Azərbaycan ombudsmanı 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar beynəlxalq qurumlara bəyanat ünvanlayıb

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova 1990-cı il 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar bəyanatla çıxış edib.

Ombudsman Aparatından verilən məlumata görə, bəyanat BMT-nin baş katibinə, Təhlükəsizlik Şurasına, insan hüquqları üzrə ali komissarına, İslam Əməkdaşlıq Təşkilatına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə, diaspor təşkilatlarına göndərilib.

Bəyanatda deyilir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun qoşunları qəfildən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin bir çox digər şəhər və rayonlarına yeridilib, hərbi gəmilərlə gətirilmiş desant qrupları, tanklar və digər ağır hərbi texnikadan istifadə etməklə dinc əhalini atəşə məruz qoyub, bununla da beynəlxalq hüquq normaları, keçmiş SSRİ-nin və Azərbaycan SSR-in konstitusiyalarının müvafiq müddəaları kobudcasına pozulub, doğma yurdunun azadlığının və öz hüquqlarının müdafiəsinə qalxmış çoxmillətli xalqımıza qarşı, insanlıq əleyhinə qatı cinayət törədilib.

Bakıya daxil olan silahlı qoşunlar milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 147 nəfər silahsız mülki şəxsi, o cümlədən yaşlıları, qadınları və uşaqları amansızcasına öldürüb, paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 744 dinc, günahsız insan yaralanıb, yüzlərlə adam itkin düşüb, 841 nəfər qanunsuz həbs edilib. Hətta yaralıları çıxaran təcili tibbi yardım maşınlarına və həkimlərə də atəş açılıb, nəticədə tibb işçiləri şəhid olub, yaralanıblar. Yanvarın 20-də fövqəladə vəziyyət elan edildikdən sonra daha 21 nəfər öldürülüb. Hücum zamanı qadağan edilmiş silah və sursatdan istifadə olunub, ölçüyəgəlməz dağıntılar törədilib. Hadisə ilə bağlı məlumatın əhalidən gizlədilməsi məqsədilə respublika televiziyasının enerji bloku partladılıb.

O dövrdə bu qanlı hadisələrlə bağlı Azərbaycan xalqı adından ulu öndər Heydər Əliyev sərt bəyanat verərək 20 Yanvar faciəsində xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb edib.

Bu qanlı hadisələr xalqımızın iradəsini qıra bilməyib və azadlıq mübarizəsi 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpası ilə nəticələnib. Prezident Heydər Əliyevin tövsiyəsi ilə Azərbaycan Respublikasının Milli Məclisi xüsusi sessiya keçirib və bu qanlı hadisəyə siyasi-hüquqi qiymət verilib. 20 Yanvar tarixi respublikamızda hər il ümumxalq hüzn günü kimi qeyd olunur və şəhidlər ehtiramla yad edilir.

Faciə zamanı qətlə yetirilmiş, müxtəlif millətlərdən olan Azərbaycan Respublikası vətəndaşlarına ölkə Prezidentinin müvafiq fərmanına əsasən “20 Yanvar şəhidi” fəxri adı verilib, habelə “1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında” sərəncama əsasən, müxtəlif tədbirlər həyata keçirilir, bu şəxslərə dövlət tərəfindən müavinət, şəhid ailələrinə isə Prezident təqaüdü verilir. 

Hər il olduğu kimi, bu il də həmin qanlı hadisələrin dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə müvafiq sərəncamla “20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib və icra olunur.

Dinc əhalinin qırılmasına səbəb olan bu dəhşətli faciə nəticəsində BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlər kobud şəkildə pozulsa da, öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən olan 20 Yanvar hadisələrinə indiyədək beynəlxalq hüquqi qiymət verilməyib, qanlı aksiyanın sifarişçiləri və icraçıları cəzalandırılmayıb. 

Beynəlxalq hüquqa əsasən, 20 Yanvar faciəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməlidir. Belə ki, Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun 7-ci maddəsinə əsasən, insanların məhv edilməsi, məcburi yoxa çıxarılması, siyasi, irqi, etnik, mədəni və ya cinsi motivlərə görə təqib edilməsi, işgəncə, qəsdən güclü iztirablara səbəb olma və ya ağır bədən xəsarətləri, yaxud fiziki və ya psixi sağlamlığa mühüm ziyan vurmaqdan ibarət olan digər qeyri-insani hərəkətlər insanlıq əleyhinə cinayət kimi tövsif edilir.

O dövrdə sovet dövlətinin rəhbərliyi beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, həmin cinayətlə Ermənistana dəstək verib, nəticədə Azərbaycana qarşı uzunmüddətli erməni təcavüzü, etnik təmizləmə, soyqırımı baş verib, respublikamızın torpaqlarının 20 faizi zəbt edilib, Ermənistan ərazisindən, ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və ətraf yeddi rayondan əhali zorla qovulub, bu hadisələr kütləvi şəkildə dinc əhalinin fundamental hüquqlarının pozulması ilə nəticələnib və indiyədək bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşayır.

Azərbaycan tərəfi bu münaqişənin sülh yolu ilə həllinə mütəmadi olaraq səylər göstərir, təşəbbüslər irəli sürür. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmasının, zəbt edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının zəruriliyini dəfələrlə və qətiyyətlə nüfuzlu beynəlxalq qurumların, o cümlədən BMT Baş Məclisinin tribunalarından bəyan edib.

Yuxarıda qeyd olunan faktlar göstərir ki, 28 il əvvəl törədilmiş
20 Yanvar hadisələri beynəlxalq hüquqa əsasən, beynəlxalq cinayətlərin ən ağır növlərindən olan insanlıq əleyhinə cinayət kimi tövsif edilməsi üçün kifayət qədər hüquqi sənədlər, eyni zamanda, bu qətliamın icrasına əmr verənlərin və törədənlərin, ən əvvəl isə o vaxtki sovet dövləti rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunması üçün yetərincə əsaslar mövcuddur.

Beynəlxalq qurumlar və dünya ictimaiyyəti Azərbaycan xalqının haqlı tələblərini dəstəkləməklə bu qanlı aksiyaya insanlıq əleyhinə cinayət kimi tezliklə beynəlxalq hüquqi qiymət verilməli və cinayətkarlar layiqincə cəzalandırılmalıdır. 

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında