42-ci Ümumdünya Şahmat Olimpiadasının iştirakçılarına

Hörmətli Olimpiada iştirakçıları!

 

Sizi – dünyanın bütün guşələrindən Bakıya toplaşmış şahmatçıları səmimi qəlbdən salamlayır, hər birinizə möhkəm cansağlığı, müvəffəqiyyət və xoş əhval-ruhiyyə arzulayıram. Əminəm ki, ölkəmizə xas qonaqpərvərlik və idmana olan dərin hüsn-rəğbət yarışların yüksək səviyyədə keçirilməsi üçün gözəl imkanlar yaradacaqdır.

Ümumdünya Şahmat Olimpiadasının bu günlərə təsadüf etməsi həqiqətən də əlamətdar hadisədir. Rio-de-Janeyro Olimpiadasının zəngin təəssüratları ilə yaşayan Azərbaycan bu mötəbər şahmat yarışlarına böyük ruh yüksəkliyi ilə ev sahibliyi edir.

Tarix boyu Şərqlə Qərb arasında körpü rolunu oynamış ölkəmizdə qədim dövrlərdən şahmata daim böyük maraq müşahidə edilmişdir. Azərbaycan klassiklərinin əsərlərində və orta əsr miniatürlərində şahmat oyunu ilə bağlı süjetlər dolğun şəkildə öz əksini tapmışdır. Təqdirə layiqdir ki, Avropa səyyahlarının xatirələrində Azərbaycanda bu oyunun geniş yayılması və hətta qadınların belə, şahmat oynaması haqqında ətraflı məlumatlar verilmişdir.

XX əsrdə Azərbaycanda şahmatın yayılması kütləvi xarakter almış, müxtəlif səviyyəli mötəbər turnirlər keçirilməyə başlamışdır. İdmançılarımızın bu yarışlarda qazandığı uğurlar şahmatın bir idman növü kimi daha geniş vüsət almasına təkan vermişdir. Azərbaycanın bütün bölgələrində uşaq şahmat məktəblərinin fəaliyyətə başlaması ölkəmizdə şahmata göstərilən xüsusi diqqətin təzahürüdür. Həmin amillər dövlət müstəqilliyinin bərpasından sonra bizim şahmat məktəbimizin inkişafına xidmət edərək bu sahədə dövlət siyasətinin əsas istiqamətlərini müəyyənləşdirmişdir.

Son illərdə şahmat üzrə dünya və Avropa miqyaslı yüksək statusa malik yarışların ölkəmizin paytaxtı ilə yanaşı bölgələrində də baş tutması Azərbaycanın dünyanın şahmat mərkəzlərindən birinə çevrilməsi yolunda atılmış mühüm addımdır. İnanıram ki, bu Şahmat Olimpiadası da ölkəmizdə bu intellektual oyunun təbliğinə öz layiqli töhfəsini verəcəkdir. 

Ümidvaram ki, 42-ci Ümumdünya Şahmat Olimpiadası bu qədim oyunun tarixinə yeni uğurlu səhifələr yazacaq, ölkələr arasında sülhün və əmin-amanlığın bərqərar olmasına xidmət göstərəcəkdir.

 

Ən xoş arzularla

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 avqust 2016-cı il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında