Ümumrusiya Azərbaycanlıları Konqresinin IV qurultayının iştirakçılarına

Hörmətli qurultay nümayəndələri!

Əziz dostlar!

Sizi Ümumrusiya Azərbaycanlıları Konqresinin növbəti IV Qurultayının işə başlaması münasibətilə səmimi qəlbdən təbrik edir, ali toplantınıza uğurlar arzulayıram.

Uzun tarixi dövr ərzində Rusiya ilə siyasi-iqtisadi və humanitar sahələrdə təşəkkül tapmış dostluq əlaqələri bu ölkədə çoxsaylı Azərbaycan diasporunun formalaşmasını şərtləndirən əsas amillərdən olmuşdur. Hazırda Ümumrusiya Azərbaycanlıları Konqresi dünya azərbaycanlılarının diaspor təşkilatları sırasında xüsusi yer tutur. 15 il əvvəl ümummilli lider Heydər Əliyevin və Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinin xeyir-duası ilə təsis edilmiş bu qurum təşkilati səviyyəsinə və əhatə dairəsinə görə Azərbaycan diaspor hərəkatının avanqardı sayıla bilər. Konqres ötən illər ərzində Rusiyadakı soydaşlarımızın mənəvi əlaqələrinin genişləndirilməsi, yaşadıqları regionların ictimai-siyasi və mədəni həyatında fəal iştirakının təmin edilməsi, Rusiya ilə Azərbaycan arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və digər sahələrdə səmərəli fəaliyyət göstərmişdir.

Diaspor quruculuğu məsələsinə daim böyük önəm verən Azərbaycan dövləti Rusiya Federasiyasında məskunlaşmış azərbaycanlı icmalarının pozitiv, yaradıcı və əhəmiyyətli sosial fəaliyyətini yüksək dəyərləndirir. Hesab edirəm ki, hər bir azərbaycanlı, ilk növbədə, yaşadığı ölkənin layiqli vətəndaşı olmalı, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirak etməli, onun inkişafına öz dəyərli töhfəsini verməlidir. Məhz belə insanların daxil olduğu diaspor təşkilatları soydaşlarımızı sıx birləşdirə, xalqımızı ləyaqətlə təmsil edə və qarşılıqlı əlaqələrin möhkəmlənməsinə daha faydalı xidmət göstərə bilər.

2016-cı ildə Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının IV Qurultayı və VII Azərbaycan-Rusiya Regionlararası Forumunda Azərbaycan diasporunun Rusiya Federasiyasında gördüyü işlərə qiymət verildi, əldə edilmiş nailiyyətlər, qazanılmış təcrübə, müasir dövrün tələb və çağırışları nəzərə alınmaqla yeni vəzifələr müəyyən edildi. Əminəm ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin bugünkü ali toplantısı da işgüzar şəraitdə və konstruktiv ruhda keçəcək, irəli sürülən ideyalar və qəbul edilən qərarlar qurumun işini keyfiyyətcə daha yüksək mərhələyə qaldırmağa, azərbaycanlıların dost Rusiyanın çoxmillətli cəmiyyətinə sıx inteqrasiyasına, iki ölkə arasında strateji əməkdaşlığın inkişafına əlavə imkanlar açacaqdır.

Qurultay iştirakçılarına bu yolda əzmkarlıq, rəhbər orqanlara seçiləcək yeni heyətə ardıcıl, məqsədyönlü və uğurlu fəaliyyət arzulayıram. Fürsətdən istifadə edərək, hamınızı 31 Dekabr -  Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə səmimi qəlbdən təbrik edirəm.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 dekabr 2016-cı il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında