Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində törədilmiş soyqırımı aktının 25 ili tamam olur. Xocalı Azərbaycan xalqı üçün qəddarlıq və cəzasızlıq  rəmzinə çevrilmişdir. Dinc əhalinin vəhşicəsinə kütləvi qırğını insanlığa qarşı ən ağır cinayətlərdən biri olmaqla, XX əsrin Xatın, Lidiçe, Babi Yar kimi dəhşətli faciələri ilə bir sırada dayanır.

Xocalı soyqırımı Ermənistan Respublikasının Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Bundan əvvəl Azərbaycanın Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis Ayrım kəndinin, Dağlıq Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin, eləcə də Xocalı faciəsindən təqribən ay yarım sonra Kəlbəcər rayonunun Ağdaban kəndinin işğalı zamanı həmin yaşayış məntəqələri əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilmişdir. Təkcə bunu qeyd etmək kifayətdir ki, Qaradağlı kəndində 80 nəfərdən çox, Ağdaban kəndində 67 nəfər dinc azərbaycanlı, o cümlədən uşaqlar, qadınlar və qocalar işgəncə verilərək qəddarcasına öldürülmüş, onlarca adam girov götürülmüş, itkin düşmüş, kəndlər isə yandırılaraq yer üzündən silinmişdir.

Xocalı şəhərində əhalinin vəhşicəsinə kütləvi qırğını Dağlıq Qarabağ bölgəsinin işğalı üçün həyata keçirilən hərbi təcavüz zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq və onun mübarizə əzmini qırmaq niyyəti ilə törədilmişdir. Dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilmiş, 487 nəfər şikəst edilmiş, 1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qalmışdır. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir.

Xocalı şəhərində törədilmiş cinayətlərin xarakteri və miqyası bu soyqırımı aktının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi  ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada ifadə olunmuş tərifə tam uyğun gəldiyini sübut edir. Qabaqcadan planlaşdırılmış kütləvi və amansız qırğın aktı həmin ərazidə yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmək niyyəti ilə törədilmişdir. Azğınlaşmış cəlladlar insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri torpağa basdırmış və ya yandırmış, cəsədlərin bir qismini minalamışlar. Yanan şəhərdən qaçıb xilas olmaq istəyən insanlara aman verilməmiş, dinc sakinləri yollarda, meşələrdə pusqu quran erməni hərbçiləri xüsusi amansızlıqla qətlə yetirmişlər. Məlum olduğu kimi, məhdud coğrafi zonada oxşar əməllərin törədilməsi keçmiş Yuqoslaviya üçün Beynəlxalq Cinayət Tribunalı tərəfindən soyqırımı aktı kimi tövsif edilmişdir. 

Xocalı soyqırımının təşkilatçıları Ermənistan Respublikasının siyasi və dövlət rəhbərliyi, birbaşa icraçıları isə Ermənistan silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin üzvləridir. Bu dəhşətli cinayətin üstündən 25 il keçməsinə baxmayaraq, onun təşkilatçıları və icraçıları məlum səbəblər üzündən indiyədək cəzasız qalırlar.

Xocalı faciəsi erməni şovinistlərinin Cənubi Qafqazda azərbaycanlılara qarşı qəsbkarlıq, təcavüz, soyqırımı və etnik təmizləmə siyasətinin yeni qanlı səhifəsi olmuşdur. Bu siyasət son iki yüz ilə yaxın dövrdə mərhələ-mərhələ həyata keçirilmişdir.

XIX əsrdə Rusiya–İran və Rusiya–Türkiyə müharibələrinin nəticələrini, o cümlədən Azərbaycanın çar Rusiyası tərəfindən ilhaqını təsbit edən müqavilələrə əsasən Cənubi Qafqaza yüz minlərcə erməni köçürülmüş, həm də din birliyi əsasında onlara yerli əhali ilə müqayisədə böyük hüquq və imtiyazlar verilmiş, bütün bunlar azərbaycanlı əhalinin hər vasitə ilə sıxışdırılmasına gətirib çıxarmışdır. “Daşnak” və “Hnçak” kimi erməni millətçi partiyalarının fəaliyyətə başlamasından və fanatik erməni kütlələrini şovinist ideyalar ətrafında birləşdirməsindən sonra bu proses daha da sürətlənmişdir.

Birinci rus inqilabının başlandığı 1905-ci ildə silahlanmış mütəşəkkil erməni dəstələri Cənubi Qafqazda ilk dəfə olaraq etnik zəmində soyqırımı cinayəti törətmişlər. 1905–1907-ci illərdə onlar Bakıda, Tiflisdə, İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda kütləvi şəkildə azərbaycanlılara divan tutmuş, şəhər və kəndləri yandırmış, uşaqları, qadınları, qocaları misilsiz qəddarlıqla öldürmüşlər. Erməni vəhşiliyindən sağ qurtara bilən on minlərcə azərbaycanlı doğma yurd-yuvasını tərk etməyə məcbur olmuşdur. 

Ermənilərin Azərbaycan xalqına qarşı soyqırımı siyasəti çar Rusiyasında mərkəzi hakimiyyətin süqut etdiyi, keçmiş imperiyanın dərəbəyilik və anarxiya şəraitində yaşadığı 1918-ci ildə geniş vüsət almışdır. Bu dövrdə soyqırımı daha mütəşəkkil şəkildə və daha böyük bir qəddarlıqla həyata keçirilmişdir. 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda ermənilər 50 mindən çox azərbaycanlını qətlə yetirmiş, evlərini talan etmiş, on minlərcə adamı yurd-yuvasından didərgin salmışlar. Təkcə Bakıda 30 minə yaxın soydaşımız xüsusi amansızlıqla qətlə yetirilmişdir. Azərbaycanın tarixi torpaqlarına daxil olan İrəvan şəhərində və onun ətrafında 132 min azərbaycanlı məhv edilmişdir. Erməni cəza dəstələrinin törətdikləri vəhşiliklər nəticəsində o vaxtkı İrəvan quberniyasının azərbaycanlı əhalisinin sayı 1916-cı ildəki 375 min nəfərdən 1922-ci ildə cəmisi 70 min nəfərə enmişdir. Qeyd etmək lazımdır ki, 1918-ci ilin qanlı hadisələri zamanı Gəncədə, Oğuzda, Qubada və Azərbaycanın digər bölgələrində azərbaycanlılarla birlikdə, 3 minə qədər yəhudi də erməni quldur dəstələri tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir.

Azərbaycan xalqına qarşı soyqırımı və etnik təmizləmə siyasəti çar Rusiyasının süqutundan sonra Azərbaycanın əzəli torpaqlarında Ermənistan Respublikasının yaradılmasına, azərbaycanlılara məxsus olan əlavə 20,2 min kvadratkilometr ərazinin də bu süni dövlət qurumuna qatılmasına, sovet dövründə Azərbaycan ərazisində ermənilər üçün qondarma “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin təşkil edilməsinə, 1948–1953-cü və 1988–1993-cü illərdə 1,5 milyon nəfər azərbaycanlının Ermənistan Respublikasından və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən deportasiya edilməsinə və qovulmasına,  Azərbaycan Respublikası ərazisinin 20 faizinin, yəni Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı daha yeddi rayonun – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarının işğal olunmasına gətirib çıxarmışdır.

Təkcə son işğalçılıq müharibəsinin gedişində Ermənistan Silahlı Qüvvələri tərəfindən 20 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, 20 mindən çox dinc sakin yaralanmış, 50 mindən çox adam əlil olmuşdur. 4750 adam əsir və itkin düşmüş, girov götürülmüşdür. 877 şəhər, kənd və qəsəbə qarət edilmiş, dağıdılmış və yandırılmışdır. Erməni təcavüzkarları işğal olunmuş ərazilərdə Azərbaycanın tarixi-mədəni irsini təşkil edən obyektləri xüsusi qəddarlıqla məhv etmişlər. Ələ keçirdikləri ərazilərdə onlar vandalizm aktları törədərək, 500-ə qədər tarixi və 100-dən çox arxeoloji abidəni, 22 muzeyi və 4 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət etmiş və yandırmış, 44 məbədi və 9 məscidi təhqir etmişlər. Dağıdılan və yandırılan 927 kitabxanada 4,6 milyon kitab və misilsiz əlyazma məhv edilmişdir.

Son iki yüz ilə yaxın dövrdə Azərbaycan xalqının  məruz qaldıqları fəlakətlərin bir çox səbəbləri vardır. Əsas səbəblərdən biri kənar qüvvələrin müəyyən siyasi niyyətlərini həyata keçirmək üçün erməni millətçiliyinə rəvac verməsi və ondan bir alət kimi istifadə etməsi olmuşdur. Çirkin geosiyasi oyunlarda onlar üçün ayrılan rolu uyğun görən erməni millətçilərinin qonşu xalqların torpaqları hesabına “böyük Ermənistan” yaratmaq xülyasına düşməsi bölgədə bu gün də davam edən faciələrin əsasını qoymuşdur. Son yüz ildən artıq dövrdə erməni xalqının bir neçə nəsli milli müstəsnalıq, Azərbaycan xalqına qarşı düşmənçilik ruhunda tərbiyə edilmişdir. Erməni “alim”lərinin səyləri ilə bölgənin tarixi saxtalaşdırılmış, ermənilərin tarixi şişirdilərək qədimləşdirilmiş, azərbaycanlılara qarşı kəskin mənəvi təcavüz kampaniyası aparılmışdır. Cənubi Qafqazda baş verən hadisələr bilərəkdən təhrif edilmiş, dünya ictimaiyyətinin nəzərində “əzabkeş və  məzlum” erməni xalqı obrazı yaradılmışdır.

Erməni millətçiliyinə qarşı mütəşəkkil müqavimət Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra qurulmuşdur. “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 mart tarixli fərmanı tarixi həqiqətlərin üzə çıxmasına və öz yerini tutmasına təkan vermişdir. Bu mühüm sənəddə tariximizdə ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların – soyqırımlarının rəsmən adı çəkilmiş, Cənubi Qafqaz miqyasında xalqımıza qarşı aparılmış etnik düşmənçilik siyasətinin kökləri açılmışdır. “Böyük Ermənistan” xülyasını həyata keçirməyin əsas yolunu tarixboyu bu ərazilərin yerli sakinləri olmuş azərbaycanlıların məhv edilməsində, köçürülməsində, onların tarix və mədəniyyət abidələrinin dağıdılmasında, yer adlarının dəyişdirilməsində görən erməni millətçilərinin mənfur fəaliyyətinə siyasi qiymət verilmişdir. Fərmana əsasən 31 mart günü son yüz ildən artıq dövrdə erməni millətçilərinin xalqımıza qarşı törətdikləri vəhşiliklərin qurbanı olmuş günahsız insanların xatirəsinə ehtiram əlaməti olaraq azərbaycanlıların soyqırımı günü elan edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev azərbaycanlıların soyqırımı ilə əlaqədar dəfələrlə xalqa müraciət etmiş, Xocalı  faciəsini insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən biri kimi qiymətləndirmişdir. Dövlət başçısının sərəncamı ilə bu il Xocalı soyqırımının 25-ci ildönümü qeyd edilir. 

Azərbaycan Respublikasının Milli Məclisi bu məsələ ilə əlaqədar xüsusi bəyanatlar və müraciətlər qəbul etmiş, beynəlxalq təşkilatlardan, dünya ölkələrinin parlamentlərindən və hökumətlərindən XIX–XX əsrlərdə erməni millətçiliyinin və onun havadarlarının azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətlərini tanımağı, gələcəkdə bu cür cinayətlərin cəzasız qalmasının qarşısını almaqdan ötrü təsirli beynəlxalq hüquq mexanizmlərinin yaradılması işini tezliklə başa çatdırmağı, azərbaycanlılara qarşı yeni soyqırımı cinayətlərinə yol verilməməsi üçün Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla ədalətli həllinə kömək göstərməyi xahiş etmişdir. Milli Məclisin 1994-cü il 24  fevral tarixli qərarına əsasən 26 fevral Xocalı soyqırımı günü elan edilmiş və bu barədə beynəlxalq təşkilatlara məlumat verilmişdir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər ildən-ilə daha da genişlənir.

Xocalı soyqırımının dünya miqyasında tanıdılması sahəsində sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilmişdir.  Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 22 ştatının  icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləmişlər.

Xocalı şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün dövlət tərəfindən bir sıra tədbirlər görülmüşdür. Bakı şəhərində, ölkəmizin digər şəhər və rayonlarında Xocalı qurbanlarına abidələr ucaldılmış, Xocalı faciəsi haqqında məlumatlar orta məktəb proqramlarına daxil edilmişdir.

Məlum olduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi uzun illərdir ki, mötəbər beynəlxalq təşkilatların əsas müzakirə mövzularından biridir. Həmin təşkilatların qəbul etdikləri sənədlər münaqişənin nizama salınmasının hüquqi bazasının ayrılmaz hissəsini təşkil edir.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrdə, eləcə də BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi 62/243 nömrəli qətnamədə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı birmənalı şəkildə təsdiqlənmiş və Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilmişdir. Avropa Parlamentinin və Avropa Şurası Parlament Assambleyasının müxtəlif illərdə qəbul etdikləri qətnamələrdə də Ermənistan silahlı qüvvələrinin işğal olunmuş bütün ərazilərdən çıxarılması tələb edilmiş, yurdlarından didərgin düşmüş şəxslərin öz torpaqlarına geri dönməsi hüququ təsdiq edilmişdir.

Münaqişənin sülh yolu ilə nizama salınması üçün vasitəçilik səyləri göstərən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları dəfələrlə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir, dəyişməlidir və məsələ tezliklə öz həllini tapmalıdır. Həmsədrlərin irəli sürdüyü və Azərbaycan tərəfindən qəbul edilmiş Madrid prinsipləri də münaqişənin nizama salınmasına yönəlmişdir. Təəssüf ki, münaqişənin həll edilməsi üçün bu günədək göstərilən beynəlxalq səylər Ermənistanın qeyri-konstruktiv və pozucu mövqeyi üzündən heç bir səmərə verməmişdir.

Hər kəsə aydın olmalıdır ki, vəziyyətin bu cür qalması, münaqişənin nizama salınmaması nəinki Cənubi Qafqaz regionunda, həm də bütün dünyada sülh və sabitlik üçün təhlükə törədir. Bunu ötən ilin aprel ayının əvvəllərində cəbhə xəttində baş vermiş hadisələr bir daha sübut edir. Ermənistan silahlı qüvvələri növbəti silahlı təxribata əl ataraq, cəbhə xətti boyunca yerləşən yaşayış məntəqələrini güclü atəşə tutmuşlar. Azərbaycan silahlı qüvvələri dinc sakinlərin təhlükəsizliyini təmin etmək üçün cavab tədbirləri görməyə məcbur olmuşlar. Genişmiqyaslı hərbi əməliyyatlar çoxsaylı insan tələfatına və dağıntılara gətirib çıxarmışdır. Ermənistan silahlı qüvvələrinin bu cür təxribatları indiyədək davam edir.

Digər tərəfdən, erməni tərəfi Azərbaycana qarşı çirkin əməllərinə haqq qazandırmaq üçün heç bir fitnəkarlıqdan çəkinmir, iştirakçısı olduğu Avrasiya İqtisadi Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi qurumların üzvlərini öz təxribatlarına cəlb etməyə çalışır. Erməni millətçiləri və onların havadarları Azərbaycan xalqına qarşı törədilmiş faciələri, o cümlədən Xocalı soyqırımını ört-basdır etmək və unutdurmaq, qondarma “erməni soyqırımı”nı qəbul etdirmək üçün beynəlxalq miqyasda apardıqları təbliğat kampaniyasını daha da genişləndirirlər. 

Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini çətinləşdirən bu cür fəaliyyətin qarşısının alınması üçün  göstərilən səylərin artırılması indiki dövrün ən aktual vəzifələrindən biridir. Bu sahədə parlamentin hər bir üzvünün də üzərinə vəzifələr düşür.

Azərbaycan Respublikasının Milli Məclisi yuxarıda şərh edilənləri nəzərə alaraq, qərara alır:

1. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Respublikasının hərbi birləşmələri, Dağlıq Qarabağdakı erməni silahlı dəstələri və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən Xocalı şəhərində azərbaycanlıların kütləvi qırğınının Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 24 fevral, 1995-ci il 24 fevral, 2007-ci il 27 fevral və 2012-ci il 24 fevral tarixli qərarları ilə soyqırımı (genosid) cinayəti kimi qiymətləndirilməsi bir daha təsdiq edilsin.

2. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına bir vəzifə olaraq tapşırılsın ki, xarici ölkələrə səfərlər zamanı, o cümlədən beynəlxalq təşkilatların tədbirlərində iştirak edərkən son yüz ildən artıq dövrdə  azərbaycanlıların məruz qaldıqları soyqırımı aktları, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin daha geniş yayılmasını təmin etsinlər, bu məqsədlə Milli Məclisin xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının imkanlarından dolğun və səmərəli istifadə etsinlər.

3. Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına tövsiyə edilsin ki, Xocalı şəhərində soyqırımı aktının törədilməsində iştirak etmiş şəxslərin müəyyən edilməsi və cinayət məsuliyyətinə cəlb olunması üçün görülən tədbirləri davam etdirsinlər. 

4. Azərbaycan Respublikasının müvafiq dövlət və qeyri-dövlət qurumlarına, o cümlədən qeyri-hökumət təşkilatlarına  tövsiyə edilsin ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatların geniş yayılması, yalançı erməni təbliğatının ifşa edilməsi üçün səylərini birləşdirsinlər.

5. Xarici ölkələrin parlamentlərinə, beynəlxalq parlament təşkilatlarına müraciət edilsin ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində azərbaycanlıların kütləvi qırğınını soyqırımı cinayəti kimi tanısınlar.

O.ƏSƏDOV
Azərbaycan Respublikası
Milli Məclisinin sədri

Bakı şəhəri, 24 fevral 2017-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında