Hörmətli Prezident, əziz dostum!
2013-cü il oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkilərində bu ali vəzifəyə yenidən seçilməyiniz münasibətilə millətim, hökumətim və şəxsən öz adımdan ən səmimi təbriklərimi bildirirəm.
Bu münasibətlə dost və qardaş Azərbaycan xalqının iradəsini əks etdirən seçkilərin əmin-amanlıq və etimad şəraitində keçirilməsindən məmnunluq duyduğumu ifadə etmək istəyirəm.
Bu gün qardaş Azərbaycanın böyük uğurlar qazanaraq bölgəsində bir sabitlik abidəsi kimi yüksəlməsində bütün dünyanın təqdir etdiyi müstəsna öndərliyinizin payı şübhəsiz ki, böyükdür.
Türkiyə və Azərbaycan arasındakı münasibətlərin istər ikitərəfli, istərsə də çoxtərəfli platformalarda inkişafında aparıcı rolunuzun davam edəcəyindən və bu əsasda atacağımız müştərək addımlarla ikitərəfli əlaqələrimizin qardaş xalqlarımızın xeyrinə olacaq şəkildə daha da yüksək səviyyələrə çatdırılacağına tam əminəm.
Bu fürsətdən istifadə edərək Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycanın rifahı və əmin-amanlığı üçün ən səmimi diləklərimi çatdırıram.
Rəcəb Tayyib ƏRDOĞAN
Türkiyə Respublikasının
Baş naziri
Hörmətli Prezident Əliyev!
ABŞ Konqresinin ABŞ-Azərbaycan dostluq qrupunun həmsədrləri olaraq, Sizi yenidən Prezident seçilməyiniz münasibətilə təbrik edirik. Sizin Prezident seçilməyiniz Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsində növbəti mühüm bir mərhələdir. Demokratik prosesin mühüm hissəsi olan ümummilli seçkilər vətəndaşların seçki hüququnu təmin edir.
ABŞ və Azərbaycan ortaq strateji maraqlara əsaslanan güclü tərəfdaşlıq əlaqələrinə malikdirlər. Bizim ölkələr ekstremizmin yayılmasının qarşısının alınması, dünyada tolerantlığın və tərəqqinin inkişafı uğrunda birgə fəaliyyət göstərir. Biz Azərbaycanın ABŞ-ın Əfqanıstan, İraq və Kosovodakı sülhyaratma əməliyyatlarına mühüm dəstəyini yüksək qiymətləndiririk.
Bizim Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində birgə səylərimiz Trans-Adriatik boru kəməri layihəsinin (TAP) “Cənub” qaz dəhlizinin Avropaya qaz nəqli marşrutu kimi seçilməsi ilə bağlı bu yaxınlarda verilmiş qərardan faydalanmaqdadır. ABŞ və bizim avropalı müttəfiqlərimiz bu cür enerji məsələlərində Azərbaycanın liderliyini tanıyır.
ABŞ və Azərbaycanı müxtəliflilik, tolerantlıq, azlıqlara və gender hüquqlarına hörmət kimi bir çox məsələlərdə ortaq dəyərlər birləşdirir.
Biz hər bir demokratik sistemin əsası olan bu fundamental dəyərlərin Azərbaycan cəmiyyətində dərin köklərə malik olduğunu təsdiqləyirik.
Cənab Prezident, Azərbaycanın dostları olaraq, Sizə və xalqınıza ölkənizi inkişaf etdirmək səylərinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
Bill ŞUSTER və Stiven KOHEN
ABŞ Konqresinin üzvləri
Hörmətli İlham Heydər oğlu!
Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Növbəti dəfə bu vəzifəyə seçilməyiniz Sizin Azərbaycan xalqı qarşısında qazandığınız yüksək nüfuzu tam təsdiq edir. Əminəm ki, Sizin görkəmli lider keyfiyyətləriniz bundan sonra da Azərbaycan Respublikasının siyasi sabitliyinə və iqtisadi inkişafına xidmət edəcəkdir. Həştərxanlılar Sizi xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmlənməsinin əqidəli tərəfdarı kimi tanıyır və qiymətləndirirlər. Sizin səyləriniz sayəsində Həştərxan-Azərbaycan əməkdaşlığına xeyli dərəcədə yeni nəfəs verilmişdir, Azərbaycanın və Həştərxan vilayətinin iştirakı ilə yeni genişmiqyaslı layihələr aşkar cəhətlər kəsb edir. Ümidvaram ki, aramızda yaranmış konstruktiv dialoq gələcəkdə Həştərxan vilayəti ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin dərinləşməsinə tam kömək edəcəkdir.
Çox hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, Azərbaycanın rifahı naminə yeni uğurlar diləyirəm.
Hörmətlə,
Aleksandr JİLKİN
Həştərxan vilayətinin qubernatoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.