“Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit” mövzusunda beynəlxalq elmi-praktiki konfransın iştirakçılarına

Hörmətli konfrans iştirakçıları!

Sizi səmimi qəlbdən salamlayır və konfransınızın işinə uğurlar arzu edirəm.

Dünyanın 40-a yaxın ölkəsindən, beynəlxalq təşkilatlardan və işgüzar dairələrdən nümayəndələrin qatılması bu mötəbər tədbirinizə diqqət və marağın yüksək olduğunu göstərir. Konfransınız Azərbaycan xalqının qədim ənənələrə malik milli bayramı olan və UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş Novruz bayramı ərəfəsinə təsadüf edir. Bu isə tədbirinizdə iştirak etmək üçün ölkəmizə gələn qonaqların Azərbaycanın milli mədəniyyət nümunələri ilə yaxından tanış olmasına imkan yaradacaqdır.

Cari ildə dünyanın nadir su təchizatı qurğularından sayılan “Şollar–Bakı Su Qurğuları Kompleksi”nin istismara verilməsinin 100 illiyi tamam olur. Kəmər Bakı şəhəri və Abşeron yarımadasını içməli su ilə təmin edən ilk iri infrastruktur layihəsi olaraq ötən dövr ərzində əhalinin həyatının yaxşılaşdırılmasına xidmət göstərmişdir. “Şollar-Bakı Su Qurğuları Kompleksi”nə daxil olan hidrotexniki qurğuların xüsusiyyətləri bu gün də mütəxəssislər tərəfindən öyrənilməkdədir. Bu baxımdan iştirakçısı olduğunuz konfransda su resursları və sudan səmərəli istifadə, içməli su təchizatı, tullantı sularının idarə edilməsi, iqlim dəyişiklikləri və ətraf mühit mövzularının müzakirə obyektinə çevrilməsi təqdirəlayiqdir.

İnanıram ki, konfrans çərçivəsində tanınmış alimlərin, mütəxəssislərin, su ilə əlaqəli beynəlxalq təşkilatların qaldırdığı məsələlərlə bağlı aparılacaq müzakirələr bu sahədə mövcud problemlərin öyrənilməsi və onların həlli yollarının müəyyənləşdirilməsi baxımından səmərəli olacaq, təcrübə mübadiləsi və perspektiv əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcəkdir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 mart 2017-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında