9 oktyabr 2013-cü ildə keçiriləcək Azərbaycan Respublikasının Prezidenti seçkilərində kütləvi informasiya vasitələri tərəfindən seçkiqabağı təşviqata dair qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyi ilə əlaqədar B Ə Y A N A T

 

Hörmətli  kütləvi informasiya vasitələrinin rəhbərləri və media mənsubları!

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il oktyabrın 9-na təyin edilmiş növbəti seçkilərinin çox mühüm mərhələsi olan seçkiqabağı  təşviqat  kampaniyası davam edir. Bu mərhələdə hüququ olan subyektlərin seçkiqabağı təşviqat aparmaları üçün  qanunvericilikdə nəzərdə tutulmuş bütün imkanlar  və bərabər  şərait yaradılmışdır.

Hələ seçkiqabağı təşviqat ərəfəsində Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərin demokratik tələblərə uyğun, azad, ədalətli və şəffaf keçirilməsində KİV-lərin rolunun əhəmiyyəti və onların qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərmələrinin vacibliyi barədə aidiyyəti qurum və şəxslərə müraciət olunmuşdur və ümumilikdə proses qanunvericiliyin tələblərinə uyğun  davam edir.

Lakin son vaxtlar Seçki Məcəlləsinin tələblərinə görə seçkiqabağı təşviqat prosesində ümumiyyətlə iştirak etmək hüququ olmayan, respublikamızın ərazisində yayımlanan “Azadlıq radiosu TV”, “Amerikanın səsi” və BBC radiostansiyaları kimi nüfuzlu xarici KİV-lər bir çox hallarda seçki prosesini işıqlandırmaq adı altında qanunsuz  təşviqat və əks-təşviqat aparır, bununla da bəzi siyasi maraqların təmsilçisinə çevrilərək, seçicilərin ədalətli məlumat almaq hüquqlarını pozmuş olurlar.

Baş verənlərdən təəssüf hissi keçirən Mərkəzi Seçki Komissiyası nəzdində Mətbuat qrupu bəyan edir ki, seçki qanunvericiliyinin tələblərinə görə seçkiqabağı təşviqat yalnız belə fəaliyyətə səlahiyyəti olan subyektlər tərəfindən, qanunvericiliklə müəyyən olunmuş vasitələrlə və qaydalara əməl edilməklə sentyabrın 16-dan oktyabrın 8-i saat 8.00-dək aparıla bilər.

Qeyd edilən tələblərə zidd olan, seçkiqabağı təşviqat  qaydalarının pozulmasına gətirib çıxaran, hər hansı bir namizədin  lehinə, yaxud əleyhinə olan və ya belə yozula bilən təşviqat materiallarının KİV-lərdə dərc edilməsi və yayımlanması, xüsusilə də buna hüququ olmayan KİV-lər tərəfindən  seçkiqabağı təşviqat aparılması qəti qadağandır.

Bununla yanaşı, o da xüsusi qeyd edilməlidir ki, belə qanunsuz təşviqat, əleyhinə təşviqat aparılan subyektlərin  hüquqlarının pozulmasına səbəb olmaqla yanaşı, lehinə təşviqat aparılan subyektlərin qanunvericiliyə uyğun məsuliyyət daşımasına yol açır və onların qanuni  seçki maraqlarına tam ziddir.

Mərkəzi Seçki Komissiyası nəzdində Mətbuat qrupu bu prosesdə kütləvi informasiya vasitələri tərəfindən qanunvericiliyin tələblərinə ciddi riayət olunmasının vacibliyini  xüsusi vurğulayır, həmin tələblərə əməl olunmamasının qanuni  məsuliyyət doğurduğunu onların nəzərinə çatdırır və inanır ki, həmin qurumların rəhbərləri və digər media mənsubları öz üzərlərinə düşən vəzifələri  layiqincə yerinə yetirəcəklər.

Azərbaycan Respublikasının

Mərkəzi Seçki Komissiyası

nəzdində  Mətbuat qrupu


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında