Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında (Ardı)

39.5.4. tərcüməçinin köməyindən pulsuz istifadə etmək;
39.5.5. şahidlərin izahatının alınmasını tələb etmək və onların izahatının alınmasında iştirak etmək.
39.6. Tənbeh tədbiri verilməzdən əvvəl həbs edilmiş şəxsdən izahat alınır. Həbs edilmiş şəxs izahat verməkdən imtina etdikdə bu barədə imtinanın səbəbləri göstərilməklə akt tərtib edilir.
39.7.Həbs edilmiş şəxslər tənbeh tədbirindən yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verə bilərlər. Şikayətin verilməsi tənbeh tədbirinin tətbiqini dayandırmır.

{nl}

Maddə 40. Cərimə təcridxanasında yerləşdirmə
40.1.Cərimə təcridxanası bu qanunun 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda həbs edilmiş şəxsin yerləşdirilməsi üçün nəzərdə tutulan yerdir.
40.2.Cərimə təcridxanasında yerləşdirmə aşağıdakı hallarda müstəsna tədbir kimi tətbiq edilə bilər:
40.2.1. əvvəllər barəsində bu qanunun 39.1.1-ci və ya 39.1.2-ci maddələri ilə müəyyən edilmiş tənbeh tədbirləri bir il ərzində azı iki dəfə tətbiq edilmiş şəxs yenidən Daxili intizam qaydalarını pozduqda;
40.2.2. həbs edilmiş şəxs həbs yerinin işçilərinin qanuni tələblərinə tabe olmadıqda və ya onları hədələdikdə;
40.2.3. həbs edilmiş şəxs xidməti vəzifələrini yerinə yetirən digər şəxsləri hədələdikdə;
40.2.4. həbs edilmiş şəxs digər həbs edilmiş şəxsləri hədələdikdə;
40.2.5. xırda xuliqanlıq əməli törədildikdə.
40.3.Cərimə təcridxanasında yerləşdirilən həbs edilmiş şəxs fərdi çarpayı və yataq ləvazimatı ilə təmin edilir.
40.4.Cərimə təcridxanasında olduğu müddət ərzində həbs edilmiş şəxslərin ərzaq məhsulları əldə etməsi, bağlama, sovqat və banderol alması, stolüstü oyunlar oynaması, televiziya verilişlərinə baxması qadağandır. Bu şəxslərin ünvanına gəlmiş bağlama, sovqat və banderollar cərimə təcridxanasından azad edildikdən sonra onlara təqdim edilir.
40.5. Cərimə təcridxanasında olduğu müddət ərzində həbs edilmiş şəxslərin görüşləri və ya yazışmaları yalnız o halda qadağan edilir ki, onların cərimə təcridxanasında yerləşdirilməsinə əsas verən hüquq pozuntusu bilavasitə görüşlərlə və ya yazışmalarla bağlı olsun.
40.6.Cərimə təcridxanasında yerləşdirilən şəxslər hər gün ən azı 1 saat gəzinti hüququna malikdirlər.
40.7. Həbs edilmiş şəxslər cərimə təcridxanasında yerləşdirildikdən dərhal sonra və cərimə təcridxanasında olduğu müddət ərzində hər gün ən azı bir dəfə tibb işçisi tərəfindən yoxlanılmalı və zəruri tibbi yardımla təmin olunmalıdırlar.
40.8.Barəsində cərimə təcridxanasında yerləşdirmə növündə tənbeh tədbiri tətbiq edilmiş şəxs səhhəti ilə əlaqədar cərimə təcridxanasında saxlanılmasının qeyri-mümkün olması barədə tibbi rəy olduqda, cərimə təcridxanasından azad edilir.
40.9. Cərimə təcridxanasından azad olunma haqqında müvafiq qeydiyyat aparılır.
40.10. Cərimə təcridxanasında yerləşdirmə növündə tənbeh tədbiri yetkinlik yaşına çatmayan şəxslərə, hamilə və ya yanında 3 yaşınadək uşağı olan qadınlara tətbiq edilə bilməz.
Maddə 41. Tutulmuş və ya həbs edilmiş şəxslərin maddi məsuliyyəti
41.1.Tutulmuş və ya həbs edilmiş şəxslər həbs yerində saxlanılan zaman dövlət əmlakına vurduqları ziyana görə qanunla müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyırlar.
41.2.Tutulmuş və ya həbs edilmiş şəxslərin dövlət əmlakına vurduqları maddi ziyanın məbləği yoxlama materialları əsasında həbs yerinin rəisinin və ya onu əvəz edən şəxsin qərarı ilə müəyyən edilir. Maddi ziyanı ödəmək barədə qərar tutulmuş və ya həbs edilmiş şəxsə imza etdirməklə elan olunur. Tutulmuş və ya həbs edilmiş şəxs həmin qərardan yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verə bilər.
41.3.Tutulmuş və ya həbs edilmiş şəxs vurduğu maddi ziyanı könüllü olaraq ödəməkdən imtina etdikdə, həmin ziyanın əvəzi ondan məhkəmə qaydasında tutulur.
41.4.Dəymiş maddi ziyana görə düzgün tutulmayan məbləğ geri qaytarılır və tutulmuş və ya həbs edilmiş şəxsin şəxsi hesabına köçürülür.
41.5.Tutulmuş və ya həbs edilmiş şəxsin xahişi ilə maddi ziyan razılıqları olduqda onun qohumları və ya digər şəxslər tərəfindən ödənilə bilər.
41.6.Cəzaçəkmə müəssisəsinə göndərilərkən ödənilməyən maddi ziyan cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən məhkumun şəxsi hesabından tutulur.
41.7.Tutulmuş və ya həbs edilmiş şəxs həbs yerindən azad edilərkən ödənilməyən maddi ziyanın əvəzi ondan məhkəmə qaydasında tutulur.
41.8.Tutulmuş və ya həbs edilmiş şəxsə həbs yerinin işçiləri tərəfindən vurulan maddi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada tutulur.
Maddə 42. Tutulmuş və ya həbs edilmiş şəxs yeməkdən imtina etdikdə görülən tədbirlər
42.1.Tutulmuş və ya həbs edilmiş şəxs yeməkdən imtina etdikdə, həbs yerinin rəisi və ya onu əvəz edən şəxs bunun səbəbini aydınlaşdırmalı, bu barədə dərhal cinayət prosesini həyata keçirən orqana yazılı formada məlumat verməlidir.
42.2.Yeməkdən imtina etmənin səbəbləri əsaslı olduqda, həbs yerinin müdiriyyəti tutulmuş və ya həbs edilmiş şəxs tərəfindən irəli sürülən qanuni tələblərin təmin edilməsi üçün təcili tədbirlər görür. İrəli sürülmüş tələblərin dərhal təmin edilməsi mümkün olmadıqda, tutulmuş və ya həbs edilmiş şəxsə müvafiq izahat verilir və həmin tələblərin təmin edilməsi üçün tədbirlər görülür.
42.3.Yeməkdən imtina edən tutulmuş və ya həbs edilmiş şəxs, həbs yerinin rəisinin və ya onu əvəz edən şəxsin əsaslandırılmış qərarı ilə digər tutulmuş və ya həbs edilmiş şəxslərdən ayrı saxlanılır, onun üzərində həkim nəzarəti təyin edilir.
42.4.Yeməkdən imtina edən tutulmuş və ya həbs edilmiş şəxsin həbs yerində saxlanılma rejimindən irəli gələn öhdəliklərdən azad edilməsi həkimin tibbi rəyi əsasında həyata keçirilir.
42.5. Yeməkdən imtina edən tutulmuş və ya həbs edilmiş şəxsə Daxili intizam qaydaları ilə nəzərdə tutulan vaxtda müəyyən edilmiş normalar üzrə bu barədə müvafiq qeydiyyat aparılmaqla səhər, günorta və şam yeməyi verilir və ona yeməyi qəbul etmək təklif olunur. Bu təklif rədd edildikdə yeməkdən imtina yeməklərin gətirilməsi haqqında qeydiyyatın aparıldığı vərəqədə qeyd olunur.
42.6. Yeməkdən imtina edən tutulmuş və ya həbs edilmiş şəxsin həyatı üçün təhlükə yarandıqda və o, özü haqqında real qərar qəbul etmək qabiliyyətini itirdikdə həkimin yazılı rəyinə əsasən və onun iştirakı ilə yeməkdən imtina edən tutulmuş və ya həbs edilmiş şəxsin səhhətinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər, o cümlədən həmin şəxsin ləyaqətini alçaltmamaq şərti ilə məcburi qaydada qidalandırılması həyata keçirilir.
42.7. Tutulmuş və ya həbs edilmiş şəxsin yemək qəbulundan imtina etməsi onun digər həbs yerlərinə göndərilməsinə, istintaq hərəkətlərində və məhkəmə iclaslarında iştirakına mane olmur. Yemək qəbulundan imtina edən tutulmuş və ya həbs edilmiş şəxsin digər həbs yerlərinə göndərilməsi tibb işçisinin müşayiəti ilə həyata keçirilir.
Maddə 43. Həbs yerlərində fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqi şərtləri və hüdudları
43.1. Həbs yerlərinin əməkdaşları və ya həbs yerlərində rejimin təmin edilməsinə cəlb olunmuş müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşları tərəfindən fiziki qüvvə, xüsusi vasitələr və ya odlu silah bu qanunla müəyyən edilmiş hallarda və qaydada tətbiq edilir.
43.2. Fiziki qüvvə, xüsusi vasitələr və ya odlu silah tətbiq edilərkən aşağıdakı şərtlərə riayət edilməlidir:
43.2.1. insana qarşı fiziki qüvvə, xüsusi vasitələr və ya odlu silah yalnız son zərurət və ya zəruri müdafiə vəziyyətində, bütün digər təsir imkanlarından istifadə lazımi nəticə vermədikdə, hüquq pozuntusunun ağırlıq dərəcəsindən və ya onu törədənin şəxsiyyətindən asılı olaraq tətbiq edilməlidir;
43.2.2. qrup halında və ya odlu silah işlətməklə basqın edildiyi, o cümlədən silahlı müqavimət göstərildiyi hallar istisna olmaqla, xüsusi vasitələr və ya odlu silah qadınlara, azyaşlılara, yanında azyaşlı uşaqlar olanlara, əlilliyi, yaxud digər fiziki və ya psixi qüsurları aşkar bilinən şəxslərə qarşı, habelə insanların toplaşdığı və ya kənar şəxslərin zərər çəkə biləcəyi yerlərdə tətbiq edilməməlidir;
43.2.3. xüsusi vasitələr və ya odlu silah yalnız real təhlükənin qarşısı alınarkən tətbiq edilə bilər;
43.2.4. fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqi yaranmış təhlükəyə mütənasib olmalıdır;
43.2.5. hüquq pozuntusunun xarakterindən və təhlükəlilik dərəcəsindən, eləcə də göstərilən müqavimətin gücündən asılı olaraq, vurulan zərərin minimal olmasına cəhd edilməlidir;
43.2.6. odlu silah tətbiq edilməzdən əvvəl şifahi xəbərdarlıq edilməli və ya xəbərdarlıq atəşi açılmalıdır (qəfil, yəni birdən-birə gözlənilməz hücum baş verərsə, yaxud hücum üçün odlu silahdan, mexaniki nəqliyyat vasitəsindən və ya təhlükə yaradan yırtıcı, vəhşi və ya başqa heyvandan istifadə olunarsa, xəbərdarlıq etmədən odlu silah tətbiq edilə bilər);
43.2.7. bədən xəsarəti alan şəxslərə ilkin tibbi yardımın göstərilməsi təmin edilməlidir.
43.3. Fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqi haqqında müvafiq qeydiyyat aparılır. Həbs yerinin əməkdaşları tərəfindən fiziki qüvvə və ya xüsusi vasitə tətbiq edildiyi hər bir halda həbs yerinin müdiriyyəti bu barədə dərhal müvafiq icra hakimiyyəti orqanına, odlu silahın tətbiq edilməsi barədə isə habelə prokurorluq orqanlarına yazılı məlumat verməli və hadisə yerinin dəyişilməmiş saxlanılmasına çalışmalıdır.
43.4. Həbs yerinin əməkdaşları tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiq edildiyi hər bir halda müvafiq icra hakimiyyəti orqanı tərəfindən xidməti yoxlama aparılmalı və fiziki qüvvənin, xüsusi vasitənin və ya odlu silahın tətbiqinin qanunauyğun olub-olmaması barədə müvafiq rəy hazırlanmalıdır.
43.5. Həbs yerinin əməkdaşlarının öz səlahiyyətlərini, zəruri müdafiə və son zərurət hədlərini, habelə cinayət törətmiş şəxsin tutulması üçün zəruri olan tədbirlərin həddini aşaraq fiziki qüvvə, xüsusi vasitələr və ya odlu silah tətbiq etməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Maddə 44 . Həbs yerlərində fiziki qüvvənin tətbiqi
Hazırlanan və ya törədilən cinayətin və ya digər hüquq pozuntularının qarşısını almaq, habelə həbs yerinin işçilərinin qanuni tələblərinə müqaviməti aradan qaldırmaq üçün, bunların başqa üsullarla təmin edilməsi mümkün olmadıqda, fiziki qüvvə tətbiq edilə bilər.
Maddə 45 . Həbs yerlərində xüsusi vasitələrin tətbiqi
45.1.Həbs yerində xüsusi vasitələr aşağıdakı hallarda tətbiq edilə bilər:
45.1.1. həbs yerinin işçilərinə və ya digər şəxslərə tutulmuş və ya həbs edilmiş şəxslər tərəfindən edilən hücumları dəf etmək üçün;
45.1.2. kütləvi iğtişaşların və ya həbs yerində saxlanılma rejiminin qrup halında pozulmasının qarşısını almaq üçün;
45.1.3. həbs yerinin işçilərinin və ya həbs yerində rejimin təmin edilməsinə cəlb olunmuş müvafiq icra hakimiyyəti orqanı işçilərinin qanuni tələblərinə tabe olmayan və ya onlara fiziki müqavimət göstərən tutulmuş və ya həbs edilmiş şəxslərin qanunsuz hərəkətlərinin qarşısını almaq üçün;
45.1.4. girov saxlanılan şəxsləri, zəbt olunmuş binaları, yerləri, qurğuları və nəqliyyat vasitələrini azad etmək üçün;
45.1.5. tutulmuş və ya həbs edilmiş şəxslərin həbs yerindən qaçması cəhdinin qarşısını almaq üçün;
45.1.6. tutulmuş və ya həbs edilmiş şəxsin özünə və ətrafdakılara zərər yetirmək cəhdinin qarşısını almaq üçün.
45.2.Tutulmuş və ya həbs edilmiş şəxslərə aşağıdakı xüsusi vasitələr tətbiq olunur:
45.2.1. rezin dəyənəklər - bu qanunun 45.1.1-45.1.6-cı maddələrində göstərilən hallarda;
45.2.2. əl qandalları - bu qanunun 45.1.3, 45.1.5 və 45.1.6-cı maddələrində göstərilən hallarda;
45.2.3. yayındırıcı təsir göstərən işıq-səs vasitələri - bu qanunun 45.1.1-45.1.4-cü və 45.1.6-cı maddələrində göstərilən hallarda;
45.2.4. maneədağıdan vasitələr - bu qanunun 45.1.4-cü maddəsində göstərilən hallarda;
45.2.5. suvuranlar və zirehli maşınlar - bu qanunun 45.1.2-ci və 45.1.4-cü maddələrində göstərilən hallarda;
45.2.6. xidməti itlər - bu qanunun 45.1.1-45.1.6-cı maddələrində göstərilən hallarda;
45.2.7. gözyaşardıcı qaz - bu qanunun 45.1.1-45.1.6-cı maddələrində göstərilən hallarda.
Maddə 46. Odlu silahın tətbiqi
46.0. Həbs yerlərində odlu silah müstəsna tədbir kimi zəruri müdafiə və ya son zərurət vəziyyətində real təhlükənin qarşısı alınarkən aşağıdakı hallarda tətbiq edilə bilər:
46.0.1. həbs yerinin işçilərini, tutulmuş və ya həbs edilmiş şəxsləri və ya digər şəxsləri onların həyatına və sağlamlığına təhlükə yaradan basqından müdafiə etmək üçün;
46.0.2. həyatına və sağlamlığına təhlükə yarandıqda və bu təhlükənin başqa vasitələrlə aradan qaldırılması mümkün olmadıqda, girov saxlanılan şəxsləri azad etmək üçün;
46.0.3. həbs yerinin binalarına, qurğularına və ya nəqliyyat vasitələrinə edilən silahlı hücumları dəf etmək üçün;
46.0.4. silahlı müqavimət göstərən, silahın təhvil verilməsi haqqında qanuni tələbi yerinə yetirməkdən imtina edərək həbs yerinin işçilərinin, tutulmuş və ya həbs edilmiş şəxslərin və ya digər şəxslərin həyatına və sağlamlığına təhlükə yaradan silahlı şəxsin tutulub saxlanılması üçün;
46.0.5. tutulmuş və ya həbs edilmiş şəxsin həbs yerindən və ya müşayiət zamanı qaçmasının qarşısının başqa vasitələrlə alınması mümkün olmadıqda, bu qaçışın qarşısının alınması üçün;
46.0.6. həbs yerinin işçilərinin, tutulmuş və ya həbs edilmiş şəxslərin və ya digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə törədən heyvanların zərərsizləşdirilməsi üçün;
46.0.7. tutulmuş, həbs edilmiş və ya digər şəxslər tərəfindən odlu silahın ələ keçirilməsinin qarşısını almaq üçün;
46.0.8. odlu silah tətbiq etmək niyyəti haqqında xəbərdarlıq edilməsi, həyəcan siqnalı verilməsi və ya kömək çağırılması üçün.
Maddə 47. Həbs yerlərində xüsusi saxlanılma şəraitinin tətbiq edilməsi
47.1.Həbs yerinin işçilərinin, tutulmuş və ya həbs edilmiş şəxslərin və digər şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradan kütləvi iğtişaşlar, habelə təbii fəlakət və ya digər fövqəladə hadisə baş verdikdə, müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən həbs yerində 30 günədək müddətə xüsusi saxlanılma şəraiti tətbiq edilə bilər.
47.2.Həbs yerində xüsusi saxlanılma şəraitinin tətbiq edildiyi müddətdə, tutulmuş və ya həbs edilmiş şəxslərin iştirakı ilə aparılan tədbirlər məhdudlaşdırılır və ya dayandırılır, tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizəsi, onların üzərində nəzarət, habelə buraxılış rejimi gücləndirilir, bağlamaların, sovqatların və banderolların qəbul edilməsi dayandırılır, həbs yerinin normal fəaliyyətinin təmin edilməsi məqsədi ilə digər tədbirlər həyata keçirilir.
47.3.Tutulmuş və ya həbs edilmiş şəxslərin və ya digər şəxslərin həyatı və sağlamlığı üçün real təhlükə yarandıqda, həbs yerinin rəisi müstəqil olaraq bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş tədbirləri tətbiq edə bilər. Bu halda o, tabeliyində olduğu müvafiq icra hakimiyyəti orqanına bu barədə dərhal məlumat verir.
47.4. Həbs yerində xüsusi saxlanılma şəraitinin tətbiq edilməsi barədə prokurorluq orqanlarına yazılı məlumat verilir.
47.5.Həbs yerində xüsusi saxlanılma şəraiti onun tətbiq edilməsi barədə qərarı qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı tərəfindən ləğv edilir.
FƏSİL 4 YEKUN MÜDDƏALAR
Maddə 48. Tutulmuş və ya həbs edilmiş şəxslərin həbsdən azad edilməsinin əsasları və qaydası
48.1.Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq, tutulmuş və ya həbs edilmiş şəxsin azad edilməsi barədə cinayət prosesini həyata keçirən orqanın qəbul etdiyi qərar həbs yerinin müdiriyyəti tərəfindən dərhal icra edilir.
48.2. Aşağıdakı hallarda həbs yerinin rəisi cinayət prosesini həyata keçirən orqanın qərarı olmadan müvafiq protokol tərtib etməklə, tutulmuş və ya həbs edilmiş şəxsi dərhal azad edir:
48.2.1. həbs qətimkan tədbirinin məhkəmə qərarında müəyyən edilmiş müddəti başa çatdıqda və bu müddət uzadılmadıqda;
48.2.2. tutma və ya həbsdə saxlamanın Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulan son müddəti başa çatdıqda;
48.2.3. cinayət prosesini həyata keçirən orqandan şəxsin həbsdən azad edilməsi üçün məhkəmənin təyin etdiyi girovun verilməsi barədə məlumat daxil olduqda.
48.3. Həbs edilmiş şəxsin həbsdə saxlanması müddətinin başa çatmasına 7 gün qalmış həbs yerinin rəisi bu barədə cinayət prosesini həyata keçirən orqana məlumat verir.
48.4. Tutulmuş və ya həbs edilmiş şəxsin azad edilməsinin tarixi və vaxtı qeyd edilir.
48.5. Tutulmuş və ya həbs edilmiş şəxs azad edildikdə onun anbara təhvil verdiyi əşyalar və pul vəsaitləri qaytarılır. Tutulmuş və ya həbs edilmiş şəxs əmlakın ona qaytarıldığını imzası ilə təsdiq edir.
48.6.Həbs yerinin rəisinin və ya onu əvəz edən şəxsin bu qanunun 48.1-ci və 48.2-ci maddələrində göstərilən hallarda tutulmuş və ya həbs edilmiş şəxsi dərhal azad etməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.
Maddə 49. Dövlət nəzarəti və ictimai nəzarət
49.1. Həbs yerlərinə idarədaxili nəzarət qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı, idarədənkənar nəzarət isə məhkəmə və prokurorluq orqanları tərəfindən həyata keçirilir.
49.2. Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) və Milli preventiv qrup üzvlərinin istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən həbs yerlərinə daxil olmaq, orada saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya zəruri saydığı halda mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək, onların həmin yerlərdə saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini almaq, akt tərtib etmək, həyata keçirdikləri tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq, həbs yerlərinin müdiriyyəti tərəfindən təxirə salınmadan qəbul edilmək, Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) isə həmçinin həbs yerlərinə müvafiq tövsiyələr vermək və həmin tövsiyələrə müəyyən edilmiş müddətdə cavablar almaq hüququ vardır.
49.3.Həbs yerlərinin fəaliyyətinə ictimai nəzarət qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.
Maddə 50. Bu qanunun pozulmasına görə məsuliyyət
Bu qanunun pozulmasına görə təqsirli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 may 2012-ci il

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında