakının mərkəzində fəaliyyət göstərən dəniz limanı köçürüləcək, bu sahə sakinlərin sərəncamına veriləcək və Bakımız daha da gözəlləşəcəkdir.

{nl}

Son illərdə dediyim kimi, 10 tanker alınıbdır. Bu gün biz Xəzərdə yükdaşıma sahəsində aparıcı ölkəyik. Bizdə, haradasa, 350-yə yaxın gəmi vardır və bu zavodun tikintisi bu sahəni daha da gücləndirəcəkdir. Bir sözlə, hər bir ölkənin inkişafı üçün vacib olan nəqliyyat infrastrukturu Azərbaycanda dünya standartlarına bəzi hallarda tam uyğundur, bəzi hallarda yaxındır. O hallarda hələ ki, yaxın deyil, biz onu da yaxınlaşdıracağıq və buna nail olacağıq.

{nl}

Mən bu gözəl gündə, bayram ərəfəsində Azərbaycan iqtisadiyyatına böyük təkan verə biləcək və Azərbaycanda yeni sənaye sahəsinin açılmasına xidmət göstərəcək zavodun təməl daşının qoyulması münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm, zavodun tikintisi zamanı işləyən bütün insanlara uğurlar arzulayıram. Arzu edirəm ki, zavod qısa müddət ərzində, vaxtında və böyük keyfiyyətlə tikilsin və Azərbaycana uzun illər bundan sonra xidmət göstərsin.

{nl}

Qarşıdan gələn bayramınız mübarək olsun!

{nl}

***

{nl}

Sinqapurun xarici işlər naziri Corc Yonq-Bun Yeo mərasimdə çıxış etdi.

{nl}


Sinqapurun xarici işlər naziri Corc Yonq-Bun Yeonun çıxışı

{nl}

-Zati-aliləri, Prezident İlham Əliyev!

{nl}

Hörmətli qonaqlar, xanımlar və cənablar!

{nl}

Prezident İlham Əliyevin şəxsən iştirak etdiyi ARDNŞ-"Keppel" gəmiqayırma zavodunun təməlqoyma mərasimində sizinlə birgə iştirak etməkdən şərəf hissi duyuram.

{nl}

Sinqapur ilə Azərbaycan diplomatik münasibətlərini 16 il bundan əvvəl qurmuşlar. Əlaqələrimiz səmimi dostluq əlaqələridir. Rəsmilərimiz beynəlxalq forumlarda lazımi qaydada birgə çalışıblar və 2005-ci ildən etibarən 36 Azərbaycan rəsmisi Sinqapur Əməkdaşlıq Proqramı çərçivəsində Sinqapurda kurslarda iştirak etmişdir.

{nl}

Mən Azərbaycana səfər edən ilk Sinqapur naziri olmaqdan son dərəcə məmnunam. Elə ötən həftə biz Prezident Əliyevin Prezident Natana ünvanladığı məktubu çatdırmaq üçün Sinqapura gəlmiş ilk Azərbaycan nazirini məmnunluqla qəbul etdik.

{nl}

İkitərəfli münasibətlərimizdə yeni səhifə açılır. İqtisadi və digər əlaqələrin möhkəmləndirilməsi üçün böyük potensial vardır. Azərbaycan uzunəsrlik tarixə və zəngin mədəniyyətə malik olan ölkədir. Ölkəniz sürətlə inkişaf edir. Bu gün səhər Prezident İlham Əliyev ilə görüş zamanı o, mənə dedi ki, son 6 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 3 dəfə artmışdır. Ötən il qlobal iqtisadi böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatı 9,3 faizlik templə sürətli artımını davam etdirdi və bu, dünyada ən yaxşı göstəricidir.

{nl}

Təbii ki, neft və qaz sektoru daha geniş əməkdaşlıq sahəsidir. Baxmayaraq ki, Sinqapurda neft və qaz yoxdur, lakin bizim böyük neft və qaz şirkətlərinin fəaliyyətinə dəstək verən Sinqapurdakı bir çox şirkətlərdən ibarət kimya məhsulları və dənizdə dəstəkləyici xidmətləri təmin edən güclü imkanlarımız vardır. Əminəm ki, onlar Azərbaycandakı imkanları araşdırmaqda çox maraqlıdırlar. Keçmiş Prezident Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın neft strategiyasının həyata keçirilməsi mühüm hadisələrlə nəticələndi. Azərbaycan bir çox beynəlxalq neft şirkətlərini cəlb etdi, bir sıra pay bölgüsü sazişləri imzalandı, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərlərinin çəkilməsini rəvan şəkildə apardı, dənizdə bir sıra işlənmə layihələrini həyata keçirdi, həmçinin Dövlət Neft Fondu yaradıldı.

{nl}

Dünya miqyaslı texnologiyanı gətirmək məqsədi ilə neft strategiyasının bir hissəsi kimi "Keppel" şirkəti 1997-ci ildə Azərbaycana dəvət olundu və ARDNŞ ilə tərəfdaşlıq əsasında tezliklə Bakıda Kaspian Şipyard şirkəti yaradıldı. Bu, regionun ilk beynəlxalq qurğu tikintisi, təmiri və təkmilləşdirilməsi zavodu idi. Bu gün həmin şirkətdə 500-dən artıq azərbaycanlı çalışır. ARDNŞ-"Keppel" alyansı Xəzər dənizində tarixdə ilk dəfə olan digər bir neçə nailiyyətə imza atdı, regionda dünya miqyaslı ilk özüqalxan qazma buruğu, ilk yarımdalma qurğusu və ilk buzadavamlı üzən anbar tikib istismara verdi.

{nl}

Yeni ARDNŞ-"Keppel" gəmiqayırma zavodunun tikintisi Prezident Əliyevin müəyyən etdiyi neft strategiyasına dəstəkdir. Başa çatdırıldıqdan sonra yeni ARDNŞ-"Keppel" gəmiqayırma zavodu Xəzər dənizində bu tipli ilk müəssisə olacaq və həm mülki, həm hərbi donanma gəmilərini tikmək və təmir etmək imkanına malik olacaqdır. Bu zavodda 2000-dən artıq azərbaycanlının işləyəcəyi gözlənilir. Azərbaycandakı sinqapurlular və Sinqapurdakı azərbaycanlılar üçün neft və qazdan başqa, araşdırılmalı digər sahələr də vardır. Qloballaşma nəticəsində dünya daha yaxın və əlaqəli olur. Facebookdakı səhifəmdə azərbaycanlı dostumdan xoş təəccüblə öyrəndim ki, hazırda səkkiz azərbaycanlı tələbə yerli universitetlərimizdən birində təhsil alır.

{nl}

Prezident Əliyevin göstərişləri və dəstəyi ilə mən Azərbaycan və Sinqapur arasında münasibətlərin inkişafını səmimiyyətlə arzulayıram və bütün azərbaycanlı dostlarımızın Novruz bayramını təbrik edirəm.

{nl}

***

{nl}

Sonra gəmiqayırma zavodunun təməli qoyuldu. Prezident İlham Əliyev gilizi təmələ buraxdı, beton qarışığı tökdü.

{nl}

Prezident İlham Əliyev tədbir iştirakçılarını əlamətdar hadisə və Novruz bayramı münasibətilə bir daha təbrik etdi, tapşırıqlarını verdi.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında