Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2017-ci ildə fəaliyyəti haqqında

H E S A B A T

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ölkədə fikir plüralizminin, söz və məlumat azadlığının inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsi, onların iqtisadi müstəqilliyinin gücləndirilməsi sahəsində həyata keçirilən dövlət siyasətinə müvafiq olaraq 2017-ci ildə də öz işini “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na və Nizamnaməsinə uyğun qurmuşdur.

Ötən il Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş vermiş hadisələr diqqət mərkəzində saxlanılmış, Fondun maliyyə dəstəyi göstərdiyi kütləvi informasiya vasitələri Konsepsiyada nəzərdə tutulmuş istiqamətlər üzrə həyata keçirilmiş tədbirləri geniş işıqlandırmışlar. Fond 2017-ci ilin dövlət büdcəsindən ayrılmış maliyyə vəsaitini qanunauyğun şəkildə Konsepsiyada nəzərdə tutulmuş məqsədlərin həyata keçirilməsinə sərf etmişdir.

2017-ci ildə Azərbaycan mediası üçün ən əlamətdar hadisə Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2013-cü il tarixli 3011 nömrəli “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamına əsasən Bakı şəhəri, Səbail rayonu Bibiheybət qəsəbəsi ərazisində 17 mərtəbəli, 3 girişli, 255 mənzilli yaşayış binasının istifadəyə verilməsi olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının tövsiyəsinə uyğun olaraq Fondun icraçı direktorunun 15 may 2017-ci il tarixli əmri ilə “Kütləvi informasiya vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtləri”nin müəyyənləşdirilməsi, həmin qaydalar və şərtlər əsasında sənədlərin qəbulu prosesinin şəffaf və ədalətli şəkildə həyata keçirilməsi məqsədilə birgə komissiya yaradılmışdır. Komissiyanın 15 may 2017-ci il tarixli ilk iclasında “Kütləvi informasiya vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtləri” müəyyənləşdirilərək Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə razılaşdırılmışdır.

Komissiyanın qərarına əsasən KİV əməkdaşlarının mənzillə bağlı sənədləri 2017-ci il may ayının 22-dən iyun ayının 22-dək qəbul edilmişdir. Qəbul olunmuş sənədlər iyun ayının 30-dək araşdırılmış, sistemləşdirilmiş və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilmişdir. Birgə komissiyanın 2017-ci il iyulun 19-da keçirilmiş yekun iclasında jurnalistika sahəsində xidmətləri, eləcə də ehtiyacı olan, haqqı çatan 255 nəfər KİV əməkdaşının mənzillə təmin olunması məqsədəuyğun sayılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2017-ci il tarixli, 3116 saylı “Kütləvi informasiya vasitələri əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrılmışdır.

2017-ci il iyun ayının 20-də dövlətimizin başçısı cənab İlham Əliyev inşası yekunlaşmış binanın açılış mərasimində, eləcə də tikintisi nəzərdə tutulan növbəti - sayca üçüncü yaşayış binasının təməlqoyma mərasimində iştirak etmiş, KİV əməkdaşlarına səmimi təbriklərini və dəyərli tövsiyələrini çatdırmışdır.

Fond 2017-ci ildə ölkədə fikir, söz və məlumat azadlıqlarının genişləndirilməsi, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirləri davam etdirmişdir. İl ərzində gündəlik, günaşırı və həftəlik nəşr olunan 33 qəzetin təqdim etdiyi layihə təklifləri Fondun tələblərinə cavab verdiyi üçün onlara maliyyə vəsaiti ayrılmışdır. Həmin qəzetlərdə “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası”nda nəzərdə tutulmuş 19 istiqamət üzrə 6000 səhifədən çox yazı dərc edilmiş, eyni zamanda həmin qəzetlərin internet səhifələrində yerləşdirilmişdir.

Fond 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilməsi ilə bağlı tədbirləri xüsusi diqqət mərkəzində saxlamışdır. Bu məqsədlə 2017-ci ilin aprel ayında Lənkəran, sentyabr ayında isə Xaçmaz şəhərlərində dini icmaların və media nümayəndələrinin iştirakı ilə “İslam həmrəyliyinin təbliği və təşviqində medianın rolu” mövzusunda regional konfranslar keçirilmişdir.

Fond dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadə edilməsi, jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılması, onların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə 2017-ci ildə Novruz bayramı, 22 iyul - Azərbaycan Milli Mətbuatının yaranmasının 142-ci ildönümü və 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə fərdi jurnalist yazıları müsabiqələri təşkil etmişdir.

Fond ötən il, həmçinin “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə 3 əlavə müsabiqə təşkil etmişdir. Ümumilikdə, 2017-ci ildə keçirilmiş 6 müsabiqədə 609 nəfər iştirak etmiş, onlardan 374 nəfəri qalib olaraq mükafatlandırılmışlar. Müsabiqələr üzrə mükafat fondu 135900 manat təşkil etmişdir.

Fondun Müşahidə Şurasının qərarı ilə 2017-ci ildə keçirilmiş fərdi jurnalist yazıları müsabiqələrində I yerə layiq görülmüş jurnalistlərin yazıları toplanaraq “Sözün zirvəsində” adlı kitabın III cildi nəşr edilmişdir.

“Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 4.16-cı bəndinə müvafiq olaraq “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun izahı ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilmişdir. Bununla əlaqədar qəzetlərdə informasiya əldə etmək haqqında qanunvericiliyin izahına, fikir, söz və məlumat azadlıqlarının, plüralizmin inkişafına xidmət edən layihələrin maliyyələşdirilməsi davam etdirilmişdir. İl ərzində Fondun maliyyə vəsaiti ayırdığı qəzetlərdə bu mövzuda 300-dək yazı dərc edilmişdir.

“Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na müvafiq olaraq, Fond ayrı-ayrı dövlət qurumları ilə KİV-lər arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi istiqamətində tədbirləri davam etdirmişdir. 2017-ci ilin may ayında Naxçıvan şəhərində “Mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi” mövzusunda regional konfrans keçirilmiş və 20 nəfər KİV təmsilçisindən ibarət nümayəndə heyətinin Muxtar Respublikaya işgüzar səfəri təşkil olunmuşdur. Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Naxçıvan MR-in müxtəlif tarixi-mədəni abidələri, turizm potensialı və istehsal obyektlərinin fəaliyyəti ilə yaxından tanış olmuşlar.

2017-ci ildə Fondun maliyyə dəstəyi ilə “Azərbaycan mətbuat məkanında ədəbi dilin qorunması”, “Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması” və “Jurnalist peşəkarlığının artırılması” mövzusunda layihələr həyata keçirilmişdir. Layihələr 6 ay müddətində icra edilmiş, aparılmış monitorinqlər zamanı Azərbaycan mətbuat və teleradio məkanının dil problemləri araşdırılmış, onun tənzimlənməsi yolları müzakirə edilmiş, müvafiq təkliflər verilmişdir.

Fond 2017-ci ildə Azərbaycan Mətbuat Şurasının “Ahıl jurnalistlərə qayğı: keçmişimizə ehtiram gələcək üçün təcrübə qaynağımızdır” mövzusunda layihəsinin maliyyələşdirilməsi üçün vəsait ayırmışdır.

2017-ci ildə Fondun beynəlxalq əlaqələri genişlənmişdir. Azərbaycanda fikir, söz və məlumat azadlıqlarının təmin edilməsi sahəsində qazanılmış nailiyyətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, inkişaf etmiş ölkələrin bu sahədəki təcrübəsinin öyrənilməsi və tətbiqi məsələləri xüsusi diqqət mərkəzində olmuşdur. Fondun rəhbərliyi il ərzində müxtəlif beynəlxalq təşkilatların, səfirliklərin nümayəndələri və xarici jurnalistlərlə görüşmüş, onlara ölkəmizdə medianın inkişafı istiqamətində həyata keçirilən tədbirlər haqqında geniş məlumat vermişdir.

Bundan əlavə, Fond dekabr ayında 15 nəfər KİV rəhbərindən ibarət nümayəndə heyətinin İstanbul şəhərinə işgüzar səfərini təşkil etmişdir. Səfərdə məqsəd Türkiyə və Azərbaycan mediası arasında qarşılıqlı faydalı əməkdaşlığı və təcrübə mübadiləsini genişləndirmək olmuşdur. Səfər çərçivəsində media rəhbərləri Türkiyənin media qurumlarının fəaliyyəti ilə tanış olmuş, habelə dövlət və hökumət rəsmiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə səmərəli görüşlər keçirmişlər.

Hesabat dövründə kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsi, redaksiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi və səmərəli fəaliyyətinə zəruri şəraitin yaradılması, jurnalistlərin peşəkarlığının yüksəldilməsi, habelə KİV-lərin dövlət və cəmiyyət üçün əhəmiyyətli problemlərin həllinə cəlb edilməsi məqsədilə redaksiyalara metodiki, texniki-təşkilati, konsultativ və maliyyə dəstəyi göstərilmişdir.

Metodiki dəstək çərçivəsində redaksiyaların və jurnalistlərin layihə sənədlərinin və hesabatlarının hazırlanmasına, layihələrin icrasına kömək göstərilmiş, bu məqsədlə təşkil olunmuş təlimlərdə geniş jurnalist auditoriyasının iştirakı təmin edilmişdir. Həmçinin, KİV-lər və jurnalistlər arasında məlumatlandırma işi aparılmış, mətbuat və televiziyada Fondun fəaliyyəti, həyata keçirdiyi tədbirlər haqqında 100-dən artıq material verilmişdir.

Fondun rəhbərliyinin ayrı-ayrı dövlət orqanları və müxtəlif təşkilatların rəhbərləri ilə görüşləri təşkil edilmişdir. Fond jurnalist təşkilatları, QHT-lər və dövlət qurumları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərmiş, birgə tədbirlər keçirmişdir.

“www.kivdf.gov.az” saytında Fondun fəaliyyəti ilə bağlı informasiyalar ardıcıl şəkildə yayımlanmış, ölkə ictimaiyyətinin, jurnalistlərin və beynəlxalq təşkilatların nümayəndələrinin diqqətini Fondun fəaliyyətinə cəlb etmək üçün xüsusi hazırlanmış bannerlərdən istifadə edilmişdir.

Konsultativ dəstək çərçivəsində KİV-lərin və jurnalistlərin fəaliyyətinin mövcud qanunvericiliyə uyğunlaşdırılması, mətbuatda etik dəyərlərin, insan hüquqlarının qorunması məsələləri diqqət mərkəzində olmuş, bu məqsədlə tədbirlər təşkil edilmişdir. Redaksiyaların fəaliyyətində şəffaflığın təmin edilməsi, maliyyə-mühasibat uçotunun düzgün qurulması, KİV-lərin fəaliyyətinin iqtisadi səmərəliliyinin artırılması üçün baş redaktorlara, layihə koordinatorlarına və mühasiblərə daimi köməklik göstərilmişdir.

Təşkilati-texniki dəstək çərçivəsində KİV-lərin səmərəli fəaliyyətinə zəruri təşkilati-texniki dəstəyin təmin edilməsi, onlar üçün müvafiq şəraitin yaradılması məsələləri diqqət mərkəzində saxlanılmışdır. Fond tərəfindən ayrılmış maliyyə yardımı hesabına ayrı-ayrı qəzetlərin maddi-texniki bazaları gücləndirilmişdir.

Ötən il Fondun fəaliyyəti ilə maraqlanan şəxslərə qurumun əməkdaşları tərəfindən ətraflı məlumatlar verilmişdir. Fonda daxil olmuş ərizə və şikayətlərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmışdır.

2017-ci ilin dövlət büdcəsindən Fonda 4012800 manat məbləğində vəsait ayrılmışdır. Kütləvi informasiya vasitələrinə maliyyə dəstəyi çərçivəsində həmin vəsaitin 2702734,20 manatı KİV layihələrinin maliyyələşməsinə, 121845,09 manatı işçilərə əməkhaqqı və mükafatların verilməsinə, 26805,92 manatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna ödənişlərə, 115700 manatı fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılmasına xərclənmişdir.

Fond digər tədbirlərin, layihələrin maliyyələşdirilməsinə və sair xərclərə 324084,58 manat vəsait xərcləmişdir.

Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin “Bir sıra kütləvi informasiya nəşrlərinin dövlət büdcəsindən maliyyələşdirilməsi mexanizminin təkmilləşdirilməsi haqqında” 24 iyun 2009-cu il tarixli, 114 saylı Fərmanının 1.1-ci bəndinə əsasən, “Azərbaycan”, “Göyərçin”, “Günəş”, “Qobustan”, “Literaturnıy Azerbaydjan”, “Ulduz” jurnallarına və “Ədəbiyyat”, “Savalan” qəzet redaksiyalarına 709262 manat ayrılmış, həmin vəsaitin 707816,62 manatı xərclənmişdir.

2017-ci ildə Fonda ayrılmış 4012800 manat vəsaitin 3998986,41 manatı istifadə olunmuş, xərclənməmiş 13813,59 manat dövlət büdcəsinə məxaric edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 iyul 2017-ci il tarixli “Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında” sərəncamına əsasən, qəzetlərə birdəfəlik maliyyə yardımının göstərilməsi üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1,0 milyon manat vəsait ayrılmışdır.

Fondun Müşahidə Şurasının 21 iyul 2017-ci il tarixli iclasının qərarı ilə respublikada uzun illər ərzində sabit fəaliyyət göstərərək ictimaiyyət arasında nüfuz qazanmış, yüksək tirajı və dövriyəsi olan, Azərbaycan qanunvericiliyinə və “Jurnalistlərin Peşə Davranışı Qaydaları”na ardıcıl şəkildə riayət edən 27 gündəlik ictimai-siyasi qəzetə birdəfəlik maliyyə yardımı ayrılmışdır.

2017-ci ildə Fondun Müşahidə Şurasının 13 iclası keçirilmişdir. İclaslarda Nizamnaməyə uyğun olaraq Fondun gördüyü işlər, həyata keçirilən layihələr qiymətləndirilmiş, qurumun fəaliyyətinin daha da təkmilləşdirilməsinə dair təkliflər nəzərdən keçirilmiş, habelə cari məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul olunmuşdur.

Hesabat Fondun Müşahidə Şurasının 19 yanvar 2018-ci il tarixli iclasında geniş müzakirə olunmuş, müsbət qiymətləndirilərək qənaətbəxş hesab edilmişdir. İclasda həmçinin, Fondun 2018-ci il üçün Tədbirlər Planı və layihələrin qiymətləndirilməsi ilə bağlı ekspertlərin tərkibi təsdiq edilmişdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında