Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 02 avqust 2013-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Prezidentinin növbəti seçkiləri 9 oktyabr 2013-cü ilə təyin edilmişdir. Seçki qanunvericiliyinin tələblərinə müvafiq olaraq seçkilər prosesində vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilmiş şikayətlərin araşdırılması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada seçki komissiyalarının nəzdində ekspert qrupları yaradılmalıdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-1.1-ci maddəsinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 5.1-ci bəndinə uyğun olaraq vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilmiş şikayətlərin araşdırılması məqsədilə, səsvermə gününə azı altmış gün qalmış, hər seçki (referendum) dövründə fəaliyyət göstərən, tərkibinə müvafiq seçki komissiyasının hüquqşünas üzvləri, o cümlədən peşəkarlıq, dəqiq faktiki və hüquqi təhlillər aparmaq bacarığı, seçki sahəsində iş təcrübəsi, fəaliyyətinin qərəzsizliyi barədə ictimai inamın yüksək olması kimi meyarlara cavab verən seçki komissiyalarının digər (hüquqşünas olmayan) üzvləri və katiblik əməkdaşları daxil edilməklə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində 9 nəfərdən, dairə seçki komissiyalarının nəzdində isə 3 nəfərdən ibarət müvafiq ekspert qrupları yaradılır.
Seçki hüququnun pozulması ilə əlaqədar seçki komissiyalarına daxil olmuş şikayət və müraciətlərin araşdırılmasının təmin edilməsi və onların obyektivliyini və səmərəliliyini artırmaq məqsədilə yuxarıda göstərilən qaydada müvafiq ekspert qruplarının yaradılması zəruridir. Ona görə də Mərkəzi Seçki Komissiyasının nəzdində bu qərarın nəticə hissəsində göstərilmiş və yuxarıda gösrətilən tələblərə cavab verən 9 nəfərdən ibarət tərkibdə ekspert qrupu yaradılmalı, mövcud dairə seçki komissiyalarının nəzdində qanunvericiliklə nəzərdə tutulmuş müddətdən gec olmayaraq müvafiq tələblərə cavab verən 3 nəfərdən ibarət tərkibdə ekspert qruplarının yaradılması isə həmin seçki komissiyalarına həvalə edilməlidir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 112-1.1-ci maddələrinə və yuxarıda göstərilən Təlimat”ın 5.1-ci bəndinə əsasən qərara alır:
1. Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilmiş şikayətlərin araşdırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində 2013-cü il okyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərinin keçirilməsi dövründə fəaliyyət göstərəcək 9 nəfərdən ibarət aşağıdakı tərkibdə ekspert qrupu yaradılsın:
Ramiz İbrahimov - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü
Qabil Orucov - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü
Validə Kazımova - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü
Tofiq Həsənov - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü
Bəxşeyiş Əsgərov- Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü
İradə Hacıyeva - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyi
Hüquq şöbəsinin müdiri
Rafiq Abbasov - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyi
Hüquq şöbəsinin baş məsləhətçisi
Emin Quliyev - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyi
Hüquq şöbəsinin baş məsləhətçisi
İlkin Şahbazov- Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyi
Hüquq şöbəsinin məsləhətçisi
2. Seçki keçiriləcək dairə seçki komissiyalarının nəzdində qanunvericiliklə nəzərdə tutulmuş müddətdən gec olmayaraq müvafiq tələblərə cavab verən 3 nəfərdən ibarət tərkibdə ekspert qruplarının yaradılması həmin seçki komissiyalarına həvalə edilsin.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir PƏNAHOV
Katib Arifə MUXTAROVA
Katib Mikayıl RƏHİMOV
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.