Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri cənab Prezident!

Azərbaycan Respublikasının Prezidenti seçkilərində yenidən qalib gəlməyiniz münasibətilə öz adımdan və İtaliya Hökuməti adından Sizə ən səmimi təbriklərimi bildirmək istəyirəm.

İtaliya və Azərbaycan mövcud ikitərəfli münasibətlərini və müxtəlif sahələr, eləcə də Trans-Adriatik qaz kəməri layihəsinin inkişaf etdirilməsində strateji tərəfdaş kimi çıxış etməyimizə səbəb olan energetika sahəsi üzrə əməkdaşlığı daha da genişləndirmək üçün imkanlara malikdir.

Ötən avqust ayında Bakıya səfərim zamanı göstərdiyiniz yüksək qonaqpərvərliyi xatırlayaraq bir daha Sizə təbriklərimi bildirir və Sizi yenidən görməyimə ümid edirəm.

Hörmətlə,

Enriko LETTA

İtaliya Nazirlər Şurasının sədri

 

 

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident!

Qardaş Azərbaycan xalqının Zati-alinizə etimad göstərərək Sizi yenidən Prezident seçməsi münasibətilə ən xoş təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bu münasibətlə öz adımdan və İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından Zati-alinizə ən səmimi təbriklərimi çatdırır, Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin gələcəkdə də möhkəmləndirilməsi və inkişaf etdirilməsinə yönəlmiş səylərimizi təsdiq edir və həmin əlaqələrin daha geniş sahələri əhatə edəcəyinə tam əminliyimizi bildiririk. Bu əlaqələr hər iki qardaş ölkə və xalqın müştərək mənafelərinin həyata keçirilməsinə və İslam ümmətimizin problemlərinin həllinə xidmət edir.

Zati-alinizə möhkəm cansağlığı, xalqınıza isə tərəqqi, inkişaf və çiçəklənmə arzu edirəm.

Qardaşınız,

II Abdullah İbn Əl-Hüseyn

İordaniya Haşimilər Krallığının Kralı

 

 

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Son illər Sizin rəhbərliyiniz altında Azərbaycanda sabit sosial-siyasi vəziyyət müşahidə olunur, iqtisadi inkişaf sahəsində əhəmiyyətli nəticələr əldə edilir, beynəlxalq birlikdə Azərbaycanın statusu və nüfuzu durmadan yüksəlir. Çin tərəfi bütün bunlara ürəkdən sevinir.

Çin ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətləri diplomatik əlaqələrin qurulduğu 21 il ərzində sağlam və sabit məcrada inkişaf edir. Hər iki ölkə daim yüksək səviyyədə əlaqə saxlayır, işgüzar əməkdaşlıq səmərəli surətdə inkişaf edir, humanitar mübadilələr getdikcə daha sıx xarakter alır. Hər iki ölkə beynəlxalq və regional məsələlərdə birgə fəaliyyət həyata keçirir. Mən Çin ilə Azərbaycan arasında bütün sahələrdə ikitərəfli münasibətlərin və əməkdaşlığın inkişafına Sizin verdiyiniz mühüm töhfələri yüksək qiymətləndirirəm. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük diqqət yetirirəm. Çin sadiq dost və tərəfdaş kimi Azərbaycana güvənir. Mən Çin-Azərbaycan münasibətlərinin davamlı inkişafını iki ölkənin və onların xalqlarının rifahı naminə irəlilətmək üçün Sizinlə birgə səylər göstərməyə hazıram.

 Azərbaycanın çiçəklənməsini və qüdrətli olmasını, xalqınıza xoşbəxtlik, Sizə möhkəm cansağlığı və firavanlıq arzulayıram.

Hörmətlə,

Si TSZİNPİN

Çin Xalq Respublikasının Sədri

 

 

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri cənab Prezident, əziz dost!

Azərbaycan Respublikasının Prezidenti seçkilərində qalib gəlməyiniz münasibətilə səmimi təbrikimi qəbul edin. Bu, tamamilə layiq olduğunuz tarixi qələbədir. Bu qələbə prezidentliyiniz dövründə Azərbaycanın əldə etdiyi tərəqqinin nəticəsidir. Azərbaycan xalqı buna dəyər verdi, tarix də dəyər verəcəkdir. Seçkilərdə qələbəniz Azərbaycan xalqı tərəfindən Sizə göstərilən böyük etimad və etibardır. Buna isə ölkənizin inkişafı və rifahı üçün göstərdiyiniz böyük əzm və yorulmaz fəaliyyətiniz səbəb olmuşdur. Bu qələbəniz nəinki Azərbaycanın müstəqilliyi, eləcə də postsovet məkanındakı ölkələr üçün də mühüm amildir. Azərbaycan xalqı üçün gördüyünüz böyük işlər gürcü xalqı ilə bərabər regionda azadlığı sevən hər bir xalqa ilham qaynağı olmuşdur.

Əminəm ki, Gürcüstan və Azərbaycan Respublikası arasında mövcud olan xüsusi strateji tərəfdaşlıq xalqlarımızın rifahı naminə yenə də məhsuldar şəkildə davam edəcəkdir.

Fürsətdən istifadə edərək, dərin hörmətimi ifadə edir və bir daha gürcü xalqı və şəxsən öz adımdan Sizi təbrik edirəm. Ali dövləti vəzifəsində Sizə uğurlar diləyir, qardaş Azərbaycan xalqına xoşbəxtlik və rifah arzulayıram.

Hörmətlə,

Mixeil SAAKAŞVİLİ

Gürcüstanın Prezidenti

 

 

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycan vətəndaşları Sizin ölkənin inkişafı, onun iqtisadiyyatının modernləşdirilməsi istiqamətində həyata keçirdiyiniz  xətti qətiyyətlə dəstəkləmişlər.

Ukraynada Sizi görkəmli dövlət xadimi və müdrik siyasətçi, Ukrayna xalqının böyük dostu kimi tanıyırlar.

Ukrayna-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin inkişafında və möhkəmlənməsində Sizin rolunuzu yüksək qiymətləndirirəm. Əminəm ki, bizim etimada söykənən səmimi konstruktiv dialoqumuz Ukrayna və Azərbaycan Respublikası xalqlarının səmərəli və qarşılıqlı faydalı əlaqələri üçün bundan sonra da etibarlı əsas olacaqdır.

Hörmətli İlham Heydər oğlu, Sizə nəzərdə tutduğunuz bütün planların həyata keçməsini, möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə sülh, xoş günlər və çiçəklənmə arzulayıram.

Hörmətlə,

Viktor YANUKOVİÇ

Ukrayna Prezidenti

 

 

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident!

Azərbaycanda keçirilən prezident seçkilərində qalib gəlməyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaq istəyirəm. Əldə etdiyiniz qələbə onu təsdiq edir ki, Siz seçicilərin etimadını bu günə qədər həyata keçirdiyiniz əhəmiyyətli layihələrlə qazanmısınız.

Qarşınıza qoyduğunuz yeni məqsədlərə nail olmaqda Sizə uğurlar arzulayıram. Əminəm ki, ölkələrimiz arasında yaxşı əməkdaşlıq münasibətləri ümumi maraqlar çərçivəsində və xalqlarımızın firavanlığı naminə bir çox sahələrdə davamlı surətdə inkişaf edəcəkdir.

Hörmətli cənab Prezident, Sizə yeni mandatınızda nailiyyətlər arzu edir, yüksək ehtiramımla bərabər ən xoş diləklərimi qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Trayan BASESKU

Rumıniyanın Prezidenti

 

 

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, əziz Prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbriklərimi və ən səmimi arzularımı Sizə çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Əminəm ki, ölkələrimiz arasında ikitərəfli yüksək əlaqələrin daha da möhkəmləndirilməsi üçün Sizinlə birgə işləməyi davam etdirəcəyik.

Əziz həmkarım, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.   

Hörmətlə,

Toomas Hendrik İLVES

Estoniya Respublikasının Prezidenti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında