Babək rayonunun Güznüt kəndi yeni görkəmdə

“Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada quruculuq işləri geniş vüsət alıb. Aparılan tikinti işləri təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə infrastrukturun tamamilə yeniləşməsinə səbəb olub. Bu yeniləşmə son illər Babək rayonunda da uğurla həyata keçirilir.

Noyabrın 3-də Babək rayonun Güznüt kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.

 

Kənd məktəbinin binası yenidənqurmadan sonra

Muxtar respublikada təhsilin keyfiyyəti və əhatəliliyi əhəmiyyətli dərəcədə artmış, müasir təhsil şəbəkəsi yaradılmışdır. Babək rayonunun Güznüt kənd tam orta məktəbinin binasında da əsaslı yenidənqurma işləri aparılmışdır.

Noyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov məktəb binasında yaradılan şəraitlə tanış olmuşdur. Bildirilmişdir ki, 324 şagird yerlik məktəbdə 3-ü elektron lövhəli olmaqla 18 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, kompüter otağı, kitabxana, idman zalı, hərbi kabinə, şahmat sinfi və bufet vardır.

Sinif otaqlarına baxış zamanı qeyd olunmuşdur ki, məktəb-valideyn münasibətlərinin düzgün qurulması nəticəsində şagirdlər tədris prosesində çətinlik çəkmir, keçirilən dərsləri daha yaxşı mənimsəyirlər. Məktəbin kompüter otağında internetə çıxışı olan 19 kompüter qoşulmuşdur. Bildirilmişdir ki, informasiya texnologiyalarının inkişafı hər bir ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən hesab olunur. Digər bir tərəfdən informasiya texnologiyalarının təhsildə tətbiqi müasir biliklərə və bacarıqlara malik olan yeni nəslin formalaşmasına birbaşa təsir göstərir. Ona görə də muxtar respublikanın təhsil sistemində informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi diqqət mərkəzində saxlanılır.

Məktəbin elektron dərsliklərlə təminatı və elektron lövhəli siniflərin istifadəyə verilməsi dərslərin virtual tədrisinə şərait yaradacaqdır. Distant tədris mərkəzinə qoşulan məktəbdə muxtar respublikanın digər təhsil ocaqları ilə tədris mübadiləsinin aparılması, eləcə də muzeylərlə əlaqələrin qurulması təmin edilmişdir. Baxış zamanı ümumtəhsil məktəbləri ilə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi arasında “Naxçıvan xanlığı” mövzusunda dərs nümayiş olunmuşdur.

Ali Məclisin sədri pedaqoji kadrların informasiya texnologiyaları üzrə hazırlığının artırılması, bütün fənlər üzrə elektron dərsliklərin hazırlanması, interaktiv tədris imkanlarından geniş istifadə olunması, xüsusilə distant təhsilin inkişaf etdirilməsi ilə bağlı tapşırıqlar vermişdir.

Məktəbin kitabxana fondunda 5 mindən artıq kitab var. Şagirdlərə oxuma vərdişlərinin aşılanması onların asudə vaxtının səmərəli təşkili baxımından mühüm əhəmiyyət daşıyır.

Şahmat sinfində lazımi avadanlıqlar qoyulmuşdur. Məktəbdə “Şahmat” fənninin tədrisi şagirdlərin əqli inkişafına, məntiqi düşünmə qabiliyyətlərinə əhəmiyyətli təsir göstərir. Bütün bunların nəticəsidir ki, şagirdlərin digər fənlərdən təlim göstəriciləri də nəzərəçarpacaq dərəcədə artmışdır.

Fizika kabinəsinə və kimya-biologiya laboratoriyasına baxış zamanı dəqiq elmlərin tədrisində fənlərarası əlaqənin əhəmiyyəti vurğulanmışdır.

Hərbi kabinədə və idman zalında da tədris üçün hər cür şərait yaradılmışdır.

Məktəbin müəllimləri ilə görüşən Ali Məclisin sədri aparılan yenidənqurma işlərindən sonra Güznüt kənd tam orta məktəbində yaradılan şərait nəticəsində tədrisin düzgün təşkil olunacağını bildirərək demişdir: Məktəblərdə gələcəyimiz hazırlanır. Bu gələcək yalnız təhsilli deyil, həm də vətənpərvər gənclərdən ibarət olmalıdır. Hər bir şagird, ilk növbədə, əsl vətəndaş kimi yetişdirilməli, gələcəkdə ölkəmizin inkişafında yaxından iştirak etməlidir. Son illər məktəbdə nizam-intizamın və müəllim tələbkarlığının olması nailiyyətlərin qazanılmasına imkan vermişdir. Məktəbin məzunları ali və orta ixtisas məktəblərində, Heydər Əliyev adına Hərbi Liseydə təhsil alırlar. Ali Məclisin sədri qazanılan nailiyyətlərə görə məktəbin kollektivinə təşəkkür etmiş, onlara təhsildə uğurlar arzulamışdır.

Müəllimlər yaradılan şəraitə görə minnətdarlıq etmiş, qarşıya qoylan vəzifələrin icrası üçün səylə çalışacaqlarını bildirmişlər.

 

Müasir idarəetmə sistemi

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Güznüt Kənd Mərkəzinin açılışında da iştirak etmişdir.

Tədbirdə çıxış edən Babək Rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseynəliyev demişdir ki, ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olan quruculuq və inkişaf siyasəti muxtar respublikamızda uğurla davam etdirilir. Babək rayonunda görülən işlərin timsalında da bunu görmək mümkündür. Aparılan quruculuq tədbirləri nəticəsində rayon mərkəzi ilə yanaşı, kəndlər də müasirləşir, inkişaf edir. Artıq Güznüt kəndi də muxtar respublikanın abad yaşayış məntəqəsinə çevrilmişdir. Kənd tamamilə qazlaşdırılmış, daimi elektrik enerjisi ilə təmin olunmuş, müasir rabitə sistemi və geniş zolaqlı internet şəbəkəsi qurulmuşdur. Kənddə geniş abadlıq işləri görülümüş, yeni kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası tikilmiş, məktəb binası əsaslı şəkildə yenidən qurulmuşdur.

Ali Məclisin sədri Vasif Talıbov kənddə aparılan quruculuq işləri münasibətilə sakinləri təbrik edərək demişdir: Bu gün Babək rayonunun Güznüt kəndi muxtar respublikanın müasir kəndlərinin sırasına daxil olur. Bu, Azərbaycanın iqtisadi inkişafının göstəricisi olmaqla bərabər, həm də ölkəmizdə ulu öndər Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir. Sabitlik hər bir ölkənin inkişafında başlıca şərtdir. Çünki sabitlik və inkişaf olan yerdə quruculuq tədbirləri də aparılır. Bu gün ölkəmizdəki sabitlik və inkişafın fonunda genişmiqyaslı quruculuq tədbirləri həyata keçirilir. Azərbaycanda müxtəlif sahələrin inkişafını nəzərdə tutan dövlət proqramları qəbul edilir, aparılan quruculuq işlərindən əhalinin bütün təbəqəsinə pay düşür. Bu işlərin həyata keçirilməsi isə ümumilikdə ölkəmizin abadlaşmasına xidmət edir.

Hər bir kənd abadlaşdıqca rayonlar, rayonlar abadlaşdıqca isə ölkəmiz abadlaşır, inkişaf edir. Bu gün Güznüt kəndinin abadlaşması yalnız Babək rayonunun bir hissəsinin deyil, ümumilikdə ölkəmizin inkişafının göstəricisidir. Bütün bu tədbirlər insanların rahat yaşamasına, problemlərinin vaxtında həll olunmasına, gündəlik ehtiyaclarının ödənilməsinə hesablanmışdır. Güznüt kəndində istifadəyə verilən məktəb binası, kənd mərkəzi, həkim ambulatoriyası, xidmət mərkəzi, yenidən qurulan kənd yolu, su və rabitə sistemləri sakinlərin rahatlığına xidmət edəcəkdir.

Kəndin müasir görkəminin qorunub saxlanılmasının və abadlaşdırılmasının vacibliyinə diqqəti çəkən Ali Məclisin sədri demişdir: Rayonda fəaliyyət göstərən aid dövlət qurumları və kənd əhalisi bu məsələni daim diqqət mərkəzində saxlamalıdır. Dövlət qurumları evlər tikilərkən arxitektura qaydalarına və keyfiyyətə riayət edilməsini, sakinlər tikilənlərin, qurulanların qorunub saxlanılmasını diqqət mərkəzində saxlamalı, kəndin abadlaşmasında bundan sonra da yaxından iştirak etməlidirlər.

Ali Məclisin sədri Güznüt kəndində quruculuq işlərinin bundan sonra da davam etdiriləcəyinə və sakinlərin rahat yaşayışının təmin olunacağına əminliyini bildirmiş, açılışı bildirən lenti kəsmişdir.

Məlumat verilmişdir ki, iki mərtəbədən ibarət olan kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı və bələdiyyə üçün iş otaqları, kitabxana, polis sahə və baytarlıq məntəqələri, rabitə və mədəniyyət evləri, 75 yerlik iclas zalı vardır.

Mərkəzin kitabxanası zəngin fonda malikdir. Burada 2 minə yaxın bədii ədəbiyyat toplanmışdır. Rabitə evində isə 512 nömrəlik müasir avtomat telefon stansiyası quraşdırılmış, poçt xidmətinin fəaliyyəti təmin olunmuşdur.

Mərkəzdə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası Güznüt kənd ərazi ilk təşkilatı və bələdiyyə üçün iş otaqları ayrılmışdır. Ərazi ilk təşkilatının 70 üzvü vardır. Onların 26-sı gənclər, 11-i isə qadınlardır.

Ali Məclisin sədri kənddə əhalinin məşğuliyyəti və məskunlaşması ilə maraqlanmış, müvafiq tapşırıqlar vermişdir.

Kənddə baytarlıq xidməti də nümunəvi təşkil olunmuşdur. Baytarlıq məntəqəsində soyuducu, lazımi dərman preparatları və avadanlıqlar qoyulmuşdur. Baxış zamanı kənddə mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasının əhəmiyyəti vurğulanmışdır.

Kənd mərkəzinin binası, eyni zamanda, kəndin simasına yeni görkəm verir. Binanın yerləşdiyi ərazidə yaşıllaşdırma işləri görülmüş, müasir işıqlandırma sistemi quraşdırılmışdır.

 

Ambulatoriya yeni binada

İnsanların sağlamlığının qorunması muxtar respublikada həyata keçirilən səhiyyə islahatlarının əsasını təşkil edir. Son illər kənd yaşayış məntəqələrində tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi sahəsində görülən tədbirlər bu baxımdan mühüm əhəmiyyət daşıyır.

Noyabrın 3-də Güznüt kəndində həkim ambulatoriyasının açılışı olmuşdur. Açılışı bildirən lent kəsildikdən sonra Ali Məclisin sədrinə səhiyyə ocağında yaradılan şəraitlə bağlı məlumat verilmişdir.

Bildirilmişdir ki, ikimərtəbəli ambulatoriya 11 otaqdan ibarətdir. Burada stomatoloji kabinə, palata, aptek, doğuş, peyvənd, baş həkim, mama, tibb bacısı, qeydiyyat, ginekoloq və manipulyasiya otaqları vardır.

Kabinə və otaqların hər biri müasir səhiyyə avadanlıqları və lazımi dərman vasitələri ilə təmin olunmuşdur. Bu da ambulatoriyada müayinə və müalicə işinin günün tələblərinə uyğun qurulmasına şərait yaradır. Hazırda səhiyyə müəssisəsində 8 tibb işçisi çalışır.

Ali Məclisin sədri kənddə tibbi-profilaktika xidmətinin düzgün təşkil olunması, dispanserizasiyanın aparılması və əhali arasında səhiyyə maarifinin gücləndirilməsi ilə əlaqədar tapşırıqlar vermişdir.

 

Xidmət mərkəzi tikilmişdir

Həmin gün Güznütdə yeni xidmət mərkəzinin də açılışı olmuşdur.

Ali Məclisin sədri Vasif Talıbov mərkəzin açılışını etmişdir.

Bildirilmişdir ki, burada sakinlərin zəruri məişət ehtiyaclarının və gündəlik tələbatlarının ödənilməsi üçün ərzaq və sənaye malları mağazaları, bərbərxana, qadın gözəllik salonu və ət satışı yeri fəaliyyət göstərir. Mərkəzdə 5 nəfər işlə təmin olunmuşdur.

Xidmət mərkəzi ilə tanışlıqdan sonra Ali Məclisin sədri kənd sakinləri ilə görüşmüşdür.

Kənd ağsaqqalı Heydər Mirzəliyev sakinlər adından minnətdarlıq edərək demişdir ki, bu gün Güznüt kəndi qəsəbə görkəmi almışdır. Kənddə insanların rahat yaşayışı üçün hər cür şərait vardır. Artıq ölkəmizin sürətli inkişafı hər bir sakinin həyatında hiss olunur. Qurub-yaratmaq əzmi ilə çalışan insanlar daim dövlətin diqqətini üzərlərində hiss edirlər. Bütün bunlar ümummilli liderimiz tərəfindən əsası qoyulan siyasi xəttin həm ölkəmizdə, həm də muxtar respublikamızda uğurla davam etdirilməsinin nəticəsidir.

Ali Məclisin sədri demişdir ki, bu gün Güznüt kəndində uşaqların yaxşı təhsil alması, sakinlərə lazımi tibbi xidmətin göstərilməsi, onların sosial problemlərinin həlli üçün kompleks tədbirlər həyata keçirilir. Bundan başqa kənddə əhalinin keyfiyyətli rabitə xidməti ilə təmin olunması, dayanıqlı elektrik enerjisi və təbii qazın verilməsi, içməli və suvarma su təminatı istiqamətində müvafiq tədbirlər görülmüşdür. Dövlətimiz tərəfindən fərdi təsərrüfatların inkişafı daim dəstəklənir, güzəştli şərtlərlə kreditlər verilir. Bütün bunlar isə yaşayış məntəqələrinin inkişafı ilə yanaşı, kəndlə şəhər arasındakı fərqin aradan qaldırılmasına, eləcə də kəndin gələcək inkişafına xidmət edir. Ona görə də sakinlər yaradılan bu şəraitdən səmərəli istifadə etməli, ölkəmizin inkişafına öz töhfələrini verməlidirlər.

Kənddə aparılan abadlıq işləri ilə tanışlıq zamanı Ali Məclisin sədrinə məlumat verilmişdir ki, 800 metrlik kənddaxili avtomobil yoluna asfalt örtük salınmış, 2 su keçidi tikilmiş, 400 metr uzunluğunda beton kanal çəkilmişdir. Həmçinin rabitə dirəkləri yenilənmiş, 600 metr fiber-optik, 600 metr yeraltı və 2 min 400 metr məsafədə yerüstü kabellər çəkilmişdir. Elektrik dirəkləri və 4 kilometrdən artıq elektrik xətti də dəyişdirilmiş, yeni tikililərə 350 metr məsafədə qaz xətti çəkilmişdir. Kəndin su təchizatı da yaxşılaşdırılmış, 300 metrlik içməli su xətti çəkilmiş, yeni drenaj sistemi qurulmuşdur.

 

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında