Cənab Prezident, əziz qardaşım!
Dost və qardaş Azərbaycanın dövlət bayramı - Respublika Günü münasibətilə Zati-aliləri, Sizin timsalınızda bütün azərbaycanlı qardaşlarımızı türk xalqı və şəxsən öz adımdan ən səmimi duyğularla təbrik edirəm.
Azərbaycan ilə gücünü ortaq dil, inanc, mədəniyyət, tarix və dəyərlərimizdən alan və “bir millət, iki dövlət” devizi əsasında həyata keçirdiyimiz güclü dostluq, qardaşlıq və əməkdaşlığın hər sahədə artaraq davam etməsini səmimi qəlbdən arzu edirik.
Türkiyə və Azərbaycanın Cənubi Qafqazda sülh, təhlükəsizlik və sabitliyin yaradılması istiqamətindəki ortaq səylərinin hər iki ölkə üçün yeni uğurlara yol açacağına əminəm.
Fürsətdən istifadə edərək, zati-alilərinizin sağlamlıq və xoşbəxtliyi ilə dost və qardaş Azərbaycan xalqının sülh və firavanlığı naminə ən səmimi diləklərimi bir daha bildirirəm.
Hörmətlə,
Abdullah GÜL
Türkiyə Respublikasının Prezidenti
***
Cənab Prezident!
Əziz qardaşım!
Dost və qardaş Azərbaycanın dövlət bayramı - Respublika Günü münasibətilə, millətim, hökumətim adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi bildirirəm. Bu mənalı gündə Azərbaycan xalqının haqlı qürurunu və şövqünü ürəkdən paylaşırıq.
Mükəmməl səviyyədəki ikitərəfli münasibətlərimizin və ortaq tarix, mədəniyyət və adət-ənənələrlə bir-birinə bağlanan qardaş xalqlarımız arasındakı güclü həmrəyliyin hər sahədə dərinləşərək gələcək nəsillərə çatdırılacağına inamım sonsuzdur.
Aramızdakı yaxın bağların və həmrəyliyin, xalqlarımız üçün səmərəli olduğu qədər, regionumuzun sülh və rifahının təmin edilməsi baxımından da mühüm olduğunu düşünürəm. Bu çərçivədəki əməkdaşlığımızı qətiyyətlə davam etdirmək yolundakı iradəmiz tamdır.
Fürsətdən istifadə edərək, Sizin sağlamlıq və xoşbəxtliyiniz ilə dost və qardaş Azərbaycan xalqının sülh və firavanlığı üçün ən səmimi diləklərimi bir daha bildirirəm.
Hörmətlə,
Rəcəb TAYYİB ƏRDOĞAN
Türkiyə Respublikasının Baş naziri
***
Möhtərəm İlham Heydər oğlu!
Polyak xalqı adından Sizi Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan Cənubi Qafqaz regionunda Polşanın mühüm tərəfdaşı olmaqda davam etməkdədir. Müsbət əməkdaşlıq atmosferinin ticarət dövriyyəsi və sərmayələrin, həmçinin enerji layihələrinin inkişafına səbəb olacağına əminəm.
Polşa müstəqil Azərbaycanın həm daxili siyasətdə, həm də beynəlxalq arenadakı nailiyyətlərini yüksək qiymətləndirir. Ümid edirəm ki, cari ilin payız aylarında keçiriləcək Şərq Tərəfdaşlığının III Zirvəsi Azərbaycan və Avropa Birliyi arasında münasibətlərin daha da möhkəmlənməsinə təkan verəcəkdir. Avropa Birliyi ilə assosiativ müqavilə və vizasız hərəkət perspektivi rəhbərlik etdiyiniz ölkənin sosial və iqtisadi modernləşməsinə mühüm töhfə verə biləcəkdir.
Azərbaycan xalqına və şəxsən Sizə olan ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.
Dərin hörmətlə,
Bronislav KOMOROVSKİ
Polşa Respublikasının Prezidenti
***
Hörmətli İlham Heydər oğlu!
Milli bayramınız - Respublika Günü münasibətilə Ukrayna xalqı adından və şəxsən öz adımdan Sizi təbrik edirəm.
Bu gün Azərbaycan öz dövlətçiliyini möhkəmləndirir, beynəlxalq aləmdə nüfuzunu artırır, həyatın bütün sahələrində inamla yüksək göstəricilər nümayiş etdirir.
Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, bizim birgə səylərimiz sayəsində Ukrayna-Azərbaycan münasibətləri yüksək səviyyəyə çatmışdır. Əminəm ki, ikitərəfli əməkdaşlığın bütün mühüm istiqamətləri üzrə konstruktiv dialoqun daha da genişlənməsi hər iki dövlətin xalqlarının rifahı naminə strateji tərəfdaşlığın dərinləşməsinə şərait yaradacaqdır.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, məsul dövləti fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
Viktor YANUKOVİÇ
Ukrayna Prezidenti
***
Hörmətli İlham Heydər oğlu!
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi və ən yaxşı arzularımı qəbul edin.
Biz bu gün dövlət quruculuğunun, cəmiyyətdə islahatlar aparılmasının, ölkənin sosial-iqtisadi inkişafının bütün sahələrində Azərbaycanın sanballı nailiyyətlərinin şahidiyik. Azərbaycan suverenliyin və müstəqilliyin möhkəmlənməsinə, xalqın rifahının yaxşılaşmasına, beynəlxalq məkanda dövlətin nüfuzunun yüksəlməsinə istiqamətlənmiş dəyişiklikləri qətiyyətlə və layiqincə həyata keçirir.
Ötən ilin oktyabrında gözəl və günəşli Bakıda görüşümüzü, dostluq, etimad və tam qarşılıqlı anlaşma şəraitində keçən səmərəli danışıqlarımızı xüsusi hərarətlə xatırlayıram.
İnanıram ki, bizim əldə etdiyimiz razılaşmalar çoxplanlı və uzunmüddətli Özbəkistan-Azərbaycan əməkdaşlığının qardaş xalqlarımızın maraqları naminə gələcək inkişafı və dərinləşməsi üçün etibarlı zəmin olacaqdır.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dövləti fəaliyyətinizdə yeni uğurlar, dost Azərbaycan xalqına firavanlıq və çiçəklənmə arzulayıram.
Hörmətlə,
İslam KƏRİMOV
Özbəkistan Respublikasının Prezidenti
***
Hörmətli İlham Heydər oğlu!
Türkmənistan hökuməti adından və şəxsən öz adımdan Sizə və Sizin şəxsinizdə ölkənizin dost xalqına Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Türkmənistan və Azərbaycan xalqlarının rifahı naminə ölkələrimiz arasında qarşılıqlı dostluq münasibətlərinin bundan sonra da dinamik inkişaf edəcəyinə və möhkəmlənəcəyinə qəti əminliyimi bildirirəm.
Sizə möhkəm cansağlığı və firavanlıq, dost Azərbaycan xalqına sülh, tərəqqi və çiçəklənmə arzulayıram.
Hörmətlə,
Qurbanqulu BERDİMƏHƏMMƏDOV
Türkmənistan Prezidenti
***
Zati-aliləri!
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Ölkənizin tarixində bu əlamətdar gündə fərəhlə qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası öz dövlətçiliyini bərpa edəndən keçən illər ərzində müstəqilliyin möhkəmlənməsində, milli iqtisadiyyatın inkişafında və beynəlxalq aləmdə öz mövqelərinin gücləndirilməsində sanballı uğurlar qazanmışdır. Əminəm ki, Sizin Prezident kimi ali vəzifədə çoxşaxəli fəaliyyətiniz bundan sonra da dövlətinizin tərəqqisinə və xalqınızın rifahının durmadan yüksəlməsinə xidmət edəcəkdir.
Qəti əminəm ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında ənənəvi dostluq münasibətləri bizim qarşılıqlı faydalı əməkdaşlığımızın daha da genişlənməsi və dərinləşməsi üçün yeni perspektivlər açır.
Hörmətli cənab Prezident, icazə verin, Sizə möhkəm cansağlığı və ölkənizin rifahı naminə yeni uğurlar, bütün dost Azərbaycan xalqına isə sülh, həmrəylik və firavanlıq arzulayım.
Hörmətlə,
Nikolaye TİMOFTİ
Moldova Respublikasının Prezidenti
***
Zati-aliləri!
Azərbaycanın milli bayramı - 28 May - Respublika Günü münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından Sizə ən səmimi təbriklərimizi yetirirəm.
Ölkənizə və xalqınıza davamlı tərəqqi və firavanlıq arzu edirəm.
II ABDULLAH
İordaniya Haşimilər Krallığının Kralı
***
Zati-aliləri!
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə İsveçrə Federal Şurası adından və şəxsən öz adımdan zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan, Sizə cansağlığı, ölkənizə çiçəklənmə və rifah arzulamaqdan böyük məmnunluq duyuram.
Qoy, ölkələrimiz arasındakı mövcud dostluq və əməkdaşlıq əlaqələri növbəti ildə daha da güclənsin.
Ueli MAURER
İsveçrə Konfederasiyasının Prezidenti
***
Zati-aliləri!
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə zati-alinizə öz adımdan və Sloveniya xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan, ölkənizə hərtərəfli tərəqqi və çiçəklənmə arzulamaqdan böyük məmnunluq duyuram.
Fürsətdən istifadə edərək, ölkələrimiz arasında yaranmış sıx tərəfdaşlıq və məhsuldar əməkdaşlıq əlaqələrini qeyd etmək istəyirəm. Bu əlaqələr xüsusən iqtisadiyyat sahəsində çox uğurludur.
İnanıram ki, Sloveniya və Azərbaycan arasındakı əlaqələr müntəzəm dialoq, qarışlıqlı anlaşma və dostluq ruhunda davam edib bundan sonra da regionda sülh və sabitlik maraqlarına xidmət edəcək.
Zati-aliləri, ən dərin ehtiramımı qəbul etmənizi xahiş edirəm.
Dərin hörmətlə,
Borut PAHOR
Sloveniya Respublikasının Prezidenti
***
Zati-aliləri!
Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Çox inanıram ki, Bolqarıstan və Azərbaycan əməkdaşlıq səylərini ölkələrimizin və xalqlarımızın gələcəyi naminə qarşılıqlı fayda əsasında və ənənəvi dostluq ruhunda bundan sonra da davam etdirəcək.
Ölkənizin və xalqınızın inkişafı naminə zati-alinizə səmimi qəlbdən cansağlığı və gələcək işlərinizdə uğur arzulayıram.
Fürsətdən istifadə edərək ən dərin ehtiramımı qəbul etmənizi xahiş edirəm.
Hörmətlə,
Rosen PLEVNELİYEV
Bolqarıstan Respublikasının Prezidenti
***
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri!
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram və Qətər xalqı da mənim bu təbriklərimə qoşulur.
Fürsətdən istifadə edərək dərin hörmətlə Sizə səmimi salamlarımı çatdırır, zati-alinizə rifah, Azərbaycan xalqına isə daha böyük inkişaf və çiçəklənmə, ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinin güclənməsini arzulayıram.
Dərin hörmətlə,
Həməd bin XƏLİFƏ AL TANİ
Qətər Dövlətinin Əmiri
***
Hörmətli cənab Prezident,
Qardaş Azərbaycan xalqının milli bayramı - Respublika Günü münasibətilə zati-alinizə xoş təbriklərimi və səmimi salamlarımı çatdırıram.
Bu əlamətdar bayram münasibətilə Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı inkişaf, tərəqqi və çiçəklənmə arzu edirəm.
Ən xoş təbriklərlə,
Abdurabbih MƏNSUR HADİ
Yəmən Respublikasının Prezidenti
***
Zati-aliləri!
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram. Zati-alinizə xoşbəxtlik və cansağlığı, Azərbaycan Respublikasına və xalqına tərəqqi və inkişaf arzulayıram.
Bhumibol ADULYADEJ
Tailandın Kralı
***
Zati-aliləri!
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Fələstin Dövləti, Fələstin xalqı adından və şəxsən öz adımdan zati-alinizə və qardaş Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan məmnunam.
Fürsətdən istifadə edərək, azadlıq, öz müqəddəratını təyinetmə və müstəqil Fələstin dövləti qurmaq uğrunda apardığımız mübarizədə göstərdiyiniz dəstək və həmrəyliyə görə zati-alinizə dərin təşəkkürümüzü çatdırmaq istərdim.
Zati-alinizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və çiçəklənmə arzulamaqdan məmnunluq duyuram.
Hörmətlə,
Mahmud ABBAS
Fələstin Dövlətinin Prezidenti
***
Möhtərəm İlham Heydər oğlu!
İcazə verin, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırım.
Hörmətli İlham Heydər oğlu, Sizə və bütün Azərbaycan xalqına səmimi qəlbdən xoşbəxtlik və cansağlığı, ölkəyə tərəqqi və çiçəklənmə arzulayıram. Qoy, bu əlamətdar bayram Azərbaycan sakinlərinin evlərinə daha çox nemət və məhəbbət, bolluq və əmin-amanlıq gətirsin.
Lap qədimlərdən qardaş xalqlarımız qarşılıqlı hörmət və əməkdaşlıq ənənələrinə sadiq qalmışlar. Bu xoş fürsətdən istifadə edərək ümidvar olduğumu bildirmək istəyirəm ki, birgə səylərimiz bundan sonra da Tatarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında konstruktiv qarşılıqlı fəaliyyətin hərtərəfli genişlənməsinə yönəldiləcəkdir.
Dərin hörmətlə,
Rüstəm MİNNİXANOV
Tatarıstan Respublikasının Prezidenti
***
Zati-aliləri!
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə zati-alinizə dərin hörmətlə səmimi salamlarımı və təbriklərimi, xoşbəxtlik və rifah arzularımı çatdırmaqdan, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və çiçəklənmə diləməkdən məmnunluq duyuram.
Hörmətlə,
Həməd bin Casim bin CABİR AL TANİ
Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri
***
Zati-aliləri!
Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə dərin hörmətlə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, zati-alinizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və çiçəklənmə arzulayıram.
Hörmətlə,
Təmim bin HƏMƏD AL TANİ
Qətər Dövlətinin Vəliəhdi
***
Hörmətli İlham Heydər oğlu!
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Dövlət müstəqilliyinin bərpa edilməsi sayəsində Azərbaycan iqtisadi, sosial-mədəni inkişafda nəzərəçarpacaq nəticələrə nail olmuş, dünya birliyində hörmət, Müstəqil Dövlətlər Birliyində layiqli nüfuz qazanmışdır.
Əminəm ki, Azərbaycan Respublikası ilə MDB-nin iştirakçısı olan dövlətlər arasında çoxşaxəli qarşılıqlı əlaqələrin daha da genişlənməsi bir sıra iqtisadi, elmi-texniki, sosialyönümlü ümumdövlət proqramlarının həyata keçirilməsinə şərait yaradacaqdır.
MDB çərçivəsində inteqrasiyalı inkişaf məsələlərinin həllində Sizin dəstəyinizə və qarşılıqlı anlaşmaya ümidvar olduğumu bildirirəm.
Möhtərəm İlham Heydər oğlu, bu bayram günündə Sizə möhkəm cansağlığı və firavanlıq, bütün Azərbaycan xalqına sülh və tərəqqi arzulayıram.
Dərin hörmətlə,
S.LEBEDEV
MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.