Azərbaycan Respublikasının Qanunu
{nl}
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, №4, II kitab, maddə 251, №5, maddə 323, №12, maddə 835; 2001, №1, maddə 24, №7, maddə 455; 2002, №1, maddə 9, №5, maddələr 236, 248, 258, №6, maddə 326, №8, maddə 465; 2003, №6, maddələr 276, 279, №8, maddələr 424, 425, №12, I kitab, maddə 676; 2004, №1, maddə 10, №4, maddə 200, №5, maddə 321, №8, maddə 598, №10, maddə 762, № 11, maddə 900; 2005, №1, maddə 3, №6, maddə 462, №7, maddə 575, №10, maddə 904, №11, maddə 994; 2006, №2, maddələr 71, 72, 75, №5, maddə 390, №12, maddələr 1008, 1020, 1028; 2007, №2, maddə 68, №5, maddə 398, №6, maddələr 560, 562, 579, №8, maddə 757, №10, maddələr 937, 941, №11, maddələr 1049, 1080, 1090, №12, maddə 1221; 2008, №6, maddələr 454, 461, №7, maddə 602, №10, maddə 884, №12, maddələr 1047, 1049; 2009, №5, maddə 315, №7, maddə 517, №12, maddə 953; 2010, №2, maddə 70, №3, maddələr 171, 178, №4, maddələr 275, 276, №7, maddə 591; 2011, №4, maddə 253, №6, maddə 472, №7, maddələr 587, 601, 621, №11, maddə 980, №12, maddə 1093; 2012, №2, maddə 45, №3, maddələr 193, 196) aşağıdakı dəyişikliklər edilsin:
1. Məcəllənin otuzuncu fəsli aşağıdakı redaksiyada verilsin:
"Otuzuncu fəsil
KİBERCİNAYƏTLƏR
Maddə 271. Kompyuter sisteminə qanunsuz daxil olma
271.1. Kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan həmin sistemə və ya onun hər hansı bir hissəsinə mühafizə tədbirlərini pozmaqla, yaxud burada saxlanılan kompyuter məlumatlarını ələ keçirmək və ya başqa şəxsi niyyətlə qəsdən daxil olma
- iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
271.2. Eyni əməllər:
271.2.1. təkrar törədildikdə;
271.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə;
271.2.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə -
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
271.3. Bu məcəllənin 271.1 və ya 271.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə münasibətdə törədildikdə -
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu Məcəllənin 271-273-2-ci maddələrində "kompyuter sistemi" dedikdə, müvafiq proqramlara uyğun olaraq verilənlərin avtomatlaşdırılmış işlənməsini həyata keçirən hər hansı qurğu və ya bir-birinə qoşulmuş və ya əlaqələndirilmiş qurğular qrupu başa düşülür.
2. Bu məcəllənin 271-273-2-ci maddələrində "kompyuter məlumatları" dedikdə, kompyuter sistemində işlənməsi, emal edilməsi üçün yararlı olan istənilən informasiya (faktlar, məlumatlar, proqramlar və anlayışlar) başa düşülür.
3. Bu məcəllənin 271-273-cü maddələrində "ictimai əhəmiyyətli infrastruktur obyekti" dedikdə, dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən xidmətlər göstərən dövlət idarə, müəssisə, təşkilatları, qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar), kredit təşkilatları, sığorta şirkətləri, investisiya fondları başa düşülür.
Maddə 272. Kompyuter məlumatlarını qanunsuz ələ keçirmə
272.1. Kompyuter sisteminə, kompyuter sistemindən və ya bu sistem daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompyuter məlumatlarının, o cümlədən bu cür kompyuter məlumatlarının daşıyıcısı olan kompyuter sistemlərinin elektromaqnit şüalanmasının, buna hüququ olmayan şəxs tərəfindən texniki vasitələrdən istifadə etməklə qəsdən ələ keçirilməsi - iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
272.2. Eyni əməllər:
272.2.1. təkrar törədildikdə;
272.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə;
272.2.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə-
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
272.3. Bu məcəllənin 272.1 və ya 272.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə münasibətdə törədildikdə -
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 273. Kompyuter sisteminə və ya kompyuter məlumatlarına qanunsuz müdaxilə
273.1. Kompyuter məlumatlarının qəsdən zədələnməsi, silinməsi, korlanması, dəyişdirilməsi və ya bloklanması buna hüququ olmayan şəxs tərəfindən törədilməklə əhəmiyyətli zərər vurulmasına səbəb olduqda -
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
273.2. Kompyuter məlumatlarının daxil edilməsi, ötürülməsi, zədələnməsi, silinməsi, korlanması, dəyişdirilməsi və ya bloklanması yolu ilə kompyuter sisteminin işləməsinə buna hüququ olmayan şəxs tərəfindən qəsdən ciddi maneə törədilməsi -
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
273.3. Bu məcəllənin 273.1 və ya 273.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:
273.3.1. təkrar törədildikdə;
273.3.2. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə;
273.3.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə -
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
273.4. Bu məcəllənin 273.1-273.3-cü maddələrində nəzərdə tutulmuş əməllər ictimai əhəmiyyətli infrastruktur obyektlərinin kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə münasibətdə törədildikdə -
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu fəslin maddələrində "əhəmiyyətli zərər" dedikdə, ictimai təhlükəli əməl nəticəsində min manatdan artıq olan məbləğdə ziyan vurulması və ya dövlətin, cəmiyyətin və ya ayrı-ayrı şəxslərin qanunla qorunan maraqlarına digər mühüm zərərin vurulması başa düşülür.
2. Bu məcəllənin 273.2-ci maddəsində "kompyuter sisteminin işləməsinə ciddi maneə törədilməsi" kompyuter sisteminin normal fəaliyyətinin elə bir pozulmasıdır ki, kompyuter sisteminin sahibinin və ya istifadəçisinin bu sistemdən istifadə etmək və ya digər kompyuter sistemləri ilə məlumatları mübadilə etmək imkanını mühüm dərəcədə məhdudlaşdırsın.
Maddə 273-1. Kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi
273-1.1. Hazırlanmasının və ya uyğunlaşdırılmasının əsas məqsədi bu məcəllənin 271-273-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsi olan qurğuların və ya kompyuter proqramlarının istehsalı, həmin cinayətlərin törədilməsi məqsədi ilə idxalı, istifadə üçün əldə olunması, saxlanılması, satışı, yayılması və ya əldə edilməsinə digər formalarda şərait yaradılması, əhəmiyyətli zərər vurduqda -
iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
273-1.2. Kompyuter parollarının, giriş kodlarının və ya kompyuter sisteminə, yaxud onun hər hansı bir hissəsinə hüququ olmadan daxil olmağa imkan verən digər analoji məlumatların bu məcəllənin 271-273-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsi məqsədilə istehsalı, saxlanılması və ya istifadə üçün əldə olunması, əhəmiyyətli zərər vurduqda -
iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
273-1.3. Kompyuter parollarının, giriş kodlarının və ya kompyuter sisteminə, yaxud onun hər hansı bir hissəsinə hüququ olmadan daxil olmağa imkan verən digər analoji məlumatların bu Məcəllənin 271-273-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsi məqsədi ilə satışı, yayılması və ya onların əldə edilməsinə digər formalarda şərait yaradılması -
iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
273-1.4. Bu məcəllənin 273-1.1-273-1.3-cü maddələrində nəzərdə tutulmuş əməllər:
273-1.4.1. təkrar törədildikdə;
273-1.4.2. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə;
273-1.4.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə -
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 273-2. Kompyuter məlumatlarının saxtalaşdırılması
Saxtalaşdırılmış kompyuter məlumatlarını autentik (həqiqi) kompyuter məlumatları kimi qələmə vermək və ya istifadə etmək məqsədilə kompyuter məlumatlarını müvafiq hüquq olmadan qəsdən daxil etmə, dəyişdirmə, silmə və ya bloklama, bu əməllər ilkin kompyuter məlumatlarının autentikliyinin (həqiqiliyinin) pozulmasına səbəb olduqda -
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.".
2. Aşağıdakı məzmunda 171-1-ci maddə əlavə olunsun:
"Maddə 171-1. Uşaq pornoqrafiyasının dövriyyəsi
171-1.1. Uşaq pornoqrafiyasını yayma, reklam etmə, satma, başqasına vermə, göndərmə, təklif etmə, əldə edilməsinə şərait yaratma, yaxud yaymaq və ya reklam etmək məqsədilə hazırlama, əldə etmə və ya saxlama -
səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
171-1.2. Eyni əməllər:
171-1.2.1. təkrar törədildikdə;
171-1.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə;
171-1.2.3. xeyli miqdarda gəlir əldə etməklə törədildikdə;
171-1.2.4. yetkinlik yaşına çatmayanın valideynləri və ya üzərinə qanunla yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi qoyulmuş şəxslər və ya yetkinlik yaşına çatmayanlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə;
171-1.2.5. təqsirkar üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə;
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu məcəllənin 171-1-ci maddəsinin məqsədləri üçün "uşaq pornoqrafiyası" dedikdə, yetkinlik yaşına çatmayan şəxsin və ya yetkinlik yaşına çatmayan təsəvvürünü yaradan şəxsin aşkar seksual xarakterli hərəkətlərdə real və ya simulyasiya edilmiş iştirakını əks etdirən, yaxud seksual məqsədlərlə yetkinlik yaşına çatmayanların cinsi orqanlarını əks etdirən istənilən əşyalar və ya materiallar, o cümlədən aşkar seksual hərəkətlərdə iştirak edən yetkinlik yaşına çatmayan şəxsi əks etdirən realistik təsvirlər başa düşülür.
2. Bu Məcəllənin 171-1.2.3-cü maddəsində "xeyli miqdar" dedikdə, min manatdan artıq olan məbləğ başa düşülür.".
{nl}
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 iyun 2012-ci il
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.