Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Bu Konstitusiya Qanunu normativ hüquqi aktların hazırlanması, qəbul olunması, rəsmiləşdirilməsi, dərc edilməsi, qüvvədə olması, şərh edilməsi və sistemləşdirilməsi qaydalarını müəyyən edir.
I fəsil
Ümumi müddəalar
Maddə 1. Bu Konstitusiya Qanununda istifadə olunan əsas anlayışlar
1.0. Bu Konstitusiya Qanununda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. normativ hüquqi akt - tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd;
1.0.2. qanunvericilik aktları - Azərbaycan Respublikasının qanunvericilik sistemini təşkil edən normativ hüquqi aktlar;
1.0.3. normativ xarakterli akt - bu Konstitusiya Qanununda nəzərdə tutulan dövlət və ya yerli özünüidarə orqanı tərəfindən qəbul edilmiş, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd;
1.0.4. hüquqi akt - normativ hüquqi akt, normativ xarakterli akt və ya qeyri-normativ hüquqi akt;
1.0.5. qanunvericiliyin sistemləşdirilməsi - normativ hüquqi aktların nizama salınması, onların daxili uzlaşdırılmış vahid sistemə çevrilməsi üzrə fəaliyyət;
1.0.6. inkorporasiya - normativ hüquqi aktların məzmunu dəyişdirilmədən müəyyən qaydada toplularda (külliyyatlarda) birləşdirilməsi;
1.0.7. məcəllələşdirmə - normativ hüquqi aktların forma və məzmun baxımından yenidən işlənməsi yolu ilə vahid normativ hüquqi aktlarda birləşdirilməsi;
1.0.8. qanunlar külliyyatı - Azərbaycan Respublikasının qanunvericiliyini özündə birləşdirən sistemləşdirilmiş toplu;
1.0.9. qanunvericilikdə boşluqlar - konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının olmaması;
1.0.10. qanunun analogiyası - konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsi;
1.0.11. hüququn analogiyası - yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsi;
1.0.12. normativ hüquqi aktların kolliziyası - eyni ictimai münasibətləri tənzimləyən qüvvədə olan normativ hüquqi aktların ziddiyyəti (uyğunsuzluğu);
1.0.13. normayaratma fəaliyyəti - normativ hüquqi aktların hazırlanması, ekspertizası, qəbul olunması, onlarda dəyişikliklər edilməsi, onların şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi üzrə fəaliyyət;
1.0.14. normayaratma fəaliyyətinin subyekti - normayaratma fəaliyyətində iştirak edən orqanlar (şəxslər);
1.0.15. qanunvericilik təşəbbüsü - Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinin I hissəsi ilə müəyyən edilmiş subyekt tərəfindən qanun layihəsinin Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə rəsmən təqdim edilməsi;
1.0.16. normativ hüquqi aktın rəsmiləşdirilməsi - normativ hüquqi aktın səlahiyyətli şəxs tərəfindən imzalanması və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi;
1.0.17. normayaratma orqanı - normativ hüquqi aktları qəbul etmək səlahiyyətinə malik olan dövlət orqanı;
1.0.18. normayaratma prosesi - dövlət orqanının normativ hüquqi aktların hazırlanması, qəbul olunması və qüvvəyə minməsi üzrə normayaratma fəaliyyəti;
1.0.19. normayaratma texnikası - normativ hüquqi aktların layihələrinin hazırlanması qaydalarının sistemi;
1.0.20. normativ hüquqi aktın açıqlanması - normativ hüquqi aktın rəsmi dövri mətbu nəşrdə dərc edilməsi, digər kütləvi informasiya vasitələrinin və ya başqa mümkün kommunikasiya vasitələrinin köməyi ilə rəsmi yayılması yolu ilə ümumi diqqətə çatdırılması;
1.0.21. lokal normativ hüquqi akt - qüvvəsi bir və ya bir neçə dövlət orqanının çərçivəsi ilə məhdudlaşan normativ hüquqi akt;
1.0.22. texniki normativ hüquqi aktlar - texniki reqlamentlər, bərqərar olmuş təcrübəni əks etdirən texniki məcəllələr, standartlar, o cümlədən Azərbaycan Respublikasının dövlət standartları, sahə standartları, texniki şərtlər, aviasiya qaydaları, zoogigiyena, baytarlıq, baytarlıq-sanitariya normaları və qaydaları, sanitariya normaları və qaydaları, gigiyena normativləri, farmakopeya məqalələri və normaları, yanğın təhlükəsizliyi qaydaları, texniki, sənaye, nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsi normaları və qaydaları, təhlükəli yüklərin təhlükəsiz daşınması normaları və qaydaları, yerin təkinin qorunması və səmərəli istifadəsi normaları və qaydaları, ixtisaslaşdırılmış məlumat kitabçaları, texniki-iqtisadi məlumatların dövlət təsnifatı, dövlət statistika müşahidələrinin formaları və onların doldurulmasına dair göstərişlər, statistik göstəricilərin formalaşdırılması və hesablanması qaydaları, dövlət statistika müşahidələrinin təşkil edilməsinə və aparılmasına dair təlimatlar, idarə hesabat formaları və onların doldurulmasına dair göstərişlər, daşınmaz maddi tarixi-mədəni dəyərlərin qorunması zonalarının layihələri, Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə texniki normativ hüquqi aktlara aid edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan qaydada təsdiq edilmiş (qüvvəyə minmiş) digər normativ hüquqi aktlar;
1.0.23. normativ hüquqi aktda dəyişikliklərin edilməsi - normativ hüquqi akta onun müddəalarının mətnini dəyişən və ya əlavə normaların daxil edilməsi;
1.0.24. normativ hüquqi aktdan sui-istifadə imkanı - normativ hüquqi aktda korrupsiya təzahürləri üçün şəraitin yaranmasına kömək edən müddəaların mövcudluğu;
1.0.25. diskresion səlahiyyətlər - orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətləri;
1.0.26. dispozitiv imkan - orqanın (şəxsin) öz seçimi ilə davranış imkanı;
1.0.27. normativ hüquqi aktın hüquqi qüvvəsi - normativ hüquqi aktın müvafiq ictimai münasibətlərə tətbiqinin məcburiliyini, habelə onun digər normativ hüquqi aktlar barəsində üstünlüyünü və ya tabeliyini müəyyən edən xarakteristika.
Maddə 2. Normativ hüquqi aktlar və onların hüquqi qüvvəsi
2.1. Normativ hüquqi aktların növləri Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi ilə müəyyən edilir.
2.2. Normativ hüquqi aktların hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin II, III, IV, V, VI hissələri və 151-ci maddəsi ilə müəyyən edilir.
2.3. Referendumla qəbul edilmiş akt (bundan sonra - referendum aktı), qanun, fərman və ya digər normativ hüquqi akt Azərbaycan Respublikasının Konstitusiyası ilə ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Konstitusiyası tətbiq edilir.
2.4. Qanun, fərman və ya digər normativ hüquqi akt referendum aktı ilə ziddiyyət təşkil etdikdə referendum aktı tətbiq edilir.
2.5. Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir.
2.6. Fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir.
2.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları fərmanla ziddiyyət təşkil etdikdə fərman tətbiq edilir.
2.8. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı tətbiq edilir.
2.9. Nizamnamələrin, əsasnamələrin, təlimatların, reqlamentlərin və qaydaların hüquqi qüvvəsi onları təsdiq edən normativ hüquqi aktın hüquqi qüvvəsi ilə müəyyən edilir.
2.10. Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarının normativ hüquqi aktlarının hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 134-cü maddəsinin V hissəsi və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 49-cu maddəsinin II, III, IV və V hissələri ilə müəyyən edilir.
Maddə 3. Qeyri-normativ hüquqi aktlar və onların hüquqi qüvvəsi
3.1. Konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə qəbul edilən və ya digər birdəfəlik tətbiq halları üçün nəzərdə tutulan hüquqi aktlar qeyri-normativ hüquqi aktlar sayılır.
3.2. Qeyri-normativ hüquqi aktlar müvafiq normativ hüquqi akt əsasında qəbul edilməlidir və onun müvafiq normasına istinad etməlidir.
3.3. Qeyri-normativ hüquqi aktlara aşağıdakılar aiddir:
3.3.1. Azərbaycan Respublikası Milli Məclisinin qərarları;
3.3.2. Azərbaycan Respublikası Prezidentinin sərəncamları;
3.3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamları;
3.3.4. vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını həyata keçirən orqanların aktları;
3.3.5. bu maddənin birinci hissəsinə uyğun olaraq qeyri-normativ hesab edilən digər hüquqi aktlar.
Maddə 4. Normativ xarakterli aktlar və onların hüquqi qüvvəsi
4.1. Azərbaycan Respublikasının normativ xarakterli aktları aşağıdakılardır:
4.1.1. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərinə və IV hissəsinə əsasən qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları;
4.1.2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarları, təlimatları və izahları;
4.1.3. Azərbaycan Respublikası Mərkəzi Bankının qərarları;
4.1.4. Məhkəmə-Hüquq Şurasının qərarları;
4.1.5. Milli Televiziya və Radio Şurasının qərarları;
4.1.6. yerli özünüidarə orqanlarının qərarları;
4.1.7. yerli icra hakimiyyəti orqanlarının qərarları.
4.2. Normativ xarakterli aktlar onların icra olunmamasına görə məsuliyyət müəyyən edə bilməz.
4.3. Normativ xarakterli aktlar müvafiq normativ hüquqi akt əsasında qəbul edilməlidir və onun müvafiq normasına istinad etməlidir.
4.4. Bu Konstitusiya Qanununun 4.1.1-ci maddəsində nəzərdə tutulan normativ xarakterli aktlar istisna olmaqla, digər normativ xarakterli aktlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə ziddiyyət təşkil edə bilməz.
Maddə 5. Bu Konstitusiya Qanununun tətbiq dairəsi
5.1. Bu Konstitusiya Qanunu Azərbaycan Respublikasının, o cümlədən Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarının normativ hüquqi aktlarının hazırlanması, qəbul olunması, rəsmiləşdirilməsi, dərc edilməsi, qüvvədə olması, şərh edilməsi və sistemləşdirilməsi qaydalarını müəyyən edir.
5.2. Bu Konstitusiya Qanunu referendum aktlarının hazırlanması, qüvvədə olması, şərh edilməsi və sistemləşdirilməsi qaydalarına şamil edilir.
5.3. Bu Konstitusiya Qanunu aşağıdakı aktların rəsmiləşdirilməsi, dərc edilməsi, qüvvədə olması, şərh edilməsi və sistemləşdirilməsi qaydalarına şamil edilir:
5.3.1. beynəlxalq müqavilələr;
5.3.2. texniki normativ hüquqi aktlar;
5.3.3. lokal normativ hüquqi aktlar;
5.3.4. normativ xarakterli aktlar.
Maddə 6. Normativ hüquqi aktlar sistemi
Normativ hüquqi aktlar onların iyerarxiyasının müəyyən edilməsi, qarşılıqlı uzlaşdırılması, habelə daxili uzlaşdırma ilə səciyyələnən və ictimai münasibətlərin hüquqi tənzimlənməsini təmin edən Azərbaycan Respublikasının müvafiq qanunlar külliyyatının hazırlanması yolu ilə vahid sistemə salınır.
Maddə 7. Dövlət orqanlarının qəbul etdikləri normativ hüquqi aktlar barəsində hüquq varisliyi
7.1. Normativ hüquqi aktlar qəbul etmək hüququna malik olan dövlət orqanı yenidən təşkil edildikdə onun hüquq varisinə normativ hüquqi aktları qəbul etmək hüququ ilə yanaşı, səlahiyyətləri daxilində, əvvəllər qəbul edilmiş normativ hüquqi aktlarda dəyişikliklər etmək, həmin aktların qüvvəsini dayandırmaq və ləğv edilməsi səlahiyyəti verilir.
7.2. Dövlət orqanı ləğv edildikdə və ya onun hüquq varisi müvafiq normativ hüquqi aktları qəbul etmək hüququna malik olmamaqla yenidən təşkil edildikdə, əvvəllər qəbul edilmiş normativ hüquqi aktlarda dəyişikliklər etmək, həmin aktların qüvvəsini dayandırmaq və ləğv edilməsi səlahiyyəti yuxarı və ya digər dövlət orqanına verilir.
7.3. Müvafiq normativ hüquqi aktları qəbul edən dövlət orqanının statusunun dəyişdirilməsi əvvəllər qəbul edilmiş normativ hüquqi aktların qüvvəsinin itirilməsinə səbəb olmur.
7.4. Dövlət orqanının adı dəyişdirildikdə və ya bu orqan adının dəyişdirilməsinə səbəb olan birləşmə, qoşulma, çevrilmə yolu ilə yenidən təşkil edildikdə, əvvəlki adı əks etdirən normativ hüquqi aktlarda addəyişmə hissəsində dəyişikliklər edilməlidir. Belə dəyişikliklər edilənədək əvvəlki adı əks etdirən normativ hüquqi aktlar adı dəyişdirilmiş (yeni yaradılmış) orqana tam həcmdə şamil olunur.
7.5. Dövlət orqanı bölündükdə və ya ayrıldıqda onun yenidən təşkili haqqında qərarda səlahiyyətlərin aydın bölgüsü nəzərdə tutulmalıdır və həmin qərar hansı normativ hüquqi aktların yeni yaradılmış hansı dövlət orqanlarına hansı həcmdə şamil edilməsini müəyyənləşdirməyə imkan verməlidir. Bu zaman bölünmə və ya ayrılma haqqında qərarı qəbul etmiş dövlət orqanı üç ay müddətində müvafiq normativ hüquqi aktlarda bütün zəruri dəyişikliklər edilməsini təmin etməlidir.
Maddə 8. Normayaratma fəaliyyətinin əsas prinsipləri
8.0. Normayaratma fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin I hissəsində göstərilən prinsiplərlə yanaşı, aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
8.0.1. Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluq və qanunların üstünlüyü;
8.0.2. aşağı dövlət orqanlarının aktlarının yuxarı dövlət orqanlarının aktlarına uyğunluğu;
8.0.3. beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının üstünlüyü;
8.0.4. mütənasiblik;
8.0.5. dövlət orqanlarının vətəndaşlar qarşısında cavabdehliyi;
8.0.6. normayaratma fəaliyyətinin demokratikliyi və şəffaflığı;
8.0.7. normativ hüquqi aktların ziddiyyətsizliyi;
8.0.8. insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət;
8.0.9. ictimai münasibətlərin hüquqi tənzimlənməsinin sistemliliyi və kompleksliyi.
Maddə 9. Normayaratma orqanlarının fəaliyyətində aşkarlıq
9.1. Normayaratma orqanlarının fəaliyyətində aşkarlıq aşağıdakı vasitələrlə təmin edilir:
9.1.1. normayaratma orqanlarının fəaliyyəti və onların qəbul etdikləri normativ hüquqi aktlar haqqında fiziki və hüquqi şəxslərin məlumatlandırılması;
9.1.2. normativ hüquqi aktların rəsmi nəşrlərdə, digər kütləvi informasiya vasitələrində dərc edilməsi və ya onların digər üsullarla açıqlanması;
9.1.3. normativ hüquqi aktların layihələrinin normayaratma orqanlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsi.
9.2. Normayaratma orqanının qərarı ilə normativ hüquqi aktın layihəsi açıq (ictimai və ya peşəkar) müzakirəyə çıxarıla bilər.
II fəsil
Normativ hüquqi aktların kolliziyası
Maddə 10. Normativ hüquqi aktların kolliziyasının həlli qaydaları
10.1. Normativ hüquqi aktların kolliziyası həll edilərkən bu Konstitusiya Qanununun 2-ci maddəsinin tələbləri nəzərə alınır.
10.2. Normativ hüquqi aktı qəbul edən dövlət orqanına ictimai münasibətlərin müəyyən sahəsinin tənzimlənməsində xüsusi səlahiyyət verilirsə, həmin dövlət orqanının qəbul etdiyi normativ hüquqi akt eyni kateqoriyalı dövlət orqanının həmin sahə üzrə qəbul etdiyi normativ hüquqi aktına münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir.
10.3. Ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir.
10.4. Eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir.
10.5. Yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir.
10.6. Eyni münasibətlər bir neçə norma ilə tənzimlənirsə və həmin normaları eyni vaxtda tətbiq etmək mümkündürsə, bu, normativ hüquqi aktların kolliziyası hesab edilmir.
10.7. Dövlət orqanlarının struktur bölmələri normativ hüquqi aktlar qəbul etmək hüququna malik deyildirlər.
10.8. Naxçıvan Muxtar Respublikasında normativ hüquqi aktların kolliziyası həll edilərkən bu Konstitusiya Qanununun 2-ci maddəsinin tələbləri nəzərə alınır.
Maddə 11. Normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması qaydalarının tətbiqinin ardıcıllığı
11.0. Normativ hüquqi aktların kolliziyası aşağıdakı ardıcıllıqla aradan qaldırılır:
11.0.1. birinci növbədə ardıcıl olaraq bu Konstitusiya Qanununun 2.3-2.8-ci maddələrinin normaları tətbiq edilir;
11.0.2. kolliziya aradan qaldırılmadıqda ikinci növbədə ardıcıl olaraq bu Konstitusiya Qanununun 10.2-10.5-ci maddələrinin normaları tətbiq edilir.
Maddə 12. Normativ hüquqi aktların kolliziyasının aradan qaldırılmasının üsulları
12.1. Normativ hüquqi aktların kolliziyası aşağıdakı üsullarla aradan qaldırılır:
12.1.1. normativ hüquqi aktın ləğv edilməsi;
12.1.2. normativ hüquqi aktda dəyişikliklər edilməsi;
12.1.3. normativ hüquqi aktların məcəllələşdirilməsi.
12.2. Normativ hüquqi aktların kolliziyasına yol verməmək məqsədi ilə yeni normativ hüquqi aktın qəbul olunması ilə əlaqədar ləğv edilməli, dəyişikliklər edilməli olan normativ hüquqi aktların (onların struktur elementlərinin) siyahısı həmin normativ hüquqi aktın yekun müddəalarında və ya əlavəsində əks etdirilməlidir.
12.3. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi normativ hüquqi aktın şərhi ilə bağlı qəbul etdiyi qərarında normativ hüquqi aktların kolliziyasını təsdiqləyərsə, həmin kolliziyanı aradan qaldırmaq məqsədi ilə bu Konstitusiya Qanununun 12.1.1-12.1.3-cü maddələrində göstərilən tədbirlər görülməlidir.
III fəsil
Qanunvericilikdə boşluqlar
Maddə 13. Hüququn analogiyasından və qanunun analogiyasından istifadə olunması qaydası
13.1. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər.
13.2. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
13.3. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.
13.4. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarını tapmaq mümkün olmadıqda hüququn analogiyasından istifadə edilir. Bu zaman Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarda təsbit edilmiş hüququn konkret sahələrinə aid prinsiplərdən və hüququn ümumi prinsiplərindən istifadə olunur. Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.
13.5. Cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz.
Maddə 14. Qanunvericilikdə boşluqların aşkar edilməsi
14.0. Qanunvericilikdə boşluqlar aşkar edilərkən aşağıdakılar nəzərə alınmalıdır:
14.0.1. faktiki hal hüquqi tənzimləmə dairəsinə aid olmalıdır;
14.0.2. konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmamalıdır;
14.0.3. faktiki hal qanunvericilikdə qismən tənzimlənməlidir (tam tənzimlənməməlidir).
Maddə 15. Hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə olunması haqqında qərar
15.1. Qanunvericilikdə boşluqları aşkar edən və bu Konstitusiya Qanununun 14-cü maddəsini tətbiq edən subyekt konkret ictimai münasibətlərin tənzimlənməsinin səlahiyyətlərinə aid edildiyi normayaratma orqanına bu barədə məlumat verməlidir.
15.2. Hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə olunması haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
Maddə 16. Hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə olunmasını istisna edən hallar
16.0. Aşağıdakı hallarda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz:
16.0.1. qanunvericilikdə boşluqlar zahiri xarakter daşıdıqda;
16.0.2. normativ tənzimləmə zərurəti olmadıqda;
16.0.3. normativ tənzimləmə qanunla qadağan olunduqda;
16.0.4. normativ tənzimləmə mövcud olduqda.
IV fəsil
Normativ hüquqi aktların növləri
Maddə 17. Azərbaycan Respublikası Milli Məclisinin normativ hüquqi aktları
17.1. Azərbaycan Respublikası Konstitusiyasının 93-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Milli Məclisinin normativ hüquqi aktları qanunlar formasında qəbul edilir.
17.2. Tənzimlənməsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsi və 95-ci maddəsinin II hissəsi ilə Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətlərinə aid edilmiş ictimai münasibətlər qanunla tənzimlənir.
17.3. Azərbaycan Respublikası Milli Məclisinin normativ hüquqi aktı qəbul olunduqda bu aktın istinad etdiyi Azərbaycan Respublikası Konstitusiyasının maddəsi göstərilməli və aktın həmin maddənin icrası məqsədi ilə qəbul olunduğu qeyd edilməlidir.
Maddə 18. Azərbaycan Respublikası Prezidentinin normativ hüquqi aktları
18.1. Azərbaycan Respublikası Konstitusiyasının 113-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin normativ hüquqi aktları fərman formasında qəbul edilir.
18.2. Azərbaycan Respublikası Prezidentinin fərmanları Azərbaycan Respublikasının Konstitusiyası ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə aid edilmiş və normativ tənzimləmə predmeti olan məsələlər üzrə qəbul edilir.
18.3. Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilən əsasnamələr, nizamnamələr, qaydalar və norma nəzərdə tutan digər aktlar Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə təsdiq edilir.
18.4. Azərbaycan Respublikası Prezidentinin normativ hüquqi aktı qəbul olunduqda bu aktın istinad etdiyi Azərbaycan Respublikası Konstitusiyasının maddəsi göstərilməli və aktın həmin maddənin icrası məqsədi ilə qəbul olunduğu qeyd edilməlidir.
Maddə 19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktları
19.1. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Konstitusiyasının 120-ci maddəsinin I hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikası Prezidentinin aktları əsasında və onların icrası məqsədi ilə Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikası Prezidentinin aktları ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə qərarlar formasında normativ hüquqi aktlar qəbul edir.
19.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilən əsasnamələr, nizamnamələr, qaydalar və norma nəzərdə tutan digər aktlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə təsdiq edilir.
19.3. Azərbaycan Respublikasının Nazirlər Kabineti habelə mərkəzi icra hakimiyyəti orqanları tərəfindən həll edilə bilməyən məsələlər üzrə normativ hüquqi aktlar qəbul edir.
19.4. Normativ hüquqi akt Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul olunduqda bu normativ hüquqi aktın istinad etdiyi Azərbaycan Respublikası Konstitusiyasının maddəsi və ya Azərbaycan Respublikası Prezidentinin aktı göstərilməli və həmin aktın icrası məqsədi ilə qəbul olunduğu qeyd edilməlidir.
Maddə 20. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları
20.1. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları Azərbaycan Respublikası Prezidentinin aktları ilə nəzərdə tutulmuş hallarda və hədlərdə, yalnız Azərbaycan Respublikası Prezidentinin aktları ilə onların səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə qəbul edilə bilər.
20.2. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları qərarlar formasında qəbul edilir.
20.3. Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən qəbul edilən təlimatlar, əsasnamələr, nizamnamələr və qaydalar qərarlarla təsdiq edilir.
20.4. Normativ hüquqi akt mərkəzi icra hakimiyyəti orqanları tərəfindən qəbul olunduqda bu normativ hüquqi aktın istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin aktı göstərilməli və həmin aktın icrası məqsədi ilə qəbul olunduğu qeyd edilməlidir.
Maddə 21. Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarının normativ hüquqi aktlarının növləri
Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarının normativ hüquqi aktlarının növləri Naxçıvan Muxtar Respublikasının Konstitusiyası ilə müəyyən edilir.
V fəsil
Azərbaycan Respublikasının normativ hüquqi aktlarında beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin normalarının həyata keçirilməsi
Maddə 22. Beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının üstünlüyü
Azərbaycan Respublikası beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının üstünlüyünü tanıyır və Azərbaycan Respublikası qanunvericiliyinin onlara uyğunluğunu təmin edir.
Maddə 23. Beynəlxalq müqavilələrlə normativ hüquqi aktların qarşılıqlı nisbəti
23.1. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin II hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin tərkib hissəsidir.
23.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrin Azərbaycan Respublikasının normativ hüquqi aktlarına münasibətdə hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsi ilə müəyyən edilir.
23.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı hökumətlərarası müqavilələr həmin müqavilələrin Azərbaycan Respublikası üçün məcburiliyinə razılığın ifadə olunduğu normativ hüquqi aktlardan daha üstün hüquqi qüvvəyə malikdir.
23.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, həmin müqavilələrdə əks etdirilmiş normaların tətbiqi üçün dövlətdaxili normativ hüquqi aktın qəbul olunmasını tələb edən hallar istisna olmaqla, birbaşa tətbiq edilməlidir.
Maddə 24. Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinin həyata keçirilməsinə yönəlmiş normativ hüquqi aktların qəbul edilməsinin əsasları
24.0. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin həyata keçirilməsinə yönəlmiş normativ hüquqi aktlar aşağıdakı hallarda qəbul edilir:
24.0.1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin predmetini Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə tənzimlənməyən məsələlər təşkil etdikdə;
24.0.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi müvafiq normativ hüquqi akt qəbul edilmədən mümkün olmadıqda;
24.0.3. beynəlxalq müqavilənin tərəfləri müvafiq normativ hüquqi aktların qəbul edilməsi barədə razılığa gəldikdə.
VI fəsil
Normativ hüquqi akta dair ümumi tələblər
Maddə 25. Normativ hüquqi aktın tərtib edilməsi üslubu
25.1. Normativ hüquqi aktlar daxilən uzlaşdırılmalı, məntiqli qurulmalı və normayaratma texnikasına uyğun olmalıdır.
25.2. Normativ hüquqi aktın normaları ifadə edilərkən həm həddindən artıq ümumiləşdirilmiş, həm də həddindən artıq təfərrüatlı ifadələrə, eləcə də eyni məsələ ilə bağlı normativ göstərişlərin təkrarlanmasına və onların çoxluğuna yol verilməməlidir.
25.3. Normativ hüquqi aktın (onun struktur elementinin) adı yığcam olmalı, aydın ifadə edilməli və həmin aktın (struktur elementinin) əsas mahiyyətini əks etdirməlidir.
25.4. Normativ hüquqi aktın normaları yığcam şəkildə, əsasən təsdiq formasında və indiki zamanda ifadə edilməlidir.
25.5. Normativ hüquqi aktın mətnində istifadə edilən termin və anlayışlar aydın və birmənalı olmalıdır.
Maddə 26. Normativ hüquqi aktda normaların yerləşdirilməsinin ardıcıllığı
Normativ hüquqi aktın mətnində əvvəl ümumi, sonra isə daha konkret müddəalar yerləşdirilir.
Maddə 27. Normativ hüquqi aktların layihələrinin dövlət orqanları tərəfindən hazırlanmasının tənzimlənməsi
27.1. Normativ hüquqi aktların müxtəlif növlərinin layihələrinin hazırlanması qaydasının xüsusiyyətləri, onlar üçün texniki-hüquqi tələblər, habelə bu Konstitusiya Qanunu ilə tənzimlənməmiş digər məsələlər müvafiq olaraq Azərbaycan Respublikasının Milli Məclisi və Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qaydalarla müəyyən edilir.
27.2. Normativ hüquqi aktların layihələrinin hazırlanması qaydası normayaratma fəaliyyətinin subyektlərinin və normayaratma orqanlarının hüquqlarını məhdudlaşdıra bilməz.
VII fəsil
Normativ hüquqi aktın strukturu
Maddə 28. Normativ hüquqi aktların rekvizitləri
28.0. Normativ hüquqi aktların məcburi rekvizitləri aşağıdakılardır:
28.0.1. aktın növü (Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin fərmanı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı və s.);
28.0.2. hüquqi tənzimləmə predmetini əks etdirən normativ hüquqi aktın adı (sərlövhəsi);
28.0.3. aktın qəbul edildiyi tarix, yer və qeydiyyat nömrəsi;
28.0.4. müvafiq normativ hüquqi aktı rəsmi imzalamaq səlahiyyətinə malik olan şəxsin adı, soyadı, vəzifəsi və imzası.
Maddə 29. Normativ hüquqi aktın adı
29.1. Hər bir normativ hüquqi akt onun hüquqi tənzimləmə predmetini və əsas mahiyyətini əks etdirən ada malik olmalıdır.
29.2. Bir və ya bir necə normativ hüquqi aktda dəyişikliklər edildikdə həmin dəyişiklikləri nəzərdə tutan aktın adında dəyişikliklər edilən normativ hüquqi aktın (aktların) adı (adları) göstərilməlidir.
Maddə 30. Normativ hüquqi aktın struktur elementləri
30.1. Normativ hüquqi aktın struktur elementləri preambuladan, bölmədən, fəsildən, maddədən, hissədən, bənddən, yarımbənddən və abzasdan ibarətdir.
30.2. Normativ hüquqi aktın mətni onun növündən asılı olaraq, bölmədə birləşən fəsillərə, fəsildə birləşən maddələrə, maddədə birləşən hissələrə, hissədə birləşən bəndlərə, bənddə birləşən yarımbəndlərə və yarımbənddə birləşən abzaslara bölünə bilər. Qanun, o cümlədən dəyişiklikləri nəzərdə tutan qanun, qanunla təsdiq edilən əsasnamə, nizamnamə, qayda və norma nəzərdə tutan digər akt maddələrə, digər normativ hüquqi aktlar, o cümlədən referendum aktı hissələrə bölünür. Məcəllədə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə digər struktur elementləri də ola bilər. Məcəllədə mündəricat verilməlidir. İri həcmli digər normativ hüquqi aktlarda da mündəricat verilə bilər.
30.3. Normativ hüquqi aktın preambulası onun qəbul edilməsinin səbəblərini, şərtlərini və məqsədlərini əks etdirən giriş hissəsidir. Preambulaya normativ göstərişlərin daxil edilməsinə yol verilmir.
30.4. Normativ hüquqi aktın bölməsi fəsilləri özündə birləşdirən struktur elementidir. Bölmə rum rəqəmi ilə nömrələnir, mahiyyətini əks etdirən, baş hərflərlə yazılan və sətrin ortasında yerləşdirilən ada malik olmalıdır.
30.5. Normativ hüquqi aktın fəsli maddələri özündə birləşdirən struktur elementidir. Fəsil ərəb rəqəmi ilə nömrələnir, mahiyyətini əks etdirən, baş hərflərlə yazılan və sətrin ortasında yerləşdirilən ada malik olmalıdır.
30.6. Normativ hüquqi aktın maddəsi hissələri özündə birləşdirən və tamamlanmış normativ müddəanı əks etdirən əsas struktur elementidir. Maddə ərəb rəqəmi ilə nömrələnir və rəqəmdən sonra nöqtə qoyulur. Maddə, o cümlədən qanunla təsdiq edilən əsasnamənin, nizamnamənin, qaydanın və norma nəzərdə tutan digər aktın maddəsi onun mahiyyətini əks etdirən və sətri hərflərlə yazılan ada malik olmalıdır. Dəyişiklikləri nəzərdə tutan qanunun və hər hansı əsasnaməni, nizamnaməni, qaydanı və norma nəzərdə tutan digər aktı təsdiq edən qanunun maddəsinin adı olmur.
30.7. Maddə olmayan normativ hüquqi aktda hissə bəndləri özündə birləşdirə bilən və tamamlanmış normativ müddəanı əks etdirən əsas struktur elementidir. Hissə (maddədə hissənin nömrəsinin birinci rəqəmi maddənin nömrəsini təkrarlamaqla) ərəb rəqəmi ilə nömrələnir və rəqəmdən sonra nöqtə qoyulur. Hissənin mətni sətri hərflərlə yazılır və nöqtə ilə tamamlanır. Normativ hüquqi aktla (qanun istisna olmaqla) təsdiq edilən əsasnamədə, nizamnamədə, qaydada və norma nəzərdə tutan digər aktda, mərkəzi icra hakimiyyəti orqanının normativ hüquqi aktında hissənin mahiyyətini əks etdirən, sətri hərflərlə yazılan və sətrin ortasında yerləşdirilən adı olmalıdır.
30.8. Normativ hüquqi aktın bəndi yarımbəndləri özündə birləşdirə bilən, hissənin nömrəsini təkrarlamaqla ərəb rəqəmi ilə nömrələnən və rəqəmdən sonra nöqtə qoyulan struktur elementidir. Bəndin mətni sətri hərflərlə yazılır və nöqtəli vergül və ya nöqtə ilə tamamlanır.
30.9. Normativ hüquqi aktın yarımbəndi abzasları özündə birləşdirə bilən, bəndin nömrəsini təkrarlamaqla ərəb rəqəmi ilə nömrələnən və rəqəmdən sonra nöqtə qoyulan struktur elementidir. Yarımbəndin mətni sətri hərflərlə yazılır və nöqtəli vergül və ya nöqtə ilə tamamlanır.
30.10. Normativ hüquqi aktın abzası yarımbəndin tərkib hissəsi olan, ərəb rəqəmi ilə nömrələnən və rəqəmdən sonra nöqtə qoyulan struktur elementidir. Abzasın mətni sətri hərflərlə yazılır və nöqtəli vergül və ya nöqtə ilə tamamlanır.
30.11. Struktur elementləri ardıcıl və bütün normativ hüquqi akt üçün eyni qaydada nömrələnməlidir. Sətrin ortasında yerləşdirilməli olan struktur elementləri istisna olmaqla, struktur elementləri mətnin birinci sətrinin əvvəlində (abzas yarımbəndin mətninin birinci sətrinə münasibətdə) boş yer buraxılmaqla yerləşdirilir. Normativ hüquqi aktda maddənin hissəsinə, bəndinə və ya yarımbəndinə istinad edilərkən, onlar maddə adlandırılır.
30.12. Normativ hüquqi aktlarda bu maddədə göstərilən struktur elementlərindən onlara xas olmayan rəqəm və ya digər işarələrlə istifadə edilməsinə müstəsna hallarda və normativ hüquqi aktlarda xüsusi qeyd-şərtlər olduqda yol verilir.
Maddə 31. Məcəllələşdirilmiş normativ hüquqi aktların strukturunun xüsusiyyətləri
31.1. Məcəllələşdirilmiş normativ hüquqi aktın bölmələri ümumi və xüsusi hissələrdə birləşdirilə bilər.
31.2. Məcəllələşdirilmiş normativ hüquqi aktın ümumi hissəsi aşağıdakıları əks etdirməlidir:
31.2.1. əsas müddəalar (prinsiplər, anlayışların tərifi, əsas təsisatlar);
31.2.2. ixtisaslaşdırılmış normativ müddəalar (prezumpsiyalar, preyudisiyalar);
31.2.3. yüksək dərəcəli ümumiləşdirmə və sabitliklə səciyyələnən və xüsusi hissənin normalarının istifadəsi üçün hüquqi əsas yaradan digər ilkin normativ müddəalar.
31.3. Məcəllələşdirilmiş normativ hüquqi aktın xüsusi hissəsi aşağıdakıları ifadə edən normaları əhatə edə bilər:
31.3.1. mümkün və lazımi davranışın (hüquq və vəzifələr) növü və ölçüsü (qaydaları);
31.3.2. hüquq normalarının mümkün pozuntularının mənfi nəticələrinin (hüquqi məsuliyyətin) növü və ölçüsü.
Maddə 32. Normativ hüquqi aktlarda dəyişikliklərin edilməsinin texniki parametrləri
32.1. Normativ hüquqi aktın struktur elementi (bölməsi, fəsli, maddəsi, hissəsi və s.) qüvvədən düşmüş hesab edildikdə və ya ləğv edildikdə, o qüvvədə olan aktdan çıxarılır, lakin onun nömrəsi saxlanılır və normativ hüquqi aktın struktur elementlərinin (bölmələrin, fəsillərin, maddələrin, hissələrin və s.) nömrələri dəyişmir.
32.2. Normativ hüquqi akta yeni struktur element (bölmə, fəsil, maddə, hissə və s.) əlavə edildikdə, o, aktın struktur elementlərinin nömrələrini təkrarlamaqla əlavə nömrə ilə daxil edilir.
32.3. Bir neçə struktur elementlərindən ibarət struktur elementə edilən dəyişikliyin onu təşkil edən digər struktur elementlərə (hissənin bəndlərinə, bəndin yarımbəndlərinə və yarımbəndin abzaslarına) şamil edilmədiyi mötərizədə göstərilməklə müəyyənləşdirilir və bu cür mötərizənin olmaması müvafiq dəyişikliyin bütövlükdə struktur elementi əhatə etdiyini bildirir.
Maddə 33. Normativ hüquqi aktlarda başqa aktlara istinad edilməsi və başqa aktların müddəalarının təkrarlanması
Zəruri hallarda normativ hüquqi aktda digər bərabər və ya daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi aktların struktur elementlərinə istinadlara, habelə daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi aktlara istinad etməklə, belə normativ hüquqi aktların ayrı-ayrı müddəalarının təkrarlanmasına yol verilir. Bu cür təkrarlanmada müvafiq normaya istinad olmalı, həmin norma dürüst ifadə edilməli və daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi aktın normasının mənası dəyişdirilməməlidir.
Maddə 34. Normativ hüquqi aktların struktur elementlərində başqa struktur elementlərə istinad edilməsi
Hüquq normaları arasında qarşılıqlı əlaqəni pozmamaq və ya təkrarlara yol verməmək zərurəti olduğu hallarda normativ hüquqi aktın struktur elementlərini həmin aktın başqa struktur elementlərinə istinad edilə bilər.
Maddə 35. Sətiraltı qeydlər və əlavələr
35.1. Normativ hüquqi aktların (onların struktur elementlərinin) ayrıca struktur elementləri kimi onlara dair sətiraltı qeydlər ola bilər. Sətiraltı qeydlərdən, izahlardan və ya ixtisar edilmiş adlardan onlar normativ hüquqi aktın (onun struktur elementlərinin) mətninə yerləşdirilə bilmədikdə istifadə edilir.
35.2. Normativ hüquqi aktda cədvəllər, qrafiklər, xəritələr, sxemlər, siyahılar, illüstrasiyalar və s. göstərildikdə onlar əlavə formasında rəsmiləşdirilməli, normativ hüquqi aktın müvafiq struktur elementlərində isə həmin əlavələrə dair istinadlar olmalıdır.
Maddə 36. Normativ hüquqi aktda məsuliyyət tədbirlərinin nəzərdə tutulması
Dövlət və yerli özünüidarə orqanlarının, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin, onların vəzifəli şəxslərinin, habelə fiziki şəxslərin vəzifələrini nəzərdə tutan aktlarda həmin vəzifələrin pozulmasına görə qüvvədə olan qanunvericiliklə məsuliyyət nəzərdə tutulmamışdırsa, bu cür məsuliyyət tədbirləri göstərilməlidir.
VIII fəsil
Normayaratma prosesi
Maddə 37. Hüquq sisteminin sabitliyi
Qanunlarla və ya fərmanlarla digər hal nəzərdə tutulmadıqda, normativ hüquqi aktda onun qəbul edilməsindən sonra 6 aydan tez müddətdə dəyişikliklər edilməsinə daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi aktın tələbləri və ya normativ hüquqi aktın hüquqi, linqvistik, iqtisadi, ekoloji, kriminoloji və ya maliyyə ekspertizasının rəyi əsasında yol verilir.
Maddə 38. Qanunvericilik təşəbbüsü hüququnun subyektləri
Qanunvericilik təşəbbüsü hüququ Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsi ilə müəyyən edilmiş subyektlərə mənsubdur.
Maddə 39. Normayaratma təşəbbüsünün subyektləri
39.1. Normayaratma təşəbbüsünün subyektləri onlara verilmiş səlahiyyətlərə uyğun olaraq normativ hüquqi aktın layihəsinin və ya onun hər hansı struktur elementinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi zərurəti haqqında təklifi bu Konstitusiya Qanununun 48-ci maddəsinə uyğun olaraq normayaratma orqanına təqdim etmək hüququ olan subyektlərdir.
39.2. Normayaratma təşəbbüsünün subyekti olmayan dövlət orqanları və vəzifəli şəxslər, habelə fiziki və hüquqi şəxslər normativ hüquqi aktın qəbul edilməsi ilə bağlı təkliflərini və ya normativ hüquqi aktın layihəsini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq səlahiyyətlərə malik olan dövlət orqanlarına təqdim edə bilərlər. Bu halda bu Konstitusiya Qanununun 48-ci maddəsinə riayət olunmaya bilər.
Maddə 40. Normayaratma prosesinin mərhələləri
40.0. Normayaratma prosesi aşağıdakı mərhələlərdə, müəyyən olunmuş prosedura əməl etməklə həyata keçirilir:
40.0.1. normayaratma fəaliyyətinin planlaşdırılması;
40.0.2. normayaratma təşəbbüsü (normativ hüquqi aktın layihəsinin hazırlanması);
40.0.3. normativ hüquqi aktın qəbul edilməsi;
40.0.4. normativ hüquqi aktın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi;
40.0.5. normativ hüquqi aktın dərc edilməsi.
Maddə 41. Normativ hüquqi aktların layihələrinin hazırlanmasının planlaşdırılması
41.1. Normativ hüquqi aktların layihələrinin hazırlanması planlı əsasda həyata keçirilir.
41.2. Normativ hüquqi aktların layihələrinin hazırlanmasının planlaşdırılmasına normayaratma orqanları tərəfindən aşağıdakıların təsdiq edilməsi daxildir:
41.2.1. normativ hüquqi aktların layihələrinin hazırlanması haqqında müddəaları əks etdirən dövlət proqramları;
41.2.2. qanun layihələrinin hazırlanmasının illik planları və normativ hüquqi aktların layihələrinin hazırlanmasının digər planları.
Maddə 42. Normativ hüquqi aktların layihələrinin hazırlanması planlarının tərtib edilməsi qaydası
42.1. Müvafiq olaraq Azərbaycan Respublikasının Milli Məclisi və Azərbaycan Respublikasının Prezidenti qanun layihələrinin hazırlanmasının qarşılıqlı razılaşdırılmış illik planını tərtib edir. Qanun layihələrinin hazırlanmasının illik planında əhəmiyyətli və mürəkkəb qanun layihələrinin konsepsiyalarının hazırlanması nəzərdə tutula bilər.
42.2. Normayaratma orqanları dövlət proqramları və ya qanun layihələrinin hazırlanmasının illik planı əsasında normativ hüquqi aktların layihələrinin hazırlanması ilə bağlı öz planlarını tərtib və təsdiq edə bilərlər.
42.3. Normativ hüquqi aktların layihələrinin hazırlanması planları tərtib edilərkən normayaratma fəaliyyətinin subyektlərinin, digər maraqlı orqanların, elmi təşkilatların, habelə digər fiziki və hüquqi şəxslərin təklifləri nəzərə alına bilər.
Maddə 43. Dövlət proqramlarının və normativ hüquqi aktların layihələrinin hazırlanması planlarının həyata keçirilməsinə nəzarət
Dövlət proqramlarının və normativ hüquqi aktların layihələrinin hazırlanması planlarının həyata keçirilməsinə onları təsdiq etmiş normayaratma orqanları nəzarət edirlər.
Maddə 44. Normativ hüquqi aktların layihələrinin hazırlanmasının planlaşdırılması üzrə fəaliyyətdə aşkarlığın təmin edilməsi
44.1. Dövlət proqramları və normativ hüquqi aktların layihələrinin hazırlanması planları onları təsdiq etmiş normayaratma orqanlarının aktları üçün nəzərdə tutulmuş qaydada təsdiq və dərc edilir.
44.2. Təsdiq edilmiş dövlət proqramları və normativ hüquqi aktların layihələrinin hazırlanması planları məlumat üçün əlaqədar dövlət orqanlarına göndərilir.
Maddə 45. Normativ hüquqi aktın layihəsinin hazırlanması qaydası
45.1. Normativ hüquqi aktın layihəsinin hazırlanmasına aşağıdakılar daxil edilə bilər:
45.1.1. normayaratma təşəbbüsünə baxılması və layihənin hazırlanması üzrə qərarın qəbul edilməsi;
45.1.2. layihənin hazırlanmasının təşkilati-texniki və maliyyə təminatı;
45.1.3. zəruri materialların və məlumatların toplanması;
45.1.4. layihənin konsepsiyasının hazırlanması;
45.1.5. layihənin mətninin tərtib edilməsi;
45.1.6. layihənin razılaşdırılması;
45.1.7. hüquqi, linqvistik, maliyyə və digər zəruri ekspertizaların keçirilməsi.
45.2. Normayaratma orqanı normativ hüquqi aktın layihəsinin hazırlanmasını müstəqil surətdə həyata keçirə və ya normayaratma təşəbbüsünün digər subyektinin səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin subyektə tapşıra bilər, habelə layihənin hazırlanmasına müvafiq mütəxəssisləri cəlb edə, bunun üçün xüsusi yaradılmış müvəqqəti komissiyalara və ya işçi qruplarına tapşırıq verə bilər.
45.3. Normativ hüquqi aktın layihəsi müvafiq dövlət orqanının hüquq xidmətinin mütləq iştirakı ilə hazırlanır.
Maddə 46. Normativ hüquqi aktın layihəsinin razılaşdırılması
46.1. Normativ hüquqi aktın layihəsinin razılaşdırılması Azərbaycan Respublikasının qanunvericiliyi ilə məcburi olduqda, habelə normativ hüquqi aktda Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada digər dövlət orqanları ilə bağlı normativ göstərişlər və (və ya) tapşırıqlar olduqda həmin layihə normayaratma orqanına təqdim edilməzdən əvvəl maraqlı dövlət orqanları ilə razılaşdırılmalıdır.
46.2. Normativ hüquqi aktın layihəsinin razılaşdırılması aşağıdakı vasitələrlə həyata keçirilir:
46.2.1. dövlət orqanı tərəfindən mövcud irad və təkliflər əsaslandırılmaqla və ya təklif edilən normativ göstərişlərlə razılaşmadıqda, normativ hüquqi aktın layihəsi və ya onun ayrıca struktur elementi normayaratma texnikasının müəyyən edilmiş qaydalarına uyğun əlavə olunmaqla müvafiq layihəyə dair yazılı formada razılığın verilməsi və verilməməsi;
46.2.2. dövlət orqanının rəhbəri tərəfindən normativ hüquqi aktın layihəsinin vizalanması (ona dair irad və təkliflər olduqda onları əsaslandırmaqla və normativ hüquqi aktın layihəsi və ya onun ayrıca struktur elementinin təklif edilən redaksiyası normayaratma texnikasının müəyyən edilmiş qaydalarına uyğun əlavə edilməklə).
46.3. Normativ hüquqi aktın layihəsinin razılaşdırılması zamanı hüquqi cəhətdən əsaslandırılmamış irad və təkliflərə baxılmır.
46.4. Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarında digər hal nəzərdə tutulmadıqda, normativ hüquqi aktın layihəsinin razılaşdırılması zamanı dövlət orqanı tərəfindən müvafiq layihəyə dair razılıq verilməsi və ya verilməməsi layihənin müəyyən olunmuş qaydada alındığı gündən ən geci 60 gün keçənədək, onun vizalanması isə ən geci 5 gün keçənədək həyata keçirilir.
46.5. Razılaşdırılma haqqında məlumat bu Konstitusiya Qanununun 46.4-cü maddəsi ilə müəyyən edilmiş müddətdə təqdim edilmədikdə və bu zaman razılaşdırılma müddətinin uzadılması zərurəti və ya bu müddətin uzadılmasından imtina edilməsi əsaslandırılmaqla razılaşdırılma müddətinin uzadılması haqqında təklif olmadıqda, normativ hüquqi aktın layihəsi razılaşdırılmış hesab olunur.
46.6. Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilmiş qanun layihəsi bütün maraqlı dövlət orqanları ilə razılaşdırılmış hesab olunur.
46.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının layihəsi mərkəzi icra hakimiyyəti orqanları ilə razılaşdırılmalıdır, mərkəzi icra hakimiyyəti orqanının normativ hüquqi aktının layihəsi isə əlaqədar mərkəzi icra hakimiyyəti orqanları ilə razılaşdırılmalıdır.
Maddə 47. Normativ hüquqi aktın layihəsinin ekspertizası
Bu Konstitusiya Qanunu ilə ekspertizanın məcburi qaydada keçirilməsi nəzərdə tutulan hallar istisna olmaqla, normayaratma orqanının və ya Azərbaycan Respublikasının qanunvericilik aktları ilə səlahiyyətlər verilmiş digər dövlət orqanının qərarı ilə normativ hüquqi aktın layihəsi başqa ekspertizadan (maliyyə, iqtisadi, ekoloji, kriminoloji və s.) keçirilə bilər.
Maddə 48. Normativ hüquqi aktın layihəsinin normayaratma orqanına təqdim edilməsi
48.1. Normativ hüquqi aktın layihəsinin normayaratma orqanına təqdim edilməsi qaydası bu Konstitusiya Qanunu, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və müvafiq normayaratma orqanının aktları ilə müəyyən edilir.
48.2. Normayaratma orqanına təqdim edilən normativ hüquqi aktın layihəsinə, onun növündən asılı olaraq, aşağıdakılar əlavə edilir:
48.2.1. müşayiət məktubu və normativ hüquqi aktın qəbul edilməsi zərurətinin əsaslandırılması, o cümlədən maliyyə-iqtisadi əsaslandırılması;
48.2.2. normativ hüquqi aktın layihəsinin razılaşdırılması (vizalanması) haqqında məlumatı əks etdirən sənədlər;
48.2.3. normativ hüquqi aktın layihəsinə dair ekspert rəyləri;
48.2.4. normativ hüquqi aktın layihəsini hazırlamış şəxslərin siyahısı;
48.2.5. normativ hüquqi aktın layihəsinə aid digər sənədlər (layihəni təqdim edən subyektin qərarına əsasən).
48.3. Normativ hüquqi aktın qəbul olunması zərurətinin əsaslandırılmasına aşağıdakılar barədə məlumatlar daxil edilməlidir:
48.3.1. normativ hüquqi aktın layihəsinin hazırlanmasının məqsədləri, onun mövcud hüquqi tənzimləmədə dəyişikliklər edən struktur elementlərinin hüquqi tənzimləmə predmeti;
48.3.2. Azərbaycan Respublikası qanunvericiliyinin və onun tətbiqi təcrübəsinin, xarici dövlətlərin qanunvericiliyinin, kütləvi informasiya vasitələrində dərc olunmuş materialların, normativ hüquqi aktın layihəsinin hüquqi tənzimləmə predmetinə dair fiziki və hüquqi şəxslərin müraciətlərinin aparılmış təhlili;
48.3.3. normativ hüquqi aktın qəbul edilməsinin ehtimal olunan nəticələrinin proqnozlaşdırılması;
48.3.4. normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar ləğv edilməli, dəyişikliklər edilməli, habelə hazırlanmalı olan normativ hüquqi aktların (onların struktur elementlərinin) siyahısı.
48.4. Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilən qanun layihəsinə layihənin redaksiyasına dair ekspert rəyləri əlavə olunur. Bu zaman layihədə texniki xarakter daşıyan dəyişikliklər edildikdə layihə təkrar ekspert rəylərinin alınması üçün göndərilmir.
48.5. Qanunda dəyişikliklər edilməsi haqqında qanun layihələrinə maddənin və ya qanunun digər struktur elementinin redaksiyası və layihə ilə qanuna təklif edilən dəyişikliklər nəzərə alınmaqla maddənin və ya qanunun digər struktur elementinin redaksiyası göstərilməklə müqayisəli cədvəl əlavə olunur.
48.6. Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim edilən qanun layihəsinə yalnız müşayiət məktubu əlavə olunur və bu Konstitusiya Qanununun 48.3-cü və 48.4-cü maddələrində göstərilən sənədlər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında saxlanılır.
48.7. Normativ hüquqi aktın layihəsi normayaratma orqanına kağız daşıyıcısında və eyni zamanda elektron daşıyıcılarında mətn faylları formasında təqdim edilir.
IX fəsil
Normativ hüquqi aktın layihəsinin, qanunun məcburi hüquqi ekspertizası
Maddə 49. Normativ hüquqi aktın layihəsinin, qanunun məcburi hüquqi ekspertizasının keçirilməsi qaydası
49.1. Normativ hüquqi aktın layihəsi və Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün təqdim edilən qanun məcburi hüquqi ekspertizadan keçirilməlidir.
49.2. Məcburi hüquqi ekspertiza, normativ hüquqi aktın növündən asılı olaraq, aşağıdakı qaydada keçirilir:
49.2.1. qanun layihələri - Azərbaycan Respublikası Milli Məslisinin işinin təşkilati təminatını həyata keçirən qurumun səlahiyyətli struktur bölməsi tərəfindən;
49.2.2. Azərbaycan Respublikasının Prezidentinə təqdim edilən normativ hüquqi aktların layihələri və imzalanmaq üçün təqdim edilən qanunlar - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının səlahiyyətli struktur bölməsi tərəfindən;
49.2.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihələri - Azərbaycan Respublikası Nazirlər Kabinetinin işinin təşkilati təminatını həyata keçirən qurumun səlahiyyətli struktur bölməsi tərəfindən;
49.2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələri - həmin orqanların hüquq xidmətləri tərəfindən.
Maddə 50. Normativ hüquqi aktların layihələrinə dair ümumi tələblər
50.0. Normativ hüquqi aktın layihəsinə dair ümumi tələblər aşağıdakılardır:
50.0.1. bu Konstitusiya Qanununun 8-ci maddəsində müəyyən edilən prinsiplərə uyğunluğu;
50.0.2. normativ hüquqi aktın normalarının normativ hüquqi aktın məqsəd və vəzifələrinə uyğunluğu;
50.0.3. normativ tənzimləmə predmetinə uyğunluğu;
50.0.4. normativ hüquqi aktın formasının və mahiyyətinin uyğunluğu;
50.0.5. daxili strukturun məntiqliliyi;
50.0.6. daxil edilməsi nəzərdə tutulan normaların qarşılıqlı ziddiyyətsizliyi;
50.0.7. bir dövlət orqanının digər dövlət orqanının səlahiyyətlərinə müdaxilə etməməsi;
50.0.8. normativ hüquqi aktın müvafiq səlahiyyətə malik olan normayaratma orqanı tərəfindən öz səlahiyyəti daxilində qəbul edilməsi;
50.0.9. normativ hüquqi aktın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və formada qəbul edilməsi;
50.0.10. normayaratma texnikasına uyğunluğu;
50.0.11. bu Konstitusiya Qanununun 37-ci maddəsinin tələblərinə riayət olunması.
Maddə 51. Məcburi hüquqi ekspertizanın rəyi
51.1. Məcburi hüquqi ekspertizanın rəyi bu Konstitusiya Qanununa əlavə olunmuş 1 nömrəli Əlavəyə uyğun tərtib edilir.
51.2. Normativ hüquqi aktın layihəsinə dair məcburi hüquqi ekspertizanın rəyində aşağıdakı nəticələrdən biri göstərilməlidir:
51.2.1. normativ hüquqi aktın layihəsi rədd edilir;
51.2.2. normativ hüquqi aktın layihəsi yenidən işlənilməsi üçün normayaratma təşəbbüsünün subyektinə qaytarılır;
51.2.3. normativ hüquqi aktın layihəsi dəstəklənir.
51.3. Qanuna dair məcburi hüquqi ekspertizanın rəyində, onun Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanması və ya imzalanmadan öz etirazları ilə birlikdə Azərbaycan Respublikasının Milli Məclisinə qaytarılması təklif edilir.
Maddə 52. Məcburi hüquqi ekspertizanın keçirilməsinin ardıcıllığı
Normativ hüquqi aktın layihəsinin, qanunun məcburi hüquqi ekspertizası məcburi linqvistik ekspertizadan və digər ekspertizalardan əvvəl keçirilməlidir.
X fəsil
Normativ hüquqi aktın layihəsinin məcburi linqvistik ekspertizası
Maddə 53. Normativ hüquqi aktın mətninə dair irəli sürülən linqvistik tələblər
Normativ hüquqi aktın mətni lakonik formada, normaların ziddiyyətli təfsirini istisna edən sadə və aydın dildə, Azərbaycan ədəbi dilinin və hüquq terminologiyasının rəsmi-işgüzar üslubuna əməl etməklə tərtib edilir.
Maddə 54. Normativ hüquqi aktın terminologiyası
54.1. Normativ hüquqi aktın terminologiyası aydın anlaşılan sözlərdən və söz birləşmələrindən istifadə etməklə formalaşdırılmalıdır.
54.2. Normativ hüquqi aktda eyni terminlər bir mənada işlədilməli və vahid formaya malik olmalıdır.
54.3. Normativ hüquqi aktda istifadə edilən terminlərin və onların tərifinin dəqiqləşdirilməsi zərurəti olduqda həmin aktda onların mənasını izah edən maddə (hissə, bənd) yerləşdirilir.
Maddə 55. Xüsusi nişanlanmalardan istifadə olunması
55.1. Normativ hüquqi aktda xüsusi nişanlanmalardan yalnız müvafiq xüsusi sahədə işlədilən mənada istifadə olunur.
55.2. Zərurət olduqda, xüsusi nişanlanmalar normativ hüquqi aktda izah edilir.
Maddə 56. Normativ hüquqi aktın mətninə dair üslub tələbləri
56.0. Normativ hüquqi aktın mətnində aşağıdakıların ifadə edilməsinə yol verilmir:
56.0.1. loru dili, Azərbaycan dilinin dialektləri və danışıq nitqinin ekspressiv formaları;
56.0.2. eyni mənada müxtəlif anlayışlar (terminlər);
56.0.3. Azərbaycan dilində eynimənalı sözlər və terminlər olduqda başqa dillərdən alınma sözlər;
56.0.4. anlaşılmaz söz birləşmələri, ümumiləşdirilmiş düşüncələr, çağırışlar, bədii müqayisələr, epitetlər, metaforalar;
56.0.5. abreviaturalar (məlum olanlar istisna olmaqla).
Maddə 57. Normativ hüquqi aktlarda ifadə edilən ixtisarlar və ümumiləşdirilmiş anlayışlar
57.1. Dövlət orqanlarının normativ hüquqi aktlarda ifadə edilən adları onların əsasnamələrinə (nizamnamələrinə), yaradılması, adlandırılması və adlarının dəyişdirilməsi haqqında aktlara tam uyğun olaraq göstərilir.
57.2. Dövlət orqanlarının ixtisar edilmiş adlarının ifadə olunmasına onların ixtisar edilmiş adları rəsmi olduqda və yalnız texniki normativ hüquqi aktlarda, qeyri-normativ hüquqi aktlarda, habelə stenoqramlarda, protokollarda, xidməti məktublarda, arayış xarakterli sənədlərdə, hüquqi aktlara dair mətndən kənar əlavələrdə yol verilir.
57.3. Dövlət orqanlarını ifadə edən ümumiləşdirilmiş anlayışlardan (sözlərdən, söz birləşmələrindən) normativ hüquqi aktlarda istifadə edilməsinə yalnız müvafiq ümumiləşdirilmiş anlayışın istənilən dövlət orqanına şamil olunduğu nəzərdə tutulan hallarda yol verilir. Normativ hüquqi aktın mətnində dövlət orqanının adının dəfələrlə göstərilməsi tələb olunduqda və ya sözlər qrupu ilə ifadə olunan bu və ya digər anlayış dəfələrlə işlədildikdə bu dövlət orqanının və ya anlayışın adı ilk dəfə istifadə edilən müddəada tam verilir və bu zaman mötərizədə növbəti müddəalarda göstəriləcək ixtisar (şərti nişanlanma) qeyd olunur.
57.4. Tam adın göstərilməsi məqsədəuyğun olmadıqda dəfələrlə istinadlar edilən normativ hüquqi aktın adına da bu qayda tətbiq edilir.
Maddə 58. Normativ hüquqi aktlarda istinadların tətbiq edilməsi
Normativ hüquqi aktda həmin normativ hüquqi akta və ya onun struktur elementinə istinad yalnız "bu" sözündən istifadə etməklə edilir.
Maddə 59. Normativ hüquqi aktların layihələrinin məcburi linqvistik ekspertizasının rəyi
59.0. Normativ hüquqi aktın layihəsinə dair məcburi linqvistik ekspertizanın rəyində aşağıdakı nəticələrdən biri göstərilməlidir:
59.0.1. normativ hüquqi aktın layihəsi rədd edilir;
59.0.2. normativ hüquqi aktın layihəsi yenidən işlənilməsi üçün normayaratma təşəbbüsünün subyektinə qaytarılır;
59.0.3. normativ hüquqi aktın layihəsi dəstəklənir.
Maddə 60. Normativ hüquqi aktların layihələrinin məcburi linqvistik ekspertizasının forması
Məcburi linqvistik ekspertizanın rəyi normativ hüquqi aktın layihəsinin mətnində aparılan düzəlişlər formasında tərtib edilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında