Ölkəmizdə uğurla həyata keçirilən genişmiqyaslı iqtisadi islahatlar nəticəsində əldə edilən dinamik inkişaf nəqliyyat-yol kompleksində də görülən işlərə mühüm təkan verib. Azərbaycanın regionun əsas nəqliyyat qovşağına çevrilməsi ölkənin nəqliyyat sektorunun müasir standartlara uyğun yenidən qurulmasını, xüsusən, respublika ərazisindən keçən nəqliyyat dəhlizlərinin inkişafını, eləcə də bu sahədə tənzimləmə və idarəetmənin daha da təkmilləşməsini zəruri edib.
Azərbaycanın nəqliyyat-yol kompleksinin müasir səviyyədə qurulması, bu sahədə islahatların aparılması, nəqliyyat qurumlarının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi, ölkə iqtisadiyyatının və əhalinin daşımalara olan tələbatının ödənilməsi, nəqliyyat qanunvericiliyinin təkmiləşdirilməsi, texniki yeniləşmə və müasir texnologiyaların tətbiqi üzrə müəyyən edilmiş tədbirlər ötən illərdə ardıcıl olaraq həyata keçirilib.
Bu məsələnin diqqət mərkəzində saxlanılması, ilk növbədə, milli iqtisadiyyatın tənzimlənməsinə və növbəti yüksəlişinə mühüm təsir göstərir. Yəni, istər yük, istərsə də sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi, şübhəsiz, iqtisadiyyatın bütün sahələrinin inkişafını sürətləndirir. Təbii ki, bu zaman zəruri addım infrastrukturun yaradılmasından, yaxud köhnələrin müasirləşdirilməsindən, beynəlxalq standartlara uyğunlaşdırılmasından başlanır. Əlbəttə, belə halda müvafiq layihələrin gerçəkləşdirilməsi üçün maliyyə vəsaiti tələb edilir. Bu, yoxdursa, qarşıya qoyulan hədəflərə nail olmaq mümkün deyil.
Düzdür, bir çox hallarda dövlət öz dəstəyini əsirgəmir. Lakin demokratik cəmiyyətdə, bazar iqtisadiyyatı və azad rəqabət şəraitində ən səmərəli, düzgün yol xidmətin səviyyəsini getdikcə yaxşılaşdırmaq və bu yolla əldə edilən gəlir hesabına müvafiq sahədə infrastrukturun yeni inkişafına nail olmaqdır. Bu isə yuxarıda qeyd etdiyim kimi, həm mövcud sahədə xidmətin keyfiyyətinin artmasına, nəticədə, sosial məmnunluğun yaranmasına, həm də iqtisadiyyatın ayrı-ayrı sahələri arasında əlaqələrin sıxlaşmasına, güclənməsinə gətirib çıxarır.
Burada məsələnin başqa bir tərəfinə də diqqət yetirmək istərdim. İqtisadiyyatın dinamik inkişafının, getdikcə güclənməsinin əsas şərtlərindən biri də onun qloballaşması ilə sıx bağlıdır. Yəni bu gün Azərbaycan iqtisadiyyatının sürətlə şaxələndirilməsində, istehsal həcminin böyüməsində respublikamızda qlobal layihələrin uğurla reallaşdırılması mühüm önəm daşıyır. Yeri gəlmişkən, xatırladım ki, həmin layihələr təkcə Azərbaycana deyil, regionda yerləşən digər ölkələrə də gəlir gətirir, onların arasında əməkdaşlığı dərinləşdirir, bölgədə sabitliyi möhkəmləndirir.
Bu layihələr Azərbaycanın regionun logistika məkanında liderlik mövqeyini möhkəmləndirir. Məsələn, Ələtdəki Beynəlxalq Dəniz Ticarət Limanı Xəzərdə ən böyük logistik kompleksdir. Bakının yeni dəniz limanının tam istifadəyə verilməsindən sonra il ərzində milyon tonlarla yükün Şərqdən Qərbə və Şimaldan Cənuba daşınması reallaşacaq və ölkə büdcəsinə böyük miqdarda vəsait daxil olacaq. Üstəlik, Azərbaycanın beynəlxalq tranzit ölkə kimi nüfuzu və əhəmiyyəti daha da artacaq.
Belə olan halda ölkə daxilində istər yük, istərsə də sərnişindaşıma xidmətlərinin səviyyəsi də beynəlxalq normalara uyğunlaşdırılmalıdır. Düzdür, son illərdə bu sahədə mühüm addımlar atılıb, çox sayda yük və sərnişin nəqliyyat vasitələri yeniləşdirilib. Yol-nəqliyyat infrastrukturu müasirləşdirilib. Hazırda da bu istiqamətdə mühüm layihələr həyata keçirilir. Amma, fikrimcə, sözügedən sahədə tədbirlərin əhatə dairəsi daha da genişləndirilməlidir.
Metro, avtomobil və dəmiryolu sərnişindaşımasında vahid əlaqələndirmə üçün müvafiq proqram hazırlanmalıdır. Bu proqramın icrası nəticəsində, məsələn, təyyarədən düşüb dəmiryolla Tiflisə getmək istəyən əcnəbinin elə Bakı Beynəlxalq Hava Limanındaca sürət qatarına minmək imkanı olmalıdır. Metro xətləri də digər nəqliyyat qovşaqlarına qovuşmalıdır. Bu baxımdan Abşeron yarımadasını əhatə edən müasir dəmiryol şəbəkəsinin yaradılması layihəsi ciddi dəyişikliklərə səbəb olacaq. Digər nəqliyyat növlərinin sərnişindaşıma imkanları bu layihəyə uyğunlaşdırılmalıdır.
Bütün bunları yada salmaqla son günlərdə Tarif Şurasının qərarı ilə sərnişindaşımada qiymətlərin tənzimlənməsi ətrafında yaradılan lüzumsuz, əsasız söz-söhbətlərə də, bir mütəxəssis kimi, münasibətimi bildirmək istəyirəm. Təəssüf ki, zəruri iqtisadi-maliyyə tədbirlərdən siyasi şou düzəltməklə insanları çaşdırmaq istəyən müxalif dairələr gerçəkliyə başqa şəkildə yozum verir, özlərini xalqa canıyanan kimi göstərmək istəyirlər. Həqiqət ondan ibarətdir ki, son illərdə dövlətin davamlı dəstəyi ilə ölkədə sərnişindaşıma nəqliyyatının da maddi bazası əsaslı surətdə müasirləşdirilib və gücləndirilib. Hazırda paytaxtın avtobus parkları rahat nəqliyyat vasitələri ilə müəyyən dərəcədə yenilənib, xidmətin səviyyəsi yüksəlib.
Amma etiraf edək ki, bu sahədə çətinliklər tamamilə aradan qaldırılmayıb. Avtobusların xeyli hissəsi köhnə olduğundan nümunəvi sərnişindaşıma xidməti göstərmək mümkün deyil. Sürücülər ay ərzində inkişaf etmiş olkələrdə olduğu kimi, 170-180 saat deyil, bir çox halada 250-300 saat işləyirlər. Onların bir çoxu məzuniyyət, istirahət nə olduğunu bilmir. Çünki nəqliyyat müəssisələrinin yeganə gəlir mənbəyi olan gediş haqqının aşağı olması əlavə sürücü saxlamağa, məzuniyyət haqqı ödəməyə imkan vermir. Ağağı əmək haqqı ilə belə gərgin işləmək sürücülərdə əsəbilik yaradır, onların bəzi hallarda sərnişinlərlə kobud rəftarına da rast gəlirik.
Bu səbəbdən sərnişindaşımanın ən təcrübəli sürücüləri başqa sahələrə üz tuturlar. Səhər saat 5-də qarajda olan, sonuncu reysi gecəyarı başa vuran, işə taksi ilə gəlib-getməli olan sürücülərə yüksək maaşı yalnız nəqliyyatın normal qazancı ilə vermək olar. Axı digər pullu xidmət sahələrində sərnişindaşıma nəqliyyatı işçilərinə və onların ailəsinə heç bir güzəşt edilmir.
Bəs onda onlar niyə aşağı xidmət haqqı ilə, ziyanla işləməli, güzəranlarını tarzlaşdırmaq imkanından mərhum edilməlidirlər? Ölkəyə gələn çoxsaylı turistlər nəyə görə lazım olduğundan aşağı gediş haqqı ödəməlidirlər? Digər özəl fəaliyyət və pullu xidmət sahələrində çalışıb yüksək qazanc əldə edənlər niyə nəqliyyat işçilərinin xidmətinin haqqını lazımi səviyyədə ödəməməlidirlər? Sosial ədalət budurmu?
Bax indiki tarif dəyişikliyi bu problemlərin aradan qaldırılmasına, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinin davam etdirilməsinə, sürücülərin əmək haqlarının artırılmasına, nağdsız ödəniş sisteminin tətbiqinin genişləndirilməsinə yönəldilib. Bu zəruri, amma müəyyən qədər anlaşma tələb edən addım, inanıram ki, tezliklə öz doğruluğunu və səmərəsini sübuta yetirəcək. Ən başlıcası, sərnişindaşımada yüksək standartlar təmin ediləcək.
Bir məqamı da unutmamalıyıq. Biz bazar iqtisadiyyyat şəraitində yaşayırıq. İqtisadiyyatımız azad iqtisadiyyat prinsipləri ilə idarə olunur. Dövlətin nəqliyyat sektoruna diqqət və qayğısı heç də o demək deyil ki, bu sahədə qiymət tənzimlənməsi aparılmamalıdır. Yox, nəqliyyat sektoru, o cümlədən istər yük, istərsə də sərnişin daşınması özünümaliyyələşdirmə prinsipi əsasında tənzimlənməlidir. Bu məsələdə dövlətin dəstəyi yırtıq vedrəyə su tökməyə bənzəməməlidir. Dövlət müəyyən vaxt hansısa sahənin ayağa qaldırılmasına kğmək edir, bu davamlı ola bilməz.
İndiki halda, ölkəmizdə sərnişindaşımanı yüksək inkişaf etmiş dövlətlərdəki kimi görmək istəyiriksə, mövcud sistemi müasir texnologiyalar əsasında qurmaq arzusundayıqsa qlobal bazarın iqtisadi şərtlərini mütləq qəbul etməliyik. Sərnişin nəqliyyatında xidmətlə bağlı qiymətlərin tənzimlənməsini ləngimədən gerçəkləşdirməliyik.
Yuxarıda qeyd edilənlər deməyə əsas verir ki, hər bir vətəndaş Tarif Şurasının ictimai nəqliyyat xidmətlərinin qiymətinin tənzimlənməsinə dair qərarını anlayışla qarşılamalı, onun müsbət nəticələrtinə inanmalıdır. Nəqliyyat işçiləri də öz növbəsində cəmiyyətin gözləntilərini doğruldaraq xidmətin həcmini və keyfiyyətini yüksəltməlidirlər.
Məhərrəm MƏMMƏDOV,
iqtisadçı-ekspert
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.