Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikasının Qanunu

{nl}

IV fəsil
Könüllü alqı-satqı
Maddə 30. Alınan torpağın satın alınması səlahiyyəti
30.1. Alan orqan bu Qanunun 7.3.1-7.3.4-cü maddələrində nəzərdə tutulmuş alınmanın təsirinə məruz qalan şəxslərin alınan torpaqla bağlı hüquqlarını bu fəsildə müəyyən edilmiş qaydada danışıq (könüllü alqı-satqı) yolu ilə əldə edə bilər.
30.2. Bu fəsildə müəyyən olunan danışıq yolu ilə könüllü alqı-satqının təşəbbüskarı alıcı qismində alan orqan və ya satıcı qismində bu Qanunun 7.3.1-7.3.4-cü maddəsində nəzərdə tutulmuş şəxslər ola bilər.
Maddə 31. Torpağın satın alınmasına razılıq bildirişi
31.1. Torpağın alınması barədə bu Qanunun 19-cu maddəsində nəzərdə tutulmuş qərar qəbul edildikdən sonra alan orqan bu Qanunun 7.3.1-7.3.4-cü maddəsində nəzərdə tutulmuş şəxslərə həmin torpaqlar üzərində hüquqların danışıq (könüllü alqı-satqı) yolu ilə satın alınmasına razılığı barədə bildiriş göndərir.
31.2. Bildiriş alan orqanın torpaqları danışıq yolu ilə almağa razılığı və bu Qanunun 31.3-cü maddəsində nəzərdə tutulan müddət barədə məlumatla yanaşı aşağıdakıların qısa izahını əks etdirir:
31.2.1. torpağın satın alınmasının məqsədi;
31.2.2. torpağın danışıq yolu ilə satın alınması mümkün olmadıqda, torpağın alınmasının bu Qanunla müəyyən edilmiş alternativi;
31.2.3. mülkiyyətçinin bu iş üzrə müstəqil məsləhətçi axtara bilməsi imkanına dair izahat daxil olmaqla, könüllü danışıq yolu ilə satışın qaydaları (tələb olunan sənədlər, prosedurlar və s.).
31.3. Alınmanın təsirinə məruz qalan şəxs torpaq üzərində hüquqların danışıq (könüllü alqı-satqı) yolu ilə satışına razı olduqda, bu Qanunun 31.1-ci maddəsində göstərilən bildirişi alan gündən 30 təqvim günü ərzində öz razılığı barədə alan orqanı yazılı şəkildə məlumatlandırır.
31.4. Bu Qanunun 22-ci maddəsinə uyğun olaraq təşkil edilmiş torpağın alınması qrupunun üzvləri bildiriş göndərilmiş bütün mülkiyyətçilərə bildirişi izah və müzakirə etmək məqsədilə görüşlər keçirirlər.
31.5. Torpağın alınması qrupunun heç bir üzvünün mülkiyyətçidən torpağı satın almaq üçün təklif vermək və ya torpağın satın alınmasına razılıq verilməsini tələb etmək, yaxud mülkiyyətçidən torpağı alan orqana satmaq təklifini qəbul etmək hüququ yoxdur.
Maddə 32. Torpağın mərzlənməsi və qiymətləndirilməsi
32.1. Bu Qanunun 31.3-cü maddəsinə uyğun olaraq alınmanın təsirinə məruz qalan şəxs torpaq üzərində hüquqların danışıq (könüllü alqı-satqı) yolu ilə satışına razılığı barədə alan orqanı yazılı şəkildə məlumatlandırdığı hallarda alan orqan həmin şəxslərin torpaqlarının qiymətləndirilməsini təmin edir.
32.2. Bu fəslə uyğun olaraq torpağın alınmasına dair təklifin verilməsindən əvvəl alan orqan bu Qanunun 31.3-cü maddəsinə uyğun olaraq könüllü alqı-satqıya razılıq vermiş alınmanın təsirinə məruz qalan şəxslərin razılığı ilə torpağın keyfiyyətini qiymətləndirmək üçün torpağa daxil ola, ondan nümunə götürə, zərurət olduqda torpağın qanunvericiliyə uyğun olaraq mərzlənməsini təmin edə, habelə torpağın bazar və ya bərpa qiymətinin müəyyən edilməsi üçün zəruri olan digər hərəkətləri edə bilər.
32.3. Bu fəslə uyğun olaraq alınan torpağın satın alındığı qiymətin növü və məzmunu bu Qanunun VII fəsli ilə müəyyən olunan kompensasiya ilə eyniyyət təşkil edir, lakin bu zaman torpağı könüllü qaydada satmağa həvəsləndirmək məqsədi ilə satıcıya bu qiymətlə yanaşı onun məbləğinin 10 faizi miqdarında əlavə ödəniş həyata keçirilir.
32.4. Alan orqan bu fəslə uyğun olaraq alınan torpağın qiymətinin növünü və məzmununu bilavasitə öz mütəxəssisləri və ya dəvət olunmuş müstəqil qiymətləndiricinin köməyi ilə müəyyənləşdirir, lakin hər bir halda satıcıya təklif və ya yeni təklif göndərməzdən əvvəl qiymətin növünü və məzmununu nəzarət orqanı ilə razılaşdırır.
Maddə 33. Torpağın satın alınması təklifi
33.1. Alan orqan bu Qanunun 31.3-cü maddəsinə uyğun olaraq torpaq üzərində hüquqların danışıq (könüllü alqı-satqı) yolu ilə satışına razılıq vermiş alınmanın təsirinə məruz qalan şəxslərə aşağıdakıları əks etdirən torpağın satın alınması barədə yazılı təklif verir:
33.1.1. alınmanın təsirinə məruz qalan şəxsin adı, soyadı, atasının adı və ünvanı (hüquqi şəxslərə münasibətdə - adı və hüquqi ünvanı);
33.1.2. torpağın təsviri, onun sahəsi və sərhədləri;
33.1.3. satın alınması təklif olunan hissə (pay) haqqında məlumat;
33.1.4. təklif olunan qiymət;
33.1.5. alınmanın təsirinə məruz qalan şəxsin 30 təqvim günündən artıq olmayan müddətə təklifə yazılı cavab verməli olduğu barədə məlumat;
33.1.6. torpağın dəyərinin ödənildiyi gündən etibarən mülkiyyətçinin satın alınan torpağı boşaltmalı olduğu müddət;
33.1.7. torpağı boşaltmağın zəruriliyi ilə bağlı köçürülməyə dair bu Qanunun V fəsli ilə müəyyən olunmuş hüquqlar;
33.1.8. alan orqan tərəfindən məqsədəuyğun hesab edilən digər məlumatlar.
33.2. Torpağın satın alınması təklifi alan orqanın rəhbəri tərəfindən imzalanır və həmin orqanın möhürü ilə təsdiqlənir. Təklif alan orqanın vəzifəli şəxsləri tərəfindən alınmanın təsirinə məruz qalan şəxsə çatdırılır, alınmanın təsirinə məruz qalan şəxs və ya onun nümayəndəsi isə onun alınmasını öz imzası ilə təsdiq edir.
Maddə 34. Təkliflə bağlı danışıqlar
34.1. Torpağının satın alınması təklifini qəbul etməzdən əvvəl alınmanın təsirinə məruz qalan şəxs təklifin şərtlərinə dair izahın verilməsi və ya təklifə dəyişikliklər edilməsi barədə alan orqana müraciət edə bilər.
34.2. Alan orqan qanunvericiliyin tələblərini pozmamaq və təklif edilən qiymətə dəyişiklik edildikdə bunu nəzarət orqanı ilə razılaşdırmaq şərti ilə torpağın satın alınması təklifinə müvafiq dəyişikliklər edə bilər.
34.3. Bu Qanunun 34.2-ci maddəsinə uyğun olaraq torpağın satın alınması təklifinə müvafiq dəyişikliklər edildikdə yeni təklif bu Qanunun 33-cü maddəsi ilə müəyyən edilmiş qaydada alınmanın təsirinə məruz qalan şəxsə çatdırılır.
34.4. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunun 34.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yeni təkliflə razı olduqda, həmin təklifi alan gündən 10 təqvim günü ərzində öz razılığı barədə alan orqanı yazılı şəkildə məlumatlandırır.
Maddə 35. Torpağın satın alınması təklifinin qəbul olunması və müqavilənin bağlanması
35.1. Torpağın satın alınması təklifinin qəbul olunması yazılı formada tərtib edilir və satılan torpağın mülkiyyətçisi tərəfindən imzalanır.
35.2. Torpağın satın alınması təklifi qəbul edilərkən onun hər bir şərtinin qəbul olunduğu aydın ifadə edilməlidir.
35.3. Torpağın satın alınması mülkiyyətçi tərəfindən torpağın satın alınması təklifinin bu Qanuna uyğun olaraq qəbul olunması şərti ilə, dövlətin adından alan orqanla alınmanın təsirinə məruz qalan şəxs arasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bağlanan alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilir.
Maddə 36. Torpağın satın alınması təklifinin qəbul olunmasından sonra alan orqanın hərəkətləri
36.1. Bu Qanunun 35.3-cü maddəsinə uyğun olaraq torpağın alqı-satqı müqaviləsi bağlandıqdan sonra alan orqan 90 təqvim günü ərzində aşağıdakıları həyata keçirir:
36.1.1. mülkiyyətçiyə torpağın dəyərini tam ödəyir;
36.1.2. torpaqla bağlı hüquqların dövlətə verilməsi (keçməsi) üçün öz xərcləri hesabına lazımi tədbirləri görür;
36.1.3. satılan torpaq mülkiyyətçinin, onun ailəsinin yaşayış yeri olduğu halda, torpağın dəyəri mülkiyyətçiyə tam ödənildikdən sonra bu Qanunun V fəslinə uyğun olaraq mülkiyyətçiyə torpağı boşaltmaqda və yeni yaşayış yerinə köçməkdə köməklik göstərir.
36.2. Mülkiyyətçi bu Qanunun 36.1-ci maddəsinin tələblərinin təmin edilməsi məqsədi ilə satılan torpağa dair hüquqlarla bağlı müvafiq sənədləri təqdim etməklə alan orqana köməklik göstərmək öhdəliyi daşıyır.
V fəsil
Köçürülmənin təşkili
Maddə 37. Köçürmək öhdəliyi
37.1. Köçürmək öhdəliyi alınmanın təsirinə məruz qalan köçürüləcək şəxslər üçün aşağıdakıların təmin edilməsi məqsədilə alan orqan tərəfindən plan üzrə zəruri tədbirlər görülməsini tələb edir:
37.1.1. köçürülmə ilə bağlı onlara seçim imkanları və hüquqları haqqında məlumatın verilməsi;
37.1.2. real və mümkün olan köçürülmə alternativləri ilə bağlı məsləhətin verilməsi, seçimin təklif və təmin edilməsi;
37.1.3. köçürülməyə yardım göstərilməsi;
37.1.4. torpaqlarının alınmasının birbaşa nəticəsi olan itkilərlə bağlı bu Qanuna əsasən tam bərpa qiyməti məbləğində kompensasiyanın ödənilməsi.
Maddə 38. Köçürülməni qəbul etməkdə sərbəst iradə ifadəsi
38.1. Bu Qanuna əsasən köçürülmə hüququ olan alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla nəzərdə tutulmuş köçürülməni qəbul etmək öhdəliyi daşımır və köçürülmədən imtina edərək bu Qanuna uyğun olaraq köçürülmənin əvəzinə müvafiq kompensasiya ala bilər.
38.2. Alınmanın təsirinə məruz qalan şəxs bu fəslə uyğun olaraq köçürülmə planının və ya təlimatının hazırlanmasının ilkin mərhələsində, hazırlığın gedişinin istənilən, o cümlədən başa çatma mərhələsində köçürülmədən istifadə etməməyə qərar verə bilər.
38.3. Alan orqan, alınmanın təsirinə məruz qalan şəxsin köçürülmədən imtina etməsi barədə qərar qəbul etdiyinə və bütün ailə üzvlərinin ehtiyac və maraqlarının nəzərə almasına əmin olduqdan sonra alınmanın təsirinə məruz qalan şəxsə bu fəslə əsasən köçürülmənin əvəzinə verilməli olan kompensasiyanı ödəyir.
38.4. Köçürülmənin əvəzinə alınmanın təsirinə məruz qalan şəxslərə verilən kompensasiyanın məbləği, alan orqanın bu məbləğlə bağlı təkliflərinin, habelə həmin təklifə dair nəzarət orqanının rəyinin təhlili əsasında, qiymətləndirmə komissiyasının qərarı ilə müəyyən edilir.
38.5. Bu maddəyə əsasən kompensasiya ödənilmiş alınmanın təsirinə məruz qalan şəxs, kompensasiyanı alan andan bu fəslə uyğun olaraq köçürülmə hüququndan imtinanı imzalayır və köçürülmə hüququnu itirir.
Maddə 39. Köçürülmə planının və ya təlimatının tələb olunduğu hallar
39.1. Alınan torpağı tərk etmələri və həmin torpaqdan yüz metrdən uzaq olan yerə köçmələri tələb olunan şəxslərin sayı iki yüz nəfərdən artıq olduqda, alan orqan bu fəslin müddəalarına uyğun olaraq köçürülmə planını, digər hallarda isə köçürülmə təlimatını hazırlamaq öhdəliyi daşıyır.
39.2. Alan orqan alınan torpağı tərk etmələri tələb olunan şəxslərin sayını müəyyənləşdirərkən, layihənin hansı müddət və mərhələlərlə icra edilməsinin planlaşdırılmasından asılı olmayaraq, alınan torpağı tərk etmələri tələb olunan bütün şəxslərin sayını nəzərə almalıdır.
Maddə 40. Köçürülmə komissiyası
40.1. Alan orqan müvafiq inzibati ərazi vahidi üzrə müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla alınmanın təsirinə məruz qalan şəxslərdən ibarət olmaqla üzvlərinin sayı üç nəfərdən az və iyirmi nəfərdən çox olmayan tərkibdə köçürülmə komissiyasını təşkil edir və onların fəaliyyətinə köməklik göstərir.
40.2. Köçürülmə komissiyasının funksiyaları aşağıdakılardan ibarətdir:
40.2.1. köçürülmə planının və ya təlimatının hazırlanmasında və icrasında iştirak etmək;
40.2.2. alan orqana, torpağın alınması qruplarına və planlaşdırıcılara alınmanın təsirinə məruz qalan şəxsləri maraqlandıran məsələləri çatdırmaq;
40.2.3. alınmanın təsirinə məruz qalan şəxslərin maraqlarını qorumaq üçün nəzərdə tutulmuş digər tədbirləri görmək.
Maddə 41. Köçürülmə planının və ya təlimatının hazırlanması
41.1. Alan orqan bu Qanunun 39-cu maddəsində nəzərdə tutulmuş köçürülmə planının və ya köçürülmə təlimatının hazırlanması tələb olunduğu halda həmin planın və ya təlimatın hazırlanmasına başlayır.
41.2. Köçürülmə planı və ya köçürülmə təlimatı alan orqan tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada keçirilən müsabiqə yolu ilə dövlət və ya özəl qurumlardan, o cümlədən qeyri-hökumət təşkilatlarından seçilmiş, müvafiq sosial və texniki biliklər və bacarığa malik olan şəxs və ya təşkilat (bundan sonra - planlaşdırıcı) tərəfindən hazırlanır.
41.3. Planlaşdırıcı aşağıdakıları həyata keçirir:
41.3.1. köçürülmə planının hazırlanması üçün seçildiyi gündən üç ay ərzində həmin planı hazırlayır;
41.3.2. köçürülmə təlimatının hazırlanması üçün seçildiyi gündən iki ay ərzində həmin təlimatı hazırlayır.
41.4. Planlaşdırıcı hər köçürülmə ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərin və köçürülmə üçün istifadə edilə biləcək torpaqda məskunlaşmış şəxslərin (sakinlərin) şəraitini, şərtlərini və istəklərini müəyyən etmək üçün alınan torpağın, alınmanın təsirinə məruz qalan şəxslərin və köçürülmə məqsədləri üçün istifadə edilə biləcək hər hansı ərazinin müşahidəsini aparır.
41.5. Planlaşdırıcı alınmanın təsirinə məruz qalan şəxslərlə və köçürülmə üçün istifadə edilə biləcək ərazilərin sakinləri ilə onların şərtlərini və ehtiyaclarını anlamağa yardım edəcək ictimai iclaslar keçirməlidir.
41.6. Bu Qanunun 41.4-cü maddəsində nəzərdə tutulmuş müşahidənin nəticələri ictimai iclaslara dair hesabatla birlikdə baxılmaq üçün köçürülmə komissiyasına təqdim edilir.
41.7. Planlaşdırıcı aparılan müşahidələr, digər müvafiq məlumatlar, alan orqanın rəyləri və ictimai iclaslarda və köçürülmə komissiyası tərəfindən edilmiş qeydlər əsasında köçürülmə planının və ya təlimatının layihəsini hazırlayır.
41.8. Köçürülmə planının və ya təlimatının layihəsi ictimai iclaslarda münasibət bildirilməsi üçün alınmanın təsirinə məruz qalan şəxslərə təqdim olunur.
41.9. Köçürülmə planının və ya təlimatının layihəsi bu Qanunun 41.8-ci maddəsində qeyd edilən ictimai iclasa dair hesabatla birgə baxılmaq üçün köçürülmə komissiyasına təqdim edilir.
41.10. Planlaşdırıcı ictimai iclaslarda, o cümlədən köçürülmə komissiyası tərəfindən edilmiş qeydləri, köçürülmə planında və ya təlimatında dəyişikliklərin edilməsi ilə bağlı təklifləri nəzərə alır və layihəyə müvafiq dəyişikliklər edir.
41.11. Planlaşdırıcı köçürülmə planını və ya təlimatını nəzarət orqanına, habelə alan orqana təqdim edir.
41.12. Alan orqan köçürülmə planının və ya təlimatının icrası ilə bağlı köçürülmə komissiyası ilə mütəmadi iclaslar keçirir.
Maddə 42. Köçürülmə planının və ya təlimatının məzmunu
42.1. Köçürülmə planında və ya təlimatında alınmanın təsirinə məruz qalan şəxslər üçün aşağıdakıların təmin edilməsi ilə bağlı tədbirlər nəzərdə tutulmalıdır:
42.1.1. yerdəyişmə zamanı maliyyə və praktiki yardım;
42.1.2. alınmanın təsirinə məruz qalan şəxslərin ən azı tərk etdikləri yerin şəraitinə bərabər olan yaşayış yeri, yaşayış sahəsi, kənd təsərrüfatı yerləri və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün qeyri-yaşayış sahələri;
42.1.3. tələb olunduqda, məbləği və (və ya) həcmi köçürülmədən sonra dolanışıq vasitəsi və yaşayış standartlarını bərpa etmək üçün tələb edilən keçid dövrünün müddəti nəzərə alınmaqla müəyyənləşdirilən maddi və digər yardım;
42.1.4. tələb olunduqda, köçürülmədən sonra dolanışıq vasitəsi və yaşayış standartlarını bərpa etmək üçün təlim və digər yardım.
42.2. Alınmanın təsirinə məruz qalan şəxslərin məskunlaşmış yerlərə (əraziyə) köçürülməsini nəzərdə tutan köçürülmə planına və ya təlimatına bu Qanunun 42.1-ci maddəsində göstərilənlərə əlavə olaraq həmin ərazinin sakinlərinin alınmanın təsirinə məruz qalan şəxslərin gəlişinə uyğunlaşmalarına yardım edilməsinin və əlverişsiz şəraitə düşmələrinin qarşısının alınmasının təmin edilməsi ilə bağlı tədbirlər nəzərdə tutulmalıdır.
42.3. Köçürülmə planına və ya təlimatına alınmanın təsirinə məruz qalan şəxslərin mərhələli yerdəyişməsi və köçürülməsi ilə bağlı ətraflı proqram daxil edilir.
Maddə 43. Köçürülmə planı və ya təlimatı ilə bağlı xərclərin qiymətləndirilməsi (müəyyənləşdirilməsi)
43.1. Planlaşdırıcı köçürülmə planının və ya təlimatının icrası ilə bağlı həmin plan və ya təlimatın tərkib hissəsi olan və kompensasiyanın qiymətləndirilməsində (müəyyənləşdirilməsində) əsas sənəd kimi tanınan xərclər smetasını hazırlayır.
43.2. Kompensasiyanın qiymətləndirilməsinə (müəyyənləşdirilməsinə) aşağıdakılar daxildir:
43.2.1. torpaqla bağlı bütün sakinlərin malik olduqları və ya iddiasında olduqları hüquqlar, o cümlədən torpağın ümumi istifadəsi ilə bağlı hüquqlar və maraqlar;
43.2.2. köçürülərkən sakinlərin özləri ilə aparacağı mal-qara və digər daşınar əmlak;
43.2.3. sakinlərin üstünlük verdikləri kompensasiya növləri;
43.2.4. müəyyən edilmiş hər bir iddiaya uyğun gəlmək üçün tələb olunacaq kompensasiyanın məbləği və növü;
43.2.5. yerdəyişmə və köçürülmə ilə bağlı xərclər və bununla bağlı yardımın təmin edilməsi üçün digər xidmətlərin və vəsaitlərin xərclər smetası;
43.2.6. planlaşdırıcının rəyinə görə kompensasiyanın qiymətləndirilməsi (müəyyənləşdirilməsi) ilə bağlı digər məsələlər.
43.3. Köçürülmə planı və ya təlimatı ilə bağlı xərclərin qiymətləndirilməsi (müəyyənləşdirilməsi) alınmanın təsirinə məruz qalan şəxslərin kompensasiya ilə bağlı hər hansı iddialarına təsir etmir.
43.4. Bu Qanunun 41.11-ci maddəsinə əsasən köçürülmə planı və ya təlimatı təqdim edildikdən sonra alan orqan və nəzarət orqanı planlaşdırıcının hazırladığı xərclər smetasına dair təklif alan orqan və nəzarət orqanının həmin təklifə dair rəyləri ilə birlikdə qiymətləndirmə komissiyasına göndərilir. Köçürülmə planının və təlimatının xərclər smetası planlaşdırıcının təkliflərinin, habelə bu təklifə dair alan orqan və nəzarət orqanının rəylərinin təhlili əsasında qiymətləndirmə komissiyası tərəfindən təsdiq edilir.
Maddə 44. Köçürülmə planının və ya təlimatının icrası
44.1. Köçürülmənin növündən və köçürüləcək şəxslərin sayından asılı olaraq köçürülmə planının və ya təlimatının icrası ilə bağlı aşağıdakı tədbirlər yerinə yetirilir:
44.1.1. alınmanın təsirinə məruz qalan şəxslərin köçürüləcəyi yerdə (ərazidə) məskunlaşmış şəxslərin (yerli sakinlərin) mövcud olduğu hallarda, onlar arasında köçürülmə zamanı və köçürülmədən sonra yarana biləcək hər hansı mübahisələri həll etmək və ahəngdar mühiti təmin etmək üçün köçürülmə komissiyası tərəfindən mütəmadi iclaslar təşkil edilir;
44.1.2. alan orqan tərəfindən alınmanın təsirinə məruz qalan şəxslər köçənədək (köçürülənədək) onlar üçün yaşayış yerinin, yaşayış sahəsinin, kommunal xidmətlərin (elektrik enerjisi, qaz, su və kanalizasiya, telekommunikasiya və elektron kommunikasiya ilə təchizat, məişət tullantılarının daşınması və s.), habelə yol və digər infrastruktur obyektlərinin hazırlanması təmin edilir;
44.1.3. alınmanın təsirinə məruz qalan şəxslərə yeni yaşayış yerlərinə köçmələri tələb olunan tarixə azı 60 gün qalmış müvafiq bildiriş təqdim edilir;
44.1.4. yeni yaşayış yerində (ərazisində) mövcud olan tikilinin yerində digərinin inşası və ya yenidən qurulması tələb olunduqda alınmanın təsirinə məruz qalan şəxslərə həmin tikilinin müvafiq olaraq tam və ya qismən sökülməsi ilə bağlı yardım edilir;
44.1.5. alınmanın təsirinə məruz qalan şəxslərin, onların əşyalarının, mövcud olduqda tikinti materiallarının, mal-qaranın köçürülməsi üçün köçürülmənin planlaşdırıldığı gün altı saatdan artıq gözləməmək şərti ilə köçürülmə zəruri sayda nəqliyyat vasitələri ilə təmin edilir;
44.1.6. alınmanın təsirinə məruz qalan şəxslərin köçürüləcəyi yerə (əraziyə) yerdəyişmə zamanı və ondan sonra köçürülmə ilə bağlı yaranmış problemləri və mübahisələri həll etmək üçün həmin şəxslərə torpağın alınması qrupları və digər şəxslər tərəfindən məsləhət və yardım təmin edilir;
44.1.7. alınmanın təsirinə məruz qalan şəxslərə köçürülmə ilə əlaqədar ödəniləcək kompensasiya məbləği yerdəyişmə zamanı və ya ondan əvvəl birdəfəlik ödənilir;
44.1.8. müəyyən müddətdə mütəmadi əsaslarla kompensasiya kimi ödəniləcək hər hansı pul məbləğlərinin və digər xərclərin ödənilməsi ilə bağlı tədbirlər həyata keçirilir və alınmanın təsirinə məruz qalan şəxslərə izah edilir;
44.1.9. alan orqanın köçürülmə komissiyası ilə razılaşdırdığı digər məsələlərin həlli təmin edilir.
44.2. Bu Qanunun 52.2-ci maddəsində göstərilən məsələlərin təsdiq olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmadan alınmanın təsirinə məruz qalan şəxslərin köçürülməsi və onlara məxsus tikililərin sökülməsi qadağandır.
Maddə 45. Köçürülməyə nəzarət
45.1. Nəzarət orqanı köçürülməyə, köçürülmə planının və ya təlimatının hazırlanması və icrasına nəzarəti həyata keçirir.
45.2. Bu Qanunun 45.1-ci maddəsində müəyyən edilmiş məqsədlər üçün nəzarət orqanı aşağıdakı səlahiyyətlərə malikdir:
45.2.1. planlaşdırıcının, köçürülmə komissiyasının iclaslarında və ictimai iclaslarda iştirak etmək;
45.2.2. köçürülmə planını və ya təlimatını, habelə onların hazırlanması ilə bağlı müvafiq sənədləri əldə etmək, nəzərdən keçirmək və qeydlərini bildirmək;
45.2.3. köçürülmə ilə bağlı istənilən məsələni müzakirə etmək məqsədi ilə alan orqanla və ya alınmanın təsirinə məruz qalan şəxslərlə görüşmək;
45.2.4. köçürülmə planının və ya təlimatının icrasının istənilən mərhələsində iştirak etmək;
45.2.5. alan orqana köçürülmə planının və ya təlimatının icrasının istənilən məsələsi ilə bağlı icrası məcburi olan təqdimatlar vermək;
45.2.6. köçürülmə planının və ya təlimatının hazırlanması və icrasına dair alan orqana təqdim ediləcək və ictimaiyyətə açıqlanacaq hesabat hazırlamaq.
VI fəsil
Sahibliyin əldə edilməsi və kompensasiya ilə bağlı iddialar
Maddə 46. Alan orqan tərəfindən sahibliklə bağlı bildirişin verilməsi
46.1. Alınan torpaq bu Qanunun 22.3.3-cü maddəsinə əsasən mərzləndikdən sonra alan orqan yeddi gün müddətində sahibliklə bağlı bildirişi aşağıda göstərilənlərə çatdırır:
46.1.1. alınmanın təsirinə məruz qalan şəxslərə, o cümlədən köçürülmə planı və ya təlimatı əsasında köçürülməli olan alınmanın təsirinə məruz qalan bütün şəxslərə;
46.1.2. alınan torpaq və ya onun müəyyən (alınan) hissəsi bələdiyyə mülkiyyətində olduğu halda - müvafiq bələdiyyələrə;
46.1.3. alınan torpaq və ya onun müəyyən (alınan) hissəsi dövlət təşkilatının və ya hüquqi şəxsin istifadəsində olduqda - həmin təşkilata və ya hüquqi şəxsə.
46.2. Alan orqan sahibliklə bağlı bildirişində aşağıdakıları göstərir:
46.2.1. bildirişin göndərildiyi bu Qanunun 46.1-ci maddəsində nəzərdə tutulmuş alınmanın təsirinə məruz qalan şəxsin adı, soyadı və atasının adı və ünvanı, yaxud müvafiq bələdiyyə, yaxud dövlət təşkilatı və ya hüquqi şəxsin adı və ünvanı;
46.2.2. alınan torpaqla və onunla bağlı hüquqlarla əlaqədar kompensasiya ödəməyə hazır olduğunu;
46.2.3. ödənilə biləcək kompensasiyanın növünü və məbləğini;
46.2.4. köçürülmə planına və ya təlimatına uyğun olaraq alınmanın təsirinə məruz qalan şəxsi köçürməyə hazır olduğunu;
46.2.5. həmin alınmanın təsirinə məruz qalan şəxsin torpaqla bağlı iddia etdiyi hüququn növü ilə bağlı məlumat təqdim olunmasını tələb etdiyini;
46.2.6. torpaqla bağlı sahibliyin əldə edilməsi üçün bildirişdə müəyyən edilmiş tarixdə məhkəməyə müraciət ediləcəyini;
46.2.7. kompensasiya ilə bağlı iddiaların qiymətləndirilməsi və torpaqla bağlı sahibliyin əldə edilməsinə hazırlıq görülməsi üçün bu barədə alınmanın təsirinə məruz qalan şəxsi azı 48 saat əvvəl xəbərdar etməklə torpağa daxil olmaq hüququna malik olduğunu.
46.3. Sahibliklə bağlı bildiriş kompensasiyanın qiymətləndirilməsi (müəyyənləşdirilməsi) ilə bağlı riayət ediləcək proseduraların qısa xülasəsini və təklif edilən kompensasiyanın məbləği ilə razılaşmayanların şikayət vermək vasitələrini əks etdirməlidir.
46.4. Sahibliklə bağlı bildirişin surətləri, kompensasiya almaq hüququna malik olduğunu iddia edən, lakin alan orqandan sahibliklə bağlı bildirişi almayan şəxslər üçün, bu Qanunun 12.4-cü maddəsində rəsmi elanın asılması üçün nəzərdə tutulmuş yerlərdə asılmalıdır.
Maddə 47. Kompensasiya ilə bağlı tələb
47.1. Kompensasiya və ya köçürülmə iddiasında olan alınmanın təsirinə məruz qalan şəxs (iddiaçı) sahibliklə bağlı bildirişin alındığı gündən otuz gün müddətində və ya hər konkret halda işin hallarını nəzərə alaraq nəzarət orqanının müəyyən edə biləcəyi daha uzun müddətdə alan orqana ərizə təqdim edərək kompensasiya və ya köçürülməsinin təmin edilməsi ilə bağlı tələb irəli sürə bilər.
47.2. Kompensasiya və ya köçürülmə ilə bağlı tələb aşağıdakıları əhatə edir:
47.2.1. kompensasiya tələb olunan alınacaq torpaqla bağlı hüququn növünü;
47.2.2. kompensasiya ilə bağlı iddia edilən məbləğ və bu məbləğin əsaslandırılmasını;
47.2.3. iddia edilən kompensasiyanın növünü və xüsusiyyətini (ziyanın müxtəlif növlərinə münasibətdə kompensasiyanın müxtəlif növləri iddia edilə bilər);
47.2.4. alınacaq torpağın ərazisinin ölçülməsi və nişanlanması ilə bağlı etirazları (mövcud olduqda);
47.2.5. hər hansı köçürülmə ərazisində iddia edilən torpağın ölçüsünü;
47.2.6. müəyyən edilə biləcək digər məsələləri.
47.3. Alan orqan tələbin tərtibində iddiaçılara yardım etmək öhdəliyini daşıyır və həmin məqsədlə bu Qanuna əsasən tətbiq ediləcək qaydaları izah etmək üçün qrup təşkil edir, ödəniləcək kompensasiya ilə bağlı danışıqlar aparmaq arzusunda olan şəxslərə məsləhət vermək və onları təmsil etmək üçün müstəqil peşəkar məsləhət xidməti ilə ödənişsiz təmin edir.
47.4. Alınmanın təsirinə məruz qalan şəxs alınacaq torpağından müvəqqəti uzaqda olması və ya digər üzrlü səbəbdən ərizəni müəyyən olunmuş müddətdə təqdim edə bilmədikdə və ərizəni müəyyən olunmuş müddətdə təqdim edə bilməməsi səbəbini alan orqana bəyan etdikdə, alan orqan ərizəni bu maddədə nəzərdə tutulmuş müddət keçdikdən sonra da qəbul edə bilər.
Maddə 48. Alqı-satqı bildirişinin iddiaçı tərəfindən göndərilməsi
48.1. Torpaqların alınmasını zəruri edən layihələrin alınan torpaqlarda həyata keçirilməsi nəticəsində zərər çəkən və ya zərər çəkməsi ehtimal edilən və əsaslı olaraq faydalı istifadəsi daha mümkün olmayacaq, habelə qanunvericiliklə nəzərdə tutulmuş məhdudiyyətlər müəyyənləşdiriləcək torpağın mülkiyyətçisi və ya qanuni istifadəçisi həmin torpağın alınması tələbi barədə alan orqana alqı-satqı bildirişi göndərə bilər.
48.2. Alqı-satqı bildirişi alan orqan tərəfindən tam və ya qismən qəbul edildikdə, kompensasiya həmin torpağın zərərli təsirə məruz qalması üçün deyil, alınması üçün ödənilir.
48.3. Alan orqan alqı-satqı bildirişini tam və ya qismən rədd edə bilər, lakin belə rədd etmə bu Qanunun VII fəslinə əsasən alınan torpağın və ya onun rədd edilmiş alqı-satqı bildirişinin obyekti olan hissəsinin ayrılması və ya zərərli təsirə məruz qalmasına görə kompensasiyanın ödənilməsinə mane olan hal kimi tətbiq edilə bilməz.
Maddə 49. İcarədə olan dövlət və ya bələdiyyə torpaqlarının müəyyən hissəsinin alınması
49.1. İcarədə olan dövlət və ya bələdiyyə torpaqları (onun müəyyən hissəsi) dövlət ehtiyacları üçün satın alındıqda bu Qanunla müəyyən edilən satınalma qiymətinə icarəçinin bu torpaqla bağlı üçüncü şəxslər qarşısında daşıdığı öhdəliklərə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar düşdüyü zərər də daxil edilir.
49.2. İcarədə olan dövlət və ya bələdiyyə torpaqlarının müəyyən hissəsi alındıqda icarəçi tərəfindən ödəniləcək icarə haqqına icarədə olan torpağın sahəsinin azalması və geri alınmanın digər nəticələri nəzərə alınmaqla yenidən baxılır və icarəçidə saxlanılan torpağın qanunvericiliyə uyğun olaraq yenidən mərzlənməsi və üzərində hüquqların dövlət qeydiyyatına alınması təşkil edilir.
Maddə 50. Alınmanı başlamaq və ya ondan imtina etmək bildirişinin göndərilməsi
50.1. Torpağın dövlət ehtiyacları üçün alınması haqqında bu Qanunun 19-cu maddəsində nəzərdə tutulmuş qərar qəbul edildikdən sonra 120 gün müddətində alan orqan tərəfindən alınmanın təsirinə məruz qalan şəxsə sahibliklə bağlı bildiriş göndərilmədikdə, həmin şəxs alan orqana sahibliklə bağlı bildirişin və ya torpağın alınmasından imtina edilməsi bildirişinin göndərilməsini tələb edən bildiriş göndərə bilər. Həmin bildirişin göndərildiyi sonrakı otuz gün müddətində sahibliklə bağlı bildirişin bu Qanunun 46-cı maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxsə göndərilməməsi həmin torpağın alınmasından imtina hesab edilir.
50.2. Bu Qanunun 50.1-ci maddəsinə uyğun olaraq torpağın alınmasından imtina hesab edilən hallarda, imtinanın baş verməsi hesab edildiyi gündən bildiriş göndərmiş şəxslər tərəfindən hər hansı hərəkət zərurəti olmadan onların həmin torpaqla bağlı hüquqları bərpa olunmuş hesab edilir və bu şəxslər alınma prosesindən əvvəlki qaydada həmin torpaqda yaşaya, ondan istifadə edə, habelə torpaq üzərində digər hüquqları həyata keçirə bilərlər.
50.3. Bu maddəyə uyğun olaraq torpağın alınmasından imtina hesab edilən hallarda, imtina edilmiş alınmanın obyekti olan torpağın ən azı üç il ərzində alınmasına təkrar başlanıla bilməz.
50.4. Bu maddədə nəzərdə tutulmuş hallarda torpaqla bağlı hüquqlara malik olan şəxslərə bu Qanunun 28.2.3-cü maddəsinə uyğun olaraq kompensasiya ödənilir.
Maddə 51. Yubadılma
51.1. Sahibliklə bağlı bildiriş göndərildikdən sonra bir təqvim ili ərzində alan orqan tərəfindən alınan torpaq üzərində sahibliyin təmin edilməsi üçün bu Qanunda nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi yubadıldıqda, belə hal həmin torpağın alınmasından imtina edilməsi kimi hesab edilir. Həmin müddətin axımı alınma prosesi ilə bağlı məhkəməyə şikayət verildikdə dayandırılır.
51.2. Bu Qanunun 51.1-ci maddəsində nəzərdə tutulan hallarda 50.2-50.4-cü maddələrinin müddəaları tətbiq edilir.
Maddə 52. Məhkəmə təsdiqi
52.1. Alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər.
52.2. Alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan orqan tərəfindən aşağıdakıların təsdiq olunması üçün verilir:
52.2.1. torpağın alınmasının bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olmasının;
52.2.2. alınan torpağa sahibliyin bu Qanunun tələblərinə uyğun olaraq əldə olunmasının;
52.2.3. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin.
52.3. Torpağının alınmasına, torpağının üzərində sahibliyin əldə olunmasına və ya təklif olunan kompensasiyaya etiraz edən alınmanın təsirinə məruz qalan şəxs aşağıdakı əsaslardan biri və ya bir neçəsi ilə məhkəməyə ərizə verə bilər:
52.3.1. torpağın alınmasının bu Qanunun 3-cü maddəsinin tələblərinə zidd olması;
52.3.2. torpağın alındığı layihənin həyata keçirilməsi üçün lazım olmaması;
52.3.3. təklif olunan kompensasiyanın ədalətli olmaması;
52.3.4. alan orqanın müvafiq səlahiyyətlərə malik olmaması;
52.3.5. bu Qanunla müəyyən olunmuş proseduralara riayət edilməməsi və ya düzgün və ədalətli riayət edilməməsi.
52.4. Torpağın alınması ilə bağlı müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş bütün sənədlər, yerquruluşu xəritələri və ya onların zəruri hissəsi məhkəmədə nəzərdən keçirilir.
52.5. Tərəflər, yaxud onların nümayəndələri kompensasiyanın ödənilməsi haqqında razılığa gəldikdə və həmin razılıq yazılı formada hazırlanıb bütün tərəflər tərəfindən imzalandıqda kompensasiyanın ödənilməsi həmin müqavilə bağlandıqdan və imzalandıqdan sonra istənilən vaxt təsdiq olunmaq üçün məhkəməyə təqdim oluna bilər və bu zaman kompensasiyanın ödənilməsinin məhkəmə tərəfindən təsdiqi heç bir məhkəmə araşdırılması aparılmadan həyata keçirilir.
52.6. Alınmanın təsirinə məruz qalan hər hansı şəxs alan orqanın və ya qrupun, habelə onların vəzifəli şəxslərinin torpağın alınması ilə əlaqədar hüququn verilməsi və ya kompensasiyanın ödənilməsi, yaxud köçürülmə və digər məsələlərlə bağlı müvafiq olaraq qərarlarından, hərəkətlərindən (hərəkətsizliyindən) yuxarı orqana və (və ya) məhkəməyə şikayət verə bilər.
52.7. Bu maddənin heç bir müddəası ərizəçi və alan orqan tərəfindən mübahisələrin alternativ həlli mexanizmlərinin istifadəsinin və ya həmin mübahisənin həll edilməsi ilə bağlı razılıq əldə edilməsinə digər üsullarla nail olunmasının qarşısını almaq üçün tətbiq edilmir.
52.8. Torpaq üzərində hüquqların alınma proseduralarını başa çatdırmaq üçün tələb olunan hər hansı hərəkətlərlə əlaqədar alınmanın təsirinə məruz qalan şəxsin üzərinə heç bir xərc, ödəmə, yaxud başqa maliyyə tələbləri qoyula və ya alına bilməz.
Maddə 53. Sahiblikdən imtina etmək istəməyən şəxslər
Alan orqanın bu Qanunun 52-ci maddəsində nəzərdə tutulmuş qaydada etdiyi müraciətindən sonra torpağa sahibliyin əldə edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etməyərək sahiblikdən imtina etmək istəməyən şəxslər barəsində məhkəmə qərarlarının icrası barədə qanunvericiliyin müvafiq müddəaları tətbiq olunur.
VII fəsil
Kompensasiya
Maddə 54. Alınmanın təsirinə məruz qalan şəxslərə ödənilən kompensasiya
54.1. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir.
54.2. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir.
Maddə 55. Kompensasiyanın məbləği ilə bağlı torpağın qiymətləndirilməsi üsulu
55.1. Bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır:
55.1.1. bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi;
55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi.
55.2. Bu Qanunun 55.1-ci maddəsində göstərilən qiymətləndirmə üsullarından hər ikisi tətbiq edilə biləcəyi hallarda ödəniləcək kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi üçün torpağın daha yüksək qiymətini verən üsul tətbiq edilir.
Maddə 56. Kompensasiyanın qiymətləndirilməsində nəzərə alınmalı olan amillər
56.1. Bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən aşağıdakı amillər nəzərə alınır:
56.1.1. iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin;
56.1.2. ödəniləcək kompensasiya qiymətləndirilərkən mövcud inflyasiya;
56.1.3. torpağın bu Qanunun 58-ci maddəsinə əsasən müəyyən edilmiş bazar qiyməti;
56.1.4. alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər;
56.1.5. alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər;
56.1.6. alınma nəticəsində şəxs yaşayış, həyata keçirdiyi sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər.
Maddə 57. Kompensasiyanın qiymətləndirilməsində nəzərə alınması tələb olunmayan amillər
57.1. Bu Qanuna əsasən alınan torpaq üçün veriləcək kompensasiyanın məbləği müəyyən edilərkən aşağıdakı amillər nəzərə alınmır:
57.1.1. alınmaya səbəb olan təcililiyin dərəcəsi;
57.1.2. alınmanın təsirinə məruz qalan şəxsin torpaqdan çıxmaqdan boyun qaçırması;
57.1.3. torpağın gələcəkdə istifadəsindən irəli gələ biləcək qiymətinin azalması;
57.1.4. torpağın gələcəkdə istifadəsindən irəli gələ biləcək qiymətinin artması;
57.1.5. alınan torpaqda hər hansı tikilinin lazımi vəziyyətdə saxlanılması üçün zəruri olan yenidənqurulmasına və kənd təsərrüfatı məqsədləri üçün torpaqda məhsulun davamlı becərilməsinə vəsait qoyuluşu halları istisna olmaqla, bu Qanuna uyğun olaraq siyahıya alınma tarixindən sonra alınan torpağa sərf edilən yenidənqurma və digər əlavələrlə bağlı xərclər.
Maddə 58. Bazar qiyməti
58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir.
58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir.
58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür.
58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür.
Maddə 59. Bərpa qiyməti
59.1. Kənd təsərrüfatı təyinatlı torpaqların bərpa qiyməti eyni ərazidə yerləşən və eyni ölçüyə və istehsal potensialına malik torpağın, həmin torpağın alınan torpağın keyfiyyəti ilə eyni olan səviyyəyə çatdırılması ilə bağlı xərclər, köçürülmə və ya yerdəyişmə ilə bağlı xərclər, habelə üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı xərclər əlavə olunmaqla hesablanan qiyməti deməkdir.
59.2. Şəhər və digər yaşayış məntəqələrinin sərhədləri hüdudlarında yerləşən torpağın bərpa qiyməti eyni ölçülü və eyni istifadə üçün nəzərdə tutulmuş, eyni və ya daha üstün ictimai infrastruktur imkanlarına və xidmətlərinə malik olan və eyni ərazidə yerləşən torpağın köçürülmə və ya yerdəyişmə ilə bağlı xərclər, habelə üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı xərclər əlavə olunmaqla hesablanan qiyməti deməkdir.
59.3. Evlər və digər tikililərin bərpa qiyməti onların ölçüsü və keyfiyyəti ilə eyni olan və ya onların ölçüsündən az və keyfiyyətindən aşağı olmayan əvəzedici evin və ya tikilinin əldə edilməsi və ya inşası üçün çəkilən xərclərə, ev və ya tikili qismən zədələndikdə, yaxud evin və ya tikilinin müəyyən hissəsi alındıqda isə onların bərpası üçün tələb olunan tikinti materiallarının bazar qiyməti ilə alınmasına və tikinti sahəsinə daşınmasına çəkilən xərclər, hər hansı işlər və podratçılarla bağlı çəkilən xərclər, habelə hər iki halda layihələndirmə və üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı çəkilən xərclər əlavə olunmaqla hesablanan qiyməti deməkdir.
59.4. Bərpa qiyməti müəyyən edilərkən əmlakın amortizasiyası və istifadə edilməmiş tikinti materiallarının qiyməti nəzərə alınmır, alınan əmlakın qiymətindən alınmanın nəticəsində əldə ediləcək ümumi mənfəətin qiyməti çıxılmır.
59.5. Bu Qanuna əsasən alınan daşınar əşyalar və əmlakla bağlı bərpa qiyməti həmin əşyaların və əmlakın əvəz edilməsinin bazar qiymətindən ibarətdir.
59.6. Bu maddəyə əsasən hər hansı torpaq və ya daşınar əmlakla bağlı bərpa qiyməti müəyyən edilərkən, bu Qanunun 56-cı maddəsinin müddəaları nəzərə alınmalıdır.
Maddə 60. Torpağın müəyyən hissəsinin alınması üçün kompensasiyaya dair xüsusi qayda
Torpaq sahəsinin yalnız müəyyən hissəsinin alınması nəticəsində torpaq bölünürsə, saxlanılan (alınmayan) torpaqdan yolların, drenaj borularının, divarların, hasarların, körpülərin, yeraltı keçidlərin, qurğuların və digər obyektlərin tikintisi ilə bağlı qanuni əsaslarla istifadə edildikdə müvafiq kompensasiya ödənilir.
Maddə 61. Torpağın bölünməsi ilə bağlı iddia məbləği yüksək olduqda torpağın digər hissəsinin alınması
61.1. Alan orqan hesab etsə ki, torpağın müəyyən hissəsi alınarkən həmin hissəyə görə iddiaçının irəli sürdüyü kompensasiya iddiası torpağın alınan müəyyən hissəsi ilə yanaşı iddiaçıda saxlanılan (alınmayan) hissəsinin də alınması qiymətinə bərabər, ya da ondan yüksəkdir, bu halda torpaqla bağlı sahiblik əldə edilənədək istənilən vaxt həmin torpağın saxlanılan (alınmayan) hissəsinin də alınması üçün müəyyən edilmiş qaydada qərar qəbul edə bilər.
61.2. Bu Qanunun 61.1-ci maddəsinə əsasən qərar qəbul edilərkən bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qərarın və ya 46-cı maddəsinə uyğun olaraq sahibliklə bağlı bildirişin göndərilməsi tələb olunmur, lakin alan orqan:
61.2.1. yubadılma olmadan, bu Qanunun 61.1-ci maddəsinə əsasən qəbul edilmiş qərarın surətini iddiaçıya təqdim etməli;
61.2.2. iddiaçıya kompensasiya təklif etməklə bağlı bu Qanunun 67-ci maddəsinə uyğun olaraq səlahiyyətlərini icra etməyə başlamalı;
61.2.3. qəbul etdiyi qərar, onun səbəbləri və mahiyyəti barədə dərhal nəzarət orqanını məlumatlandırmalıdır.
Maddə 62. Yanaşı torpaqlara dəymiş zərərlə bağlı kompensasiya
Bu Qanuna əsasən alınan torpağın hər hansı hissəsini təşkil etməyən və alınan torpaqda tikintinin inşası və alınmaya səbəb olmuş digər işlərin aparılması nəticəsində və (və ya) həmin tikintinin təyinatı ilə əlaqədar alınan torpaqla yanaşı olan torpaqda qanunvericiliklə nəzərdə tutulmuş məhdudiyyətlərin müəyyənləşdirilməsi nəticəsində zərər dəymiş yanaşı torpaq üzərində müvafiq hüququ olan alınmanın təsirinə məruz qalan şəxs həmin zərərli təsirlə bağlı kompensasiya almaq hüququna malikdir.
Maddə 63. Narahatlıq üçün kompensasiya
63.1. Narahatlıq üçün kompensasiya qiymətləndirilərkən aşağıdakılar nəzərə alınmalıdır:
63.1.1. iddiaçı ilə bağlı hallar;
63.1.2. torpağın alınması ilə bağlı hər hansı hüquqi xidmətlər, mərzlənmə, qiymətləndirmə və digər bu kimi məcburi tədbirlərin yerinə yetirilməsi ilə əlaqədar ağlabatan xərclərin məbləği;
63.1.3. alınmanın təsirinə məruz qalan şəxsin mal-qarasının saxlanıldığı yerdən şəxsin köçürüləcəyi yerə təhlükəsiz və salamat şəkildə nəql edilməsi ilə bağlı xərclər;
63.1.4. alınmanın təsirinə məruz qalan şəxsin alınma nəticəsində gəliri ilə bağlı hər hansı itkiləri və həmin şəxsin yeni yaşayış yerində işindən və ya torpaqdan əldə edəcəyi gəlir köçürüldüyü yerdə torpaqdan və ya işindən əldə etdiyi gəlirlə bərabər olanadək mütəmadi ödənişlərin təmin edilməsi ilə bağlı ehtiyacı;
63.1.5. alınmanın təsirinə məruz qalan şəxsin yeni yaşayış yerində onun şəraitinə uyğun olan iş yerində işləyə bilməsi üçün tələb olunan təlimlə bağlı xərclər;
63.1.6. alınmanın təsirinə məruz qalan şəxsin ailəsinin ehtiyaclarının tam və ya qismən ödənilməsi üçün qida məhsulları onun torpağından təmin edildiyi halda, həmin şəxsin yeni yaşayış yerində olan torpaqdan və ya yeni yaşayış yerində işindən həmin qida məhsullarını əldə edəcəyi vaxtadək eyni növlü və məbləğli qida məhsulları ilə mütəmadi təmin edilməsi xərcləri;
63.1.7. ödənilən kompensasiyanın ədalətli olmasını təmin etmək üçün nəzərə alınacaq digər məsələlər.
Maddə 64. Ümumi istifadədə olan torpağa hüquqların itirilməsinə görə kompensasiya
Alınan torpağa ümumi istifadədə olan torpaq sahələri daxil olduqda, ondan istifadə etmək və ya məhsul götürmək hüququna malik olan şəxslər ümumi istifadədə olan torpaq sahələrinə giriş, istifadə və ya məhsul götürmək hüququnun itirilməsinə görə kompensasiya almaq hüququna malikdirlər.
Maddə 65. Ödənilən kompensasiyanın mahiyyəti və növü
65.1. Kompensasiya aşağıdakı formalarda ödənilə bilər:
65.1.1. itirilmiş torpaqla müqayisə ediləcək keyfiyyətə, ölçüyə, istehsal potensialına malik olan torpaq sahəsi;
65.1.2. itirilmiş yaşayış sahəsi və ya tikili ilə müqayisə ediləcək keyfiyyətə, ölçüyə və istifadə imkanına malik olan yaşayış sahəsi və ya tikili;
65.1.3. kənd təsərrüfatı torpaqları itirildikdə bu Qanunun 65.1.1-ci maddəsində nəzərdə tutulan torpaq sahəsindən əlavə kənd təsərrüfatı torpağında istifadə etmək üçün bitkilər və toxumlar;
65.1.4. bu Qanunun 64-cü maddəsində müəyyən edilmiş ümumi istifadədə olan əmlakla bağlı təminatlar;
65.1.5. torpaq və digər kapital itkisinə görə bu fəslin müddəalarına uyğun olaraq müəyyən edilmiş məbləğdə birdəfəlik pul ödənişi;
65.1.6. yerdəyişmə nəticəsində azalmış və ya itirilmiş gəlirin təmin edilməsi və ya əvəz edilməsi üçün müəyyən müddətə ödənişlər;
65.1.7. itirilmiş torpaqda əldə edilən qida məhsullarının və ya əvvəllər belə qida məhsullarını əldə etmək üçün istifadə olunmuş itirilmiş gəlirin əvəzinə müəyyən müddət ərzində qida məhsulları ilə mütəmadi təchizat;
65.1.8. yerdəyişmə nəticəsində itirilmiş iş imkanlarının əvəz edilməsi məqsədi ilə iş əldə etmək üçün alınmanın təsirinə məruz qalan şəxslərə yeni vərdişləri aşılamaqla və ya torpağın alınması layihəsi nəticəsində açılan iş imkanlarından istifadə etməklə əlaqədar təlimin təmin edilməsi;
65.1.9. alınmanın təsirinə məruz qalan şəxslərlə alan orqan arasında müəyyən edilən və ya razılaşdırılan digər kompensasiya formaları.
65.2. Alınmanın təsirinə məruz qalan şəxs ona ödənilməli kompensasiyanın bir və ya daha çox növünü seçə bilər.
65.3. Alan orqan kompensasiyaların növləri, onların hansının daha faydalı olması haqqında alınmanın təsirinə məruz qalan şəxsin məlumata malik olduğuna əmin olmalıdır. Əks təqdirdə, alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə bu barədə ətraflı məlumat verir.
65.4. Qəbiristanlığın ərazisi olan torpaq alındıqda, alan orqan həmin qəbiristanlıqda dəfn edilmiş şəxslərin qohumları ilə dəfn edilmiş şəxslərin eksqumasiyası və başqa yerdə basdırılması, onların həmin məqsədlə üstünlük verdikləri yerlə bağlı məsləhətləşmələr aparır və həmin şəxslər eksqumasiya və başqa yerdə basdırılma ilə bağlı qərar qəbul etdiyi halda, alan orqan eksqumasiya və başqa yerdə basdırılma, habelə bununla əlaqədar bütün müvafiq və ənənəvi mərasimlərlə bağlı xərcləri ödəyir.
65.5. Ümumi istifadədə olan bina alındıqda, alan orqan:
65.5.1. həmin binadan istifadə edən şəxsləri onların istifadə edə biləcəkləri yerdə eyni məqsədli (təyinatlı) bina ilə (binalarla) təmin edir və ya;
65.5.2. bu Qanunun 59-cu maddəsinə uyğun olaraq alınmanın təsirinə məruz qalan şəxslərə həmin binanın bərpa qiymətini ödəyir.
65.6. Köçürüləcək şəxslər alınan torpaqda elektrik enerjisi, qaz, su və kanalizasiya, telekommunikasiya və elektron kommunikasiya ilə təchizatına, habelə yol və sair bu kimi infrastruktur təchizatına malik olduqda alan orqan alınmanın təsirinə məruz qalan həmin şəxsləri köçürüləcəkləri ərazidə müqayisə ediləcək keyfiyyət, rahatlıq və kəmiyyətə malik olan müvafiq infrastruktur təchizatı ilə təmin etmək öhdəliyini daşıyır, bu şərtlə ki, həmin ərazidə əvvəllər yaşayan şəxslərin infrastrukturlarının və tikililərinin keyfiyyəti, rahatlığı və kəmiyyəti azalmasın.
Maddə 66. Çətinliklərə görə kompensasiya
66.1. Bu Qanuna uyğun olaraq yaşayış sahəsinin alındığı hər bir halda, alan orqan iddiaçıya bu fəslə uyğun olaraq alınmanın təsirinə məruz qalan şəxslərin almaq hüququna malik olduqları ödənişlərə əlavə olaraq çətinliyə görə kompensasiya verir.
66.2. Çətinliklərə görə kompensasiya alınmanın təsirinə məruz qalan şəxsə alınan yaşayış sahəsində əsas yaşayış yeri kimi ən azı beş il müddətində yaşamasını təsdiq edən sənədi onun tərəfindən təqdim edildikdə ödənilir.
66.3. Alınmanın təsirinə məruz qalmış şəxs alan orqana çətinliklə bağlı ödəniş üçün tələbi bu Qanunun 66.2-ci maddəsində nəzərdə tutulmuş halın baş verdiyi tarixdən bir təqvim ili müddətində təqdim edə bilər.
66.4. Çətinliklə bağlı ödəniş alınmanın təsirinə məruz qalmış şəxsin alınan yaşayış sahəsində yaşadığı müddətdən asılı olaraq bu fəslə uyğun olaraq iddiaçıya ödəniləcək kompensasiyanın ümumi məbləğinin aşağıda göstərilən faizi miqdarında müəyyənləşdirilir:
66.4.1. 5 ildən 6 ilədək müddət üçün - 5 faiz;
66.4.2. 6 ildən 7 ilədək müddət üçün - 6 faiz;
66.4.3. 7 ildən 8 ilədək müddət üçün - 7 faiz;
66.4.4. 8 ildən 9 ilədək müddət üçün - 8 faiz;
66.4.5. 9 ildən 10 ilədək müddət üçün - 9 faiz;
66.4.6. 10 ildən artıq müddət üçün - 10 faiz.
VIII fəsil
Kompensasiyanın ödənilməsi ilə bağlı proseduralar
Maddə 67. Alan orqan tərəfindən kompensasiyanın təklif olunması
67.1. Bu Qanunun 47-ci maddəsinə uyğun olaraq iddiaçının kompensasiya ilə bağlı tələbini və ya bu Qanunun 48-ci maddəsinə uyğun olaraq alqı-satqıya dair bildirişi onları təqdim etmək hüququna malik olan şəxslərdən aldıqda, alan orqan tərəfindən müvafiq tələbin və ya bildirişin alınma tarixindən 60 gündən çox olmayan müddətdə və ya alan orqanla iddiaçı arasında razılaşdırıla biləcək, lakin əlavə 30 gündən çox olmayan daha uzun müddətdə kompensasiyanın verilməsi üçün təklif, bu Qanunun 48-ci maddəsinə uyğun olaraq təqdim edilmiş alqı-satqıya dair bildirişlə bağlı isə həmin bildirişdə göstərilən torpağı almaqla bağlı təklif və ya almaqdan imtinaya dair bildiriş iddiaçıya təqdim olunur.
67.2. Bu Qanunun 67.1-ci maddəsinə uyğun olaraq təqdim edilmiş təklif aşağıdakıları aydın və iddiaçının anladığı tərzdə müəyyən etməlidir:
67.2.1. müxtəlif kompensasiya növləri üzrə verilən kompensasiyaların məbləğlərini;
67.2.2. ümumi kompensasiyanın yekun məbləğini;
67.2.3. verilən kompensasiyanın mahiyyətini;
67.2.4. kompensasiya itirilmiş gəlirin və ya qida məhsullarının təmin olunması üçün ödənildikdə, kompensasiyanın ödəniləcəyi müddət cədvəlini;
67.2.5. veriləcək kompensasiya iddia edilən kompensasiya məbləğindən az olduqda məbləğın azaldılmasının səbəblərini;
67.2.6. alan orqan bu Qanunun 61-ci maddəsinə uyğun olaraq öz səlahiyyətlərini icra etməyi təklif etdiyi hallarda bunun səbəb və əsaslarının tam izahını;
67.2.7. alqı-satqıya dair bildiriş göndərildiyi və alan orqan həmin bildirişdə göstərilən torpağın alqısı ilə razılaşmaqdan imtina etdiyi hallarda, imtinanın və torpağın alınması əvəzinə veriləcək (əgər veriləcəksə) kompensasiyanın verilməsinin səbəblərini;
67.2.8. iddiaçının müəyyən edilmiş formada kompensasiyanı qəbul edib-etməməsini göstərməli olduğu son tarixi, kompensasiya tam və ya qismən qəbul edilmədiyi halda bunun səbəblərini;
67.2.9. kompensasiyanın verilməsi ilə bağlı hər hansı məsələni mübahisələndirmək arzusunda olan iddiaçı üçün mövcud olan proseduraları;
67.2.10. müəyyən edilə biləcək digər məsələləri.
Maddə 68. Kompensasiya ilə bağlı təklifin qəbul edilməsi
68.1. Alan orqanın kompensasiyanın verilməsi ilə bağlı təklifinin ünvanlandığı şəxs həmin təklifi aldıqdan sonra 40 gün müddətində alan orqana aşağıdakılarla bağlı məlumat təqdim edir:
68.1.1. verilən kompensasiyanı tam qəbul edir;
68.1.2. verilən kompensasiyanı etirazla tam və ya qismən qəbul edir;
68.1.3. verilən kompensasiyadan tam və ya qismən imtina edir;
68.1.4. verilən kompensasiyadan tam və ya qismən imtina etdiyi halda, mübahisəni bu Qanunun 75-ci maddəsində nəzərdə tutulan şikayətlərin baxılması komissiyasına təqdim etmək arzusundadır;
68.1.5. verilən kompensasiyadan tam və ya qismən imtina etdiyi halda, kompensasiyanın verilməsi ilə bağlı mübahisəni məhkəməyə təqdim etmək arzusundadır.
68.2. Kompensasiya qəbul edildiyi halda alan orqan kompensasiyanın verilməsini qəbul edən şəxsə kompensasiyanın verilməsinin qəbul edildiyi gündən 30 gün müddətində kompensasiyanı tam ödəyir, yaxud kompensasiyanın birdəfəlik ödənişdən başqa digər növü olduğu hallarda onu ödəməyə başlayır.
Maddə 69. Kompensasiyanın qəbul edilməsi
69.1. Alan orqan bu Qanuna uyğun olaraq həyata keçirilmiş hər kompensasiya ödənişinə görə iddiaçıdan imzalanmış qəbz qəbul edir və iddiaçı həmin qəbzi imzalamaq öhdəliyi daşıyır.
69.2. İstənilən iddiaçı kompensasiya ödənişini kompensasiyanın məbləği və ya mahiyyəti ilə bağlı etiraz bəyanatı ilə qəbul edə bilər.
69.3. Kompensasiya ödənişini etiraz bəyanatı ilə qəbul edən hər hansı bir iddiaçı həmin kompensasiyanı qəbul edib-etməməsindən asılı olmayaraq kompensasiyanın və ya onun bir hissəsinin verilməsinə etiraz etmək hüququna malikdir.
69.4. Şəxs kompensasiyanı etiraz bəyanatı ilə qəbul etdikdə kompensasiyanı qəbul etdiyi tarixdən sonra 20 gün müddətində etirazla bağlı bildirişi alan orqana təqdim etməlidir.
Maddə 70. Pul kompensasiyasının ödənilməsi üsulu
70.1. Veriləcək kompensasiya tam və ya qismən, birdəfəlik və ya hissə-hissə pul məbləği ilə ödəniş formasında ödəniləcəyi hallarda kompensasiya bank hesabına ödənilir.
70.2. Alınmanın təsirinə məruz qalan şəxslər bank hesabına malik olmadıqda, alan orqan öz vəsaiti hesabına alınmanın təsirinə məruz qalan şəxslərin adına bank hesabı açmaq və bu hesabdan istifadə olunmasında həmin şəxslərə yardım göstərmək öhdəliyi daşıyır.
70.3. Alınmanın təsirinə məruz qalan şəxsin bank hesabı olduğu halda pul kompensasiyası həmin bank hesabına ödənilir.
70.4. Pul kompensasiyası almaq hüququna malik olan ailənin üzvü olan alınmanın təsirinə məruz qalan şəxs öz vəsaiti hesabına və alan orqanın yardımı ilə öz adına kompensasiyanın ödəniləcəyi bank hesabı aça bilər.
70.5. Alan orqan bu maddənin tətbiq ediləcəyi hər hansı bank hesabı ilə bağlı həmin hesabdan istifadə ediləcəyi ilk bir il ərzində bütün xərcləri ödəmək öhdəliyi daşıyır.
70.6. Alınan torpaq ümumi mülkiyyətdə olduqda, alan orqan pul kompensasiyasını bütün mülkiyyətçilərə onların payına mütənasib olaraq ödəyir və ödəniş zamanı hər bir mülkiyyətçidən qəbzin imzalanmasını tələb edir.
Maddə 71. Kompensasiyanın depozitə qoyulması
71.1. Aşağıdakı hallarda alan orqan kompensasiya almaq hüququna malik olan şəxsin hesabına kompensasiya məbləğini depozit qoymaqla bağlı alan orqanı səlahiyyətləndirən qərar üçün məhkəməyə müraciət edə, məhkəmə isə bu barədə müvafiq qərar qəbul edə bilər:
71.1.1. bu Qanunun 69-70-ci maddələrinə uyğun olaraq kompensasiyanı almaq üçün səlahiyyətli və ya mövcud şəxs olmadıqda və həmin şəxs və ya onun nümayəndəsi lazımi araşdırma aparıldıqdan sonra tapılmadıqda;
71.1.2. kompensasiya almaq hüququna malik olan şəxs həmin ödənişi qəbul etməyə razı olmadıqda;
71.1.3. aşağıdakılarla bağlı mübahisə yarandıqda:
71.1.3.1. şəxsin kompensasiyanı qəbul etmək hüququ və ya hüquqlara dair sənədi;
71.1.3.2. kompensasiyanı almaq hüququna malik olan şəxslər arasında kompensasiyanın bölünməsi.
71.2. Bu Qanunun 71.1.1-ci və 71.1.3-cü maddələrində qeyd edilən hər hansı bir şəxs məhkəməni qane edəcək sübutu təqdim etməklə, depozitə qoyulmuş məbləğdən həmin şəxsin almaq hüququna malik olduğu kompensasiya məbləğinin ödənilməsi barədə məhkəməyə müraciət edə bilər.
71.3. Bu Qanunun 71.1.2-ci maddəsində qeyd olunan şəxs istənilən vaxt məhkəməyə müraciət etmədən depozitə qoyulmuş məbləği götürə bilər.
71.4. Bu Qanunun 71.1-ci maddəsinə uyğun olaraq depozitə qoyulmuş hər hansı kompensasiya məbləği depozit qoyulduğu tarixdən 10 il müddətində tələb edilmədikdə dövlət mülkiyyətinə keçir.
Maddə 72. Faizlərin ödənilməsi
72.1. Bu Qanuna uyğun olaraq ödənilən kompensasiyaya və iddiaçı ilə alan orqan arasında razılaşdırılan hər hansı kompensasiyaya ödəniş tarixindən ödənişin aparıldığı tarixədək və ya bu Qanunun 71-ci maddəsinə uyğun olaraq depozitə qoyulduğu tarixədək Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş faiz dərəcəsindən əlavə bir faiz dərəcəsi ilə faiz hesablanır.
72.2. Bu Qanunun 72.1-ci maddəsində alınan torpaqla bağlı "ödəniş tarixi" dedikdə bu Qanunun 52.2-ci maddəsində göstərilən məsələlərin təsdiq olunması barədə müvafiq məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 10 gün müd
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında