Biz xalçalar üzərində ayaq açmışıq. Onların əsrarəngiz naxışları körpə duyğularımıza bələdçilik edib. Bu möcüzəli sənət əsərləri üzərindəki nağıl qəhrəmanları, kainatın sirli obrazları bizə çox şeylər danışıb. Bu xalçalar əsrlər adlayıb, bizə tariximiz, milli-mənəvi dəyərlərimiz haqqında əsl həqiqətləri çatdırıblar. Azərbaycan xalçası xalqımızın ruhunu yaşadan, onun mənəvi dünyasında özünə layiqli yer tutan çox qiymətli sənət nümunələridir.
Bu gün də bu sənət Azərbaycanın istedadlı xalça rəssamları tərəfindən uğurla davam etdirilir. Onların səyi və istedadı xalça sənətimizin yeniləşməsinə, müasirləşməsinə önəmli töhfələr verir. Xalçaçı rəssam Eldar Mikayılzadə də uzun illərdir ki, öz orijinal çeşnili əsərləri ilə Azərbaycanda xalça sənətinin inkişafına xidmət edir. Altmış illik ömrünün yarıdan çoxunu milli xalça sənətimizin inkişafına həsr edən bu böyük sənətkar yaratdığı bənzərsiz əsərləri ilə Azərbaycan xalçaçılıq sənəti salnaməsində yeni səhifə açmışdır. Onun müəllifi olduğu xalçalar dünya midyasında maraqla qarşılanır, sevilir və yüksək qiymətləndirilir.
Eldar Mikayılzadə Xalq rəssamı, mərhum Səttar Bəhlulzadə ilə həmkəndlidir. 1956-cı ildə Əmircan kəndində anadan olan bu müqtədir sənətkar Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin rəngkarlıq fakültəsini əla qiymətlərlə bitirdikdən sonra təhsilini o vaxtkı Leninqrad (Sankt-Peterburq) Rəssamlıq Akademiyasında davam etdirib. Akademiyada təhsilini başa vurub Bakıya qayıtdıqdan sonra, əvvəlcə Azərbaycan Elmlər Akademiyasında xalçaçılıq şöbəsində işləyib, daha sonra isə “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyində baş rəssam kimi fəaliyyət göstərib. Rəssam əmək fəaliyyətini həmin birlikdə baş direktorun müavini, baş direktor vəzifələrinin icraçısı olaraq davam etdirmiş, sonralar özünün “Xalı” şirkətini yaratmışdır. O, 1986-cı ildən SSRİ Rəssamlar İttifaqının, 2004-cü ildən Rusiya Rəssamlar İttifaqının və UNESCO yanında Rəssamlar Birliyinin üzvüdür. Eldar Mikayılzadə müstəqil Azərbaycanın ilk milli valyutasının təsvirinin müəllifidir. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında işləyir.
Bunlar xalçaçı rəssamın ömürlüyünün qısa xülasəsidir. Onun yaradıcılıq bioqrafiyası daha geniş və rəngarəngdir. Burada rəssamın yaratdığı onlarla rəsm əsəri, ömrünün mənasına çevrilmiş çox qiymətli xalça nümunələri vardır.
Onun xalça yaradıçılığı ilə bağlı çoxlu məqalələr, tədqiqat nümunələri var. 2013-cü ildə çap olunan “İlmələrin hikməti” adlı kataloq Eldar Mikayılzadənin yaradıcılığına həsr olunmuş çox qiymətli nəşrdir.
Özünü daha çox xalça sənətində tapan rəssam bütün ruhu ilə bu sənətə bağlıdır. Onun yaratdığı xalçalarda xalqımızın ruhu yaşayır, zəngin milli- mənəvi dəyərlərimiz bu xalçaların əsas atributudur. Bu xalçalardakı rənglər sənətkarın yaradıcı təxəyyülünün məhsulu olmaqla xalqın mənəvi dünyasının daşıyıcılarıdır. Onun əsərlərindən bir neçəsinin adlarını xatırlatmaq istərdik: “Şəbi-hicran-1" (1981), ”Nağıllar aləmi" (1983), “Azərbaycanın poeziya və musiqi korifeyləri” (1983-1984), “Xətai” (1990), “Xəmsə” (1991), “İslam” (1992), “Təbriz” (1993), “Bürclər” (1994), “Xilaskar” (1995-1997), “Üç din” (1998), “Səttar” (1999), “Bismillahir-rəhmanir-rəhim” (2001), “Üç peyğəmbər” (2003), “Şəbi-hicran-2” (2006), ”Yaranış" (2010) və sair.
Bu əsərərə tamaşa edəndə hiss edirsən ki, o, cox güclü yaradıcı potensiala malik olan qüdrətli sənətkardır. Onun son vaxtlar ərsəyə gətirdiyi “Yaranış” (2010), eləcə də “Kəhkəşan” və “Səttarın arzusu” (2012) xalçaları da bunun təsdiqidir.
Rəssamın toxunuşu iki il çəkən “Yaranış” xalçası mövzusuna və bədii həllinə görə xalça sənətində oxşarı olmayan bir sənət nümunəsir. Bu çoxfiqurlu əsərin süjet xəttini xalçanın yaranma prosesi təşkil edir. Müəllif ona xalçaçılığın özündə cəlbedici və yaddaqalan bir bədii görkəm verməyə müvəffəq olmuşdur. Bu, xalçaçılıq sənətinə rəssamın qəlbində əbədi olaraq yaşayan məhəbbətin təzahürüdür.
Bu əsərdə xalcanın toxunmağa başladığı vaxtdan sona kimi bütün proseslər əks olunmuşdur. Hətta çobanın qoyun otarması, südün sağılması, nehrənin çalxanması kimi proseslər də xalçada müəyyən elementlərlə verilmişdir. Bunlar taleyini kəndə bağlamış azərbaycanlıların gündəlik həyatının tərkib hissəsi olduğundan, xalçada görüntüyə gətirilənlər bu səhnəni nə vaxtsa bircə dəfə müşahidə etmiş hər kəsə çox duyğulandırıcı görünür. Yunun qırxılması, onun çayda yuyulub-qurudulması, ardınca isə çırpılması, daranması və əyrilməsi səhnəsi toxunulacaq yeni xalça üçün xammal hazırlığının növbəti mərhələsi kimi kompozisiyaya daxil edilib. Əlbəttə, sonrakı proseslər də diqqətdən yayınmayıb. Burada hər kiçik element müəllifin mövzu ilə bağlı fikir və duyğularının təzahürüdür.
Bu çoxfiqurlu kompozisiyada Eldar Mikayılnzadə özünü Azərbaycan miniatür sənətinin görkəmli nümayəndəsi Sultan Məhəmməd, doğma yurdun bənzərsiz tərənnümçüsü dahi Səttar Bəhlulzadə, xalça sənətimizin korifeyi sayılan Lətif Kərimov və heç vaxt öz məsləhətlərini ondan əsirgəməyən sənət bilicisi Cəfər Mücirinin obrazlarını yanaşı təsvir etməklə, onun sənətkar kimi formalaşmasında əməyi olan bu şəxsiyyətlərin işıqlı xatirəsinə öz ehtiramını bildirmək istəyib.
Əsərdə xalçanın toxunması üçün vacib olan hananın obraz kimi buraya daxil edilməsi çox təqdirəlayiqdir. Onu da qeyd edək ki, xalçaların toxunduğu bu dəzgah ilk dəfə olaraq məhz bu əsərdə görüntüyə gətirilib.
Bu ecazkar sənət nümunəsinin 1986-cı ildə Frankfurtda keçirilən Beynəlxalq xalça sərgisinin qızıl medalına layiq görülməsi də o vaxtlar çox gənc olan xalçaçı-rəssamın yaradıcı təxəyyülünə verilən layiqli qiymət idi.
Eldar Mikayılzadənin xalça sənətimizə gətirdiyi yenilikləri sadalamaqla qurtaran deyil. O, xalçalarında tariximizə səyahət etməyi, xalqımızın nəsillərdən-nəsillərə ötürülən milli-mənəvi dəyərləri haqqında söz açmağı xoşlayır. Çünki Eldar müəllim bu xalqı, bu torpağı bütün varlığı ilə sevən vətənpərvər sənətçidir. Onun xalcalarına tamaşa etsəniz bunun bir daha şahidi olarsınız.
Elə, 2012-ci ildə tamamladığı “Kəhkəşan” xalçası bunun əyani nümunəsidir. Xalçaçılıqda oxşarı olmayan “Kəhkəşan” xalçası həqiqətən bənzəri olmayan yaradıcılıq nümunəsidir. Bu bənzərsizliyi şərtləndirən başlıca səbəb azərbaycanlı sənətkarın dünya xalça sənətinə çoxəsrlik fasilədən sonra bədii həllində çoxsaylı qiymətli daş-qaşlardan istifadə olunan toxuculuq nümunəsi bəxş etməsidir.
Öncədən deyək ki, bu xalçanın kompozisiyasında daş-qaşlardan başqalarından fərqlənmək və yaxud da orijinallıq nümayiş etdirmək məqsədilə istifadə olunmayıb. Elə ərsəyə gətirilən yeni xalçanın ona özünəməxsusluq bəxş edən müsbət məziyyəti də bu daş-qaşların kompozisiyaya məntiqli şəkildə daxil edilməsi, onların hər birinin yerləşdirildiyi yerdə mövcud olan təsvirin və yaxud elementin ifadəliliyinə bütün mənalarda duyulası təsir göstərməsidir.
“Kəhkəşan” dünya xalçaçılığında bu formada toxunan ikinci sənət nümunəsidir. VII əsrdə yaradılmış birinci toxuculuq nümunəsi bu günümüzə gəlib çatmayıb. Bu barədə məlumatı müəllif ustadı Lətif Kərimovdan eşitdiyini bildirib. Onun barəsində ancaq tarixi mənbələrdə məlumata rast gəlmək mümkündür. Həmin informasiyaya əsaslansaq, demək lazımdır ki, bu xalı Sasani hökmdarı Xosrov Pərvizin (II Xosrov) vaxtında toxunubmuş. “Xosrovun baharı” adlanan bu qədim xalçanı Sasanilərin sarayından ərəblər qənimət kimi aparmaq istəyiblər. Lakin xəlifə Ömərin sərkərdələri arasında bu qənimət üstündə ixtilaf düşüb və nəticədə 35-ə yaxın sərkərdə vəziyyətdən yeganə çıxış yolu kimi misli-bərabəri olmayan sənət əsərini kəsib öz aralarında bölüşmək qərarına gəliblər. Bununla da dünyada bənzəri olmayan bir sənət nümunəsini məhv ediblər.
Qeyd edək ki, Eldar Mikayılzadə uzun müddət sənətkarlar üçün əlçatmaz sayılan belə bir əfsanəvi xalının mövcudluğundan xəbərdar idi. Ancaq o, bu işi sonralar tamamladı. Eldar Mikayılzadə keçmişə baxmağa özündə bütün mənalarda güc hiss etdi. İki il davam edən yaradıcılıq prosesindən sonra 2012-ci ildə “Kəhkəşan” xalçası artıq hazır idi. Ölçüsü 200x214 sm olan bu unikal sənət nümunəsinin sıxlığı 55x55-dir. Onun toxunmasında pambıq, yun, ipək və qızıl saplardan istifadə olunmuşdur. Əsərin insan ağlını ovsunlayan koloriti 600-ə yaxın rəng və çalarlardan yaranıb. Kompozisiyada işlədilən qiymətli daş-qaşların sayı 725-dir.
Elmi-fəlsəfi dəyərlərə söykənərək bu xalça özündə kainat haqqında elmi-tarixi həqiqətləri yaşadır. Maraqlıdır ki, müəllifin görüntüyə bədiiliklə yanaşı, həm də elmi dəqiqliyi ilə diqqət çəkir. Künclərdə dünyanın dörd məşhur astronomiya məktəblərinə işarə olan təsvirlər mövcuddur. Burada təqdim olunmuş Şərq, Qərb, Misir və Çin məktəblərinin nümayəndələri səciyyəvi milli geyimdə, istifadə etdikləri alətlərlə vəhdətdədirlər.
Müəllif bu bənzərsiz xalçaçılıq nümunəsini Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr etmişdi. Eldar Mikayılzadə bunun səbəbsiz olmadığını dilə gətirməklə, ulu öndərin Azərbaycan xalqının milli mədəniyyətinə, onun yaradıcıları olan sənət xadimlərinə, o cümlədən onun özünün yaradıcılığına da diqqət və qayğı göstərdiyini bildirmişdir.
Xalçaçı rəssam “Kəhkəşan”la eyni vaxtda başladığı daha bir əsərini diqqətə çatdırmaq istərdik. Bu, dahi fırça ustası, Azərbaycan təbiətinin bənzərsiz tərənnümçüsü Səttar Bəhlulzadəyə həsr olunmuş “Səttarın arzusu” əsəridir. Eldar Mikayılzadə el arasında “Sənətin Məcnunu” kimi tanınan və böyük məhəbbətlə sevdiyi rəssama həsr etdiyi ilk xalça deyil. Onun “Səttar dünyası” (1979) və “Səttar” (1999) əsərlərində rəssamın özünəməxsus sənət dünyasına ətraflı nəzər salınmış, bir çox süjetli xalçalarında isə onun zahiri görkəmi ilə qəribəliyini sərgiləyən görkəmli mənzərə ustasının obrazından istifadə olunmuşdur.
Eldar Mikayılzadə yaradıcılığında portret xalçalara deyil, daha çox süjetli və ornamentli xalçalara üstünlük verilir. Onun Füzuli yaradıcılığına olan sonsuz məhəbbəti də əsərlərində aydın təzahür edir. “Şəbi-hicran” mövzusuna üç dəfə müraciət etmişdir. Rəssamın ilk “Şəbi-hicran”ında xalça açıq rənglərlə toxunsa da, ikincidə tutqun rənglərə üstünlük verilib. Əsərdə təsvir olunmuş sönmüş şamlar bu dünyada vüsala çatmayan Leyli ilə Məcnunu ifadə edir. Rəssam bu mövzudakı üçüncü əsərində isə Füzulini ağaclarla yox, qayalar, dağlarla yaratmış, kompozisiya isə Tuba ağacının təsviri ilə bitir. Bu əsərdə həmçinin rəssam Füzuli yaradıcılığı ilə sıx ünsiyyətdə olan Səttar Bəhlulzadə və Üzeyir Hacıbəyovun da obrazlarını təsvir edib. Eldar Mikayılzadənin yaratdığı altmış əsərdən əlli yeddisi xarici ölkələrdə fərdi kolleksiyalarda və muzeylərdə saxlanılır. Azərbaycan incəsənətinə, mədəniyyətinə olan marağın nəticəsidir ki, əcnəbilər xalçalarımızı alıb öz kolleksiyalarına daxil edirlər.
Rəssam xarici ölkələrdən aldığı sifarişlər əsasında da əsərlər yaratmışdır. Rusiyadakı “Xilaskarın Məsih məbədi” rəssama “İsa peyğəmbərin həyatı” adlı əsər sifariş etmiş, daha sonra iki rəsm əsərini almışdır. “Məryəm və Zəkəriyyə” əsərini isə Roma Katolik Kilsəsi alıb.
Ömrünün 60-cı ilini başa vuran xalçaçı rəssam bu gün də yaratdığı qiymətli xalçalarda xalqımızın milli-mənəvi dəyərlərini gələcək nəsillərə çatdırmaq üçün axtarışlarını uğurla davam etdirməkdədir.
Röya TAĞIYEVA,
“Azərbaycan Xalçaçıları”
İctimai Birliyinin sədri,
sənətşünaslıq doktoru,
professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.