Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində prezidentliyə namizədlərin qeydiyyatı başa çatmışdır. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 75.2-ci maddəsinə uyğun olaraq səsvermə gününə 23 gün qalmış, yəni 2013-cü il sentyabrın 16-dan seçkiqabağı təşviqat başlanır. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən prezidentliyə namizədlərin ictimai teleradio verilişləri təşkilatının kanallarında ödənişsiz əsaslarla efir vaxtı almaq hüquqları vardır. İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ödənişsiz əsaslarla Azərbaycan Respublikası Seçki Məcəlləsinin 80.5-ci maddəsində nəzərdə tutulduğundan (həftədə azı 3 saat) 2 dəfə artıq (həftədə 6 saat) efir vaxtı ayrılmışdır. Efir vaxtı təqdim etmiş qurumun imkanları daxilində həftənin 1-ci, 3-cü və 5-ci günləri saat 21.00-dan başlamaqla, hər dəfə 1 saat olmaqla radioda, həftəlik cəmi 3 saat müddətində, 2-ci, 4-cü və 6-cı günlər isə TV-də saat 19.00-dan başlamaqla hər dəfə 1 saat olmaqla, həftəlik cəmi 3 saat müddətində istifadəçilərə təqdim edilməsinə dair Mərkəzi Seçki Komissiyası ilə həmin qurum arasında razılığa gəlinmişdir. Ayrılmış efir vaxtının qanunvericiliklə müəyyən edilmiş qaydada həmin vaxtdan istifadə etmək hüququ olan subyektlər arasında bölüşdürülməsi məqsədilə püşkatma komissiyası yaradılmalı, püşkatmanın keçirilməsi tarixi və vaxtı müəyyən olunmalı, püşkatmanın nəticələri protokolla rəsmiləşdirilərək, efir vaxtının bölgüsü cədvəli Azərbaycan Respublikası Seçki Məcəlləsinin 80.7-ci maddəsində nəzərdə tutulan qaydada dərc edilməlidir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 80.4-cü və 80.6-cı maddələrinə əsasən həmin Məcəllənin 75-ci maddəsində göstərilən müddət başlandıqdan sonra bir həftə müddətində Məcəllənin 74.1.3-cü və 74.1.6-cı maddələrində nəzərdə tutulmuş subyektlər arasında, onların verdikləri ərizə əsasında ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bərabər şərtlərlə və bərabər həcmdə bölgüsü məqsədilə püşkatma keçirilir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 80.7-ci maddəsinə əsasən püşkatma müvafiq seçki komissiyalarının, teleradio verilişləri təşkilatları nümayəndələrinin iştirakı ilə, habelə qeydə alınmış namizədlərin, onların səlahiyyətli nümayəndələrinin, vəkil edilmiş şəxslərinin, siyasi partiyaların, siyasi partiyalar bloklarının vəkil edilmiş şəxslərinin, yerli və beynəlxalq müşahidəçilərin iştirak etmək hüququ nəzərə alınmaqla, püşkatmanın keçirilməsi yeri və vaxtı haqqında məlumat rəsmi dərc edilməklə keçirilir. Püşkatmanın nəticələri protokolla rəsmiləşdirilərək, efir vaxtının bölgüsü cədvəli Azərbaycan Respublikası Seçki Məcəlləsinin 77.2-ci maddəsində nəzərdə tutulan dövri nəşrlərdə dərc edilir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 74-cü, 75-ci, 80.1-ci və 80.4 - 80.7-ci maddələrinə əsasən qərara alır:
1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında aşağıdakı tərkibdə püşkatma komissiyası yaradılsın:
Azər Tağıyev - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü
Fuad Cavadov - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü
Almaz Qəhramanlı - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü
Azər Sarıyev - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyi Media və ictimai əlaqələr şöbəsinin müdiri
2. Püşkatma 16 sentyabr 2013-cü il saat 12.00-da keçirilsin.
3. Püşkatma komissiyası ayrılmış efir vaxtının (həftəlik ümumi həcmi 6 saat olan, həftənin 1-ci, 3-cü və 5-ci günləri saat 21.00-dan başlamaqla hər dəfə 1 saat, həftədə 3 saat radioda, 2-ci, 4-cü və 6-cı günləri isə 19.00-dan başlamaqla TV-də hər dəfə 1 saat, həftədə 3 saat) bölgüsünü püşkatma yolu ilə təmin etsin.
4. Püşkatmanın nəticələri protokolla rəsmiləşdirilərək, efir vaxtının bölgüsü cədvəli Azərbaycan Respublikası Seçki Məcəlləsinin 80.7-ci maddəsində nəzərdə tutulan qaydada dərc edilsin.
5. Ayrılmış efir vaxtının keyfiyyətlə və vaxtında istifadəçilərin sərəncamına verilməsi İctimai Televiziya və Radio Yayımları Şirkətinin rəhbərliyinə həvalə edilsin.
6. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.