Martın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin "Cihaz" İstehsalat Birliyi Bakı Cihazqayırma Zavodunun yenidənqurmadan sonra açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı zavodun həyətində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstəsi qoydu.
Məlumat verildi ki, 1942-ci ildə Bakı Alət Zavodu adı ilə "Azneftmaş" Trestinin tərkibində fəaliyyətə başlamış müəssisə 1949-cu ildə SSRİ Neft Sənayesi Nazirliyinin balansına keçirilmiş və Bakı Cihazqayırma Zavodu adlandırılmışdır. 1993-cü ildən zavod Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tabeliyinə verilmişdir.
Azərbaycan Prezidenti zavodun rəmzi açılışını bildirən lenti kəsdi.
İnzibati bina ilə tanışlıq zamanı dövlətimizin başçısı müəssisənin yenidənqurmadan əvvəlki vəziyyətini əks etdirən videosüjetə baxdı. Qeyd olundu ki, 2006-cı ildən zavod Müdafiə Sənayesi Nazirliyi "Cihaz" İstehsalat Birliyinin tərkibində fəaliyyətini davam etdirir. Son illər müəssisədə əsaslı yenidənqurma və bərpa işləri aparılmışdır. İkimərtəbəli inzibati bina ən yüksək standartlar səviyyəsində təmir olunmuşdur. Zavodun ərazisində təhlükəsizlik kameraları quraşdırılmış, buradakı bütün inzibati otaqlar müasir avadanlıqla təchiz edilmişdir.
Prezident İlham Əliyev ikinci mərtəbədə yaradılmış Heydər Əliyev Muzeyi ilə tanış oldu. Bildirildi ki, muzeydə nümayiş olunan fotolarda ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin müxtəlif dövrlərində həyata keçirdiyi çoxşaxəli fəaliyyətin ayrı-ayrı anları əksini tapmışdır. Dahi rəhbərin Milli Ordunun inkişafı sahəsindəki əvəzsiz xidmətlərini əks etdirən fotolar xüsusi maraq doğurur.
Məlumat verildi ki, müxtəlif tədbirlərin keçiriləcəyi iclas zalı 100 nəfər üçün nəzərdə tutulmuş, 90 nəfərlik yeməkxanada isə işçilərin keyfiyyətli qidalanması ilə əlaqədar hər cür şərait yaradılmışdır. Burada işçilərin istirahəti üçün xüsusi otaq da vardır.
Zavodun ərazisində geniş abadlıq və yaşıllaşdırma işləri görülmüşdür. Bütün kommunikasiya xətləri, o cümlədən su, havalandırma sistemləri təzələnmiş, transformatorlar yeniləri ilə əvəz edilmişdir.
Prezident İlham Əliyev istehsal sahələrini gəzdi. Mexaniki yığma sexi ilə tanışlıq zamanı bildirildi ki, son illər müəssisədə silsilə yenidənqurma tədbirləri həyata keçirilmiş, burada dünyanın ən inkişaf etmiş ölkələrində istehsal olunan dəzgah və avadanlıq quraşdırılmışdır. Nəticədə qısa müddətdə zavodda dövlət sifarişlərini yerinə yetirməklə yanaşı, digər sahələr, xüsusilə neftçıxarma sahəsində istifadə olunan cihazların və ehtiyat hissələrinin istehsalına başlanmışdır. Metaltökmə sexində həm müdafiə, həm də mülki təyinatlı cihazların, paylayıcı və ötürücü qutuların pəstahları hazırlanacaqdır.
Dövlətimizin başçısı istehsal prosesini izlədi. Qeyd olundu ki, dəmirçi sexində də əsaslı təmir işləri aparılmışdır. Bu işlərdən sonra sex indi tam gücü ilə işləyir. Qalvanikləşdirmə sexi də müasir avadanlıqla təchiz olunmuşdur. Bu sexdə bütün cihazların və hissələrin üzəri müxtəlif növ kimyəvi maddələrlə örtüləcəkdir. Burada sinkləmə, xromlama, nikelləmə, anodlaşma, oksidləşmə və qalaylama prosesləri aparılacaqdır.
Prezident İlham Əliyev xüsusi təyinatlı yığma sexinə gəldi. Burada lazer həkketmə avadanlığı quraşdırılmışdır. Xüsusi kompyuter proqramı ilə işləyən bu avadanlıqda cihazlar və hissələr üçün lövhəciklər hazırlanacaqdır. Yay hazırlayan dəzgah da xüsusi proqramla təmin olunan kompyuterə qoşulmuşdur.
Dövlətimizin başçısı Bakı cihazqayırma zavodunda istehsal və emal olunan hazır məhsullara baxdı. Prezident İlham Əliyevə istehsal olunan müdafiə təyinatlı məmulat və ehtiyat hissələri haqqında geniş məlumat verildi. Qeyd edildi ki, zavodda həm də Dövlət Neft Şirkətinin müəssisələri üçün 18 adda yeni növ məhsulların istehsalı qaydaya salınmış və nəticədə mülki məhsulların çeşidi 29-dan 47-yə çatdırılmışdır.
Prezident İlham Əliyev mexaniki emal sexini gəzdi. Bildirildi ki, sexin avadanlıq parkı əsaslı şəkildə təzələnmişdir. Yaradılan yeni istehsal sahəsində iki texnoloji axın xətti işə salınmış, ən müasir proqram təminatlı 57 dəzgah və avadanlıq quraşdırılmışdır. Buradakı universal torna, bir neçə koordinatlı və şaquli frez, pardaqlama dəzgahları, şaquli emal mərkəzi, təbəqəəyən maşın, kompressorlar və digər dəzgahlar sifarişlərin vaxtında və keyfiyyətlə hazırlanmasına imkan verəcəkdir. Bütün bunların nəticəsində Dövlət Müdafiə Sifarişi Proqramında nəzərdə tutulan 7 adda müdafiə təyinatlı məmulatın istehsalı mənimsənilmişdir. Yaxın gələcəkdə bu qəbildən məhsulların çeşidi 12-yə çatdırılacaqdır.
Dövlətimizin başçısı xüsusi təyinatlı təmir, bərpa və mexaniki yığma sexləri ilə də yaxından tanış oldu.
Qeyd olundu ki, müəssisədə 2009-2010-cu illərdə T-72 tankının, BTR və BRDM tipli zirehli maşınların təkmilləşdirilməsi üzrə işlər uğurla davam etdirilmişdir. Dövlət Müdafiə Sifarişi Proqramına uyğun olaraq, cari ildə BTR-70 və BRDM-2M tipli zirehli maşınların təmir və təkmilləşdirilməsi nəzərdə tutulmuşdur. Ali Baş Komandan İlham Əliyevə bu texnikanın təkmilləşdirilməsi haqqında geniş məlumat verildi. Hər iki zirehli texnika təkmilləşdirilmiş, idarəetmə sistemi asanlaşmışdır. Ən əsası bu maşınlarda yanğının başvermə təhlükəsi tamamilə aradan qaldırılmışdır.
Prezident İlham Əliyevə "Şimşək" qabaqcıl texnologiyası və asan idarəetmə layihəsi barədə də məlumat verildi. Bakı Cihazqayırma Zavodu və Cənubi Afrika Respublikasının "EWT" şirkəti ilə birgə hazırlanan layihənin üstün cəhəti gecə və gündüz görmə kamerasının olmasıdır. Bundan başqa, "Şimşək" texnologiyası lazer hədəf nişanlayıcısı, ballistik kompyuter və silah sistemlərinin idarə edilməsinə malikdir. Atəşə mükəmməl nəzarət sisteminin olması "Şimşək"in əsas xüsusiyyətlərindən biridir.
Qeyd olundu ki, hazırda zavodda 170 nəfər işləyir. Yeni istehsal sahəsinin yaradılması hesabına əlavə 100 iş yerinin açılması və işçilərin sayının 280 nəfərə çatdırılması nəzərdə tutulur.
Dövlətimizin başçısı mina təsirinə dayanıqlı "Matador" və "Marauder" tipli zirehli nəqliyyat vasitəsilə də yaxından tanış oldu.
Bildirildi ki, zirehli maşınlar Cənubi Afrika Respublikasının "Paramount Group" şirkətinin lisenziyası əsasında yığılaraq istismara hazır vəziyyətə gətirilmişdir. Əsasən 14,5 və 12,7 çaplı pulemyotlarla təchiz olunan bu zirehli texnika "V" formalı şassiyə malikdir. Bu maşınlar şəxsi heyətin mina təsirindən, güllə qəlpəsindən və ballistik hücumdan müdafiə olunaraq daşınması üçün nəzərdə tutulmuşdur.
Sonra Prezident İlham Əliyev zavodda hazırlanıb istismara verilən zirehli texnikaların sınaqdan keçirilməsi prosesini izlədi. Bildirildi ki, burada texnikaların 25 dərəcə maili bucaq altında sol və sağ tərəfi üstdə dayanıqlılığı yoxlanılır. Sonra zirehli texnikanın 30 dərəcə maililikdə eniş və yoxuş zamanı gücünün və əyləc sisteminin davamlılığına və möhkəmliliyinə diqqət yetirilir. Maşınlar dərinliyi 1,5 metr olan su maneələrindən də keçirilir. Bu zaman maşınların hermetikliyi və idarəetmənin möhkəmliyi yoxlanılır. Sonda isə zirehli texnikalar yüksək amplitudalı maneələrdən keçirilir. Bu proses zamanı isə maşınların yırğalanması müşahidə edilir.
Dövlətimizin başçısı kollektivə uğurlar arzuladı, tapşırıq və tövsiyələrini verdi.
{nl}
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.