Şriftin ölçüsü:
07.07.2010 05:14 | Oxunma sayı: 1105
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanmışdır və kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi qaydalarını müəyyən edir.
1.2. Bu Qaydalar kredit təşkilatları və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, kommersiya təşkilatlarına (bundan sonra - kommersiya təşkilatları) şamil edilir.
1.3. İctimai əhəmiyyətli qurumlar illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun şəkildə tərtib edirlər.
1.4. Kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və ya Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun tərtib edirlər.
2. İllik maliyyə hesabatlarının tərkibi
Kommersiya təşkilatları üzrə illik maliyyə hesabatlarının tərkibi aşağıdakılardan ibarətdir:
- mühasibat balansı;
- mənfəət və zərər haqqında hesabat;
- kapitalda dəyişikliklər haqqında hesabat;
- pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
- uçot siyasəti və izahlı qeydlər.
3. İllik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi qaydası
3.1. Kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı il aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər.
3.2. Kommersiya təşkilatı illik maliyyə hesabatlarını tabe olduğu yuxarı təşkilata və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən əsas cəmiyyətə, bunlar olmadıqda isə təsisçiyə (təsisçilərə) təqdim edir.
3.3. Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən kommersiya təşkilatı həmin hesabatları tabe olduğu yuxarı təşkilata və təsisçiyə (təsisçilərə) təqdim edir.
3.4. Kommersiya təşkilatının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hazırlanması, təqdim olunması, uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunvericiliyin pozulması halları aşkar edildikdə, onların tabe olduqları yuxarı təşkilat və təsisçi (təsisçilər) tərəfindən bu təşkilat üzrə qanunvericiliyin tələblərinə əsasən müvafiq tədbirlərin görülməsi barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət edilir.
3.5 Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarının ölkə ərazisində tətbiqi ilə bağlı nəzarəti həyata keçirmək məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təbii inhisar fəaliyyəti subyektlərinə və dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaitləri ayrılan kommersiya təşkilatlarına, habelə bu Qaydaların 1.2-ci bəndinə uyğun olaraq, digər kommersiya təşkilatlarına illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi barədə müraciət edilir.
3.6. Bu Qaydaların 3.5-ci bəndində göstərilən müraciəti alan kommersiya təşkilatları maliyyə hesabatlarını aşağıdakı müddətlərdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər:
3.6.1. müraciət təşkilatlara hesabatın təqdim edilmə dövründən əvvəl daxil olmuşdursa, hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq, sonrakı il aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq;
3.6.2. müraciət təşkilatlara hesabatın təqdim edilmə dövründən sonra daxil olmuşdursa, 30 gün müddətində.
3.7. Bu Qaydaların 3.5-ci bəndində göstərilən mühasibat uçotu subyektləri tərəfindən maliyyə hesabatlarının və müvafiq sənədlərin təqdim olunması zamanı mühasibat uçotu üzrə qanunvericiliyin, hesabat və məlumatların təqdim edilməsi qaydalarının pozulması halları aşkar edildiyi təqdirdə, qanunvericilikdə nəzərdə tutulmuş prosedur qaydalarına uyğun olaraq cərimələr tətbiq edilir.
4. İllik maliyyə hesabatları və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları üçün hesabat dövrü
4.1. İllik maliyyə hesabatları və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları üçün aşağıdakı hesabat dövrləri müəyyən edilir:
4.1.1. kommersiya təşkilatları üçün hesabat dövrü yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla;
4.1.2. il ərzində oktyabr ayının 1-dək yeni yaradılan kommersiya təşkilatları üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən, dekabr ayının 31-i də daxil olmaqla;
4.1.3. oktyabr ayının 1-dən sonra yeni yaradılmış kommersiya təşkilatları üçün isə birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən, növbəti il dekabr ayının 31-i də daxil olmaqla.
5. İllik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının dərc edilməsi
Kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını qanunvericiliklə müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə təşkilatın internet səhifəsi olduqda, həmin internet səhifəsində yerləşdirir və mətbu orqanda dərc etdirir.{nl}
{nl}
{nl}
{nl}
{nl}
{nl}
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.