Şriftin ölçüsü:
16.07.2010 05:56 | Oxunma sayı: 924
{nl}
Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında
Ə S A S N A M Ə
I. Ümumi müddəalar
1. Bu Əsasnamə Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"yə uyğun olaraq hazırlanmışdır və miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə (bundan sonra - namizədlər) müsabiqənin keçirilməsi qaydalarını müəyyən edir.
2. Hər bir namizədin bilik səviyyəsinin, peşə hazırlığının, ümumi dünyagörüşünün, miqrasiya orqanlarında vəzifələrə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədi ilə aşkarlıq şəraitində şəffaf üsullarla müsabiqə keçirilir.
3. Miqrasiya orqanlarında vakant ştat vahidləri olduqda, qulluğa qəbulla əlaqədar kütləvi informasiya vasitələrində və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində elan verilir.
4. Müsabiqədə iştirak etmək istəyən namizəd aşağıdakı sənədləri şəxsən təqdim etməlidir:
- vahid forma üzrə ərizə;
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- kadrlar uçotunun şəxsi vərəqəsi;
- tərcümeyi-hal;
- ali təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti;
- 3x4 sm ölçüdə dörd ədəd rəngli fotoşəkil;
- əmək kitabçasının (olduğu təqdirdə) təsdiq edilmiş surəti;
- hərbi biletin təsdiq edilmiş surəti;
- sağlamlıq haqqında arayış.
5. Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədləri müəyyən edilmiş qaydada yoxlanılır.
6. Orta və böyük (baş miqrasiya xidməti müşaviri və miqrasiya xidməti müşaviri istisna olmaqla) xüsusi rütbələr üzrə nəzərdə tutulmuş vəzifələrə, bir qayda olaraq, şəxslər müsabiqə əsasında qəbul edilirlər. Müsabiqə ixtisas imtahanından və söhbətdən ibarətdir.
7. Müsabiqəyə "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"nin tələblərinə cavab verən ali təhsilli şəxslər buraxılırlar.
8. Aşağıda göstərilən şəxslər ixtisas imtahanından azad edilirlər və onlarla yalnız söhbət aparılır:
8.1. prokurorluqda və digər dövlət orqanlarında xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə işləyən şəxslər;
8.2. digər dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçuları;
8.3. hüquq sahəsində elmi dərəcəsi olan şəxslər;
8.4. texnika və informasiya texnologiyaları sahələri üzrə yüksək biliyə və təcrübəyə malik olan mütəxəssislər;
8.5. böyük (kiçik miqrasiya xidməti müşaviri istisna olmaqla) xüsusi rütbələr üzrə nəzərdə tutulmuş vəzifələrə qəbul üçün müraciət edən şəxslər.
II. Müsabiqə komissiyası
9. Müsabiqənin keçirilməsi üçün müsabiqə komissiyası (bundan sonra - komissiya) yaradılır. Komissiyanın tərkibi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi tərəfindən təsdiq edilir.
10. Komissiyanın işinə müvafiq sahələr üzrə alim, psixoloq və ekspertlər cəlb edilə bilərlər.
11. Komissiyanın iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İclasların vaxtı, yeri və müzakirəyə çıxarılan məsələlər barədə komissiya üzvlərinə qabaqcadan məlumat verilir.
12. Komissiyanın iclaslarında baxılan məsələlər üzrə qərarlar açıq səsvermə və səs çoxluğu ilə qəbul edilir. Sədr sonuncu səs verir və səslər bərabər olduqda, onun səsi həlledicidir. Qərarlar iclaslarda iştirak edən bütün komissiya üzvləri tərəfindən imzalanır. Komissiya üzvünün xüsusi rəyi olduqda, rəy qərara əlavə edilir. Komissiyanın işinə qanunsuz müdaxilə yolverilməzdir.
III. Müsabiqənin keçirilməsi
13. Namizədlərin müsabiqəyə buraxılması, müsabiqənin şəffaf üsullarla keçirilməsinin təşkilinə dair digər məsələlər müvafiq normativ hüquqi aktlara uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən müəyyən edilir və ictimaiyyətə çatdırılır.
14. Müsabiqənin müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək məqsədi ilə aidiyyəti dövlət orqanları cəlb oluna bilərlər.
{nl}
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.