Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri !

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə zati-alinizə, dost Azərbaycan xalqına və hökumətinə Çin Xalq Respublikasının xalqı, hökuməti adından və şəxsən öz adımdan səmimi təbriklərimi və xoş arzularımı bildirirəm.

Son illərdə ölkənizdə siyasi və ictimai sabitliyin möhkəmləndirilməsini, iqtisadiyyatın dinamik inkişafını, xalqın firavan yaşayışının təmin olunmasını və Azərbaycanın beynəlxalq statusunun daim yüksəlməsini müşahidə etmək bizi çox sevindirir. Əminəm ki, zati-alinizin rəhbərliyi ilə Azərbaycan xalqı öz ölkəsinin inkişafı yolunda daim yeni-yeni uğurlar əldə edəcəkdir.

Bu gün bizim dostluq münasibətlərimizin sarsılmaz əsası vardır və ölkələrimiz qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi əzmindədir. Bir neçə gün bundan əvvəl Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısında iştirakınız zamanı biz səmimi və faydalı görüş keçirdik. Görüşdə biz ikitərəfli münasibətlərin gələcək inkişafı və hər iki tərəfi maraqlandıran ümumi məsələlər barədə geniş fikir mübadiləsi apardıq, bir sıra mühüm məsələlərə dair ümumi anlaşmaya nail olduq.

Mən Azərbaycan ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm. Mən qarşılıqlı etimadın dərinləşməsinə, praktiki əməkdaşlığın möhkəmlənməsinə, humanitar dialoqun genişlənməsinə və Çin-Azərbaycan münasibətlərinin inkişafına Sizinlə birgə öz töhfələrimi verməyə hazıram.

Zati-aliləri, Azərbaycana tərəqqi və qüdrət, xalqınıza xoşbəxtlik və əmin-amanlıq, Sizə möhkəm cansağlığı arzu edirəm.

Hörmətlə,

Si CİNPİN

Çin Xalq Respublikasının Sədri

***

Hörmətli İlham Heydər oğlu!

Sizi Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Dost Azərbaycan quruculuq yolu ilə inamla irəliləyir, onun nüfuzu beynəlxalq aləmdə durmadan möhkəmlənir.

Rusiya-Azərbaycan münasibətlərinin mehriban qonşuluq və qarşılıqlı hörmət prinsiplərinə söykənən müsbət dinamikası bizim  strateji tərəfdaşlığımızın möhkəm olduğunu təsdiq edir.

Əminəm ki, bizim istər ikitərəfli əsasda, istərsə də MDB-nin inteqrasiya mexanizmləri çərçivəsində sıx qarşılıqlı fəaliyyətimiz ölkələrimizin xalqlarının rifahı, həmçinin qlobal və regional  təhlükəsizliyin və sabitliyin təmin olunması naminə bundan sonra da inkişaf edəcəkdir.

İlham Heydər oğlu, Sizə və Sizin şəxsinizdə dost Azərbaycan xalqına xoşbəxtlik, uğurlar və firavanlıq arzulayıram.

Hörmətlə,

Vladimir PUTİN

Rusiya Federasiyasının Prezidenti

***

Cənab Prezident!

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə və bütün Azərbaycan xalqına ən xoş təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Həmçinin bu yaxınlarda Bakıya səfərim zamanı mənə göstərdiyiniz yüksək qonaqpərvərliyə görə Sizə bir daha səmimi minnətdarlığımı bildirirəm.

Ümid edirəm ki, iyirmi ildə baş vermiş dəyişikliklərlə böyük təəssürat yaradan ölkəniz müasirlik və rifah yolunda irəliləməyə davam edəcəkdir.

Azərbaycanın ilk dəfə olaraq Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etməsi ölkənizə bu təşkilatın müdafiə etdiyi dəyərlərə bağlılığının ölçüsünü göstərməyə fürsət yaradacaqdır.

 Son illərdə ölkələrimiz arasında əsl tərəfdaşlığın möhkəmlənməsi üçün dostluğu və əməkdaşlığı gücləndirə bilmişik. Səfərim zamanı Sizinlə söhbətimizdə qeyd etdiyimiz kimi, bu əməkdaşlığı konkret layihələrlə, xüsusilə də iqtisadiyyat, elm və ali təhsil sahələrində daha da dərinləşdirməkdə və şaxələndirməkdə davam etdirməyimizi arzulayıram.

Eyni zamanda, Fransanın Cənubi Qafqazda münaqişələrin sülh yolu ilə həllində aktiv fəaliyyətini davam etdirəcəyinə əmin ola bilərsiniz.

Cənab Prezident, Sizdən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Fransua OLLAND

Fransa Respublikasının Prezidenti

***

Hörmətli Prezident, əziz qardaşım!

Qardaş Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə zati-alinizi və əziz qardaşımın şəxsində bütün Azərbaycan xalqını Türk xalqı adından və şəxsən öz adımdan ən səmimi hisslərimlə təbrik edirəm.

Qədim tarixi və qardaşlıq əlaqələrindən güc alan Türkiyə-Azərbaycan münasibətlərinin “Bir millət, iki dövlət” şüarı əsasında müştərək səylərimizlə daha da güclənərək yüksək səviyyəyə çatdırılacağına inamım qətidir.

Əməkdaşlığımız örnək bir həmrəylik içində qardaş xalqlarımızın rifahına, bölgəmizin sülh və sabitliyinə töhfə verməkdə davam edəcəkdir.

Bu əlamətdar bayram münasibətlə zati-aliləri əziz qardaşımın cansağlığı, xoşbəxtliyi, dost və qardaş Azərbaycan xalqının firavanlığı və rifahı üçün ən xoş diləklərimi bir daha ifadə edirəm.

Hörmətlə,

Abdullah GÜL

Türkiyə Respublikasının Prezidenti

*** 

Dəyərli qardaşım!

Dost və qardaş Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə millətim, hökumətim adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram. Bu əlamətdar gündə Azərbaycan xalqının haqlı iftixarını və sevincini ürəkdən paylaşırıq.

Türkiyə və Azərbaycan gücünü ortaq tarix, dil, inanc və mədəniyyət birliyindən alan sıx əlaqələrlə bir-birinə bağlanmış, keçmişdə olduğu kimi bu gün də eyni taleyi bölüşən iki ölkədir.

Azərbaycan bölgədə ən önəmli strateji ortağımızdır və qardaş ölkənin uğurları ilə qürur duyuruq. Əminəm ki, Türkiyə ilə Azərbaycanın münasibətlərini həm ikitərəfli, həm də regional məsələlərdə qarşılıqlı fayda və həmrəylik əsasında daha da inkişaf etdirəcəyik. Əməkdaşlığımızı uğurla davam etdirmək yolundakı iradəmiz qətidir.

Bu əlamətdar bayram münasibətilə Sizə cansağlığı, xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına əmin-amanlıq və rifah arzulayıram.

Hörmətlə,

Rəcəb Tayyib ƏRDOĞAN

Türkiyə Respublikasının Baş naziri

***

Zati-aliləri!

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi, xalqınızı və hökumətinizi təbrik etməkdən çox məmnunam.

Hər bir ölkənin öz mədəniyyətini, tarixini və nailiyyətlərini qeyd etməsi çox vacibdir. Çünki bu, dünyamızı zəngin, möhkəm və dinamik edən müxtəlifliyin əsasıdır. Həmçinin getdikcə qloballaşan dünyada bir-birimizə bağlı olduğumuzu qəbul etməyimiz eyni dərəcədə zəruridir. Ərazisindən və ya sərvətindən asılı olmayaraq bütün üzv dövlətlər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin müddəalarını həyata keçirmək üçün özünəməxsus rol oynayır.

Biz son illərdə, xüsusilə də Minilliyin İnkişaf Məqsədlərinə çatmaqda sevindirici tərəqqinin şahidi olmuşuq. Lakin 2015-ci ilədək müəyyən edilmiş son tarixə qədər bir çox işlər görülməlidir. 2015-ci ildən sonrakı dövrün gündəliyini müəyyənləşdirmək və iqlimlə bağlı iddialı razılığı əldə etmək üçün də çox işlər görülməlidir. Həmin il bir-biri ilə sıx əlaqəli bu vacib məqsədlərə çatmaq üçün birgə səylərimiz baxımından çox mühüm olacaqdır.

Mən ölkənizin fəal iştirakına və liderliyinə güvənməyə davam edəcəyəm. Biz yalnız ümumi amallar üçün çalışaraq ortaq məqsədlərimiz olan sülh, tərəqqi və insan hüquqlarında irəliləyiş əldə edə bilərik.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi rica edirəm.

Hörmətlə,

Pan Gi MUN

BMT-nin baş katibi

***

Zati-aliləri!

Sizi və Azərbaycan xalqını əlamətdar bayram – Respublika Günü münasibətilə təbrik edirəm.

Gürcüstan ölkələrimiz arasında ənənəvi dostluğa, ortaq məqsədlərə və maraqlara söykənən ikitərəfli və çoxtərəfli əməkdaşlığı yüksək dəyərləndirir.

Mən qəti əminəm ki, Gürcüstan ilə Azərbaycan Respublikası arasındakı əlaqələr dövlətlərimizin qarşılıqlı mənafeyi naminə daha da möhkəmlənəcək, regionda sülhün, sabitliyin və rifahın güclənməsinə xidmət edəcəkdir.

Cənab Prezident, bir daha ürəkdən gələn təbriklərimi Sizə çatdıraraq, qardaş Azərbaycan xalqına uğurlar arzu edirəm.

Hörmətlə,

Giorgi MARQVELAŞVİLİ

Gürcüstanın Prezidenti

***

Hörmətli cənab Prezident!

İcazə verin, Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza böyük hörmətlə səmimi təbriklərimi çatdırım.

Sizi əmin edirəm ki, Macarıstan Azərbaycan ilə əlaqələrin dinamik inkişafında və qarşılıqlı faydalı əməkdaşlıqda maraqlıdır.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.

Hörmətlə,

Yanoş ADER

Macarıstanın Prezidenti

***

Zali-aliləri!

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi, xoşbəxtliyiniz və ölkənizin xalqının rifahı üçün xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Hörmətlə,

AKİHİTO

Yaponiyanın İmperatoru

***

Cənab Prezident!

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə Rumıniya xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi və tərəqqi arzularımı ifadə etməkdən böyük şərəf hissi duyuram.  

Rumıniya Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığının güclənməsini fəal şəkildə dəstəkləyir. Eyni zamanda, Rumıniya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş və bu tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planı vasitəsilə davamlı olaraq inkişaf etmiş dostluq əlaqələri ölkələrimizin iqtisadi əməkdaşlığının inkişafı üçün mövcud potensialdan tam istifadəyə əsas yaradır.

Əminəm ki, biz Rumıniya-Azərbaycan iqtisadi əlaqələrinin dərinləşdirilməsinə birlikdə nail olacağıq. Mən böyük məmnuniyyətlə Sizi bu il Rumıniyaya səfərə dəvət etdiyimi bir daha diqqətinizə çatdırıram.

Cənab Prezident, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.   

Hörmətlə,

Trayan BESESKU

Rumıniyanın Prezidenti

***

Zati-aliləri!

Azərbaycanın milli bayramı – 28 May Respublika Günü münasibətilə ən səmimi salamlarımı və xoş arzularımı qəbul edin.

Bolqarıstan ölkələrimiz arasındakı dostluq münasibətlərini yüksək qiymətləndirir. Qəti əminəm ki, xalqlarımızın rifahına xidmət edən, sıx əməkdaşlığa və inama əsaslanan bu münasibətlərin inkişafını gələcəkdə də davam etdirəcəyik.

Sizi tezliklə Bolqarıstan torpağında salamlayacağıma ümid edirəm.

Bu xoş fürsətdən istifadə edərək Sizə bir daha ehtiramımı bildirirəm. Zati-aliləri, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm.

Hörmətlə,

Rosen PLEVNELİYEV

Bolqarıstan Respublikasının Prezidenti

***

Zati-aliləri!

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə zati-alinizi öz adımdan və yunan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Sizin Yunanıstana rəsmi səfəriniz ölkələrimiz arasında mövcud əməkdaşlıq əlaqələrini gələcək illər ərzində hər iki xalqın qarşılıqlı mənafeyinə uyğun olaraq inkişaf etdirəcəkdir.

Fürsətdən istifadə edərək, Azərbaycan xalqına bir daha tərəqqi və rifah, Sizə möhkəm cansağlığı arzu edirəm.

Səmimiyyətlə,

Karolos PAPULYAS

Yunanıstan Respublikasının Prezidenti

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında