Zati-aliləri!
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi salamlarımı və xoş təbriklərimi Sizə çatdırmaqdan məmnunluq duyuram. Sizə fəaliyyətinizdə müvəffəqiyyət və uğurlar, Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzu edirəm.
Fürsətdən istifadə edərək, zati-alinizə ölkələrimizi və dost xalqlarımızı bir-birinə bağlayan əlaqələrin dərinliyindən fəxarət hissi keçirdiyimizi, ölkələrimizin birgə maraqlarına xidmət edən bütün sahələrdə Sizinlə əlaqələndirmə işinin və məsləhətləşmələrin aparılması üçün davamlı səy göstərdiyimizi bildirirəm.
Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Nuri Əli Əbu SƏHMEYN
Liviya Dövlətinin Ümummilli Konqresinin sədri
***
Hörmətli cənab Prezident!
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Ali dövləti vəzifənizdə Sizə uğurlar arzu edirəm.
Azərbaycan Respublikası ilə Avropa İnvestisiya Bankı arasındakı səmərəli əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə ümid edirəm. Əminəm ki, Avropa İnvestisiya Bankı qarşılıqlı razılaşdırılmış “Avropa İttifaqı Bankı” layihəsinin maliyyələşdirilməsi ilə Azərbaycan Respublikası və Avropa İttifaqı arasındakı “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində əlaqələri daha da möhkəmləndirəcəkdir.
2013-cü il avqustun 29-da Azərbaycan Respublikası ilə bankımız arasında imzalanmış çərçivə razılığının Azərbaycan hökuməti tərəfindən ratifikasiya olunacağına ümid edirəm. Bu sənəd Avropa İnvestisiya Bankına ölkənizin sürətli iqtisadi və sosial inkişafını dəstəkləmək üçün maliyyələşdirmə işlərini başlamağa imkan yaradacaqdır.
Xahiş edirəm, ən dərin ehtiramımı qəbul edin.
Hörmətlə,
Verner HOYER
Avropa İnvestisiya Bankının prezidenti
***
Hörmətli Prezidentimiz!
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə zati-alinizi Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi Təhsil Şurasının elmi-pedaqoji, tələbə, müəllim kollektivləri və valideyn təşkilatları adından və öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Seçkilərdəki parlaq qələbəniz Azərbaycan xalqının Sizə etimadı, etibarı, eyni zamanda, ölkədə demokratiyanın bərqərar olduğunun, azad, bərabər, şəffaf seçki sisteminin möhkəm təməllər üzərində qurulduğunun əyani təsdiqidir.
Sizi yenidən ali dövləti vəzifəyə seçməklə Azərbaycan xalqı ötən on ildə fəaliyyətinizə ümumxalq qiyməti vermiş, eyni zamanda, bununla Sizin ümummilli lider Heydər Əliyevin ideyalarına sədaqətinizi də təsdiq etmiş, buna dəstək verdiklərini sübut etmişdir.
Biz xalqın bu seçimini sevinclə, qürurla, iftixarla qarşılayaraq, təhsil sahəsində, gənc nəslin Azərbaycanın gələcək fəal qurucuları kimi yetişməsi üçün müəyyən etdiyiniz siyasətin həyata keçirilməsində fəal iştirak etməklə zati-alinizə, Azərbaycan xalqına bundan sonra da sədaqətlə xidmət edəcəyimizi bəyan edirik.
Müasir, müstəqil, demokratik Azərbaycan Respublikasının yenidən Prezidenti seçilməyiniz münasibətilə Sizi, Azərbaycan xalqını və bütün Azərbaycansevərləri bir daha ürəkdən təbrik edirik.
Hörmətlə,
Enver ÖZEREN
Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi Təhsil Şurasının sədri
***
Əziz İlham Heydər oğlu!
Yenidən Azərbaycan Respublikasının ali dövləti vəzifəsinə seçilməyiniz münasibətilə “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası Sizi səmimi qəlbdən təbrik edir, İsraildə yaşayan bütün çoxminlik azərbaycanlılar icması adından Sizə və Azərbaycan xalqına sülh, səadət və firavanlıq arzulayır.
Sizin prezident vəzifəsində fəaliyyətinizin lap əvvəlindən Azərbaycan yaxşılığa doğru dəyişməyə başlamış və dünyada ən qabaqcıl, sürətlə inkişaf etməkdə olan ölkələrdən birinə çevrilmişdir. Sizin müdrik və uzaqgörən siyasətiniz sayəsində Azərbaycan regionda və onun hüdudlarından kənarda ən nüfuzlu və iqtisadi baxımdan cəlbedici ölkələrdən biri olmuşdur. Məhz son illərdə dünyada Azərbaycanı çox qədim tarixə, zəngin mədəniyyətə və gözəl milli ənənələrə malik bir ölkə kimi tanımışlar.
Biz, hazırda İsraildə yaşayan azərbaycanlılar öz Vətənimizlə həmişə fəxr etmişik. Lakin indi zati-alinizin rəhbərliyi ilə ölkəmizin günbəgün yaxşılığa doğru dəyişdiyi, bütün dünyanın ən gözəl, sivil və cəlbedici dövlətlərindən birinə çevrildiyi vaxtda biz aydın başa düşürük ki, bu, ilk növbədə Sizin xidmətlərinizin bəhrəsidir. Azərbaycanlılar Sizin kimi müdrik, məqsədyönlü, mütərəqqi, həyat və fəaliyyətinin yüksək amalı öz Vətəninə, öz xalqına xidmət etməkdən ibarət olan liderə layiqdirlər.
Sizə ali dövləti fəaliyyətinizdə bundan sonra da yeni uğurlar və ümumxalq sevgisi arzu edirik.
Hörmətlə,
“Azİz” İsrail-Azərbaycan Beynəlxalq
Assosiasiyasının İdarə Heyəti
***
Hörmətli cənab Prezident!
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi “İstanbul Azərbaycanlı Tələbə Gənclər Dərnəyi” İctimai Birliyinin üzvləri adından səmimi qəlbdən təbrik edirik. Seçkilərdə parlaq qələbəniz ümummilli lider Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirməyinizə Azərbaycan xalqının inamının təsdiqidir.
Ötən on illik prezidentliyiniz dövründə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili sahəsində görülən işlər daha geniş vüsət almışdır. Biz tələbələr xarici ölkələrdə təhsil almaqla bərabər, azərbaycançılıq məfkurəsi ətrafında birləşərək dövlətimizin demokratik yolla irəlilədiyini, qazandığı uğurları təbliğ edirik.
Gənclərə daim humanist diqqət və qayğı ilə yanaşmağınız Sizə inamımızı daha da artırmışdır. Türkiyədə təhsil alan tələbələrimiz oktyabrın 9-da səfirliyimizdə, konsulluqlarımızda yaradılmış seçki məntəqələrinə gələrək yekdilliklə Sizə səs vermişlər.
Möhtərəm cənab Prezident, əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycanın inkişafı davamlı olacaq, gənclərə diqqət və qayğı daha da artacaq, Azərbaycan dünya ictimaiyyətində yürütdüyünüz müdrik siyasət nəticəsində öz sözünü hər zaman deyəcək, işğal altında olan torpaqlarımız isə azad ediləcəkdir.
Bir daha Sizi inamlı qələbəniz münasibətilə səmimi qəlbdən təbrik edirik.
Hörmətlə,
Tural QURBANOV
“İstanbul Azərbaycanlı Tələbə Gənclər Dərnəyi” İctimai Birliyinin sədri
***
Möhtərəm cənab Prezident!
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Küveyt Dövlətində fəaliyyət göstərən “Küveyt-Azəri” Ticarət Müəssisəsinin bütün əməkdaşları adından səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan Respublikasına hər səfərim zamanı ölkənizdə baş verən sürətli inkişafın, müsbət dəyişikliklərin şahidi oluram. Bu müsbət dəyişikliklər Sizin adınızla, uğurlu fəaliyyətinizlə bağlıdır. Dost və qardaş Azərbaycan xalqı da məhz bu böyük işlərə qiymət verərək, zati-alinizin siyasətini dəstəkləmişdir.
Cənab Prezident, ali dövləti vəzifənizdə Sizə yeni-yeni uğurlar diləyir, bir daha təbriklərimi və ehtiramımı çatdırıram.
Hörmətlə,
Raid Xıdır RƏCƏB
“Küveyt-Azəri” Ticarət Müəssisəsinin sədri
***
Hörmətli cənab Prezident!
Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Qanunauyğun nəticə olan bu qələbə öz ümidlərini və gələcəyini şəxsən Sizinlə bağlayan xalqımızın zati-alinizə yüksək etimadına dəlalət edir.
Ailəm adından Sizə və doğmalarınıza möhkəm cansağlığı arzu edirəm. Sizə bundan sonra da Azərbaycan xalqına şərəflə xidmət etməyinizi, dahi Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf yolunda, Vətənimizin çiçəklənməsi yolunda yeni zirvələr fəth etməyinizi diləyirəm.
Biz tarixi Vətənimiz olan Azərbaycanın uğurlarına sevinirik və inanırıq ki, Siz qarşıda hələ çox qələbələr qazanacaqsınız. Biz Sizi sevirik, Sizinlə fəxr edirik! Allah Sizi qorusun!
Hörmətlə,
Eldar DƏHNƏVİ
Rusiya Federasiyası, Kazan Dövlət Texnologiya Universitetinin professoru, kimya elmləri doktoru, “NOST” (SİBUR Holdinq, Tomsk şəhəri) riyazi modelləşdirmə və layihələrin texnoloji ekspertizası şöbəsinin rəisi
***
Hörmətli İlham Heydər oğlu!
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Qazaxıstan Respublikasının “Turan” Azərbaycanlılar Konqresi İctimai Birliyinin, habelə Birliyin şimal, qərb, şərq və cənub regionlarının, o cümlədən Almatı şəhərində rəsmən qeydiyyata alınmış Kostanay, Pavlodar, Almatı, Akmolay vilayətlərindəki filiallarının rəhbərləri, müstəqil şəkildə qeydiyyatdan keçmiş Almatı şəhərinin “Ozan” İctimai Birliyinin sədri Q.Məmmədovun, Astana şəhərinin “Xəzər” İctimai Birliyinin sədri V.Ağayevin, Almatı vilayətindəki “Qobustan” Birliyinin sədri E.Əhmədovun, Manqistau vilayətindəki “Dostluq” Birliyinin sədri B.Məsimovun, Karaqanda vilayətindəki “Namus” Birliyinin sədri B.Məmmədovun, Kostanay vilayətindəki “Birlik” İctimai Birliyinin sədri Q.İmanovun, “Heydər” Gənclər Birliyinin sədri B.Axundovun adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Ali dövləti vəzifənizdə Sizə uğurlar, sülh və səadət arzu edirəm.
Hörmətlə,
Müseyib NOVRUZOV
Qazaxıstan Respublikasındakı “Turan” Azərbaycanlılar Konqresinin prezidenti
***
Hörmətli İlham Heydər oğlu!
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Özbəkistan Respublikası Kaşkadərya vilayətinin Azərbaycan diasporu adından təbrik edirik. Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə yeni-yeni uğurlar diləyirik.
Hörmətlə,
Mehdi ƏLİCANOV
Özbəkistanın Karşi şəhərindəki Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri
***
Cənab Prezident!
İcazə verin seçkilərdə inamlı qələbəniz və yenidən Azərbaycan Respublikasının ali dövləti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edim.
Seçicilərin mütləq əksəriyyətinin Sizi dəstəkləməsi bir daha göstərdi ki, ölkəmiz sabitlik, sülh, daxili və xarici siyasətin uğurla həyata keçirilməsi yolu ilə irəliləyir.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, sevimli Vətənimizin daha da inkişafı naminə uğurlar arzu edirəm.
Dərin hörmətlə,
Xanoğlan ƏLİYEV
Rusiya Federasiyasının Ximki şəhərində Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədri, Şəhər Sovetinin deputatı
***
Hörmətli İlham Heydər oğlu!
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Azərbaycan xalqının rifahı, Azərbaycan dövlətinin çiçəklənməsi naminə fəaliyyətinizdə Sizə uğurlar arzulayıram. Biz Sizə - ulu öndər Heydər Əliyevin böyük işlərinin layiqli davamçısına inanırıq və Sizinlə fəxr edirik.
Hörmətlə,
Bəhram İSGƏNDƏROV
Rusiya Federasiyası, Penza Həkimləri Təkmilləşdirmə İnstitutunun professoru, tibb elmləri doktoru
***
Hörmətli İlham Heydər oğlu!
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Xalqımızın gözəl ənənələri çoxdur, lakin öz xalqını və Vətənini müdafiə etmək ənənəsi xüsusilə müqəddəsdir. Sizin fəaliyyətiniz bizim üçün öz işinə fədakarlıqla xidmət, Vətənə məhəbbət nümunəsi olmuşdur və bu gün də belədir.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz Sizin xidmətlərinizə verilən ən yaxşı qiymətdir. Sizə səmimi qəlbdən möhkəm cansağlığı, uzun ömür və firavanlıq arzulayıram.
Hörmətlə,
Balaxan SƏFƏROV
Rusiya Federasiyasının Kaluqa vilayətindəki “Avrora” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru, əməkdar kənd təsərrüfatı işçisi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.