2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədi qeydə alınmış Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Taleh Əliyevin 25 sentyabr 2013-cü il tarixli 06 saylı müraciətinə baxılması barədə

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədi qeydə alınmış Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Taleh Əliyev 2013-cü il sentyabrın 25-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək prezidentliyə namizədliyi qeydə alınmış İqbal Ağa-zadənin 22 sentyabr 2013-cü ildə Ağstafa şəhər stadionunda seçicilərlə görüşünə rəsmi icazə verilməsinə baxmayaraq, görüşün normal və dinc şəraitdə, qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün ciddi maneçiliyin törədildiyindən və qanunun tələblərinin rayon rəhbərliyi tərəfindən ciddi pozulduğundan Azərbaycan Respublikası Seçki Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinə uyğun olaraq göstərilən qanun pozuntularının aradan qaldırılması və qanun pozuntusuna əsas səbəbkar olan və göstərişlər verən Ramiz Tatarov və digər şəxslərin haqqında qanuni ölçü götürülməsi barədə tədbir görülməsini xahiş etmişdir.

Müraciətdə qeyd olunur ki, 2013-cü il sentyabrın 22-də saat 11.00 olmasına baxmayaraq, görüşün keçiriləcəyi şəhər stadionunun böyük qapıları açılmamış, elektrik enerjisi kəsildiyindən səsgücləndirici quraşdırmaq mümkün olmamışdır. Stadionun ətrafındakı parkda çoxlu sayda mülki geyimdə hüquq-mühafizə orqanlarının işçiləri, icra hakimiyyətinin nümayəndələri və dövlət orqanlarında işləyən digər məmurlar toplaşmış, polis gücləndirilmiş iş rejiminə keçmişdir. Rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, icra nümayəndələri və bələdiyyə sədrləri Ağstafa şəhərinə gətirilərək görüşün qarşısını almaq üçün səfərbər olunmuş, stadiona giriş istiqamətində yol boyu düzülərək həm parkdan, həm də digər istiqamətdən görüşə gələn seçicilərin qarşısını kəsib onlara hədə-qorxu gələrək görüşdə iştirak edəcəkləri təqdirdə polisə çağırılacaqlarını və cəzalandırılacaqlarını bildirmişlər. Nümayəndələrindən aldıqları məlumata görə həmin vaxt bütün kəndlərdən rayon mərkəzinə gələn yollar bağlanılmış, kənd icra nümayəndələri yollarda dayanaraq öz ərazilərindən görüşdə iştirak etmək istəyənlərin adlarını yazmış, seçiciləri təhdid edərək geri qaytarmışlar. Kütləvi görüşün baş tutmaması üçün mülki geyimli polis və MTN əməkdaşları xüsusi canfəşanlıq etmiş, ətrafda yaşlılardan ibarət xüsusi hazırlanmış təxribatçı qruplar fəaliyyət göstərərək mitinqə gələn gəncləri geri qaytarmışlar. Həmin təxribatçılar tərəfindən prezidentliyə namizəd İqbal Ağa-zadənin əleyhinə piar aparılmış, təxribatçılar mitinq təşkilatçılarına açıq təzyiq etməkdən belə çəkinməmişlər. Təxribatçılar seçicilərə müraciət edərək İqbal Ağa-zadənin əleyhinə müxtəlif fikirlər səsləndirib seçiciləri geri qaytarmışlar. Bütün proseslərə Ağstafa Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini, YAP-ın yerli şöbəsinin sədri Ramiz Tatarov rəhbərlik etmiş, şəxsən bu proseslərdə iştirak edib görüşə gələn seçicilərdən geri qayıtmağı tələb etmişdir. Bununla bağlı, Taleh Əliyevlə Ramiz Tatarov arasında mübahisə yaranmış, Taleh Əliyev onun prosesə açıq şəkildə müdaxilə etməsinə və baş verənlərə etiraz etmişdir. Belə ki, dəfələrlə Ramiz Tatarovdan ərazini tərk etmək tələb olunsa da, o buna məhəl qoymamış, açıq şəkildə mitinq təşkilatçılarını və namizədin səlahiyyətli nümayəndələrini, o cümlədən Ruslan Mürsəlovu  təhdid etmişdir. Görüşdə iştirak edən şəxslərin kimliyini müəyyən edərək sonradan onlara təzyiq göstərmək məqsədilə hüquq-mühafizə orqanları tərəfindən göndərilmiş, əlində videokamera olan şəxs stadiona girməyə cəhd etmişdir. Yerli hakimiyyət nümayəndələri görüşdən bir gün əvvəl mitinqdə iştirakı ehtimal olunan seçicilərin evlərinə gedərək onlara İqbal Ağa-zadə ilə görüşdə iştirak etməmək barədə xəbərdarlıq etmişlər. Ərizəçi hesab edir ki, qeyd olunan hərəkət və hərəkətsizlik nəticəsində Azərbaycan Respublikası Seçki Məcəlləsinin 2, 11, 11-1, 74 və 86-cı maddələrinin tələbləri pozulmuşdur.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinin və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Araşdırma prosesində ərizəçi ilə əlaqə yaradılmış, araşdırmada iştirak etmək hüququ barədə ona məlumat verilmiş, araşdırmaya yardım etməyə dəvət olunaraq müraciətdə qeyd edilən hallarla əlaqədar əlavə sübutlara malikdirsə, ona həmin sübutların təqdim edilməsi təklif edilmişdir.

Müraciətin tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması nəticəsində aşağıdakılara əsasən müəyyən olunmuşdur ki, qeydə alınmış namizəd İqbal Ağa-zadənin Ağstafa şəhər stadionunda seçicilərlə görüşü zamanı Azərbaycan Respublikası Seçki Məcəlləsinin 2, 11, 11-1, 74, 86-cı maddələrinin və digər qanunvericilik aktlarının tələbləri pozulmamışdır.

Belə ki, Ağstafa Rayon Polis Şöbəsi tərəfindən təqdim edilmiş arayışda qeyd edilir ki, Ümid Partiyasının prezidentliyə namizədi İqbal Ağa-zadənin 22 sentyabr 2013-cü il tarixdə saat 12.00-dan 14.00-dək Ağstafa şəhər stadionunda seçicilərlə təşviqat xarakterli görüşünün keçirilməsi barədə Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən rəsmi icazə verilməsi barədə Polis Şöbəsinə məktub daxil olduğundan, ictimai asayişin təmin edilməsi məqsədi ilə şöbənin aidiyyəti əməkdaşları təlimatlandırılaraq xidmətə cəlb edilmişlər. Həmin gün saat 13 radələrində İqbal Ağa-zadə stadiona gəlmiş, qısa bir müddətdə təşviqatını aparmış və seçicilərin az olduğunu görüb öz iradını bildirərək orada olan şəxsləri Ağstafa şəhərinin küçələrinə yürüş etməyə çağırmışdır. Bununla əlaqədar asayiş keşikçiləri tərəfindən İqbal Ağa-zadəyə və yürüşə cəhd etmək istəyənlərə qanunun tələblərinə əməl etmələri tövsiyə olunmuş və şəhər küçələrinə yürüş etməyə cəhdin qarşısı alınmışdır. 2013-cü il 22 sentyabr tarixdə polis əməkdaşları yaxud digər dövlət orqanları əməkdaşlarının görüşün qarşısını almaq üçün görüşə gələn seçicilərin qarşısını kəsib onlara hədə-qorxu gəlməsi, görüşdə iştirak edəcəkləri təqdirdə polisə çağırılacaqları və cəzalandırılacaqları barədə fikirlər söyləməsi halları olmamış, kəndlərdən rayon mərkəzinə gələn yollar bağlanılmamışdır. Görüşün keçirilməsinin qarşısının alınması məqsədilə polis əməkdaşları hər hansı bir formada qanunsuz hərəkət etməmişdir.

Bundan başqa, Azərbaycan Respublikası “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti “Gəncə Regional Elektrik Şəbəkəsi” MMC-nin  Ağstafa Elektrik Şəbəkəsi tərəfindən təqdim edilmiş arayışından görünür ki, 2013-cü il 22 sentyabr tarixdə Ağstafa şəhər stadionunun elektrik enerjisi təchizatında fasilə olmamışdır.

Araşdırma zamanı izahatı alınmış Ağstafa Rayon Gənclər və İdman İdarəsinin rəisi Həsənov Feyruz Vaqif oğlu bildirmişdir ki, 22 sentyabr 2013-cü il tarixdə prezidentliyə namizəd İqbal Ağa-zadənin seçicilərlə görüşü üçün Rayon İcra Hakimiyyəti tərəfindən Ağstafa şəhər stadionu ayrıldığından həmin yerdə görüşün keçirilməsi üçün bütün zəruri şərait yaradılmışdır. Belə ki, həmin gün saat 10.30-dan şəhər stadionunun qapıları açılmış, stadionun enerji təchizatında hər hansı bir qüsur və fasilə olmamışdır. Görüş təşkilatçıları səsgücləndirici qurğulardan lazımi qaydada istifadə etməklə seçiciləri stadiona dəvət etmiş və bu zaman onlara qarşı hər hansı bir formada qanunsuz hərəkətlər edilməmişdir. İqbal Ağa-zadə normal şəkildə öz platformasını elan etdikdən sonra stadionda olan şəxsləri şəhərin küçələrinə yürüş etməyə çağırmış, lakin yürüşün qarşısı stadionun giriş qapısının yanında olan polis əməkdaşları tərəfindən alınmışdır.

Araşdırma zamanı izahatı alınmış Ağstafa Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini, Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Tatarov Ramiz Cahangir oğlu bildirmişdir ki, o, 13 avqust 2013-cü il tarixindən etibarən əmək məzuniyyətinə çıxmışdır. YAP-ın yerli təşkilatının sədri kimi o, 2013-cü il 22 sentyabr saat 12 radələrində digər namizədin təşviqatını izləmək məqsədilə Ağstafa şəhər stadionunun yaxınlığındakı istirahət parkında olan zaman Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Taleh Əliyevin ona yaxınlaşaraq tədbirə hazırlıq ərəfəsində rayonda olduğu müddətdə onların heç bir probleminin olmadığını, buna görə ona təşəkkür etdiyini və seçicilərin görüşə gəlməsində bəzi maneələrin olduğunu bildirib köməklik göstərməsini xahiş etmişdir. Ramiz Tatarov görüş üçün hansısa problemin olmasından xəbərsiz olduğunu bildirərək hər hansı bir çətinliyin olacağı təqdirdə onlara lazımi köməyin ediləcəyini bildirmişdir. Stadionun ətrafındakı parkda icra hakimiyyətinin əməkdaşları tərəfindən görüşün qarşısını almaq üçün seçicilərə hər hansı bir formada təsir, yaxud təzyiq göstərilməsi halları baş verməmişdir. Şəxsən Ramiz Tatarovun özü tərəfindən də sözügedən təsir və təzyiqlərə yol verilməmiş, mitinq təşkilatçılarına və namizədin səlahiyyətli nümayəndələrinə, o cümlədən Taleh Əliyev və Ruslan Mürsəlova qarşı hansısa formada qanunsuz hərəkətlər edilməmişdir. Az adam gəldiyi üçün görüş qısa müddətli olmuş və İqbal Ağa-zadə tərəfindən onlara Ağstafa şəhərinin küçələrinə yürüşün edilməsi ilə bağlı çağırış edilmiş, lakin bunun qarşısı polis əməkdaşları tərəfindən alınmışdır.

Araşdırma zamanı izahatı alınmış, qeydə alınmış namizəd Cəmil Həsənlinin 108 saylı Ağstafa seçki dairəsinin 14 saylı məntəqə seçki komissiyasındakı məşvərətçi səs hüquqlu üzvü Məmmədov Əli Zeynalabidin oğlu bildirmişdir ki, İqbal Ağa-zadənin 22 sentyabr 2013-cü il tarixdə seçicilərlə Ağstafa şəhər stadionundakı görüşündə o da iştirak etmiş və  hər hansı bir qanun pozuntusunun şahidi olmamışdır. Belə ki, bir gün əvvəl, yəni 21 sentyabr 2013-cü il tarixdə Cəmil Həsənlinin səlahiyyətli nümayəndələrinin də Ağstafa şəhərində təşkil edilmiş görüşü zamanı yaradılmış şərait eynilə İqbal Ağa-zadə üçün də yaradılmışdır.

Araşdırma zamanı izahatı alınmış Babanlı Baba Mahmud oğlu bildirmişdir ki, 22 sentyabr 2013-cü il tarixdə Ağstafa şəhər stadionunun yaxınlığındakı parkda istirahət edərkən  İqbal Ağa-zadənin Ağstafa şəhər stadionunun giriş qapısının yanında olan bir neçə şəxsin şəhər küçələrinə yürüş etmək barədə çağırışını eşitmiş və bundan sonra polis əməkdaşlarının onların qarşısını aldıqlarını birbaşa görmüşdür. Yaşlı bir şəhər sakini kimi onlara yaxınlaşaraq rayonda və ümumiyyətlə, ölkə ərazisində yaranmış sabitliyi, əmin-amanlığı pozmamağı tövsiyə etmişdir. Lakin həmin şəxslər nəinki onun tövsiyəsinə qulaq asmış, əksinə onun sözlərinə məhəl qoyulmamışdır. Onların bu hərəkətləri Baba Babanlının şəxsiyyətinə toxunsa da o, həmin şəxslərə, yaxud orada olan digər şəxslərə qarşı hansısa təxribat xarakterli fikirlər söyləməmiş, yalnız şifahi olaraq etirazını bildirmişdir.

Araşdırma zamanı izahatı alınmış Mehdiyev Kamal Məhəmməd oğlu bildirmişdir ki, 22 sentyabr 2013-cü il tarixdə İqbal Ağa-zadənin Ağstafa şəhər stadionunda seçicilərlə görüşünə dəvət olunduğundan həmin görüşdə maraq üçün iştirak etmişdir. Görüş zamanı Ağstafa şəhər stadionuna az adam gəldiyindən görüş qısa vaxt ərzində başa çatmışdır. İqbal Ağa-zadə görüş başa çatdıqdan sonra stadionda olan şəxsləri şəhər küçələrinə yürüş etməyə çağırmışdır. Lakin giriş qapısının yanında polis əməkdaşlarının onların qarşısını aldıqlarını birbaşa görmüşdür. Yaşlı bir şəxs kimi İqbal Ağa-zadədən bu yürüşün nə məqsəd daşıdığını soruşsa da, ona əhəmiyyət verilməmişdir. Bu münasibət isə ona pis təsir etdiyindən əsəbiləşərək öz etirazını bildirib görüş yerini tərk etmişdir.

Beləliklə, 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədi qeydə alınmış Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Taleh Əliyevin prezidentliyə namizədliyi qeydə alınmış İqbal Ağa-zadənin 22 sentyabr 2013-cü ildə Ağstafa şəhər stadionunda seçicilərlə görüşü zamanı görüşün normal və dinc şəraitdə, qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün ciddi maneçiliyin törədilməsi və rayon rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Seçki Məcəlləsinin 2, 11, 11-1, 74, 86-cı maddələrinin və digər qanunvericilik aktlarının tələblərinin pozulması barədə müraciətində göstərdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. Araşdırma zamanı səlahiyyətli nümayəndə Taleh Əliyev müraciətində göstərdiyi halların həqiqətən də baş verməsinə dair mötəbər sübut təqdim etməmiş, müraciətində göstərdiklərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası yuxarıda göstərilənləri rəhbər tutaraq, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və  “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:

1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədi qeydə alınmış Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Taleh Əliyevin 25 sentyabr 2013-cü il tarixli 06 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr   Məzahir Pənahov

Katib    Arifə Muxtarova

Katib    Mikayıl Rəhimov

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında