Elm haqqında Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini, elmin və elmi-innovasiya fəaliyyətinin məqsədlərini, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələrini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsaslarını müəyyən edir.

Bu Qanun ölkənin siyasi, iqtisadi, sosial və mədəni inkişafının təmin edilməsi, hər bir Azərbaycan Respublikası vətəndaşının rifahının və elmi səviyyəsinin yüksəldilməsi, yeni biliklərə yiyələnməsi və dünyanı dərk etmək kimi təbii və mənəvi ehtiyaclarının ödənilməsində elmin aparıcı rolunu və vəzifələrini müəyyənləşdirir.

1-ci fəsil

ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. alim – elmi dərəcəsi və elmi əsərləri olan tədqiqatçı;

1.0.2. assistent – elmi köməkçi və ya elmi vəzifə;

1.0.3. eksperimental tədqiqatlar – elmi araşdırmalar nəticəsində və ya əməli təcrübə əsasında əldə olunmuş biliklərə əsaslanan, insan həyatı və sağlamlığının qorunması, yeni istehsal prosesi, material, məhsul, qurğu, xidmət və idarəetmə sistemlərinin yaradılması və onların təkmilləşdirilməsi məqsədilə aparılan tədqiqat;

1.0.4. elm – hadisələrin və gerçəkliyin mahiyyəti haqqında obyektiv biliklərin və informasiyaların əldə edilməsi, toplanması, sistemləşdirilməsi, işlənməsi, yayılması və tətbiqindən ibarət olan insan fəaliyyəti sahəsi;

1.0.5. elmi ekspertiza – elmi işin, elmi-texniki fəaliyyətin elmi, texniki və ictimai-siyasi tələblərə uyğunluğunun müəyyən edilməsi, rəyləndirilməsi və qiymətləndirilməsi;

1.0.6. elmi ekspertizanın subyektləri – ekspertizanın sifarişçiləri, icraçıları (dövlət idarəetmə orqanları, ictimai və beynəlxalq təşkilatlar), hüquqi və fiziki şəxslər (ekspertlər) və digər iştirakçılar;

1.0.7. elmi ekspertizanın obyektləri – elmi və elmi-texniki fəaliyyətinin yoxlanılması nəticəsinə uyğun informasiyalar, bu informasiyaları özündə əks etdirən sənədlər, fiziki predmetlər və digər maddi məlumat daşıyıcıları;

1.0.8. elmi etika – elmi, elmi-texniki və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan elmi işçilərin, müstəqil elmi araşdırmalarla məşğul olan digər şəxslərin elmi ictimaiyyət tərəfindən qəbul edilmiş davranış normalarının, prinsiplərinin və əxlaq qaydalarının məcmusu;

1.0.9. elmi fəaliyyət – elmi biliklərin əldə edilməsinə, tətbiqinə və təbliğinə yönəlmiş elmi tədqiqat və yaradıcılıq prosesi; 

1.0.10. elmi fəaliyyətin istiqamətləri – fundamental, tətbiqi və eksperimental tədqiqatların aparılması, elmi tədqiqatların nəticələrinin ekspertizası, tətbiqi, aprobasiyası və yüksəkixtisaslı elmi kadrların hazırlanması;

1.0.11. elmi fəaliyyət subyektləri – elmi fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslər, onların ictimai birlikləri, həmçinin elmi fəaliyyətin iştirakçıları; 

1.0.12. elmin və elmi fəaliyyətin növləri – fundamental, tətbiqi və eksperimental (məzmununa görə); təbiət, texniki, humanitar və ictimai (predmetinə görə); akademik, empirik, innovativ, nəzəri və tətbiqi (istiqamətinə görə);

1.0.13. elmi innovasiya– elmi fəaliyyətin məzmun və vasitələrinin (tədqiqat metodları, üsulları və digər), elmi nəticə və məhsulların, həmçinin onların tətbiqi texnologiyalarının və istifadə üsullarının yenilik xarakterinə malik olması;

1.0.14. elmi innovasiya fəaliyyəti – elmi tədqiqatlar əsasında formalaşan, idarəetmə sisteminin təkmilləşdirilməsini və rəqabət qabiliyyətinin yüksəldilməsini təmin edən mütərəqqi xarakterli yeniliklərin və əqli mülkiyyət obyektlərinin (elmi nəticələr, ixtiralar, kəşflər, sistemlər, orijinal texnologiyalar, brendlər, ticarət və əmtəə nişanları və digər) yaradılmasına və onların tətbiq edilməsinə yönəlmiş fəaliyyət;

1.0.15. elm və innovasiya fondları – elmi tədqiqatların qrant şəklində məqsədli maliyyələşdirilməsini həyata keçirən qeyri-kommersiya statuslu hüquqi şəxs;

1.0.16. elmi innovasiya subyektləri – əsas funksiyaları və təyinatı mütərəqqi xarakterli yeniliklər yaratmaq və reallaşdırmaqdan ibarət olan hüquqi və fiziki şəxslər;

1.0.17. elmi iş – elmi nəticə əldə etmək məqsədilə aparılan sistemli tədqiqat;

1.0.18. elmi işçi – elmi və elmi-texniki fəaliyyətlə peşəkar məşğul olan tədqiqatçı və ya seçkili vəzifə;

1.0.19. elmi məhsul (elmi nəticə) – elmi və elmi-texniki fəaliyyətin tətbiqi üçün nəzərdə tutulan, konkret informasiya daşıyıcısında əks olunan, maddi və ictimai dəyərə malik nəticə (yeni biliklər, texniki həllər, işləmələr və digər);

1.0.20. elmi məhsullar və xidmətlər bazarı – elmi fəaliyyətin nəticələrinin və məhsullarının mübadiləsi prosesində yaranan münasibətlər sistemi və onların reallaşdırıldığı xüsusi bazar;

1.0.21. elmi məktəb – uzunmüddətli dövr ərzində formalaşan özünəməxsus elmi baxışlara, ənənələr və dəyərlər sisteminə malik olan, elmin müəyyən istiqaməti üzrə yeni biliklər yaratmaq, yaymaq, ötürmək və tətbiq etmək funksiyalarını yerinə yetirən, yaradıcıları və davamçıları ilə tanınan, özünü inkişaf qabiliyyətli elmi fəaliyyət subyekti;

1.0.22. elmi müəssisə və təşkilat – elm və elmi-texniki fəaliyyətlə məşğul olan, elmlə təhsilin vəhdətini təmin edən hüquqi şəxs;

1.0.23. elmi plagiat – müəllifini, götürülmə mənbəyini göstərmədən başqasının əsərlərini, elmi kəşf və ixtirasını, səmərələşdirici təklifini, innovasiya məhsulunu tam və ya qismən mənimsəmək, yaxud özününkü kimi təqdim etmək;

1.0.24. elmi tədqiqat institutu – əsas fəaliyyəti fundamental və tətbiqi elmi tədqiqatlar və eksperimental araşdırmaların aparılmasından ibarət olan elmi müəssisə;

1.0.25. elm-təhsil və innovasiya kompleksi (klaster) – elmtutumlu məhsulların istehsalını və satışını həyata keçirmək məqsədilə fundamental və tətbiqi tədqiqatları, təcrübi-konstruktor işləmələrini, təhsil və sahibkarlıq fəaliyyətini özündə birləşdirən innovasiya strukturu;

1.0.26. elmi yaradıcılıq – bilavasitə elmi tədqiqat, elmi-texniki, elmi-təcrübi və elmi innovasiya prosesi;

1.0.27. fundamental elmi tədqiqatlar – təbiətin və cəmiyyətin quruluşu və inkişafı haqqında yeni biliklərin əldə edilməsinə yönəlmiş nəzəri və təcrübi elmi tədqiqatlar;

1.0.28. impakt faktor – dövri elmi nəşrin reytinqini müəyyən edən təsir göstəricisi;

1.0.29. istinad indeksi – tədqiqatçının elmi əsərlərinə edilən istinadların sayı ilə müəyyən edilən göstərici;

1.0.30. milli innovasiya sistemi – ölkə hüdudunda elmi bilik və texnologiyaların istehsalı və kommersiya və ya qeyri-kommersiya əsasında reallaşdırılması ilə məşğul olan təşkilatların məcmusu;

1.0.31. nostrifikasiya və təkrar attestasiya – xarici ölkədə alınmış elmi dərəcə və ya elmi adlar haqqında sənədlərin ekvivalentliyinin müəyyən edilməsi və tanınması proseduru;

1.0.32. rəsmi opponent – dissertasiyanın aktuallığını, elmi yeniliyinin orijinallıq dərəcəsini və əhəmiyyətini qiymətləndirmək məqsədilə dissertasiya şurası tərəfindən təyin edilən və müvafiq elmi dərəcəyə malik olan şəxs;

1.0.33. texnoloji inkubator – innovasiya fəaliyyəti subyektlərinə elmi, istehsal, kadr, hüquqi, marketinq, lizinq, məsləhət və digər xidmətlərin təqdim edilməsini təmin edən hüquqi şəxs;

1.0.34. texnopark – yeni texnologiyaların yaradılmasını və mənimsənilməsini, müasir avadanlıq, cihaz və qurğuların istehsalını və onların kommersiya əsasında reallaşdırılmasını kompleks şəkildə həyata keçirən qabaqcıl texnologiyalara malik struktur (ərazi) və ya hüquqi şəxs;

1.0.35. texnopolis – elmtutumlu yeni texnologiyaların və yüksək texniki səviyyəli məhsulların işlənib hazırlanması və istehsalata tətbiq edilməsi  məqsədilə  yaradılan çoxprofilli, inkişaf etmiş sənaye sahələrinə və infrastruktura, elmi tədqiqat və təhsil komplekslərinə, “beyin mərkəzlərinə”, zavodlara, firma və şirkətlərə, geniş və xüsusi güzəştli şəraitin yaradıldığı əraziyə malik olan elm-sənaye kompleksi və ya sənaye şəhərciyi;

1.0.36. tədqiqatçı – elmi-nəzəri və elmi-texniki tədqiqatlar aparan, bilikləri inkişaf etdirən və elmi tədqiqat layihələrində iştirak edən ali təhsilli şəxs;

1.0.37. tədqiqat universiteti – elmi fəaliyyətlə tədris prosesinin real inteqrasiyası əsasında elm və təhsil fəaliyyətini eyni dərəcədə səmərəli həyata keçirən, qabaqcıl elmi tədqiqatlar aparan, keyfiyyətli tədris mühitini təmin edən, yüksək elmi və elmi-pedaqoji kadr potensialına malik olan ali təhsil müəssisəsi və ya elm-təhsil mərkəzi;

1.0.38. tətbiqi elmi tədqiqatlar – əsasən praktik məqsədlərin həyata keçirilməsi və konkret məsələlərin həlli üçün yeni biliklərin əldə edilməsi və tətbiqini nəzərdə tutan elmi tədqiqatlar;

1.0.39. yüksəkixtisaslı elmi kadr – fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsinə malik olan şəxs;

1.0.40. ali attestasiya orqanı – yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyası məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum.

Maddə 2. Elm haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

2.1. Elm haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunundan, Azərbaycan Respublikasının elmi fəaliyyət üzrə münasibətləri nəzərdə tutan digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

2.2. Elm haqqında Azərbaycan Respublikası qanunvericiliyinin əsas məqsədi elmi fəaliyyətlə məşğul olan subyektlərin kоnstitusiya hüquqlarının təmin edilməsi, qоrunması və elm sahəsində mövcud olan münasibətlərin tənzimlənməsinin təşkilati-hüquqi bazasının yaradılmasından ibarətdir.

Maddə 3. Elmi fəaliyyət sahəsində dövlət siyasətinin prinsipləri, məqsədləri və prioritetləri

3.1. Elmi fəaliyyət sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:

3.1.1. elmi yaradıcılıq və tədqiqat azadlığı (sərbəstliyi);

3.1.2. azərbaycanşünaslıq istiqamətində aparılan tədqiqatların aparıcılığının təmin edilməsi;

3.1.3. elmi etikanın qorunması;

3.1.4. elmin ictimai həyata inteqrasiyası;

3.1.5. elmin və elmi-innovasiya fəaliyyətinin prioritetliyi;

3.1.6. sağlam rəqabətin təmin edilməsi;

3.1.7. beynəlxalq səviyyəyə uyğunluq;

3.1.8. elmi nəticələrin şəffaflığı və ictimaiyyətə açıqlığı;

3.1.9. elm, təhsil və iqtisadiyyatın vəhdəti;

3.1.10. əqli mülkiyyət hüququnun qorunması;

3.1.11. dünya elm məkanına inteqrasiya.

3.2. Elm sahəsində dövlət siyasətinin əsas məqsədləri aşağıdakılardır:

3.2.1. elmin davamlı və sistemli inkişafının təmin edilməsi;

3.2.2. elmi fəaliyyətin institusional sisteminin və maliyyələşdirilmə mexanizmlərinin dünya standartlarına uyğunlaşdırılması;

3.2.3. cəmiyyət həyatının bütün istiqamətlər üzrə inkişafında elmi potensialdan səmərəli istifadənin təmin edilməsi;

3.2.4. elmin maddi-texniki bazasının və infrastrukturunun modernləşdirilməsi;

3.2.5. elm, təhsil, iqtisadiyyat və cəmiyyətin qarşılıqlı münasibətlərində inteqrativ bağlılığın və dialektik vəhdətin təmin edilməsi;

3.2.6. ölkə üzrə elmi məktəblərin yaradılması, qorunması və inkişafının stimullaşdırılması;

3.2.7. elmi araşdırmaların, o cümlədən fundamental və tətbiqi tədqiqatların əsas istiqamətlərinin müəyyən edilməsi və inkişafının stimullaşdırılması;

3.2.8. elm sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və Azərbaycan Respublikasının elmi-texniki siyasətinin dünya elmi məkanında layiqincə təmsil olunması və təbliğ edilməsi;

3.2.9. elm sahəsində çalışan və elmi fəaliyyətlə məşğul olan elmi işçilərin maddi rifahının və sosial təminatının yüksəldilməsi.

3.3. Elm sahəsində dövlət siyasətinin əsas prioritetləri aşağıdakılardır:

3.3.1. Azərbaycan xalqının etnogenezinin, tarixi, dili, ədəbiyyatı, incəsənəti və mədəniyyətinin, milli-mənəvi dəyərlərinin, maddi və mədəni irsinin, iqtisadi, fəlsəfi, hüquqi və ictimai-siyasi fikrin təkamülü prosesinin və inkişaf mərhələlərinin hərtərəfli tədqiqi;

3.3.2. Azərbaycançılıq ideologiyasının elmi-nəzəri əsaslarının tədqiqi;

3.3.3. ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafında, dövlət idarəetmə sisteminin təkmilləşdirilməsində, müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin təmin edilməsində, demokratik-hüquqi dövlət quruculuğunda, milli mənafelərin qorunmasında, elmi-texniki tərəqqinin sürətləndirilməsində elmin rolunun gücləndirilməsi;

3.3.4. multikulturalizm təliminin elmi əsaslarının öyrənilməsi, cəmiyyət həyatındakı rolunun və əhəmiyyətinin tədqiq edilib ümumiləşdirilməsi;

3.3.5. dini-mənəvi dəyərlərin, dinlərarası dialoq və tolerantlıq təcrübəsinin mahiyyətinin və əhəmiyyətinin tədqiq edilməsi və elmi şəkildə ictimaiyyətə çatdırılması;

3.3.6. Azərbaycanın təbii ehtiyatlarının geoloji, coğrafi, ekoloji və iqtisadi cəhətdən qiymətləndirilməsi;

3.3.7. müxtəlif elm sahələri üzrə ekspedisiyaların və çöl təcrübələrinin keçirilməsi, onların nəticələrinin təhlil edilib dəyərləndirilməsi;

3.3.8. ölkənin karbohidrogen ehtiyatlarının qiymətləndirilməsi, neft, neft-kimya sənayesi sahələrinin və qeyri-neft sektorunun inkişafı, modernləşdirilməsi və şaxələndirilməsi problemlərinin öyrənilməsi;

3.3.9. milli demoqrafik inkişaf proseslərinin, məskunlaşma və sosial inkişaf problemlərinin tədqiqi;

3.3.10. Azərbaycan Respublikasının davamlı və dayanıqlı inkişaf problemlərinin və inkişaf modelinin iqtisadi, sosial, fəlsəfi və hüquqi əsaslarının sistemli tədqiq olunması;

3.3.11. biliklərə əsaslanan intellektual cəmiyyətin və iqtisadiyyatın formalaşdırılması problemlərinin tədqiqi;

3.3.12. elmtutumlu istehsal sahələri və alternativ enerji mənbələri, nano, bio, genotexnologiyalar, informasiya-kommunikasiya texnologiyaları və digər yüksək texnologiyalar sahəsində tədqiqatların aparılması;

3.3.13. kosmosun tədqiqi və bununla bağlı olan digər elm sahələri üzrə fundamental və tətbiqi tədqiqatların genişləndirilməsi;

3.3.14. elmi kadr hazırlığının səmərəliliyinin yüksəldilməsi və ölkənin elm və innovasiya potensialının gücləndirilməsi.

3.4. Elmin inkişaf prioritetlərinin zənginləşdirilməsi aşağıdakı istiqamətlərdə həyata keçirilir:

3.4.1. nəzəri-metodoloji tədqiqatların praktiki təcrübə əsasında dəyərləndirilməsi;

3.4.2. elmin inkişafının ölkənin sosial-siyasi, iqtisadi və mədəni tərəqqisinin strateji məqsədlərinə xidmət etməsinə nail olunması;

3.4.3. elm sahələri üzrə elmi tədqiqatların inteqrativ xarakterinin formalaşdırılması;

3.4.4. elmi innovasiya tipli tədqiqatların üstün mövqeyinin ayrı-ayrı elmi istiqamətlərin qarşılıqlı əlaqəsi əsasında yeni elmi nəticələrin əldə olunmasının təmin edilməsi.

Maddə 4. Elmi innovasiya sahəsində dövlət siyasətinin əsas istiqamətləri

4.1. Dövlət elmi innovasiya fəaliyyətini həyata keçirən bütün müəssisə və təşkilatlar üçün bərabər şərait yaradır və onların fəaliyyətini stimullaşdırır.

4.2. Elmi innovasiya sahəsində dövlət siyasəti aşağıdakı istiqamətlərdə reallaşdırılır:

4.2.1. dövlət innovasiya sisteminin formalaşdırılması və onun inkişafının strateji istiqamətlərinin müəyyən edilməsi;

4.2.2. innovasiya layihələrinin maliyyələşdirilməsi, investisiyaların cəlb edilməsi və təşviqi üzrə əlverişli şəraitin yaradılması və müvafiq təşkilati işlərin görülməsi;

4.2.3. elmi innovasiya subyektlərinin – inteqrativ elm, təhsil və sahibkarlıq mərkəzlərinin (zonaların), texnopolislərin, elmi texnologiya parklarının, texnoloji inkubatorların, innovasiya fondlarının, innovasiyalar üzrə məlumat informasiya bankının yaradılması və inkişaf etdirilməsi;

4.2.4. rəqabətqabiliyyətli, yüksək texnologiyalara əsaslanan istehsal sahələrinin yaradılmasında iştirak etməklə, zəmanətli satış bazarlarının təmin edilməsi və xarici bazarlara çıxışının həvəsləndirilməsi və himayə edilməsi;

4.2.5. inkişaf etmiş ölkələrin biliklərə əsaslanan, innovativ xarakterli inkişaf təcrübəsi və problemlərinin öyrənilməsi, ölkənin inkişaf strategiyasının hazırlanmasında və reallaşdırılmasında onlardan istifadə edilməsi.

Maddə 5. Elmin inkişafı üzrə məqsədli proqramlar

5.1. Azərbaycan Respublikasında elmin inkişafına dair məqsədli proqramlar elmin prioritet istiqamətləri üzrə dövlət siyasətinin yerinə yetirilməsi məqsədilə hazırlanır və həyata keçirilir.

5.2. Elmin inkişafı üzrə məqsədli proqramlar elmin konkret sahələri və prioritetləri üzrə yeni biliklərin, texnologiyaların və konkret elmi-praktiki nəticələrin əldə edilməsi və onların cəmiyyət həyatında tətbiqini nəzərdə tutur.

5.3. Dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən elmin inkişafı üzrə məqsədli proqramlar və ayrı-ayrı fundamental və tətbiqi elmi tədqiqat layihələri (hərbi məqsədlər üçün nəzərdə tutulan layihələr istisna olmaqla) müsabiqə yolu ilə müəyyən edilir.

Maddə 6. Elmi fəaliyyət sahəsində dövlətin vəzifələri

6.0. Elmi fəaliyyət sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

6.0.1. elmin inkişafına dair vahid dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi;

6.0.2. elmin inkişaf strategiyası və konsepsiyasının hazırlanması;

6.0.3. elmin prioritet inkişaf sahələrinin və istiqamətlərinin müəyyən edilməsi, həmin istiqamətlər üzrə dövlət proqramlarının və layihələrinin hazırlanması və həyata keçirilməsi;

6.0.4. regionların kompleks iqtisadi, sosial və mədəni inkişaf proqramlarının hazırlanması və elmi cəhətdən əsaslandırılması; regionlarda elmi fəaliyyətin inkişafı üçün müvafiq infrastrukturun və digər zəruri şəraitin yaradılması;

6.0.5. ölkənin milli təhlükəsizliyi və müdafiə qabiliyyətinin yüksəldilməsi ilə bağlı olan elmi fəaliyyət sahələrinin himayə edilməsi;

6.0.6. elmi fəaliyyət subyektləri üçün azad, ədalətli, bərabərhüquqlu, sağlam və keyfiyyətli elmi fəaliyyət mühitinin yaradılması, elmi qabiliyyəti olan hər bir vətəndaşa elmlə məşğul olmaq, elmi səviyyəsini yüksəltmək və yaradıcılığını təkmilləşdirmək üçün şəraitin yaradılması;

6.0.7. Azərbaycanşünaslıq istiqamətində aparılan tədqiqatların prioritetliyinin və həyata keçirilməsinin təmin edilməsi;

6.0.8. Azərbaycan xalqının özünəməxsusluğunun, milli və mənəvi dəyərlərinin qorunması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi, Azərbaycan tarixinin, mədəniyyətinin, maddi və mədəni irsin, abidələrin və Azərbaycan xalqının etnogenezinin öyrənilməsinə xüsusi diqqət yetirilməsinin təmin edilməsi;

6.0.9. elmi fəaliyyətin cəmiyyətin və iqtisadiyyatın inkişafına istiqamətləndirilməsi, onun açıqlığının, dünya elmi məkanına inteqrasiyasının təmin edilməsi, ölkədə biliklər cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın yaradılmasında və möhkəmləndirilməsində, davamlı, dayanıqlı, dinamik və rəqabətqabiliyyətli inkişafın təmin edilməsində elmin prioritet rolunun müəyyən edilməsi;

6.0.10. elmi fəaliyyətin səmərəli təşkili, idarə edilməsi və inkişafına, maddi-texniki baza, infrastruktur, avadanlıqlar, yüksəkixtisaslı elmi kadrlar, informasiya və digər zəruri vasitələrlə təmin olunmasına şəraitin yaradılması;

6.0.11. müdafiə təyinatlı elmi-istehsal, təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-sınaq və layihə-texnoloji müəssisələrin inkişafının və elmi potensialının yüksəldilməsinin prioritetliyinin təmin edilməsi;

6.0.12. təhsilin fasiləsizliyi prinsipinə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının və xarici ölkələrin ali təhsil müəssisələrinin və elmi müəssisələrin və təşkilatların magistratura (rezidentura) və doktoranturalarında əyani təhsil alanlara hərbi xidmətdən möhlət hüququnun təmin edilməsi;

6.0.13. yüksək ixtisaslı elmi kadr hazırlığının və elmin nailiyyətlərinin stimullaşdırılması, ölkənin maliyyə-iqtisadi imkanlarına uyğun olaraq elmi işçilərin, o cümlədən gənc alimlərin sosial müdafiəsinin yaxşılaşdırılması;

6.0.14. yüksək elmi səviyyəsi və praktik əhəmiyyəti olan, müstəqil dövlətçiliyin və milli-mənəvi dəyərlərin inkişaf etdirilməsinə imkan yaradan, ölkənin iqtisadi inkişafına kömək edən, yeni texnologiyaların tətbiqi yolu ilə mühüm irəliləyişə səbəb olan elmi tədqiqat işlərinin dəstəklənməsi və mükafatlandırılması;

6.0.15. elmi fəaliyyət sahəsinə investisiyaların, о cümlədən хarici investisiyaların cəlb edilməsi üçün əlverişli investisiya mühitinin yaradılması və bu məqsədlə sərmayəçilərə “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyanın qorunması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada güzəştlərin verilməsi;

6.0.16. müxtəlif elm sahələri üzrə çöl təcrübələrinin və ekspedisiyaların təşkili və onların işinə nəzarətin təmin edilməsi;

6.0.17. elm sahəsinin inkişafına ayrılan dövlət büdcə vəsaitlərinin həcminin və qrantların məbləğinin müəyyən edilməsi və bu vəsaitlərdən səmərəli istifadə olunmasına dövlət nəzarətinin təmin edilməsi;

6.0.18. fundamental, tətbiqi və innovasiya xarakterli tədqiqatların və digər elmi tədbirlərin qrant şəklində məqsədli maliyyələşdirilməsi;

6.0.19. müxtəlif statuslu dövlət elmi müəssisə və təşkilatlarının, təhsil qurumlarının yaradılması;

6.0.20. əqli mülkiyyət hüququnun qorunmasının təmin edilməsi;

6.0.21. elmi nəticələrin və məhsulların mənimsənilməsi halları üzrə məsuliyyətin müəyyən edilməsi;

6.0.22. əqli mülkiyyət hüquqlarının təmin edilməsinə nail olmaq;

6.0.23. elmi işçilərin sosial müdafiəsinin təmin edilməsi, o cümlədən elm sahəsində xidmətləri olan görkəmli elm xadimlərinə xüsusi qayğı göstərilməsi və onların elmi fəaliyyətləri üçün lazımi şərait yaradılması;

6.0.24. elmi müəssisə və təşkilatların akkreditasiyasının, elmi işçilərin, mütəxəssislərin və elmi xidmət sahəsi işçilərinin attestasiyasının təmin edilməsi;

6.0.25. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və bu Qanuna uyğun olaraq, xarici ölkələrin elmi dərəcə və elmi adlar haqqında sənədlərinin tanınması və bərabər tutulması;

6.0.26. elmi fəaliyyətin informasiya təminatının və informasiya resurslarına çıxışın və statistik məlumat sisteminin yaradılmasının təmin edilməsi;

6.0.27. dövlət orqanları, elmi müəssisə, təşkilat və ali təhsil müəssisələrinin və fəaliyyətinin əlaqələndirilməsi;

6.0.28. elmi dərəcələrin və elmi adların, o cümlədən onları təsdiq edən vahid formalı dövlət sənədlərinin verilmə qaydalarının müəyyən edilməsi;

6.0.29. elmi fəaliyyət subyektlərinin haqsız rəqabətdən müdafiə edilməsi;

6.0.30. elmi nəticələrin və müasir texnologiyaların tətbiqinə şərait yaradılması;

6.0.31. elmi kadr tələbatının müəyyən olunması, dövlət sifarişi əsasında elmi və elmi-pedaqoji kadrların hazırlanması, stajkeçmə və ixtisasartırmanın təmin edilməsi; 

6.0.32. humanizmə, insan həyatına və cəmiyyətin sabitliyinə zidd olan, ölkənin milli təhlükəsizliyinin və ekoloji tarazlığın pozulmasına səbəb ola bilən elmi texnologiyaların hazırlanmasının və tətbiqinin qarşısının alınması;

6.0.33. elmi fəaliyyət sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və Azərbaycan Respublikasının elm sahəsi üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş öhdəliklərinin yerinə yetirilməsi; 

6.0.34. beynəlxalq müqavilələrin icrasında ölkənin elmi potensialından istifadə edilməsinə üstünlük verilməsi;

6.0.35. elm sahəsində ölkədə toplanmış təcrübəyə, mövcud elmi ənənələrə, dayanıqlı inkişaf proseslərinə uyğun olaraq elmi fəaliyyətin milli və müasir inkişaf modelinin formalaşdırılması;

6.0.36. elmi fəaliyyət sahəsində proqnozlaşdırma, nəzarət, əlaqələndirmə qaydalarının, ekspertiza və təchizat normativlərinin müəyyənləşdirilməsi.

2-ci fəsil

ELMİ FƏALİYYƏTİN SUBYEKTLƏRİ

Maddə 7. Elmi fəaliyyətin subyektləri və iştirakçıları

7.1. Elmi fəaliyyətin subyektləri aşağıdakı hüquqi və fiziki şəxslərdir:

7.1.1. alimlər, tədqiqatçılar, elmi işçilər, elmi-pedaqoji kadrlar və elmi xidmət sahəsinin işçiləri;

7.1.2.  elmi fəaliyyətin təşkili, idarə edilməsi və ekspertizası ilə məşğul olan dövlət orqanları;

7.1.3.  elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələri, təsis sənədlərində elmi fəaliyyət nəzərdə tutulan ictimai birliklər və digər hüquqi şəxslər;

7.2. Elmi fəaliyyətin iştirakçıları – elmi işçilər, investorlar, sifarişçilər, sponsorlar, əqli mülkiyyət hüququnun sahibləri, ekspertlər, eləcə də elmi fəaliyyət sahələrini şəhadətnamə, sertifikat, lisenziya-patent, standartlaşma, metrologiya, proqram, metodiki, təşkilati və texniki cəhətdən təmin etmək hüququ əldə edən fiziki və hüquqi şəxslərdir.

7.3. Elmi fəaliyyətin subyektləri və iştirakçıları ilə digər hüquqi və fiziki şəxslər arasında münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, bu Qanun və tərəflər arasında bağlanmış müqavilələrlə müəyyən edilir.

Maddə 8. Elmi işçilərin vəzifələri, ixtisas səviyyələri və işə qəbul edilməsi

8.1. Elmi işçinin magistr elmi-ixtisas dərəcəsinə və ya ona bərabər tutulan ali təhsilə malik olması zəruridir.

8.2. Elmi müəssisə və təşkilatlarda aşağıdakı elmi işçi vəzifələri müəyyən edilir:

8.2.1. kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi;

8.2.2. konstruktor, aparıcı konstruktor, baş konstruktor;

8.2.3. mühəndis, aparıcı mühəndis, baş mühəndis;

8.2.4. texnoloq, aparıcı texnoloq, baş texnoloq;

8.2.5. assistent.

8.3. Elmi dərəcəsi olan və öz elmi ixtisası üzrə işləməyən, lakin elmi fəaliyyətini davam etdirən şəxslər də elmi işçilərə bərabər tutulur.

8.4. Elmi işçinin ixtisas səviyyəsini müəyyən edən əsas göstəricilər aşağıdakılardır:

8.4.1. magistratura (rezidentura) və ona bərabər tutulan ali təhsil;

8.4.2. xüsusi elmi hazırlıq (doktorantura, adyunktura, dissertantura);

8.4.3. elmi dərəcə (elm sahələri üzrə fəlsəfə doktoru və elmlər doktoru);

8.4.4. elmi ad (dosent, professor);

8.4.5. elmi rütbə (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın həqiqi, müxbir, xarici və fəxri üzvü);

8.4.6. elmi nailiyyətlərinə görə dövlət və beynəlxalq elmi təşkilatlar tərəfindən verilən fəxri ad və titullar;

8.4.7. yerinə yetirilmiş elmi tədqiqat və təcrübi-axtarış işləri, müəlliflik hüququ və ya patent hüququ ilə qorunan əqli mülkiyyət obyektlərinin qeydiyyatı haqqında şəhadətnamələr;

8.4.8. çap olunmuş elmi əsərləri, xüsusi təsir göstəricisinə (impakt faktoruna) malik olan və istinad indeksli elmi jurnallarda nəşr olunan elmi məqalələr;

8.4.9. fəaliyyət göstərdiyi elm sahəsi üzrə yüksək elmi nüfuzu olan mütəxəssislərin rəyi.

8.5. Elmi işçilər elmi müəssisə və təşkilatın və ya ali təhsil müəssisəsinin elmi şurasında seçilir. Elmi işçinin müsabiqə yolu ilə seçilməsi qaydaları elmi müəssisə və təşkilatın nizamnaməsi (əsasnaməsi) ilə tənzimlənir.

8.6. Elmi işçilərin işə qəbulu Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilir.

8.7. Müsabiqə yolu ilə tutulan və vəzifədə olma müddəti məhdudlaşdırılan elmi vəzifəyə təyin edilən elmi işçi ilə işəgötürən arasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq müddətli əmək müqaviləsi bağlanılır.

8.8. Doktoranturanı və magistraturanı (rezidenturanı) müvəffəqiyyətlə bitirən gənc mütəxəssislər müvafiq elmi vəzifəyə müsabiqədənkənar (sonradan müsabiqədə iştirak etmək şərtilə) təyin olunurlar.

Maddə 9. Elmi müəssisə və təşkilatın mütəxəssisi, elmi xidmət sahəsinin işçisi

9.1. Elmi müəssisə və təşkilatın mütəxəssisi ali və ya orta ixtisas təhsilinə (subbakalavr ixtisas dərəcəsi) malik olan, elmi müəssisə və ya təşkilatda çalışan, elmi nəticələrin əldə edilməsi və həyata keçirilməsinə xidmət edən şəxsdir.

9.2. Elmi xidmət sahəsinin işçisi elmi müəssisə və təşkilatın elmi fəaliyyəti üçün şəraitin yaradılmasında iştirak edən şəxsdir.

9.3. Elmi müəssisə və təşkilatın mütəxəssisinin və elmi xidmət sahəsi işçisinin işə qəbulu qaydaları, hüquq və vəzifələri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, bu Qanuna və elmi müəssisə və təşkilatın nizamnaməsinə uyğun olaraq müəyyən edilir.

Maddə 10. Elmi müəssisələr və təşkilatlar

10.1. Azərbaycan Respublikasında mülkiyyət növünə görə dövlət, bələdiyyə və xüsusi, təşkilati-hüquqi formasına görə isə publik, kommersiya və qeyri-kommersiya elmi müəssisə və təşkilatları fəaliyyət göstərir.

10.2. Dövlət mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün elmi müəssisə və təşkilatların inkişafına dəstək verir.

10.3. Elmi müəssisə və təşkilatların hüquq və vəzifələri, fəaliyyəti, yenidən təşkili və ləğvi qaydaları Azərbaycan Respublikasının Mülki Məcəlləsi, və “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Qanun və elmi müəssisə və təşkilatların nizamnaməsi ilə tənzimlənir.

10.4. Elmi müəssisə və təşkilatlara aşağıdakılar aiddir:

10.4.1. dövlət ali elmi təşkilatı;

10.4.2. elmi tədqiqat institutu (elmi fəaliyyətlə məşğul olan qurumlar, sahə elmi tədqiqat institutları, bölmələr, laboratoriyalar və digər);

10.4.3. ali təhsil müəssisəsinin elmi qurumları;

10.4.4. elmi mərkəzlər;

10.4.5. təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-istehsal, layihə-texnoloji müəssisələr;

10.4.6. elmi işçilərin ictimai qurumları.

10.5. Elmi müəssisə və təşkilatın nizamnaməsində aşağıdakılar nəzərdə tutulur:

10.5.1. müəssisə və ya təşkilatın adı, hüquqi ünvanı, təşkilati-hüquqi forması və strukturu;

10.5.2. elmi fəaliyyətin əsas istiqamətləri və digər fəaliyyət növləri;

10.5.3. müəssisənin və ya təşkilatın idarə edilmə sistemi və onun fəaliyyətinə nəzarət qaydaları;

10.5.4. müəssisə və ya təşkilatın, eləcə də onun işçilərinin hüquq və vəzifələri;

10.5.5. müəssisə və ya təşkilat rəhbərinin seçilmə və ya təyin edilmə qaydaları;

10.5.6. elmi və ya elmi-texniki şura və onun təşkili qaydaları;

10.5.7. maliyyələşdirilmə mənbələri;

10.5.8. əməyin ödənilməsi qaydaları;

10.5.9. yenidən təşkili və ləğvi qaydaları;

10.5.10. struktur bölmələrin və müvəqqəti elmi kollektivlərin yaradılması, fəaliyyəti, yenidən təşkili və ləğvi qaydaları;

10.5.11. müəssisənin və ya təşkilatın fəaliyyət xüsusiyyətləri ilə bağlı müddəalar.

10.6. Elmi müəssisə və təşkilatlar elmi tədqiqat və təcrübi-istehsalat bazasını inkişaf etdirmək, müasir tələblərə cavab verən infrastruktur yaratmaq məqsədilə  xarici hüquqi və fiziki şəxslərlə əməkdaşlıq etmək, Azərbaycan Respublikasının qanunlarına və öz nizamnamələrinə zidd olmayan fəaliyyət növləri ilə məşğul olmaq hüququna malikdir.

10.7. Dövlət elmi müəssisəsi və təşkilatı əmlakı, o cümlədən torpaq sahələri üzərində istifadə hüququna malikdir.

Maddə 11. Dövlət ali elmi təşkilatı

11.1. Dövlət ali elmi təşkilatı Azərbaycan Respublikasında elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən, ölkə üzrə elmi müəssisələrin və təşkilatların və ali təhsil müəssisələrinin elmi tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən, elmi-texniki fəaliyyət sahəsində Azərbaycan Respublikasını xarici ölkələrdə təmsil edən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatdır.

11.2. Dövlət ali elmi təşkilatı öz tərkibinə seçilən üzvlərini (həqiqi, müxbir, fəxri, xarici üzvləri və fəxri doktorları), tabeliyində olan elmi müəssisə və təşkilatlarında çalışan elmi işçiləri, mütəxəssisləri və elmi xidmət, sosial xidmət sahəsi işçilərini birləşdirir.

11.3. Dövlət ali elmi təşkilatının strukturunda elmin müxtəlif sahələri üzrə fundamental, tətbiqi və elmi innovasiya xarakterli tədqiqatları həyata keçirən elmi müəssisələr və təşkilatlar fəaliyyət göstərir.

11.4. Dövlət ali elmi təşkilatı elmin və hərtərəfli elmi-texniki inkişafın təmin edilməsi məqsədi ilə elmi tədqiqat və istehsalat müəssisələri, elmi mərkəzlər, təhsil qurumları, elmi texnoloji parklar, müvəqqəti elmi birlik və kollektivlər, beynəlxalq laboratoriyalar yaradır və onların səmərəli fəaliyyətini təmin edir.

 

11.5. Dövlət ali elmi təşkilatında ölkənin elmi kadr potensialını inkişaf etdirmək üçün elmlər doktoru, fəlsəfə doktoru və magistr hazırlığı üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması həyata keçirilir.

11.6. Dövlət ali elmi təşkilatı elmin müxtəlif sahələri üzrə ölkə ərazisində və xaricdə çöl təcrübələri və elmi ekspedisiyalar təşkil edir, ekspedisiya və çöl təcrübələrinin işinə nəzarət edir, çöl təcrübələrinin və ekspedisiyaların nəticələrinə dair hesabatlar hazırlayır.

11.7. Dövlət ali elmi təşkilatının idarə edilməsi, hüquqları və vəzifələri nizamnaməsi ilə müəyyən olunur. Dövlət ali elmi təşkilatının nizamnaməsi ümumi yığıncağında qəbul olunur və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

11.8. Dövlət ali elmi təşkilatının ali idarəetmə orqanı onun həqiqi, müxbir və xarici üzvlərindən ibarət ümumi yığıncağıdır. Ümumi yığıncağın sessiyaları arasındakı dövrdə dövlət ali elmi təşkilatının fəaliyyəti ilə bağlı məsələləri dövlət ali elmi təşkilatının rəyasət heyəti həll edir.

11.9. Dövlət ali elmi təşkilatının “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, elm sahəsində beynəlxalq münasibətlərdə Azərbaycan Respublikasını təmsil etmək, ölkələrarası elmi mübadilə proqramlarında, beynəlxalq qrant layihələrində və müsabiqələrində iştirak etmək, qarşılıqlı elmi əlaqələrə dair əməkdaşlıq müqavilələri imzalamaq, digər ölkələrin akademiyalarına, ona bərabər tutulan qurumlarına seçilmək üçün təkliflər irəli sürmək hüququ vardır.

11.10. Dövlət ali elmi təşkilatı dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, ianələr, bu Qanuna uyğun olaraq, innovasiya, sahibkarlıq və digər fəaliyyət sahələrindən daxilolmalar hesabına maliyyələşir.

11.11. Dövlət ali elmi təşkilatının elmi innovasiya fəaliyyəti ilə və fəaliyyət istiqamətlərinə uyğun sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ vardır.

11.12. Dövlət ali elmi təşkilatında dövlət büdcəsinin vəsaiti və cəlb edilmiş investisiyalar hesabına yerinə yetirilən elmi tədqiqatlar əsasında yaradılan maddi dəyərlər (qurğular, binalar, avadanlıqlar və digərləri) müəlliflik hüquqları təmin edilməklə, dövlətə məxsusdur.

Maddə 12. Ali təhsil müəssisəsi

12.1. Ali təhsil müəssisəsi tədris prosesi ilə elmi fəaliyyətin vəhdətini təmin edən elmi fəaliyyət subyekti olmaqla, fakültələr, kafedralar, elmi kitabxanalar, laboratoriyalar, mərkəzlər, elmi tədqiqat institutları və digər elmi strukturların bazasında elmin müxtəlif sahələri və istiqamətləri üzrə fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi tədqiqatlar aparır, yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanmasını həyata keçirir.

12.2. Ali təhsil müəssisəsinin elmi tədqiqat fəaliyyəti tədris prosesinin ayrılmaz tərkib hissəsi olmaqla, təsisçinin vəsaitləri, öz vəsaitləri, qrantlar, müxtəlif fondlardan alınan vəsaitlər və digər qanuni mənbələr hesabına həyata keçirilir.

12.3. Ali təhsil müəssisəsi və onların elmi və elmi-pedaqoji işçiləri Azərbaycan Respublikası ərazisində istifadədə olan elmi laboratoriyaların xidmətlərindən istifadə etmək, dövlət büdcəsinin vəsaitləri hesabına maliyyələşdirilən elmi və elmi-texniki müsabiqələrdə, layihə və proqramlarda iştirak etmək üçün bərabər hüquqlara malikdirlər.

12.4. Ali təhsil müəssisəsi təlim və tədris proseslərinə elmi müəssisə və təşkilatlarda çalışan elmi işçiləri və mütəxəssisləri, o cümlədən xarici ölkələrdən təcrübəli mütəxəssisləri cəlb etmək və tədris prosesinə müasir elmi və elmi-texniki nailiyyətləri sərbəst tətbiq etmək hüququna malikdir.

12.5. Ali təhsil müəssisəsində elmlər doktoru, fəlsəfə doktoru və magistratura üzrə kadr hazırlığı həyata keçirilir. Fəlsəfə doktoru və elmlər doktoru üzrə tamamlanmış müstəqil elmi tədqiqat işinin (dissertasiyanın) müdafiə olunmasına görə ali attestasiya orqanı tərəfindən elmi dərəcələr verilir.

12.6. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə cavab verən ali təhsil müəssisələrinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Tədqiqat universiteti” statusu verilir.

12.7. Tədqiqat universitetinin əsas vəzifələri aşağıdakılardan ibarətdir:

12.7.1. təhsilverənlərin və təhsilalanların elmi tədqiqat prosesinə fəal cəlb edilməsi yolu ilə elm və təhsilin inteqrasiyasını təmin etmək;

12.7.2. magistratura (rezidentura) təhsilinin, yüksəkixtisaslı elmi kadr hazırlığı proqramlarının inkişaf etmiş sistemini formalaşdırmaq;

12.7.3. fundamental və tətbiqi elmi tədqiqatları həyata keçirmək, yüksək texnologiyalara əsaslanan elmtutumlu sahələrin rəqabətqabiliyyətli kadr və elmi-informasiya təminatını həyata keçirmək.

12.8. Tədqiqat universitetinin elmi işçiləri “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq, dövlət proqramlarının hazırlanmasına, layihələrin elmi araşdırılmasına və ekspertizasının keçirilməsinə cəlb edilirlər.

12.9. Tədqiqat universiteti statusu əldə edən ali təhsil müəssisəsinin nəzdində fəaliyyət göstərən elmi tədqiqat strukturlarının baza xərclərinin maliyyələşdirilməsi bu Qanunun 12.2-ci maddəsində nəzərdə tutulduğu qaydada həyata keçirilir.

12.10. Ali təhsil müəssisələrinin elmi və elmi-pedaqoji işçiləri elmi fəaliyyətlə məşğul olurlar.

12.11. Ali təhsil müəssisələrində aparılmış elmi tədqiqat işlərinin nəticələri istehsalatda və tədris prosesində istifadə edilir. Təhsilin inkişafı ilə bağlı elmi araşdırmalar təhsil və pedaqoji fikir tarixinin öyrənilməsinə, tədris prosesinin müasir metodlarla qurulmasına, yeni texnologiyaların tətbiq edilməsinə xidmət edir.

12.12. Ali təhsil müəssisələrində aparılan elmi tədqiqat işlərinin nəticələri professor-müəllim heyətinin vəzifələrə seçilməsində və təyin olunmasında nəzərə alınır.

12.13. Ali təhsil müəssisəsinin elmi işçilərinin statusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın elmi müəssisə və təşkilatlarında çalışan elmi işçilərin statusuna bərabər tutulur.

Maddə 13. Elmi tədqiqat institutu

13.1. Elmin müxtəlif sahələri üzrə bilavasitə fundamental və tətbiqi tədqiqatlar həyata keçirən elmi tədqiqat institutu müstəqil və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın, ali təhsil müəssisəsinin və digər qurumların nəzdində fəaliyyət göstərir.

13.2. Elmi tədqiqat institutunun əsas hüquqları və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş nizamnaməsi ilə müəyyən olunur.

13.3. Elmi tədqiqat institutunun ali idarəetmə orqanı onun elmi şurasıdır. Elmi şura aşağıdakı funksiyaları yerinə yetirir:

13.3.1. elmi tədqiqat institutunun strukturunu müəyyən edir, səlahiyyətli orqanlar qarşısında vəsatət qaldırır;

13.3.2. elmi tədqiqat institutunun strateji inkişaf vəzifələrini və hədəflərini müəyyənləşdirir;

13.3.3. elmi inkişaf ilə bağlı müxtəlif problemlərin müzakirəsini keçirir, tövsiyələr hazırlayır;

13.3.4. elmi tədqiqat müəssisəsinin fəaliyyətinin illik hesabatını və ayrı-ayrı sahələr üzrə yerinə yetirilən elmi tədqiqat işlərinin nəticələrini müzakirə edir və qiymətləndirir;

13.3.5. elmi işçilərin fəaliyyətinin stimullaşdırılması üçün qərarlar qəbul edir;

13.3.6. elmi işçilərin attestasiyasını və işə qəbulu üzrə müsabiqələrin keçirilməsini təşkil edir;

13.3.7. hər il öz iş planını və reqlamentini təsdiq edir;

13.3.8. yüksəkixtisaslı elmi kadrların hazırlanması və əlavə təhsili sahəsində qərarlar qəbul edir;

13.3.9.  ali attestasiya orqanı qarşısında elmi adlar verilməsinə dair vəsatət qaldırır;

13.3.10. elmi tədqiqat institutunun nizamnaməsində nəzərdə tutulmuş digər vəzifələri həyata keçirir.

13.4. Dövlət elmi tədqiqat institutunun və ali təhsil müəssisələrinin elmi qurumlarının elmi şurası təcrübəli və yüksəkixtisaslı elmi və inzibati işçilərdən, eləcə də elmi tədqiqat institutunun nizamnaməsinə uyğun olaraq məqsəd və vəzifələrinin həyata keçirilməsində maraqlı olan digər qurumların nümayəndələrindən ibarət olmaqla, 3 (üç) il müddətinə formalaşdırılır.

13.5. Elmi tədqiqat institutunun müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq hüququ vardır.

Maddə 14. Elmi mərkəzlər

14.1. Elmi mərkəzlər – elmin inkişafının prioritet istiqamətləri üzrə elmi və elmi innovasiya fəaliyyətinin əlaqələndirilməsini təmin edən, inzibati-funksional və ya funksional müstəqilliyə malik olan (ölkə, regional, akademik, elmi-innovasiya, elmi-istehsalat, elmi-metodik, elmi-təcrübi və digər) elmi tədqiqat müəssisəsidir.

14.2. Elmi müəssisə və təşkilatlar və ali təhsil müəssisələri elmi fəaliyyətin əlaqələndirilməsi, maddi, texniki, maliyyə və kadr ehtiyatlarından səmərəli istifadə olunması, vahid texnoloji prosesin (elmi tədqiqatın nəticələrinin istehsalata tətbiqinə qədər) təmin edilməsi məqsədilə hüquqi şəxs statusunda elmi mərkəzlər yarada bilərlər.

14.3. Elmi mərkəzlər elmi və elmi-texniki tədqiqatların təşkilini müxtəlif elm, təhsil, istehsal, biznes, xidmət və digər sahələrin kooperasiyası əsasında həyata keçirə bilər.

14.4. Elmi fəaliyyət sahəsində əhəmiyyətli nailiyyətlər əldə edən, beynəlxalq səviyyədə tanınan, yüksəkixtisaslı elmi kadr potensialına, zəruri maddi-texniki bazaya və infrastruktura malik olan elmi müəssisə və təşkilatlara “Elmi mərkəz” statusu müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.

Maddə 15. Təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-istehsal, layihə-texnoloji müəssisələr

15.1. Təcrübi-konstruktor müəssisəsi (bürosu) elmi tədqiqat işlərinin nəticələrini texniki, mühəndis, laboratoriya sınaqları səviyyəsinə çatdırmaqla onların istehsalatda tətbiqini təmin edir. Bu tipli müəssisələr məhsulun nümunələrini və istehsal üçün zəruri olan texniki sənədlərin hazırlanmasını təmin edir.

15.2. Layihə-texnoloji müəssisələrin (büroların) əsas fəaliyyəti elmi tədqiqat işləri, biznes-planları və investisiya layihələrinin əsaslandırılması mərhələsində innovasiya xarakterli işləmələrin kompleks layihələndirilməsini həyata keçirməklə onların tətbiqini təmin etməkdən ibarətdir.

15.3. Təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-istehsal, layihə-texnoloji müəssisələr müstəqil və ya elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin, habelə müxtəlif qurumların nəzdində  fəaliyyət göstərir.

15.4. Hüquqi və fiziki şəxslər sahəvi, regional, ərazi və digər istiqamətlər üzrə mühüm əhəmiyyət kəsb edən elmi və ya elmi-texniki problemlərin tədqiqi məqsədilə bu Qanuna uyğun olaraq müstəqil təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-istehsal, layihə-texnoloji müəssisə və ya tədqiqat laboratoriyaları yarada bilərlər.

Maddə 16. Elmi işçilərin ictimai birlikləri və digər elmi fəaliyyət subyektləri

16.1. Elmi işçilər elmi nəticələrin şərhi və təbliği, müxtəlif elmi problemlərin tədqiqi, elmi işçilərin peşə hüquqlarının qorunması və sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq könüllülük əsasında ictimai birliklər və fondlar yarada bilərlər.

16.2. Elmi işçilərin ictimai birlikləri və fondlar elmi fəaliyyətin əlaqələndirilməsi, təşkili və stimullaşdırılmasında iştirak edir.

16.3. Dövlət orqanları elmi işçilərin ictimai birliklərini müxtəlif problemlərin həlli ilə bağlı layihələrinin tərtib olunmasına, ekspertizasına, elmi maarifləndirmə, habelə müsabiqə əsasında maliyyələşdirilən elmi proqram və layihələrin hazırlanmasına, elmi müəssisələrin akkreditasiyası və elmi işçilərin attestasiyası proseslərinə cəlb edə bilər.

16.4. Elmi işçilərin ictimai birliklərinin elmi tədqiqatların aparılmasını sifariş vermək, təşkil etmək və elmi fəaliyyətin nəticələrinə görə mükafatlandırmaq hüququ vardır.

16.5. Digər elmi fəaliyyət subyektlərinə əsas fəaliyyəti elmi və elmi-texniki yaradıcılıq olmayan hüquqi şəxslər aid edilir və onlar öz tərkibində elmi və elmi-innovasiya fəaliyyətini həyata keçirən müxtəlif struktur bölmələri yarada bilərlər.

3-cü fəsil

YÜKSƏKİXTİSASLI ELMİ KADR HAZIRLIĞI SAHƏSİNDƏ

DÖVLƏT SİYASƏTİ

Maddə 17. Yüksəkixtisaslı elmi kadrların hazırlanması

17.1. Yüksəkixtisaslı elmi kadrların hazırlanması ölkədə elmi, elmi-texniki və intellektual potensialın artırılmasını, elmi yaradıcılığın inkişafını və elmi biliklərin yayılmasını təmin edir.

17.2. Elmi və elmi-pedaqoji fəaliyyətlə məşğul olan şəxsin, bu Qanunun 9.1-ci maddəsi nəzərə alınmaqla, magistr elmi-ixtisas dərəcəsinə və ya ona bərabər tutulan ali təhsilə malik olması zəruridir.

17.3. Yüksəkixtisaslı elmi kadrların hazırlanması doktoranturalarda (hərbi təhsil müəssisələrində adyunktura) fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə həyata keçirilir. Doktoranturada tamamlanmış elmi tədqiqat işi – dissertasiya yerinə yetirilməli və müdafiə edilməlidir.

17.4. Doktorantura yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadr potensialına, zəruri maddi-texniki bazaya və müvafiq infrastruktura malik olan elmi müəssisə və təşkilatlarda və ali təhsil müəssisələrində yaradılır.

17.5. Doktoranturanın yaradılması, doktoranturaya qəbul, o cümlədən dissertant kimi təhkim olunma qaydaları, təhsilalma formaları və təhsil müddəti bu Qanun və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

17.6. Doktoranturaya əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, bu Qanuna  və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirilir.

17.7. Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi kadrların hazırlanması dövlət sifarişi və ya ödənişli əsaslarla həyata keçirilir.

17.8. Dövlət sifarişi üzrə yüksəkixtisaslı elmi kadrların hazırlanması dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Xarici ölkələrin ali təhsil müəssisələrində və elmi mərkəzlərində yüksəkixtisaslı elmi kadr hazırlığı dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişi ilə və ödənişli əsaslarla həyata keçirilir.

Maddə 18. Elmi dərəcələr və elmi adlar

18.1. Azərbaycan Respublikasında elmi dərəcələr elmi müəssisələrdə və ali təhsil müəssisələrində ali attestasiya orqanı tərəfindən yaradılan dissertasiya şurasının vəsatəti, elmi adlar isə elmi müəssisələrin, ali təhsil müəssisələrinin elmi şuralarının vəsatəti əsasında ali attestasiya orqanı tərəfindən verilir.

18.2. Azərbaycan Respublikasında elmi dərəcələrin və elmi adların verilməsi qaydaları və şərtləri bu Qanuna və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

18.3. Azərbaycan Respublikasında elmi müəssisələrdə və ali təhsil müəssisələrində mədəniyyət, incəsənət, memarlıq, hərbi, bədən tərbiyəsi və idman sahəsində uzun müddət qüsursuz çalışan və əhəmiyyətli nailiyyətlər əldə edən, lakin elmi dərəcəsi olmayan elmi və pedaqoji kadrlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dosent və professor elmi adları verilir.

18.4. Elmi müəssisələr və ali təhsil müəssisələri fəxri professor (fəxri doktor) adı vermək hüququna malikdir. Fəxri professor (fəxri doktor) adının verilməsi qaydaları və şərtləri elmi müəssisə və ali təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən olunur.

18.5. Elmi dərəcələr və elmi adlar ömürlük verilir. Elmi dərəcələrdən və elmi adlardan məhrumetmə elmi etikanın, müdafiə prosedurunun pozulduğu və plagiat faktının aşkar edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

Maddə 19. Dissertasiya şurası

19.1. Dissertasiya şurası vahid sistem əsasında, uyğun ixtisaslar üzrə daimi elmi araşdırmalar aparan, yüksək ixtisaslı elmi kadr potensialına malik olan elmi müəssisələrdə və ali təhsil müəssisələrində yaradılır.

19.2. Dissertasiya şurasının yaradılması və fəaliyyəti qaydaları müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müəyyən edilir.

19.3. Dissertasiya şurası olmayan ixtisaslar üzrə birdəfəlik dissertasiya şuraları yaradıla bilər. Birdəfəlik dissertasiya şurası müvafiq elm sahələri üzrə fəaliyyət göstərən dissertasiya şurasının bazasında və ya ayrıca yaradılan birdəfəlik şurada bir və ya bir neçə dissertasiyanın müdafiəsi üçün nəzərdə tutulur.

19.4. Dissertasiya şurasına təqdim edilən dissertasiya işləri üzrə rəsmi opponentlik haqqı ödənilən əmək fəaliyyətinə aid edilir və iddiaçının doktorantı və ya dissertantı olduğu elmi müəssisə və ali təhsil müəssisəsi tərəfindən ödənilir.

19.5. Dissertasiya işinin elmi rəhbəri (elmi məsləhətçisi), rəsmi opponentlər, aparıcı təşkilat və dissertasiya şurasının üzvləri dissertasiya şurasına təqdim edilmiş və müdafiə olunmuş dissertasiya işinin keyfiyyətinin və elmi yeniliyinin zəruri tələblərə uyğunluğuna görə cavabdehdirlər.

Maddə 20. Elmi dərəcələr və elmi adlar haqqında dövlət sənədi

20.1. Azərbaycan Respublikasında elmi müəssisənin və ali təhsil müəssisəsinin doktoranturasını (dissertantlığını) müvəffəqiyyətlə bitirən və elmi dərəcəyə layiq görülən müvafiq elm sahəsi üzrə fəlsəfə doktorlarına və elmlər doktorlarına vahid formalı dövlət sənədi – diplom verilir.

20.2. Elmi müəssisənin və ali təhsil müəssisəsinin vəsatəti əsasında ali attestasiya orqanı tərəfindən verilmiş elmi adlara dair attestatlar həmin müəssisənin elmi və elmi-pedaqoji kadrlarına aid edilməklə, ölkə ərazisində fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlarda tanınır.

20.3. Elmi dərəcələr və elmi adlar haqqında dövlət sənədinin verilməsi qaydaları və şərtləri bu Qanuna, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və digər müvafiq qanunvericilik aktlarına əsasən müəyyən edilir.

20.4. Xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlara dair sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nostrifikasiya və ya təkrar attestasiya əsasında həyata keçirilir.

4-cü fəsil

ELMİ FƏALİYYƏT SAHƏSİNİN İDARƏ EDİLMƏSİ

Maddə 21. Elmi müəssisə və təşkilatların idarə edilməsi

21.1. Təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq, elmi müəssisə və təşkilatlar bu Qanuna və öz nizamnaməsinə uyğun olaraq idarə edilir.

21.2. Elmi müəssisə və təşkilatların idarə edilməsi aşkarlıq, şəffaflıq, özünüidarə və elmi yaradıcılıq azadlığı prinsipləri əsasında həyata keçirilir.

21.3. Elmi müəssisə və təşkilatlar idarəetmə fəaliyyətini demokratik əsaslarla həyata keçirmək məqsədilə özünüidarə orqanları (elmi şura, əlaqələndirici və himayədarlar şuraları və digər) yaradır. Bu orqanların formalaşdırılması qaydaları və səlahiyyətləri elmi müəssisə və təşkilatın nizamnaməsi ilə müəyyən edilir.

21.4. Elmi müəssisə və təşkilatların ali idarəetmə orqanı onun elmi şurasıdır. Elmi şura elmi fəaliyyətin bütün istiqamətləri üzrə həyata keçirilən işləri və onların nəticələrini müzakirə edir, müvafiq qərarlar qəbul edir, gələcək inkişaf planlarını hazırlayır və təsdiq edir.

21.5. Dövlət elmi müəssisə və təşkilatının rəhbəri elmi müəssisə və təşkilatın nizamnaməsinə uyğun olaraq seçilir və ya təyin edilir.

21.6. Bələdiyyə və özəl elmi müəssisə və ya təşkilatın rəhbəri onların təsisçiləri tərəfindən elmi müəssisə və təşkilatın nizamnaməsinə uyğun olaraq seçilir və ya təyin edilir.

21.7. Təsisçisi (təsisçiləri) əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər olan elmi müəssisə və təşkilatların elmi işçilərinin yarıdan çoxunu Azərbaycan Respublikasının vətəndaşları təşkil etməlidir.

21.8. Təsisçisi (təsisçiləri) əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər, o cümlədən nizamnamə kapitalının və ya səhmlərinin 51 faizindən çoxu əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə və ya xarici hüquqi şəxslərə məxsus elmi müəssisə və təşkilatın rəhbərinin müavini Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.

Maddə 22. Elmi tədqiqat fəaliyyətinin əlaqələndirilməsi

22.1. Elmi müəssisələrin və ali təhsil müəssisələrinin elmi tədqiqat fəaliyyətini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat əlaqələndirir və istiqamətləndirir.

22.2. Elmi müəssisə və təşkilatların həyata keçirdiyi elmi tədqiqat işlərinin əlaqələndirilməsini təmin etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası yaradılır.

22.3. Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının əsas vəzifəsi ölkədə aparılan elmi tədqiqat işlərinin əlaqələndirilməsi və təkrarçılığın aradan qaldırılması, müxtəlif elmi strukturların birgə elmi tədqiqatlara cəlb edilməsi, fundamental və tətbiqi tədqiqatların, sahələrarası elmi-texniki proqramların həyata keçirilməsinə nəzarətin təmin edilməsi, onların nəticəliliyinin və səmərəliliyinin yüksəldilməsindən ibarətdir.

22.4. Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən əsasnaməyə uyğun həyata keçirilir.

22.5. Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası öz tərkibində elmin əsas istiqamətləri əsasında elmi problemlər üzrə elmi şuraları yaradır. Elmi problemlər üzrə elmi şuraların tərkibi müvafiq istiqamətlər üzrə fəaliyyət göstərən elmi müəssisə və təşkilatların və ali təhsil müəssisələrinin yüksəkixtisaslı elmi kadrlarından formalaşdırılır.

22.6. Elmi problemlər üzrə elmi şuralarda konkret istiqamətlər üzrə dissertasiya mövzuları müzakirə edilərək təsdiq edilir, həmin istiqamətlərin aktual hesab edilən məsələləri müzakirəyə çıxarılır və qərarlar qəbul olunur. Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası ictimai əsaslarla fəaliyyət göstərir.

Maddə 23. Elm, təhsil və iqtisadiyyatın inteqrasiyası

23.1. Elm, təhsil və iqtisadiyyatın inteqrasiyası elmin təhsil sahəsi və innovasiyayönümlü istehsalat mühiti ilə vəhdətinin təmin edilməsi məqsədilə həyata keçirilir.

23.2. Elm, təhsil və iqtisadiyyatın inteqrasiyası biliklərə əsaslanan cəmiyyətin və iqtisadiyyatın yaradılmasına, rəqabətqabiliyyətli istehsal sahələrinin formalaşmasına və inkişafına xidmət edir.

23.3. Azərbaycan Respublikasında elm, təhsil və iqtisadiyyatın inteqrasiyası aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:

23.3.1. ölkə ərazisində fəaliyyət göstərən elmi müəssisələrin və təşkilatların, ali təhsil müəssisələrinin elmtutumlu istehsal sahələri və sahibkarlığın birləşməsi əsasında klasterlərin, xüsusi zonaların, texnopolislərin yaradılması;

23.3.2. ali təhsil müəssisəsinin müəllim, tələbə, magistr və doktorantlarının elmi tədqiqat fəaliyyətinə, elmi müəssisə və təşkilatların elmi və elmi-texniki kadrlarının müxtəlif formalarda tədris, tədris-metodiki, elmi tədqiqat, təcrübi-axtarış işlərinə, magistratura (rezidentura) və doktorantura proqramlarına fəal cəlb edilməsi;

23.3.3. elmi müəssisə və təşkilatların ali təhsil müəssisələri ilə birgə elm-tədqiqat mərkəzlərinin, kafedraların, laboratoriyaların, elmi texnologiya parklarının, texnoinkubatorların və tədris klinikalarının yaradılması.

23.4. Elmi müəssisə və təşkilatlar və ali təhsil müəssisələri sifarişlər əsasında birgə elmi tədqiqatlar aparmaq, layihə və proqramlar hazırlamaq, məsləhət və bu Qanuna uyğun olaraq digər xidmətlər göstərmək hüququna malikdir.

Maddə 24. Elmi fəaliyyətin tənzimlənməsi və elmi müəssisənin akkreditasiyası

24.1. Azərbaycan Respublikasında elmi fəaliyyət bu Qanunda müəyyən edilmiş prinsiplərə, elmi müəssisələrin və ali təhsil müəssisəsinin elmi fəaliyyəti eyni zamanda onların nizamnamələrinə uyğun olaraq tənzimlənir.

24.2. Ölkənin təhlükəsizliyi, vətəndaşların sağlamlığı və ətraf mühit üçün ciddi təhlükə törədə bilən, milli-mənəvi dəyərlərə, xalqın tarixinə xələl gətirən elmi tədqiqatların aparılmasına və ya bu cür elmi nəticələrdən istifadə olunmasına yol verilmir.

24.3. Хarici hüquqi şəхslərin filial və nümayəndəliklərinin Azərbaycan Respublikası ərazisində elmi və elmi-texniki fəaliyyətinə оnların Azərbaycan Respublikasında dövlət qeydiyyatına alındığı halda yol verilir.

24.4. Elmi müəssisələrin akkreditasiyası qaydasını müvafiq icra hakimiyyəti оrqanı təsdiq edir. Elmi müəssisələrin akkreditasiyası qurumu müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən əsasnaməyə uyğun olaraq, ictimai əsaslarla fəaliyyət göstərir.

24.5. Elmi müəssisələrin akkreditasiyası elmi fəaliyyətin təşkili və idarə edilməsinin, elmi müəssisələrin maddi-teхniki bazasının və infrastrukturunun, elmi prоqramların, elmi tədqiqatların nəticələrinin və səmərəliliyinin, kadr pоtensialının, maliyyə resurslarının nоrmativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə aparılır.

24.6. Akkreditasiyadan keçən elmi müəssisələrə akkreditasiya haqqında şəhadətnamə verilir. Akkreditasiyadan keçə bilməyən elmi müəssisə 3 (üç) il müddətinə təkrar akkreditasiyadan keçmək hüququna malikdir. Akkreditasiyadan keçməmək haqqında qərar yalnız məhkəmə tərəfindən ləğv edilə və ya dəyişdirilə bilər.

24.7. Elmi müəssisələr dünya elmi məkanında tanınmaq və reytinqini yüksəltmək məqsədilə beynəlxalq akkreditasiyadan keçmək hüququna malikdir.

Maddə 25. Elmi işçilərin, mütəxəssislərin və elmi xidmət sahəsi işçilərinin attestasiyası

25.1. Elmi işçilərin attestasiyası elmi müəssisə və təşkilatlarda aşağıdakı məqsədlərlə aparılır:

25.1.1. elmi işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması;

25.1.2. elmi işçilərin tutduğu vəzifəyə uyğunluğunun müəyyən edilməsi;

25.1.3. elmi işçilərin qabiliyyətindən istifadə edilməsi perspektivlərinin aşkar edilməsi və onların peşəkarlıq səviyyələrinin yüksəldilməsinin stimullaşdırılması;

25.1.4. elmi işçinin ixtisasının, peşə hazırlığının yüksəldilməsi üçün müvafiq tələblərin müəyyən edilməsi.

25.2. Elmi işçilərin attestasiyası hər 5 (beş) ildən bir müddətdə aparılır.

25.3. Elmi müəssisə və təşkilatların elmi işçilərinin, mütəxəssislərinin və elmi xidmət sahəsi işçilərinin attestasiyası elmi müəssisə və təşkilatların elmi şuralarının qərarı ilə yaradılan attestasiya komissiyaları tərəfindən həyata keçirilir.

25.4. Elmi işçilərin, mütəxəssislərin və elmi xidmət sahəsi işçilərinin attestasiyası qaydaları Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilir.

25.5. Elmi işçilərin, mütəxəssislərin və elmi xidmət sahəsinin işçilərinin attestasiyasının nəticələri yalnız məhkəmənin qərarı ilə ləğv edilə və ya dəyişdirilə bilər.

Maddə 26. Elmi fəaliyyətin informasiya təminatı

26.1. Elmi fəaliyyətin subyektləri əldə olunması qanunla məhdudlaşdırılan informasiya istisna olmaqla, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, elmi və elmi-texniki informasiyalara sərbəst çıxış əldə etmək, informasiya mübadiləsini həyata keçirmək hüququna malikdirlər.

26.2. Dövlət elmi informasiyanın toplanılmasını, təhlilini, saxlanılmasını və yayılmasını həyata keçirən informasiya mərkəzlərinin, fondların və sistemlərinin yaradılmasına, elmi fəaliyyət subyektlərinin elm, texnika və innovasiya sahəsində beynəlxalq informasiya fondları və mərkəzləri ilə əlaqəsinin qurulmasına, elmi nəticələrin çap olunmasına, nüfuzlu xarici elmi jurnallar, kitab və digər elmi-texniki materialların əldə edilməsinə şərait yaradır.

26.3. Dövlət elmi irsin toplanılması, saxlanılması, sistemləşdirilməsi və qorunması məqsədilə elmi arxivlərin müasir tələblərə uyğun maddi-texniki baza və infrastrukturunun yaradılmasını təmin edir və arxiv mənbələrindən, əldə olunması qanunla məhdudlaşdırılan informasiya qorunmaqla, istifadə olunmasına təminat verir.

26.4. Dövlət elmi müəssisə və təşkilatlarının ləğv edilməsi və ya yenidən təşkili zamanı onların malik olduğu elmi informasiya bankı Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada elmi müəssisə və təşkilatın hüquqi varisinə verilir.

Maddə 27. Elmi və elmi-texniki fəaliyyətin ekspertizası

27.1. Elmi və elmi-texniki fəaliyyətin ekspertizası ekspertiza obyektlərinin elmi və elmi-texniki səviyyəsinin tədqiqi, təhlili, yoxlanılması və qiymətləndirilməsi, bu obyektlər haqqında müvafiq qərarların qəbul edilməsinin əsaslandırılması üçün ekspert rəylərinin hazırlanması və rəsmiləşdirilməsi məqsədilə həyata keçirilir.

27.2. Elmi və elmi-texniki fəaliyyətin ekspertizası bu sahədə təcrübəsi olan ixtisaslı ekspert təşkilatları və fiziki şəxslər (ekspertlər) tərəfindən  aparılır.

27.3. Elmi və elmi-texniki fəaliyyətin ekspertizası aşağıdakı hallarda aparılır:

27.3.1. elmi fəaliyyət sahəsində dövlət siyasəti və elmin inkişafının prioritet istiqamətləri müəyyən edildikdə;

27.3.2. dövlət büdcəsinin vəsaitləri hesabına maliyyələşdirilən elmi proqram və layihələr hazırlandıqda;

27.3.3. elmi proqram və layihələrdə iştirak etmək üçün müsabiqələr keçirildikdə;

27.3.4. ekspertiza obyektinin (elmi tədqiqat işlərinin, elmi proqram və layihələrin, elmi əsərlərin, elmi-metodik vəsaitlərin və digər) müasir elmi-texniki, texnoloji biliklər və tələblər səviyyəsinə uyğunluğu və onların iqtisadi faydalılığı qiymətləndirildikdə;

27.3.5. ekspertiza obyekti olan proqram, layihə və təkliflərin reallaşdırılmasının elmi-texniki, sosial-iqtisadi və ekoloji nəticələrinin proqnozlaşdırılması və istehsalata tətbiqinin elmi cəhətdən əsaslandırılmasında;

27.3.6. ekspertiza obyektinin dövlət maraqlarına uyğunluğunun, ekoloji, texnoloji və ictimai təhlükəsizliyinin qiymətləndirilməsində;

27.3.7. mövcud elmi-texniki potensialdan istifadənin təhlili və səmərəliliyinin qiymətləndirilməsində;

27.3.8. elmi dərəcələr və elmi adlar almaq üçün təqdim edilmiş dissertasiyaların, elmi əsərlərin, tədris və elmi-metodiki vəsaitlərin müvafiq tələblərə uyğunluğunun müəyyən edilməsində;

27.3.9. xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin tanınması (nostrifikasiyası) və ya təkrar attestasiyası keçirildikdə;

27.3.10. elmi əsərlərin, mühüm elmi nəticələrin dövlət mükafatlarına və ya beynəlxalq mükafatlara təqdim olunması;

27.3.11. müvafiq icra hakimiyyəti orqanlarının və ya məhkəmənin qərarı olduqda.

27.4. Elmi dərəcələr və elmi adlar almaq üçün təqdim edilmiş dissertasiyaların və sənədlərin, eləcə də xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin ekspertizası bu Qanuna və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ali attestasiya orqanı tərəfindən aparılır.

27.5. Elmi və elmi-texniki fəaliyyətin ekspertizasının nəticələrində maraqlı olan fiziki və ya hüquqi şəxsin ekspertizada iştirak etməsinə yol verilmir.

27.6. Elmi və elmi-texniki fəaliyyətin ekspertizasının nəticələri əldə olunması qanunla məhdudlaşdırılan informasiya qorunmaqla, ictimaiyyətə açıqlanır və internet resurslarında yerləşdirilir.

Maddə 28. Elmi fəaliyyətin nəticələrindən istifadə

28.1. Elmi nəticələrin və elmi məhsulun istifadəsi, elmi, elmi-texniki, mühəndis-məsləhət və digər xidmətlərin göstərilməsi, o cümlədən birgə elmi fəaliyyət və gəlirin bölünməsi elmi müəssisə və təşkilatlarla sifarişçilər və ya elmi fəaliyyətin nəticələrinin istehlakçıları arasında bağlanan müqavilələrlə müəyyən edilir.

28.2. Elmi müəssisələrə və təşkilatlara, tədqiqat universitetlərinə fundamental, tətbiqi və eksperimental tədqiqatların yerinə yetirməsi məqsədilə sifarişlər verilə bilər. 

28.3. Sifarişlər əsasında yerinə yetirilən elmi tədqiqatlar kommersiya və ya qeyri-kommersiya şərtlərinə uyğun həyata keçirilir və sifarişçi ilə elmi fəaliyyət subyekti arasında bağlanılan müqavilələrə əsasən tənzimlənir.

28.4. Dövlət sifarişləri üzrə yerinə yetirilən elmi tədqiqatların nəticələri müəlliflik hüquqları təmin edilməklə, dövlətə məxsusdur.

28.5. Elmi fəaliyyətdən alınan nəticələrə sahiblik, istifadə və sərəncam hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsi və tərəflər arasında bağlanmış müqavilələrə əsasən müəyyən edilir.

28.6. Dövlət büdcəsinin vəsaitləri hesabına həyata keçirilən elmi işlərin nəticələri, əqli mülkiyyət hüququnun, informasiyanın qorunmasını tənzimləyən normativ hüquqi aktlara zidd deyildirsə, ictimaiyyətə açıqlanır və internet resurslarında yerləşdirilir.

28.7. Elmin nailiyyətlərindən istifadə edilməklə yaradılan istehsal və digər obyektlərin təhlükəsizliyi, o cümlədən ekoloji təhlükəsizliyi, iqtisadi və sosial əhəmiyyəti barədə ictimaiyyətə əvvəlcədən məlumat verilir.

Maddə 29. Elmi etika və əqli mülkiyyət hüququnun qorunması

29.1. Azərbaycan Respublikasında əqli mülkiyyət hüququnun qorunması “Patent haqqında”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunları və bu Qanunla tənzimlənir.

29.2. Elmi etika və elmi nəticələrlə bağlı hüquqların pozulması hallarına aşağıdakılar aiddir:

29.2.1. nəticənin tədqiqat prosesinə uyğun gəlməməsi;

29.2.2. alınan nəticənin əsassız olaraq dəyişdirilməsi və ya təhrif edilməsi;

29.2.3. özgəsinə məxsus mətnin, əsərin, elmi məhsulun müəllifin icazəsi olmadan və ya yazılı istinad vermədən istifadəsi;

29.2.4. dublikatlaşdırma və ya eyni mətnin digər adla təkrar nəşri;

29.2.5. müəlliflərin dəyişdirilməsi və ya şərikli müəlliflik hüququnun pozulması;

29.2.6. müəlliflik hüququnun pozulması – elmi plagiat;

29.2.7. elmi əsərdən, ixtira, faydalı model və sənaye nümunəsindən qeyri-kommersiya məqsədləri üçün gəlirsiz istifadə halları istisna olmaqla, icazəsiz istifadə.

29.3. Elmi etikaya riayət edilməlidir. Əqli mülkiyyət hüquqlarını pozma cinayət, inzibati və mülki məsuliyyətə səbəb olur.

Maddə 30. Dövlət elmi müəssisələrinin özəlləşdirilməsi

30.1. Dövlət elmi müəssisələri müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında, profilini saxlamaq şərti ilə özəlləşdirilməyə açıq elan oluna bilər.

30.2. Fundamental və strateji əhəmiyyətli elmi tədqiqatlar aparan dövlət elmi müəssisələri özəlləşdirilə bilməz.

5-ci fəsil

ELMİ İŞÇİLƏRİN HÜQUQLARI, VƏZİFƏLƏRİ VƏ SOSİAL MÜDAFİƏSİ

Maddə 31. Elmi işçilərin hüquqları

31.1. Elmi işçilərin hüquqları aşağıdakılardır:

31.1.1. elmi nəticələrin müəllifi olmaq, əqli mülkiyyət hüquqlarının tanınması və qorunması üçün vəsatət qaldırmaq;

31.1.2. müəllifi və ya hüquqi sahibi olduğu elmi nəticələrin tətbiqindən gəlir əldə etmək və müəllif qonorarı almaq;

31.1.3. elmi fəaliyyətin obyektiv qiymətləndirilməsinə nail olmaq, mükafatlar almaq, imtiyazlardan istifadə etmək;

31.1.4. elmi nəticələrə əsaslanaraq, elmi dərəcə və elmi ad almaq üçün müraciət etmək;

31.1.5. elmi konfrans və simpoziumlarda, qurultay və seminarlarda, digər kollektiv müzakirələrdə iştirak etmək;

31.1.6. elmi tədqiqatların dövlət büdcəsinin vəsaitləri və digər qanuni mənbələr hesabına maliyyələşdirilməsi üzrə müsabiqələrdə iştirak etmək;

31.1.7. Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlxalq müqavilələrə uyğun olaraq, beynəlxalq elmi əməkdaşlıqda iştirak etmək (xarici ölkələrdə təcrübə keçmək, elmi nəticələri dərc etdirmək, birgə elmi tədqiqatlar aparmaq və digər);

31.1.8. insana, cəmiyyətə və ətraf mühitə mənfi təsir göstərən elmi tədqiqatlarda iştirak etməkdən əsaslandırılmış şəkildə imtina etmək;

31.1.9. birgə elmi fəaliyyət barədə müqavilə bağlamaq;

31.1.10. elmi ixtisas səviyyəsini artırmaq və müsabiqələrdə iştirak etmək;

31.1.11. ödənişli yaradıcılıq məzuniyyətindən istifadə etmək;

31.1.12. elmi tədqiqatların aparılması üçün normal iş şəraiti ilə təmin olunmaq;

31.1.13. həmkarlar ittifaqlarında, assosiasiyalarda və digər ictimai birliklərdə təmsil olunmaq;

31.1.14. pedaqoji fəaliyyətlə məşğul olmaq;

31.1.15. işlədiyi elmi müəssisə və təşkilatın tədqiqat istiqamətləri çərçivəsində və özünün elmi maraqlarına uyğun olaraq sərbəst tədqiqat istiqaməti və metodu seçmək;

31.1.16. qrant almaq və gəlir əldə etmək;

31.1.17. proqram və layihələrin elmi ekspertizasının aparılmasında, sosial-iqtisadi nəticələrin proqnozlaşdırılmasında və qiymətləndirilməsində iştirak etmək;

31.1.18. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, elmi nəticələr haqqında informasiya əldə etmək, əldə olunması qanunla məhdudlaşdırılan informasiya istisna olmaqla, elmi nəticələr haqqında ictimaiyyəti məlumatlandırmaq;

31.1.19. elmi müəssisə və təşkilatlarda vəzifə tutmaq, seçkili vəzifələrə seçmək və seçilmək;

31.1.20. bu Qanuna uyğun olaraq digər hüquqları həyata keçirmək.

31.2. Elmi işçilərin hüquqları Azərbaycan Respublikasının Əmək Məcəlləsi, bu Qanun, elmi müəssisə və təşkilatların nizamnaməsi və işəgötürənlə elmi işçi arasında bağlanmış əmək müqaviləsi ilə müəyyən edilir.

Maddə 32. Elmi işçilərin vəzifələri

32.1. Elmi işçilərin vəzifələri aşağıdakılardır:

32.1.1. elmi fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək; 

32.1.2. Azərbaycançılıq ideyalarını təbliğ etmək, milli-mənəvi və ümumbəşəri dəyərləri, milli ənənələri dəstəkləmək və inkişaf etdirmək;

32.1.3. elmi fəaliyyəti həyata keçirərkən dövlət mənafeyini qorumaq, insanların hüquq və azadlıqlarına, onların həyatına və sağlamlığına, habelə ətraf mühitə zərər vurmamaq;

32.1.4. elmi bilikləri və ölkənin sosial-iqtisadi və ictimai-mədəni həyatında baş verən prosesləri və əldə edilən nəticələri elmi cəhətdən əsaslandıraraq təhlil və təbliğ etmək;

32.1.5. elmi proqram və layihələrin, elmi nəticələrin, eksperimental tədqiqatların ekspertizasını obyektiv həyata keçirmək;

32.1.6. elmi etikaya riayət etmək, plagiata yol verməmək, yaradıcı, ləyaqətli, məsuliyyətli, müstəqil və təşəbbüskar olmaq;

32.1.7. daim öz elmi səviyyəsini, bilik və təcrübəsini yüksəltmək, elmi araşdırmalara yaradıcı (kreativ) yanaşmaq, innovasiyaları dəstəkləmək, elmi məqalələr nəşr etdirmək;

32.1.8. attestasiyadan keçmək;

32.1.9. məxfi qrif altında yerinə yetirilən elmi işlərin mövzu və nəticələrini yaymamaq;

32.1.10. bu Qanuna uyğun olaraq digər vəzifələri yerinə yetirmək.

32.2. Elmi işçilərin vəzifələri Azərbaycan Respublikasının Əmək Məcəlləsi, bu Qanun, elmi müəssisə və təşkilatların nizamnaməsi və işəgötürənlə elmi işçi arasında bağlanmış əmək müqaviləsi ilə müəyyən edilir.

Maddə 33. Elmi işçilərin sosial müdafiəsi və elmi fəaliyyətin stimullaşdırılması

33.1. Dövlət elmin inkişafı, elmi məktəblərin yaradılması, elmi biliklərin yayılması və tanıdılması, elmi işçilərin əməyinin stimullaşdırılması, yaradıcı gənclərin elmi fəaliyyətə fəal cəlb edilməsi məqsədilə müxtəlif sosial həvəsləndirmə vasitələrindən və mexanizmlərindən istifadə olunmasını təmin edir.

33.2. Dövlət beynəlxalq və ölkə əhəmiyyətli elmi forumların, konfrans və simpoziumların, müsabiqələrin, bilik yarışlarının, olimpiadaların və digər elmi tədbirlərin, eləcə də tarix, ədəbiyyat və incəsənət sahəsində nominasiyaların və təqdimatların təşkilinə şərait yaradır.

33.3. Dövlət elmi müəssisələrində və təşkilatlarında, ali təhsil müəssisələrində çalışan elmi işçilərin vəzifə (tarif) maaşları və əməkhaqqı onların funksional vəzifələri, peşə xüsusiyyətləri, elmi dərəcəsi, elmi adları və iş stajı nəzərə alınmaqla təyin edilir.

33.4. Elmi kollektivlərin müvəqqəti üzvləri olan elmi işçilərin əməyinin ödənilməsi əmək müqaviləsi əsasında həyata keçirilir.

33.5. Azərbaycan Respublikasının elmi müəssisə və təşkilatlarında, ali təhsil  müəssisələrində  çalışan  əcnəbi  alimlərə və  tədqiqatçılara əməkhaqqı əmək müqavilələri əsasında müəyyən edilir.

33.6. Elmi işçilərin funksional vəzifələrindən kənar yerinə yetirdikləri elmi, tədris və təşkilati işlərin haqqı sifarişçi tərəfindən ödənilir.

33.7. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın həqiqi və müxbir üzvlərinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan məbləğdə aylıq rütbə maaşları verilir.

33.8. Elmi və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan elmi dərəcəsi və elmi adı olan şəxslərin vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan məbləğdə əlavələr ödənilir.

33.9. Dövlət mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan elmi işçilərin, o cümlədən gənc alimlərin mənzil və ya torpaq sahəsi ilə təmin olunması və güzəştli ipoteka kreditlərindən istifadə etməsi üçün şərait yaradır.

33.10. Dövlət doktorantların təhsil haqlarının və təhsillə bağlı digər xərclərinin ödənilməsinə uzunmüddətli və güzəştli kreditlər verilməsini təmin edir və təhsilalanın əmək fəaliyyətinə başladıqdan sonra kredit borclarını ödəmə mexanizmini müəyyənləşdirir və həyata keçirilməsinə şərait yaradır.

33.11. Dövlət elmi tədqiqat, təcrübi-sınaq işlərinin aparılması, xarici ölkələrin nüfuzlu universitetlərində və elmi mərkəzlərində dоktоrantura təhsilinin maliyyələşdirilməsi, ixtisasartırma, stajkeçmə, beynəlхalq təcrübənin öyrənilməsi və digər məqsədlər üçün qrantlar ayrılmasını təmin edir.

33.12. Elmi müəssisələrdə və ali təhsil müəssisələrində çalışan elmi işçilərə və doktorantlara Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq, ödənişli yaradıcılıq məzuniyyəti verilir.

33.13. Elmi müəssisələr və ali təhsil müəssisələri büdcədənkənar vəsaitləri hesabına elmi işçilərin və digər əməkdaşların əmək haqlarına əlavələr və sosial təminatlar (tibbi xidmət, istirahət və digər) müəyyən etmək hüququna malikdir.

33.14. Elm sahəsində göstərdikləri xidmətlərə və əldə etdikləri yüksək nailiyyətlərə görə elmi işçilərə fərdi təqaüdlər, müavinətlər, dövlət mükafatları, dövlət təltifləri, fəxri adlar, elmi müəssisə və təşkilatların təsis etdiyi mükafatlar və fəxri fərmanlar verilir.

33.15. Təsir gücünə (impakt faktoruna) malik olan, istinad indeksli jurnallarda çap olunan hər bir elmi məqaləyə görə müəllifə (müəlliflərə) işlədiyi elmi müəssisə və təşkilatın və ya ali təhsil müəssisəsinin, eləcə də elm və innovasiya fondlarının vəsaitləri hesabına birdəfəlik mükafat (qonorar) verilir. Bu jurnalların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər il dövri mətbuatda dərc edilir və internet resurslarında yerləşdirilir.

33.16. Elmi əsərlərinə beynəlxalq miqyasda daha çox istinad edilən müəlliflər çalışdığı müəssisə tərəfindən daxili imkanlar hesabına peşəkar fəaliyyət və xidmətlərinə görə mükafatlandırılır.

6-cı fəsil

ELMİ FƏALİYYƏTİN İQTİSADİYYATI

Maddə 34. Elmi fəaliyyətin maliyyələşdirilməsi

34.1. Elmi və elmi-texniki fəaliyyətin maliyyələşdirilməsi dövlət büdcəsinin vəsaiti, elmi fəaliyyət subyektlərinin öz vəsaitləri, dövlət fondlarının vəsaitləri, kreditlər, qrantlar, ianələr və digər qanuni mənbələr hesabına həyata keçirilir.

34.2. Elmi və elmi-texniki fəaliyyətin maliyyələşdirilməsi elmi müəssisə və təşkilatların beynəlxalq təşkilatlardan, maliyyə qurumlarından və fondlardan müqavilə, müsabiqə və qrantlar əsasında cəlb etdikləri, həmçinin elmi məhsul və xidmətlərin satışından daxil olan vəsaitlər hesabına da həyata keçirilə bilər.

34.3. Elmi fəaliyyətin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlər elmi fəaliyyətin davamlı inkişafını, mövcud elmi potensialın qorunması və inkişaf etdirilməsini, dövlət maraqları əsasında ictimai-siyasi, milli-mənəvi, sosial-iqtisadi və elmi-texniki problemlərin tədqiqini (həllini) və qarşıya qoyulan digər vəzifələrin həyata keçirilməsini təmin edir.

34.4. Dövlət büdcəsi hesabına elmi və elmi-texniki fəaliyyətin maliyyələşdirilməsi aşağıdakı formalarda həyata keçirilir:

34.4.1. baza maliyyələşdirilməsi;

34.4.2. proqram məqsədli maliyyələşdirmə;

34.4.3. qrant maliyyələşdirilməsi.

34.5. Elmi və elmi-texniki fəaliyyətin subyektləri ilə müvafiq icra hakimiyyəti orqanları, aidiyyəti qurumlar arasında elmi və elmi-texniki layihə, qrant və ya proqramların reallaşdırılması üzrə münasibətlər müqavilə əsasında tənzimlənir və bu müqavilələrin icra müddəti üç ildən çox olmamalıdır.

34.6. Elmi müəssisə və təşkilatlar əldə etdikləri büdcədənkənar vəsaitlərdən maddi-texniki bazanın gücləndirilməsi, elmi infrastrukturun təkmilləşdirilməsi, işçilərin maddi həvəsləndirilməsi və digər məqsədlər üçün sərbəst istifadə etmək hüququna malikdir.

Maddə 35. Elmi fəaliyyətin baza maliyyələşdirilməsi

35.1. Elmi fəaliyyətin baza maliyyələşdirilməsinin subyektləri dövlət elmi müəssisə və təşkilatları, dövlət ali təhsil müəssisələrinin elmi tədqiqat institutları və laboratoriyaları, elmi fəaliyyət üzrə dövlət sifarişlərini yerinə yetirən digər elmi müəssisələrdir. 

35.2. Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.

35.3. Baza maliyyələşdirilməsi fundamental elmi tədqiqatların, dövlət əhəmiyyətli, o cümlədən milli təhlükəsizlik və müdafiə əhəmiyyətli elmi tədqiqatların aparılmasını,  mühüm elmi  obyektlərin qorunmasını, yüksəkixtisaslı elmi kadrların hazırlanmasını təmin edir.

35.4. Baza maliyyələşdirilməsi dövlət elmi müəssisə və təşkilatlarının, dövlət ali təhsil müəssisələrinin elmi tədqiqat institutları və laboratoriyalarının əmlakının, o cümlədən binaların saxlanılması, elmi infrastrukturların inkişafı, müasir avadanlıqlar və digər zəruri vasitələrlə təchiz olunması, elmi işçilərin, inzibati və xidməti heyətin əməyinin ödənilməsi, elmi tədqiqatların nəticələrinin nəşri və yayılması, elmi-texniki fəaliyyətin informasiya təminatı üzrə xərclərini əhatə edir.

Maddə 36. Elmi fəaliyyətin proqram məqsədli maliyyələşdirilməsi

36.1. Elmi fəaliyyətin proqram məqsədli maliyyələşdirilməsi strateji cəhətdən vacib olan dövlət əhəmiyyətli elmi işlərin aparılmasına yönəldilməklə müsabiqə əsasında və ya müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müsabiqədənkənar qaydada həyata keçirilir.

36.2. Mülkiyyət növündən asılı olmayaraq bütün elmi fəaliyyət subyektləri və onların müvafiq strukturları proqram məqsədli maliyyələşdirmə üzrə müsabiqədə iştirak zamanı bərabər hüquqlara malikdir.

36.3. Elmi fəaliyyətin proqram məqsədli maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və onların nəticələri haqqında məlumatlar dövri mətbuatda və səlahiyyətli orqanların internet resurslarında yerləşdirilir.

36.4. Məqsədli elmi və ya elmi-texniki proqramlar üzrə müsabiqənin qalibləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan ekspert komissiyaları tərəfindən müəyyən edilir və müsabiqəni elan edən tərəfindən təsdiq edilir.

36.5. Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlxalq müqavilələrdən irəli gələrək, beynəlxalq və sahələrarası müqavilələr əsasında formalaşan və həyata keçirilən məqsədli elmi proqramların maliyyələşdirilməsi iştirak qaydasında və tərəflər üçün nəzərdə tutulan pay bölgüsünə uyğun olaraq həyata keçirilir.

36.6. Konkret elmi proqram və layihələrin məqsədli maliyyələşdirilməsi baza maliyyələşdirilməsi ilə əlaqələndirilmiş formada həyata keçirilir.

Maddə 37. Elmi fəaliyyətin qrant maliyyələşdirilməsi

37.1. Qrant maliyyələşdirilməsi elmi tədqiqatların stimullaşdırılması və səmərəliliyinin artırılması, elmi-texniki potensialın səviyyəsinin, elmi müəssisə və təşkilatların və ali təhsil müəssisələrinin, eləcə də alim və tədqiqatçıların rəqabətqabiliyyətinin yüksəldilməsi məqsədilə həyata keçirilir.

37.2. Dövlət vəsaiti hesabına qrant maliyyələşdirilməsinin əsas istiqamətləri və həcmi elmin inkişafının prioritet istiqamətlərinə uyğun olaraq müəyyən edilir.

37.3. Qrant almış elmi müəssisə və təşkilatların, layihə rəhbərlərinin layihələrin idarə edilməsində müstəsna hüquqları təmin edilir.

37.4. Elmi fəaliyyətin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və onların nəticələri haqqında məlumatlar dövri mətbuatda və internet resurslarında yerləşdirilir.

37.5. Dövlət elmi müəssisələri beynəlxalq təşkilatlardan, fondlar və digər maliyyə qurumlarından, elmi-texniki məhsul və xidmətlər bazarlarından müsabiqə və müqavilələr əsasında cəlb etdikləri qrantlara görə məsuliyyət daşıyır.

Maddə 38. Elmdə innovasiya və sahibkarlıq fəaliyyəti

38.1. Elmi müəssisələrin və ali təhsil müəssisələrinin elmi qurumları iqtisadi və sosial səmərə əldə etmək məqsədi ilə elmi tədqiqat və təcrübə-konstruktor işləri hesabına və onların nəticələrinin tətbiqi əsasında yeni və ya təkmilləşdirilmiş məhsullar əldə etmək, texnoloji prosesləri yenidən qurmaq və istiqamətləndirmək – innovasiya fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər.

38.2. Elmi müəssisələrin və ali təhsil müəssisələrinin elmi işçilərinin və mütəxəssislərinin innovasiya fəaliyyətinin nəticələri elmi ekspertizadan keçirilir və innovasiya fəaliyyətinin daşıyıcısı olan şəxs stimullaşdırılır.

38.3. Elmi müəssisələrin innovasiya fəaliyyəti ölkədə elmlə istehsalat sahələrinin, elmi işçilərlə sahibkarlıq subyektlərinin əlaqələrinin möhkəmləndirilməsinə və elm tutumlu layihələrin işlənib hazırlanmasına, rəqabət qabiliyyətli elmi-texnoloji inkişafın təmin olunmasına xidmət edir.

38.4. Dövlət elmi müəssisələrin və təşkilatların innovasiya və istehsal fəaliyyətinin genişləndirilməsi məqsədilə yerli və xarici investisiyaların cəlb edilməsinə əlverişli şərait yaradır.

38.5. Elmi müəssisələrin və ali təhsil müəssisələrinin elmi işçiləri və mütəxəssisləri ölkə daxilində və xarici ölkələrdə elmi innovasiya və elmi fəaliyyət məqsədli sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər.

38.6. Elmi müəssisələrdə və ali təhsil müəssisələrində ölkədə rəqabət qabiliyyətli inkişafın formalaşdırılması məqsədilə innovasiya təşəbbüsləri əsasında yüksək texnologiyalara əsaslanan təcrübə-sınaq xarakterli sənaye müəssisələri, təsərrüfat sahələri, alternativ enerji stansiyaları, elmi-informasiya, texnoloji və ekspertiza mərkəzləri yaradıla bilər.

38.7. Elmi işçilər elmi informasiya, innovasiya və elmi ekspertiza xidməti ilə məşğul olurlar.

38.8. Elmi müəssisələrin və ali təhsil müəssisəsinin elmi işçilərinin və mütəxəssislərinin öz səmərəliləşdirici təkliflərini, ixtiralarını və patentlərini bazara, auksiona çıxarmaq, müsabiqələrə təqdim etmək, istehsalatda tətbiq edilmək üçün müqavilələr bağlamaq hüququ vardır.

38.9. Elmi müəssisələrin və ali təhsil müəssisələrinin işçiləri çalışdıqları təşkilatın istehsalat və digər sahələrində elmi fəaliyyət məqsədli sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər.

38.10. Elmi tədqiqat işlərinin nəticələrinin, səmərələşdirici təkliflərin, ixtiraların istehsalata tətbiqindən  əldə olunan gəlirlərdən, müqaviləyə uyğun olaraq, elmi müəssisələrə və elmi işçilərə haqq ödənilir.

38.11. Elmi tədqiqatların nəticələrinin, səmərələşdirici təkliflərin və ixtiraların tətbiqinə görə fərqlənən, elmin inkişafına dəstək verən müəssisə və təşkilatların fəaliyyəti təbliğ edilir.

38.12. Azərbaycan Respublikasında elmi araşdırmaların keyfiyyətini və səmərəliliyini yüksəltmək, ölkənin elmi potensialını və innovasiya imkanlarını genişləndirmək, alim və tədqiqatçıların elmi fəaliyyətlərini stimullaşdırmaq, beynəlxalq təcrübəni öyrənmək, müxtəlif elmi tədbirlərin təşkili üzrə layihələri dəstəkləmək məqsədilə elm, təhsil və innovasiya fondları yaradıla bilər.

38.13. Elm və innovasiya fondları elmi müəssisə və təşkilatlar  və elmi fəaliyyətlə məşğul olan digər hüquqi və fiziki şəxslər tərəfindən təqdim edilən mühüm dövlət və cəmiyyət əhəmiyyətli fundamental, tətbiqi və innovasiya xarakterli elmi proqram və layihələrin ünvanlı maliyyələşdirilməsini həyata keçirir.

38.14. Elm və innovasiya fondlarının maliyyələşdirilməsi mənbələri, proqram və layihələrin seçilməsi, ekspertizası, müsabiqələrin təşkili, qrantların alınması və vəsaitlərindən istifadə olunması qaydaları həmin fondların nizamnaməsi ilə müəyyən edilir.

38.15. Elmi müəssisələrdə və ali təhsil müəssisələrinin elmi qurumlarında çalışan elmi işçilərin elmi innovasiya və elmi fəaliyyət məqsədli sahibkarlıq fəaliyyətinin nəticələri onların vəzifəyə seçilməsində və ya təyin olunmasında nəzərə alınır.

38.16. Elmi müəssisə və təşkilatlar, elm və innovasiya fondları (eləcə də xarici tərəfdaşların birgə müqavilələri əsasında) Azərbaycan Respublikasına elmi tədqiqatlar aparmaq və qrant layihələrində istifadə olunmaq məqsədilə elmi avadanlıq, cihaz, qurğu, dəzgah, reaktiv və elmi fəaliyyət məqsədli digər vasitələrin gətirilməsi zamanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə edirlər.

7-ci fəsil

YEKUN MÜDDƏALAR

Maddə 39. Elmi fəaliyyət sahəsində beynəlxalq əməkdaşlıq

39.1. Elm sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlxalq müqavilələr əsasında həyata keçirilir.

39.2. Elmi fəaliyyətin subyektləri dövriyyəsi qanunla qadağan olunmayan elmi nəticələrin və elmi məhsulların ölkə daxilində və xarici bazarlarda alqı-satqısını sərbəst həyata keçirmək hüququna malikdir.

39.3. Elmi fəaliyyətin subyektləri xarici ölkələrin elm və təhsil müəssisələri, beynəlxalq təşkilatlar və fondlarla əlaqələr yaradır, əməkdaşlıq haqqında müqavilələr bağlayır, elm sahəsində fəaliyyət göstərən dövlət və qeyri-hökumət qurumlarına üzv olur, beynəlxalq elmi və elmi-texniki proqram və layihələrdə iştirak edir.

39.4. Elmi fəaliyyət sahəsində beynəlxalq əməkdaşlıq beynəlxalq səviyyəli birgə layihələrin hazırlanması, fundamental və tətbiqi elmi tədqiqatların və layihə-kоnstruktоr işlərinin təşkili,  elmi-praktik forum, konfrans, simpozium, seminar, dəyirmi masa və digər elmi tədbirlərin keçirilməsi, magistr, dоktоrant, müəllim və elmi işçilərin mübadiləsi, müəlliflik hüququnun qorunması tədbirləri ilə həyata keçirilir.

39.5. Elmi müəssisə və təşkilatlar beynəlxalq əməkdaşlığı genişləndirmək və elmi fəaliyyətin keyfiyyətini yüksəltmək məqsədilə хarici tərəfdaşlarla ölkə daхilində və хarici dövlətlərdə müştərək struktur bölmələri (elmi mərkəzlər, filiallar, labоratоriyalar, teхnоparklar və digər) yaratmaq hüququna malikdir.

39.6. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında doktorantura səviyyəsində təhsil alması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, habelə elm və təhsil müəssisələri ilə bağlanan müqavilələr əsasında həyata keçirilir.

39.7. Elm sahəsinin inkişafına və elmi tədqiqatlara xarici investisiya qoyuluşu “Xarici investisiyanın qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

Maddə 40. Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyun 2016-cı il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında