(XI fəsil)
Normativ hüquqi aktların (onların layihələrinin) sui-istifadəyə məruz qalmasına dair ekspertizasının keçirilməsi
Maddə 61. Normativ hüquqi aktların (onların layihələrinin) sui-istifadəyə məruz qalmasına dair ekspertizasının keçirilməsinin məqsədi
Məcburi hüquqi ekspertizadan keçirilən normativ hüquqi aktların layihələrində və Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün təqdim edilən qanunlarda (bu fəslin məqsədləri üçün bundan sonra - normativ hüquqi aktlar (onların layihələri)) sui-istifadə təzahürləri üçün şərait yaranmasına kömək edən müddəaların əmələ gəlməsinin qarşısını almaq, onları aşkar etmək və aradan qaldırmaq məqsədi ilə normativ hüquqi aktların (onların layihələrinin) sui-istifadəyə məruz qalmasına dair ekspertizası keçirilir.
Maddə 62. Normativ hüquqi aktlarda (onların layihələrində) sui-istifadə amilləri
62.1. Bu Konstitusiya Qanununun məqsədləri üçün sui-istifadə amilləri dedikdə, normativ hüquqi aktın tətbiqi zamanı sui-istifadənin təzahürünə səbəb olan, o cümlədən sui-istifadə təcrübəsinin bilavasitə əsası olan, yaxud sui-istifadə əməllərinə legitim şərait yaradan, sui-istifadə əməllərinə yol verən və ya onlara təhrik edən normativ hüquqi aktların müddəaları (o cümlədən, normanın və hüquqi düsturların qüsurları) nəzərdə tutulur.
62.2. Özündə sui-istifadə amillərini ehtiva edən normalar (normativ hüquqi aktlar, onların layihələri) sui-istifadəyə məruz qalmış normalar (normativ hüquqi aktlar, onların layihələri) hesab edilir.
62.3. Tipik sui-istifadə amillərinə əsasən, tənzimləmə predmetindən asılı olmayaraq normativ hüquqi aktlarda (onların layihələrində) daha tez-tez rast gəlinən və şübhəsiz və ya böyük ehtimalla sui-istifadə təzahürlərinə səbəb olan sui-istifadə amilləri aid edilir.
62.4. Normativ hüquqi aktların layihələrinin hazırlanması və təkmilləşdirilməsi zamanı onlara bu Konstitusiya Qanununda qeyd edilən tipik sui-istifadə amillərinin və sui-istifadəyə məruz qalma təzahürlərinin, habelə sui-istifadəyə şərait yaranmasına səbəb olacaq digər müddəaların daxil edilməsinə yol verilmir.
Maddə 63. Sui-istifadə amillərinin növləri
63.0. Normativ hüquqi aktın (onun layihəsinin) ekspertizası aparılarkən aşağıdakı tipik sui-istifadə amilləri və sui-istifadəyə məruz qalma təzahürləri aşkar edilməli və aradan qaldırılmalıdır:
63.0.1. dövlət orqanının (vəzifəli şəxsin) səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar olan tipik sui-istifadə amilləri;
63.0.2. hüquqi boşluqların mövcudluğu ilə əlaqədar olan tipik sui-istifadə amilləri;
63.0.3. sistem xarakterli tipik sui-istifadə amilləri;
63.0.4. sui-istifadəyə məruz qalmanın tipik təzahürləri.
Maddə 64. Dövlət orqanının (vəzifəli şəxsin) səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar olan tipik sui-istifadə amilləri
64.1. Normativ hüquqi aktda dövlət orqanının (vəzifəli şəxsin) səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar olan tipik sui-istifadə amillərinə aşağıdakılar aiddir:
64.1.1. diskresion səlahiyyətlərin geniş olması;
64.1.2. səlahiyyətin dispozitiv imkan kimi müəyyənləşdirilməsi;
64.1.3. şəxsə məxsus hüquqların həyata keçirilməsi üçün ona lazım olduğundan daha yüksək tələblərin irəli sürülməsi;
64.1.4. fiziki və hüquqi şəxslərin hüquqlarından dövlət orqanı (vəzifəli şəxs) tərəfindən sui-istifadə edilməsi imkanı;
64.1.5. hüquqların həcminin əsassız dəyişdirilməsi;
64.1.6. qanundan irəli gələn normayaratmanın həddindən artıq sərbəst xarakter daşıması;
64.1.7. hüquqi-linqvistik sui-istifadəyə məruz qalma;
64.1.8. icra hakimiyyəti orqanının səlahiyyətindən kənar normativ hüquqi aktın qəbul edilməsi;
64.1.9. qanundakı boşluqların icra hakimiyyəti orqanının normativ hüquqi aktları ilə doldurulması.
64.2. Vəzifəli şəxsə qərar qəbul edilməsi zamanı öz mülahizələrinə görə hərəkət etmək imkanı verən normativ hüquqi aktdakı diskresion səlahiyyətlər özbaşına həyata keçirilə bilməz.
64.3. Normativ hüquqi aktda diskresion səlahiyyətlərin geniş olması nəticəsində qərar qəbul etmə müddətlərinin müəyyən edilməməsinə və ya bu müddətin qeyri-müəyyənliyinə, bu və ya digər qərarın qəbul edilməsi şərtlərinin və əsaslarının qeyri-müəyyənliyinə, müxtəlif dövlət orqanlarının səlahiyyətlərinin bir-birini təkrarlamasına yol verilmir.
64.4. Dövlət orqanı üçün hüquq və vəzifələr onun səlahiyyətlərini təşkil edir və bu səbəbdən normativ hüquqi aktda həmin orqanın hüququ konkret icraçının mülahizəsindən asılı olan bu və ya digər hərəkətlərin edilməsi, dispozitiv imkan kimi müəyyənləşdirilə bilməz. Normativ hüquqi aktda dövlət orqanının səlahiyyətlərinin həddindən artıq ümumiləşdirilmiş formada müəyyən edilməsinə, "orqan edə bilər", "bir qayda olaraq", "müstəsna hallarda yol verilir", "orqan öz səlahiyyətləri daxilində", "zərurət olduqda" və bunlara bənzər qeyri-müəyyən ifadələrdən istifadə olunmasına yol verilmir.
64.5. Normativ hüquqi aktda fiziki və hüquqi şəxslərin öz hüquqlarını həyata keçirməsi və ya vəzifələrini yerinə yetirməsi üçün zəruri olan tələblər (şərtlər) ağır və (və ya) çətin yerinə yetirilən tələblər (şərtlər) ola bilməz.
64.6. Normativ hüquqi aktda lazım olduğundan yüksək və artıq tələblərin irəli sürülməsinə, fiziki və hüquqi şəxslər tərəfindən təqdim edilən sənədlərin, yaxud başlanmış inzibati prosedur çərçivəsində ona imtina üçün əsasların açıq (natamam) siyahısının mövcudluğuna, hüququn həyata keçirilməsinə imtina üçün subyektiv qiymətləndirici ifadələrdən istifadə olunmasına yol verilmir.
64.7. Normativ hüquqi aktda fiziki və hüquqi şəxslərin hüquqlarının dəqiq (dürüst) nizamlanmaması yolu ilə vəzifəli şəxslər üçün diskresion səlahiyyətlərin və dispozitiv imkanların yaradılmasına yol verilmir. Normativ hüquqi aktda fiziki və hüquqi şəxslərə başlanmış inzibati prosedur çərçivəsində hərəkətlərin edilməsi üçün üsul və müddətlərin sərbəst seçimi əvəzinə yalnız hüquqların alternativ seçilməsi imkanının nəzərdə tutulmasına yol verilmir.
64.8. Normativ hüquqi aktda vəzifəli şəxsin öz mülahizəsindən asılı olaraq fiziki və hüquqi şəxslər üçün ümumi qaydadan istisnalar müəyyənləşdirmək imkanı nəzərdə tutula bilməz. Normativ hüquqi aktda vəzifəli şəxslərə normativ hüquqi aktla nizamlanmayan güzəştlər, habelə qadağa və məhdudiyyətlər müəyyən etmək imkanı nəzərdə tutula bilməz.
64.9. Qanunda normaların həddindən artıq detallaşdırılması Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş icra və məhkəmə hakimiyyəti orqanlarının səlahiyyətlərinə müdaxiləyə gətirib çıxarmamalıdır.
64.10. Vəzifəli şəxsin diskresion səlahiyyətlərinin genişləndirilməsi üçün ikimənalı və təcrübədə az yerini tapan terminlərdən, məfhumlardan (anlayışlardan) və xülasələrdən, qiymətləndirmə xassəli kateqoriyalardan istifadə edilə bilməz.
64.11. İcra hakimiyyəti orqanı normativ hüquqi aktları yalnız öz səlahiyyətləri daxilində qəbul etməlidir və digər icra hakimiyyəti orqanının fəaliyyət dairəsinə müdaxilə edə bilməz.
64.12. Qanunun olmadığı halda digər normativ hüquqi aktla qanunun predmetini təşkil edən məsələlərin hüquqi tənzimlənməsinə və hamı üçün məcburi olan davranış qaydalarının müəyyənləşdirilməsinə yol verilmir.
Maddə 65. Hüquqi boşluqların mövcudluğu ilə əlaqədar olan tipik sui-istifadə amilləri
65.1. Hüquqi boşluqlar bu və ya digər məsələnin hüquqi tənzimlənməməsi nəticəsində, normativ hüquqi aktın tənzimləmə üçün istifadə edilmədiyi halda, habelə normativ hüquqi aktın mətninə hüquq pozuntularına görə vəzifəli şəxslərin məsuliyyətini nəzərdə tutan və onların fəaliyyətinə nəzarəti tənzimləyən sui-istifadə əleyhinə preventiv normalar daxil edilmədikdə yaranır.
65.2. Hüquqi boşluqların mövcudluğu ilə əlaqədar olan tipik sui-istifadə amillərinə aşağıdakılar aiddir:
65.2.1. hüquqi tənzimləmədə boşluqların mövcudluğu;
65.2.2. inzibati prosedurların olmaması;
65.2.3. müsabiqə (hərrac) prosedurlarının olmaması;
65.2.4. konkret fəaliyyət sahəsində vəzifəli şəxslər üçün qadağa və məhdudiyyətlərin olmaması;
65.2.5. hüquqpozmaya görə vəzifəli şəxs üçün məsuliyyətin müəyyən edilməməsi;
65.2.6. dövlət orqanlarına, vəzifəli şəxslərə nəzarətin, o cümlədən ictimai nəzarətin müəyyənləşdirilməməsi;
65.2.7. informasiyanın şəffaflığı rejiminin pozulması.
65.3. Hüquqi tənzimləmədə boşluqların mövcudluğu hüququn tətbiqi zamanı boşluğun dövlət orqanının (vəzifəli şəxsin) mülahizəsinə görə doldurulmasına imkan verməməlidir. Bu və ya digər fəaliyyət növü üzrə dövlət orqanına həvalə edilmiş funksiyaların həyata keçirilməsi tənzimlənməlidir.
65.4. İnzibati akt həm vəzifəli şəxs üçün, həm də fiziki və hüquqi şəxslər üçün normativ hüquqi aktın mətnindən onlara əvvəlcədən məlum olan müəyyən prosedur üzrə qəbul edilməlidir və hərəkətlərin qayda və müddətləri müəyyən edilməlidir.
65.5. İmtiyaz verən konkret hüququn verilməsi (hüquqi vəziyyətin yaradılması) üçün namizədin seçilməsi ilə bağlı hərəkətlər müsabiqə (hərrac) prosedurlarına uyğun həyata keçirilməlidir. Konkret hüququn inzibati qaydada verilməsinə (hüquqi vəziyyətin inzibati qaydada yaradılmasına), habelə müsabiqələrin (hərracların) keçirilməsi zamanı diskresion səlahiyyətlərin geniş olmasına yol verilmir.
65.6. Normativ hüquqi aktda vəzifəli şəxslərin hüquq pozuntularına görə hüquqi məsuliyyətə dair aktlara uyğun gələn məsuliyyəti haqqında, habelə vəzifəli şəxslərin hərəkətindən (hərəkətsizliyindən) şikayət verilməsinin mümkünlüyü ilə bağlı normalar əks olunmalıdır.
65.7. Normativ hüquqi aktda dövlət orqanının (vəzifəli şəxslərin) daha çox əhəmiyyətli fəaliyyət istiqamətlərinə nəzarətin, o cümlədən ictimai nəzarətin mümkünlüyünü təmin edən normalar əks olunmalıdır.
65.8. Normativ hüquqi aktda dövlət orqanlarının informasiya açıqlığını təmin edən normalar əks olunmalıdır. Konkret məsələ üzrə qərar qəbul edilməsində əhəmiyyət kəsb edən informasiyanın fiziki və hüquqi şəxslər üçün qapalı informasiya kimi müəyyən edilməsinə, habelə normativ hüquqi aktda belə informasiyanın əldə olunmasının mümkünlüyünün və qaydasının müəyyən edilməməsinə yol verilmir.
Maddə 66. Sistem xarakterli tipik sui-istifadə amilləri
66.1. Sistem xarakterli tipik sui-istifadə amilləri normativ hüquqi aktın ayrı-ayrı normalarını deyil, onun bütün mətninin sistemli təhlili nəticəsində aşkar edilə bilən tipik sui-istifadə amillərini özündə ehtiva edir.
66.2. Sistem xarakterli tipik sui-istifadə amillərinə aşağıdakılar aiddir:
66.2.1. yanlış məqsəd və prioritetlər;
66.2.2. kolliziyalar;
66.2.3. məcbur edilmiş sui-istifadəyə məruz qalma.
66.3. Normativ hüquqi aktın hüquqi tənzimləmənin həqiqi tələblərinə uyğun gələn aydın məqsədləri və prioritetləri olmalıdır. Normativ hüquqi aktın qəbul edilməsi üçün obyektiv məqsədəuyğunluğun olmamasına, məsələnin zərurətdən artıq tənzimlənməsinə, normativ hüquqi aktın normalarının həmin aktın bəyan edilmiş məqsədləri ilə ziddiyyət təşkil etməsinə yol verilmir.
66.4. Digər normativ hüquqi aktla tam və ya qismən ziddiyyət təşkil edən normativ hüquqi aktda vəzifəli şəxslər üçün konkret halda tətbiq edilməli olan aktı sərbəst seçmək imkanının yaradılmasına, həmin kolliziyanın həlli mümkünlüyünün vəzifəli şəxsin iradəsindən asılı olmasına yol verilmir.
66.5. Daha üstün hüquqi qüvvəyə malik olan normativ hüquqi aktın sui-istifadəyə məruz qalmış normaları digər normativ hüquqi aktda sui-istifadəyə məruz qalmış normaların əks etdirilməsinə səbəb ola bilməz.
Maddə 67. Sui-istifadəyə məruz qalmanın tipik təzahürləri
67.1. Sui-istifadəyə məruz qalmanın tipik təzahürləri müəyyən şəraitdə artıq baş vermiş sui-istifadə faktları (sui-istifadə indikatorları) barədə xəbər verən və (və ya) sui-istifadə amillərinin yaranmasına (sui-istifadə qabağı amillər) şərait yaradan müddəaların birləşməsidir.
67.2. Sui-istifadəyə məruz qalmanın tipik təzahürlərinə aşağıdakılar aiddir:
67.2.1. normativ hüquqi aktın qəbul edilməsi zamanı formal-texniki şərtlərə riayət olunmaması;
67.2.2. normativ hüquqi aktın qəbul edilməsi müddətinin göstərilməməsi;
67.2.3. mənafelər balansının pozulması (yalnız bir qrup subyektlər üçün imtiyazların nəzərdə tutulması).
67.3. Formal-texniki xassəli tələblərin yerinə yetirilməməsinə, normativ hüquqi aktların hüquqi ekspertizası zamanı aşkar edilən pozuntuların aradan qaldırılmamasına, o cümlədən normativ hüquqi aktın qəbul edilməsi qaydasının və (və ya) formasının pozulmasına yol verilmir.
67.4. Normativ hüquqi aktın qəbul edilməsi müddətlərinin müəyyənləşdirilməməsinə, qəbul edilməsi nəzərdə tutulan normativ hüquqi aktın qəbul edilməsi əvəzinə məcburi davranış qaydalarının sərbəst inzibati mülahizə əsasında fərdi hüquq tətbiq etmə aktları ilə əvəzlənməsinə yol verilmir.
67.5. Mənafelər balansının pozulması nəticəsində bir subyektlər qrupunun zərərinə olaraq digər subyektlər qrupuna güzəştlərin və imtiyazların xüsusi norma müəyyən edilməsi yolu ilə verilməsinə yol verilmir.
Maddə 68. Normativ hüquqi aktların (onların layihələrinin) sui-istifadəyə məruz qalmasına dair ekspertiza keçirilməsinin əsas qaydaları
68.1. Normativ hüquqi aktların (onların layihələrinin) sui-istifadəyə məruz qalmasına dair ekspertizasının səmərəliliyi onun sistemliliyi, etibarlılığı və nəticələrinin yoxlanılmasının mümkünlüyü ilə müəyyənləşdirilir.
68.2. Normativ hüquqi aktların (onların layihələrinin) sui-istifadəyə məruz qalmasına dair ekspertizasının sistemliliyinin, etibarlılığının və nəticələrinin yoxlanılmasının təmin edilməsi üçün aşağıdakı qaydalara riayət olunmalıdır:
68.2.1. normativ hüquqi aktların (onların layihələrinin) sui-istifadəyə məruz qalmasına dair ekspertizası və onun nəticələrinin ifadə olunması eyniliklə - normativ hüquqi aktda (onun layihəsində) tipik sui-istifadə amilləri və sui-istifadəyə məruz qalmanın təzahürləri cədvəlində (bu Konstitusiya Qanununa 2 nömrəli Əlavə) göstərilən tərkib və ardıcıllıq üzrə aparılmalıdır;
68.2.2. hər bir tipik sui-istifadə amilləri və sui-istifadəyə məruz qalmanın təzahürləri onların normativ hüquqi aktın (onun layihəsinin) hər bir normasında mövcud olub-olmamasına dair yoxlanılmalıdır;
68.2.3. tipik sui-istifadə amilləri və sui-istifadəyə məruz qalmanın təzahürləri onların normativ hüquqi akta (onun layihəsinə) qəsdən və ya bilmədən daxil edilib-edilməməsindən asılı olmayaraq, bu səbəblərə qiymət vermədən aşkar edilir və göstərilir;
68.2.4. ekspertiza nəticəsində aşkar olunmuş istənilən tipik sui-istifadə amili və sui-istifadəyə məruz qalmanın təzahürü normativ hüquqi aktdan (onun layihəsindən) çıxarılmalıdır;
68.2.5. normativ hüquqi aktların (onların layihələrinin) sui-istifadəyə məruz qalmasına dair ekspertizasının nəticələri üzrə iş sui-istifadəyə məruz qalmaya dair ekspertizanın nəticələri üzrə rəylər əsasında müvafiq normativ hüquqi aktların hazırlanması və qəbul edilməsi üçün müəyyən edilmiş qaydada aparılır;
68.2.6. təhlil nəticəsində aşkar edilmiş sui-istifadəyə şərait yaradan qeyri-tipik müddəalar normativ hüquqi aktların (onların layihələrinin) sui-istifadəyə məruz qalmasına dair ekspertizasının nəticələri üzrə rəydə göstərilir və tipik sui-istifadə amilləri və sui-istifadəyə məruz qalma təzahürləri üçün müəyyən edilmiş qaydada çıxarılmalıdır.
68.3. Normativ hüquqi aktlarda (onların layihələrində) sui-istifadə amillərinin mövcud olmamasına dair bu Konstitusiya Qanununun tələbləri normativ hüquqi aktı (onun layihəsini) bilavasitə hazırlayan mütəxəssislər tərəfindən yerinə yetirilir.
Maddə 69. Normativ hüquqi aktların (onların layihələrinin) sui-istifadəyə məruz qalmasına dair ekspertizasının nəticələrinin rəsmiləşdirilməsi
69.1. Normativ hüquqi aktlarda (onların layihələrində) sui-istifadə amillərinin və sui-istifadəyə məruz qalma təzahürlərinin, sui-istifadənin təzahürləri üçün şərait yaranmasına kömək edən digər müddəaların mövcud olub-olmamasına dair nəticə aşağıdakı qaydada rəsmiləşdirilir:
69.1.1. normativ hüquqi aktın (onun layihəsinin) məcburi hüquqi ekspertizasının nəticələri üzrə rəyin tərkibində;
69.1.2. normativ hüquqi aktın (onun layihəsinin) məcburi hüquqi ekspertizasının nəticələri üzrə rəyinə əlavə olunan izahedici arayışda.
69.2. Normativ hüquqi aktda (onun layihəsində) sui-istifadənin təzahürləri üçün şərait yaranmasına kömək edən müddəalar aşkar edildikdə həmin müddəalar bu Konstitusiya Qanununun 69.1-ci maddəsində nəzərdə tutulan sənəddə bu Konstitusiya Qanunu ilə müəyyənləşdirilmiş ardıcıllıqla tipik sui-istifadə amilləri və sui-istifadəyə məruz qalma təzahürləri onların aşkar edildiyi struktur elementlər (bölmə, fəsil, maddə, hissə və s.) göstərilməklə izah edilir.
69.3. Bu Konstitusiya Qanununun 69.1-ci maddəsində nəzərdə tutulan sənəddə habelə digər tipik sui-istifadə amillərinin və sui-istifadəyə məruz qalmanın digər təzahürlərinin, sui-istifadənin təzahürlərinə kömək edən digər müddəaların aşkar edilmədiyi göstərilir.
69.4. Normativ hüquqi aktda (onun layihəsində) aşkar edilmiş tipik sui istifadə amilləri və sui-istifadəyə məruz qalmanın təzahürləri ekspertizanın nəticələri üzrə hazırlanmış sənəddə bu Konstitusiya Qanununa əlavə edilmiş 2 nömrəli cədvəl şəklində göstərilir.
69.5. Normativ hüquqi aktda (onun layihəsində) sui-istifadənin təzahürlərinə kömək edən müddəaların aşkar edilmədiyi hallar istisna olmaqla, təhlil edilən normativ hüquqi aktın (onun layihəsinin) sui-istifadəyə məruz qalma dərəcəsi bütövlükdə sui-istifadəyə məruz qalmaya dair ekspertizanın nəticələrini əks etdirən sənəddə müəyyənləşdirilir.
69.6. Sui-istifadəyə məruz qalmaya dair ekspertizanın nəticələrini əks etdirən sənəddə sui-istifadənin təzahürlərinə şərait yaranmasına kömək edən müddəaların aşkar edildiyi normativ hüquqi aktın layihəsinin göstərilən iradlar nəzərə alınmaqla yenidən işlənməsi (normativ hüquqi aktda dəyişikliklər edilməsi) ilə bağlı tövsiyələr nəzərdə tutulmalıdır.
XII fəsil
Normativ hüquqi aktın layihəsinə baxılması və onun qəbul edilməsi
Maddə 70. Normativ hüquqi aktın layihəsinə baxılması
70.1. Müəyyən edilmiş qaydada təqdim edilmiş normativ hüquqi aktın layihəsinə normayaratma orqanı tərəfindən baxılmalıdır.
70.2. Normayaratma orqanı normativ hüquqi aktın layihəsinə baxdıqdan sonra aşağıdakılardan birini edə bilər:
70.2.1. normativ hüquqi aktın layihəsinin bəyənilməsi və qəbul edilməsi;
70.2.2. əsaslar və səbəblər göstərilməklə layihənin rədd edilməsi;
70.2.3. normativ hüquqi aktın layihəsinin qəbul edilməsinin müəyyən müddətə təxirə salınması;
70.2.4. irad və təkliflər göstərilməklə layihənin yenidən işlənilmək üçün qaytarılması.
70.3. Qanun layihələrinə Azərbaycan Respublikasının Milli Məclisində üç oxunuşda baxılır.
Maddə 71. Normativ hüquqi aktın layihəsinin geri çağırılması
71.1. Normayaratma təşəbbüsünün subyekti təqdim etdiyi normativ hüquqi aktın layihəsini, zərurət olduqda, həmin layihə qəbul edilənədək geri çağırmaq hüququna malikdir.
71.2. Qanunvericilik təşəbbüsü hüququnun subyekti Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etdiyi qanun layihəsini onun üçüncü oxunuşda baxılmasına qədər geri çağırmaq hüququna malikdir.
Maddə 72. Normativ hüquqi aktın qəbul edilməsi qaydası
72.1. Normativ hüquqi akt ona baxılmasından sonra normayaratma orqanı tərəfindən müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş prosedura əməl edilməklə qəbul edilir.
72.2. Normativ hüquqi akt normayaratma orqanı tərəfindən dövlət dilində qəbul edilir.
Maddə 73. Qanunvericilik təşəbbüsü hüququnun həyata keçirilməsinin təminatları
73.1. Qanunvericilik təşəbbüsü hüququnun subyekti və ya onun səlahiyyətli nümayəndəsi Azərbaycan Respublikasının Milli Məclisində layihə üzərində aparılan işdə iştirak etmək hüququna malikdir.
73.2. Qanun layihəsi Azərbaycan Respublikasının Milli Məclisində layihədə edilmiş dəyişikliklərlə birlikdə aşağıdakılarla razılaşdırılmalıdır (rəy alınmalıdır):
73.2.1. qanun layihəsini təqdim etmiş qanunvericilik təşəbbüsü hüququnun subyekti ilə;
73.2.2. dəyişikliklər edilməsi dövlət vəsaitlərinin ixtisar edilməsinə, xərclərin yaranmasına və ya artırılmasına səbəb ola bildikdə Azərbaycan Respublikasının Prezidenti ilə və ya onun tapşırığı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə.
73.3. Bu Konstitusiya Qanununun 46.2-ci maddəsi ilə nəzərdə tutulan razılaşdırılma (rəy) nəticəsində Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilmiş dəyişikliklər qanun layihəsinin alındığı gündən on dörd gün keçənədək bu şərtlə həyata keçirilir ki, həmin qanun layihəsi üzrə məcburi hüquqi ekspertizanın keçirilməsi və qanun layihəsinə baxılmasının təcili elan edilməsi ayrı müddət tələb etməsin. Əlavə məlumatın alınması zərurəti olduqda, habelə xüsusilə mürəkkəb qanun layihələri üzrə rəyin hazırlanması və razılaşdırılmanın keçirilməsi (rəyin hazırlanması) üçün daha uzun müddət müəyyən edilə bilər.
73.4. Rəyə göndərilmədən və razılaşdırılmadan müvafiq qanun layihəsində dəyişikliklər (texniki xarakter daşıyan dəyişikliklər istisna olmaqla) edilməsinə yol verilmir.
73.5. Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunmuş qanun layihəsində dəyişikliklər edilmədikdə qanun layihəsi qanunvericilik təşəbbüsü hüququnun subyekti ilə təkrar razılaşdırılmır.
73.6. Azərbaycan Respublikasının Milli Məclisində birinci, ikinci və üçüncü oxunuşlarda baxılması üçün tam hazırlanmış qanun layihəsi qanunvericilik təşəbbüsü hüququnun subyektinə təqdim edilir.
Maddə 74. Normativ hüquqi aktın imzalanması
74.1. Normativ hüquqi aktın rəsmi imzalanması aşağıdakılar tərəfindən həyata keçirilir:
74.1.1. qanunlar və fərmanlar - Azərbaycan Respublikasının Prezidenti;
74.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları - Azərbaycan Respublikasının Baş naziri;
74.1.3. digər normativ hüquqi aktlar - aktı qəbul etmiş orqanın rəhbəri;
74.1.4. Azərbaycan Respublikasının qanunvericilik aktları ilə digər hal nəzərdə tutulmadıqda, aktı qəbul etmiş orqanın rəhbəri olmadıqda, onun vəzifələrini icra edən şəxs.
74.2. Qanun Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün təqdim edildikdə qanunun ikinci nüsxəsinin son səhifəsində Azərbaycan Respublikası Milli Məclisinin sədrinin və ya onu əvəz edən şəxsin vizası qoyulur.
XIII fəsil
Normativ hüquqi aktlarda dəyişikliklər edilməsi, onların ləğv edilməsi
Maddə 75. Normativ hüquqi aktlarda dəyişikliklər edilməsi
75.1. Ad və ya rəqəm dəyişiklikləri edildiyi hallar istisna olmaqla, bir normativ hüquqi akt yalnız bir normativ hüquqi aktda dəyişikliklər edə bilər.
75.2. Yeni normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar olaraq zəruri hallarda qüvvədə olan normativ hüquqi aktlarda onları qəbul etmiş orqan tərəfindən müvafiq dəyişikliklər edilir.
Maddə 76. Normativ hüquqi aktların ləğv edilməsi qaydası
76.1. Normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar həmin akta daxil edilmiş normalara zidd olan və ya bu normalarla əhatə olunan, yaxud faktiki olaraq əhəmiyyətini itirən, həmin və ya daha aşağı hüquqi qüvvəyə malik olan bütün aktlar və ya onların struktur elementləri (bölmələr, fəsillər, maddələr, hissələr və s.) ləğv edilməlidir.
76.2. Normativ hüquqi aktın ləğv edilməsi barədə həmin aktı qəbul etmiş orqan tərəfindən və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 8-ci bəndi və 119-cu maddəsinin yeddinci abzası ilə müəyyən edilmiş qaydada ayrıca norma qəbul edilir.
Maddə 77. Yeni normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar ləğv edilməli, dəyişikliklər edilməli, habelə hazırlanmalı olan normativ hüquqi aktların (onların struktur elementlərinin) siyahıları
77.1. Yeni normativ hüquqi aktın qəbul edilməsi zamanı bu Konstitusiya Qanununun 12.2-ci maddəsinin tələblərinə riayət olunmalıdır. Normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar ləğv edilməli, dəyişikliklər edilməli, habelə hazırlanmalı olan normativ hüquqi aktların (onların struktur elementlərinin) sayı çox olduqda onların siyahıları həmin normativ hüquqi aktın əlavəsində əks edilə bilər.
77.2. Normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar hazırlanmalı olan normativ hüquqi aktların (onların struktur elementlərinin) siyahısı olmadan layihələrinin hazırlanmasına yalnız bunun üçün bir ildən artıq müddət tələb edildikdə yol verilir. Bu halda müvafiq siyahının hazırlanması barədə tapşırıq hazırlanır və layihələrin normayaratma orqanına təqdim edilməsi müddəti müəyyən edilir.
XIV fəsil
Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri
Maddə 78. Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydası
78.1. Hüquqi aktlar aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilən Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə (bundan sonra - Hüquqi Aktların Dövlət Reyestri) daxil edilməlidir.
78.2. Hüquqi aktlar onları qəbul etmiş dövlət orqanı tərəfindən Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək məqsədi ilə həmin aktların qəbul edildiyi gündən üç gün keçənədək göndərilir.
78.3. Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək məqsədi ilə hüquqi aktlar kağız daşıyıcısında onların əslinin həqiqi surəti formasında və eyni zamanda elektron daşıyıcılarında mətn faylları formasında təqdim edilir.
78.4. Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş hüquqi aktlara Dövlət Reyestrinin qeydiyyat nömrəsi verilir.
78.5. Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədi ilə təqdim edilən mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına və normativ xarakterli aktlara müvafiq hüquqi ekspertizanın rəyi əlavə olunur.
78.6. Naxçıvan Muxtar Respublikasının dövlət və yerli özünüidarə orqanlarının hüquqi aktları Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməlidir. Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestri Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin tərkib hissəsi hesab olunur.
Maddə 79. Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilən hüquqi aktların rekvizitləri
79.1. Hüquqi Aktların Dövlət Reyestrinə hüquqi aktların aşağıdakı rekvizitləri daxil edilir:
79.1.1. aktın növü;
79.1.2. qəbul edildiyi tarix;
79.1.3. qeydiyyat nömrəsi;
79.1.4. adı;
79.1.5. rəsmi dərc edildiyi mənbə (bu Konstitusiya Qanununun 85.1-ci maddəsində göstərilən aktlara münasibətdə);
79.1.6. qüvvəyə minmə tarixi;
79.1.7. Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu (kodları);
79.1.8. Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi;
79.1.9. hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix.
79.2. Dəyişikliklər edilmiş, ləğv edilmiş və ya qüvvədən düşmüş hüquqi aktlar üzrə Hüquqi Aktların Dövlət Reyestrinə həmin aktlarda dəyişikliklər etmiş, onları ləğv etmiş və ya qüvvədən düşmüş hesab etmiş hüquqi aktın rekvizitləri, habelə Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi və hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmə tarixi göstərilməklə müvafiq qeyd daxil edilir.
79.3. Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş hüquqi aktların mətnləri rəsmi dərc edilmiş hüquqi aktların mətnləri ilə birgə istinad üçün rəsmi mənbə hesab olunur.
79.4. Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş və rəsmi dərc edilmiş hüquqi aktların mətnləri arasında ziddiyyət olarsa Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş hüquqi aktın mətninə üstünlük verilir.
Maddə 80. Hüquqi Aktların Dövlət Reyestrinin strukturu
80.0. Hüquqi Aktların Dövlət Reyestri aşağıdakı bölmələrdən və fəsillərdən ibarətdir:
80.0.1. I bölmə - "Normativ hüquqi aktlar":
80.0.1.1. 1-ci fəsil - "Azərbaycan Respublikasının Konstitusiyası, referendum aktları və konstitusiya qanunları;
80.0.1.2. 2-ci fəsil - "Azərbaycan Respublikasının qanunları";
80.0.1.3. 3-cü fəsil - "Azərbaycan Respublikası Prezidentinin fərmanları";
80.0.1.4. 4-cü fəsil - "Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları";
80.0.1.5. 5-ci fəsil - "Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları".
80.0.2. II bölmə - "Normativ xarakterli aktlar":
80.0.2.1. "Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərinə və IV hissəsinə əsasən qəbul edilmiş və hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə olunması haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları";
80.0.2.2. "Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarları, təlimatları və izahları";
80.0.2.3. "Azərbaycan Respublikası Mərkəzi Bankının qərarları";
80.0.2.4. "Məhkəmə-Hüquq Şurasının qərarları";
80.0.2.5. "Milli Televiziya və Radio Şurasının qərarları";
80.0.2.6. "Yerli özünüidarə orqanlarının qərarları";
80.0.2.7. "Yerli icra hakimiyyəti orqanlarının qərarları".
80.0.3. III bölmə - "Qeyri-normativ hüquqi aktlar":
80.0.3.1. "Azərbaycan Respublikası Milli Məclisinin qərarları";
80.0.3.2. "Azərbaycan Respublikası Prezidentinin sərəncamları";
80.0.3.3. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamları".
Maddə 81. Hüquqi Aktların Dövlət Reyestrinin nəşri
Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilən məlumatlar 3 ayda bir dəfə toplu şəklində dərc edilməlidir.
XV fəsil
Normativ hüquqi aktların rəsmi dərc edilməsi və qüvvəyə minməsi
Maddə 82. Normativ hüquqi aktların rəsmi dərc edilməsi qaydası
82.1. Azərbaycan Respublikasının normativ hüquqi aktları rəsmi dərc edilməlidir.
82.2. Normativ hüquqi aktların rəsmi dərc edilməsi dedikdə, onların mətninin rəsmi dövri mətbu nəşrdə dərc edilməsi yolu ilə, ictimai radio və televiziya kanallarında səsləndirilməsi yolu ilə ümumi diqqətə çatdırılması nəzərdə tutulur. Normativ hüquqi aktların ictimai radio və televiziya kanallarında səsləndirilməsi onların rəsmi dövri mətbu nəşrdə dərc edilməsini əvəz etmir.
82.3. Normativ hüquqi aktların rəsmi dərc edilməsi dövlət dilində həyata keçirilir.
82.4. Normativ hüquqi aktın digər dillərdə rəsmi dərc olunmasına yalnız həmin aktın müvafiq dövlət orqanı tərəfindən bu aktın qəbul edilməsi üçün müəyyən edilmiş qaydada təsdiq edilmiş müvafiq dilə tərcüməsi mövcud olduqda yol verilir.
82.5. Normativ hüquqi aktın rəsmi dərc edilməsi tarixi bu aktın yerləşdirildiyi rəsmi dövri mətbu nəşrin çıxdığı (ictimai radio və televiziya kanallarında səsləndirildiyi) gün hesab olunur.
82.6. Bu Konstitusiya Qanununun 85.1-ci maddəsində göstərilən normativ hüquqi aktlardan biri ayrı-ayrı vaxtlarda bir neçə üsulla rəsmi dərc edildikdə normativ hüquqi aktın rəsmi dərc edilməsi və qüvvəyə minməsi tarixi onun ilk dərc edilməsi tarixi ilə müəyyən edilir.
82.7. Normativ hüquqi aktların dövlət sirrini əks etdirən ayrı-ayrı müddəaları dərc edilmir.
82.8. Ayrı-ayrı müddəaları dövlət sirrini əks etdirən normativ hüquqi aktlar istisna olmaqla natamam normativ hüquqi aktların dərc edilməsinə yol verilmir.
82.9. Normativ hüquqi aktlar onların məcburi rekvizitləri göstərilməklə dərc edilir.
82.10. Naxçıvan Muxtar Respublikasının normativ hüquqi aktlarının rəsmi dərc edilməsi qaydası Naxçıvan Muxtar Respublikasının qanunu ilə müəyyən edilir.
Maddə 83. Normativ hüquqi aktın rəsmi dərc edilmə müddətləri və şərtləri
83.1. Qanunlar və fərmanlar Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalandıqdan sonra 72 saat müddətində rəsmi dərc edilməlidir.
83.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları qəbul edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilməlidir.
83.3. Digər normativ hüquqi aktlar Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsindən sonra hökmən rəsmi dərc edilməlidir.
83.4. Səlahiyyətli dövlət orqanlarından rəsmi nəşr orqanlarına (Hüquqi Aktların Dövlət Reyestrinin nəşri istisna olmaqla) daxil olmuş normativ hüquqi aktlar, bu Konstitusiya Qanununun 83.1-ci və 83.2-ci maddələrində nəzərdə tutulmuş normativ hüquqi aktlar istisna olmaqla, onların daxil olduğu gündən 5 gün gec olmayaraq dərc edilməlidir.
Maddə 84. Normativ hüquqi aktların qeyri-rəsmi nəşrlərdə və digər kütləvi informasiya vasitələrində açıqlanması
84.1. Normativ hüquqi aktlar qeyri-rəsmi nəşrlərdə dərc edilə, habelə televiziya və radio ilə ümumi diqqətə çatdırıla, məlumat yayılmasının digər üsulları ilə ötürülə bilər.
84.2. Natamam normativ hüquqi aktlar "Çıxarış" qeydi ilə dərc edilə bilər.
84.3. Normativ hüquqi aktların qeyri-rəsmi nəşrlərdə dərc edilməsi qeyri-rəsmi hesab edilir.
84.4. Normativ hüquqi aktın qeyri-rəsmi dərc edilməsi yalnız onun hüquqi məlumatın yayılması üzrə fəaliyyətə irəli sürülən tələblərə əməl olunmaqla rəsmi dərc edilməsindən sonra həyata keçirilir. Bu zaman hər bir normativ hüquqi akt üçün rəsmi dərc edilmə mənbəyi, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi məlumatın yayılması üçün xüsusi razılığa (lisenziyaya) zərurət olduqda, hüquqi məlumatın yayılması üçün belə xüsusi razılığın (lisenziyanın) verilmə nömrəsi və tarixi hökmən göstərilir.
Maddə 85. Normativ hüquqi aktların qüvvəyə minməsi
85.1. Qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir.
85.2. Bu Konstitusiya Qanununun 85.1-ci maddəsində göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
85.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə daha artıq müddət müəyyən edilməyibsə, xarici ticarət fəaliyyətini tənzimləyən normativ hüquqi aktda onun dərc edildiyi gündən 30 gün sonra qüvvəyə mindiyi göstərilməlidir. Müstəsna hallarda, beynəlxalq təşkilatların dərhal məlumatlandırılması şərti ilə, xarici ticarət fəaliyyətini tənzimləyən normativ hüquqi akt onda nəzərdə tutulmuş müddətdə qüvvəyə minə bilər.
XVI fəsil
Normativ hüquqi aktların zamana, məkana və şəxslərə görə qüvvəsi və icrası
Maddə 86. Normativ hüquqi aktın zamana görə qüvvəsi
86.1. Normativ hüquqi akt onun mətnində digər hal nəzərdə tutulmadıqda müddətsiz qüvvədədir.
86.2. Normativ hüquqi akt və ya onun struktur elementləri üçün qüvvədə olmanın müddəti müəyyən edilə bilər. Bu halda normativ hüquqi aktda (struktur elementdə) onun qüvvədə olma müddəti və ya normativ hüquqi aktın (onun struktur elementinin) ləğv edilməsinə səbəb olan hadisə göstərilməlidir. Göstərilən müddət başa çatdıqda və ya normativ hüquqi aktda göstərilən hadisə baş verdikdə normativ hüquqi akt (onun struktur elementi) avtomatik olaraq ləğv edilir. Müəyyən edilmiş müddət başa çatana qədər normativ hüquqi aktı qəbul etmiş orqan normativ hüquqi aktın (onun struktur elementinin) qüvvəsinin yeni müddətə uzadılması və ya ona müddətsiz statusunun verilməsi haqqında qərar qəbul edə bilər.
Maddə 87. Normativ hüquqi aktın geriyə qüvvəsi
87.1. Normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsi ilə tənzimlənir.
87.2. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir.
87.3. Törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir.
Maddə 88. Normativ hüquqi aktların məkana və şəxslərə görə qüvvəsi
88.1. Normativ hüquqi aktlar Azərbaycan Respublikasının bütün ərazisində məcburi qüvvəyə malikdir.
88.2. Normativ hüquqi aktların qüvvəsi, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərə, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə şamil edilir.
Maddə 89. Normativ hüquqi aktın qüvvəsinin itirilməsi
89.0. Normativ hüquqi akt (onun struktur elementi) aşağıdakı hallarda öz qüvvəsini itirir:
89.0.1. normativ hüquqi aktın (onun struktur elementinin) tətbiqi müddəti başa çatdıqda;
89.0.2. normativ hüquqi akt (onun struktur elementi) Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları ilə nəzərdə tutulan hallarda ləğv edildikdə;
89.0.3. normativ hüquqi akt (onun struktur elementi) Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-3-cü və 6-cı, 7-ci bəndlərində nəzərdə tutulmuş hallarla əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı ilə qüvvədən düşmüş hesab edildikdə.
Maddə 90. Normativ hüquqi aktların rəsmi şərh edilməsi qaydası
90.1. Normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir.
90.2. Normativ hüquqi akt şərh edildikdə onun normalarının məzmunu izah edilir və dəqiqləşdirilir, onların qanunvericilikdə yeri, habelə ictimai münasibətlərin eyni növünün müxtəlif aspektlərini tənzimləyən digər normalar ilə funksional və başqa əlaqələri müəyyən edilir.
90.3. Normativ hüquqi akt şərh edildikdən sonra aktda həmin şərh nəticəsində dəyişikliklər edilməsinə yol verilmir.
90.4. Genişləndirici və ya məhdudlaşdırıcı şərhə yalnız normativ hüquqi aktın mətni və mənası arasında açıq-aşkar fərq olanda yol verilir.
90.5. Normativ hüquqi aktın məzmununun izahı onun şərhi hesab edilmir.
Maddə 91. Normativ hüquqi aktların icrası şərtləri
Normativ hüquqi aktların qəbul edilməsində və qüvvəyə minməsindən sonra onların icrasının lazımi təşkili - qəbul edilmiş aktların məzmununun icraçıların diqqətinə vaxtında çatdırılması, aktların səlahiyyətli dövlət orqanları tərəfindən rəsmi şərhi, aktın məzmununun izahı, şərhlərin, praktiki vəsaitlərin nəşri, aktların icrasının maliyyə, maddi-texniki, hüquqi və təşkilati-texniki təminatı, aktların icra müddətlərinə əməl olunması təminatı həyata keçirilməlidir.
Maddə 92. Normativ hüquqi aktların icrasına nəzarət
Normativ hüquqi aktların icrasına nəzarət və yoxlanılması normayaratma orqanları (vəzifəli şəxslər) və müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş xüsusi orqanlar (şəxslər) tərəfindən həyata keçirilir.
Maddə 93. Normativ hüquqi aktların icrasının yoxlanılması
93.1. Normayaratma orqanları (vəzifəli şəxslər) və digər səlahiyyətli xüsusi orqanlar (şəxslər) normativ hüquqi aktların icrasına nəzarət və onun yoxlanılması, habelə müraciətlərin təhlili əsasında normativ hüquqi aktların qüvvədə olmasının keyfiyyətini, qanuniliyini və səmərəliliyini müəyyən edirlər.
93.2. Normativ hüquqi aktlarda boşluqlar, daha yüksək hüquqi qüvvəyə malik olan aktlarla ziddiyyətlər, habelə daxili ziddiyyətlər və ya digər nöqsanlar aşkar edildikdə normayaratma orqanı (vəzifəli şəxslər) onları aradan qaldırmalı, digər səlahiyyətli xüsusi orqanlar (şəxslər) isə səlahiyyətli orqanlara müvafiq normativ hüquqi aktlarda dəyişikliklər edilməsi və ya onların ləğv edilməsi barədə təkliflər verməlidirlər.
Maddə 94. Normativ hüquqi aktların icra olunmamasına görə məsuliyyət
Normativ hüquqi aktların icra olunmamasında təqsirli bilinən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar.
XVII fəsil
Normativ hüquqi aktların inkorporasiyası
Maddə 95. Azərbaycan Respublikasının qanunlar külliyyatı
95.1. Azərbaycan Respublikasının qanunlar külliyyatı Azərbaycan Respublikasının qanunvericilik aktlarının müntəzəm təzələnən və elektron formada nəşr edilən sistemləşdirilmiş toplusudur.
95.2. Azərbaycan Respublikasının qanunlar külliyyatının aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir.
Maddə 96. Normativ hüquqi aktların rəsmi topluları və məcmuələri
96.1. Normativ hüquqi aktların icrasına kömək göstərmək məqsədi ilə normativ hüquqi aktların rəsmi topluları və məcmuələri hazırlanır və nəşr edilir.
96.2. Normativ hüquqi aktların rəsmi topluları və məcmuələri bilavasitə normayaratma orqanları və ya onların tapşırığı ilə digər dövlət orqanları tərəfindən nəşr edilir.
Maddə 97. Normativ hüquqi aktların qeyri-rəsmi topluları və məcmuələri
97.1. Normativ hüquqi aktların qeyri-rəsmi topluları və məcmuələri fiziki və hüquqi şəxslər tərəfindən nəşr edilə bilər.
97.2. Normativ hüquqi aktların qeyri-rəsmi topluları və məcmuələri nəşr edildikdə normativ hüquqi aktın mətninin hansı rəsmi mənbədən götürüldüyü göstərilməlidir.
XVIII fəsil
Yekun müddəalar
Maddə 98. Bu Konstitusiya Qanununun qüvvəyə minməsi qaydası
98.1. Bu Konstitusiya Qanunu dərc edildiyi gündən qüvvəyə minir.
98.2. Bu Konstitusiya Qanunu qüvvəyə mindiyi gündən 1999-cu il noyabrın 26-da qəbul olunmuş "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvədən düşmüş hesab edilsin.
{nl}
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 dekabr 2010-cu il
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.