Bu qanun Azərbaycan Respublikasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətləri tənzimləyir, bu münasibətlərin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.
Maddə 1. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında qanunvericilik
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, Azərbaycan Respublikasının Əmək Məcəlləsindən, "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunundan, bu qanundan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən və digər normativ hüquqi aktlardan ibarətdir.
Maddə 2. Əsas anlayışlar
2.0. Bu qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.0.1. istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta (bundan sonra - icbari sığorta) - istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta sinfidir;
2.0.2. istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi (bundan sonra - icbari sığorta müqaviləsi) - icbari sığortanın təmin edilməsi üçün sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta hadisəsi nəticəsində sığortaçının sığorta ödənişini həyata keçirmək öhdəliyini nəzərdə tutan yazılı razılaşma;
2.0.3. sığorta olunan - xeyrinə icbari sığorta müqaviləsi bağlanılan və bu Qanunla müəyyən olunmuş hallarda sığorta ödənişi almaq hüququ olan bu Qanunun 3-cü maddəsində göstərilən şəxslər;
2.0.4. sığortalı - sığorta olunanın xeyrinə icbari sığorta müqaviləsi bağlayan Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi və fiziki şəxslər, dövlət orqanları;
2.0.5. sığortaçı - Azərbaycan Respublikasında həyat sığortası sahəsi üzrə sığorta fəaliyyətini həyata keçirmək üçün lisenziyaya malik olan və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növünü aparmağa, həmçinin qanunvericiliklə müəyyən olunmuş hallarda annuitet sığortası aparmağa müvafiq icazə almış yerli hüquqi şəxs;
2.0.6. faydalanan şəxs - bu qanuna uyğun olaraq sığorta müqaviləsindən faydalanan (sığorta ödənişi almaq hüququ olan) şəxs;
2.0.7. annuitet müqaviləsi - qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icazə almış sığortaçı və faydalanan şəxs arasında bağlanılan, həmin faydalanan şəxsin xeyrinə dövri sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan sığorta müqaviləsi;
2.0.8. müqavilə ili - icbari sığorta müqaviləsinin qüvvədə olduğu birinci il və həmin müqavilənin qüvvədə olduğu bütün dövr ərzində tamam olan hər növbəti il;
2.0.9. istehsalat - fiziki şəxsin işləri, xidmətləri (bundan sonra - əmək funksiyalarını) haqqı ödənilməklə yerinə yetirdiyi iş yeri;
2.0.10. istehsalatda bədbəxt hadisə - əmək funksiyalarını yerinə yetirərkən xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxsin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halı;
2.0.11. peşə xəstəliyi - əlverişsiz və zərərli istehsalat amillərinin sığorta olunanın orqanizminə təsiri nəticəsində baş verən xroniki və ya kəskin xəstəlik;
2.0.12. sığorta hadisəsi - icbari sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi, yaxud ölümü ilə əlaqədar bu qanuna görə sığorta ödənişinin faydalanan şəxsə ödənilməsi üçün əsas olan hal;
2.0.13. sığorta ödənişi - sığorta hadisəsi baş verdikdə, sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı maddi itkilərin bərpası məqsədilə faydalanan şəxsə verilən pul təzminatı;
2.0.14. sığorta haqqı - icbari sığorta müqaviləsi üzrə risklərin qəbul edilməsi müqabilində sığortalı tərəfindən sığortaçıya ödənilməli olan pul məbləği;
2.0.15. sığorta məbləği - icbari sığorta müqaviləsi üzrə sığortaçının öhdəliyinin son həddi;
2.0.16. annuitet haqqı - bu qanuna uyğun olaraq annuitet müqaviləsi bağlanıldığı hallarda faydalanan şəxsə dövri sığorta ödənişlərinin ödənilməsi öhdəliyi müqabilində annuitet müqaviləsi üzrə sığortaçıya ödənilən pul məbləği;
2.0.17. sığorta tarifi - icbari sığorta müqaviləsi üzrə sığorta haqqının hesablanması üçün bu qanuna uyğun olaraq müəyyən olunan əmək haqqı fonduna tətbiq olunan faiz dərəcəsi;
2.0.18. peşə riskinin dərəcəsi - əmək funksiyalarını yerinə yetirərkən peşə əmək qabiliyyətinin itirilməsi və ya ölüm ehtimalının iqtisadi fəaliyyət növləri və sığorta olunanların kateqoriyaları üzrə səviyyəsi;
2.0.19. sığorta olunanların kateqoriyaları - sığorta olunanların istehsalatda yerinə yetirilən əmək funksiyalarının xarakterinə görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada bölgüsü;
2.0.20. peşə əmək qabiliyyəti - müəyyən ixtisasa uyğun olaraq əmək funksiyalarını müəyyən edilmiş həcmdə və keyfiyyətlə yerinə yetirmək bacarığı;
2.0.21. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi - sığorta olunanın sığorta hadisəsi baş verənədək malik olduğu peşə əmək qabiliyyətinin davamlı itirilməsinin faizlə ifadəsi.
Maddə 3. Sığorta olunanlar
3.1. Aşağıdakı şəxslər bu qanunun əsasında bağlanılan icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar:
3.1.1. hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə qanunvericiliyə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər (hərbi və ya xüsusi rütbəsi olan şəxslər istisna olmaqla);
3.1.2. azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş və işləyən şəxslər;
3.1.3. məcburi dövlət sosial sığortasına cəlb olunması nəzərdə tutulan seçkili ödənişli vəzifələrdə işləyənlər (Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları istisna olmaqla);
3.1.4. istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlər;
3.1.5. müəssisələrdə işə cəlb edilən hərbi qulluqçular;
3.1.6. təbii fəlakətlərin qarşısının alınmasına və nəticələrinin aradan qaldırılmasına, habelə hərbi və fövqəladə vəziyyət rejimində işlərin yerinə yetirilməsinə cəlb edilən şəxslər;
3.1.7. fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.
3.2. Bu qanun qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də ("Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi dövlət sosial sığortasına cəlb olunmayan əcnəbilər istisna olmaqla) şamil olunur.
Maddə 4. Sığortalılar
4.0. Bu qanuna əsasən aşağıdakılar icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi daşıyırlar:
4.0.1. Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri;
4.0.2. dövlət orqanları;
4.0.3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər;
4.0.4. seçkili orqanlar;
4.0.5. fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.
Maddə 5. Faydalanan şəxslər
5.0. Aşağıdakı şəxslər bu qanuna əsasən faydalanan şəxs sayılırlar:
5.0.1. sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanlar;
5.0.2. sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda aşağıdakı şəxslər:
5.0.2.1. sığorta olunanın himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər;
5.0.2.2. sığorta olunanın ölümündən sonra doğulmuş uşağı;
5.0.2.3. sığorta olunanın himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna ehtiyacı olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və əmək qabiliyyətindən asılı olmayaraq işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü;
5.0.2.4. sığorta olunanın himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslər.
Maddə 6. Sığorta olunanın hüquq və vəzifələri
6.1. Sığorta olunanın aşağıdakı hüquqları vardır:
6.1.1. qanunvericiliklə müəyyən edilmiş qaydada istehsalatdan ayrılmadan və ya istehsalatdan ayrılmaqla, təhlükəsiz əmək metodlarına, əməyin mühafizəsi qaydalarına və təlimatlarına dair ödənişsiz təlim keçmək;
6.1.2. qanunvericiliklə müəyyən edilmiş qaydada sığortalının hesabına ilkin və vaxtaşırı icbari tibbi müayinələrdən keçmək;
6.1.3. sığortalıdan və sığortaçıdan icbari sığorta ilə bağlı hüquqları və vəzifələri barədə ödənişsiz məlumat almaq;
6.1.4. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
6.2. Sığorta olunanın aşağıdakı vəzifələri vardır:
6.2.1. əməyin mühafizəsi qaydalarına və əməyin mühafizəsinə dair təlimatlara riayət etmək;
6.2.2. əmək müqaviləsində və ya mülki-hüquqi müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmək;
6.2.3. icbari sığorta müqaviləsində göstərilmiş məlumatların dəyişməsi haqqında, belə halların yarandığı tarixdən 10 iş günündən gec olmayaraq sığortalıya məlumat vermək;
6.2.4. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Maddə 7. Sığortalının hüquq və vəzifələri
7.1. Sığortalının aşağıdakı hüquqları vardır:
7.1.1. icbari sığorta müqaviləsinin bağlanması üçün sığortaçını bu Qanunun 11.2-ci maddəsində göstərilən tələbləri nəzərə alaraq sərbəst seçmək;
7.1.2. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqatında iştirak etmək;
7.1.3. sığorta hadisəsinin baş verdiyi halda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada sığorta olunanın müayinə olunmasında şəxsən və ya nümayəndəsi vasitəsilə iştirak etmək;
7.1.4. özünün, habelə sığorta olunanların hüquq və qanuni mənafelərini müdafiə etmək;
7.1.5. sığortaçıdan icbari sığortanın şərtlərinin, icbari sığorta müqaviləsi üzrə hüquq və vəzifələrin izah edilməsini tələb etmək;
7.1.6. sığorta ödənişinin həyata keçirilməsindən imtina və ya onun məbləğinin azaldılması haqqında sığortaçının qərarından qanunvericiliklə nəzərdə tutulmuş qaydada şikayət etmək;
7.1.7. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
7.2. Sığortalının aşağıdakı vəzifələri vardır:
7.2.1. bu qanunla müəyyən edilmiş qaydada sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamaq;
7.2.2. icbari sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə, qaydada və müddətlərdə sığorta haqqını sığortaçıya ödəmək;
7.2.3. sığorta olunanların kateqoriyalarında və peşə riski dərəcəsində dəyişikliklər edildikdə, onların kateqoriyalarında dəyişikliklərin edildiyi andan 10 iş günü müddətində sığortaçını bu barədə məlumatlandırmaq;
7.2.4. sığorta hadisələrinin baş verməsinin qarşısının alınması sahəsində tədbirlər həyata keçirmək, habelə qanunvericiliyə uyğun olaraq təhlükəsiz əmək şəraitini təmin etmək;
7.2.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada sığorta hadisələrinin araşdırılmasını təmin etmək;
7.2.6. sığorta hadisəsinin baş verməsi tarixindən 3 iş günü ərzində sığortaçıya bu barədə məlumat vermək;
7.2.7. sığorta haqqının hesablanmasına və ödənilməsinə, sığorta ödənişinin təyin edilməsinə əsas verən, icbari sığortanın həyata keçirilməsi üçün zəruri olan və əldə edilməsi özündən asılı olan digər sənədləri sığortaçıya təqdim etmək;
7.2.8. qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sığorta olunanın ilkin tibbi müayinədən və vaxtaşırı icbari tibbi müayinədən keçirilməsini təmin etmək;
7.2.9. yenidən təşkil olunması, ləğv edilməsi və ya fəaliyyətinə xitam verilməsi barədə sığortaçıya dərhal məlumat vermək;
7.2.10. sığorta hadisələrinin baş verməsinin qarşısının alınması və onların araşdırılmasının nəticələri üzrə müvafiq icra hakimiyyəti orqanının qərarlarını və göstərişlərini yerinə yetirmək;
7.2.11. sığorta olunanlara onların hüquq və vəzifələrini, habelə icbari sığortanın şərtləri və qaydalarını izah etmək;
7.2.12. sığorta haqlarının hesablanmasının və köçürülməsinin düzgün uçotunu aparmaq, sığorta ödənişi üçün əsas olan sənədlərin qorunub saxlanmasını təmin etmək, sığortaçıya sığorta müqaviləsində müəyyən edilmiş qaydada məlumat təqdim etmək;
7.2.13. sığorta hadisəsindən irəli gələn itkilərin azaldılması üçün tədbirlər görmək;
7.2.14. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
7.3. Bu qanunla sığorta etdirmək vəzifəsi daşıyan sığortalı həmin vəzifəni yerinə yetirmədikdə və ya icbari sığorta müqaviləsini qanunvericiliklə nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda, sığorta hadisəsinin baş verdiyi halda bu qanuna uyğun olaraq xeyrinə sığorta müqaviləsi bağlanmalı şəxslər qarşısında azı bu qanunla müəyyən edilmiş sığorta təminatı həcmində öhdəlik daşıyır.
Maddə 8. Faydalanan şəxsin hüquq və vəzifələri
8.1. Faydalanan şəxsin aşağıdakı hüquqları vardır:
8.1.1. bu qanunla müəyyən olunmuş qaydada və şərtlərlə sığorta ödənişini almaq;
8.1.2. bu qanuna uyğun olaraq annuitet müqaviləsi bağlamaq üçün sığortaçını sərbəst seçmək;
8.1.3. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada sığorta hadisəsinin araşdırılmasında şəxsən, həmçinin müvafiq həmkarlar ittifaqının nümayəndəsi ilə birlikdə iştirak etmək;
8.1.4. sığorta hadisəsinin araşdırılmasının nəticələri ilə razılaşmadığı halda qanunvericiliyə uyğun olaraq şikayət etmək;
8.1.5. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
8.2. Faydalanan şəxsin aşağıdakı vəzifələri vardır:
8.2.1. bu qanunun 18.6-cı maddəsində nəzərdə tutulan sənədləri sığortaçıya təqdim etmək;
8.2.2. icbari sığorta müqaviləsində və ya annuitet müqaviləsində göstərilmiş məlumatların dəyişməsi haqqında, habelə sığorta ödənişinin məbləğinin dəyişməsinə və ya bu ödənişi almaq hüququnun itirilməsinə səbəb ola bilən hallar barədə belə halların yarandığı tarixdən 10 iş günündən gec olmayaraq sığortaçıya məlumat vermək;
8.2.3. 6 aydan gec olmamaq şərti ilə annuitet müqaviləsi üzrə sığortaçını həmin müqaviləyə xitam verilməsi barədə niyyəti haqqında yazılı şəkildə xəbərdar etmək;
8.2.4. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Maddə 9. Sığortaçının hüquq və vəzifələri
9.1. Sığortaçının aşağıdakı hüquqları vardır:
9.1.1. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada sığorta hadisələrinin araşdırılmasında iştirak etmək;
9.1.2. sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsinin müəyyənləşdirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılan müayinədə iştirak etmək, belə müayinənin nəticələri ilə bağlı qərarla razı olmadıqda həmin qərarı qanunvericiliyə uyğun olaraq məhkəmədə mübahisələndirmək, yeni müayinənin keçirilməsini tələb etmək;
9.1.3. icbari sığorta müqaviləsi bağlandığı zaman sığorta riskinin qiymətləndirilməsi üçün həmin müqavilənin tərəfi qismində çıxış edən sığortalının istehsalat şəraitinin araşdırılması tədbirlərini həyata keçirmək, bu məqsədlə müstəqil ekspertləri cəlb etmək;
9.1.4. sığorta hadisələri üzrə məlumatı əldə etmək, yoxlamaq və zəruri hallarda səlahiyyətli dövlət orqanlarına sorğular vermək;
9.1.5. sığortalılardan, sığorta olunanlardan və faydalanan şəxslərdən sığorta hadisəsi ilə əlaqədar bu qanuna uyğun olaraq zəruri sənədləri tələb etmək;
9.1.6. sığorta hadisələrinin baş verməsinin qarşısının alınması ilə bağlı tövsiyələr vermək;
9.1.7. qanunvericilikdə nəzərdə tutulmuş hallarda sığorta ödənişini həyata keçirməkdən imtina etmək;
9.1.8. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
9.2. Sığortaçının aşağıdakı vəzifələri vardır:
9.2.1. sığorta haqlarının vaxtında və tam məbləğdə hesablanıb ödənilməsinə nəzarət etmək;
9.2.2. sığorta ödənişinin bu qanunla müəyyən edilmiş qaydada və müddətdə verilməsini təmin etmək;
9.2.3. sığorta ödənişinin həyata keçirilməsindən imtina haqqında qərar qəbul etdiyi halda sığorta olunana və faydalanan şəxsə imtinanın səbəbləri barədə əsaslandırılmış yazılı bildiriş göndərmək;
9.2.4. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Maddə 10. Sığorta hadisəsinin müəyyən olunması
10.0. Bu Qanuna əsasən sığorta hadisəsi aşağıdakılar əsasında müəyyən olunur:
10.0.1. istehsalatda bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt, yaxud xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı şəxslə bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarı;
10.0.2. müvafiq icra hakimiyyəti orqanının istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərarı və ya şəxsin ölümü haqqında şəhadətnamə.
Maddə 11. İcbari sığorta müqaviləsi
11.1. İcbari sığorta müqaviləsi yalnız həyat sığortası sahəsi üzrə sığorta fəaliyyətinin həyata keçirilməsinə hüquq verən lisenziyaya və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə fəaliyyətin həyata keçirilməsinə sığorta nəzarəti orqanının verdiyi icazəyə malik olan sığortaçı tərəfindən bağlanıla bilər.
11.2. Sığortalı bu Qanunun 11.1-ci maddəsində göstərilən tələbləri nəzərə alaraq sığortaçını seçməkdə sərbəstdir. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, sığortaçı icbari sığorta müqaviləsini bağlamaqdan imtina edə bilməz.
11.3. İcbari sığorta müqaviləsi sığortalının yazılı müraciəti əsasında yazılı formada bağlanılır. İcbari sığorta müqaviləsinin məzmunu və forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
11.4. İcbari sığorta müqaviləsi sığorta olunanın və ya faydalanan şəxsin vəziyyətini qanunvericiliklə müəyyən olunmuş şərtlərlə müqayisədə pisləşdirirsə, sığortaçı sığorta olunan və ya faydalanan şəxs qarşısında bu Qanunla müəyyən olunmuş sığorta təminatı həcmində öhdəlik daşıyır.
11.5. İcbari sığorta müqaviləsi müddətsiz bağlanılır.
11.6. İcbari sığorta müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada qüvvəyə minir.
11.7. İcbari sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
11.7.1. müqavilə ilinin sonuna azı 30 gün qalmış icbari sığorta müqaviləsinə xitam verilməsi barədə sığortaçının xəbərdar edilməsi şərti ilə sığortalının təşəbbüsü əsasında;
11.7.2. qanunvericiliyə uyğun olaraq sığortalı ləğv edildikdə və ya onun fəaliyyətinə xitam verildikdə;
11.7.3. sığortalının sığorta olunanla bağlamış olduğu əmək müqaviləsinə, yaxud mülki-hüquqi müqaviləyə xitam verildiyi halda, həmin sığorta olunana münasibətdə;
11.7.4. qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
11.8. İcbari sığorta müqaviləsinə xitam verilməsi sığortaçını faydalanan şəxsə həmin müqavilənin qüvvədə olduğu dövr ərzində baş vermiş sığorta hadisələri üzrə sığorta ödənişini vermək öhdəliyindən azad etmir.
11.9. Əqdlərin etibarsızlığının qanunvericilikdə nəzərdə tutulmuş əsasları ilə yanaşı, icbari sığorta müqaviləsi aşağıdakı hallarda da bağlandığı andan etibarsız sayılır:
11.9.1. sığorta müqaviləsi sığortaçının və ya sığortalının adından müqavilə bağlamağa səlahiyyəti olmayan şəxslərlə bağlandıqda;
11.9.2. bu Qanunda nəzərdə tutulmayan və sığortalının vəziyyətini pisləşdirən əlavə şərtlər sığorta müqaviləsinə daxil edildikdə həmin şərtlərə münasibətdə;
11.9.3. sığorta fəaliyyəti ilə məşğul olmaq hüququ olmayan və ya müvafiq sığorta növünü aparmağa icazəsi olmayan şəxs sığortaçı qismində müvafiq sığorta müqaviləsini bağladıqda (bu halda ödənilmiş sığorta haqları tam həcmdə sığortalıya qaytarılır).
Maddə 12. Annuitet müqaviləsi
12.1. Bu Qanunun 16.3-cü maddəsinə əsasən birdəfəlik sığorta ödənişi almış faydalanan şəxs annuitet müqaviləsi bağlamaq hüququ olan sığortaçı ilə annuitet müqaviləsi bağlaya bilər.
12.2. Annuitet müqaviləsinin məzmunu və forması, onun bağlanılması, dəyişdirilməsi və ona xitam verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 13. Sığorta tarifi
13.1. Peşə riskinin dərəcəsindən və sığorta olunanların kateqoriyalarından asılı olaraq fərqləndirilən sığorta tarifləri 2 faizdən artıq olmamaq şərtilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
13.2. Sığorta tarifləri hər təqvim ili üçün müəyyən olunur.
13.3. Növbəti təqvim ili üçün sığorta tarifləri cari ilin dekabr ayının 1-dək müəyyən olunmalıdır.
Maddə 14. Sığorta haqqı və sığorta məbləği
14.1. Sığorta haqqı bu Qanuna uyğun olaraq xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxslərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada hesablanan bir illik əmək haqqı fondunun sığorta tarifinə hasili əsasında müəyyən edilir.
14.2. Sığorta haqqı sığortalı tərəfindən sığortaçıya müqavilə ilinin əvvəlində icbari sığorta müqaviləsində nəzərdə tutulmuş qaydada hissə-hissə və ya birdəfəlik ödənilir.
14.3. İcbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta olunanların kateqoriyalarında və peşə riski dərəcəsində, həmçinin əmək haqqı fondunda dəyişikliklər baş verərsə, sığorta haqqı bu dəyişikliklərin tarixindən müvafiq müqavilə ilinin başa çatmasına qədər qalmış vaxta mütənasib şəkildə yenidən hesablanmalıdır.
14.4. Bu qanunun məqsədləri üçün icbari sığorta müqaviləsi üzrə sığorta məbləğinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 15. Annuitet haqqı
Annuitet haqqının məbləğinin hesablanması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən aktuar prinsiplər gözlənilməklə müəyyən olunur.
Maddə 16. Sığorta ödənişi
16.1. Bu qanuna uyğun olaraq faydalanan şəxslərə aşağıdakı sığorta ödənişləri verilə bilər:
16.1.1. aylıq sığorta ödənişi;
16.1.2. birdəfəlik sığorta ödənişi;
16.1.3. əlavə sığorta ödənişi.
16.2. Aylıq sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi ilə bağlı itirilmiş aylıq əmək haqqı əvəzində faydalanan şəxsə verilən pul təzminatıdır.
16.3. Birdəfəlik sığorta ödənişi bu qanunla müəyyən olunmuş qaydada aylıq sığorta ödənişi məbləğlərinin cəm halda birdəfəlik ödənilməsidir. Birdəfəlik sığorta ödənişi aşağıdakı hallarda verilir:
16.3.1. sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunana əlillik növbəti müayinə müddəti göstərilmədən təyin edildikdə;
16.3.2. sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda.
16.4. Əlavə sığorta ödənişi sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunana müalicəyə, əlavə qidalanmaya, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzinin ödənilməsinə görə verilən pul təzminatıdır.
Maddə 17. Sığorta ödənişi məbləğlərinin hesablanması
17.1. Aylıq sığorta ödənişinin məbləği sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətini itirdiyi tarixdən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin sığorta hadisəsi nəticəsində itirilmiş peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilir.
17.2. Bu qanunun 17.1-ci maddəsində nəzərdə tutulmuş orta aylıq əmək haqqı miqdarının hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
17.3. Aylıq sığorta ödənişi məbləğinin hesablanması zamanı sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın orta aylıq əmək haqqı barədə lazımi sənədləri əldə etmək mümkün olmadıqda aylıq sığorta ödənişinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən iqtisadiyyatın müvafiq sahəsində lazım olan dövr üçün müəyyən edilmiş orta aylıq əmək haqqı əsasında hesablanır.
17.4. Birdəfəlik sığorta ödənişinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada hesablanır.
17.5. Əlavə sığorta ödənişi məbləğinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
17.6. Sığortaçı öz müstəqil qərarına əsasən bu qanunla müəyyən olunmuş sığorta məbləğlərinə üstəlik sığorta ödənişi ödəyə bilər.
Maddə 18. Sığorta ödənişinin verilməsi qaydası
18.1. İcbari sığorta müqaviləsi üzrə aylıq sığorta ödənişi sığorta hadisəsi nəticəsində sığorta olunanın əvvəlki peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi gündən verilir.
18.2. Annuitet müqaviləsi üzrə sığorta ödənişi sığorta olunana müvafiq icra hakimiyyəti orqanı tərəfindən müddətsiz əlillik müəyyən edilən gündən, sığorta hadisəsi ölümlə nəticələndiyi halda isə sığorta olunanın vəfat etdiyi gündən, lakin faydalanan şəxsin həmin ödənişi almaq hüququnu əldə etdiyi gündən tez olmayaraq verilir.
18.3. Birdəfəlik sığorta ödənişi icbari sığorta müqaviləsi və ya annuitet müqaviləsi üzrə faydalanan şəxslə sığortaçı arasında razılaşmaya əsasən bu qanunun 17.4-cü maddəsinə uyğun olaraq verilir.
18.4. Əlavə sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanının qərarında müəyyən olunmuş tarixdən və müddət ərzində verilir.
18.5. Əlavə sığorta ödənişi sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın həmin ödənişə aid yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun qanunvericilikdə nəzərdə tutulmadığı halda verilir.
18.6. Sığorta ödənişinin təyin edilməsi sığortaçı tərəfindən faydalanan şəxsin tələbinə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş siyahıda göstərilən sənədlərə əsasən həyata keçirilir.
18.7. Sığorta ödənişinin təyin edilməsi, verilməsinin dayandırılması və bərpa olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
18.8. Sığortaçı sığorta ödənişi təyin etmək üçün bu qanunun 18.6-cı maddəsində göstərilən sənədlərdən əlavə digər sənəd tələb edə bilməz.
18.9. Sığorta ödənişini almaq üçün sığorta tələbi və müvafiq sənədlərin təqdim edildiyi tarixdən 10 iş günü ərzində (sığorta olunan öldükdə isə 2 iş günü ərzində) sığortaçı sığorta ödənişinin verilib-verilməməsi barədə qərar çıxarır və bu barədə faydalanan şəxsə rəsmi məlumat verir.
18.10. Sığortaçı bu qanunun 9.1.2-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının aparılmış müayinənin nəticələri barədə qərarı ilə razı olmadıqda həmin qərarı qanunvericiliyə uyğun olaraq mübahisələndirmək və yeni müayinənin keçirilməsini tələb etmək niyyəti barədə bu qanunun 18.9-cu maddəsində nəzərdə tutulmuş müddət ərzində faydalanan şəxsə rəsmi məlumat verməlidir.
18.11. Faydalanan şəxs sığorta tələbini sığorta ödənişini almaq hüququ yarandıqdan sonra üç ildən gec təqdim etdikdə sığorta ödənişi bu tələbin verildiyi tarixdən əvvəlki üç il üçün ödənilir. Bu müraciət üç il ərzində edildikdə isə, sığorta ödənişi bu hüququn yarandığı gündən etibarən bütün dövrə şamil edilir.
Maddə 19. Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi qaydası
19.1. Sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyənləşdirilməsi məqsədilə müayinə edilməsi sığorta olunanın, sığortalının və ya sığortaçının müraciəti, yaxud qanunvericiliyə əsasən məhkəmənin qərarı əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
19.2. Sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyənləşdirilməsi, o cümlədən həmin məqsədlə ilkin və təkrar müayinə edilməsi qaydası qanunvericiliklə müəyyən olunur.
Maddə 20. Sığorta ödənişindən imtinanın əsasları
20.0. Sığortaçı aşağıdakı hallarda sığorta ödənişinin verilməsindən imtina edir:
20.0.1. sığorta hadisəsi sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlərinin nəticəsi olduqda;
20.0.2. sığorta hadisəsi sığorta olunanın əmək funksiyalarını icra edərkən alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən sərxoş vəziyyətdə olması halında baş verdikdə;
20.0.3. Azərbaycan Respublikasının sığorta qanunvericiliyinə uyğun olaraq sığorta ödənişindən imtinanın digər ümumi əsasları mövcud olduqda.
Maddə 21. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində dövlət nəzarəti
21.1. Sığortaçıların icbari sığorta üzrə fəaliyyətinə dövlət nəzarəti Azərbaycan Respublikasının sığorta qanunvericiliyinə uyğun olaraq sığorta nəzarəti orqanı tərəfindən həyata keçirilir.
21.2. Sığortalılar tərəfindən bədbəxt hadisələrin və peşə xəstəliklərinin azaldılması üzrə qabaqlayıcı tədbirlərin görülməsi və əməyin mühafizəsi üzrə vəzifələrin yerinə yetirilməsi üzərində qanunvericiliyə uyğun olaraq dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
21.3. Sığortalılar tərəfindən istehsalat zədələri və peşə xəstəlikləri üzrə baş vermiş hadisələrin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 22. Mübahisələrin həlli
Bu qanundan irəli gələn mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll edilir.
Maddə 23. Qanunun pozulmasına görə məsuliyyət
Bu qanunun pozulmasına görə sığortaçılar, sığortalılar, sığorta olunanlar və faydalanan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
{nl}
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 may 2010-cu il
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.