Niyə məhz Gəncə?!

Düşmən zərbəni güclü nöqtəyə vurur
Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə Bakıda keçirilən möhtəşəm paraddan düz bir həftə sonra ölkənin ikinci böyük şəhəri Gəncədə törədilən terror hadisəsinin arxasında ilk anlardan ölkəmizin artan güc və qüdrətindən narahat olan daxili və xarici dairələrin mütəşəkkil təxribatının dayana biləcəyi versiyası da istisna edilmədi. 
 
Aydın görünürdü ki, törədilən qanlı cinayət adi qəsd, sıradan bir terror deyil, məhz siyasi aksiyanın ilkin görüntüsüdür. Arxada nələr gizləndiyini hadisə ətrafında görünməmiş canfəşanlıq göstərən nimdaş müxalif tör-töküntünün xaricdən yönləndirilən saxta, xəyanətkar yozumları da az-çox açıb-ağartmağa başladı. Guya, Gəncədə açılan atəş sosial ədalətin pozulmasına qarşı xəbərdarlıqdır. Kimliyi dərhal məlum olan caninin-- beynəlxalq təxribat və terror mərkəzlərindən keçib gəlmiş Yunis Səfərovun sosial şəbəkədə və “flüger saytlar”da “haqq davasına çıxmış fədai” kimi qələmə verilməsi də məhz məkrli bir planın gizlinlərini duydururdu.
Məsələnin sosial ədalətlə bağlılığı iddiası inandırıcı deyildi. Axı, Gəncə şəhəri sosial problemlərin geniş miqyasda və sürətlə həll edildiyi bölgələrdən biridir. Dövlət başçısının bir ayağı daim Gəncədə, bir əli daim onun başındadır. Bu şəhərin icra sisteminə Prezident komandasındakı ən qurucu və insanların ehtiyaclarına ən həssas kadrlardan biri rəhbər təyin edilib. “Sosial ədalət davası” hədəfi kimi seçilmiş Elmar Vəliyevin fəaliyyətinin  şəhər ictimaiyyətində məmnunluq, ölkə rəhbərliyində razılıq doğurması da Azərbaycanda, az qala, hamıya məlumdur. Bəs elə isə niyə məhz ölkədə sosial ədalətin pozulması halları ilə heç vaxt gündəmdə olmamış bir şəhərin icra hakimiyyəti başçısı hədəfə alındı? Bu sualı cavablandıracaq ciddi arqument tapmaq çətin olduğundan, sorğu, istər-istəməz, bu axara yönlənir: gizlindəki təxribat və təlatümlər reaksiyasına start vermək üçün atəş niyə məhz Gəncədə açıldı?
Gəncə Azərbaycan tarixində və çağdaş gerçəkliyimizdə məxsusi yeri və çəkisi olan bir şəhərdir. Orta əsrlər intibahının bəşəri dahisi Nizami 
9 əsrdir ki, doğulduğu şəhərlə yanaşı, Azərbaycanı və xalqımızı da dünyada ən yüksək səviyyədə tanıdır. Gəncə orta əsrlərin bir neçə Azərbaycan dövlətinin paytaxtı olaraq, həm də ümummilli mədəni mərkəz missiyasını bugünədək yaşadan məfkurə şəhəridir. Çağdaş insan haqları müdafiə sistemində önəmli yer tutan ümumdünya həmkarlar ittifaqları hərəkatlarının qədim qaynaqlarından biri məhz Gəncə əxi qardaşlığına gedib çıxır. Söhbət həqiqi haqq davasından gedirsə, Gəncədə baş vermiş orta əsrlərin məşhur Bəndər üsyanı da ümumdünya tarixində şərəfli yer tutur. Mövzu milli qeyrət, həqiqi qəhrəmanlıqdırsa, yenə Gəncə hökmdarı Cavad xanın rus işğalına qarşı döyüşü və şəhadəti əbədi bir örnəkdir.
Bu il bərpa edilməsinin 100 illiyini davamlı olaraq qeyd etdiyimiz dövlətçiliyimizin  bir əsr əvvəl dirçəldilməsi prosesində də Gəncə yeni doğulan müstəqil dövlətimizin ilk beşiyi olmuşdur. Tarixi xəyanətkarlığın qurbanı olmuş Azərbaycan Xalq Cümhuriyyəti uğrunda, milli qeyrət və idealın yaşadılması yolunda savaşın-- şanlı Gəncə üsyanının da meydanı bu şəhərin küçə və məhəllələri,  onun köləliyə qənim olan övladlarının sinəsi olub. Düşmən qüvvələr Gəncədə haqq  və azadlıq davasının odunu heç vaxt söndürə bilməyiblər. Bu ocağın üstünü zaman-zaman kül örtsə də, onun közü  altda korun-korun yanıb, məqam yetişəndə yenidən gur alova çevrilib. XX əsrin sonlarında torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda mübarizə baş qaldıranda Gəncə dövlətçilik yaddaşımızın kükrəyib kütləviləşdiyi bir məfkurə mərkəzi kimi yenidən dikəldi. Bu gün isə Gəncə Azərbaycanda gedən yeniləşmə və tərəqqinin pilot meydanlarından, lokomotivlərindən biridir.
Gəncə şanlı tariximizdə, oyanan yaddaşımızda və sabaha boy atan bugünümüzdəki bax bu şərəfli mövqeyinə və dövlətçiliyimizin inkişafındakı sanballı roluna görə seçilib, hədəfə alınıb. Düşmən həmişə rəqibinin ən güclü tərəfini, dayaq nöqtələrini zərbəyə məruz qoyur.  Neçə müddətdir ki, bədnam “ərəb baharı” dalğasını yurdumuza gətirib çıxara bilməyən xarici hegomonluq mərkəzləri Qərblə Şərqin arasında sabitlik adası olan Azərbaycanı qan çanağına döndərmək, ölkəmizi yeritdiyi müstəqil siyasət yolundan döndərib, yerində sözəbaxan bir rejim yaratmaq, xortumlarını güc və qüdrətimizə çevrilən sərvətlərimizə soxmaq üçün min bir oyundan çıxırlar. Bu da növbəti bir cəhd, daha bir məkrli həmlə. Məqsəd – Azərbaycanı müstəqillik və tərəqqi yolunda çökdürmək, seçilən vasitə – onun şanlı, qeyrətli bir şəhərini və bölgəsini “haqq davası” pərdəsi altında aldadıb, çaşdırıb kütləvi pozuculuq hərəkatının start məntəqəsinə çevirməkdir.
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri  Əli Həsənovun son bir həftədə Gəncədə baş verənlərlə bağlı sonuncu açıqlamasında göstərildiyi kimi, hadisədən dərhal sonra radikal dini səhifələr və saytlar, Vətənə xəyanət ittihamı ilə mühakimə edilmiş separatçılara bağlı KİV-lər Yunis Səfərovu yeni “gəncəbasar qisasçısı”, “qəhrəman” elan etməyə tələsdilər. Bu dəfə də onlara Avropadakı sümsük  iaşə müxalifəti və onların rəhbərlik etdiyi internet kanallarından, Leyla Yunusova kimi antimilli ünsürlərdən dəstək gəldi. Təsadüfi deyil ki, Azərbaycan dövləti və onun müstəqil siyasətinin əleyhinə son dövrlərdə sistemli ideoloji təxribatla məşğul olan bəzi xarici dini saytlar da bu günlərdə xüsusi canfəşanlıq göstərdilər. Kimə məxsusluğu bəlli olmayan ru-clip.ru saytının Youtube kanalı isə “Səda HD” kimi təqdim olunan şirkətin hazırladığı və üsyana səsləyən 5 klip – çağırış yayımladı.
Düşmən dairələr və onlara alət olan satqın elementlər bir şeyi unudurlar ki, Gəncə və gəncəlilər həmişə haqq davasını tarixi zərurətin və qəlblərinin hökmü ilə aparıblar. Onlar heç vaxt yad dairələrin əlində alət olmayıblar. Böyük yazıçımız Mir Cəlalın bədii həqiqətə çevirdiyi “İtə ataram, yada satmaram” milli məsləki də ədəbiyyatımıza məhz bu bölgənin gerçəkliyindən, gəncəlilərin tarixi qeyrət damarından gəlib.
Silahlı Qüvvələrimizin yubiley paradının əzəmətini həzm etməyib, bu sevinc və öyüncü xalqımızın gözündən gətirmək istəyənlər bir həftə sonra Gəncəni təxribat və təlatümlərin start meydanına çevirmək üçün onun təşəbbüskar və  qurucu başçısına güllə atdırdılar və bu atəşin adını “haqq savaşına siqnal” qoymaq üçün dəridən-qabıqdan çıxdılar. Lakin gəncəlilər bu məkrli və rəzil oyunun mahiyyətini ilk addımdaca düzgün anlayıb terrorçunu və təhrikçiləri lənətlədilər. Yandırdıqları fitilin barıta çatmadığını görən qüvvələr isə daha bir həftə sonra yeni bir barıt çəlləyini şəhər  meydanına gətirdilər. 
Artıq Baş prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin KİV-də yayılmış birgə məlumatında bildirildiyi  kimi, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxs mərkəzi meydanda icazəsiz yürüşə çıxıb. Bu zaman dini-ekstremist qrup üzvlərinin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücumu nəticəsində 2 polis zabiti şəhid olub. Dərhal görülmüş tədbirlərlə Gəncə şəhərində ictimai asayiş tam bərpa edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə həmin qanlı cinayəti törətməkdə şübhəli bilinən iki nəfər-- Gəncə şəhər sakinləri 1988-ci il təvəllüdlü, əvvəllər qəsdən adamöldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov müəyyən edilib və onların tutulması üçün intensiv iş aparılır. Son məlumata görə respublikanın hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 10-da Gəncə şəhərində baş vermiş qanunsuz  aksiyanın ən fəal iştirakçılarından və xidməti vəzifələrini yerinə yetirən polis zabitlərindən birinin qətlində şübhəli bilinən Qasımov Fərrux Xəqani oğlu vətəndaşlarımızın yaxından köməkliyi ilə tutularaq istintaqa təhvil verilib.  Bütövlükdə, respublikada sabitlik və təhlükəsizlik etibarlı qorunur.
Göründüyü kimi, düşmən qüvvələr siyasi terrorun çevrəsini kütləvi iğtişaşlara yönləndirmək üçün saxta, böhtançı təbliğat hazırlığından sonra  təxribatçıları və  ekstremist qrupu atəş xəttinə çıxarıb. Beyni pozucu təsirlərlə yuyulmuş, öz soydaşlarının qanını tökmək həddinə gətirilmiş, dövlətinə və onun qanuni  keşikçilərinə qarşı zorakı basqına qalxmış insanların bu əməlinin bir adı var: Vətənə xəyanət, dövlətçiliyə qəsd!
Cənab Əli Həsənovun açıqlamasında yaranmış vəziyyətin doğru-düzgün qiyməti öz əksini tapıb: “ Beləliklə, biz dövlətçiliyimizə qarşı separatçıların, radikal dindarların, yalnız pula və məişət komfortuna işləyən “iaşə müxalifəti”nin sinxronlaşdırılmış ideoloji təxribatı faktı ilə üz-üzəyik. Xarici antiazərbaycan qüvvələrin bu mənfur niyyətini anlamaq olar, ancaq daxildən onlara dəstək verən, polis əməkdaşlarına qarşı qəddar cinayətə bəraət qazandırmağa çalışan, yaxud da xaricə qaçıb erməni maliyyəsinin girovuna çevrilənlərin xain canfəşanlığını heç cür başa düşmək mümkün deyil”.
Doğrudan da, belə həssas vəziyyət cəmiyyətimizin, bütün vətəndaşlarımızın milli dövlətçilik ətrafında daha sıx birliyini tələb edir.  Bu sınaq məqamında ölkə mediasının da ayıq-sayıq, məsuliyyətli və vətənpərvər mövqe sərgiləməsi zəruridir.  
“Allahu Əkbər!” sədası altında gizlənərək, soyuq silahlarla silahlanıb Gəncədə şəhər meydanında asayişi pozan, iğtişaş törədən, dövlətçiliyə, müstəqilliyimizə qəsd edən radikal dağıdıcı qrup bilməlidir ki, Azərbaycan dövləti yenilməzdir, sarsılmazdır, heç bir qüvvə respublikamızı müstəqillik yolundan, dünyəvi dövlətçilik yolundan döndərə bilməz. Radikal dağıdıcı qrupların arxasında dayanan, onu idarə edən, maliyyələşdirən məkrli düşmən dairələr elə zənn etməsinlər ki, onların kimliyi bəlli deyil. Bu qüvvələr zaman-zaman Azərbaycan dövlətçiliyinə qəsd ediblər, amma mənfur məqsədlərinə nail ola bilməyiblər.
Bu gün Azərbaycan cəmiyyəti, Azərbaycan dövləti monolit birliyə malikdir. Hakimiyyət və xalq vəhdəti, Prezident və xalq birliyi sarsılmazdır. Azərbaycan müstəqillik qazandığı vaxtdan bu günə qədər baş verən ictimai-siyasi proseslərin təhlili göstərir ki, dövlətimiz və cəmiyyətimiz terrorçulara, separatçılara, ölkədə sabitliyi, əmin-amanlığı pozmaq istəyən qüvvələrə qarşı hər zaman birlik nümayiş etdirib, düşmənin mənfur planlarını puça çıxarıb. 
Diqqət yetirin, polis Gəncədə iğtişaş törədənlərə qarşı silahdan istifadə etmir, amma pərdə arxasında gizlənmiş qüvvələrin əlində alətə çevrilmiş dağıdıcı radikal qrupun üzvləri xidməti vəzifəsini yerinə yetirən, iğtişaşın qarşısını alan polisə soyuq silahla hücum edir və iki polis zabitini qətlə yetirirlər.
İğtişaşçılara dəstək verən, hadisələrin mahiyyətini təhrif edən, sosial şəbəkədə ictimai rəyi çaşdırmağa çalışan qaragüruhçular, təxribatçılar anlamalıdırlar ki, onlar özləri də iğtişaş törədənlər qədər məsuliyyət daşıyırlar və qanun qarşısında cavab verməlidirlər. Bəzi avantüristlər isə böhtan xarakterli informasiya yayaraq, iddia edirlər ki, şəhid polislər, guya, iğtişaşçılar tərəfindən öldürülməyib. Məlum uydurmadır, belələri vaxtilə Nardaran hadisələri zamanı qətlə yetirilmiş polis işçilərinin də əməliyyat keçirənlər tərəfindən öldürüldüyünü iddia edirdilər. Yalan ayaq tutar, amma yeriməz. Heç şübhəsiz ki, istintaq-əməliyyat tədbirləri zamanı bütün günahkarlar aşkar ediləcək və qanuna müvafiq olaraq sərt cəzalandırılacaqlar. Respublikanın hüquq-mühafizə orqanları bu istiqamətdə ciddi fəaliyyət göstərməli və ölkədə sabitliyi, əmin-amanlığı pozmaq istəyənlərə, dövlətçiliyə qəsd  cəhdlərinə qarşı barışmaz mövqe tutmalıdırlar. 
Prezident seçkilərindən əvvəl özlərini virtual məkanda, sosial şəbəkədə millət, Vətən təəssübkeşi kimi ictimai rəyə sırımağa çalışan sosial şəbəkə trolları antiazərbaycan kampaniyasına rəvac vermişdilər. Məqsədlərinə çata bilmədilər, əksinə, ümumxalq nifrəti ilə üzləşdilər. Bir müddət keçdi, düşmən dairələrin dəst-xətti, fəaliyyət metodu dəyişdi. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və onun mühafizəçisinə sui-qəsd təşkil edildi. Ardınca Mingəçevir İES-də qəza baş verdi, sonra da Gəncədə başıpozuq radikal ünsürlər iğtişaş törətdi. Onların sosial şəbəkələrdəki azsaylı dəstəkçiləri isə  xalqı itaətsizliyə çağırırlar. Bütün bunlar bir zəncirin halqalarına bənzəmirmi?!
Azərbaycanın müstəqil siyasət yeritməsini, dinamik inkişafını və tərəqqisini gözü götürməyən dairələrin və “sapı özümüzdən olan baltalar”ın, dönüklərin, xəyanətkarların, özgə qapılarında sümsünən simasızların, iddiaları qabiliyyətləri ilə tərs mütənasib olan şərəfsizlərin dəst-xətti tanış gəlmirmi?!
Vətənə, xalqa, milli maraqlara xəyanət ağır cinayətdir. İllər, onilliklər ötsə də nə xəyanətkar unudulur, nə də əməlləri. Xalq belələrini əbədi nifrətlə damğalayır. 
Azərbaycan dünyəvi dövlətdir, kənardan oxunan moizələrin təsiri altında təxribatlar törətməklə burada dini, teokratik dövlət qurmaq niyyəti iflasa məhkumdur.
Din insanların inancıdır, dünyagörüşüdür, əxlaqıdır. Radikal qrupların yayıldığı coğrafiyada din məqsədli şəkildə siyasiləşdirilir və ondan digər regionlara müdaxilə üçün məharətlə istifadə olunur. Buna görə də dinimizi, mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi kənar təsirlərdən qorumalıyıq. Azərbaycanı İraqa, Suriyaya çevirmək cəhdləri, ölkəmizi böyük güclərin diktəsi ilə oturub-durmağa sövq etmək xülyası baş tutan deyil. 
Gəncə hadisələrinin dinlə heç bir əlaqəsi, bağlılığı yoxdur. Bu fikrin doğruluğuna əmin olmaq üçün təkcə belə bir fakta nəzər salmaq kifayətdir: Gəncədə qətlə yetirilmiş polis zabiti Səməd Abbasov Gəncə İmamzadə kompleksinin axundu Hacı Tahir Abbasovun qardaşıdır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təbirincə desək, bizim siyasətimiz xalqın maraqlarını təmin edən siyasətdir: “Bizim siyasətimiz müstəqillik siyasətidir, inkişaf siyasətidir. Bizim apardığımız siyasət nəticəsində Azərbaycan son 15 il ərzində çox böyük və şərəfli yol keçmişdir, bütün göstəricilərə görə dünya miqyasında çox yüksək yerlərdədir”.
Prezident İlham Əliyevin uzaqgörən, məntiqli, elmi əsaslara söykənən fəaliyyətinin siyasi-praqmatik müstəvidən real müstəviyə keçməsi bir daha təsdiq edir ki, dövlətimizin başçısının bitkin, siyasi-iqtisadi və sosial cəhətdən yüksək peşəkarlıqla əsaslandırılmış strateji fəaliyyət proqramları vardır. Siyasi və hüquqi liberallaşdırmaya, vətəndaş cəmiyyətinin inkişafına xidmət edən islahatların sürətləndirilməsi millətin intellektual potensialının reallaşdırılmasına, ölkənin tərəqqisinə və innovasiyalı modernləşməyə istiqamətlənmişdir. Heç bir qüvvə, heç bir təhdid Azərbaycanı müstəqil siyasət yeritməkdən çəkindirə bilməz. Vətənimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, milli-mənəvi dəyərlərimizin hədəfə alındığı, sınağa çəkildiyi bütün məqamlarda olduğu kimi, bu dəfə də Azərbaycan xalqı öz sınanmış lideri, Prezidenti, görkəmli dövlət xadimi cənab İlham Əliyevin yanındadır.
 
Həsən HƏSƏNOV, 
“Xalq qəzeti”nin baş redaktoru, 
Əməkdar jurnalist 
 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında