Populyar amerikan radio-şousunun efirində Avropanın enerji təhlükəsizliyinin təminində Azərbaycanın rolundan bəhs edilib

SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov populyar amerikan radio-şousu “John Batchelor Show”da Azərbaycanın neft-qaz sektorunda qazandığı nailiyyətlərdən bəhs edib. 
 
Bakıda səfərdə olan radioaparıcı Con Batçelor ölkəmizin ABŞ, digər Qərb tərəfdaşları, habelə region üçün əhəmiyyətindən danışaraq qeyd edib ki, Qərblə Şərq arasındakı əlverişli məkanda yerləşən Azərbaycan Avrasiyanı transformasiya etmək imkanına malikdir. 
Azərbaycanın energetika siyasətindən bəhs edən Elşad Nəsirov deyib ki, hazırda ölkəmiz təbii qaz ixracatçısına çevrilir. Xəzər dənizinin sahilindən Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyaya uzanan boru xətti ilə Avropaya qaz tədarük ediləcək. SOCAR rəsmisi daha sonra “John Batchelor Show”nun dinləyicilərinə Azərbaycanın ixrac boru kəmərləri şəbəkəsinin tarixi haqqında məlumat verib. O bildirib ki, Bakıdan Batumiyə uzanan ilk boru kəməri 1907-ci ildə çəkilib. 
E.Nəsirov diqqətə çatdırıb ki, Cənub Qaz Dəhlizi bütün dünyada ən iri və bahalı layihələrdən biridir. Yeddi ölkə, on iki sərmayəçi və alıcıları birləşdirən Cənub Qaz Dəhlizinin təsir dairəsi çox böyük olacaq. Məsələn, Azərbaycan Albaniyanın energetika tarixində ilk dəfə olaraq bu ölkəyə qaz tədarük edəcək. Cənub Qaz Dəhlizi boyu yerləşən bütün ölkələr ondan gəlir əldə edəcəklər.        
SOCAR-ın vitse-prezidenti Azərbaycanın qazandığı nailiyyətlərdən də ətraflı bəhs edib. Vurğulayıb ki, ölkəmizdə qadınlara seçki hüququ bir çox Avropa ölkələrindən tez verilib. O diqqətə çatdırıb ki, 30 ilə yaxındır torpaqlarımızın işğalını davam etdirən Ermənistan istisna olmaqla, Azərbaycan bütün qonşu ölkələrlə mehriban dostluq münasibətləri saxlayır.   
Söhbət əsnasında Con Batçelor dinləyicilərinə bildirib ki, Avropanın enerji təhlükəsizliyi öz başlanğıcını Azərbaycandan götürür. Aparıcı onu da qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp bu yaxınlarda İtaliyanın Baş naziri Cüzeppe Konte ilə görüşü zamanı Trans-Adriatik qaz boru kəmərinin Avropa üçün əhəmiyyətini də müzakirə edib. Bu, Azərbaycandan Avropaya çəkilən boru kəmərinin ABŞ-ın Avropadakı müttəfiqlərinin enerji təhlükəsizliyi üçün mühüm olmasını göstərir. 
Avropanın enerji təhlükəsizliyi siyasətindən danışan E.Nəsirov qeyd edib ki, enerji ehtiyatları idxalında bir neçə alternativin olması hər bir dövlət üçün zəruridir və bu da, öz növbəsində, müxtəlif siyasi təsirlərə qarşı təhlükəsizliyi təmin edir. Prezident Trampın Avropaya alternativ mənbələrdən enerji ehtiyatları tədarükünü dəstəkləməsi “köhnə qitə” üçün çox vacibdir.          
Yusif BABANLI
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında