Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası IV qurultayı nümayəndələrinin bütün dünya həmkarlar ittifaqlarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar M Ü R A C İ Ə T İ

 

 

Biz, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası IV qurultayının nümayəndələri Azərbaycan torpağına və xalqına qarşı 20 ildən çox davam edən, beynəlxalq və regional sülhə, sabitliyə təhdid olan erməni təcavüzünə öz etirazımızı bildirir və sizi Dağlıq Qarabağ probleminin ədalətli həlli istiqamətində Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırırıq.

Ermənistanın sovet ordusunun silahlı birləşməsinin köməyi ilə Azərbaycana qarşı başladığı müharibə nəticəsində ölkəmizin ərazisinin 20 faizi işğal olunmuş, bir milyondan artıq azərbaycanlı öz tarixi doğma torpaqlarından didərgin salınmış, on minlərlə insan vəhşicəsinə öldürülmüş, minlərlə vətəndaşımız itkin düşmüş və girov götürülmüşdür. Xocalıda azərbaycanlı əhaliyə qarşı ermənilərin həyata keçirdiyi soyqırımı dünyanın bir sıra ölkələri tərəfindən tanınmışdır. İşğal olunmuş ərazilərdə şəhər və kəndlərimiz, tarixi abidələrimiz dağıdılmış, minlərlə məktəb, xəstəxana, mədəniyyət ocaqları yandırılmış, xarabaya çevrilmiş, təbii sərvətlərimiz talan edilmiş, Dağlıq Qarabağ və ətraf ərazilərdə zorakı məskunlaşma aparılmışdır. Bu antibəşəri proses indi də davam etməkdədir. Münaqişə nəticəsində Azərbaycana 431,5 milyard dollar məbləğində maddi zərər dəymişdir. Uzun illərdən bəri davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin sosial-iqtisadi, mədəni inkişafına ciddi təhdidlər yaratmaqdadır.

Ermənistan rəhbərliyinin yeritdiyi işğalçılıq siyasəti erməni xalqını da acınacaqlı vəziyyətə salıb. Ermənistanda sosial-iqtisadi vəziyyət ildən-ilə ağırlaşır, iqtisadi və maliyyə böhranı son həddə çatmış, miqrasiya prosesi geniş vüsət almışdır.

Bu gün Dağlıq Qarabağ regionu Ermənistan tərəfindən narkotiklərin yetişdirilməsi və onların tranziti üçün istifadə edilir. Bu barədə dəfələrlə beynəlxalq qurumlara, xüsusilə də Birləşmiş Millətlər Təşkilatının Narkotiklər üzrə Baş İdarəsinə konkret məlumatlarla müraciət olunub. Təəssüf ki, beynəlxalq təşkilatlar Ermənistana bu məsələdə təsir göstərməkdə acizdirlər.

Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış tarixi hissəsidir. BMT Təhlükəsizlik Şurasının bu problemin həlli ilə bağlı 1993-cü ildə qəbul olunmuş 4 qətnaməsi, ATƏT, Avropa Parlamenti, Avropa Şurasının bir sıra qərar və qətnamələri hələ də icra olunmur. İyirmi ildən artıqdır ki, ATƏT-in Minsk qrupunun bu istiqamətdə apardığı danışıqlar heç bir nəticə vermir. Ermənistanın işğalı davam etdirməsi təkcə Azərbaycan və region üçün deyil, eyni zamanda, bütün dünyada sülhə və təhlükəsizliyə maneədir. Beynəlxalq ictimaiyyət isə hələ də bu ədalətsizliyə dözür.

Biz Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa edilməsi, təhlükəsizliyin gücləndirilməsi, regionda qanunsuz silah və narkotik daşımalarının qarşısının alınması, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün aradan qaldırılması məqsədi ilə dünya həmkarlar ittifaqlarına müraciət edirik!

Biz, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayının nümayəndələri ümumdünya həmkarlar ittifaqları hərəkatını müraciətimizə obyektiv yanaşaraq, haqq və ədaləti müdafiə edərək daha fəal mövqedən öz sözünü deməyə səsləyirik.

Azərbaycan öz haqq işi uğrunda mübarizədən bir addım da olsun geri çəkilməyəcək. Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağı olaraq qalacaq, heç vaxt Ermənistana birləşdirilməyəcəkdir. Biz o torpaqlara qayıtmalıyıq və qayıdacağıq.

Dünyada sülh və ədalətin, demokratiya və sosial rifahın bərqərar olunması uğrunda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası hər zaman dünya həmkarlar ittifaqları hərəkatının fəal üzvü kimi qarşılıqlı münasibətlərin qurulması naminə bütün imkan və bacarığını səfərbər etməyə hazırdır.

AHİK-in IV qurultayının nümayəndələri
Bakı şəhəri, 5 fevral 2013-cü il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında