Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında

Azərbaycan Respublikasının Qanunu

{nl}

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısının təşkilati-hüquqi əsaslarını müəyyən edir, bu xəstəliyin profilaktikası və müalicəsi sahəsində yaranan münasibətləri tənzimləyir.
I fəsil Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. dağınıq skleroz-nevroloji simptomatikalı, mərkəzi və periferik sinir sisteminin çoxocaqlı pozulması ilə müşayiət olunan irəliləyən gedişli xroniki xəstəlik;
1.0.2. dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin registri - dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslər haqqında məlumat bankının yaradılması məqsədi ilə onların qeydiyyatı və uçotu.
Maddə 2. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Maddə 3. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət təminatlı yardım tədbirləri
3.0. Dövlət dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə yardım məqsədi ilə aşağıdakılara təminat verir:
3.0.1. dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə göstəriləcək tibbi yardımın həcmi və keyfiyyət standartlarının (beynəlxalq tələblərə uyğun) təsdiq edilməsinə;
3.0.2. dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin registrinin yaradılması və onun aparılmasına;
3.0.3. dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin dispanserizasiyasını, müayinə və müalicəsini həyata keçirən ixtisaslaşdırılmış dövlət tibb müəssisələrinin, müvafiq xidmət strukturlarının yaradılması və onların maddi-texniki bazasının gücləndirilməsinə;
3.0.4. dağınıq skleroz xəstəliyinin müalicəsi üzrə tibb mütəxəssislərinin hazırlanması və əlavə təhsilinə;
3.0.5. dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sanatoriya-kurort müəssisələrində müalicəsinin təşkilinə;
3.0.6. dağınıq skleroz xəstəliyinin azaldılmasına yönəldilmiş profilaktik tədbirlərin həyata keçirilməsinə;
3.0.7. dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin müalicə-diaqnostika təchizatına və yüksək effektli dərman vasitələrinə olan tələbatının təmin edilməsi məqsədi ilə iqtisadi, hüquqi və təşkilati tədbirlərin həyata keçirilməsinə;
3.0.8. xəstəliyin ağır formalarına tutulmuş və sosial əlaqələrini itirmiş şəxsləri tam dövlət təminatında saxlamaq üçün onların tibbi-sosial müəssisələrdə yerləşdirilməsinə;
3.0.9. dağınıq skleroz xəstəliyinin profilaktikası və onun fəsadları ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlığa şərait yaradılmasına.
II fəsil Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin müayinə və müalicəsinin təşkili
Maddə 4. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin registri
4.1. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin registri bu şəxslərin qeydiyyatının aparılmasını təmin etmək, dağınıq sklerozla xəstələnmə halları, ağırlaşmaları, əlillik və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu və ölüm halları, müalicə-profilaktika tədbirlərinin səmərəliliyi haqqında məlumat almaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır.
4.2. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin registrində xəstənin şəxsiyyəti, xəstəliyi barədə məlumat və tibbi yardım haqqında göstərişlər qeyd olunur, hər bir xəstə üçün xüsusi kart doldurulur və bu kart məlumat bankına daxil edilir.
Maddə 5. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin müayinəsi və müalicəsi üzrə tədbirlərin maliyyələşdirilməsi
5.1. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Müayinə və müalicənin maliyyələşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
5.2. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin müayinəsi və müalicəsi üzrə tədbirlər bələdiyyə və icbari tibbi sığorta vəsaitləri, hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunvericiliklə nəzərdə tutulan digər vəsaitlər hesabına da həyata keçirilə bilər.
Maddə 6. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə tibbi yardım
6.1. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslər həcmi və keyfiyyət standartları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tibbi yardımla təmin olunurlar.
6.2. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin və digər dərman preparatlarının siyahısı və miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
6.3. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin inyeksiya vasitələri və digər dərman preparatları ilə təminatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
6.4. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə ambulator-poliklinika tibbi yardım tədbirləri, stasionar və ambulator müalicə, eləcə də reabilitasiya və dispanser nəzarəti tədbirləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir.
6.5. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə tibbi yardım fərdi müraciət və ya müalicə-profilaktika müəssisəsinin göndərişi, 18 yaşına çatmamış şəxslərə isə onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciəti əsasında göstərilir.
6.6. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən dağınıq skleroz xəstəliyinə tutulmuş uşaq və gənclərin uçotu aparılmaqla, onlara təhsil aldıqları müəssisələrdə tibb mütəxəssisləri və müəllimlər vasitəsi ilə xüsusi nəzarət təşkil edilir, səhhətlərində hər hansı dəyişiklik baş verdikdə tibbi yardım göstərilir.
6.7. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslər tibb müəssisələrinin göndərişi əsasında sanatoriya-kurort müalicəsi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada təmin edilirlər.
Maddə 7. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin hüquqları
7.0. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin aşağıdakı hüquqları vardır:
7.0.1. tibbi göstərişlər əsasında ambulator, stasionar və ya sanatoriya-kurort şəraitində tibbi yardım almaq;
7.0.2. siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş yüksək effektli inyeksiya vasitələri və digər dərman preparatları ilə təmin olunmaq;
7.0.3. müayinə və müalicə üçün zəruri müddətdə stasionarda qalmaq;
7.0.4. psixoloji yardım almaq;
7.0.5. sağlamlığının vəziyyəti, xəstəliyin mahiyyəti, tətbiq olunan müalicə üsulları, aparılmış müalicənin nəticələri haqqında ətraflı və müntəzəm məlumat almaq;
7.0.6. ailənin planlaşdırılması məsələlərinə və ailə-nikah münasibətlərinin tibbi-psixoloji cəhətlərinə dair dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz məsləhətlər almaq, müayinədən keçmək və dispanser nəzarətində olmaq;
7.0.7. Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən edilən işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli peşələr (vəzifələr) və iş yerləri istisna olmaqla, istənilən iş yerlərində işləmək. Şəxsin dağınıq skleroz xəstə olması səbəbinə görə əmək müqaviləsinin bağlanmasından imtina etmək və ya əmək müqaviləsinə xitam vermək (işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, habelə belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina olunan hallar istisna olmaqla) yolverilməzdir;
7.0.8. pozulmuş hüquqları barədə qanunla müəyyən edilmiş qaydada müvafiq orqanlara və ya məhkəməyə müraciət etmək.
Maddə 8. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin vəzifələri
8.0. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin vəzifələri aşağıdakılardır:
8.0.1. həkim-nevropatoloqun müəyyən etdiyi müalicə tədbirlərinə əməl etmək;
8.0.2. həkimin çağırışı ilə uyğun tibb müəssisəsinə gəlmək;
8.0.3. daimi yaşayış yerini dəyişdirdikdə bir ay müddətində ərazi üzrə tibb müəssisəsində uçota alınmaq;
8.0.4. xəstəliyin müalicəsindən imtina edərkən imtinanın səbəbini yazılı şəkildə bildirmək.
Maddə 9. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sosial müdafiəsi
9.1. Əmək qabiliyyətini itirən dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslər qanunla müəyyən edilmiş qaydada dövlət tibb və sosial müdafiə müəssisələrində tibbi və sosial yardım alırlar.
9.2. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu qanunla müəyyən edilmiş qaydada təyin edilir. Dağınıq skleroz xəstəliyinə tutulmuş 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı şəxslərə əlillik müddətsiz təyin edilir.
9.3. Əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu təyin olunmuş və əmək pensiyası almaq hüququ olmayan dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial müavinət almaq hüququ vardır.
9.4. Dağınıq skleroz xəstəliyinə tutulmuş işçilərə əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinət iş stajından asılı olmayaraq orta aylıq əməkhaqqının məbləği əsasında hesablanır.
9.5. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər dağınıq skleroz xəstəliyinin cəzanın çəkilməsinə maneçilik törədən ağır formalarına tutulduqda Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə uyğun olaraq cəza çəkməkdən azad oluna bilər.
III fəsil Yekun müddəaları
Maddə 10. Qanunun pozulmasına görə məsuliyyət
Bu qanunu pozan hüquqi, fiziki və vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə 11. Beynəlxalq əməkdaşlıq
Dağınıq skleroz xəstəliyinin profilaktikası və onun fəsadları ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən həyata keçirilir.

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 mart 2012-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında