Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Bu Konstitusiya Qanunu Azərbaycan Respublikası Konstitusiyasının 108-ci maddəsinin II hissəsinə uyğun olaraq, əvvəllər Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin (bundan sonra - "keçmiş Prezident") və onun ailə üzvlərinin təminatı qaydalarını müəyyən edir.
Maddə 1. Anlayışlar
1.1. Bu Konstitusiya Qanununda "keçmiş Prezident" dedikdə, aşağıdakı şəxslər nəzərdə tutulur:
1.1.1. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutmuş şəxs;
1.1.2. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutmuş və vəfat etmiş şəxs;
1.1.3. Azərbaycan Respublikası Konstitusiyasının 104-cü maddəsinə uyğun olaraq Prezident səlahiyyətlərinə xitam verilmiş şəxs.
1.2. Bu Konstitusiya Qanununda "keçmiş Prezidentin arvadı (əri)" dedikdə, keçmiş Prezidentin vəfat etdiyi tarixdə onunla qanuni nikahda olan arvadı (əri) nəzərdə tutulur.
1.3. Bu Konstitusiya Qanununda "öhdədə olan uşaq" dedikdə, vəfat etmiş keçmiş Prezidentin 18 yaşına çatmamış və öhdəsində olan uşağı, o cümlədən övladlığa götürülmüş uşağı və ya ögey uşağı nəzərdə tutulur.
Maddə 2. Keçmiş Prezidentin pensiyası
2.1. Keçmiş Prezident Azərbaycan Respublikasının fəaliyyətdə olan Prezidentinin aylıq vəzifə maaşının 50 faizi məbləğində aylıq pensiya alır.
2.2. Azərbaycan Respublikası Konstitusiyasının 107-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti vəzifəsindən kənarlaşdırılmış şəxs bu Konstitusiya Qanununun 2.1-ci maddəsində nəzərdə tutulmuş aylıq pensiyanı almaq hüququna malik deyildir.
Maddə 3. Vəfat etmiş keçmiş Prezidentin arvadına (ərinə) və ya öhdəsində olan ailə üzvlərinə ödənilməli olan müavinət
3.1. Keçmiş Prezidentin vəfatından sonra aşağıdakı şəxslərə bu Konstitusiya Qanununun 2.1-ci maddəsinə əsasən keçmiş Prezidentə ödənilməli olan aylıq pensiyanın 50 faizi məbləğində aylıq müavinət ödənilir:
3.1.1. arvadına (ərinə);
3.1.2. arvadı (əri) olmadıqda, öhdəsində olan uşağına.
3.2. Keçmiş Prezident səlahiyyət müddətində vəfat etdikdə aşağıdakı şəxslərə bu Konstitusiya Qanununun 2.1-ci maddəsinə əsasən keçmiş Prezidentə ödənilməli olan pensiya məbləğində aylıq müavinət ödənilir:
3.2.1. arvadına (ərinə);
3.2.2. arvadı (əri) olmadıqda, öhdəsində olan uşağına.
3.3. Bu Konstitusiya Qanununun 3.1-3.2-ci maddələrinə əsasən müavinət alan keçmiş Prezidentin arvadı (əri) vəfat etdikdə ödənilməli olan aylıq müavinət öhdədə olan uşağa ödənilir.
3.4. Öhdədə olan uşaq birdən artıq olduqda, bu Konstitusiya Qanununun 3.1-3.3-cü maddələrinə əsasən ödənilməli olan aylıq müavinət öhdədə olan uşaqlar arasında bərabər bölünərək ödənilir.
3.5. Müavinət ödənişlərini bölüşən öhdədə olan uşaq 18 yaşına çatdıqda müavinətin ona aid hissəsi müavinət ödənişlərini almaq hüququna malik öhdədə olan uşaqlar arasında bərabər bölünərək ödənilir.
3.6. Azərbaycan Respublikası Konstitusiyasının 107-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti vəzifəsindən kənarlaşdırılmış və sonradan vəfat etmiş şəxsin arvadı (əri) və (və ya) öhdəsində olan uşağı bu Konstitusiya Qanununun 3.1-ci maddəsində nəzərdə tutulmuş müavinəti almaq hüququna malik deyildir.
Maddə 4. Pensiya və müavinətin ödənildiyi dövr
4.1. Bu Konstitusiya Qanununun 2.1-ci və 10.2-ci maddələrinə uyğun olaraq keçmiş Prezidentə ödənilməli olan pensiya və digər ödənişlər onun Prezident vəzifəsini tərk etdiyi gündən vəfat etdiyi günədək ödənilir.
4.2. Keçmiş Prezidentin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilməli olan aylıq müavinət keçmiş Prezidentin vəfatının ertəsi günündən aşağıdakı günlərədək ödənilir:
4.2.1. arvadının (ərinin) vəfat etdiyi günədək;
4.2.2. öhdədə olan uşağın 18 yaşına çatdığı günədək.
4.3. Bu Konstitusiya Qanununun 3.3-cü maddəsinə əsasən keçmiş Prezidentin arvadı (əri) vəfat etdikdən sonra öhdədə olan uşağa ödənilməli olan aylıq müavinət keçmiş Prezidentin arvadının (ərinin) vəfatının ertəsi günündən həmin uşağın 18 yaşına çatdığı günədək ödənilir.
Maddə 5. Dövlət büdcəsinin vəsaiti hesabına ödənilən xərclər
Bu Konstitusiya Qanununa uyğun olaraq pensiya və müavinətlərin ödənilməsi və digər təminatların verilməsi ilə bağlı xərclərin məbləği dövlət büdsəsində ayrıca sətirlə göstərilir.
Maddə 6. Özgəninkiləşdirmənin qadağan edilməsi
6.1. Bu Konstitusiya Qanununa uyğun olaraq ödənilməli olan pensiya, müavinət və digər ödənişlər məcburi olaraq digər şəxsə verilə və ya ötürülə bilməz, yaxud məhkəmənin qərarı ilə tutula və ya üzərinə həbs qoyula bilməz.
6.2. Aşağıdakı hallar istisna təşkil edir:
6.2.1. Azərbaycan dövlətinə ödənilməli olan və müddəti bitmiş borcun ödənilməsi;
6.2.2. pensiyanın təyin edildiyi keçmiş Prezidentin keçmiş arvadının (ərinin) və ya azyaşlı uşağının saxlanması üçün müntəzəm olaraq pul məbləğlərinin ödənilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması.
Maddə 7. Müflisləşmə halında tələbin pensiya, müavinət və digər ödənişlərə yönəldilməsinə yol verilməməsi
Bu Konstitusiya Qanununa uyğun olaraq pensiya, müavinət və digər ödənişlər almaq hüququna malik olan şəxsin əmlakı müsadirə edildikdə və ya digər üsullarla məcburi olaraq mülkiyyətindən çıxarıldıqda pensiya, müavinət və ya digər ödənişlərin dəyəri müflisin aktivlərinin heç bir hissəsini təşkil etmir.
Maddə 8. Gəlir vergisindən azad etmə
Bu Konstitusiya Qanununa uyğun olaraq ödənilən pensiya, müavinət və digər ödənişlərin məbləği gəlir vergisindən azad edilir.
Maddə 9. Tibbi təminat
Dövlət qulluqçusu üçün müəyyən edilmiş tibbi təminatlara dair bütün qanun və qaydaların müddəaları keçmiş Prezidentə və onun ailə üzvlərinə şamil olunur.
Maddə 10. Digər təminatlar
10.1. Keçmiş Prezidentə aşağıdakı digər təminatlar verilir:
10.1.1. Təminat heyəti:
10.1.1.1. üç nəfərdən artıq olmayan təhlükəsizlik heyəti;
10.1.1.2. bir sürücü.
10.1.2. Bir nəqliyyat vasitəsi.
10.2. Təmsilçilik xərcləri:
10.2.1. keçmiş Prezidentə Azərbaycan Respublikasının fəaliyyətdə olan Prezidentinin aylıq vəzifə maaşının 20 faizi məbləğində aylıq təmsilçilik xərcləri ödənilir;
10.2.2. təmsilçilik xərclərinin istifadəsinə dair illik hesabat hər il dekabrın 31-dək müvafiq icra hakimiyyəti orqanına təqdim edilir.
10.3. Keçmiş Prezidentə və onun arvadına (ərinə) ömürlük diplomatik pasport verilir.
10.4. Bu Konstitusiya Qanununun 10.1.1-ci maddəsində göstərilən şəxslərin əmək haqları dövlət büdsəsi hesabına ödənilir.
10.5. Azərbaycan Respublikası Konstitusiyasının 107-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti vəzifəsindən kənarlaşdırılmış şəxsə bu Konstitusiya Qanununun 9-cu və 10.1-10.3-cü maddələrində nəzərdə tutulmuş təminatlar verilmir.
Maddə 11. Keçmiş Prezidentin və onun arvadının (ərinin) toxunulmazlığı
11.1. Keçmiş Prezident Azərbaycan Respublikasının Prezidenti seçilməzdən əvvəl və Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərini icra edərkən etdiyi hərəkətlərə (hərəkətsizliyə) görə inzibati və ya cinayət məsuliyyətinə səlb edilə bilməz.
11.2. Keçmiş Prezidentin arvadı (əri) keçmiş Prezidentin Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etdiyi və ondan əvvəlki dövrdə etdiyi hərəkətlərə (hərəkətsizliyə) görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilməz.
11.3. Keçmiş Prezident və onun arvadı (əri) Azərbaycan Respublikası Baş prokurorunun razılığı olmadan, cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.
11.4. Keçmiş Prezident və onun arvadı (əri) cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda keçmiş Prezidenti və ya onun arvadını (ərini) tutan orqan (vəzifəli şəxs) bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.
Maddə 12. Şəxsi arxivin saxlanması
Rəsmi yazışma sənədlərinin surətlərindən ibarət arxiv keçmiş Prezidentin sərəncamında saxlanılır.

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 iyun 2012-ci il

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında