Salyan: Günəşin hərarəti və torpağa bağlı insanların fədakarlığı

İki-üç gün əvvəlin söhbətidir. Bakı-Astara yolu ilə Salyan rayonuna tərəf gedirdim. Rayon mərkəzinə çathaçatda, Kürün üzərindəki böyük körpüdən keçən zaman qeyri-ixtiyari olaraq, çayın sularına nəzər yetirdim. Yayın qızmar çağında belə çayda suyun bol olduğunu görüb sevindim. 
 
Qəlbimdə bir rahatlıq yarandı. Ana Kür səmadakı iri yanar kürənin – Günəşin oduna, hərarətinə  məhəl qoymadan bu torpağın, bu insanların dadına çatmağa tələsirdi. Nə yaxşı ki, Muğanda günəş bol olduğu kimi, su da boldur. Düşündüm ki, Muğanın ən böyük sərvəti, təbii ki, onun doğma yurda, torpağa bütün ruhu, qəlbi ilə bağlı zəhmətsevər insanlarıdır. 
 
Pambıqçılığın inkişafı üçün “yaşıl işıq” 
 
İnsafən, Salyanda əkin-biçin adamları üçün son illər bir-birindən uğurlu gəlir. Bu gün aqrar sahədə prioritet pambıqçılıqdır. Rayon əhalisi, əmək kollektivləri bu gəlirli sahənin yenidən dirçəlməsindən razılıq edirlər. Onlar dərin məmnunluq hissilə xatırlayırlar ki, ulu öndər Heydər Əliyevin respublikamıza başçılıq etdiyi 1970-ci illərdə və 1980-ci illərin əvvəllərində Salyan pambıqçılıq sahəsində irəlidə gedən rayonlardan biri idi. İndi bu mühüm sahədə təcrübə və ənənələr yenidən bərpa edilir.   
Təsadüfi deyil ki, Salyan RİH-in başçısı Sevindik Hətəmov mənimlə söhbətə məhz rayon pambıqçılarının qayğı və problemlərindən başladı. Bildirdi ki, indi Salyanın əksər kəndlərində bol pambıq məhsulu becərilir. RİH başçısı sonra dedi: 
– Dövlətimizin başçısı, möhtərəm Prezidentimiz İlham Əliyev respublika pambıqçılarına pambıq əkini sahələrinin məhsuldarlığını artırmağı bir vəzifə olaraq qarşıya qoyub. Biz indi əsas diqqətimizi məhz bu məsələyə yönəltmişik. Əminəm ki, məhsuldarlığın yüksəldilməsi bu sahədə çalışan fermerlərin gəlirlərinin xeyli artmasına səbəb olacaq. 
Həmin gün Salyanda pambıqçılıq sahəsində ixtisaslaşan fermerlərin fəaliyyəti ilə yaxından tanış olmağı qərara aldım. Əvvəlcə Qızılağac kəndinə yollanıb burada qabaqcıl fermer Emin Mirzəyev ilə görüşdüm. Öyrəndim ki, Eminin başçılıq etdiyi fermer təsərrüfatının üzvləri ötən il 102 hektar sahədə pambıq məhsulu yetişdiriblər. 2017-ci ildə hər hektardan 20 sentnerə yaxın məhsul toplanıb. Bu il əkin sahələri, demək olar ki, eyni həcmdə qalsa da, fermer məhsul istehsalını 20 faiz artırmaq əzmindədir. 
Eminin sözlərinə görə, rəhbərlik etdiyi kollektiv çiyid səpinindən tutmuş bütün aqrotexniki tədbirləri yüksək səviyyədə həyata keçirib. İndi əsas vəzifə son becərmə işlərini uğurla başa çatdırıb, məhsulun toplanmasına ciddi hazırlıq görməkdir. Emin dedi: 
– Elə etmək lazımdır ki, min bir zəhmət hesabına hasil olan məhsulun toplanması zamanı itkiyə yol verilməsin. 
Qardaşbəyli kəndində fermer  İbadət Cəfərovun tarlasındakı pambıq sahəsinin vəziyyətinə söz ola bilməzdi. Səliqə ilə becərilmiş pambıq kollarına nəzər yetirdim. İnsafən, burada kollektivin hər bir üzvü böyük həvəslə çalışıb. Fermer dərin əminlik hissilə bildirdi ki, bu il kollektiv hər hektardan azı 25 sentner məhsul toplayacaq. Bu, keçən illə müqayisədə 5 sentner çox məhsul deməkdir. 
Sarvan kəndində isə Mərdan Cəlilov adlı başqa bir fermerlə tanış oldum. Mərdanın başçılıq etdiyi fermer təsərrüfatı ötən il 40 hektar sahədə pambıq becərib. 2017-ci ildə bol məhsul toplayıb, yüksək qazanc əldə ediblər. Ona görə də bu il pambıq əkini sahələrini birdən-birə iki dəfə yarım artıraraq 100 hektara çatdırıblar. 
Mərdan deyir ki, Salyan rayonunda pambıqçılığın sürətli inkişafı üçün həqiqətən, “yaşıl işıq” yandırılıb. Bu sahədə çalışan fermerlərin nə gübrədən, nə də texnika sarıdan heç bir çətinlikləri yoxdur. 
Görünən budur ki, pambıqçılıq Salyanda yenidən rayon iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilmişdir. Məlumat üçün bildirək ki, bu il rayonda 7055 hektar torpaq sahəsində pambıq əkini aparılmış və becərmə işləri görülmüşdür. Pambıqçılığın inkişafı rayonda əhalinin məşğulluğunun yüksəlməsinə səbəb olmuşdur. Məlumat verdilər ki, hazırda Salyanda pambıq əkini aparılmış sahələrdə 5995 nəfər işlə təmin olunmuşdur.  
Salyanda son illər təkcə pambıqçılıq sahəsində deyil, kənd təsərrüfatının digər sahələrində də nəzərəçarpan uğurlar əldə edilir. Salyan respublikamızın böyük taxılçılıq rayonlarından biri sayılır. Rayon Kənd Təsərrüfatı İdarəsinin müdiri Tariyel Atamalıyev dedi ki, rayonda ötən payızda bu ilin məhsulu üçün 16813 hektar sahədə taxıl əkilib. Bu il taxıl zəmilərindən 41 min ton məhsul toplanmışdır. Hektarın məhsuldarlığı orta hesabla 31,7 sentner olmuşdur. 
Bu il rayondakı 420 hektar kartof sahəsindən 5,1, 1241 hektar tərəvəz sahəsindən 20, 822 hektar bostan sahəsindən 1,1 min ton məhsul yığılmışdır. Hazırda əkin sahələrində yığım davam etdirilir.   
Rayonda faraş tərəvəz istehsalının artırılması və ixracının təşviq edilməsi istiqamətində tədbirlər davam etdirilmişdir. Qaraçala qəsəbə, Yenikənd, Yolüstü və Qarabağlı kənd ərazilərində istixana sistemində yetişdirilən faraş tərəvəzlər yaxın xarici bazara göndərilmişdir. 
Salyanda heyvandarlığın inkişafı sahəsində də uğurlar əldə edilir. 2018-ci ilin iyul ayının 1-nə iribuynuzlu heyvanların sayı 63 min 315 baş, o cümlədən, inək və camışlar  33 min 240 baş, qoyun və keçilər 186 min 506 baş olmuşdur. Ət istehsalı 4630, süd istehsalı 24534 ton, yumurta istehsalı 17 milyon 245 min ədəd olmuşdur. Bütün istiqamətlər üzrə ötən illə müqayisədə irəliləyiş əldə olunmuşdur. 
 
Abadlıq, tikinti-quruculuq yeni vüsət alıb 
 
Salyanda abadlıq-quruculuq işləri son vaxtlar geniş vüsət alıb. Maraqlıdır ki, abadlıq işləri böyük zövqlə, səliqə ilə görülür. 
Salyan RİH-in memarlıq və tikinti şöbəsinin müdiri Teyyub Hüseynov dedi ki, bu ilin əvvəlindən rayonda abadlıq və quruculuq işlərinin həcmi daha da artmışdır. Belə ki, son altı ayda şəhərdəki 38 kommunal binada əsaslı təmir işləri görülmüşdür. Bundan başqa, Xəlil Rza Ulutürk küçəsi 14, Yusif Qasımov 4, 6, Cəfər Cabbarlı küçəsi 14, Ağaxan Ağabəyli küçəsi 1a-da binaların dam örtüyü dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur.
Şəhərin Elçin İmanov, Aşıq Pənah, Hacı Zeynalabdin Tağıyev və Taleh Davudzadə küçələrində abadlıq işləri davam etdirilmişdir. Bundan başqa, şəhərin bir sıra, eləcə də şəhərin ən böyük küçələrindən biri olan Qüdrət Səmədov küçəsinə asfalt-beton örtük vurulmuşdur. 
Son illər Azərbaycanın hər yerində yol-nəqliyyat infrastrukturu inkişaf edir. Salyanda da bu istiqamətdə nəzərəçarpan işlər görülüb. Ələt-Astara magistral avtomobil yolunun Salyan rayonu ərazisində, həmçinin Qaraçala-Düzənlik-Peyk kəndlərini birləşdirən yolda və 45 kilometr uzunluğunda Salyan-Neftçala avtomobil yolunda tikinti işləri başa çatdırılmış, 13,1 kilometr uzunluğunda Arbatan-Marışlı-Seyidsadıqlı-Quyçu kəndini birləşdirən kəndarası avtomobil yolunun və Noxudlu kəndindən keçən Şirvan-Salyan avtomobil yolunun 13 kilometr hissəsinin tikinti işləri davam etdirilmişdir.
Qeyd etmək lazımdır ki, Şirvan-Salyan yolu uzun müddət təmirə başlanılmasına baxmayaraq işlər ləng gedirdi ki, bu da həmin yol üstündə yaşayan sakinlərin haqlı narazılığına səbəb olurdu. Azərbaycan Respublikası Prezidentinin 5 aprel 2018-ci il tarixli “Şirvan-Salyan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncamı ilə avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə 10 milyon manat vəsait ayrılmış və işlərə başlanılmışdır. Yolun tikintisinin qısa zamanda başa çatdırılması nəzərdə tutulmuşdur.
Salyanda kiçik və orta sahibkarlığın inkişafına xüsusi önəm verilir. Yaxşı haldır ki, bir sıra iş adamları, böyük həvəslə yeni istehsal və xidmət müəssisələrinin tikintisinə başlayıblar. Məsələn, rayonun Həsənli kəndi ərazisində 100 min başlıq damazlıq quşçuluq təsərrüfatı, Kürsəngi kəndi ərazisində istixana kompleksi, şəhər ərazisində Pivə və limonad istehsalı zavodları, ikimərtəbəli “bazar-ticarət mərkəzi”, ümumi sahəsi 12,8 hektar olan daha 7 istixana kompleksinin tikintisi başa çatdırılmışdır. Rayonun Xıdırlı kəndi ərazisində zeytun və meyvə emalı zavodlarının tikintisi sürətlə davam edir. Qeyd edilən zavodların tikintisi məhsul istehsalının artımı ilə yanaşı, yüzdən artıq yeni iş yerlərinin yaranmasına səbəb olacaqdır. 
Rayonda qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişaf etdirilməsi, yeni istehsal sahələrinin yaradılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5 sahibkara 552 min manat kredit verilmişdir. Əhalinin işlə təmin olunması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəticəsində ­2018-ci ilin 6 ayında 510-u daimi olmaqla 2856 yeni iş yeri yaradılmışdır. 
 
Əhalinin elektrik, təbii qaz, içməli su təchizatı yaxşılaşıb 
 
Salyanda son illər əhalinin elektrik, təbii qaz, içməli su təminatı sahəsində xeyli  iş görülmüşdür. Rayon sakinlərini davamlı elektrik enerjisi ilə təmin etmək üçün 2018-ci ilin birinci yarımilində yüksəkgərginlikli elektrik transformatorlarında, yarımstansiyalarda təmir işləri aparılmış, 83 ədəd transformatora 8,5  ton yağ əlavə olunmuşdur.
Şəhərin SİB kabelə keçməsi ilə əlaqədar 1114 ədəd ağac dayaq yeni dəmir və dəmir-beton dayaqla əvəz edilmişdir. Texniki itkilərin azaldılması məqsədilə rayon ərazisində 20,5 kilometr SİB kabel çəkilmişdir. Salyan şəhərində ümumilikdə 1977 abonentlərdə müasir “SMART kart” və 767 ədəd “SMS” tipli sayğac quraşdırılmışdır.
Əhalinin təbii qazla təmin edilməsi istiqamətində müəyyən işlər görülmüşdür. Salyan şəhərinin mərkəzi və ətraf kəndlərində istehlakçıların qaz təsərrüfatında quraşdırılmış qaz sayğaclarının yeni çəkilmiş  qaz xətləri üzərinə köçürülməsi işləri davam etdirilir. Salyan şəhəri 20 Yanvar küçəsi 16, 17, 18 və 19 nömrəli binalara müxtəlif diametrli qaz xətti çəkilərək 54 abonentə qaz sayğacı quraşdırılmış və binalara təbii qaz verilişi bərpa olunmuşdur.
Şəhərin Elçin İmanov küçəsinə, Qaraçala qəsəbəsi, Kürqaraqaşlı, Çadırlı, Arx-Arası, Kolanı, Yolüstü, Birinci Varlı, İkinci Varlı, Gomuşlu, Babazanlı, Çuxanlı kəndlərinə qaz tənzimləyicisi quraşdırılmış, 216 qaz sayğacı yenisi ilə əvəz olunmuş, 244 metr müxtəlif diametrli istismara yararsız qaz xətti yenisi ilə əvəz olunmuşdur.
Rayonun uzun illər təbii qazsız qalmış Kürsəngi kəndində tikinti-quraşdırma işləri başa çatdırılmış, ümumi uzunluğu 76244 metr uzunluqda qaz xətti çəkilmiş, 940 ədəd sayğac və 940 ədəd fərdi tənzimləyici quraşdırılmış, əhalinin istifadəsinə verilmişdir. Hazırda rayonun Peyk və Düzənlik kəndlərində qazlaşma işləri davam etdirilir. Salyan rayonunda təbii qazla təmin olunan abonentlərin sayı 25246-a çatdırılmış, 1039 yeni mənzil qazlaşdırılaraq qeydiyyata alınmışdır.
Lakin görülən işlərlə yanaşı, bu sahədə bir sıra problemlər hələ də qalmaqdadır. Belə ki, rayonda 5 yaşayış məntəqəsi qazlaşdırılmayıb. O cümlədən, Xıdırlı kəndi Sovetlər dövründən qazlaşdırılmamış qalmışdır. Fövqəladə Hallar Nazirliyi tərəfindən Kür çayında suyun səviyyəsinin qalxması nəticəsində evlərinə ziyan dəymiş vətəndaşlar üçün tikilmiş, eləcə də hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün tikilən fərdi yaşayış evlərinin, rayonun Qırx Çıraq qəsəbəsi, Çuxanlı və Aşağı Kürkəndi kəndlərində yeni salınmış yaşayış massivlərinin qazlaşdırılmasına  ciddi ehtiyac vardır.
 
Təhsilə, səhiyyəyə, mədəniyyətə qayğı artıb 
 
Salyan ölkəmizin zəngin təhsil ənənələri olan rayonlarından biridir. Rayonun təhsil ictimaiyyəti bu ənənələri uğurla davam etdirmək, bu sahədə qabaqcıl təcrübəni yaymağa, yeni innovativ ideyaları tətbiq etməyə çalışır. 
Qeyd etmək lazımdır ki, son illər Salyan rayonunun təhsil müəssisələrində maddi bazanın  möhkəmləndirilməsi istiqamətində xeyli iş görülmüşdür. Təkcə bu ilin əvvəlindən Bəşirbəyli kəndində 6 sinif otağından ibarət məktəb binası tikilmiş, Kürsəngi və Sarvan kənd tam orta məktəblərində əsaslı təmir işləri davam etdirilmişdir. 
Məlumat üçün bildirək ki, son tədris ilinin  nəticələrinə görə XI siniflər üzrə 1171, IX siniflər üzrə 1390 şagird imtahanlara buraxılmışdır. Ali məktəblərə qəbul imtahanının ilkin mərhələsində 21 nəfər 600-dən yuxarı bal toplamışdır. Qəbul imtahanlarında ən yüksək  nəticəni  675 balla 7 saylı texniki fənlər təmayüllü məktəb-liseyin şagirdi Faiq Ağabəyov əldə etmişdir.
Prezident cənab İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi altında təşkil olunan tur-aksiyada 40 məktəblimiz Quba, Qusar və Xaçmaz rayonlarına səfər edərək bölgələrin tarixi və görməli yerləri ilə tanış olmuşlar. Faiq adlı salyanlı yeniyetmə dedi ki, o, həmin tur-aksiyanın iştirakçısı olmuş, ölkəmizin şimal bölgəsinə səfərindən çox məmnun qalmışdır.  
Bunlarla yanaşı,  təhsil sahəsində problemlər də mövcuddur. 55 məktəbdən 19-u uyğunlaşdırılmış binalarda yerləşir, 23 məktəb təmirsiz, 4 məktəb isə qəzalı vəziyyətdədir.
Əhalinin sağlamlığının qorunması Azərbaycan Respublikasının ­Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir. Məhz onun tapşırığına əsasən artıq beşinci ildir ki, 18 yaşdan yuxarı əhalinin tibbi müayinəsi, 18 yaşadək uşaqların icbari dispanserizasiyası aparılır. Bu günə kimi 69536 nəfər rayon əhalisi tibbi müayinədən, 19701 uşaq isə icbari dispanserizasiyadan keçmişdir. 
Bu dövrdə Mərkəzi Gömrük Hospitalının Kardio Mərkəzinin həkimləri tərəfindən mərkəzi xəstəxanada əhalinin kardioloji müayinələri aparılmış, 530 nəfər müayinə olunmuşdur.
Qan xəstəliklərindən əziyyət çəkən xəstələrin qanla təmin olunması məqsədilə Mərkəzi Rayon Xəstəxanasında qanvermə aksiyası keçirilmişdir. Respublika Kardiologiya İnstitutunun, Mərkəzi Klinik Xəstəxanasının, M.Topçubaşov adına elmi-cərrahiyyə mərkəzinin və akademik Zərifə Əliyeva adına Milli Oftolmologiya Mərkəzinin həkimləri rayonda olmuş və mərkəzi xəstəxanada əhalinin tibbi müayinəsini aparmışlar.
Bunlarla yanaşı, səhiyyə sahəsində də müəyyən problemlər vardır. Ginekologiya  şöbəsinin yerləşdiyi korpusun, Birləşmiş Uşaq və Parça-Xələc kənd xəstəxanalarının, Birləşmiş Uşaq Xəstəxanasının Poliklinika şöbəsinin, əksər tibb müəssisələrinin əsaslı təmirə, zəruri inventar və tibbi avadanlıqlara və istilik sistemləri ilə təmin olunmasına ehtiyac vardır. 4 kənddə tibb müəssisəsi yoxdur, 5 kənddə tibb məntəqələrinin müstəqil binaları olmadıqları üçün şəxsi evlərdə yerləşir.
Salyanda çox maraqlı bir insanla – Rayon Ağsaqqallar Şurasının sədri Beydulla İmanovla görüşüb tanış oldum. Beydulla müəllim 20 Yanvar şəhidi Elçin İmanovun atasıdır. 1996-2008-ci illərdə Qobustan Qazma Kəşfiyyat İşləri İdarəsində elektrik  çilingəri vəzifəsində çalışıb. 2004-cü ildən Salyan Ağsaqqallar Şurasının sədridir. 
Beydulla İmanov dərin inam hissilə dedi ki, son günlər bəzi xarici ölkələrdəki bədxahlarımız sosial şəbəkələr vasitəsilə ölkəmizə, dövlətçiliyimizə zərbə vurmaq, insanları süni surətdə dövlətimizdən narazı salmağa  cəhd edirlər. Lakin möhkəm yanılırlar. Azərbaycanda xalq-iqtidar birliyini heç bir qüvvə sarsıda bilməz. Bəli, bəd qüvvələrin qara niyyətləri ürəklərində qalacaq. Beydulla İmanov sonra dərin inam hissilə dedi: 
– Salyanlılar dövlətçiliyimizə sadiq insanlardır. Onlar Azərbaycanın inkişafına, tərəqqisinə xidmət edən Heydər Əliyev siyasətinin hazırda dövlətimizin başçısı möhtərəm İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilməsindən çox məmnundurlar. 
Beydulla müəllimi dinlədikcə Salyan RİH-in başçısı Sevindik Hətəmovun sözləri yadıma düşdü:  – Salyanlılar bundan sonra da Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan bütün tapşırıqların uğurla həyata keçirilməsində fəal iştirak edəcək və üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər. 
PS. Axşam Kürün üzərindəki körpüdən keçərək artıq Bakıya tərəf qayıdanda çayın üzərindən əsən sərin mehi hiss edib düşündüm ki, nə yaxşı ki, Muğanın Kürü, bir də qurub-yaratmaqdan zövq alan, bu qədim yurda, torpağa bağlı insanlar var. 
Səməd HÜSEYNOĞLU, 
“Xalq qəzeti”nin bölgə müxbiri 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında