Hörmətli İlham Heydər oğlu!
Sizi Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.
Sizin ölkəniz sosial-iqtisadi, elmi-texniki və mədəni inkişaf yolunda sanballı uğurlar qazanmışdır. Azərbaycanın beynəlxalq məsələlərdə fəal rolu hamı tərəfindən qəbul edilmişdir.
Rusiya-Azərbaycan münasibətləri tarixən dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanır. Əminəm ki, birgə səylərimizlə konstruktiv siyasi dialoqun, müxtəlif sahələrdə praktiki əməkdaşlığın daha da genişlənməsini təmin edəcəyik. Şübhəsiz, bu, xalqlarımızın firavanlığına, həmçinin regional sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə şərait yaradacaqdır.
Sizə möhkəm cansağlığı, xoşbəxtik və bütün işlərinizdə uğurlar, Azərbaycan Respublikasının vətəndaşlarına firavanlıq və rifah arzulayıram.
Hörmətlə,
Vladimir PUTİN
Rusiya Federasiyasının Prezidenti
***
Zati-aliləri!
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan və Sizə xoşbəxtlik, xalqınıza isə çiçəklənmə arzulamaqdan böyük məmnunluq duyuram.
AKİHİTO
Yaponiyanın İmperatoru
***
Zati-aliləri!
Milli Müstəqillik Günü münasibətilə İtaliya xalqı adından və öz adımdan dost Azərbaycan xalqına səmimi sülh və rifah arzularımı bildirirəm.
Ölkələrimiz arasındakı mövcud səmərəli əməkdaşlığımız güclü və dərin kökləri olan dostluq əlaqələrinə, iqtisadi və mədəni sahədə getdikcə artan münasibətlərə əsaslanır. Ölkələrimizin maraqlarına xidmət edən strateji tərəfdaşlığımızın daha da gücləndirilməsi üçün qarşılıqlı şəkildə əməkdaşlıq edəcəyimizə inanıram.
Məhz belə bir əhval-ruhiyyə ilə şəxsən Sizə və xalqınıza cansağlığı arzu edirəm.
Ciorcio NAPOLİTANO
İtaliya Respublikasının Prezidenti
***
Hörmətli İlham Heydər oğlu!
Sizi və bütün Azərbaycan xalqını milli bayramınız – Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.
Azərbaycan Respublikası öz suveren siyasətini həyata keçirməklə sanballı sosial-iqtisadi uğurlar qazanmışdır. Azərbaycanın nailiyyətləri dünya birliyi tərəfindən etiraf edilmişdir. Bakıda müntəzəm keçirilən mühüm beynəlxalq tədbirlər və görüşlər buna sübutdur.
Fürsətdən istifadə edib məmnunluqla qeyd edirəm ki, Belarus-Azərbaycan əməkdaşlığı ilbəil möhkəmlənir. Bizim şəxsi görüşlərimiz ikitərəfli qarşılıqlı əlaqələrin daha da inkişafı üçün mühüm potensial olduğunu inandırıcı şəkildə nümayiş etdirmişdir. Daimi səmərəli dialoqun dəstəklənməsinin zəruri olduğuna əminəm və tezliklə Azərbaycanda görüşəcəyimizə ümid edirəm.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoş günlər, sülh və qardaş Azərbaycan xalqının firavanlığı naminə ali dövləti vəzifənizdə yeni zəfərlər diləyirəm.
Hörmətlə,
Aleksandr LUKAŞENKO
Belarus Respublikasının Prezidenti
***
Mən Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə zati-alinizi təbrik edir və Azərbaycan xalqının rifahı üçün ən xoş arzularımı bildirirəm.
Dərin hörmətlə,
Villem-ALEKSANDR
Niderlandın Kralı
***
Möhtərəm Prezident!
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə zati-alinizə səmimi təbriklərimi çatdırır, Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi arzulayıram.
KarI QUSTAV
İsveç Kralı
***
Hörmətli cənab Prezident!
Dost ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Bəhreyn Krallığının xalqı adından və şəxsən öz adımdan Sizə xoş təbriklərimizi və səmimi salamlarımızı çatdırırıq.
Bu fürsətdən istifadə edərək şəxsən zati-alinizə cansağlığı və xoşbəxtlik, xalqınıza Sizin müdrik rəhbərliyiniz altında davamlı inkişaf və çiçəklənmə arzu edirik.
Böyük hörmət və ehtiramla,
Həməd bin İsa Al XƏLİFƏ
Bəhreynin Kralı
***
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Meksika hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi təbriklərimi Sizə çatdırmaqdan böyük məmnunluq duyuram.
Sülh və inkişaf naminə xalqlarımız arasındakı əlaqələri möhkəmlətmək üçün əməkdaşlıq və anlaşma münasibətlərini gücləndirmək istiqamətində həm Hökumətimin marağını, həm də şəxsən öz arzumu Sizə çatdırmaq istərdim.
Zati-aliləri, səmimi təbriklərimi və dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Səmimiyyətlə,
Enrike Penya NİETO
Meksika Birləşmiş Ştatlarının Prezidenti
***
Zati-aliləri!
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi təbrik edirəm.
Mən zati-alinizə ən dərin ehtiramımı bildirirəm.
Raul Kastro RUS
Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Sədri
***
Zati-aliləri!
Müstəqilliyinizin elan edilməsinin ildönümü münasibətilə Maldiv hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan hökumətinə və xalqına səmimi təbriklərimi və arzularımı çatdırmaq istəyirəm.
Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm.
Məhəmməd VAHİD
Maldiv Respublikasının Prezidenti
***
Zati-aliləri!
28 May – Respublika Günü münasibətilə Avstraliya hökuməti və xalqı ilə birlikdə Sizə, hökumətinizə və Azərbaycan xalqına ən səmimi arzularımı çatdırmaq istəyirəm.
Avstraliya ilə Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyə bir çox oxşar yanaşmaları vardır. Diplomatik münasibətlərimizin qurulmasının 20-ci ildönümünü yüksək qiymətləndirərək, ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına töhfə verəcək Azərbaycan səfirliyinin bu il Avstraliyada açılmasını səbirsizliklə gözləyirəm.
2013-cü ilin oktyabrında Azərbaycanda prezident seçkilərinin dinc və uğurlu keçməsini arzulayıram. Bu seçkilərdən əvvəl – 2013-cü ilin sentyabrında Avstraliyada federal seçkilər keçiriləcəkdir. Hər iki seçki bizim demokratiyaya sadiqliyimizin vacib ifadəsi olacaqdır.
Avstraliya hökuməti beynəlxalq ictimaiyyətin göstərdiyi etimad nəticəsində 2013-2014-cü illər üçün BMT Təhlükəsizlik Şurasına üzv seçilmək şərəfinə layiq görülmüşdür. Biz inanırıq ki, müasir çağırışlar qlobal həll yolu tələb edir və BMT kimi çoxtərəfli təşkilatlar kollektiv həllin ən yaxşı vasitələrini təmin edirlər. Avstraliya Təhlükəsizlik Şurasının qarşısında duran problemlərin həllində Azərbaycan ilə birgə işləməyə sadiqdir və gələcək illərdə qarşılıqlı maraq doğuran məsələlər üzərində ölkənizlə çalışmaq arzusundadır. 2012-ci ildə Azərbaycanın Təhlükəsizlik Şurasına uğurlu sədrliyini və Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin Əfqanıstandakı missiyasına verdiyi dəstəyi yüksək qiymətləndirirəm.
Əminəm ki, ölkələrimiz arasında mövcud olan dostluq münasibətləri növbəti illərdə də inkişaf edəcəkdir.
Hörmətlə,
Xanım Kventin BRAYS
Avstraliya İttifaqının General-Qubernatoru
***
Zati-aliləri!
28 May – Respublika Günü münasibətilə Malta xalqı adından və şəxsən öz adımdan Sizə, Azərbaycan hökumətinə və xalqına səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Fürsətdən istifadə edərək zati-alinizə möhkəm cansağlığı, Azərbaycan xalqına əmin-amanlıq və davamlı tərəqqi arzulayıram. Həmçinin ölkələrimiz arasındakı yüksək səviyyəli əlaqələrin xalqlarımızın mənafeyi naminə daha da inkişaf edəcəyinə əminliyimi ifadə etmək istəyirəm.
Corc ABELA
Malta Respublikasının Prezidenti
***
Zati-aliləri!
Ölkəniz və xalqınız 28 May – Respublika Gününü bayram edərkən zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqda Filippin xalqı da mənə qoşulur.
Fürsətdən istifadə edərək zati-alinizə bir daha bildirmək istəyirəm ki, Filippin ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi işinə sadiqdir.
Bu əlamətdar bayram günündə əminliyimi bildirmək istəyirəm ki, Filippin və Azərbaycan siyasi, iqtisadi, mədəni sahələrdə intensiv əməkdaşlıq, xalqlarımız arasında qarşılıqlı əlaqələr sayəsində dostluq münasibətlərini inkişaf etdirəcəklər.
Zati-alinizə möhkəm cansağlığı, Azərbaycan xalqının əmin-amanlığı, tərəqqisi və rifahı naminə fəaliyyətinizdə uğurlar arzu edirəm.
III Beniqno AKİNO
Filippin Respublikasının Prezidenti
***
Zati-aliləri!
Əlamətdar bayram – Respublika Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və qardaş Azərbaycan xalqına ən səmimi salamlarımı və xoş arzularımı çatdırmaq istəyirəm.
Fürsətdən istifadə edərək İslam Əməkdaşlıq Təşkilatının məqsədlərinin həyata keçirilməsində Sizin və Azərbaycan Respublikası Hökumətinin göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyimi bildirirəm.
Ulu Tanrıdan zati-alinizin müdrik rəhbərliyi altında qardaş Azərbaycan xalqının davamlı inkişafını və çiçəklənməsini arzulayır, Sizə möhkəm cansağlığı və xoşbəxtlik diləyirəm.
Zati-aliləri, ən dərin ehtiramımı qəbul etmənizi xahiş edirəm.
Dərin hörmətlə,
Ekmələddin İHSANOĞLU
İslam Əməkdaşlıq Təşkilatının baş katibi
***
Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə zati-alinizə ən səmimi təbriklərimi çatdırıram, Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına daha böyük inkişaf və çiçəklənmə arzu edirəm.
Zati-alinizə hörmət və ehtiramla,
Qardaşınız
Salman bin Əbdüləziz Al SƏUD,
Səudiyyə Ərəbistanının Vəliəhdi,
Baş nazirin müavini, müdafiə naziri
***
Hörmətli cənab Prezident!
Azərbaycanın milli bayramı – 28 May – Respublika Günü münasibətilə zati-alinizə və bütün Azərbaycan xalqına TÜRKSOY-un Baş Katibliyi, Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram.
Türk dünyasında qurulan ilk respublika olan və bu il yaradılmasının 95-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan Respublikası zati-alinizin məqsədyönlü siyasəti və müdrik rəhbərliyi nəticəsində aparıcı dövlətlər arasında öz layiqli yerini tutmuş və dünyanın mədəni mərkəzlərindən birinə çevrilmişdir.
TÜRKSOY-a ən yaxın dəstəklərini əsirgəməyən zati-alinizin diqqəti və qayğısı sayəsində zəngin Azərbaycan mədəniyyəti TÜRKSOY tərəfindən keçirilən bütün beynəlxalq tədbirlərdə ümumtürk mədəniyyətini layiqincə təmsil edir və dünya mədəniyyətinə böyük töhfələr verir.
Fürsətdən istifadə edərək, zati-alinizə möhkəm cansağlığı, bütün təşəbbüslərinizdə uğurlar və qardaş Azərbaycan xalqına sülh, tərəqqi və firavanlıq arzu edirəm.
Dərin hörmət və ehtiramla,
Düsen KASEİNOV
TÜRKSOY-un baş katibi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.