SOCAR-ın 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim” neft-kimya kompleksinin ərazisində inşa etdiyi “Star” neft emalı zavodunda (NEZ) sınaq məqsədilə xam neft emalına başlanılıb.
AZƏRTAC xəbər verir ki, zavoda 80 min tonluq ilk xam neft yükü Azərbaycandan çatdırılıb. Fəaliyyətə başlamaq ərəfəsində olan zavodda açılış tarixi – oktyabr ayına qədər sınaq məqsədilə emal həyata keçiriləcək.
Zavoda ilk xam neftin gəlişi münasibətilə təşkil olunan tədbirdə çıxış edən “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) baş direktoru Zaur Qəhrəmanov bildirib ki, zavoda ilk xam neftin SOCAR-ın vətəni olan Azərbaycandan gətirilməsi böyük məna ifadə edir: “Star” NEZ Türkiyədə özəl sektor tərəfindən həyata keçirilən ən böyük investisiyadır və avqustdan etibarən sınaq məqsədilə ilk emalını həyata keçirməyə başlayıb. “Star” NEZ-in fəaliyyətə başlamasından əvvəl ən vacib mərhələlərindən biri sayılan sınaq fəaliyyəti məqsədilə 80 min tonluq ilk xam neft 244 metr uzunluğundakı “Abşeron” tankeri ilə gətirilib. Bu ilk xam neft SOCAR-ın vətəni Azərbaycandan gələn “Azeri Light” olub”.
SOCAR-ın strateji böyümə trendləri arasında xarici bazarlardakı investisiyaların genişləndirilməsinin önəmli bir yer tutduğunu qeyd edən Z.Qəhrəmanov deyib: “Dünya enerji bazarında əmin addımlarla irəliləyən SOCAR bir çox ölkədə fəaliyyətlərini davam etdirir. Bu ölkələr arasında Türkiyə bizim üçün çox önəmli bir yerə sahibdir. SOCAR olaraq Azərbaycan və Türkiyə iqtisadiyyatlarının inkişafına dəstək verməyə davam edəcəyik. Bu çərçivədə Türkiyə dövləti ilə həyata keçirdiyimiz əməkdaşlıq bizim üçün böyük önəm və məna ifadə etməkdədir. Fürsətdən istifadə edərək Türkiyə və Azərbaycan hökumətlərinə öz təşəkkürümü bildirirəm”.
“Star” neft emalı zavodunun baş direktoru Mesut İlter isə deyib ki, bu ilin dördüncü rübündə fəaliyyətə başlayacaq zavodun sınaq fəaliyyəti uğurla davam edir: “Star” NEZ-in ilk neftinin “Azeri Light” olması bizim üçün böyük məna ifadə edir. “SOCAR Turkey” olaraq Türkiyənin ən böyük sənaye qrupu olma yolunda hər keçən il sürətlə irəliləyərik. Strateji investisiyalarımız ilə ölkə iqtisadiyyatına və sənayesinə güc qatmağa davam edəcəyik. Yerli istehsalı artıran, idxaldan asılılığı və cari kəsiri azaldan, eləcə də yeni iş yerləri yaradan sərmayələrimizi qarşıdakı illərdə də genişləndirəcəyik”.
M.İlter bildirib ki, Avropa, Orta Şərq və Afrikanı əhatə edən, bölgədəki ən böyük neft əməliyyatlarından biri olan “Star” NEZ-də fəaliyyətə başlamadan əvvəl ən vacib məqamlardan biri sayılan sınaq fəaliyyəti üçün ilk neftin Azərbaycandan gəlməsi iki qardaş ölkə arasındakı bu tarixi əməkdaşlığın bir nümunəsidir.
“Müəssisələrdə istismara hazırlıq və sınaq işlərindən sonra sınaq məqsədilə ilk emal mərhələsinə çatmışıq. Hədəfimiz “Star” NEZ-i planlaşdırdığımız kimi bu ilin üçüncü rübündə tamamlayaraq fəaliyyətə başlamasını təmin etmək, eyni zamanda, Azərbaycan və Türkiyə iqtisadiyyatlarına dəyər qatmaqdır”, - deyə o əlavə edib.
“Star” NEZ-in iqtisadiyyatın mühüm elementlərindən biri olacağını ifadə edən M.İlter deyib: “Türkiyənin ilk Strateji Sərmayə Təşviqi Sənədinə sahib olan “Star” NEZ Türkiyədə cari kəsirin azalmasına hər il 1,5 milyard dollarlıq töhfə verəcək. 2017-ci ilin avqust ayından bu günədək böyük bir əzim və qərarlılıqla fəaliyyət göstəririk. Artıq istehsaldan əvvəl son mərhələdəyik. Türkiyə və Azərbaycan iqtisadiyyatlarına böyük dəyər qatacaq istehsal əməliyyatına ilk xam neftin qəbulu ilə başlamış olacağıq. Bu, bizim üçün böyük bir qürurdur. 4,8 milyon ton dizel yanacağı və 1,6 milyon ton nafta ilə yanaşı, ölkəmizdəki cari kəsirin önəmli hissələrindən olan təyyarə yanacağı və mayeləşdirilmiş neft qazı (LPG) kimi neft məhsullarının istehsalını da reallaşdıracaq “Star” NEZ ilə Türkiyənin qlobal enerji bazarında rəqabət gücü də artacaq”.
Qeyd edək ki, STEAŞ-ın hədəfləri arasında böyük əhəmiyyətə malik neft-emalı və neft-kimya inteqrasiyasını təmin edəcək, qrupa daxil olan şirkətlərdən biri olan və Türkiyənin ilk neft-kimya müəssisəsi “Petkim”in xam maddə tələbatının demək olar ki hamısını təmin edəcək “Star” NEZ yeni iş yerlərinin yaradılmasına da töhfə verəcək. Layihənin həyata keçirilmə müddətində burada 19 min 500 işçi çalışıb. Zavod istehsala başladığı zaman burada 1100 nəfərlik yeni iş yeri yaradılacaq.
İllik 10 milyon ton xam neft emal gücü olacaq “Star” neft emalı zavodunda hər il 10 milyon ton xam neft emal ediləcək. Zavodda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilen, və 160 min ton kükürd istehsal olunacaq.
Xatırladaq ki, “Star” zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.