Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizə və Sizin şəxsinizdə dost Azərbaycan xalqına və hökumətinə Çin xalqı və hökuməti adından, şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Mən Çin-Azərbaycan münasibətlərinə böyük diqqət yetirirəm. Əminəm ki, ölkələrimizin və xalqlarımızın gələcək rifahı naminə birgə səylərimiz Çin-Azərbaycan münasibətlərinin daha da genişlənməsinə töhfə verəcək.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar, ölkənizə qüdrət və tərəqqi, xalqınıza xoşbəxtlik və sülh arzulayıram.

Hörmətlə,

Si CİNPİN
Çin Xalq Respublikasının Sədri

 



Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizi, eləcə də dost və qardaş Azərbaycan Respublikasının dövlətini və xalqını səmimi qəlbdən təbrik edirəm.

Əmin olduğumu bildirirəm ki, xalqlarımızın müştərək marağını nəzərə alaraq, İran İslam Respublikası ilə Azərbaycan Respublikası rəsmilərinin birgə artan səyləri nəticəsində ölkələrimiz arasındakı gözəl dostluq münasibətləri bundan sonra da xalqlarımızın qarşılıqlı mənafeyi çərçivəsində ikitərəfli, regional və beynəlxalq səviyyədə daha da genişlənəcəkdir.

Allah-Taaladan Sizə möhkəm cansağlığı, Azərbaycan Respublikasının xalqına isə xoş günlər və başucalığı arzulayıram.

Hörmətlə,

Həsən RUHANİ
İran İslam Respublikasının Prezidenti

 



Zati-aliləri!

Milli bayramınız – Respublika Günü münasibətilə Azərbaycan xalqına və hökumətinə ən səmimi təbriklərimi çatdırıram.

Hazırda BMT daha davamlı, sağlam və dinc dünya üçün genişmiqyaslı planlar üzərində çalışır. Bu istiqamətdə səylərimizdə biz hər bir ölkənin qlobal vədlərini, xüsusilə Davamlı İnkişaf Məqsədlərini və İqlim Dəyişikliyinə dair Paris Sazişini yerinə yetirəcəyinə inanırıq.

Sizin Respublika Gününüz ölkənizin şərəfli tarixini qeyd etməyə və insan hüquqları, inkişaf və sülh kimi universal dəyərləri bir daha təsdiq etməyə fürsət yaradır.

BMT müxtəlif mədəniyyətlərin ənənələrini bir məqsəd ətrafında birləşdirməklə çox sayda üzvləri əhatə etdiyinə görə olduqca şanslıdır. Ümumi məqsədlərimizə çatmaqda Azərbaycan hökumətinin töhfələri çox əhəmiyyətlidir. Hamımız üçün daha yaxşı gələcək təmin etmək işində hökumətinizin BMT ilə əlaqələrini daha da dərinləşdirəcəyinə inanıram.

Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin.

Hörmətlə,

Pan Gi MUN
Birləşmiş Millətlər Təşkilatının baş katibi

 



Zati-aliləri!

Dost Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə ən xoş təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, əmin olduğumu bildirirəm ki, birgə səylərimiz dost ölkələrimiz və xalqlarımız arasında münasibətlərin daha da inkişaf etməsinə töhfə verəcək.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və səadət, dost ölkənizə və xalqınıza davamlı inkişaf və çiçəklənmə arzu edirəm.

Cənab Prezident, xahiş edirəm yüksək ehtiramımı qəbul edin.

Hörmətlə,

Sabah əl-Əhməd əl-Cabir əs-SABAH
Küveyt Dövlətinin Əmiri

 



Hörmətli cənab Prezident!

Azərbaycanın milli bayramı münasibətilə Sizə Əlcəzair xalqı və Hökuməti adından və şəxsən öz adımdan ən səmimi salamlarımı çatdırmaqdan olduqca məmnunam. Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram. 

Fürsətdən istifadə edərək, Sizi əmin etmək istərdim ki, ölkələrimiz arasında dostluq əlaqələrini gücləndirmək və bütün sahələrdə ikitərəfli münasibətlərin səviyyəsini yüksəltmək üçün daim çalışacağam.

Cənab Prezident, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Əbdüləziz BUTEFLİKA
Əlcəzair Xalq Demokratik
Respublikasının Prezidenti

 



Zati-aliləri!

Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Zati-alinizin şəxsində Azərbaycan xalqına və Hökumətinə Liberiya Respublikasının xalqı və Hökuməti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.

Azərbaycan xalqı milli bayramını qeyd etdiyi bir vaxtda bu təntənənin beynəlxalq sülhün və sabitliyin BMT-nin prinsiplərinə uyğun olaraq daha da inkişaf etdirəcəyinə dua edirik.

Əminik ki, Liberiya ilə Azərbaycan arasında mövcud olan ikitərəfli səmimi əlaqələr ölkələrimizin və xalqlarımızın əməkdaşlığını daha da gücləndirəcək.

Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin.

Hörmətlə,

Ellen Conson-SERLİF
Liberiya Respublikasının Prezidenti

 


 

Hörmətli cənab Prezident!

Milli bayramınız – Respublika Günü münasibətilə Azərbaycan hökumətinə və xalqına Avstraliya hökuməti və xalqı adından ən xoş arzularımı çatdırmaq istərdim.

Azərbaycan ilə Avstraliya arasındakı münasibətlər xalqlararası əlaqələrin, siyasi, iqtisadi və ticari əməkdaşlığın inkişafı ilə güclənməkdə davam edir.

Ölkənizdəki parlament seçkilərini müşahidə etmək üçün Azərbaycana səfər edən Avstraliya parlamentinin nümayəndə heyətini səmimi qarşıladığınıza görə Sizə təşəkkür edirəm.

Avstraliya hökuməti inanır ki, terrorizm, iqlim dəyişikliyi, beynəlxalq inkişaf və silahsızlaşma kimi qlobal çağırışlar genişmiqyaslı qlobal həll tələb edir. Avstraliya BMT çərçivəsində Azərbaycan ilə birgə çalışmaqdan məmnundur və ölkələrimiz arasındakı sıx əməkdaşlığın davam edəcəyinə inanır.

Avstraliya əmindir ki, onun İnsan Hüquqları Şurasında 2018-2020-ci illər üzrə namizədliyi Azərbaycan tərəfindən dəstəklənəcək. Avstraliyanın namizədliyi bizim insan hüquqlarının inkişafında və qorunmasında uzunmüddətli öhdəliyimizin göstəricisidir. Avstraliya Şuranın işində fəal iştirak edir. Bu, bizim üzvlük üçün ilk müraciətimizdir.

İcazə verin, ölkələrimiz arasında mövcud dostluq əlaqələrinin gələcəkdə də inkişaf edəcəyinə inamımı ifadə edim.

Dərin hörmətlə,

Piter KOSQROYV
Avstraliya İttifaqının General-qubernatoru

 


 

Zati-aliləri!

Milli bayramınız – Respublika Günü münasibətilə Sizə, Azərbaycan xalqına və Hökumətinə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Ölkələrimiz və xalqlarımız arasındakı səmimi dostluq münasibətlərini yüksək qiymətləndirir, bu çox dəyərli əlaqələrin möhkəmləndirilməsi üçün birgə səylərimizin davam edəcəyinə əminəm. Eyni zamanda, Sizi ötən ay Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna müvəffəqiyyətlə ev sahibliyi etməsi münasibətilə təbrik edirəm.

Uca Allah Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq bəxş etsin.

Dərin hörmətlə,

Hacı Həssənal BOLKİAH
Bruneyin Sultanı

 


 

Zati-aliləri!

Milli bayramınız – Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günü münasibətilə Zati-alinizə səmimi təbriklərimizi çatdırır, Sizə möhkəm cansağlığı, dost ölkənizin xalqına tərəqqi, əmin-amanlıq və rifah diləyirik.

Zati-aliləri, xahiş edirik bizim ən dərin ehtiramımızı qəbul edin.

Hörmətlə,

Can Nikola BERTİ,
Massimo UQOLİNİ
San-Marino Respublikasının
Kapitan-Regentləri

 


 

Zati-aliləri!

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi çatdırıram.

Ölkələrimiz arasında dostluq münasibətlərinin ümumi maraqlarımıza uyğun surətdə daha da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyimi bildirirəm.

Cənab Prezident, Sizə ali dövləti fəaliyyətinizdə müvəffəqiyyət, ölkənizin dost xalqına sülh və firavanlıq diləyirəm.

Hörmətlə,

Kim Yen NAM
Koreya Xalq Demokratik Respublikası
Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri

 


 

Hörmətli cənab Prezident!

Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına İsrail xalqı adından və şəxsən öz adımdan davamlı inkişaf, rifah arzulayır, səmimi təbriklərimi çatdırıram.

Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin.

Hörmətlə,

Reuven RİVLİN
İsrailin Prezidenti

 



Zati-aliləri!

Dost Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə Bəhreyn Krallığının xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı və səadət arzulayır, Azərbaycan xalqına isə müdrik rəhbərliyinizlə davamlı tərəqqi və firavanlıq diləyirəm.

Dərin hörmət və yüksək ehtiramla,

Həməd bin İsa Al-XƏLİFƏ
Bəhreynin Kralı

 


 

Zati-aliləri, əziz dost!

İcazə verin, milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən xoş arzularımı və təbriklərimi çatdırım.

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin.

Hörmətlə,

Tomas Hendrik İLVES
Estoniya Respublikasının Prezidenti

 


 

Zati-aliləri!

Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə və dost Azərbaycan xalqına səmimi təbriklərimi yetirirəm.

Əminəm ki, Monqolustan ilə Azərbaycan arasındakı ənənəvi dostluq münasibətləri xalqlarımızın maraqları naminə daha da inkişaf edəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və rifah, dost Azərbaycan xalqına firavanlıq arzu edirəm.

Hörmətlə,

Saxiaqiyn ELBEQDORJ
Monqolustanın Prezidenti

 


 

Hörmətli cənab Prezident!

Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizi və Azərbaycan xalqını Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri adından təbrik edirik. Ölkənizə davamlı tərəqqi, uğurlar və sülh arzulayırıq.

İcazə verin, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə yarandığı vaxtdan göstərdiyiniz dəstəyə görə Sizə dərin minnətdarlığımızı bildirək. Sizin himayəniz olmasaydı, Mərkəz bu gün dünyanın ən mühüm məsələlərini müzakirə edən aparıcı beynəlxalq platformalardan birinə çevrilməzdi.

Cənab Prezident, xahiş edirik, Sizə olan yüksək ehtiramımızı və xoş arzularımızı qəbul edin.

Hörmətlə,

Vayra Vike-FRAYBERQA
Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin həmsədri,
1999-2007-ci illərdə Latviyanın Prezidenti,
İsmail SERAGELDİN
Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin həmsədri,
Misirin İsgəndəriyyə Kitabxanasının direktoru

 


 

Zati-aliləri!

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və ölkənizin vətəndaşlarına səmimi təbriklərimi çatdırıram.

Mən Azərbaycan Respublikası ilə Çex Respublikasının ikitərəfli münasibətlərinin fəal şəkildə inkişaf etməsindən və bu müsbət meylin keçən ilin sentyabr ayında Bakıya səfərim zamanı ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ilə təsdiq olunmasından məmnunam.

Zati-aliləri, ali dövləti fəaliyyətinizdə Sizə müvəffəqiyyətlər diləyir, Azərbaycan Respublikasının vətəndaşlarına əmin-amanlıq və rifah arzulayıram.

Dərin hörmətlə,

Miloş ZEMAN
Çex Respublikasının Prezidenti

 


 

Zati-aliləri!

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə İndoneziya xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq diləyirəm. Əminəm ki, İndoneziya ilə Azərbaycan arasında dostluq əlaqələri xalqlarımızın birgə mənafeyi naminə möhkəmlənməkdə davam edəcək.

Zati-aliləri, xahiş edirəm, mənim ən dərin ehtiramımı qəbul edin.

Hörmətlə,

Coko VİDODO
İndoneziya Respublikasının Prezidenti

 


 

Zati-aliləri!

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırmaqdan şərəf duyur, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq arzu edirəm.

Əminəm ki, ölkələrimiz arasında mövcud əməkdaşlıq əlaqələrinin dost xalqlarımızın mənafeyi naminə daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində birgə səylərimiz bundan sonra da davam edəcək.

Zati-aliləri, xahiş edirəm yüksək ehtiramımı qəbul edin.

Hörmətlə, qardaşınız

Məhəmməd Uld ƏBDÜLƏZİZ
Mavritaniya İslam Respublikasının Prezidenti

 


 

Zati-aliləri!

Dost Azərbaycan Respublikasının milli bayramı münasibətilə Zati-alinizə böyük məmnunluq hissi ilə səmimi salamlarımı və ən xoş təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə müvəffəqiyyətlər diləyir, dost Azərbaycan Respublikasına və xalqına davamlı tərəqqi və rifah arzulayıram.

Dərin hörmət və ehtiramla,

Nəvvaf əl-Əhməd əl-Cabir əl-SƏBAH
Küveyt Dövlətinin vəliəhdi

 


 

Hörmətli cənab Prezident!

Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək, Sizə xoşbəxtlik və möhkəm cansağlığı, dost Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzu edirəm.

Hörmətlə,

Qabus bin SƏİD
Omanın Sultanı

 



Zati-aliləri!

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə və Sizin şəxsinizdə ölkənizin xalqına və Hökumətinə Şri-Lanka Hökuməti və xalqı adından xoş arzularımı və səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Əminəm ki, ölkələrimiz arasında mövcud olan dostluq əlaqələri və sıx əməkdaşlıq daha da möhkəmlənəcək, gələcək illərdə də xalqlarımızın maraqlarına uyğun inkişaf edəcək.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasına isə davamlı inkişaf və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Maytripala SİRİSENA
Şri-Lanka Demokratik Sosialist
Respublikasının Prezidenti

 



Zati-aliləri!

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi, böyük xalqınıza tərəqqi və rifah arzularımı çatdırmaqdan qürur duyuram.

Hörmətlə,

Danilo MEDİNA
Dominikan Respublikasının Prezidenti

 


 

Zati-aliləri!

Azərbaycanın milli bayramı – 28 May Respublika Günü münasibətilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının adından və şəxsən öz adımdan Zati-alinizə cansağlığı və xoşbəxtlik arzu edirəm. Qoy Sizin ölkənizin xalqı sülh və tərəqqi  içində yaşasın.

Dərin ehtiramla,

Joze Qratsiano da SİLVA
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatının (FAO) baş direktoru

 



Zati-aliləri!

Milli bayramınız – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. BMT-nin Sivilizasiyalar Alyansı Azərbaycan ilə sıx əlaqələrdən çox məmnundur.

Ötən ay gözəl Bakı şəhərində BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun yüksək səviyyədə təşkilinə görə Sizə Alyansımız adından və şəxsən öz adımdan minnətdarlığımı çatdırıram. Bakıda olduğumuz müddətdə mənə və nümayəndə heyətimə göstərdiyiniz yüksək qonaqpərvərliyə görə təşəkkür edirəm.

Forumun müvəffəqiyyəti mədəniyyətlərarası dialoqun, tolerantlığın və qarşılıqlı anlaşmanın qlobal platformada yayılmasını təmin etdi. Qarşılıqlı anlaşmanın, tolerantlığın və dialoqun gücləndirilməsinə verdiyiniz dəstəyi alqışlayıram.

Cənab Prezident, əlamətdar bayram – Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını bir daha ürəkdən təbrik edirəm.

Hörmətlə,

Nassir Abdüləziz Al-NASSER
BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi

 



Zati-aliləri!

Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Zati-alinizə Ulu Tanrıdan möhkəm cansağlığı və rifah, Azərbaycan xalqına inkişaf və çiçəklənmə diləyirəm.

İslam Əməkdaşlıq Təşkilatı Azərbaycan Respublikası ilə sıx əlaqələri yüksək qiymətləndirir və məqsədi İslam həmrəyliyinin təşviqi olan qurumun fəaliyyətinin dəstəklənməsi işində ölkənizin rolunu təqdir edir. İslam Əməkdaşlıq Təşkilatı üzv dövlətlərin ümumi dəyərlərinin təbliği və ölkələr arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi işində səylərini bundan sonra da davam etdirəcək.

Zati-aliləri, üzv dövlətlərimizin xalqları arasında həmrəyliyin möhkəmləndirilməsinə və birgə İslam fəaliyyəti üçün yeni üfüqlərin açılmasına Sizin verdiyiniz dəstəyi yüksək qiymətləndiririk.

Cənab Prezident, xahiş edirəm, ən yüksək hörmət və ehtiramımı qəbul edin.

Dərin hörmətlə,

İyad bin Amin MƏDƏNİ
İslam Əməkdaşlıq Təşkilatının baş katibi

 


 

Çox hörmətli İlham Heydər oğlu!

Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına bütün həştərxanlılar adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmaqdan çox məmnunam.

Biz xalqlarımızın tarixi dostluğunu yüksək qiymətləndirir və Azərbaycan xalqının bu bayram sevincini ürəkdən bölüşürük. Əminik ki, Azərbaycan Respublikası ilə Rusiyanın Həştərxan vilayəti arasında qarşılıqlı hörmətə və etimada əsaslanan əməkdaşlıq münasibətlərini bundan sonra da birgə səylərlə fəal surətdə davam etdirəcək, ölkələrimizin çoxşaxəli əlaqələrinin daha da möhkəmlənməsi üçün yeni imkanlar tapacağıq.

Cənab Prezident, Sizə və bütün Azərbaycan xalqına səmimi qəlbdən gözəl bayram ovqatı, cansağlığı, xoşbəxtlik və Vətənin rifahı naminə fədakar əməyinizdə müvəffəqiyyətlər arzu edirəm.

Dərin hörmətlə,

Aleksandr JİLKİN
Rusiya Federasiyası
Həştərxan vilayətinin qubernatoru

 


 

Zati-aliləri!

28 May – Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Müsəlman Şərqində ilk demokratik respublika olan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsində mühüm rol oynayıb. Bu mübarizə 1991-ci ildə Azərbaycanın yenidən müstəqilliyə qovuşması ilə nəticələndi.

Azərbaycanın müstəqilliyinin qorunub möhkəmlənməsində və milli dövlət quruculuğu prosesində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub. Ulu öndər Heydər Əliyevin xarizmatik liderlik keyfiyyətləri və yenilməz iradəsi, siyasi uzaqgörənliyi, idarəçilik istedadı və zəngin dövlətçilik təcrübəsi bu dahi şəxsiyyətin fəaliyyətinin mühüm mərhələsini təşkil edən 1993-2003-cü illərdə Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılıb. Cənab Prezident, Siz ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirərək Azərbaycanı inamla yeni qələbələrə doğru aparırsınız.

Möhtərəm cənab Prezident, Sizin rəhbərliyinizlə həyata keçirilən strateji fəaliyyət xətti Azərbaycanın beynəlxalq arenada nüfuzunun və rolunun durmadan artmasına şərait yaradır. Əminik ki, Sizin zəngin dövlətçilik və siyasi fəaliyyət təcrübəniz bundan sonra da Azərbaycan Respublikasının dinamik inkişafına xidmət edəcək. Azərbaycanı lider dövlətlər sırasına çıxaran, başımızı uca edən Prezidentimizin yanındayıq və hər zaman Sizə dəstək olacağıq. Azərbaycanın xoşbəxt gələcəyi Sizinlə bağlıdır. Tanrı Sizi qorusun.

Hörmətlə,

Osman GEZEKER
“Özkaya Group” şirkəti
idarə heyətinin sədri

 


 

Zati-aliləri, əziz dostum!

Azərbaycan milli bayramını – 28 May Respublika Gününü qeyd edir. Bu tarix müsəlman Şərqində ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günüdür. Bu əlamətdar bayram münasibətilə Sizə və Azərbaycan xalqına dərin hörmətimi və dostluq ehtiramımı çatdırıram.

Bu bayramın çox böyük rəmzi mənası var. Qədim tarixə və zəngin ənənələrə malik olan Azərbaycan xalqı bu gün milli dövlət bayramını qeyd edir.

Atanız, müasir müstəqil Azərbaycanın banisi və qurucusu Prezident Heydər Əliyevin və Sizin sayənizdə ölkənizdə dövlət quruculuğu prosesi yenidən dirçəldi və yüksəklərə qalxdı. Bu gün Siz məğrur və müstəqil xalqa rəhbərlik edirsiniz. Bu xalq tərəqqisi, təhsili və müasir ölkəsi ilə fəxr edə bilər. Müasir müstəqil Azərbaycan Respublikasının tarixi baxımdan qısa dövr ərzində əldə etdiyi nailiyyətlər Sizin adınızla bağlıdır. Bu nailiyyətlər Sizin adınızı dünyada mənim şəxsən tanımağımdan şərəf duyduğum görkəmli rəhbərlər sırasına yazdı.

Dərin hörmətlə dostunuz,

Patrik HİKKİ
Avropa Olimpiya
Komitəsinin prezidenti

 


 

Zati-aliləri cənab Prezident!

Azərbaycanın milli bayramı – 28 May Respublika Günü münasibətilə Sizə və bütün Azərbaycan xalqına Türkdilli Ölkələrin Parlament Assambleyasının adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram.

Müsəlman Şərqində qurulan ilk respublika olaraq türk dünyasına zəngin irs bəxş etmiş və bu il yaradılmasının 98-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan Respublikası Zati-alinizin müdrik və uğurlu rəhbərliyi nəticəsində siyasi, iqtisadi və mədəni sahələrdə aparıcı dövlətlərdən birinə çevrilərək dünya ölkələri üçün nümunəvi model kimi qiymətləndirilir.

Zati-alinizin hərtərəfli dəstəyi sayəsində Azərbaycanın türkdilli dövlətlər arasında sürətlə inkişaf edən əməkdaşlığa verdiyi mühüm töhfəni çox yüksək qiymətləndiririk.

Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar və qardaş Azərbaycan xalqına sülh, tərəqqi və firavanlıq arzu edirəm.

Yüksək hörmət və ehtiramla,

Jandos ASANOV
Türkdilli Ölkələrin Parlament
Assambleyasının baş katibi

 


 

Hörmətli İlham Heydər oğlu!

Sizi və Zati-alinizin şəxsində bütün Azərbaycan xalqını dövlət bayramınız – Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.

Azərbaycan iqtisadiyyatın təşəkkülü və möhkəmlənməsi, sosial sahənin, mədəniyyətin və təhsilin inkişafı istiqamətində böyük uğurlar qazanıb.

Əminəm ki, Sizin gözəl diyarınızda həmrəylik və yaradıcı əmək şəraitində Azərbaycan Respublikasının tərəqqisi naminə yeni quruculuq niyyətləriniz və planlarınız uğurla həyata keçiriləcək.

Sizə və bütün xalqınıza möhkəm cansağlığı, xoşbəxtlik və əmin-amanlıq, gözəl diyarınıza sülh, firavanlıq və rifah diləyirəm.

Hörmətlə,

Yunusbek YEVKUROV
Rusiya Federasiyası
İnquşetiya Respublikasının başçısı

 



Hörmətli İlham Heydər oğlu!

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Sizin ölkəniz sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafın bütün sahələrində sanballı uğurlar qazanıb. Biz İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin elm-təhsil sahəsində Azərbaycan Respublikası ilə əməkdaşlığına ürəkdən şadıq. Bu əməkdaşlıq, ölkələrimizin firavanlığına, tibb elminin və təhsilin inkişafına töhfə verir.

Bu xoş fürsətdən istifadə edərək Sizə və bütün Azərbaycan xalqına səmimi qəlbdən möhkəm cansağlığı və xoşbəxtlik arzu edirəm.

Hörmətlə,

Pyotr QLIBOÇKO
İ.M.Seçenov adına Birinci Moskva Dövlət
Tibb Universitetinin rektoru,
Rusiya Elmlər Akademiyasının müxbir üzvü

 


 

Hörmətli İlham Heydər oğlu!

Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan Sizi Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə təbrik edirəm.

Ali dövləti vəzifənizdə Sizə yeni-yeni uğurlar, möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram.

Fürsətdən istifadə edərək, Rusiya Xarici Kəşfiyyat Xidməti ilə Azərbaycan xüsusi xidmət orqanları arasında dövlətlərimizin təhlükəsizliyinin və milli maraqlarının təmin edilməsinə yönəlmiş qarşılıqlı fəaliyyətə daimi diqqət və dəstəyinizə görə Sizə minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Mixail FRADKOV
Rusiya Federasiyası Xarici Kəşfiyyat
Xidmətinin direktoru

 


 

Çox hörmətli İlham Heydər oğlu!

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Son illərdə Azərbaycan ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində sanballı uğurlar qazanıb. İnkişaf yolu ilə inamla irəliləyən, beynəlxalq gündəlikdəki bir sıra aktual məsələlərin həllində fəal rol oynayan Azərbaycan dünya birliyində haqlı olaraq yüksək nüfuz və hörmət qazanıb.

Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusu verilməsi barədə bu yaxınlarda Pekində imzalanmış Memorandum da ölkənizin beynəlxalq və regional arenada fəallığının daha da artmasının təsdiqidir. Beləliklə, mühüm regional və beynəlxalq problemlər barəsində Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə konstruktiv əməkdaşlığının təşəkkülü və inkişafı üçün çox geniş imkanlar açılıb. Bu, həm də bizim Təşkilatın nüfuzunun hərtərəfli yüksəlməsinə şərait yaradacaq.

Əminəm ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan Respublikası bundan sonra da tərəqqi və firavanlıq yolu ilə inamla irəliləməkdə davam edəcək.

Zati-aliləri, icazə verin, Sizə ölkənizin rifahı naminə yeni uğurlar, dost Azərbaycan xalqına isə sülh, sabitlik və firavanlıq diləyim.

Hörmətlə,

Rəşid ALİMOV
Şanxay Əməkdaşlıq
Təşkilatının baş katibi

 


 

Zati-aliləri!

Milli bayramınız – Respublika Günü münasibətilə Sizi təbrik edir, Cənub Qaz Dəhlizinə və xüsusilə onun Avropa qolu olan Trans-Adriatik boru kəməri (TAP) layihəsinə göstərdiyiniz davamlı dəstəyə görə Zati-alinizə səmimi qəlbdən təşəkkür edirəm.

Mayın 17-də Salonikidə TAP-ın təməlinin qoyulması bu vacib layihənin həyata keçirilməsində tarixi mərhələ oldu. Mərasimdə Azərbaycanın yüksək səviyyəli nümayəndə heyətinin iştirakı tədbirin uğur qazanmasına böyük töhfə verdi.

Zati-aliləri, 28 May - Respublika Günü münasibətilə Sizi TAP-ın əməkdaşları adından və şəxsən öz adımdan bir daha səmimi qəlbdən təbrik edir, Azərbaycan xalqına firavanlıq diləyirəm.

Bu xoş fürsətdən istifadə edərək, ümidvar olduğumu bildirirəm ki, biz TAP layihəsini vaxtında, yəni, 2020-ci ildə  təhvil verəcəyik.

Sizə dərin hörmətlə,

Yan BRADŞOU
TAP-ın icraçı direktoru

 



Möhtərəm cənab Prezident!

28 May – Respublika Günü münasibətilə Sizi Türk Şurasının Katibliyi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Sizin rəhbərliyiniz ilə daha da güclənən ölkəmizin beynəlxalq arenadakı nüfuzu getdikcə möhkəmlənir və bu uğurlar bütün türk xalqlarının qürur mənbəyidir.

Sürətli inkişafı yalnız regionda deyil, qlobal miqyasda da hər kəs tərəfindən etiraf olunan Azərbaycan Respublikasından aldığı dəstək nəticəsində Türk Şurası irəlilədiyi yolda özünü daha da güvənli hiss edir.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə ən ülvi arzularımı bildirir, bütün Azərbaycan xalqına rifah, sağlamlıq və xoşbəxtlik diləyirəm.

Dərin hörmətlə,

Ramil HƏSƏNOV
Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının baş katibi

 



Zati-aliləri!

Azərbaycan Respublikasının milli bayramı münasibətilə Qaz İxrac edən Ölkələrin Forumu adından Sizə ən səmimi təbriklərimi çatdırıram.

Azərbaycan xalqına sülh, müvəffəqiyyət və davamlı inkişaf arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, Azərbaycanın Qaz İxrac edən Ölkələrin Forumuna qoşulmasına və bu önəmli addıma dəstəyinizə görə Sizə təşəkkürümü bildirirəm. Qarşılıqlı faydalı əlaqələrimizin daha da möhkəmlənəcəyinə və öz hədəflərinə çatmaq üçün Forumun işinə davamlı dəstəyinizə ümid edirik.

Zati-aliləri, xahiş edirəm, ən dərin ehtiramımı qəbul edin.

Hörmətlə,

Seyid Məhəmməd Hüseyn ADELİ
Qaz İxrac edən Ölkələrin Forumunun baş katibi

 


 

Çox hörmətli İlham Heydər oğlu!

Əlamətdar bayram – Respublika Günü münasibətilə Sizi və Zati-alinizin şəxsində bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm.

Biz, Dağıstanda yaşayan azərbaycanlılar öz düşüncə, ümid və əməllərimizi həmişə Azərbaycan və onun xalqı ilə bağlamışıq, dərdini dərdimiz bilmişik, uğurlarına sevinmişik və bundan sonra da belə edəcəyik.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkənizin tərəqqisi istiqamətində böyük işlər görüb.

Möhtərəm İlham Heydər oğlu, Siz də ulu öndərin işlərinin layiqli davamçısı olaraq Azərbaycanın gələcək inkişafına və firavanlığına böyük töhfələr verirsiniz.

Hörmətli Prezident, Sizə möhkəm cansağlığı və uzun ömür arzu edirik.

Qoy, Sizin rəhbərliyinizlə Azərbaycanın səması həmişə dinc və aydın olsun.

Dərin hörmətlə,

Məhəmməd CƏLİLOV
Rusiya Federasiyasının Dağıstan
Respublikası Dərbənd Rayon
Bələdiyyə Administrasiyasının rəhbəri

 


 

Çox hörmətli İlham Heydər oğlu!

Xahiş edirəm, Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə MDB-nin iştirakçısı olan ölkələrin Parlamentlərarası Assambleya Şurası adından təbriklərimizi qəbul edin.

Dövlətçiliyin və suverenliyin möhkəmlənməsi yolunda inamla addımlayan müasir müstəqil Azərbaycan iqtisadi potensialını ardıcıl olaraq gücləndirir, beynəlxalq arenada mövqelərini möhkəmləndirir.

Sizə - görkəmli siyasi və dövlət xadiminə və Zati-alinizin şəxsində bütün Azərbaycan xalqına xoşbəxtlik, sülh, firavanlıq və tərəqqi arzu edirəm.

Möhtərəm İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, tükənməz enerji və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, dost Azərbaycan xalqına isə sülh, rifah və firavanlıq diləyirəm.

Hörmətlə,

Aleksey SERGEYEV
MDB Parlamentlərarası
Assambleya Şurasının baş katibi

 


 

Möhtərəm İlham Heydər oğlu!

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə ən xoş və səmimi təbriklərimi qəbul edin. Azərbaycan Respublikasının keçmişi və gələcəyi ilə sıx bağlı olan bu bayram müxtəlif xalqların, mədəniyyətlərin və dinlərin nümayəndələrini – Vətəni sevən, onu güclü və firavan dövlətə çevirməyə çalışan hər kəsi birləşdirən bir ölkənin müstəqilliyinin rəmzinə çevrilib. Rusiya Federasiyasının tərkib hissəsi olan Dağıstan Sizin ölkənizlə əsrlər boyu davam edən dostluq və mehriban qonşuluq münasibətlərini yüksək qiymətləndirir. Azərbaycan Respublikasında Dağıstan Respublikası günlərinin keçirilməsi münasibətlərimizin genişlənməsinə böyük töhfə verib.

İcazə verin, bu xoş fürsətdən istifadə edib səfər zamanı səmimi qəbula görə dərin təşəkkürümü bildirim. Biz Sizin rəhbərliyiniz ilə iqtisadi və ictimai-siyasi dəyişikliklər istiqamətində Azərbaycanın qazandığı sanballı uğurların, ölkə vətəndaşlarının həyatının yaxşılaşmasının bir daha şahidi olduq.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq, xoşbəxtlik, ölkənizin rifahına yönələn bütün niyyətlərinizin həyata keçməsini, Azərbaycan xalqına isə sülh və rifah arzu edirəm.

Hörmətlə,

Xızrı ŞIXSƏİDOV
Rusiya Federasiyası
Dağıstan Respublikası
Xalq Məclisinin sədri

 



Hörmətli cənab Prezident!

Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

bp şirkəti Azərbaycan ilə əməkdaşlığın davamlı surətdə genişləndirilməsinə böyük əhəmiyyət verir və bu əməkdaşlığın daha da məhsuldar inkişafına ümid edir. Əminəm ki, bp ilə Azərbaycan Hökuməti arasında dostluq əlaqələri daha da möhkəmlənəcək.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə yeni-yeni uğurlar, Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzulayıram.

Hörmətlə,

Qordon BİRREL
bp-nin Azərbaycan, Gürcüstan və
Türkiyə üzrə regional prezidenti

 



Çox hörmətli İlham Heydər oğlu!

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Rusiya Rəssamlıq Akademiyasının Rəyasət Heyəti, Rusiya rəssamları adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi qəbul edin.

28 May – Respublika Günü ölkənizin tarixində çox əlamətdar hadisədir. Məhz 1918-ci ilin həmin may günündə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması elan edilib. Müstəqilliyini yenidən bərpa edən Azərbaycan bu gün çiçəklənən ölkəyə çevrilib. Bu uğurların qazanılmasında Sizin mühüm rolunuz əvəzsizdir. Akademiyamız yaradıcılıq layihələrinə və təşəbbüslərinə Sizin diqqət və qayğınızı, həmçinin mədəniyyətin, incəsənətin və ölkələrimiz arasında mədəniyyətlərarası dialoqun inkişafına töhfələrinizi yüksək dəyərləndirir.

Çox hörmətli İlham Heydər oğlu, bu əlamətdar bayram münasibətilə Sizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını bir daha səmimi qəlbdən təbrik edirik.

Sizə fəaliyyətinizdə müvəffəqiyyətlər, xoşbəxtlik, sülh və rifah diləyir, bütün niyyətlərinizin və təşəbbüslərinizin uğurla həyata keçməsini arzulayırıq.

Hörmətlə,

Zurab SERETELİ
Rusiya Rəssamlıq
Akademiyasının prezidenti

 



Möhtərəm İlham Heydər oğlu!

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) direktorluğu və çoxmillətli kollektivi adından səmimi qəlbdən təbrik edirik. 

Azərbaycanın elmi mərkəzləri ilə BNTİ arasında Sizin Hökumətin fəal dəstəyi ilə dinamik inkişaf edən elmi-texniki əməkdaşlığın yüksək səviyyəsini məmnunluq hissi ilə qeyd edirik.

Əminəm ki, Azərbaycanın elmi mərkəzləri bizim institutun bazasında nüvə elmləri və müvafiq sahələr üzrə perspektivli layihələrin  reallaşmasında bundan sonra da fəal iştirak edəcək.

Çox hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, tükənməz enerji və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, dost Azərbaycan xalqına sülh, rifah və firavanlıq arzu edirəm.

Dərin hörmətlə,

Viktor MATVEYEV
Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru,
Rusiya Elmlər Akademiyasının akademiki

 



Çox hörmətli cənab Prezident!

Xahiş edirəm, Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Müstəqil Azərbaycan Respublikası son illərdə sürətlə inkişaf edərək iqtisadi, siyasi, ictimai və sosial sahələrdə sanballı nailiyyətlər qazanıb. Ölkədə əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsi istiqamətində əsas məsələlər müvəffəqiyyətlə həll olunur. Bu gün Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edən ölkələr arasında layiqli yer tutur.

Cənab Prezident, əlamətdar bayram münasibətilə Sizə və bütün Azərbaycan xalqına sağlamlıq, sülh, xoşbəxtlik, firavanlıq, qarşıya qoyulan məqsədlərə çatmaqda uğurlar arzu edirəm.

Dərin hörmətlə,

Roman NƏSİROV
Ukrayna Dövlət Fiskal Xidmətinin sədri

 



Çox hörmətli cənab Prezident!

Azərbaycanın böyük bayramı – Respublika Günü münasibətilə ən xoş və səmimi təbriklərimi qəbul edin. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olub. Bu bayram Azərbaycanın zəngin tarixini təcəssüm etdirir. Çünki müsəlman Şərqində ilk parlamentli demokratik respublika məhz Azərbaycan Xalq Cümhuriyyəti olub.

Sizin diplomatik səyləriniz sayəsində bu gün Azərbaycan Cənubi Qafqazın şəksiz lideri, onun paytaxtı Bakı dünyanın ən gözəl şəhərlərindən biridir.

İsrail Dövləti yəhudi icmasına Azərbaycanın və şəxsən Sizin dünyada presedenti olmayan qayğıkeş və səmimi münasibətini yüksək qiymətləndirir. Dünyəvi dövlətə, tolerantlığa, Azərbaycanda yaşayan bütün konfessiyaların və xalqların nümayəndələrinə hörmətlə yanaşdığınıza görə istər İsrail cəmiyyətinin, istərsə də dünyanın başqa dövlətlərindəki yəhudi icmalarının dərin ehtiramını qazanmısınız.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm.

Dərin hörmətlə,

Arye QUT
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
İsrail Dövlətindəki Nümayəndəliyinin direktoru,
“Cəmiyyət üçün beynəlxalq layihələr”
qeyri-hökumət təşkilatının rəhbəri

 



Zati-aliləri!

Dövlət bayramınız – Respublika Günü münasibətilə “Mir” Dövlətlərarası Teleradio Şirkəti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi qəbul edin.

İcazə verin, Sizə və Azərbaycan Respublikasının xalqına sabitlik, sülh və firavanlıq, respublikanın iqtisadi, sosial və mədəni inkişafında yeni uğurlar diləyim.

Səmimi hörmət və ən xoş arzularla,

Radik BATIRŞİN
“Mir” Dövlətlərarası
Teleradio Şirkətinin sədri

 


 

Zati-aliləri!

Milli bayramınız – Respublika Günü münasibətilə Sizi və ölkənizin xalqını Albaniya-Azərbaycan Dostluq, Elm və Mədəniyyət Cəmiyyəti adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Müsəlman Şərqində ilk demokratik respublikanın fəaliyyətini və dövlətçilik ənənələrini bu əlamətdar bayram günündə Sizinlə birlikdə xatırlamaq çox xoşdur.

Cənab Prezident, Sizə möhkəm cansağlığı arzu edir, Azərbaycanın və onun xalqının həmişə güclü, xoşbəxt və müstəqil olmasını diləyirik.

Hörmətlə,

Entela MUÇO
Albaniya-Azərbaycan Dostluq,
Elm və Mədəniyyət Cəmiyyətinin sədri

 



Əziz cənab Prezident!

Milli bayramınız – Respublika Günü münasibətilə Sizə, ailənizə və bütün Azərbaycan xalqına İtaliya-Azərbaycan biznes ictimaiyyəti adından səmimi təbriklərimi çatdırıram.

Azərbaycan Respublikası həmişə multikulturalizm və tolerantlıq məkanı olub. İkitərəfli rəsmi biznes təşkilatı olaraq biz Sizin uzaqgörən rəhbərliyinizlə hökumətinizin beynəlxalq ticarətə verdiyi dəstəyi və töhfələri yüksək qiymətləndirir və buna görə Zati-alinizə minnətdarıq. Bu, ötən həftə Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqı Biznes Sammitində beynəlxalq təşkilatlar tərəfindən etiraf olundu və yüksək qiymətləndirildi. 

Əminəm ki, italiyalı və azərbaycanlı sahibkarlar arasındakı uğurlu iqtisadi əlaqələr və xalqlarımızın dostluğu bundan sonra da ölkələrimizin maraqlarına uyğun olaraq inkişaf edəcək.

Zati-aliləri, xahiş edirəm, ən dərin ehtiramımı qəbul edin.

Hörmətlə,

Manuela TRALDİ
İtaliya-Azərbaycan Ticarət Palatasının
(İTAZERCOM) prezidenti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında