“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Ə S A S N A M Ə

Azərbaycan Respublikası Prezidentinin  2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmişdir

 

1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi məqsədi ilə, şəxsiyyət vəsiqəsinin verilməsi, dəyişdirilməsi, müvəqqəti alınması, təhvil verilməsi, qüvvədən düşmüş hesab edilməsi və məlumatların şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilməsi, həmin məlumatların dəyişdirilməsi və istifadəsi qaydalarını müəyyən edir.

1.2. Azərbaycan Respublikasının hər bir vətəndaşı 15 yaşı tamam olduqdan və ya şəxs Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunduqdan sonra bir ay müddətində şəxsiyyət vəsiqəsi almalıdır.

1.3. Xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, şəxsiyyət vəsiqəsindən həmin dövlətlərdə də vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə onun ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər.

2. Şəxsiyyət vəsiqəsinin verilməsi, dəyişdirilməsi, məlumatların şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilməsi, həmin məlumatların  dəyişdirilməsi və istifadəsi

2.1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları  (bundan sonra - vəsiqə verən orqan) tərəfindən “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir.

2.2. Vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur:

2.2.1. şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə);

2.2.2. vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı;

2.2.3. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin 2-ci maddəsində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (əgər vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı yoxdursa);

2.2.4. vətəndaşın qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayış;

2.2.5. dövlət rüsumunun ödənilməsi barədə sənəd;

2.2.6. ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd.

2.3. 18 yaşı tamam olmamış vətəndaşın ərizə-anketini onun özü və ya qanuni nümayəndəsi verə bilər. Hər iki halda ərizə-anketdə 15 yaşdan 18 yaşadək olan vətəndaşın imzası olmalıdır.

2.4. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin fərdi olaraq doldurulması “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (bundan sonra - İAMAS) vasitəsilə həyata keçirilir. Verilmiş şəxsiyyət vəsiqələri, habelə onların aktiv statusunun dəyişdirilməsi barədə məlumatlar İAMAS-a daxil edilir.

2.5. Şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək zərurəti yarandıqda, vəsiqə verən orqan şəxsin bu Əsasnamənin 2.2-ci bəndində nəzərdə tutulan sənədlərinin surətlərini və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatı barədə məlumatları təsdiq edən rəsmi sənədini (şəxsin yaşayış yeri üzrə qeydiyyata alındığı və qeydiyyatdan çıxarıldığı tarixlər göstərilməklə) araşdırılmaq üçün dərhal Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə göndərməlidir. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həmin sənədlərə 10 gün müddətində baxaraq vəsiqə verən orqana şəxsin  Azərbaycan Respublikasının vətəndaşı sayılıb-sayılmaması barədə yazılı cavab verir. Şəxs Azərbaycan Respublikasının vətəndaşı sayıldıqda, ona bu Əsasnamə ilə müəyyən edilmiş qaydada şəxsiyyət vəsiqəsi verilir (şəxsiyyət vəsiqəsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətlər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin cavab məktubu vəsiqə verən orqana daxil olduğu andan hesablanır). 

2.6. Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunmuş şəxsə şəxsiyyət vəsiqəsi verilərkən, vəsiqə verən orqanın məsul əməkdaşı onun Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunduğuna dair məlumatları İAMAS-da toplanılan məlumatlar əsasında yoxlayır.

2.7. Vəsiqə verən orqanın məsul əməkdaşı vətəndaşın şəxsiyyət vəsiqəsinin verilməsi (dəyişdirilməsi) barədə ərizə-anketinin düzgün doldurulduğunu yoxlayır. Vətəndaşın ərizə-anketindəki  məlumatlar ondan əlavə sənəd tələb edilmədən, İAMAS-da toplanılan və Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri, Vahid Miqrasiya Məlumat Sistemi və digər dövlət informasiya resursları tərəfindən İAMAS-a təqdim olunan məlumatlar əsasında yoxlanılır.

2.8. Vətəndaşın ərizə-anketindəki hər hansı məlumatın İAMAS-da toplanılan məlumatlar əsasında yoxlanılması mümkün olmadıqda, həmin şəxs barədə toplanılmış müvafiq fərdi məlumatlar İAMAS vasitəsilə bu Əsasnamənin 2.7-ci bəndində nəzərdə tutulmuş aidiyyatı dövlət informasiya sisteminə ötürülür və həmin sistem tərəfindən zəruri məlumatlar müəyyən edilərək İAMAS-a təqdim edilir.

2.9.Vəsiqə verən  orqanın məsul əməkdaşı vətəndaşın ərizə-anketi üzrə məlumatları yoxladıqdan sonra ərizə-anketdə həmin məlumatların düzgünlüyünü öz imzası ilə təsdiq edərək, onları vətəndaşın fotoşəkli ilə birlikdə dərhal İAMAS-a daxil edir. İAMAS-a daxil edilmiş məlumatlar elektron sənəd formasında onu daxil edən əməkdaşın gücləndirilmiş elektron imzası ilə təsdiq edilir.

2.10. Vətəndaşın Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi vəsiqə verən orqanda həyata keçirilir.

2.11. Fotoşəklə dair tələblər, şəxsiyyət vəsiqəsini verən orqanın iş qrafiki haqqında məlumatlar, vəsiqənin verilməsi və dəyişdirilməsi üçün tələb olunan sənədlərin siyahısı və ödənilməli olan dövlət rüsumunun məbləğləri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəsmi internet saytında və vəsiqə verən orqanın binalarının qarşısında hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirilməlidir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həftələrarası istirahət günlərində də şəxsiyyət vəsiqəsinin verilməsini və ya dəyişdirilməsini təmin etmək məqsədi ilə şəxsiyyət vəsiqəsi verən yerli orqanları üçün optimal iş qrafiki tərtib edir.

2.12. Şəxsiyyət vəsiqəsinin üzərində vəsiqə sahibinin soyadı, adı, atasının adı, cinsi, vətəndaşlığı, doğulduğu tarix, doğulduğu yer, qan qrupu, fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi və etibarlılıq müddəti göstərilir, həmçinin vəsiqə sahibinin şəxsi imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəkli yerləşdirilir.

2.13. Şəxsiyyət vəsiqəsində elektron daşıyıcı (çip) yerləşdirilir. Elektron daşıyıcı (çip) Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə və standartlarına uyğun olaraq, dəyişdirilməyən və dəyişdirilə bilən (aktuallaşdırılan) məlumatlardan ibarətdir. Həmin məlumatlar isə bu Əsasnamənin 2.19-cu-2.21-ci bəndlərinə uyğun olaraq oxunuş üçün açıq və bağlı məlumatlara bölünür.

2.14. Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) aşağıdakı məlumatlar daxil edilir:

2.14.1. bu Əsasnamənin 2.12-ci bəndində göstərilən məlumatlar;

2.14.2. vətəndaş soyadını və (və ya) adını dəyişdiribsə, əvvəlki soyadı və (və ya) adı;

2.14.3. vətəndaşın yaşadığı yer, ailə vəziyyəti, boyu, hərbi vəzifəsi;

2.14.4. vətəndaşın gözlərinin rəngi;

2.14.5. vətəndaşın valideynlərinin soyadı və adı;

2.14.6. vətəndaşın ərinin (arvadının) soyadı və adı (nikaha daxil olarkən soyadını dəyişdiribsə, nikahdan əvvəlki soyadı da göstərilir);

2.14.7. vətəndaşın uşaqlarının soyadı və adı;

2.14.8. vəsiqəni verən orqanın adı və vəsiqənin verilmə tarixi;

2.14.9. sənədin tipi;

2.14.10. vəsiqənin fərdiləşdirilməsinin tarixi və vaxtı;

2.14.11. fərdiləşdirmə sisteminin seriya nömrəsi;

2.14.12. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun olaraq müvafiq sertifikatlar.

2.15. Şəxsiyyət vəsiqəsi verilərkən və ya dəyişdirilərkən bu Əsasnamənin 2.14-cü bəndində nəzərdə tutulmuş məlumatları elektron daşıyıcıya (çipə) vəsiqə verən orqan daxil edir. Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilmiş məlumatlarda dəyişikliklər bu Əsasnamənin 2.18-ci və 2.29-cu bəndlərinə uyğun olaraq həyata keçirilir.

2.16. Vəsiqə verən orqan elektron daşıyıcının (çipin) yaddaşında vəsiqə sahibinin gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatlar, akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi tərəfindən verilmiş elektron imza yaratma və elektron imzanı yoxlama məlumatları üçün nəzərdə tutulmuş boş sahə saxlayır. Vətəndaş şəxsiyyət vəsiqəsini təhvil aldıqdan sonra öz istəyi ilə akkreditə edilmiş sertifikat xidmətləri mərkəzinə müraciət etdikdə, həmin mərkəz vətəndaşın gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatları, elektron imza yaratma (imza yaratma məlumatları oxunuş üçün bağlıdır) və elektron imzanı yoxlama məlumatlarını şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edir.

2.17. Elektron imza ilə əlaqədar sertifikatların, elektron imza yaratma və yoxlama məlumatlarının verilməsi, onlardan istifadə və həmin sertifikatların qüvvəsinin dayandırılması, bərpası və ya ləğvi “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir.

2.18. Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilən, bu Əsasnamənin 2.14.1-ci, 2.14.2-ci, 2.14.4-cü və 2.14.8-ci - 2.14.12-ci yarımbəndlərində nəzərdə tutulan məlumatlar dəyişdirilməyən, 2.14.3-cü, 2.14.5-ci-2.14.7-ci yarımbəndlərində nəzərdə tutulan məlumatlar isə bu Əsasnamənin 2.29-cu bəndində göstərilən dövlət orqanları tərəfindən dəyişdirilə bilən (aktuallaşdırılan) məlumatlardır.

2.19. Fiziki və hüquqi şəxslər üçün bu Əsasnamənin 2.14.1-ci, 2.14.3-cü, 2.14.4-cü, 2.14.8-ci və 2.14.9-cu yarımbəndlərində nəzərdə tutulmuş məlumatların oxunuşu açıq, şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısındakı digər məlumatların oxunuşu isə bağlıdır.

2.20. Dövlət orqanları, habelə notariuslar üçün bu Əsasnamənin 2.14.1-ci-2.14.9-cu  yarımbəndlərində nəzərdə tutulmuş məlumatların oxunuşu açıq, şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısındakı digər məlumatların oxunuşu isə bağlıdır.

2.21. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları, habelə hüquq mühafizə orqanları üçün bu Əsasnamənin 2.14-cü bəndində nəzərdə tutulmuş bütün məlumatların oxunuşu açıqdır.

2.22. Şəxsiyyət vəsiqəsi 10 (on) illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə, vətəndaş şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün 1 (bir) ay müddətində vəsiqə verən orqana müraciət etməlidir.

2.23. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin bitməsi, yaxud vətəndaşın soyadının, adının, atasının adının dəyişməsi və ya şəxsiyyət vəsiqəsinin, o cümlədən onun elektron daşıyıcısının (çipin) yararsız hala düşməsi ilə əlaqədar şəxsiyyət vəsiqəsi dəyişdirilərkən bu Əsasnamənin 2.1-ci, 2.3-cü, 2.4-cü, 2.7-ci - 2.27-ci bəndlərində nəzərdə tutulmuş qaydalar tətbiq olunur və vətəndaşın fotoşəkli vəsiqə verən orqanda çəkilməklə yalnız aşağıdakılar tələb edilir:

2.23.1. şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi haqqında ərizə-anket (2 nömrəli əlavə);

2.23.2. şəxsiyyət vəsiqəsi;

2.23.3. dövlət rüsumunun ödənilməsi barədə sənəd;

2.23.4. ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd.

Qeyd. Elektron daşıyıcısı olmayan şəxsiyyət vəsiqələri də dəyişdirilərkən, vətəndaş yalnız bu Əsasnamənin 2.23-cü bəndinə əsasən tələb olunan sənədləri təqdim edir və bu Əsasnamənin 2.1-ci, 2.3-cü, 2.4-cü, 2.7-ci - 2.27-ci bəndlərində nəzərdə tutulmuş qaydalar tətbiq olunur.

2.24. Vətəndaş etibarlılıq müddəti bitməmiş şəxsiyyət vəsiqəsinin də bu Əsasnamənin 2.1-ci, 2.3-cü, 2.4-cü, 2.7-ci - 2.27-ci bəndlərində nəzərdə tutulmuş qaydada dəyişdirilməsi üçün müraciət edə bilər. 

2.25. Vətəndaş yeni şəxsiyyət vəsiqəsini alarkən, köhnə şəxsiyyət vəsiqəsini təhvil verməlidir.

2.26. Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsi və ya onun şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün sənədləri həmin şəxsin qanuni nümayəndəsi təqdim edir. Əgər şəxs psixi-nevroloji müəssisədə müalicədədirsə və onun şəxsiyyət vəsiqəsi yoxdursa, belə şəxsə şəxsiyyət vəsiqəsi həmin müəssisədən çıxdıqdan sonra verilir.

2.27. Şəxsiyyət vəsiqəsi vətəndaşın “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddətdə verilir və ya dəyişdirilir.

2.28. Şəxsiyyət vəsiqəsinin üzərində göstərilən və şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilmiş dəyişdirilməyən məlumatlarda səhv müəyyənləşdirildikdə, həmin vəsiqə təqdim edildiyi vaxtdan bir gün müddətində dövlət rüsumu alınmadan dəyişdirilir. Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına daxil edilmiş dəyişdirilə bilən məlumatlarda səhv müəyyənləşdirildikdə, vəsiqə səhv məlumatları daxil etmiş orqana təqdim edildikdən dərhal sonra (ən geci 30 dəqiqə ərzində) həmin məlumatlar dövlət rüsumu alınmadan dəyişdirilir.

2.29. Bu Əsasnamənin 2.18-ci bəndinə uyğun olaraq, şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında (çipdə) dəyişdirilə bilən məlumatlarda dəyişiklikləri vəsiqə təqdim edildikdən dərhal sonra müvafiq dövlət informasiya resursları vasitəsilə elektron qaydada aşağıdakı dövlət orqanları həyata keçirirlər:

2.29.1. vətəndaşın yaşadığı yer və boyu barədə məlumat - vəsiqə verən orqan;

2.29.2. vətəndaşın ailə vəziyyəti barədə məlumat, həmçinin bu Əsasnamənin 2.14.5-ci - 2.14.7-ci yarımbəndlərində nəzərdə tutulmuş məlumatlar - vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqan;

2.29.3. vətəndaşın hərbi vəzifəsi barədə məlumat - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsi.

2.30. Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına vətəndaş haqqında daxil edilmiş məlumatların düzgünlüyünü vəsiqə sahibinin ödənişsiz olaraq elektron avadanlıqdan istifadə etməklə yoxlaması vəsiqə verən və ya məlumatı dəyişən orqanda təmin olunur.

2.31. Vəsiqə verən orqanda şəxsiyyət vəsiqəsinin sahibinə fərdi məlumatların subyekti kimi özü barəsində toplanılmış məlumatların məzmunu ilə tanış olmaq, fərdi məlumatların dəqiqləşdirilməsini və mühafizəsini tələb etmək və qanunvericiliklə müəyyən olunmuş digər hüquqlardan istifadə etmək imkanları yaradılır.

3. Şəxsiyyət vəsiqəsinin itirilməsi və ya oğurlanması

3.1. Vətəndaş şəxsiyyət vəsiqəsini itirdikdə, onu harada, nə vaxt və hansı şəraitdə itirdiyini göstərməklə, vəsiqə verən orqana yazılı məlumat verməlidir.

3.2. Şəxsiyyət vəsiqəsini itirdiyini bildirən vətəndaş həmin vəsiqəni taparsa və ya itirilmiş şəxsiyyət vəsiqəsi yeni şəxsiyyət vəsiqəsi verildikdən sonra tapılarsa, tapılmış şəxsiyyət vəsiqəsi dərhal vəsiqə verən orqana təhvil verilməlidir.

3.3. Vətəndaş şəxsiyyət vəsiqəsini itirdiyi barədə vəsiqə verən orqana yazılı müraciət etdikdə və onun şəxsiyyəti müəyyənləşdirildikdə, bu barədə məlumat Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinə ötürülür. İtirilmiş vəsiqə barədə məlumat Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinə daxil edildikdən sonra həmin sənəd qüvvədən düşmüş hesab edilir, İAMAS-da aktiv statusu dəyişdirilir. Şəxsiyyət vəsiqəsinin itirilməsinə görə inzibati cərimə və şəxsiyyət vəsiqəsinin verilməsinə görə dövlət rüsumu ödənildikdən və şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket doldurulduqdan sonra, bu Əsasnamənin 2.1-ci, 2.3-cü, 2.4-cü, 2.7-ci - 2.16-cı bəndlərində  müəyyən edilmiş qaydada vətəndaşa yeni şəxsiyyət vəsiqəsi verilir.

3.4. Şəxsiyyət vəsiqəsi oğurlandıqda, vətəndaş bu barədə cinayətin baş verdiyi yerin polis orqanına yazılı müraciət etməlidir. Belə ərizənin qəbul olunması haqqında vətəndaşa arayış verilir və bu arayış oğurlanmış şəxsiyyət vəsiqəsinin qüvvədən düşməsi barədə Qüvvədən düşmüş sənədlərin dövlət reyestrində qeydiyyatın aparılması və bunun əsasında vətəndaşa yeni şəxsiyyət vəsiqəsinin verilməsi üçün əsas hesab edilir.

4. Şəxsiyyət vəsiqəsinin müvəqqəti alınması

4.1. Vətəndaş müddətli həqiqi hərbi xidmətə çağırıldıqda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsi, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinə daxil olduqda isə həmin müəssisənin müdiriyyəti müvafiq olaraq çağırışçıdan (kursantdan) şəxsiyyət vəsiqəsini təqdim etməyi tələb edir. Həmin vətəndaş şəxsiyyət vəsiqəsini təqdim etmədikdə, şəxsiyyət vəsiqəsinin olmamasının səbəbləri və ya şəxsiyyət vəsiqəsinin harada olması haqqında izahat yazır.

4.2. Müvəqqəti alınan şəxsiyyət vəsiqəsi hərbi xidmət başa çatanadək saxlanılmaq üçün vəsiqə verən orqana göndərilir. Şəxsiyyət vəsiqəsini geri alarkən, hərbi vəzifəlilər hərbi biletdə onun qeydiyyatda olması barədə qeydi vəsiqə verən orqanın məsul əməkdaşına təqdim etməlidirlər.

4.3. Barəsində həbs və ona alternativ qətimkan tədbirləri seçilmiş, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş vətəndaşdan şəxsiyyət vəsiqəsi təhqiqat, ibtidai istintaq, məhkəmə orqanları və cəzanı icra edən orqanlar tərəfindən müvəqqəti alınır və həmin şəxs haqqında iş üzrə icraata və ya şəxsi işə əlavə edilir. Göstərilən əsaslar aradan qalxdıqda şəxsiyyət vəsiqəsi dərhal sahibinə qaytarılır.

4.4. Şəxsiyyət vəsiqəsinin girov götürülməsi və vətəndaşdan alınması (bu Əsasnamənin 4.1-ci və 4.3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla) qadağandır.

5. Şəxsiyyət vəsiqəsinin təhvil verilməsi və qüvvədən düşmüş hesab edilməsi

5.1. Vətəndaş öldükdə onun şəxsiyyət vəsiqəsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqana təhvil verilir və həmin orqan vətəndaşın ölümünü qeydə aldıqdan sonra şəxsiyyət vəsiqəsini vəsiqə verən orqana göndərir.

5.2. Bu Əsasnamənin 2.22-ci bəndində nəzərdə tutulmuş hallarda və müddətdə vətəndaş şəxsiyyət vəsiqəsini dəyişmədikdə, şəxsiyyət vəsiqəsi qüvvədən düşmüş hesab edilir. Qüvvədən düşmüş hesab edilən şəxsiyyət vəsiqəsi istifadədən çıxarılmalı, həmin sənədə dair məlumatlar İAMAS vasitəsilə Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinə ötürülməli, onun İAMAS-da aktiv statusu dəyişdirilməlidir.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında