Azərbaycan Respublikasının Qanunu
{nl}
Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndinə uyğun olaraq əqli mülkiyyət hüquqlarının müdafiəsinin təmin edilməsi, əqli mülkiyyət hüquqları sahiblərinin maraqlarının qorunması və bu sahədə hüquqpozmaların, o cümlədən müvafiq əqli mülkiyyət obyektlərinin nüsxələrinin qeyri-qanuni istehsalı və yayılmasının qarşısının alınması ilə bağlı yaranan münasibətləri tənzimləyir.
1-Cİ FƏSİL ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
1.0. Bu qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:
1.0.1. əqli mülkiyyət hüquqları - müəlliflik hüququnun obyekti olan əsərlərə, ifalara, fonoqramlara, yayım təşkilatlarının verilişlərinə, inteqral sxem topologiyalarına, məlumat toplularına, folklor nümunələrinə (ənənəvi mədəni nümunələrə), ixtiralara, faydalı modellərə, sənaye nümunələrinə, əmtəə nişanlarına, coğrafi göstəricilərə hüquqlar;
1.0.2.əqli mülkiyyət hüquqlarının sahibi (hüquq sahibi) - əqli mülkiyyət hüquqlarının məxsus olduğu fiziki və ya hüquqi şəxs, o cümlədən folklor nümunələrinə (ənənəvi mədəni nümunələrə) münasibətdə Azərbaycan Respublikası;
1.0.3.audiovizual əsər - müvafiq maddi daşıyıcıya yazılmış, bir-biri ilə əlaqəli olub hərəkət təsəvvürü doğuran və müvafiq texniki qurğuların köməyi ilə görmə (eşitmə) qavrayışı üçün nəzərdə tutulan təsvirlər silsiləsindən ibarət (səslə müşayiət olunan, yaxud olunmayan) kinematoqrafiya əsərləri və kinematoqrafiya vasitələrinə bənzər vasitələrlə ifadə edilmiş digər əsərlər (telefilmlər, videofilmlər, diafilmlər, slaydfilmlər, animasiya filmləri və sair);
1.0.4.fonoqram - ifaların və digər səslərin müvafiq maddi daşıyıcıya müstəsna olaraq səsli yazılması;
1.0.5.kompyuter proqramı - maşınla oxunan formada ifadə edilən və müəyyən məqsədə və ya nəticəyə nail olmaq üçün kompyuteri hərəkətə gətirən sözlər, kodlar, sxemlər və başqa şəkildə təlimatlar məcmusu (kompyuter proqramı ilkin, yaxud obyekt kodlarında ifadə edilmiş həm əməliyyat sistemi, həm də tətbiqi proqramı əhatə edir);
1.0.6.məlumat toplusu - sistemli və ya metodik qaydada tərtib edilmiş və elektron, yaxud digər vasitələrlə əldə oluna bilən əsərlərin, verilənlərin və digər materialların müvafiq maddi daşıyıcıda təqdiminin obyektiv forması;
1.0.7.audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun və kitabın nüsxəsi - audiovizual əsərdən, fonoqramdan, kompyuter proqramından, məlumat toplusundan və kitabdan bilavasitə və ya dolayısı ilə hazırlanmış və müvafiq maddi daşıyıcıda əks olunmuş surət;
1.0.8.nüsxələrin yayılması - audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun və kitabın nüsxələrinin satış və ya sahiblik hüququnun başqa cür verilməsi yolu ilə mülki dövriyyəyə buraxılması;
1.0.9.pirat məhsul - hüquq sahibinin razılığı olmadan hazırlanan (istehsal edilən) və yayılan audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun və kitabın nüsxələri;
1.0.10.piratçılıq - pirat məhsulun hazırlanması (istehsalı) və yayılması;
1.0.11.kontrafakt məhsul - əmtəə nişanları, coğrafi göstəricilər və ya onları qarışdıracaq dərəcədə oxşar nişanlarla qeyri-qanuni təchiz olunan mal;
1.0.12.beynəlxalq standart eyniləşdirmə nömrələri (İSBN, İSMN, İSSN, İSAN və İSRC) - kitabların, not yazılarının, dövri nəşrlərin, audiovizual əsərlərin, audio və ya videoyazıların eyniləşdirilməsini təmin edən unikal rəqəmli kodlar;
1.0.13.nəzarət markası - audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinin müəlliflik hüququ və əlaqəli hüquqlara əməl edilməklə hazırlandığını (istehsal olunduğunu) təsdiq edən və həmin nüsxələri yaymaq hüququ verən, nüsxələrə yapışdırılan hərf-rəqəm kodu və holoqrafik müdafiə vasitəsi olan və birdəfəlik istifadə üçün nəzərdə tutulan vahid nümunəli xüsusi nişan.
Maddə 2. Bu qanunun tətbiq sahəsi
2.1. Bu qanunla müəyyən edilən tədbirlər əqli mülkiyyətə hüquq sahiblərinin hüquqlarının təminatına və mənafelərinin qorunmasına yönəldilir və əqli mülkiyyət hüquqlarının pozulduğu hallarda müvafiq qanunvericilikdə nəzərdə tutulan qaydada tətbiq edilir.
2.2. Əqli mülkiyyət hüquqları sahəsində bu qanunda nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikasının Konstitusiyası, "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında", "Patent haqqında", "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında", "Məlumat toplularının hüquqi qorunması haqqında", "İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında", "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında" Azərbaycan Respublikasının qanunları, digər normativ hüquqi aktlar və Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənir.
2.3. Bu qanun əqli mülkiyyət hüquqları sahəsində Azərbaycan Respublikasının digər qanunlarında nəzərdə tutulan hüquqların təminatına, istisnalara və məhdudiyyətlərə dair müddəaları inkar etmir.
2.4. Bu qanun onun qüvvəyə mindiyi vaxt əqli mülkiyyət qanunvericiliyinə uyğun olaraq qorunma müddəti bitməmiş müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqları obyektlərinə, həmçinin dövlət varidatı elan edilmiş əsərlərə şamil edilir.
2-Cİ FƏSİL ƏQLİ MÜLKİYYƏT HÜQUQLARININ POZULMASI ZAMANI MÜLKİ HÜQUQİ VƏ İNZİBATİ PROSEDURLAR VƏ MÜDAFİƏ VASİTƏLƏRİ
Maddə 3. Mülki hüquqi müdafiəni təmin edən prosedurlar
Əqli mülkiyyət hüquqlarının mülki hüquqi müdafiəsini təmin edən prosedurlar bərabər, ədalətli və sadə olmalı, səmərəsiz ləngimələrə gətirib çıxarmamalı və Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyində nəzərdə tutulan qaydada həyata keçirilməlidir.
Maddə 4. Sübutlar
Əqli mülkiyyət hüquqlarının pozulmasına dair mülki işlərlə əlaqədar sübutların tələb olunması və təmin edilməsi üçün tədbirlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
Maddə 5. İnformasiya hüququ
5.1. Hüquq sahibinin və ya onun nümayəndəsinin əsaslandırılmış müraciəti olduqda, əqli mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar mülki işə baxan məhkəmə hüquqpozmaya yol verən şəxsdən pirat və ya kontrafakt məhsulların hazırlanmasında (istehsal edilməsində), yayılmasında və əqli mülkiyyət hüquqlarını pozan xidmətlərin göstərilməsində birbaşa, yaxud dolayı yolla iştirak edən üçüncü şəxslər barədə, həmçinin belə malların yayılma kanalları haqqında informasiyaların hüquq sahibinə verilməsini cavabdehdən tələb etmək hüququna malikdir.
5.2. Bu qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş halda məhkəmə aşağıdakı informasiyaları tələb edə bilər:
5.2.1. pirat və ya kontrafakt məhsulları istehsal edən, saxlayan və yayan, o cümlədən onların satışını həyata keçirən şəxslərin adları və ünvanları;
5.2.2. hazırlanan (istehsal edilən), göndərilən, qəbul edilən və ya sifariş olunan pirat və ya kontrafakt məhsulların kəmiyyəti və qiyməti.
Maddə 6. Zərərin əvəzinin ödənilməsi
6.1. Hüquqpozmaya yol vermiş şəxsin əqli mülkiyyətdən qeyri-qanuni istifadə ilə bağlı hərəkətlərinin qanuna zidd olduğunu bilmədiyi və ya bunu bilməsinə kifayət qədər əsaslar olmadığı hallarda da məhkəmə hüquq sahibinin çəkdiyi zərərin əvəzinin ödənilməsi barədə qərar qəbul etmək hüququna malikdir.
6.2. Zərər müəyyən edilərkən aşağıdakılar nəzərə alınmalıdır:
6.2.1. hüquq sahibinə məxsus olan əqli mülkiyyətdən qeyri-qanuni istifadə nəticəsində hüquqpozmaya yol vermiş şəxsin əldə etdiyi gəlirlər;
6.2.2. hüquq sahibinin pozulmuş hüquqlarının bərpası üçün vəkilə ödədiyi haqq da daxil olmaqla çəkdiyi və çəkməli olduğu xərclər;
6.2.3. hüquqları pozulmasaydı, hüquq sahibinin ona məxsus olan əqli mülkiyyəti qanuni istifadəyə verəcəyi təqdirdə əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda).
Maddə 7. Məhkəmə qərarından irəli gələn tədbirlər
Məhkəmə hüquqpozmaya səbəb olan malların kompensasiya ödənilmədən ticarət şəbəkəsindən çıxarılması, malların hazırlanmasında (istehsalında) istifadə olunan materialların və avadanlıqların istifadəçidən götürülməsi, müsadirə və ya məhv edilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Belə məsələlərə baxılarkən üçüncü şəxslərin qanuni maraqları nəzərə alınmalıdır.
Maddə 8. Məhkəmə qərarlarının açıqlanması
8.1. Məhkəmə qərarları qanunvericiliklə müəyyən edilmiş qaydada internet informasiya ehtiyatlarında yerləşdirilməlidir.
8.2. Hüquq sahibinin əsaslandırılmış müraciəti olduqda, məhkəmə hüquqpozmaya yol vermiş şəxsin hesabına məhkəmə qərarları barədə məlumatların yayılması, o cümlədən məhkəmə qərarlarının bir hissəsinin və ya tam şəkildə iddiaçının ərizəsində göstərdiyi dövri mətbu nəşrlərdə də dərc edilməsi üçün müvafiq tədbirlər görülməsinə dair qərar çıxarır.
8.3. Bu qanunun 8.2-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarları barədə məlumatların yayılması məqsədi ilə məhkəmə hüquqpozmaya yol vermiş şəxsin hesabına əlavə aşkarlıq tədbirləri görülməsini, o cümlədən həmin məlumatların hər kəs üçün yaxşı görünən lövhələrdə yerləşdirilməsini təmin etmək hüququna malikdir.
Maddə 9. İddianı təmin etmək üçün tədbirlər
9.1. Məhkəmə mülki iddianın təmin edilməsi məqsədi ilə bu qanuna və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq təcili və səmərəli müvəqqəti tədbirlər barədə qərardad çıxarmaq hüququna malikdir.
9.2. Əqli mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar iddianı təmin etmək üçün tədbirlər aşağıdakı məqsədlərlə həyata keçirilir:
9.2.1. əqli mülkiyyət hüquqlarının pozulmasına səbəb olan pirat və ya kontrafakt məhsulların hazırlanmasının (istehsal edilməsinin) və müxtəlif üsullarla yayılmasının qarşısını almaq;
9.2.2. pirat və ya kontrafakt məhsulların ticarət şəbəkələrinə daxil edilməsinin qarşısını almaq;
9.2.3. əqli mülkiyyət hüquqlarının ehtimal olunan pozuntularına aid sübutları qorumaq.
9.3. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddianın təmin edilməsi tədbirlərini tətbiq edə bilər.
9.4. Qərardadın qəbulu ilə bağlı hər hansı gecikdirmə hüquq sahibinə bərpaedilməz zərər vuracaqsa və ya sübutların məhv ediləcəyi barədə əsaslı risk mövcuddursa, məhkəmə iddianı təmin etmək haqqında qərardadı cavabdehin və ya işdə iştirak edən digər şəxslərin iştirakı olmadan, lakin qəbul edilmiş qərardad barədə onlara dərhal xəbər vermək şərti ilə çıxarır.
9.5. İddiaçı hüquq sahibi olduğunu və hüquqlarının pozulduğunu, yaxud bu cür hüquqpozmanın qaçılmaz olduğunu təsdiqləyən sübutları məhkəmənin tələbi ilə ona təqdim etməlidir.
9.6. Hüquqpozma faktı təsdiq edilmədiyi təqdirdə iddianı təmin etmək üçün həyata keçiriləcək tədbirlərin cavabdehə vura biləcəyi zərərin əvəzinin ödənilməsinin təmin edilməsi məqsədi ilə məhkəmə iddianı təmin etmək haqqında qərardad çıxararkən ərizəçidən girov və ya bərabər qiymətli digər təminat qoymasını tələb edə bilər.
9.7. İddianı təmin etmək üçün tədbirləri həyata keçirən orqan müvafiq malların eyniləşdirilməsi ilə bağlı ərizəçidən zəruri informasiyanın verilməsini tələb etmək hüququna malikdir.
9.8. Əqli mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar mülki işlərə dair ərizə məhkəməyə daxil olduğu vaxtdan 20 iş günü müddətində ərizəçinin hərəkəti (hərəkətsizliyi) nəticəsində işə mahiyyəti üzrə baxılmağa başlanmadıqda məhkəmə cavabdehin müraciəti əsasında, lakin işdə iştirak edən şəxsləri dinlədikdən sonra iddianı təmin etmək üçün tədbirləri ləğv edə bilər.
9.9. İddianı təmin etmək üçün tədbirlərin ləğv olunduğu və ya ərizəçinin hərəkəti (hərəkətsizliyi) nəticəsində dayandırıldığı hallarda, yaxud əqli mülkiyyət hüquqlarının pozulmadığı və pozulma təhlükəsinin olmadığı müəyyən edildikdə, məhkəmə cavabdeh tərəfin ərizəsi əsasında həmin tədbirlərin ona vurduğu zərərin iddiaçı tərəfindən ödənilməsi barədə qərar çıxarmaq hüququna malikdir.
Maddə 10. Sərhəd tədbirləri
Gömrük sərhədində əqli mülkiyyət hüquqlarının müdafiəsi, habelə pirat və ya kontrafakt məhsulların idxalının (ixracının) qarşısının alınması məqsədi ilə tədbirlər Azərbaycan Respublikasının Gömrük Məcəlləsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
Maddə 11. İnzibati və cinayət prosedurları
Əqli mülkiyyət hüquqlarının pozulmasına görə inzibati və cinayət məsuliyyəti ilə bağlı tədbirlər, həmçinin bu hüquqlarla bağlı inzibati mübahisələrə baxılması müvafiq olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar, Cinayət, Cinayət-Prosessual və İnzibati Prosessual məcəllələrinin müddəalarına uyğun olaraq həyata keçirilir.
3-CÜ FƏSİL MÜƏLLİFLİK HÜQUQU VƏ ƏLAQƏLİ HÜQUQLAR OBYEKTLƏRİNİN NÜSXƏLƏRİNİN PİRATÇILIQ YOLU İLƏ İSTEHSALINA VƏ YAYILMASINA QARŞI İNZİBATİ TƏDBİRLƏR
Maddə 12. Eyniləşdirmə nömrələri
12.1. Müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin hüquqi qorunmasını təmin etmək məqsədi ilə belə obyektlərdə unikal rəqəmli kodlardan istifadə olunur. Həmin kodlar müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin hazırlanmasının mənşəyi haqqında informasiyanı eyniləşdirməyə imkan verir.
12.2. Müvafiq icra hakimiyyəti orqanı İSBN, İSMN, İSSN, İSAN və İSRC beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi ilə bağlı müvafiq işləri təşkil edir və həyata keçirir.
12.3. Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi qaydalarını və həmin nömrələrin verilməsinə görə haqqın məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin qaydalarda beynəlxalq standart eyniləşdirmə nömrələrinin alınmasının könüllü və məcburi olduğu hallar da müəyyən edilməlidir.
12.4. Müvafiq icra hakimiyyəti orqanı rəqəmsal şəbəkələrdə də müəllif, ifaçı və fonoqram istehsalçılarının əmlak hüquqlarından istifadəyə nəzarət edir, hüquq sahiblərinin mənafelərinə və iradələrinə uyğun olaraq bu hüquqların kollektiv əsasda idarəçiliyini təşkil edir, hüquqların pozulduğu, o cümlədən hüquqlardan istifadəyə qoyulmuş məhdudiyyətləri təmin edən texniki müdafiə vasitələrinin qeyri-qanuni dağıdıldığı, eləcə də hüquq sahibinin razılığı olmadan hüquqların idarə edilməsi haqqında informasiyanın ləğvi, yaxud dəyişdirildiyi hallarda müvafiq tədbirlər görür.
Maddə 13. Nəzarət markası
13.1. Müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat toplusu, kitab) nüsxələrinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən nəzarət markası yapışdırılmalıdır.
13.2. Nəzarət markası almaq hüququ olan şəxslərin dairəsini, nəzarət markasının və onun verilməsi üçün ərizənin nümunələrini, bu ərizəyə baxılma müddətini, nəzarət markalarının verilməsi üçün tələb olunan sənədlərin siyahısını, nəzarət markalarını verməkdən imtinanın əsaslarını, onların vurulma yeri və üsulunu da nəzərdə tutan nəzarət markalarının verilməsi və onlardan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
13.3. Nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
13.4. Nəzarət markalarının hazırlanması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir.
Maddə 14. Nəzarət markalarının və beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi
14.1. Nəzarət markalarının və beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsindən əldə olunan vəsait müvafiq icra hakimiyyəti orqanının büdcədənkənar xüsusi vəsaitlər üzrə xəzinə hesabına köçürülür. Bu vəsaitdən nəzarət markalarının hazırlanması, verilməsi, eləcə də beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi üçün tədbirlərin həyata keçirilməsi, habelə bu qanunun icrasına nəzarətin təmin edilməsi məqsədi ilə istifadə olunur.
14.2. Nəzarət markalarının və beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının büdcədənkənar xüsusi vəsaitlər üzrə xəzinə hesabına köçürülən vəsaitdən istifadə edilməsi və həmin vəsaitdən istifadə haqqında hesabatın dərc olunması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 15. Müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat toplusu, kitab) nüsxələrinin yayılmasına nəzarət
15.1. Nəzarət markalarının verilməsi məqsədi ilə müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat toplusu, kitab) yayılmasına nəzarəti müvafiq icra hakimiyyəti orqanı təmin edir.
15.2. Azərbaycan Respublikası ərazisində kütləvi nümayiş (kinozal, videozal, video yayım məntəqələri, efir və kabel televiziyası) üçün nəzərdə tutulmuş audiovizual əsərlərin (filmlərin) nüsxələrinə nəzarət markaları həmin film "Kinematoqrafiya haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydə alındıqdan və filmlərin dövlət reyestrinə daxil edildikdən sonra yapışdırılır.
15.3. Nəzarət markası olmayan müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat toplusu, kitab) nüsxələrinin yayılmasına yol verilmir.
15.4. Müvafiq icra hakimiyyəti orqanı nüsxələrinə nəzarət markası yapışdırılması nəzərdə tutulan müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat toplusu, kitab) dövlət reyestrini aparır, həmin nüsxələrin yaradılmasının qanuniliyini müəyyənləşdirir, müvafiq məlumatları dərc edir və bu qanunun 3-cü fəslinin müddəalarından irəli gələn məsələlərin tənzimlənməsi ilə bağlı tədbirlər görür.
15.5. Nüsxələrinə nəzarət markası yapışdırılması nəzərdə tutulan müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat toplusu, kitab) dövlət reyestrinin aparılması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
15.6. Ölkəyə idxal edilən müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat toplusu, kitab) nüsxələrinə nəzarət markalarının yapışdırılması proseduru gömrük rəsmiləşdirilməsindən sonra həyata keçirilir.
Maddə 16. Müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat toplusu, kitab) nüsxələrindən və nəzarət markalarından qeyri-qanuni istifadəyə görə məsuliyyət
16.1. Nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışı qadağandır.
16.2. Müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat toplusu, kitab) pirat nüsxələri və bu qanunun tələblərinin pozulması ilə hazırlanan (istehsal edilən), istifadə edilən və satılan nəzarət markaları, habelə onların hazırlanmasında (istehsal edilməsində) və yayılmasında istifadə olunan materiallar, avadanlıqlar və hüquqpozmaya səbəb olan digər vasitələr qanunla müəyyən edilmiş qaydada müsadirə edilir.
16.3. Müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat toplusu, kitab) nüsxələrinin və nəzarət markalarının qeyri-qanuni hazırlanmasının (istehsal edilməsinin) və yayılmasının qarşısının alınması sahəsində nəzarəti müvafiq icra hakimiyyəti orqanı və qanunla səlahiyyət verilmiş digər dövlət orqanları həyata keçirirlər.
16.4. Müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərindən (audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat toplusu, kitab), habelə nəzarət markalarından qeyri-qanuni istifadə edilməsi qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olur.
4-CÜ FƏSİL YEKUN MÜDDƏALAR
Maddə 17. Qanunun qüvvəyə minməsi
Bu qanun dərc edildiyi gündən 90 gün sonra qüvvəyə minir.
{nl}
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 may 2012-ci il
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.