- Əziz dostlar. Bugünkü iclas dövlət inkişaf proqramının icrası ilə bağlıdır. Belə toplantılar mütəmadi qaydada keçirilir. Bildiyiniz kimi, regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramı 2004-cü ildə qəbul edilmişdir, 2004-2008-ci illəri əhatə edirdi. Ondan sonra ikinci proqram qəbul edildi və bu gün proqramın icrası ilə əlaqədar müzakirələr aparacağıq.
Birinci proqramın qəbul edilməsi, demək olar ki, ölkəmizin inkişafında çox mühüm rol oynamışdır. Proqramın icrası nəticəsində bölgələrdə böyük quruculuq işləri aparılmışdır. Yüz minlərlə yeni iş yeri açılmışdır. Yeni sənaye müəssisələri yaradılmışdır. Bir sözlə, regionların inkişafı və canlanması məhz proqramın qəbul edilməsi ilə bilavasitə bağlı olmuşdur. Onu da qeyd etmək istəyirəm ki, 2004-2008-ci illərdə proqrama əlavələr də, düzəlişlər də edildi. Çünki sürətli inkişafımız çox böyük templərlə ölçülürdü. O illərdə orta hesabla ümumi daxili məhsul 20 faizdən çox səviyyəsində idi. Belə olan halda, büdcəyə gələn əlavə gəlirlər əlbəttə ki, proqrama edilmiş düzəlişlərə öz təsirini göstərmişdir. Bütövlükdə deyə bilərəm ki, 2004-2008-ci illəri əhatə edən proqram artıqlaması ilə icra edildi, proqramın icrası nəticəsində ölkəmizin inkişafı və iqtisadiyyatımızın şaxələndirilməsi işində böyük və uğurlu addımlar atıldı.
2009-2013-cü illəri əhatə edən Proqram da uğurla icra edilir. Artıq iki ildir ki, proqram icra edilir. Deyə bilərəm ki, qarşıda duran bütün məsələlər, bütün vəzifələr öz həllini tapır. 2009-2010-cu illər dünya tarixində maliyyə və iqtisadi böhran illəri kimi qalacaqdır. Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatının bu illərdə artması xüsusi məna daşıyır. Son iki il ərzində Azərbaycan iqtisadiyyatı 15 faiz artmışdır. Bu artım deyə bilərəm ki, o cümlədən qəbul edilmiş regionların sosial-iqtisadi inkişaf proqramlarının icrası nəticəsində mümkün olmuşdur. Əgər biz vaxtilə regionların inkişafına böyük diqqət göstərməsəydik, çox güman ki, iqtisadiyyatımız bu gün birtərəfli iqtisadiyyat kimi özünü göstərə bilərdi. Bizim məqsədimiz isə ondan ibarətdir ki, iqtisadiyyatımız çoxşaxəli olsun. Xüsusilə qeyri-neft sektorunun inkişafına böyük diqqət göstərilir. Beləliklə, deyə bilərəm ki, əgər 2009-2010-cu illərdə - dünya üçün ən ağır illər ərzində iqtisadiyyatımız artmışsa, bundan sonrakı dövrdə şübhəsiz, inkişafımız daha da sürətlə gedəcəkdir.
Ümumi daxili məhsulun artması, əlbəttə ki, çox sevindirici haldır. Amma o da vacibdir ki, iqtisadiyyatımızın hər bir sahəsi inkişaf etsin, ölkədə sənayeləşmə prosesi sürətlə getsin. Kiçik və orta sahibkarlıq inkişaf etsin. Bu məqsədlə, dövlət tərəfindən atılan addımlar bəhrəsini verməkdədir. Dövlət büdcəmiz artır. Müqayisə üçün deyə bilərəm ki, 2004-cü illə müqayisədə builki dövlət büdcəmiz 12 dəfə böyükdür. Bu gün dövlət büdcəmiz 16 milyard dollar səviyyəsindədir və çox güman ki, il ərzində büdcə xərcləri daha da arta bilər. Çünki büdcədə neftin qiyməti 60 dollardan hesablanıbdır. Hazırda neftin qiyməti demək olar ki, o rəqəmdən iki dəfə çoxdur.
Beləliklə, ölkə qarşısında duran təxirəsalınmaz məsələlər öz həllini tapır və tapacaqdır. Əminəm ki, 2013-cü ilə qədər ikinci proqramın icrası hesabına ölkə qarşısında duran əsas iqtisadi, sosial və infrastruktur məsələləri öz həllini tapmalıdır. Hər halda Dövlət Proqramında bütün bu məsələlər öz əksini tapıb.
Əslində bu proqram ölkə iqtisadiyyatının və bütövlükdə ölkəmizin inkişafı üçün əsas sənəd kimi qəbul edilibdir. Bu proqramda bütün vəzifələr, icra mexanizmləri, maliyyə resursları göstərilib. İcra müddəti də vardır. Beləliklə, yerlərdə və dövlət qurumlarının bilavasitə iştirakı ilə bu proqramın tam şəkildə icrasına biz nail olmalıyıq. Bu məqsədlə bu gün biz proqramın keçənilki nəticələrini müzakirə edəcəyik.
2004-2008-ci illərdə Azərbaycana böyük həcmdə investisiyalar qoyulmuşdur. Çox sevindirici haldır ki, son ildə qoyulan investisiyaların böyük əksəriyyəti daxili investisiyalardır. Artıq daxili sərmayələr xarici sərmayələri üstələyir. Bu onu göstərir ki, bir tərəfdən Azərbaycan dövlətinin gücü artıb, digər tərəfdən investisiyaların müəyyən hissəsi özəl sektor tərəfindən qoyulur. Özəl sektor da Azərbaycanda gedən uğurlu proseslərdən bəhrələnir. O cümlədən dövlət tərəfindən verilmiş sifarişləri icra edərkən özəl şirkətlər güclənir, əlavə maliyyə vəsaiti əldə edir. O vəsaiti yenidən ölkə iqtisadiyyatına investisiya şəklində qoyur və beləliklə, həm şirkətlər güclənir, həm ölkə iqtisadiyyatı üçün əlavə investisiya mənbəyi yaradılır.
Biz bundan sonra da dövlət xətti ilə dövlət investisiya proqramlarını icra edəcəyik. Hər il dövlət büdcəsindən böyük məbləğdə vəsait ayrılır. Amma mən çox istərdim ki, özəl sektor daha da böyük həcmdə investisiyalar qoysun, həm öz imkanlarını genişləndirsin, eyni zamanda, ölkənin inkişafı üçün də bunun böyük əhəmiyyəti vardır.
İnvestisiya qoyuluşu prosesi davam etdiriləcəkdir. Baxmayaraq ki, 2013-cü ilə qədər Azərbaycanda əsas infrastruktur layihələri başa çatmalıdır. Yollar, su xətləri, qazlaşdırma, elektriklə təchizat və digər infrastruktur layihələrinin hamısı dövlət proqramında əksini tapıb və 2013-cü ilə qədər bütün bu məsələlər tam şəkildə öz həllini tapmalıdır. Müvafiq göstərişlər verilmişdir. Ondan sonrakı illərdə yəqin, yeni sahələr də müəyyən ediləcək ki, dövlət öz tərəfindən oraya investisiya qoyacaqdır. Eyni zamanda, biz dövlət investisiyaları üçün yeni imkanları da axtarmalıyıq, araşdırmalıyıq, həm ölkə daxilində, həm ölkəmizin xaricində. Bu sahədə dövlət qurumları və özəl sektor birgə fəaliyyət göstərə bilər. Necə ki, biz vaxtilə Azərbaycanda Dövlət İnvestisiya Şirkətini yaratdıq və o şirkətin vasitəsilə xaricdən və daxildən ölkə iqtisadiyyatına investisiyaları gətirdik, eyni qaydada biz dövlət və özəl sektorlarının iştirakı ilə xarici ölkələrə də investisiyalar qoya bilərik. Bu həm bizim biznes maraqlarımızı təmin edəcək, həm də ki, Azərbaycanın beynəlxalq imkanlarını genişləndirəcək və beynəlxalq mövqelərimiz daha da güclü olacaqdır.
Nəzərə alsaq ki, hazırda dövlət şirkətləri və xüsusilə, Dövlət Neft Şirkəti xarici ölkələrə böyük investisiyalar qoyur, artıq biz, necə deyərlər, bu qapını da açdıq. Bu, bizim üçün yeni bir sahə idi, heç vaxt tarixdə Azərbaycan şirkətləri başqa ölkələrə böyük həcmdə investisiyalar qoymamışdılar. Biz həmişə maraqlı idik ki, xaricdən Azərbaycana investisiyalar gətirilsin. Bu gün də biz bunda maraqlıyıq. Ancaq artıq ölkəmizin inkişafı bizə diktə edir ki, yeni bazarlara çıxaq. Həm sərmayə qoyuluşu, həm müxtəlif kontraktlarda şirkətlərimizin iştirakının təmin edilməsi üçün dövlət qurumları da fəal işləməlidirlər.
Mən bu barədə dəfələrlə fikirlərimi bildirmişəm. Bu gün də demək istəyirəm ki, biz ölkəmizin gələcək inkişafı üçün xarici bazarlara daha da böyük diqqət göstərməliyik. Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşu prosesi uğurla gedir. Təkcə keçən il ölkə iqtisadiyyatına 15,5 milyard dollar sərmayə qoyulmuşdur və bu çox böyük rəqəmdir. Bu il də sərmayə qoyulacaqdır. Azərbaycan xarici sərmayələrin qorunması işində böyük və uğurlu yol keçmişdir. Bu sərmayələr Azərbaycanda qorunur. Biz elə etməliyik ki, ölkəmizdə biznes mühitini daha da sağlamlaşdıraq, daha da yaxşılaşdıraq. Bu gün biz bu barədə danışacağıq.
Bütün bu işlərlə bərabər, biz ölkə iqtisadiyyatının uzunmüddətli və dayanıqlı inkişafını güclü sosial siyasət aparmadan təmin edə bilməzdik. Bu məqsədlə Azərbaycanda çox güclü sosial siyasət aparılır. Bu siyasət özünü müxtəlif istiqamətlərdə büruzə verir. Təkcə maaş və pensiyaların artımı ilə biz öz fəaliyyətimizi məhdudlaşdırmırıq, eyni zamanda, sosial infrastrukturun yaradılması işində böyük sərmayələr qoyulur.
Son 6-7 il ərzində ölkəmizdə 2 mindən artıq məktəb, 400-ə yaxın tibb müəssisəsi, 29 Olimpiya İdman Mərkəzi tikilib və bu proses davam etdirilir. Bölgələrdə sosial infrastrukturun, xüsusilə səhiyyə sahəsində sosial infrastrukturun yaradılması böyük məna daşıyır və biz növbəti illərdə həm dövlət büdcəsindən, həm başqa mənbələrdən bu sahədəki fəaliyyətimizi daha da gücləndirəcəyik.
Ölkəmizin inkişafı üçün özəl sektorun möhkəmlənməsi xüsusi əhəmiyyət daşıyır. Bu, sadəcə olaraq sözlər, şüarlar deyildir. Biz gündəlik fəaliyyətdə özəl sektorun, sahibkarlığın inkişafı üçün əlimizdən gələni edirik. Mən sahibkarlarla həm Bakıda, həm bölgələrdə mütəmadi qaydada görüşürəm. Dövlət tərəfindən sahibkarlığın inkişafına çox güclü dəstək vardır. Bütün dövlət qurumları - həm mərkəzi dövlət orqanları, həm yerli icra orqanları bu sahədə sahibkarlara kömək göstərməlidirlər. Sahibkarların normal biznes mühitində fəaliyyəti ölkəmizin gələcək inkişafını təmin edəcəkdir. Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Bu gün iqtisadiyyatımızın böyük hissəsi - 80 faizdən çoxu özəl sektorda formalaşır. Hesab edirəm ki, bu çox böyük nailiyyətdir.
Nəzərə alsaq ki, dövlətimizin əsas strateji resursları dövlətin inhisarındadır - neft, qaz, əsas nəqliyyat infrastrukturu, elektrik təsərrüfatı, özəl sektorun ölkə iqtisadiyyatında böyük payı, doğrudan da, onu göstərir ki, Azərbaycanda tam liberal iqtisadiyyat hökm sürür, bazar iqtisadiyyatı prinsipləri bərqərar olub və bu artıq, əlbəttə, ölkənin inkişafında öz müsbət rolunu oynayır. Beləliklə, gələcəkdə sahibkarlığın inkişafı, xüsusilə, orta və kiçik sahibkarlığın inkişafı üçün əlavə tədbirlər görüləcəkdir.
Azərbaycan dövləti, bir daha demək istəyirəm ki, öz tərəfindən bütün lazımi tədbirləri görür, siyasi dəstək verilir, iqtisadi vasitələrlə kömək göstərilir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2004-2010-cu illərdə təxminən 700 milyon manat həcmində güzəştli kreditlər verilmişdir. O kreditlərin verilməsi demək olar ki, özəl sektorun inkişafına çox böyük təkan verdi. Kreditlərin 80 faizi regionlara verilir. Bu da bizim siyasətimizi və niyyətimizi göstərir.
Çox sevindirici hal ondan ibarətdir ki, kreditlər qayıdır. Özəl sektor burada böyük məsuliyyət göstərir. Əlbəttə ki, kreditlər veriləndə onlar təhlil edilir, özəl qurumların imkanları araşdırılır və o şirkətlər seçilir ki, onlar bu işə məsuliyyətlə yanaşırlar. Ancaq yenə də deyirəm, ola bilərdi ki, hansısa kreditlər qayıtmasın və burada problemlər yarana bilərdi. Çox sevindirici haldır ki, kreditlər qayıdıb və artıq qayıtmış kreditlərin hesabına o vəsait yenə kreditləşməyə yönəldilir. Bu il Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə özəl sektora 125 milyon manat güzəştli kredit veriləcəkdir. Beləliklə, bir neçə ildən sonra qayıdacaq kreditlərin məbləği daha da böyük olacaq və nə qədər qayıtsa yenə də bütün o məbləğ kreditləşməyə yönəldiləcəkdir.
Biz kreditləri verməklə həm özəl sektora dəstək oluruq, həm də ölkə iqtisadiyyatının inkişafına təkan veririk. Bu il və bundan sonrakı illərdə bu kreditləri ölkəmizin inkişafı üçün daha da vacib olan sahələrə verəcəyik. Burada həm özəl sektorun maraqları, həm dövlət maraqları bir-biri ilə üst-üstə düşməlidir ki, həm ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf etsin və həm də özəl sektor güclənsin.
Biz dünya praktikasını yaxşı bilirik. Dünyada gedən prosesləri də izləyirik. Görürük ki, özəl sahibkarlığın inkişafı ölkələrin ümumi inkişafını təmin edir. Düzdür, Azərbaycanın zəngin neft-qaz ehtiyatları var və düşünülmüş neft strategiyamız vardır. Bu strategiya artıq öz bəhrəsini verir. İqtisadiyyatımızın şaxələndirilməsi işində bu amil deyə bilərəm ki, çox vacib rol oynayıb. Əgər maliyyə resurslarımız olmasaydı, biz xarici maliyyə qurumlarının kreditlərinə daha çox bel bağlamış olardıq. Bəzi hallarda o kreditlərin alınmasında problemlər də yaranır. Yəni ki, enerji sektoru, neft-qaz sənayesi bizim üçün çox böyük dəstəkdir. Ancaq təkcə bu sahə inkişaf etməklə ölkə hərtərəfli inkişaf edə bilməz. Bu bizim üçün böyük maliyyə mənbəyidir. Bu, şübhəsiz, Azərbaycanın beynəlxalq mövqelərini gücləndirən amillərdən biridir.
Bu gün dünyada enerji təhlükəsizliyi məsələləri gündəliyin ön planına çıxıbdır. Azərbaycan isə artıq bütün lazımi tədbirləri vaxtında görübdür. Zəngin neft yataqlarımız, qaz yataqlarımız aşkarlanıb. Çoxşaxəli boru kəməri infrastrukturumuz vardı ki, resurslarımızı istənilən istiqamətə nəql edə bilər və əslində nəql edir. Bu gün bu reallıqdır. Biz artıq tam hazırlıqlı vəziyyətdəyik. Biz bütün lazımi işləri görmüşük və böyük sərmayələrin qoyuluşuna da hazırıq.
Hesab edirəm ki, bu il və ondan sonrakı illərdə Azərbaycanın energetika, neft-qaz, xüsusilə qaz sektoruna milyardlarla dollar vəsait qoyulacaqdır. Həm ölkə iqtisadiyyatı, həm də özəl sektor buna hazır olmalıdır. Sirr deyil ki, neft strategiyamızın icrası hesabına yüzlərlə Azərbaycan şirkəti kontraktlar alıblar və o imkanlardan bəhrələniblər. O şirkətlər neft sənayesində görülmüş işlər hesabına maliyyə imkanlarını genişləndiriblər. İndi biz ikinci böyük investisiya qoyuluşunun astanasındayıq. Artıq biz buna daha da hazırıq. Sadəcə olaraq, mən özəl sektora bildirmək istəyirəm ki, onlar da qoyulacaq bu böyük investisiyaların icrasında fəal iştirak etsinlər, xaricdən Azərbaycanın qaz sektoruna qoyulacaq pulların böyük hissəsi Azərbaycan şirkətləri tərəfindən öz həllini tapsın və Azərbaycan şirkətləri bundan bəhrələnsinlər.
Ancaq bununla bərabər, orta və kiçik sahibkarlığın, ölkəmizin gələcəyini müəyyən edəcək sahibkarlığın inkişafı, sadəcə olaraq, biznes mühitini yaxşılaşdırmaq, yeni iş yerləri yaratmaq üçün deyildir. Sahibkarlığın inkişafı əslində çox böyük islahat deməkdir. O islahat Azərbaycanda uğurla aparılır və yenə də demək istəyirəm ki, iqtisadiyyatımızın mütləq əksəriyyəti özəl sektorda formalaşır. Yəni qısa müddət ərzində - müstəqillik dövründə biz buna nail ola bilmişik. Ancaq iqtisadi sahədə islahatlar mütləq bütün başqa sahələrdə islahatlarla tamamlanır. Yəni biz işimizi təkcə iqtisadi islahatlarla məhdudlaşdıra bilmərik. Bu mümkün də deyildir.
Bizim niyyətimiz ölkəmizi müasirləşdirməkdir, müasir dövlət yaratmaqdır. Ona görə Azərbaycanda aparılan və aparılacaq islahatlar da çoxşaxəli olmalıdır. İqtisadi islahatlar ölkə iqtisadiyyatının liberallaşmasına, güclü özəl sektorun yaranmasına gətirib çıxaracaq, insanlar daha da yaxşı yaşayacaqlar. Sosial rifah artacaq, iş yerləri, yerli sənaye yaranacaqdır. Mən yaranacaq deyirəm, əslində bu yaranıb və yaranmaqdadır. Azərbaycanda bütün azadlıqlar tam şəkildə bərqərar olunacaqdır. Yəni, sahibkarlığın inkişafı əslində ölkəmizin hərtərəfli inkişafına, müasirləşməsinə böyük təkan verir.
Bu gün Azərbaycanda sahibkarlar sinfi yaranıb. Mən hesab edirəm ki, növbəti illərdə özəl sektorda aparılan işlərin keyfiyyətinin artırılması məsələlərinə daha da böyük diqqət göstərilməlidir. Yenə də mən qayıdıram əvvəlki sözlərimə. Azərbaycanın gələcək iqtisadi inkişafı,- əgər biz uzunmüddətli gələcəyə baxırıqsa,- daha çox xarici bazarlara qoyulacaq vəsaitin hesabına həll olunacaqdır. Azərbaycan bazarı müəyyən dərəcədə məhduddur. Qonşu ölkələrlə müqayisədə əlbəttə ki, onlardan daha da kiçikdir. Ölkə əhalisi artır. Artıq keçən il doqquz milyonuncu vətəndaş dünyaya gəlibdir. Ancaq ölkə iqtisadiyyatı və ölkədə yaranan maliyyə resursları tələb edir ki, biz xarici bazarlara çıxaq. Xarici bazarlara isə ancaq rəqabət qabiliyyətli məhsullarla çıxa bilərik. Biz çalışmalıyıq ki, nəinki xarici bazarlara çıxarmaq üçün, ölkə daxilində istehlak olunan mallar da yüksək standartlara cavab verməlidir.
Son illərdə bölgələrə səfərlərim çərçivəsində gördüyüm yeni müəssisələrin, açılışında iştirak etdiyim yeni fabriklərin, zavodların, mən çox şadam ki, hamısı demək olar ki, dünya səviyyəsinə, standartlarına uyğundur. Onlar beynəlxalq sertifikatlar alır. Avropa İttifaqına daxil olmaq üçün sertifikatlar alınır. Yəni, biz bu yolla getməliyik. Bununla bərabər, hesab edirəm ki, növbəti iki il ərzində istehlak olunan əsas məhsullar ölkədə istehsal olunmalıdır. Biz bir il bundan əvvəl bu barədə danışmışıq. Bu gün görəcəyik hansı işlər görülüb. Hələ ki, daxili bazarı yüz faiz təmin edə bilmirik, ancaq biz buna çalışmalıyıq.
Biz bilirik ki, bazar iqtisadiyyatı və qloballaşma şəraitində bəlkə də bu bir nömrəli vəzifə deyil, yaxud da ki olmamalıdır. Çünki bütün ölkələr bir-biri ilə bağlıdır. Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır. Ancaq biz onu da görürük ki, dünyada baş verən proseslər, hadisələr, istər siyasi müstəvidə, istər iqtisadi sahədə, kənd təsərrüfatı sahəsində dünyanın müxtəlif yerlərində, müxtəlif qitələrdə baş verən təbii fəlakətlər də reallıqdır. İki-üç il bundan əvvəl biz bunların bəlkə də on faizini görürdük. Nadir hallarda baş verdi. İndi demək olar ki, hər ay haradasa ya daşqın, ya sel, ya yanğın baş verir. Özü də mövsümdən, coğrafi yerləşmədən asılı olmayaraq. Bu, istər-istəməz kənd təsərrüfatı istehsalına təsir göstərir. Biz müəyyən dərəcədə,- mən ərzaq məhsullarını nəzərdə tuturam, -xarici idxaldan asılıyıq. Əgər belə narahatedici məqamlar olmasaydı, biz bu barədə bəlkə də söhbət açmazdıq. Nəyi istehsal ediriksə edirik, nəyi istehsal edə bilmiriksə xaricdən alırıq.
İndi xarici bazarlarda neftin qiyməti 110 dolları ötübdür. Bəziləri Azərbaycanda buna sevinə bilərlər. Amma burada sevinmək üçün heç bir əsas yoxdur. Neftin 100 dollardan çox olan qiyməti böyük problemlər yaradacaqdır. O cümlədən bizim üçün də problemlər yarada bilər. Çünki hələ ki, biz müəyyən dərəcədə idxaldan asılıyıq. Neftin bahalaşması istehsal olunan bütün başqa məhsulların bahalaşmasına gətirib çıxaracaq və o məhsul Azərbaycana idxal ediləndə artıq onun qiyməti daha da yüksək olacaqdır. Ona görə indi siyasi proseslər belə cərəyan edir ki, gələcək inkişafı, dünyada gedən prosesləri proqnozlaşdırmaq bir qədər çətindir. Ona görə biz öz ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin etməliyik. Necə ki, enerji təhlükəsizliyimizi artıqlaması ilə təmin etmişik. Bu gün Azərbaycan başqa ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır və bu rol daha da artacaqdır. Nəqliyyat təhlükəsizliyini təmin edirik. Bu gün bütün yollar Azərbaycandan keçir. Bizim coğrafi vəziyyətimiz belədir. Biz güclü nəqliyyat infrastrukturu yaradırıq. Artıq bu bizə həm əlavə iqtisadi, həm də siyasi dividendlər gətirir. Azərbaycanda ərzaq təhlükəsizliyi də mütləq təmin edilməlidir. Bu barədə biz bu gün danışacağıq.
Deyə bilərəm ki, bütün bu məsələlər çox böyük məna daşıyır. Bir daha demək istəyirəm ki, biz sadəcə olaraq hansısa qısamüddətli inkişaf planının icrası ilə deyil, ölkəmizin uzunmüddətli strategiyasının hazırlanması ilə məşğuluq. Bu gün, 10 ildən, 20 ildən sonra nələr baş verəcək? Azərbaycan hər bir çağırışa, hər bir vəziyyətə hazır olmalıdır. Bizim imkanlarımız vardır. Bununla bərabər, bizim düşünülmüş siyasətimiz vardır. Biz dünyada gedən prosesləri izləyirik, bilirik. Azərbaycan bu gün regionun sabitliyi, iqtisadi və siyasi sabitliyin möhkəmləndirilməsi üçün çox mühüm ölkəyə çevrilibdir. Biz bunu siyasətimiz, apardığımız islahatlar, düşünülmüş addımlarımızla etmişik. Bu gün Azərbaycan regional faktor kimi dünya tərəfindən qəbul edilir. Azərbaycanın təsir imkanları artır. Azərbaycanın gücü artır. Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bütün bu reallıqlara çatmaq üçün mühüm rol oynamışdır. Eyni zamanda, islahatlar, ölkəmizin liberallaşması, xoşagəlməz hallara qarşı ciddi mübarizə, bizim strateji xəttimizdir. İndi isə keçək müzakirələrə.
{nl}
İqtisadi inkişaf naziri Şahin Mustafayev çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident!
Hörmətli konfrans iştirakçıları!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətləri olan qeyri-neft sektorunda irəliləyişin sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması, sahibkarlığa hərtərəfli dəstək verilməsi, əhalinin maddi rifahının daha da yüksəldilməsi nəticəsində ölkənin sosial-iqtisadi tərəqqisi keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş və ötən illərdə olduğu kimi, 2010-cu ildə də əhəmiyyətli nailiyyətlər əldə edilmişdir.
Ölkədə makroiqtisadi sabitlik, strateji valyuta ehtiyatlarının artımı və səmərəli istifadəsi, milli valyutanın sabitliyi təmin edilmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, qeyri-neft sektorunun inkişaf sürəti neft sektorunu üstələmişdir.
Ötən il ümumi daxili məhsul 5 faiz, qeyri-neft sektoru 7,9 faiz, o cümlədən qeyri-neft sənayesi 6,6 faiz artmış, əhalinin gəlirlərinin çoxalması inflyasiya səviyyəsini 2 dəfədən artıq üstələmiş, bütün regionlarda məhsul istehsalının artımına nail olunmuşdur.
Ötən iki ildə dünyada baş verən qlobal böhran fonunda Azərbaycanın davamlı inkişafı, bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsi iqtisadiyyatın möhkəm təməllər üzərində qurulduğunu və əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin alternativsiz olduğunu bir daha əyani şəkildə sübut etmişdir.
Bu nailiyyətlərin əldə olunmasında, görülən işlərin sistemliliyini təmin edən Dövlət proqramlarının, xüsusilə regionların sosial-iqtisadi inkişafına dair hər iki proqramın əhəmiyyətli rolu vardır. İkinci Proqramın icrasını da şəxsi nəzarətinə götürən dövlətimizin başçısı ötən il regionlara 27 səfər edərək istehsal, nəqliyyat, təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və digər sahələr üzrə 170-dən çox müəssisənin açılış və təməlqoyma mərasimində iştirak etmiş, fəaliyyətləri ilə tanış olmuşdur.
Müntəzəm surətdə həyata keçirilən bu səfərlər regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsində mühüm rol oynamaqla yanaşı, hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran spesifik vəzifələrin müəyyənləşdirilərək yerinə yetirilməsini təmin edir. Bu səfərlərdən sonra dövlətimizin başçısı bir sıra şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamlar imzalamışdır.
Möhtərəm cənab Prezident! Sizin regional inkişafa verdiyiniz önəmin, rayonlarda, kəndlərdə yaşayan əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə göstərdiyiniz diqqət və qayğının nəticəsidir ki, istehsal və sosial infrastruktur təminatının yaxşılaşdırılması sahəsində inqilabi dəyişikliklər davam edir, regionların siması günü-gündən dəyişir, gözəlləşir və müasirləşir.
Regionların inkişafına 2004-cü ildən etibarən bütün maliyyə mənbələri hesabına 15,5 milyard dollar, o cümlədən ötən il 3,4 milyard dollar məbləğində investisiya yönəldilmiş, bunun sayəsində yüzlərlə əhəmiyyətli layihələr icra olunmuşdur.
Ötən il "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizlərinin yaradılması layihələri davam etdirilmiş, 635 kilometrdən çox yollar beynəlxalq standartlara uyğun tikilmiş və təmir olunmuş, o cümlədən dövlətimizin başçısının bilavasitə iştirakı ilə Bakı dairəvi avtomobil yolu, Ələt-Astara-İran sərhədi avtomobil yolunun 22 kilometrlik hissəsi, Mingəçevir-Xaldan yolu, Biləsuvar dairəvi avtomobil yolu, Bakı-Rusiya sərhədi avtomobil magistralında Şabran dairəvi yolu və körpü kompleksi, Naxçıvan-Sədərək magistral yolu və digərləri istifadəyə verilmişdir. Bakı-Tbilisi-Qars dəmir yolunun, Beynəlxalq dəniz limanının və gəmiqayırma zavodunun inşası ölkəmizin tranzit potensialının, ümumiyyətlə regiondakı rolunun və əhəmiyyətinin daha da artmasını təmin edəcəkdir.
Regionlar elektrik enerjisi ilə tam təchiz olunmuş, təkcə 2010-cu ildə Ordubadda Biləv SES, Qəbələdə, Salyanda və Bakıda yeni yarımstansiyalar və yüksəkgərginlikli xətlər istifadəyə verilmiş, 4 kiçik SES-in təməli qoyulmuş, 5 elektrik stansiyasının tikintisi davam etdirilmişdir. Görülmüş işlərin nəticəsidir ki, əvvəllər enerji problemləri yaşamış Naxçıvan MR bir neçə ildir ki, elektrik enerjisini ixrac edir.
İl ərzində Dövlət proqramı çərçivəsində regionlarda 3770 kilometr yeni qaz kəmərləri çəkilmiş, 500 kilometr qaz xətti təmir və bərpa edilmiş, 49 yaşayış məntəqəsi qazla təchiz olunmuşdur.
Əhalinin keyfiyyətli su ilə təminatının yaxşılaşdırılması çərçivəsində Kür-Araz çaylarının sahilləri boyu 18 rayonun 156 yaşayış məntəqəsində sutəmizləyici qurğuların quraşdırılması 300 min nəfərdən artıq əhalinin içməli su ilə təminatını yaxşılaşdırmış, Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verilmişdir.
Suvarılan torpaq sahələrinin artırılmasında, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasında mühüm rolu olan Samur-Abşeron, Yuxarı Mil kanallarının, Şəmkir dəryaçasının, Tovuzçay su anbarının tikintisi davam etdirilir.
Rabitə xidmətlərinin yaxşılaşdırılması ilə bağlı görülən işlər regionlarda bu xidmətlərin keyfiyyətini və əhatə dairəsini xeyli artırmışdır.
Azərbaycan Prezidenti tərəfindən 2010-cu ilin "Ekologiya ili" elan edilməsi ilə əlaqədar ekoloji vəziyyətin yaxşılaşdırılması və ölkənin bütün ərazisinin, xüsusilə də Abşeron yarımadasının yaşıllaşdırılması, çirklənmiş torpaqların təmizlənməsi sahəsində genişmiqnyaslı tədbirlər görülmüş, ümumilikdə 10600 hektardan artıq sahədə meşəsalma və meşəbərpa işləri həyata keçirilmişdir.
2010-cu ildə müasir turizm xidməti infrastrukturunun yaradılması istiqamətində də işlər davam etdirilmiş, 32-si regionlarda olmaqla 47 turizm obyektinin, o cümlədən Qusar rayonunda Şahdağ Qış-Yay Turizm Kompleksinin tikintisi aparılır.
Möhtərəm cənab Prezident! Məruzə etmək istəyirəm ki, regionların ənənəvi istehsal sahələrinə uyğun ixtisaslaşması, kənd təsərrüfatının intensiv yüksəlişi, yeni heyvandarlıq və südçülük komplekslərinin, damazlıq və quşçuluq təsərrüfatlarının, kənd təsərrüfatı məhsullarının saxlanması infrastrukturunun yaradılması, toxumçuluğun inkişafı, daxili tələbatın əsasən yerli istehsal hesabına ödənilməsi, qeyri-neft məhsullarının ixracının artırılması ilə bağlı ötənilki konfransda və Nazirlər Kabinetinin iclaslarında verdiyiniz tapşırıqların icrası istiqamətində ardıcıl tədbirlər davam etdirilməkdədir.
Belə ki, hər bir iqtisadi rayonun potensialı təhlil olunmuş, müqayisəli üstün sahələri müəyyənləşdirilmiş, bunun əsasında iqtisadi rayonların pasportları hazırlanmış və dövlət dəstəyi tədbirləri məhz hər bir regionun spesifik xüsusiyyətləri və müasir texnologiyaların tədbiqi nəzərə alınmaqla həyata keçirilir.
Yaradılmış infrastruktur, həmçinin dövlət dəstəyi tədbirləri regionlarda sahibkarlığın inkişafına, yeni müəssisələrin və iş yerlərinin yaradılmasına təkan vermişdir.
Ötən il regionlarda 160-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi, o cümlədən Lənkəranda konserv zavodu və çay fabriki, Naxçıvanda avtomobil zavodu, bir neçə tikinti materialları zavodu, Sumqayıtda texnopark, Masazırda duz zavodu, Biləsuvarda konserv zavodu, Gədəbəydə qızıl zavodu, bölgələrdə heyvandarlıq və süd emalı kompleksləri və digər müəssisələr tikilib istifadəyə verilmiş, 200-dən çox müəssisənin, o cümlədən 12 kənd təsərrüfatı məhsullarının emalı müəssisəsinin, bir çox rayonda tikinti materiallarının istehsalı zavodlarının və digər müəssisələrin tikintisi davam etdirilir.
Bu müəssisələrin 112-də Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən istifadə olunur. Ümumiyyətlə, il ərzində, demək olar ki, hamısı regionlarda olmaqla 1430 investisiya layihəsinin maliyyələşdirilməsinə 115 milyon manat güzəştli kreditlər verilmişdir.
Müasir texnologiyaların tətbiqi ilə aqrar sektorun inkişafında mühüm rolu olan, ildə 20 min ton quş əti, 60 milyon damazlıq, 17 milyon əmtəəlik yumurta istehsal edən 14 müasir quşçuluq, illik gücü 61 min ton olan 5 süd emalı zavodu və 5150 başlıq 5 südlük cins heyvandarlıq kompleksi güzəştli kreditlər hesabına maliyyələşdirilmişdir.
Sahibkarlığa, xüsusilə də kiçik sahibkarlığa dövlət dəstəyi tədbirləri çərçivəsində il ərzində 1374 kiçik sahibkara 20 milyon manat güzəştli kredit verilmiş, 195-2 telefon məlumat mərkəzi və elektron ticarət portalı yaradılmış, vergi ödəyicilərinə xidmətin təkmilləşdirilməsi məqsədi ilə əlavə 10 vergi terminalı tikilmişdir.
Eyni zamanda, Azərbaycan İnvestisiya Şirkətinin tərəfdaşlığı ilə istixana komplekslərinin, toxumçuluq bazasının yaradılması, heyvandarlıq, süd məhsulları, duz və digər ərzaq məhsullarının istehsalının təşkili ilə bağlı bir sıra səmərəli layihələr həyata keçirilmişdir.
Kənd təsərrüfatı məhsullarının saxlanılması infrastrukturunun yaradılması məqsədi ilə, bütün regionlarda ümumi tutumu 85 min ton olan 25 müasir soyuducu və ümumi tutumu 270 min ton olan 17 taxıl anbarı komplekslərinin inşası fondun güzəştli kreditləri hesabına maliyyələşdirilmişdir. Bundan əlavə, Səngəçalda 100 min tonluq, Naxçıvanda 30 min tonluq taxıl elevatorları istismara verilmişdir, Gəncədə 60 min tonluq elevatorun tikintisi davam etdirilir. Bununla da bu sahədə tələbat əsasən təmin edilmişdir.
Fermer təsərrüfatlarında xidmətlərin müasir səviyyədə qurulması məqsədi ilə il ərzində 4 rayonda yeni aqroservis filialları yaradılmış, 5 rayonda isə belə filiallar təşkil olunmaqdadır.
Əlverişsiz iqlim şəraiti və təbii fəlakətlərlə bağlı dənli bitkilərin istehsalının azalmasına baxmayaraq, intensiv metodların tədbiqinin stimullaşdırılması və kompleks dövlət dəstəyi tədbirləri nəticəsində kənd təsərrüfatının digər sahələrində artım davam etmiş və ölkənin bir sıra əsas ərzaq məhsulları üzrə tələbatı yerli istehsal hesabına təmin olunmuşdur.
Bu tədbirlər dünyada ərzaq təminatında problemlərin olduğu bir dövrdə ölkəmizin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsini, idxaldan asılılığın azaldılmasını təmin etməklə yanaşı, ixracın şaxələndirilməsində, qeyri-neft məhsullarının ixracının artırılmasında əhəmiyyətli rol oynayır.
Azərbaycan məhsullarının yeni bazarlara çıxış imkanlarının artırılması üçün bu məhsulların müasir tərzdə qablaşdırılması, markalanması, ixrac imkanlarının təbliği sahəsində sahibkarların maarifləndirilməsi, onların beynəlxalq əlaqələrinin genişləndirilməsi ilə bağlı müxtəlif tədbirlər görülmüş, ötən il ölkədə və xaricdə 100-ə yaxın biznes forum və konfranslar təşkil edilmişdir.
İlk dəfə olaraq 1600-dən çox adda rəqabətqabiliyyətli yerli məhsulların kataloqu hazırlanmış, əsas tərəfdaş ölkələrdə ticarət evlərinin yaradılması, azərbaycanlı iş adamlarının birliklərinin təşkili ilə bağlı işlər aparılmaqdadır.
Ötən il Özbəkistanda böyük uğurla keçirilmiş ilk milli sərgidə, habelə ABŞ, Almaniya, Fransa və digər ölkələrdə təşkil olunmuş sərgilərdə Azərbaycan məhsullarına göstərilən böyük maraq onların yüksək keyfiyyətindən, beynəlxalq standartlara uyğunluğundan xəbər verir. Təsadüfi deyil ki, 2010-cu ildə 2009-cu illə müqayisədə qeyri-neft məhsullarının ixracı 17,8 faiz, çeşidi isə 5,6 faiz artmışdır.
Möhtərəm cənab Prezident! Sizin tapşırığınıza əsasən Nazirlər Kabineti tərəfindən bu yaxınlarda təsdiq edilmiş sərəncamda qeyri-neft məhsullarının ixracının daha da artırılması ilə bağlı kompleks tədbirlər nəzərdə tutulur. Xüsusilə qeyd etmək istəyirəm ki, sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirləri çərçivəsində sahibkarlıq sahəsində aparılan yoxlamalara, eləcə də idxal-ixrac əməliyyatlarının sadələşdirilməsinə dair imzaladığınız fərmanlar bu sahədə hüquqi bazanın təkmilləşdirilməsində, biznes mühitinin daha da yaxşılaşdırılmasında və sahibkarlığa əsassız müdaxilələrin qarşısının alınmasında növbəti mühüm addımdır.
Möhtərəm cənab Prezident!
Hörmətli konfrans iştirakçıları!
Birinci Dövlət proqramında olduğu kimi, yeni proqramda da sosial infrastrukturun daha da inkişaf etdirilməsi, müasir tələblər səviyyəsində yenidən qurulması prioritet vəzifələrdəndir. Əhalinin sosial müdafiəsi sahəsində dövlətin həyata keçirdiyi siyasətin ən mühüm istiqamətlərindən biri də sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqəyə, o cümlədən əlillərə, veteranlara, aztəminatlı vətəndaşlara, qaçqın və məcburi köçkünlərə xüsusi diqqətin yetirilməsidir. Hesabat dövründə Bakı şəhərində 243 mənzilli 3, regionlarda isə 272 mənzilli 12 yaşayış binası və 200 fərdi yaşayış evi tikilmişdir.
Bununla yanaşı, cənab Prezidentin iştirakı ilə qaçqın və məcburi köçkünlər üçün Qəbələdə 2 yaşayış binası və 188 şagird yerlik məktəb, Yevlaxda 612, Ağdamda isə 689 ailə üçün zəruri infrastruktura malik olan qəsəbələr istifadəyə verilmişdir.
2010-cu ildə 25-i regionlarda olmaqla 45 səhiyyə müəssisəsi tikilib istifadəyə verilmiş, 43-ü regionlarda olmaqla 70 məktəb binası inşa və əsaslı təmir olunmuş, 4 olimpiya idman kompleksi, 4 idman mərkəzi istifadəyə verilmiş, 9 idman kompleksinin tikintisi davam etdirilir.
Ötən illərdə olduğu kimi, 2010-cu ildə də Heydər Əliyev Fondu çoxşaxəli fəaliyyəti ilə Dövlət proqramının icrasına öz töhfəsini vermişdir. Məhz fondun təşəbbüsü ilə əhalinin daha çox ehiyac duyduğu bir çox obyektlər, o cümlədən 1100 şagird yerlik 3 məktəb, Ağdaş Şəhər Musiqi Məktəbi, Qəbələdə uşaq bağçası, məhdud fiziki imkanlı insanlar üçün Naxçıvan Regional İnformasiya Mərkəzi inşa olunmuş, bir sıra xeyriyyə tədbirləri həyata keçirilmişdir.
Ötən il baş vermiş daşqınlarla bağlı əhaliyə dəyən ziyan aradan qaldırılmış, evləri dağılan insanların mənzil problemlərinin həlli məqsədi ilə 1500-dən artıq yeni ev tikilmiş, 3000-dən artıq ev təmir edilmişdir. Cənab Prezidentin bu işlərin gedişini gündəlik olaraq diqqət mərkəzində saxlaması və yeni tikilmiş mənzillərin istifadəyə verilməsi mərasimlərində şəxsən iştirak etməsi dövlətimizin başçısının vətəndaşlara qayğısının bariz nümunəsidir.
Ümumiyyətlə, Dövlət proqramı çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində 2010-cu il ərzində 4300-ə yaxın yeni müəssisə yaradılmış, 52 min 700-ü daimi olmaqla 73 min iş yeri açılmışdır. Ötən il xüsusilə regionların sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər nəticəsində yoxsulluğun səviyyəsi 9 faizə enmişdir.
Təsadüfi deyil ki, 2000-2010-cu illər üzrə ölkəmiz insan inkişafı indeksinin orta illik artım tempinə görə MDB məkanında birinci yerə layiq görülmüş və "orta insan inkişafı" ölkələri qrupundan "yüksək insan inkişafı" qrupuna keçmişdir.
Göründüyü kimi, Dövlət proqramı ilə müəyyən edilmiş tədbirlər nəzərdə tutulmuş cədvəl üzrə uğurla icra olunmuş və Proqramın tam və keyfiyyətli yerinə yetirilməsi üçün bütün imkanlar mövcuddur.
Möhtərəm cənab Prezident! Sizin sistemli, düşünülmüş və qətiyyətli sosial-iqtisadi siyasətiniz, ölkəni davamlı inkişaf etdirmək bacarığınız, regionların inkişafına göstərdiyiniz diqqət ötən illərdə olduğu kimi, qarşıdakı illərdə də Dövlət proqramından irəli gələn vəzifələrin, verdiyiniz tapşırıqların vaxtında və yüksək səviyyədə yerinə yetirilməsini və regionların tarazlı inkişafını təmin edəcəkdir.
Diqqətinizə görə minnətdaram.
Astara Rayon İcra Hakimiyyətinin başçısı Mahir QULİYEV regionların sosial-iqtisadi inkişafı ilə bağlı hər iki dövlət proqramının ölkənin bütün regionları kimi, Astara rayonunun da inkişafına güclü təkan verdiyini bildirərək dedi:
-Ötən il rayonda 116 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da 7 il əvvəllə müqayisədə 4,3 dəfə çoxdur. Bu dövrdə sənaye məhsullarının həcmi 21 dəfə, kənd təsərrüfatı məhsullarının istehsalı 2,9 dəfə, orta aylıq əməkhaqqı isə 5,5 dəfədən çox artmışdır. Qeyri-neft sektorunun inkişafına göstərdiyiniz diqqət və qayğının nəticəsidir ki, Astaraya qoyulan investisiyaların həcmi 7 ildə 56 dəfə artaraq 34 milyon manatı keçmişdir. Ümumilikdə 4228-i daimi olmaqla 4528 yeni iş yeri açılmışdır.
Tapşırığınızla rayonumuzun ərazisində tikilib istifadəyə verilmiş və nəinki Astara, həmçinin bütün cənub bölgəsi üçün mühüm əhəmiyyət kəsb edən Modul tipli elektrik stansiyasının, Sizin şəxsən təməlqoyma və açılış mərasimlərində iştirak etdiyiniz Astara Qaz-Kompressor Stansiyasının işə salınması ilə Astara ölkənin iqtisadi infrastrukturuna daxil olmuşdur.
Mahir Quliyev rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar sahədə də son illər qazanılan uğurlar barədə dövlətimizin başçısına məlumat verərək bildirdi:
-Hazırda rayonda 600 hektara yaxın çay plantasiyası vardır ki, onun da 203 hektarından yaşıl çay yarpağı yığılır. Sizin tapşırığınıza əsasən çayçılığın inkişaf etdirilməsi məqsədi ilə keçən il 200 hektar sahədə yeni çay plantasiyası salınması üçün hazırlıq işləri başa çatdırılmış, burada 160 nəfər işlə təmin olunmuşdur.
Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonda sitrus və subtropik meyvə sahələri 2 min hektara çatdırılmışdır. 2500 ton meyvə saxlamaq gücü olan soyuducu kameranın, sitrus meyvələrinin saxlanması üçün 350 tonluq soyuducu anbarın və bu məhsulları emal edən 2 müəssisənin tikilməsi meyvəçiliyə marağı daha da artırmışdır. Yeni sitrus bağlarının salınması istiqamətində işlər davam etdirilir. Tərəvəz əkini sahələrinin genişləndirilməsi ilə yaxın vaxtlarda Astaranın faraş tərəvəzinin təkcə yerli bazarlara deyil, böyük həcmdə ənənəvi Rusiya bazarlarına da çıxarılmasına imkan yaranmışdır.
Möhtərəm cənab Prezident!
Ümummilli liderimiz deyirdi ki, yol abadlıq, mədəniyyət nişanəsidir. Beynəlxalq avtomobil yoluna paralel, Xəzər dənizi sahili boyu əvvəllər çəkilmiş 19 kilometr uzunluğu olan Astara-Şahağacı-Lənkəran magistral avtomobil yolu tam yararsız vəziyyətə düşmüşdü. Nəticədə Astara şəhəri də daxil olmaqla rayonun 7 ən iri yaşayış məntəqəsinin 70 mindən çox əhalisi bu yoldan istifadə edə bilmirdi. Onların müraciətlərini nəzərə alaraq bu yolun yenidən qurulması ilə əlaqədar Siz 2010-cu il aprelin 21-də sərəncam imzaladınız.
Qısa müddətdə müasir tələblər səviyyəsində yenidən qurulmuş həmin yol indi təkcə Astaranın nəqliyyat infrastrukturuna deyil, bütün sosial-iqtisadi həyatına müsbət təsirini göstərməkdədir. Bu gün bu yoldan rahatlıqla istifadə edən astaralıların hədsiz minnətdarlığını icazə verin, cənab Prezident, Sizə çatdırım.
Bununla belə, qarşımızda ilin bütün fəsillərində gediş-gəlişi asanlaşdırmaq üçün ucqar dağ kəndlərini rayon mərkəzi ilə birləşdirən yollarda yenidənqurma və təmir işləri aparmaq vəzifəsi durur.
Lənkəranda Beynəlxalq Hava Limanının açılması, Bakı-Astara-Şahağacı-Lənkəran magistral avtomobil yollarının yenidən qurulması coğrafi cəhətdən çox əlverişli ərazidə yerləşən, füsunkar təbiətə malik regionumuzda turizmin inkişafı üçün olduqca əlverişli zəmin yaratmış, ölkəmizin "cənub qapısı" adlandırılan Astaraya və bütövlükdə bölgəmizə marağı artırmışdır.
Turizmin inkişaf etdirilməsi ilə bağlı rayonda artıq 4 ulduzlu "Şindan", "Abşeron" turizm istirahət mərkəzləri tikilib istifadəyə verilmiş, Xəzər dənizinin sahilində müasir tipli "Relax" otelinin inşası isə davam etdirilir.
Sevindirici haldır ki, Astaraya qonaq gələn xarici ölkə vətəndaşları bölgəmizin təbii gözəlliyinə vurğunluqlarını bildirməklə yanaşı, qısa müddətdə rayonumuzda baş verən sosial-iqtisadi tərəqqinin nəticələrinə də heyran olduqlarını gizlətmir, onu Avropanın kiçik turizm şəhərləri ilə müqayisə edirlər. Bütün bunlar Sizin rəhbərliyiniz altında regionlarda həyata keçirilən yeni inkişaf strategiyasının nəticəsi, Azərbaycanın dünya birliyinə iqtisadi və mədəni inteqrasiyasının göstəricisidir.
Rayonun mövcud infrastrukturu turizmin tələblərinə uyğun yenidən qurulur. Astara gömrük və sərhəd keçid məntəqəsi beynəlxalq normalara uyğun modernləşmiş, sərhədyanı rüsumsuz Ticarət Mərkəzi tikilmiş, ticarət, iaşə və xidmət sahələrinin yaradılması istiqamətində müvafiq işlər aparılır. Şəhərdə yeni parklar salınmış, fəvvarələr quraşdırılmış, küçələrə asfalt döşənmiş, müasir işıqlandırma şəbəkəsi yaradılmışdır.
Sizin tapşırığınızla Astara şəhərində Dövlət Bayrağı Meydanı inşa edilmiş və orada qonşu ölkədən belə görünən, 65 metr hündürlüyündə Azərbaycan bayrağı əzəmətlə dalğalanır.
Gənc nəslin dövlətçilik ruhunda tərbiyə olunmasında müstəsna əhəmiyyəti olan Heydər Əliyev Mərkəzinin və müasir tələblərə cavab verən Olimpiya İdman Kompleksinin tikintisində işlər bu il başa çatdırılacaqdır.
Artıq 26 kəndə təbii qazın verilməsi bərpa edilmiş, Xəzər dənizi sahili boyunca 1,9 kilometr məsafədə, sərhəd kommunikasiyalarının və 3 kəndin Astara çayının sel sularından mühafizəsi məqsədi ilə 4 kilometr uzunluğunda sahilbərkitmə işləri aparılmışdır.
Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində son illər rayonda 22 yeni orta məktəb binası tikilib istifadəyə verilmiş, 11 məktəb əsaslı təmir edilmişdir. Müasir tipli 4 həkim evi-tibb məntəqəsi, əlil və şəhid ailələri üçün 32 və 16 mənzilli yaşayış binaları inşa olunmuşdur.
Möhtərəm cənab Prezident!
Hələ keçən əsrin 70-ci illərində ümummilli liderimizin gərgin zəhməti sayəsində subtropik meyvələrin, çayın və tərəvəzin böyük istehsalçısı olan Astara şan-şöhrət qazanmışdı. Ulu öndərin rayonumuza göstərdiyi qayğını davam etdirərək Siz də diqqətinizi Astaradan əsirgəməmiş, onu ölkənin ən abad diyarlarından birinə çevirmiş, astaralıların firavan yaşayışını təmin etmisiniz.
* * *
Balakən Rayon İcra Hakimiyyətinin başçısı Asif MƏMMƏDOV son illərdə rayonun tanınmaz dərəcədə dəyişdiyini və sosial iqtisadi inkişafın vüsət götürdüyünü bildirərək dedi:
-Dövlət Proqramında rayon üzrə nəzərdə tutulan tədbirlərin müvəffəqiyyətlə icrası Balakəni abad, gözəl, inkişaf etmiş şəhərə çevirdi. Hətta həmin proqramda nəzərdə tutulmayan işlər də oraya əlavə edildi və icrası təmin olundu.
Nəticədə paytaxtdan uzaqda, sərhəddə yerləşən Balakəndə yaşamaq və işləmək üçün gözəl şərait yarandı. Təsadüfi deyil ki, indi hər bir balakənli 2010-cu ilin iyulunda rayona səfəriniz zamanı dediyiniz "Balakən dünya səviyyəli inkişaf etmiş şəhərlərin sırasına daxil edilib" ifadəsini xüsusi qürur və fəxrlə xatırlayır.
Uğurlu islahatlar nəticəsində rayonun sosial infrastrukturu, sənaye potensialı güclənir, yeni inzibati binalar, məktəblər, mədəniyyət və səhiyyə obyektləri tikilir.
Fəaliyyətə başlayan konserv zavodu, yem zavodu əhalinin məşğulluğunun təmin olunmasına müsbət təsir göstərmişdir. Kərpic, beton məmulatı, qum-çınqıl, asfalt zavodlarının, fındıq emalı müəssisəsinin fəaliyyətə başlaması nəticəsində 2003-cü ilə nisbətən 2010-cu ildə sənaye məhsulu istehsalı 3,7 dəfə, ümumi məhsul istehsalı 3,1 dəfə, tikinti işlərinin həcmi 25 dəfə artmışdır.
Möhtərəm cənab Prezident!
Son 5 ildə rayonda kənd təsərrüfatı məhsulu istehsalından əhalinin pul gəlirləri 2,5 dəfə artmışdır. Ümumi daxili məhsulun strukturunda kənd təsərrüfatının xüsusi çəkisi 41,6 faiz təşkil etmişdir.
Ərzaq təhlükəsizliyinin təmin olunmasında əvəzsiz rol oynayan kənd təsərrüfatı məhsullarının istehsalının artmasına dövlət dəstəyi ilə istehsalçılara toxum, yanacaq, gübrə və texnikanın verilməsi bu işlərə böyük təsir göstərmişdir.
Möhtərəm cənab Prezident!
2011-ci il Sizin tərəfinizdən "Turizm ili" elan olunmuşdur. Hələ 2006-cı və 2008-ci illərdə Balakənə səfəriniz zamanı burada turizmin inkişafı üçün çox gözəl imkanlar olduğunu vurğulamışdınız.
Sizin bu sahədəki tapşırığınızın icrasına artıq başlanmışdır. Rayonda dördulduzlu müasir standartlara cavab verən hotel, 1200 metr uzunluğunda kanat yolu istifadəyə verilmişdir. Dörd yeni park salınmış, Heydər Əliyev prospektində 2 meydan tikilmiş, şəhərin işıqlanma sistemi yenidən qurulmuş, şəhərdaxili küçələrə və rayon əhəmiyyətli yollara asfalt örtüyü salınmışdır.
Rayon ərazisindən keçən dağ çayları üzərində 4 yeni körpü tikilmişdir. 36 hektar sahəsi olan Heydər Əliyev adına mədəniyyət və istirahət parkı təkcə balakənlilərin yox, eləcə də bölgənin və qonşu Gürcüstan sakinlərinin istirahət yerinə çevrilib. Şəhər küçələrində şüşə örtük altında bölgənin tarixini, etnoqrafiyasını əks etdirən maddi mədəniyyət nümunələri "Açıq səma altında muzey" kimi hər kəsin diqqətini özünə cəlb edir.
Bütün bu qeyd olunanlar, həmçinin Balakənin təbiəti, buradakı hər cür şərait turizmi prioritet sahə kimi inkişaf etdirməyə geniş imkanlar yaradır. Son illər ərzində 2 muzey, 2 bank binası, elektron kitabxana, mədəniyyət evi, kəndlərdə 15 rabitə binası, 4 elektron telefon stansiyası tikilib istifadəyə verilmişdir.
Böyük fərəh hissi ilə qeyd etmək istəyirəm ki, rayon mərkəzində inşa edilmiş 235 çarpayılıq xəstəxana kompleksi ən müasir dünya standartlarına cavab verir.
Cəmi bir neçə il əvvəl şəhərin görünüşünə xələl gətirən köhnə avtovağzal binası tamamilə yenidən tikilmişdir.
Əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 40-dan çox artezian quyusu qazılmış, 14,5 kilometr içməli su xətləri çəkilmişdir.
Hazırda Dövlət Proqramına uyğun olaraq Balakən şəhərinin içməli su və kanalizasiya xətlərinin yenidən tikilməsi layihəsi üzərində iş gedir.
Son bir ildə rayon mərkəzində və kəndlərdə 80 kilometr uzunluğunda orta təzyiqli qaz xətləri çəkilmişdir. Rayonumuzun qazlaşdırılması sürətlə davam etdirilir.
2010-cu ildə istifadəyə verilən Olimpiya İdman Kompleksi idmançılarımızın yeni uğurlara imza atmasına geniş imkan yaratmışdır. Qürur hissi ilə məlumat verirəm ki, qısa müddət ərzində gənclərimizdən iki nəfər Olimpiya, bir nəfər isə Avropa çempionu adını qazanmışdır.
Sizin diqqət və qayğınız nəticəsində təkcə ötən il rayonda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 44 mənzili olan 2 yaşayış binası, 10 fərdi ev tikilib istifadəyə verilmişdir.
Son illərdə məktəb tikintisi sahəsində xeyli iş görülmüşdür. 5780 şagird yeri olan 20 yeni məktəb binası tikilib istifadəyə verilmiş, ümumi şagird yerlərinin sayı 800 olan 3 məktəbin tikintisi isə davam edir. 720 şagird yerlik 4 məktəb binasının tikintisi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə reallaşmışdır. Bütün bunlara və respublikamızda səhiyyənin, təhsilin, mədəniyyətin inkişafında misilsiz xidmətlərinə görə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya balakənlilərin minnətdarlığını çatdırıram.
Möhtərəm Cənab Prezident!
2010-cu il Sizin təşəbbüsünüzlə "Ekologiya ili" elan edilmişdi. Hər bir bölgədə, hər bir kənddə olduğu kimi, balakənlilər də bu təşəbbüsə həvəslə qoşularaq Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına öz töhfələrini vermişlər. Belə ki, ötən il rayon ərazisində 154 min ağac əkilmişdir. Bu işlər qarşıdakı illərdə də davam etdiriləcəkdir.
Möhtərəm cənab Prezident!
Balakən rayonuna son səfəriniz zamanı dediyiniz "Mən ümid edirəm ki, bundan sonra da Balakəndə bütün işlər yüksək səviyyədə görüləcək, əhaliyə bütün sahələrdə yüksək xidmət göstəriləcəkdir" sözləriniz bizim üçün gələcəkdə də mühüm vəzifə olacaqdır.
* * *
Sumqayıt Texnologiyalar Parkı idarə heyətinin üzvü Zaur MƏMMƏDOV bu sənaye nəhənginin fəaliyyəti barədə ətraflı məlumat verərək dedi:
-2009-cu ilin sonlarında birinci mərhələsi Sizin tərəfinizdən istismara verilmiş Sumqayıt Texnologiyalar Parkı çoxşaxəli və müasir sənaye kompleksidir.
Hörmətli cənab Prezident!
Hazırda texnoparkda beş zavod fəaliyyət göstərir, altı zavodun inşası isə davam etdirilir. Sumqayıt Texnologiyalar Parkının istehsalat sahələrinə 1000-dən çox, tikinti-quraşdırma işlərinə isə 2300-ə yaxın işçi cəlb olunmuşdur.
Aşağıdakı istehsal sahələrini xüsusi olaraq qeyd etmək istərdim. Regionun ən müasir avadanlıqlarla təchiz edilmiş kabel zavodu ildə hər biri 30 min ton olmaqla müxtəlif alüminium və mis kabellər istehsal etmək gücünə malikdir. Burada ölkədə ilk dəfə olaraq gərginliyi 110 kilovolta qədər olan kabel istehsalı texnologiyası mənimsənilmişdir. Keyfiyyətli məhsula maraq göstərən müəssisələrin tələbatı bu zavod tərəfindən tam şəkildə təmin olunur.
Plastik borular zavodunda ildə 100 min tona qədər yüksək standartlara cavab verən müxtəlif çeşidli borular istehsal olunur və bu məhsul ölkədaxili layihələrdə geniş istifadə edilir.
Nadir texnologiyalar əsasında inşa edilən qaynar sinkləmə zavodu da ölkəmizdə bu təyinatlı ən iri müəssisədir. Zavodun məhsuldarlığı ildə 40 min ton təşkil edir və uzunluğu 15 metrə qədər polad məmulat, o cümlədən elektroenergetika sahəsində istifadə olunan metal konstruksiyalar qaynar qalvanikləşdirmə texnologiyaları əsasında sinklənir. Bunun nəticəsində onların istifadə müddəti 100 ilə qədər uzanır.
MDB ölkələrində analoqu olmayan, ən son texnologiyalar əsasında qurulan dəqiq emal mərkəzləri zavodunda energetika və maşınqayırma avadanlıqlarının ehtiyat hissələri istehsal olunacaqdır. Nəticədə göstərdiyimiz xidmətin səviyyəsi və keyfiyyəti xeyli dərəcədə artacaqdır.
Ağır maşınqayırma zavodunda isə artıq təməli qoyulmuş və tikilməkdə olan kiçik su elektrik stansiyaları üçün hissələr hazırda istehsal prosesindədir.
Yüksək gərginlikli elektrik avadanlığı zavodunda yüksək gərginlik yuvaları, ayırıcılar, yarımstansiyalar üçün avadanlıq istehsal edilir.
Kompleksin fəaliyyəti çərçivəsində ətraf mühitin mühafizəsinə və işçi heyətin təhlükəsizliyinə də böyük önəm verilir.
Bütün bunlarla yanaşı, alternativ enerjiyə də böyük yer ayrılmışdır. Belə ki, Sumqayıt Texnologiyalar Parkında günəş enerjisindən qidalanan yüksək səmərəliliyə malik su qızdırıcıları istehsal edilir.
Möhtərəm cənab Prezident!
Əldə etdiyimiz uğurlarla yanaşı, bəzi problemlərlə də üzləşirik. Belə ki, Sumqayıt Texnologiyalar Parkında "Liebherr", "Komatsu", "Hitachi", "Bomag", "Borg", "Mercedes" və s. kimi dünyanın qabaqcıl texnikasından, maşın və mexanizmlərindən istifadə edilir. Amma bu avadanlığın istismarı üçün yüksək dərəcəli maşinist-operatorlar, qaynaqçılar, çilingərlər və elektrik quraşdırıcıları çatışmazlığı hiss olunur. Bu qıtlığı aradan qaldıra biləcək texniki təlim-təhsil bazasının yaradılması zəruri insan resurslarının yetişdirilməsində məqsədyönlü addım olardı.
Möhtərəm cənab Prezident!
Sizi əmin edirəm ki, tezliklə Azərbaycanda bu sahədə istehsal olunan məhsullar ölkə tələbatını ödəməklə yanaşı, yaxın gələcəkdə xarici bazarlara da ixrac ediləcəkdir.
* * *
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq ZEYNALOV "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Tovuz rayonu üzrə nəzərdə tutulan tədbirlərin müvəffəqiyyətlə yerinə yetirildiyini vurğulayaraq bildirdi:
-Ata-babalarımız körpü salmağı, yol tikməyi, su çəkməyi ən savab iş hesab etmişlər. Yol inkişafdır, yol həyatdır, yol mədəniyyətdir. Sizin Sərəncamınızla Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolunun çəkilməsi 43 kənddə yaşayan 21 mindən artıq insana yeni həyat, rahatlıq bəxş etdi.
Ermənistanla sərhəddə yerləşən Qaralar kəndinə çəkilmiş bu yol həm də strateji əhəmiyyətə malikdir. İndi bədxah qonşularımız bu yolun çəkildiyini nəinki bilir, həm də görürlər. Onlar həm də yaxşı bilirlər ki, cənab Prezident, işğal altında olan torpaqlarımız Sizin qətiyyətli siyasətiniz nəticəsində tezliklə azad olunacaq və belə yolları orada da çəkəcəyik.
Dövlət Proqramının ilk iki ilində rayonun kəndarası yollarında əsaslı və cari təmir işləri aparılmış, tutumu 20 milyon kubmetr olan Tovuzçay su anbarının tikintisi davam etdirilmiş, 10 kəndə təbii qazın verilməsi bərpa olunmuş, uzunluğu 30 kilometrdən çox olan, ümumilikdə 52 min nəfərin yaşadığı 9 yaşayış məntəqəsini əhatə edən Zəyəmçay-Tovuz su kəmərinin tikintisi başa çatdırılmışdır.
Ümumi məhsul buraxılışının həcmi 2003-cü ilə nisbətən 3 dəfə, o cümlədən kənd təsərrüfatı istehsalı 2,3 dəfə, sənaye məhsulunun həcmi 2,7 dəfə, əsas kapitala yönəldilən investisiyalar 9,5 dəfə, tikinti-quraşdırma işlərinin həcmi 10 dəfə artmışdır.
Təhsil, səhiyyə, idman və mədəniyyət müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, əhaliyə göstərilən sosial xidmətlərin səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmişdir. Azərbaycan mədəniyyətinin hamisi, xüsusilə muğam və aşıq sənətinin qorunub saxlanması və inkişaf etdirilməsində böyük rolu olan Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın dəstəyi ilə respublikamızda yeganə olan Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin yenidən qurulmasına başlanılacaqdır. Təməlini qoyduğunuz və açılışında iştirak etdiyiniz Olimpiya İdman Kompleksi, kəndlərimizdə yaradılmış 32 idman meydançası gənclərin asudə vaxtlarının səmərəli təşkilinə və rayonda idmanın kütləviliyinə xüsusi töhfədir.
Respublikamızda olduğu kimi, Tovuzda da sahibkarlar və investorlar üçün əlverişli iş mühiti yaradılmışdır. Ötən 7 il ərzində rayonda 5 908 sahibkarlıq subyekti fəaliyyətə başlamış, 16 mindən çox yeni iş yeri açılmışdır ki, onlardan da 8 mini daimidir. Təkcə ötən il banklar və kredit təşkilatları tərəfindən sahibkarlığın inkişafı üçün 14 milyon manatdan artıq kredit verilmişdir. Nəticədə istehsal olunmuş məhsulun həcmində qeyri-dövlət sektorunun payı ilbəil artmış və 2010-cu ildə 95,3 faiz təşkil etmişdir.
Kənd təsərrüfatının inkişafı üçün çox böyük imkanlar yaranmışdır. Maldarlıq, üzümçülük, taxılçılıq sahələrinin inkişafına xüsusi diqqət verilir. Heyvandarlığın yem bazasının möhkəmləndirilməsi məqsədi ilə yonca sahələri ildən-ilə artırılır. Qarışıq yem istehsal edən zavodun tikintisi başa çatmışdır. Sutkada 20 ton emal gücü olan süd emalı zavodu xammalla davamlı şəkildə təmin olunur.
Üzüm sahələri 60 hektardan 700 hektara çatdırılmışdır. Həm üzüm istehsalı, həm də üzüm emalı sənayesinin davamlı inkişafının təmin edilməsi, o cümlədən şərab zavodlarının tikilməsi istiqamətində investorlarla məqsədyönlü işlərimizi davam etdiririk.
Qədim tarixi abidələri, əsrarəngiz təbiəti, qonaqpərvər insanları olan Tovuzda turizmin müxtəlif növlərinin inkişafı üçün geniş imkanlar vardır. Mövcud təbii resurslarla yanaşı, yeni turizm məkanları da tikilmiş və tikilməkdədir. Beşulduzlu otelin tikintisində son tamamlama işləri aparılır.
Möhtərəm cənab Prezident!
"Ekologiya ili"ndə ətraf mühitin qorunması sahəsində başlanılmış məqsədyönlü tədbirlər davam etdirilir. Rayonun 22 aran kəndində təsərrüfat hesablı "Təmizlik" idarələrinin yaradılması ilə ərazidəki məişət tullantılarının toplanması məsələsi həll edilmiş, 200 nəfər vətəndaş daimi iş yeri ilə təmin olunmuşdur.
Respublikamızın hər yerində olduğu kimi, Tovuzda da yüksək işgüzarlıq əhval-ruhiyyəsi vardır. Bütün qüvvə və imkanlarımızı Sizin tövsiyə və tapşırıqlarınıza uyğun olaraq əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə, onları narahat edən problem və çətinliklərin aradan qaldırılmasına, vətəndaşların müraciətlərinin operativ və ədalətli həllinə yönəltmişik. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraiti yaxşılaşdırılmış, genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılmışdır. 80 çarpayılıq rayon mərkəzi xəstəxanasının yeni binasının tikintisində tamamlanma işləri gedir. Son günlər verdiyiniz əlavə tapşırıqlara əsasən rayonda inşasına başlanılmış Diaqnostika Mərkəzinin tikintisinin sürətləndirilməsi də əhalimizə göstərilən qayğının böyük təzahürüdür.
Qarşımızda duran əsas məsələlərdən biri də Tovuz şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və kəndlərin təbii qazla təmin olunmasıdır.
Möhtərəm cənab Prezident!
Görüləsi işlərimiz çoxdur. Sizi əmin edirik ki, tovuzlular Dövlət proqramının növbəti illəri üçün nəzərdə tutulmuş işləri, rayonumuzun inkişafı üçün qarşıda duran vəzifə və tapşırıqları da böyük ruh yüksəkliyi ilə yerinə yetirəcəklər.
* * *
"Elba" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Elçin RÜSTƏMOV ölkəmizdə həyata keçirilən iqtisadi islahatların sahibkarlığın inkişafına təkan verdiyini və dövlətin sahibkarlığın inkişafına dəstəyini əsirgəmədiyini vurğulayaraq dedi:
-1999-cu ildən Gəncə şəhərində fəaliyyətə başlamış "Elba" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri və 2002-ci ildə Gülüstan Sarayında ulu öndərimiz Heydər Əliyevin sahibkarlarla keçirdiyi görüşdə iştirak etmiş bir iş adamı kimi demək istəyirəm ki, ölkəmizdə mövcud olan əlverişli biznes mühitini yaradan məhz ümummilli lider Heydər Əliyev olmuşdur.
Cənab Prezident!
Bu siyasəti neçə illərdir Siz uğurla davam etdirirsiniz. Bu uğurlara görə Sizə sahibkarlar adından dərin minnətdarlığımı bildirirəm. Azərbaycan dövlətinin sahibkarlara köməyi sayəsində qazandığımız nailiyyətlər və keçdiyimiz uğurlu yollar, gələcək planlar haqqında məlumat vermək istəyirəm.
Hörmətli Prezident!
Biz sahibkarlar dövlət tərəfindən olan diqqət və qayğını həmişə hiss edirik. Sizinlə keçirilən hər bir görüş bizim gələcək fəaliyyətimizə istiqamət və təkan verir.
Gəncənin, eləcə də respublikamızın ən nüfuzlu müəssisələrindən birinə çevrilmiş "Elba" MMC 12 illik fəaliyyətində müxtəlif növ ət və ət məhsulları, delikates məmulatlarının istehsalı ilə məşğul olur. Müəssisəmiz bölgədə əhalinin məşğulluğunun artırılmasına öz töhfəsini vermiş və 70 nəfəri daimi, 100 nəfərdən çox sakini isə mövsümi işlə təmin etmişdir. Yeni layihələrin həyata keçirilməsi ilə əlaqədar yaxın gələcəkdə işçilərin sayı daha da artacaqdır. "Elba" MMC 2007-ci ildə İSO (Keyfiyyət Menecment Sistemi) və 2009-cu ildə HACCP (Qida təhlükəsizliyinin İdarəetmə Sistemi) beynəlxalq sertifikatlarını almışdır.
Hörmətli Prezident!
Sizin sahibkarlarla keçirdiyiniz görüşlərdə iş adamlarının dayağı, dostu olmaqla, onları dəstəkləməyiniz qeyri-neft sektorunun inkişafını sürətləndirdi. Yaradılan münbit şərait nəticəsində "Elba" MMC xaricdən alınan ət məhsullarını yerli xammalla əvəz etmək məqsədi ilə fermer təsərrüfatını işə saldı və güzəştli şərtlə ətlik istiqamətli cins mal-qara əldə etdi.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.