Şriftin ölçüsü:
08.09.2012 10:27 | Oxunma sayı: 1900
"ASAN xidmət" mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Q A Y D A L A R I
1.Ümumi müddəalar
1.1. "ASAN xidmət" mərkəzləri (bundan sonra - mərkəzlər) Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (bundan sonra - Dövlət Agentliyi) tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılmışdır.
1.2. "ASAN xidmət" mərkəzləri dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir.
1.3. Mərkəzlərin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur.
1.4. Mərkəzlər öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.
2. Mərkəzlərin fəaliyyətinin məqsədləri
2.1. "ASAN xidmət" mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır.
2.2. "ASAN xidmət" mərkəzlərinin fəaliyyətinin məqsədləri aşağıdakılardır:
2.2.1. vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması;
2.2.2. vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunması;
2.2.3. peşəkarlıq səviyyəsinin artırılması;
2.2.4. dövlət strukturlarına etimadın daha da gücləndirilməsi;
2.2.5. şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi;
2.2.6. elektron xidmətlərdən daha geniş istifadə olunması;
2.2.7. bu sahədə aparılan institusional islahatların səmərəliliyinin artırılması.
3. Mərkəzlərin fəaliyyətinin təşkili
3.1. Mərkəzlərin strukturu və işçilərinin say tərkibi Dövlət Agentliyinin sədri tərəfindən müəyyən edilir.
3.2. Mərkəzlərin fəaliyyəti aşağıdakı qaydada təşkil edilir:
3.2.1. vətəndaş mərkəzə daxil olaraq məlumat köşkündən əldə etmək istədiyi sənəd üçün hansı şöbəyə və hansı sənədlərlə müraciət etməli olduğunu öyrənir və həmin şöbənin pəncərəsində elektron növbə əsasında gözləyir.
Növbə çatdıqda xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədləri təqdim edə və əldə etmək istədiyi sənədi qanunla müəyyən edilmiş müddətlərdə götürə bilər;
3.2.2. mərkəzlərdə vətəndaşların məlumat əldə etməsini asanlaşdırmaq məqsədi ilə elektron lövhələr və işarələr yerləşdirilməlidir;
3.2.3. mərkəzlərdə xidmətlər qeydiyyat yerindən asılı olmayaraq bütün vətəndaşlar üçün həyata keçirilməli və təqvimin bütün günlərində fasiləsiz vətəndaşlara açıq olmalıdır;
3.2.4. mərkəzlər vətəndaşların gözləməsi və vaxtını səmərəli keçirməsi üçün funksional yardımçı xidmətlərə (uşaq əyləncə mərkəzi, internet-kafe, bank, poçt şöbələri və s.) malik olmalıdır;
3.2.5. mərkəzlərdə göstərilən bütün xidmətlər bir-biri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərməli və müasir informasiya texnologiyalarından geniş istifadə edilməlidir;
3.2.6. xidmət üçün qanunla müəyyən edilmiş ödənişlər bank şöbələri, ödəmə nöqtələri və ya internet vasitəsilə ödənilməlidir.
3.3. Mərkəzlərdə şəffaflığın təmin edilməsi, qiymətləndirmənin aparılması məqsədi ilə xidmət aparılan otaqların divarları şəffaf, görünən materiallardan olmalı, hər bir xidməti pəncərələrdə xidmət proseduru fasiləsiz olaraq videokamera vasitəsilə qeydiyyata alınmalıdır.
4. Mərkəzlərdə xidmətlər və onların göstərilməsi qaydaları
4.1. "ASAN xidmət" mərkəzlərində xidmətlər aşağıdakı istiqamətlərə bölünür:
4.1.1. birbaşa (yerində) xidmət;
4.1.2. özünəxidmət;
4.1.3."Çağrı" mərkəzi;
4.1.4. səyyar xidmətlər.
4.2. Birbaşa xidmət vətəndaşa "ASAN xidmət" mərkəzində müraciət etdiyi dövlət orqanı tərəfindən bilavasitə xidmət göstərilməsidir.
4.3. Özünəxidmət dedikdə mərkəzdə daim internetə açıq olan kompyuterlər vasitəsilə vətəndaşların bütün növ elektron xidmətlərdən yararlana bilmək imkanı nəzərdə tutulur.
4.4. "Çağrı" mərkəzləri vasitəsilə vətəndaş mərkəzə gəlmədən internet və ya telefon vasitəsilə bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat ala, növbə tuta, mərkəzin fəaliyyəti ilə bağlı təkliflərini bildirə bilər. "Çağrı" mərkəzi eyni zamanda videoqəbul vasitəsilə vətəndaşlara informasiya xidmətini həyata keçirir.
4.5. Səyyar xidmətlər dedikdə vətəndaş qanunla nəzərdə tutulmuş qaydada əlavə ödəniş aparılmaqla onun iş və ya yaşayış yerini tərk etmədən xidmətlərdən yararlanması nəzərdə tutulur. Yəni, xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədlər və xidmətin nəticəsi olaraq vətəndaşa verilməli olan sənədlər onun yaşayış və ya iş yerində təhvil götürülə və təhvil verilə bilər.
Səyyar xidmətlər kənardan qulluğa və yardıma ehtiyacı olan əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün əlavə ödəniş aparılmadan həyata keçirilir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.