Türkiyə Respublikasının Prezidenti zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

Möhtərəm cənab Prezident!

Əziz qardaşım!

İyulun 15-də  Türkiyə Cümhuriyyətində qanuni hakimiyyəti zorakılıqla devirmək cəhdinin qarşısının alınmasının bir ili tamam olur. O gecə yaşanan qanlı hadisələr, ölkənin Konstitusiya quruluşunu fədakarlıqla qoruyan   türk xalqının mətinliyi və insanların öz canını qurban verməsi Azərbaycanda əsil qəhrəmanlıq nümunəsi kimi böyük ehtiramla xatırlanır. Həmin gün demokratiya və qanunçuluğun müdafiəsinə qalxmış  milyonlarla  vətəndaş bir daha sübut etdi ki, xalqın iradəsinə heç kim qalib gələ bilməz və dövlətçiliyə qarşı yönəlmiş  istənilən cəhd  iflasa məhkumdur.

Hadisə haqqında xəbər tutan kimi mən dərhal Türkiyənin legitim hakimiyyətinə öz dəstəyimi ifadə edərək,  ölkənin Konstitusiya quruluşuna qəsd edən Vətən xainlərini  birmənalı şəkildə  pislədim və bununla bağlı Azərbaycanın hökumət üzvlərinə  müvafiq tapşırıqlarımı  verdim.

Əminəm ki, dövlətçiliyi, demokratik dəyərləri və Sizin rəhbərliyinizlə cəmiyyət həyatının bütün sahələrində əldə olunmuş uğurları yaşatmaq üçün sarsılmaz iradə nümayiş etdirən  vətəndaşların rəşadəti və şəhidlərin  unudulmaz xatirəsi  hamımızın qəlbində daim yaşayacaqdır. Sizin liderliyiniz, türk xalqının həmrəyliyi və qətiyyəti sayəsində xain niyyətlərin qarşısına keçilməz sipər çəkildi, Türkiyə dövləti böyük təhlükələrdən xilas oldu.  Ötən  dövrdə Siz  əhalini səfərbər etməklə, ölkənizin inkişafı və dünya dövlətləri sırasında nüfuzunun güclənməsi istiqamətində böyük işlər gördünüz,  şəxsi məqsədlərini xalqın iradəsindən üstün tutan antimilli qüvvələrə qalib gəldiniz. Bütün bunlar, qardaş Türkiyə vətəndaşları kimi, bizi də ürəkdən  sevindirir. Bu günlərdə  İstanbulda  baş tutmuş Dünya Neft Sammitində Sizinlə keçirdiyimiz görüşü məmnuniyyətlə xatırlayır, apardığımız müzakirələrin gələcək əlaqələrimizin daha da möhkəmlənməsinə ciddi təsir  göstərəcəyinə inandığımı bildirirəm.

Əziz qardaşım, bir daha  15 iyul şəhidlərinin ruhuna rəhmət, onların yaxınlarına səbir, qardaş türk xalqına dözüm arzulayaraq, bütün taleyüklü məsələlərdə Sizinlə həmrəy olduğumu ifadə edirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyul 2017-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında