Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydalarını, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri tənzimləyir.
I fəsil
Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur:
1.1.1. alınma - dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması;
1.1.2. torpaq - mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı, hər hansı tikilinin altında olan və ya olmayan torpaq sahələri, habelə torpaq sahəsi ilə bağlı daşınmaz əmlak (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər);
1.1.3. tikili - torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əmlak, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, bağ evləri, divar, hasar, yarımçıq (inşası başa çatdırılmamış) tikili və bu kimi digər obyektlər;
1.1.4. alınmanın təsirinə məruz qalan torpaq - bu Qanunun 18-ci maddəsinə uyğun olaraq torpağın alınması ilə bağlı təklifə daxil edilməsi məqsədi ilə alan orqan tərəfindən müəyyən edilən torpaq;
1.1.5. alınan torpaq - bu Qanunun 19-cu maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün alınması barədə müvafiq qərar qəbul edilmiş torpaq;
1.1.6. kompensasiya - bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəz;
1.1.7. siyahıya alınma tarixi - bu Qanunun 11-ci maddəsinə müvafiq olaraq kompensasiya almaq hüququnun verilməsi və köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarix;
1.1.8. iddiaçı - bu Qanuna əsasən alınmanın təsirinə məruz qalan, kompensasiya iddiasında olan şəxs;
1.1.9. narahatlıq - torpağın məcburi alınması nəticəsində iddiaçının məruz qaldığı və ya onun tərəfindən çəkilmiş xərc və köçürülmə ilə bağlı, o cümlədən torpağın bu Qanunla müəyyən edilmiş qiymətinə birbaşa əsaslanmayan hər hansı pul zərəri (köçürülmə planına uyğun olaraq köçürülmə ilə bağlı tələb olunan bütün ağlabatan xərclər də nəzərə alınmaqla);
1.1.10. çətinliklərə görə kompensasiya - bu Qanunun 66-cı maddəsində nəzərdə tutulmuş kompensasiya;
1.1.11. zərərli təsir - alınan torpaqda dövlət ehtiyacının yaranmasına səbəb olmuş layihənin həyata keçirilməsi, o cümlədən layihə ilə nəzərdə tutulmuş yeni tikintinin (obyektin) inşası və (və ya) həmin tikintinin təyinatı, yaxud istifadəsi (istismarı) ilə əlaqədar alınan torpaqla yanaşı olan torpağın və ya saxlanılan (alınmayan) torpağın bazar qiymətinin və ya bərpa qiymətinin azaldılmış məbləği;
1.1.12. torpağın alınması qrupu - bu Qanunun 22-ci maddəsinə əsasən torpağın alınması prosesini həyata keçirmək üçün yaradılmış qrup;
1.1.13. bazar qiyməti - bu Qanunun 58-ci maddəsinə uyğun olaraq müəyyən edilən qiymət;
1.1.14. bərpa qiyməti - bu Qanunun 59-cu maddəsi ilə müəyyən edilən qiymət;
1.1.15. torpağa sahibliklə bağlı bildiriş - alan orqan tərəfindən bu Qanunun 46-cı maddəsinə uyğun olaraq verilən sənəd;
1.1.16. ictimai iclas - bu Qanunun 15-ci maddəsində nəzərdə tutulan iclas;
1.1.17. torpağın alınmasına dövlət ehtiyacları - torpaqların bu Qanuna əsasən alına biləcəyi, bu Qanunun 3-cü maddəsində müəyyən edilmiş hallar;
1.1.18. alqı-satqı bildirişi - iddiaçı tərəfindən bu Qanunun 48-ci maddəsinə uyğun olaraq torpağın alınması tələbi barədə alan orqana verilən sənəd;
1.1.19. köçürülmə komissiyası - bu Qanunun 40-cı maddəsinə əsasən yaradılmış komissiya;
1.1.20. köçürülmə planı - bu Qanunun 5-ci fəslində nəzərdə tutulmuş plan;
1.1.21. köçürülmə təlimatı - bu Qanunun 5-ci fəslində nəzərdə tutulmuş köçürülmə ilə bağlı təlimat;
1.1.22. saxlanılan torpaq - dövlət ehtiyacları üçün torpağın müəyyən hissəsi alındığı hallarda həmin torpağın alınmanın təsirinə məruz qalan şəxsdə saxlanılan hissəsi.
Maddə 2. Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanunvericilik
Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Torpaq Məcəlləsindən, Mülki Məcəllədən, Mənzil Məcəlləsindən, bu Qanundan, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Maddə 3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları
3.1. Bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır:
3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması;
3.1.2. sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi;
3.1.3. müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi;
3.1.4. dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi.
3.2. Torpaqlar dövlət ehtiyacları üçün yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda alına bilər.
Maddə 4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri
4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər.
4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz.
Maddə 5. Alına bilən torpaqlar
5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər:
5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar;
5.1.2. bələdiyyə mülkiyyətində olan torpaqlar.
5.2. Dövlət mülkiyyətində olan torpaqlar üzərində istifadə və icarə hüquqları dövlət ehtiyacları üçün geri alınır.
Maddə 6. Torpaqları dövlət ehtiyacları üçün alan orqan
6.1. Torpaqları dövlət ehtiyacları üçün alan orqan (bundan sonra - alan orqan) bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir.
6.2. Alan orqan müəyyənləşdirilərkən həmin orqanların qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətləri, onların təklif olunan layihənin həyata keçirilməsi üçün tələb olunan maliyyə və digər zəruri imkanları nəzərə alınmalıdır.
6.3. Müvafiq icra hakimiyyəti orqanı alan orqan tərəfindən bu Qanunun tələblərinə riayət olunmasını təmin etmək məqsədilə torpağın alınması ilə bağlı aşağıdakılarla məhdudlaşmayan müəyyən şərtlər irəli sürə bilər:
6.3.1. təklif edilən alınma ilə bağlı ictimai məsləhətləşmələrin keçirilməsi;
6.3.2. iddiaçıya təklif olunan kompensasiyaya əlavə olaraq ödəniləcək kompensasiyaların növlərinin və məbləğlərinin müəyyən edilməsi;
6.3.3. torpaqların dövlət ehtiyacları üçün alınması prosesinin icrası planı və ya onun bir hissəsi;
6.3.4. kompensasiyaların növlərinin, ödəniş formalarının və müddətlərinin müəyyən edilməsi.
6.4. Alan orqan torpağın alınmasının icrası ilə bağlı məsuliyyət daşıyır və torpağın alınması prosesində iştirak edən bütün digər orqanlar (təşkilatlar) tələb olunan müddət çərçivəsində alan orqan tərəfindən onlara edilmiş müraciətləri təmin etməlidirlər.
Maddə 7. Alınmanın təsirinə məruz qalan şəxs
7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir.
7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir.
7.3. Bu Qanunun 7.1-ci maddəsi nəzərə alınmaqla, həmçinin bu Qanunun 11-ci maddəsinin müddəalarına əməl etmək şərti ilə aşağıdakılar da alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər:
7.3.1. torpaqla bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət, istifadə və ya icarə hüquqları olan, habelə qanunvericiliklə dövlət qeydiyyatı tələb olunmayan qanunauyğun istifadə və ya icarə hüquqları olan şəxslər;
7.3.2. siyahıya alma dövründə yazılı sənədlərlə təsdiq edilən torpaqla bağlı qanuni, lakin dövlət qeydiyyatına alınmamış mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxslər (Bu Qanun qüvvəyə minənədək torpaq üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarının əmələ gəlməsi üçün əsas olan dövlət orqanının və bələdiyyənin aktlarının və müqavilənin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi və ya bağlanması şəxsin torpaqla bağlı hüquqlarının qanunsuz hesab edilməsi üçün əsas ola bilməz);
7.3.3. ikinci əldən icarəyə verən qismində icarəçi, üçüncü şəxslərə istifadəyə verən qismində istifadəçi və ya istifadəçi ilə şifahi və ya yazılı həqiqi sübutla təsdiq edilən razılaşma əsasında torpağı qısa müddətli istifadə edən şəxslər;
7.3.4. torpağa hüququnun yaranmasına səbəb olan, qanun tərəfindən tanınan uzun müddətli istifadə əsasında torpaqda yaşayan şəxslər;
7.3.5. yaşadıqları torpaqla bağlı qanuni hüquqları olmayan şəxslər.
7.4. Bu Qanunun 7.3.1-7.3.4-cü maddələrində nəzərdə tutulmuş kateqoriyalara aid olan şəxslər bu Qanunun müddəalarına əsasən itirdikləri torpaqla bağlı kompensasiya və digər yardımlarla təmin edilirlər.
7.5. Bu Qanunun 7.3.5-ci maddəsində nəzərdə tutulmuş kateqoriyaya aid olan şəxslər daşınmaz əmlak istisna olmaqla, yalnız onların köçürülməsi ilə bağlı yardımla və köçürülmə zamanı həmin şəxslərin daşınar əmlakına vurulmuş zərərin ödənilməsinə yönəlmiş yardımlarla təmin edilirlər.
7.6. Bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı şəxsin ailə üzvləri qismində torpaqda yaşayan şəxslər də alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər.
Maddə 8. Alınmanın həyata keçirilməsinə nəzarət
8.1. Alınmanın həyata keçirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət və şikayətlərə baxılması müvafiq icra hakimiyyəti orqanı (bundan sonra - nəzarət orqanı) tərəfindən həyata keçirilir.
8.2. Nəzarət orqanı aşağıdakı funksiyaları yerinə yetirir:
8.2.1. tələb olunduğu hallarda torpağın alınması prosesi ilə bağlı təkliflərə dair rəy hazırlamaq;
8.2.2. alan orqanın həyata keçirdiyi alınma proseduralarına nəzarət etmək;
8.2.3. qiymətləndirmənin düzgün aparılmasını müəyyən etmək məqsədilə torpağın alınması proseduralarını davamlı şəkildə yoxlamaq və səmərəliliyi artırmaq istiqamətində dəyişikliklər təklif etmək;
8.2.4. alınma haqqında təkliflər və proseslərlə bağlı ictimai iclaslara nəzarət etmək və həmin iclaslarda edilən etirazlara və təqdimatlara dair hesabatlar hazırlamaq;
8.2.5. alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin alınması başlayana qədər bu Qanuna əsasən kompensasiyanın ödənilməsinin və ya köçürülmənin həyata keçirilməsinin təmin edildiyinə əmin olmaq;
8.2.6. alınmanın təsirinə məruz qalan şəxs tərəfindən şəxsən və ya qanunvericiliklə vəkalət verdiyi şəxs vasitəsilə alınma prosesinin istənilən məsələsi ilə bağlı verilmiş hər hansı şikayətə baxmaq və araşdırmaq, habelə həmin şikayətlə bağlı alan orqana tövsiyələrlə birgə rəy təqdim etmək;
8.2.7. alınma ilə bağlı hesabatlar hazırlamaq.
8.3. Nəzarət orqanı zəruri hallarda torpaqların alınması ilə bağlı ortaya çıxan məsələlərin araşdırılması məqsədilə müvafiq sahə üzrə ekspert və ya mütəxəssis xidmətlərindən istifadə edə bilər.
8.4. Nəzarət orqanı alınma proseduraları ilə əlaqədar hazırladığı təklif və hesabatları müvafiq icra hakimiyyəti orqanına təqdim edir.
8.5. Nəzarət orqanı öz mülahizəsinə görə alınmanın bu Qanunla müəyyən edilmiş tələblərə riayət edilməməklə həyata keçirildiyini hesab etdiyi hallarda alınma prosesinin istənilən mərhələsində alan orqan tərəfindən torpaq üzərində hüquqların alınması, alınmanın təsirinə məruz qalan şəxslərin köçürülməsi, torpaqda mövcud tikililərin sökülməsi, tikinti işlərinin aparılması da daxil olmaqla hər hansı işlərin və hərəkətlərin dərhal dayandırılması haqqında sonuncuya icrası məcburi olan göstərişlər verə bilər. Bu göstərişin yerinə yetirilməsinin təmin edilməməsi nəticəsində maraqlı şəxsə dəymiş ziyan alan orqan tərəfindən ödənilir.
II fəsil
Torpaqların dövlət ehtiyacları üçün alınmasına qədər olan icraat
Maddə 9. Dövlət ehtiyacının müəyyən edilməsi və torpağın alınması barədə qərarın qəbul edilməsinə hazırlıq
9.1. Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilir. Həmin qərarla alan orqan müəyyən edilir və torpağın alınması barədə qərarın qəbul edilməsinə hazırlıq başlanılır.
9.2. Torpağın alınması barədə qərarın qəbul edilməsinə hazırlıq dövründə aşağıdakılar yerinə yetirilməlidir:
9.2.1. dövlət ehtiyacının təmin edilməsi üçün alınmanın təsirinə məruz qalan torpaqların sərhədlərinin müəyyən edilməsi, onların kateqoriyalarını, dəqiq ölçülərini, növlərini və yerləşməsini əks etdirən yerquruluşu xəritəsinin (kağız və elektron daşıyıcıda) tərtib edilməsi;
9.2.2. alınması təklif olunan torpağın kateqoriyalarının və mülkiyyət növünün müəyyənləşdirilməsi;
9.2.3. alınmanın təsirinə məruz qala biləcək şəxslərin tam siyahısının tərtib edilməsi;
9.2.4. alınma üçün tələb olunan maliyyə vəsaitinin ilkin məbləğinin və onun maliyyələşmə mənbələrinin müəyyən edilməsi;
9.2.5. bu Qanunun 10-17-ci maddələrində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi;
9.2.6. müvafiq icra hakimiyyəti orqanının müəyyən edə biləcəyi əlavə tədbirlərin həyata keçirilməsi.
9.3. Torpağın alınması barədə qərarın qəbul edilməsinə hazırlıq dövründə yerinə yetirilən tədbirlərin əlaqələndirilməsi alan orqan tərəfindən həyata keçirilir.
9.4. Bu Qanunun 9.1.-ci maddəsində göstərilən qərarın qəbul edilməsi təklifi ilə müvafiq icra hakimiyyəti orqanları çıxış edə bilərlər.
Maddə 10. Alan orqanın məlumat toplamaq vəzifəsi
10.1. Alan orqan torpağın alınması haqqında təklifin hazırlanması zamanı bu Qanunun tələblərinə əməl edilməsi üçün zəruri olan bütün məlumatları toplamalıdır.
10.2. Məlumat toplanması məqsədi ilə alan orqan təklif edilən alınmanın əhatə etdiyi şəxslər və torpaqla bağlı aşağıdakı məlumatların verilməsi, bu məlumatların toplanması üçün birgə işlənilməsi və (və ya) dəqiqləşdirilməsi barədə müraciət etməlidir:
10.2.1. həmin torpaqda yaşayan alınmanın təsirinə məruz qalan şəxslərin siyahısına dair - müvafiq icra hakimiyyəti orqanlarına və bələdiyyəyə;
10.2.2. xüsusi mülkiyyətdə olan torpaqlar üzrə:
10.2.2.1. alınmanın təsirinə məruz qalan şəxslərin mülkiyyət, istifadə, icarə və digər qanuni hüquqlar əsasında sahiblik etdikləri alınması təklif olunan torpaq sahələri və onlar üzərində sahiblik növünə dair - müvafiq icra hakimiyyəti orqanlarına;
10.2.2.2. həmin torpaqda mövcud olan tikililər, habelə inşa edilməsi nəzərdə tutulan bina və obyektlərin qanunvericiliyə uyğun olaraq təsdiq edilmiş layihələri haqqında məlumatlar üzrə - müvafiq icra hakimiyyəti orqanlarına;
10.2.2.3. alınmanın təsirinə məruz qalan şəxslərin mülkiyyət, istifadə, icarə və digər qanuni hüquqlar əsasında sahiblik etdikləri alınması təklif olunan torpaq sahələri və tikililərin ilkin qiymətinə dair - müvafiq icra hakimiyyəti orqanlarına;
10.2.3. bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə:
10.2.3.1. bələdiyyəyə mülkiyyətində olan alınması təklif edilən torpaq sahələri, həmin torpaq sahələrində mövcud tikililər haqqında məlumat, onlar üzərində sahiblik növü üzrə - müvafiq icra hakimiyyəti orqanlarına və bələdiyyələrə;
10.2.3.2. bələdiyyə mülkiyyətində olan torpaqlarda yaşayan alınmanın təsirinə məruz qalan şəxslərin ilkin hesablanmış sayı, onların həmin torpaqdan istifadə və müvafiq tikili üzərində sahiblik növü üzrə - müvafiq icra hakimiyyəti orqanlarına və bələdiyyələrə;
10.2.3.3. hüquqi şəxslərin istifadəsində olan alınması təklif edilən bələdiyyə mülkiyyətindəki torpaq sahələri, həmin torpaq sahələrində mövcud tikililər haqqında məlumat, onlar üzərində sahiblik növünə dair - müvafiq icra hakimiyyəti orqanlarına və bələdiyyələrə;
10.2.3.4. bələdiyyə mülkiyyətində olan alınması təklif olunan torpaq sahələrinin ilkin qiymətləndirilməsinə dair - müvafiq icra hakimiyyəti orqanlarına;
10.2.4. dövlət mülkiyyətində olan torpaqlar üzrə:
10.2.4.1. dövlət orqanlarının istifadəsində olan alınması təklif edilən torpaq sahələri, həmin torpaq sahələrində mövcud tikililər haqqında məlumat, onlar üzərində sahiblik növünə dair - müvafiq icra hakimiyyəti orqanlarına;
10.2.4.2. dövlət mülkiyyətində olan torpaqlarda yaşayan, alınmanın təsirinə məruz qalan şəxslərin ilkin hesablanmış sayı, onların həmin torpaqdan istifadə və müvafiq tikili üzərində sahiblik növünə dair - müvafiq icra hakimiyyəti orqanlarına;
10.2.4.3. hüquqi şəxslərin istifadəsində olan alınması təklif edilən dövlət torpaq sahələri, həmin torpaq sahələrində mövcud tikililər haqqında məlumat, onlar üzərində sahiblik növünə dair - müvafiq icra hakimiyyəti orqanlarına;
10.2.4.4. istifadədə olan alınması təklif edilən torpaq sahələrinin ilkin qiymətləndirilməsinə dair - müvafiq icra hakimiyyəti orqanlarına;
10.2.5. torpağın qeyri-qanuni tutulması halları kimi, alınması təklif olunan torpaqdan hər hansı qanuni hüquq olmadan yaşamaq üçün və ya digər məqsədlərlə faktiki daimi istifadə edən şəxslərin sayının ilkin hesablanmasına dair - müvafiq icra hakimiyyəti orqanlarına və bələdiyyəyə;
10.2.6. tələb olunduğu hallarda köçürülmə və yerdəyişmə üçün təqdim edilə biləcək torpaq və həmin torpağın cari istifadə növünə dair - müvafiq icra hakimiyyəti orqanlarına;
10.2.7. bu Qanunun 19.5-ci maddəsində nəzərdə tutulmuş sosial təyinatlı obyektlərə dair - müvafiq icra hakimiyyəti orqanlarına;
10.2.8. sorğu edildikdə təklif edilən alınmanın əhatə etdiyi şəxslər və torpaqla bağlı digər məlumatlara dair - dövlət və yerli özünüidarəetmə orqanlarına.
10.3. Bu Qanunun 10.2-ci maddəsində nəzərdə tutulmuş sorğuları almış icra hakimiyyəti orqanları və bələdiyyələr tələb olunan məlumatların tam həcmdə və həmin sorğuda müəyyən edilmiş müddətlərdə, lakin hər bir halda 60 gündən gec olmayaraq verilməsini təmin etməlidirlər.
Maddə 11. Alınmanın təsirinə məruz qalan şəxslərin və torpaqların siyahıya alınması
11.1. Alınmanın təsirinə məruz qalan şəxslər və torpaqlar bu Qanunun 10.2-ci maddəsinə uyğun olaraq sorğu ilə alınmış məlumatlar əsasında alan orqan tərəfindən siyahıya alınır. Siyahıyaalma sorğunun tarixinə (siyahıyaalma tarixi kimi müəyyən edilir) mövcud olan vəziyyətə əsasən aparılır.
11.2. Alınmanın təsirinə məruz qalan şəxslərin və torpağın siyahıya alınması zamanı aşağıda göstərilən şəxslər də nəzərə alınır:
11.2.1. alınmanın təsirinə məruz qalan şəxslərin siyahıyaalınma tarixinədək doğulmuş, onlar tərəfindən qanunvericiliyə uyğun olaraq övladlığa götürülən uşaqları, habelə həmin şəxslərin siyahıyaalma tarixindən sonrakı altı ayadək olan müddətdə doğulmuş uşaqları və siyahıyaalınma tarixinədək qanunvericiliyə uyğun olaraq övladlığa götürmək haqqında müraciət etmiş və siyahıyaalınma tarixindən sonrakı altı ayadək olan müddətdə övladlığa götürülən uşaqları;
11.2.2. alınmanın təsirinə məruz qalan vəfat etmiş şəxsin varisləri.
Maddə 12. Rəsmi elan
12.1. Alan orqan bu Qanunun 10.2-ci maddəsində göstərilən məlumatları topladıqdan sonra torpağın alınması haqqında hazırlanan təkliflə bağlı rəsmi elan (bundan sonra - rəsmi elan) verir.
12.2. Rəsmi elanda aşağıda göstərilən məlumatlar əks olunur:
12.2.1. alınmanın təsirinə məruz qalan torpaqların yerləşdiyi ərazi (o cümlədən, müvafiq şəhər, qəsəbə və ya kənd, onların daxil olduqları inzibati ərazi vahidi (rayon, şəhər və ya şəhər rayonu), mövcud olduqda ünvanı, habelə digər dəqiqləşdirici məlumatlar);
12.2.2. torpağın alınmasını zəruri edən dövlət ehtiyacının ümumi mahiyyəti;
12.2.3. torpağın alınması təklifinin şərtlərini izah etmək və alınma ilə bağlı etirazların edilməsinə imkan vermək üçün alınmanın təsirinə məruz qalan torpaqda və ya onun yaxınlığında keçiriləcək ictimai iclasın tarixi;
12.2.4. alan orqanın məqsədəmüvafiq hesab etdiyi digər məlumatlar.
12.3. Rəsmi elan alınmanın təsirinə məruz qalan torpağın aydın təsviri olan ərazisindən asılı olaraq müəyyən edilmiş miqyasda tərtib edilən yerquruluşu xəritəsi ilə müşayiət olunmalıdır.
12.4. Rəsmi elan və müvafiq yerquruluşu xəritəsi alınmanın təsirinə məruz qalan torpağın yerləşdiyi inzibati ərazi vahidi üzrə müvafiq icra hakimiyyəti orqanının, habelə alınmanın təsirinə məruz qalan torpağın yerləşdiyi inzibati ərazi dairəsi üzrə müvafiq icra hakimiyyəti orqanının nümayəndəliyinin və müvafiq bələdiyyənin inzibati binasının rəsmi bildirişlər lövhəsində və alınmanın təsirinə məruz qalan torpağa yaxın olan və görünən yerlərdə asılır, habelə kütləvi informasiya vasitələrində yayılır.
Maddə 13. Rəsmi elanın alınmanın təsirinə məruz qalan şəxslərə çatdırılması
13.1. Alan orqan rəsmi elanın mahiyyətini alınmanın təsirinə məruz qalan torpaqda yaşayan bütün şəxslərin, alınmanın təsirinə məruz qalan torpaqda mülkiyyət, istifadə və icarə kimi hüquqları olan şəxslərin, alınmanın təsirinə məruz qalan torpağın alınması ilə bağlı kompensasiya hüququna malik olan şəxslər kimi alan orqan tərəfindən tanınan şəxslərin diqqətinə çatdırmaq üçün bütün müvafiq zəruri tədbirləri görməlidir.
13.2. Yuxarıda göstərilən vəzifənin ümumiliyinə xələl gətirmədən, alan orqan bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulmuş bütün şəxslərə bu Qanunun 77-ci maddəsində müəyyən edilmiş qaydada rəsmi elanın mahiyyəti barədə bildiriş göndərməlidir.
Maddə 14. Rəsmi elanda göstərilən ərazidə həyata keçirilən tədbirlər
14.1. Rəsmi elanda göstərilən ərazidə qanunvericiliyə uyğun olaraq aşağıdakı tədbirlər həyata keçirilə bilər:
14.1.1. torpağa daxil olmaq, mərzləmək, səviyyəsini ölçmək və plana almaq;
14.1.2. torpağın süxurunu qazmaq və ya burğu ilə deşmək;
14.1.3. alınmanın təsirinə məruz qalan torpağın sərhədlərini müəyyən etmək;
14.1.4. bu Qanunun 14.1.1-ci və 14.1.3-cü maddələrində göstərilən səviyyələri, sərhədləri nişanlarla qeyd etmək.
14.2. Bu Qanunun 14.1-ci maddəsində nəzərdə tutulmuş tədbirlər nəticəsində torpağa dəyən zərərə görə torpağın mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə müvafiq kompensasiya ödənilir.
Maddə 15. İctimai iclas
15.1. Alan orqan torpağın alınması təklifi ilə bağlı bir və ya daha çox ictimai iclas keçirir.
15.2. Alınmanın təsirinə məruz qalan torpaq birdən artıq inzibati ərazi vahidinin ərazisində yerləşdikdə ictimai iclas hər bir inzibati ərazi vahidi üzrə ayrılıqda keçirilir.
15.3. İctimai iclasın məqsədi aşağıdakılardır:
15.3.1. alınmanın təsirinə məruz qalan torpaqda yaşayan sakinləri və həmin torpaqda mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxsləri torpağın alınmasını tələb edəcək layihə və alınmanın təsirinə məruz qalan torpaq haqqında məlumatlandırmaq;
15.3.2. torpağı tərk etmələri tələb olunacaq sakinləri onların köçürülmə planının hazırlanması, onların həmin planın hazırlanmasında və icrasında iştirakı ilə bağlı tədbirlər haqqında məlumatlandırmaq;
15.3.3. alınmanın təsirinə məruz qalan şəxsləri ödəniləcək kompensasiyanın növləri, habelə kompensasiyanın müəyyən edilməsi və ödənilməsi qayda və üsulları haqqında məlumatlandırmaq;
15.3.4. alınmanın təsirinə məruz qalan şəxsləri alınma ilə bağlı şikayətlərin qəbul edilməsi və baxılması qaydası haqqında məlumatlandırmaq;
15.3.5. təklif edilən alınma ilə bağlı olan məsələlərə dair hər hansı sakin, maraqlı şəxs və ya digər şəxs və ya təşkilatın nümayəndəsi tərəfindən edilə biləcək bəyanatları və ya etirazları dinləmək və qeyd etmək;
15.3.6. ictimai iclasda torpağın və ya onun müəyyən hissəsinin alınması ilə bağlı irəli sürülən hər hansı alternativ təklifləri müzakirə etmək;
15.3.7. ictimai iclası aparan şəxsin və ya şəxslərin rəyinə görə torpağın və ya onun müəyyən hissəsinin alınmasının zəruriliyinə dair əsaslandırılmış və ədalətli fikir formalaşdırmağa yardım edəcək digər məsələləri müzakirə etmək.
15.4. Alan orqan ictimai iclasın keçiriləcəyi ərazi üzrə müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə:
15.4.1. ictimai iclasın keçiriləcəyi tarixi və yeri müəyyənləşdirir, bu barədə elanın bu Qanunun 12.4-cü maddəsində göstərilən yerlərdə yerləşdirilməsini təmin edir və nəzarət orqanını məlumatlandırır;
15.4.2. ictimai iclasda nümayəndəsinin iştirakını təmin edir;
15.4.3. bu Qanunun 15.3-cü maddəsində müəyyən edilmiş məqsədlərə nail olmaq üçün ictimai iclasda torpağın alınması və bunun səbəbləri ilə bağlı bütün məlumatları təqdim edir;
15.4.4. ictimai iclasın nəticələrinə dair hesabat hazırlayır və həmin hesabatı bu Qanunun 18-ci maddəsinə əsasən alan orqan tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim olunan sənədlərə daxil edir;
15.4.5. ictimai iclasın təşkilinə və idarə edilməsinə dair zəruri olan və ya nəzarət orqanı tərəfindən tapşırıla biləcək digər funksiyaları icra edir.
15.5. İctimai iclas nəzarət orqanının nümayəndəsinin iştirakı olmadan keçirilə bilməz.
Maddə 16. İctimai iclasın keçirilməsi
16.1. İctimai iclasın keçirilməsinə məsul olan şəxs (ictimai iclası aparan şəxs) aşağıdakıları təmin etmək öhdəliyi daşıyır:
16.1.1. alınması təklif olunan torpaqda yaşayan sakinlərə, maraqlı şəxslərə, habelə ictimai iclasda iştirak etmək arzusunda olması zənn edilən bütün digər şəxslərə ictimai iclasın keçiriləcəyi yer və ictimai iclasın keçirilməsi ilə bağlı digər müvafiq məlumat haqqında geniş şəkildə məlumat vermək;
16.1.2. ictimai iclasda çıxış etmək arzusunda olan bütün şəxslərə imkan yaratmaq və zərurət olduqda, çıxışların edilməsində köməklik göstərmək;
16.1.3. ictimai iclasların ədalətli keçirilməsini təmin etmək.
16.1.4. ictimai iclasın protokolunu tərtib etmək.
16.2. Nəzarət orqanının ictimai iclasda iştirak edən nümayəndəsinin ictimai iclası aparan şəxs tərəfindən bu Qanunun 16.1-ci maddəsinin tələblərinə riayət etməsini təmin etmək məqsədilə iclasın gedişinə müdaxilə etmək hüququ vardır.
Maddə 17. İctimai iclas haqqında hesabat
17.1. Nəzarət orqanının ictimai iclasda iştirak edən nümayəndəsi mümkün qədər qısa müddət ərzində onun nəticələrinə dair hesabat hazırlayır və nəzarət orqanına təqdim edir.
17.2. Hesabatda:
17.2.1. torpağın alınması, həmin torpaqdakı şəxslərin köçürülməsi və kompensasiyanın ödənilməsi ilə bağlı tədbirlər üzrə təkliflər ümumiləşdirilir;
17.2.2. alan orqanın fəaliyyəti ilə əlaqədar edilmiş çıxışlardakı təklif və etirazlar qeyd olunur;
17.2.3. bu Qanunun 17.2.1-17.2.2-ci maddələrində göstərilən, habelə ictimai iclasda müzakirə edilmiş digər məsələlərin təhlili və şərhi, onlara dair tövsiyələr verilir.
17.3. Nəzarət orqanı bu Qanunun 17.1-ci maddəsinə əsasən təqdim edilmiş hesabatı, habelə hesabatda göstərilən məsələlərə dair məqsədəuyğun hesab etdiyi qeyd və tövsiyələri müvafiq icra hakimiyyəti orqanına təqdim edir.
Maddə 18. Torpağın alınması haqqında təklif
18.1. Bu Qanunun 9.2-ci maddəsinin tələbləri yerinə yetirildikdən sonra alan orqan torpağın alınması haqqında təklifi müvafiq icra hakimiyyəti orqanına təqdim edir.
18.2. Torpağın alınması haqqında təklif aşağıdakıları əhatə etməlidir:
18.2.1. torpağın alınması zəruriliyinin əsaslandırılmasını;
18.2.2. alınmanın təsirinə məruz qala biləcək şəxslərin sayı və onların məruz qalacağı təsirin izahını;
18.2.3. alınma, habelə bununla bağlı baş verə biləcək köçürülmə ilə bağlı xərclər smetası və maliyyələşmənin mənbəyini;
18.2.4. ictimai iclaslara dair hesabat, o cümlədən alınma ilə bağlı əsas etirazlar və alan orqanın bu etirazlara münasibətini;
18.2.5. alan orqanın alınan torpaqda müvafiq layihənin icrasına başlaması üçün tələb olunan müddəti;
18.2.6. köçürülmə planının hazırlanmasının zəruri olduğu hallarda həmin planın hazırlanması üçün tələb olunan müddəti;
18.2.7. alınması təklif olunan torpağın kateqoriyaları (təyinatları) və mülkiyyət növü barədə məlumatları;
18.2.8. alınmanın təsirinə məruz qalan şəxslərin köçürülməsi və yerdəyişməsi tələb olunduğu hallarda bu məqsədlə təqdim edilə biləcək torpaq və həmin torpağın cari istifadə növünə dair məlumat;
18.2.9. alan orqandan yerinə yetirilməsi təmin edilməsi tələb olunan digər məsələləri.
18.3. Torpağın alınması haqqında təklifə onun yerləşdiyi yeri, sahəsini və sərhədlərini göstərən yerquruluşu xəritəsi əlavə olunur.
18.4. Torpağın alınması haqqında təklif müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı orqan və təşkilatlara göndərilə bilər:
18.4.1. sorğuda göstərilmiş, lakin təqdim edildiyi gündən etibarən 30 təqvim günündən çox olmayan müddətdə cavablandırılması şərti ilə, təkliflə və ya onun müəyyən hissəsi ilə bağlı rəylərin verilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanlarına və (və ya) dövlət təşkilatlarına;
18.4.2. sorğuda göstərilmiş müddətdə cavablandırılması (təqdim olunması) şərti ilə, təkliflə və ya onun müəyyən hissəsi ilə bağlı hesabatı hazırlamaq məqsədilə nəzarət orqanına;
18.4.3. sorğuda göstərilmiş müddətdə cavablandırılması (təqdim olunması) şərti ilə, maliyyə imkanlarının təsdiqlənməsi üçün müvafiq icra hakimiyyəti orqanına və (və ya) müvafiq təşkilatlara;
18.4.4. sorğuda göstərilmiş müddətdə cavablandırılması (təqdim edilməsi) şərti ilə, bu Qanunun 19.5-ci maddəsində nəzərdə tutulmuş obyektlərin tikintisinə və ya salınmasına, yaxud həmin obyektlərin yerləşdirilməsi üçün digər müvafiq binaların ayrılmasına dair təkliflər verilməsi üçün müvafiq icra hakimiyyəti orqanlarına.
18.5. Bu Qanunun 18.4.1-ci və 18.4.3-cü maddələri ilə müəyyən edilmiş müddətdə rəy və ya hesabat müvafiq icra hakimiyyəti orqanına təqdim edilmədikdə və sorğu edilən rəyin və ya hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətin uzadılması barədə müraciət edilmədikdə, yaxud müraciət edildiyi təqdirdə müddətin uzadılmasından imtina olunduqda sorğu edilənin torpağın alınması təklifinə etirazının olmadığı kimi qəbul edilir.
Maddə 19. Torpağın alınması təklifi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qərarın qəbul edilməsi
19.1. Müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 18-ci maddəsinə uyğun olaraq təqdim edilmiş torpağın alınması təklifi və bununla bağlı sənədləri, habelə məqsədəuyğun hesab etdiyi digər sənədləri araşdırdıqdan sonra alan orqanın təklifini tam və ya qismən nəzərə almaqla torpağın dövlət ehtiyacları üçün alınması barədə qərar qəbul edə bilər.
19.2. Torpağın dövlət ehtiyacları üçün alınması barədə qərara alınan torpağın yerləşdiyi yeri, sahəsini və sərhədlərini göstərən müvafiq yerquruluşu xəritəsi əlavə olunur.
19.3. Müvafiq icra hakimiyyəti orqanının torpağın alınması haqqında qərarı ilə alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçisinə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyası yaradılır.
19.4. Müvafiq icra hakimiyyəti orqanı torpağın alınması barədə qərarda torpağın alınması ilə bağlı planın hazırlanması və ya kompensasiyanın ödənilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanına vəsaitlərin ayrılmasına dair tapşırıqlar verə, habelə alınmanın təsirinə məruz qalacaq şəxslərin mənafeyi nəzərə alınmaqla zəruri hesab etdiyi əlavə şərtlər müəyyən edə bilər.
19.5. Torpağın dövlət ehtiyacları üçün alınması barədə qərarda alınan torpaqda mövcud olan dövlət mülkiyyətində olan sosial təyinatlı obyektlərin (o cümlədən, səhiyyə müəssisələri, təhsil müəssisələri, uşaq evləri və bağçalar, kitabxanalar, mədəniyyət evləri, məişət evləri, mədəniyyət, idman və istirahət meydançaları, parklar, əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər), onların yerləşdiyi ərazidə yaşayan və ya həmin ərazidən köçürülən əhalinin tələbatları nəzərə alınmaqla bu cür obyektlərin tikintisinə və ya salınmasına, yaxud həmin obyektlərin yerləşdirilməsi üçün digər müvafiq binaların ayrılmasına dair tədbirlər nəzərdə tutulmalıdır.
19.6. Bu Qanunun 19.1-ci maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi ilə alınan torpaq üzərində hüquqların bu Qanuna uyğun olaraq dövlətə keçdiyi andan həmin torpağın kateqoriyası dəyişdirilmiş hesab edilir.
Maddə 20. Torpağın alınması barədə qərarın hüquqi qüvvəsi
20.1. Torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən:
20.1.1. həmin torpaq alınan torpaq kimi tanınır;
20.1.2. alınan torpaqda yaşayan və ya ondan istifadə edən, bu Qanunun 11-ci maddəsinin müddəalarına əsasən siyahıya alınmış şəxslər alınmanın təsirinə məruz qalan hesab edilir;
20.1.3. alan orqan alınan torpağın alınması ilə bağlı tələb olunan tədbirləri yerinə yetirmək öhdəliyini daşıyır;
20.1.4. köçürülmə planı və (və ya) təlimatı tələb olunan hallarda, alan orqan onların alınmanın təsirinə məruz qalan şəxslərlə məsləhətləşməklə ağlabatan müddətdə hazırlanmasını təmin etmək öhdəliyini daşıyır;
20.1.5. alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara ödəniləcək kompensasiyanın müəyyən edilməsi məqsədilə alınan torpağın və həmin torpaqda yerləşən tikililərin (inşası başa çatdırılmamış tikililər də daxil olmaqla), məhsulun, bitkilərin, bütün digər təbii əşyaların və tikilmiş əmlakın qiymətləndirilməsində qiymətləndirmə komissiyasına kömək etmək öhdəliyini daşıyır;
20.1.6. alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara kompensasiya ödəmək öhdəliyini daşıyır;
20.1.7. alan orqan kompensasiyanın ödənilməsi məqsədilə aidiyyəti dövlət orqanlarından vəsait almaq üçün zəruri sənədləri hazırlamaq öhdəliyini daşıyır.
20.2. Mülkiyyətində alınan torpaq olan şəxslər torpağın alınması barədə qərarın qəbul edildiyi tarixədək torpaqda mövcud tikililərdə zəruri təmir işləri istisna edilməklə, torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin torpaqda tikintiyə başlamaq və ya digər şəxsə tikintiyə başlamağa icazə vermək hüquqlarına malik deyildir və həmin tarixdən sonra torpaqda inşası başlanılmış tikilinin əvəzi ödənilmir.
20.3. Torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir. Bu Qanunun 28-ci maddəsinə əsasən dövlətin hüquqları alınmamış hər hansı torpağın alınmasından imtina etdiyi hallar və bu Qanunun 50.1-ci maddəsinə əsasən torpağın alınmasından imtina hesab edilən hallar istisna olmaqla bu hüquq qanunla müəyyən olunmuş qaydada digər şəxslərə keçə bilər.
20.4. Müvafiq icra hakimiyyəti orqanı torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra alınan torpaqda başlanılmış tikintinin (inşaat işlərinin) dayandırılması və (və ya) tikilinin sökülməsi məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada zəruri tədbirləri həyata keçirə bilər.
20.5. Alan orqan torpağın alınması haqqında qərarın və həmin qərarın hüquqi qüvvəsinə dair arayışın surətini alınmanın təsirinə məruz qalan şəxslərin diqqətinə çatdırmaq vəzifəsi daşıyır.
III fəsil
Alınma ilə bağlı səlahiyyətlər və proseduralar
Maddə 21. Torpağın alınması haqqında qərar qəbul olunduqdan sonrakı tədbirlər
21.1. Torpağın alınması haqqında qərar qəbul olunduqdan sonra alan orqan müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə 30 gün müddətində aşağıdakıları hazırlayır:
21.1.1. alınan hər bir torpağın və ya onun müəyyən hissəsinin, habelə bu hissənin daxil olduğu torpaq sahəsinin sərhədləri və ölçüləri göstərilməklə alınan torpaqların yerləşdiyi ərazinin yerquruluşu xəritəsini;
21.1.2. aşağıdakı məlumatlar əks etdirilməklə həmin sahələrin siyahısını:
21.1.2.1. torpağın mülkiyyətçisi, habelə bu Qanunun 7.3.2-ci maddəsində nəzərdə tutulmuş hallarda yazılı sənədlərlə təsdiq edilən torpaqla bağlı qanuni, lakin hüquqları dövlət qeydiyyatına alınmamış şəxs və bu Qanunun 7.3.4-cü maddəsində nəzərdə tutulmuş torpağa hüququnun yaranmasına səbəb olan, qanun tərəfindən tanınan uzun müddətli istifadə əsasında torpaqda yaşayan şəxs;
21.1.2.2. əgər məlumdursa, alınan hər bir torpaqda və ya onun müəyyən hissəsində yaşayan və ya ondan istifadə edən hər hansı digər şəxslərin mövcud hüquqlarının növü;
21.1.2.3. alınan hər bir torpağın və ya onun müəyyən hissəsinin, habelə həmin hissənin daxil olduğu torpaq sahəsinin sərhədləri və ölçüləri göstərilməklə bu Qanunun 21.1.1-ci maddəsində nəzərdə tutulmuş yerquruluşu xəritəsindən çıxarışı;
21.1.3. Bu Qanunun IV və V fəsillərində nəzərdə tutulmuş müvafiq tədbirlərin təşkili.
Maddə 22. Torpağın alınması qrupunun (qruplarının) təşkili
22.1. Alınma prosesini həyata keçirmək məqsədilə alan orqan müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələrinin də daxil olduğu tərkibdə torpağın alınması qrupunu (qruplarını) təşkil edir.
22.2. Torpağın alınması qrupu (qrupları) alınan torpaq üzrə və ya bir neçə qrup olmaqla həmin torpağın hissələri üzrə təşkil edilə bilər.
22.3. Torpağın alınması qrupunun funksiyaları aşağıdakılardır:
22.3.1. aşağıdakılarla bağlı proseduralar və onların yerinə yetirilməsi müddətləri haqqında izah vermək üçün alınmanın təsirinə məruz qalan şəxslərlə fərdi qaydada və ya qruplarla, yaxud onların nümayəndələri ilə görüşlər keçirmək:
22.3.1.1. onlara məxsus torpaq sahəsinin və digər daşınmaz və daşınar əmlakın qiymətləndirilməsi;
22.3.1.2. onlara ödəniləcək kompensasiyaya dair hüquqları;
22.3.1.3. onlara ödənilə biləcək kompensasiyanın növləri və kompensasiyanın müxtəlif növlərinin faydası;
22.3.1.4. kompensasiyanın ödənilməsi üzrə tədbirlər;
22.3.1.5. onların yerdəyişməsi və köçürülməsi ilə bağlı tədbirlər;
22.3.1.6. onların torpaq üzərində hüquqlarının verilməsi (dövlətə keçməsi);
22.3.2. bu Qanunun 22.3.1-ci maddəsində qeyd olunan məsələlərlə bağlı alınmanın təsirinə məruz qalan şəxslərlə danışıqlar aparmaq;
22.3.3. alınmanın təsirinə məruz qalan şəxslərin torpaqlarının zəruri olduqda mərzlənməsini (mərz nişanlarının qoyulması (basdırılması) qanunvericiliklə müəyyən olunmuş qaydada təşkil etmək və qiymətləndirilməsini təmin etmək;
22.3.4. alınmanın təsirinə məruz qalan şəxsləri alınma prosesinin bütün mərhələ və məsələləri barədə məlumatlandırmaq;
22.3.5. alınmanın təsirinə məruz qalan şəxslər tərəfindən alınma prosesi ilə bağlı qrupa və ya qrup üzvünə verilən hər hansı şikayətləri qəbul etmək, onları cavablandırmaq və həll etməyə cəhd göstərmək;
22.3.6. köçürülmə planının və ya təlimatının hazırlanmasında planlaşdırıcı ilə birgə işləmək və ona köməklik göstərmək;
22.3.7. dövlət orqanlarının istifadəsində olan torpaqların alınması ilə bağlı həmin dövlət orqanlarının nümayəndələri ilə görüşmək;
22.3.8. bələdiyyə torpaqlarının alınması ilə bağlı həmin bələdiyyələrin nümayəndələri ilə görüşmək.
22.4. Alan orqan aşağıdakıları yerinə yetirmək üçün torpağın alınması qrupunun üzvlərindən birini qrup rəhbəri təyin edir:
22.4.1. qrupun fəaliyyətinin planlaşdırılması və idarə edilməsi;
22. 4.2. qrup üzvlərinin öz funksiyalarını vaxtında və qərəzsiz icra etmələrinin təmin edilməsi;
22.4.3. alan orqanı torpağın alınması qrupunun işi, xüsusilə də onun funksiyalarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə mane olan bütün çətinliklər barədə mütəmadi məlumatlandırmaq;
22.4.4. alan orqan tərəfindən torpağın alınması qrupu rəhbərindən tələb oluna biləcək digər funksiyaları yerinə yetirməsi.
22.5. Torpağın alınması qrupu bu Qanunun 22.3-cü maddəsində qeyd edilən məsələləri müzakirə etmək üçün mütəmadi olaraq əvvəlcədən müəyyən edilmiş vaxtda və yerdə alınmanın təsirinə məruz qalan şəxslərlə və ya onların nümayəndələri ilə görüşlər keçirir.
22.6. Torpağın alınması qrupu bu Qanunun 22.3-cü maddəsində sadalanmış müvafiq funksiyaların yerinə yetirilməsini təşkil edildiyindən 60 gün müddətində və ya həmin funksiyaların icrasında qrupun üzləşdiyi çətinliklər nəzərə alınaraq alan orqanla razılaşdırılmış digər müddətdə başa çatdırmalıdır.
22.7. Torpağın alınması qrupunun və ya onun hər hansı üzvünün öz vəzifələrini icra edərkən alınan torpağa daxil olmaq və həmin torpaq üzərində bu Qanunda nəzərdə tutulmuş digər hərəkətləri yerinə yetirmək hüququ vardır.
22.8. Alan orqan torpağın alınması qruplarının fəaliyyətinə görə məsuliyyət daşıyır və onların işinə nəzarət edir.
22.9. Bu Qanunun 8-ci maddəsində göstərilən nəzarət orqanı:
22.9.1. torpağın alınması qrupunun təşkili və qrup rəhbərinin təyin edilməsi haqqında alan orqan tərəfindən məlumatlandırılmalıdır;
22.9.2. torpağın alınması qrupunun alınmanın təsirinə məruz qalan şəxslərlə və ya onların nümayəndələri ilə görüşlərində iştirak edə bilər;
22.9.3. həmin görüşlərdə bütün iştirakçılara məsləhət verə, habelə qrup üzvlərini təlimatlandıra bilər.
Maddə 23. Alınan torpağın qiymətləndirilməsi
23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir:
23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir;
23.1.2. alınan torpağın və onunla yanaşı yerləşən torpağın, həmin torpaqlarda olan tikililərin və daşınar əmlakın bərpa qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir;
23.1.3. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiya ilə bağlı danışıqlarda köməklik göstərir;
23.1.4. alınan hər bir torpaq və digər əmlakın qiymətləndirilməsi məqsədləri üçün qanunvericiliyə uyğun olaraq keçirilən müsabiqə yolu ilə müstəqil qiymətləndirici cəlb edir;
23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir;
23.1.6. zəruri hesab etdiyi hallarda bu Qanunun 75.8-ci maddəsinə uyğun olaraq təqdim edilmiş nəzarət orqanının təklifləri əsasında alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləğində dəyişikliklər edilməsi barədə qərar qəbul edir;
23.1.7. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın məbləği barədə qərarını alan orqana göndərir.
23.2. Alan orqan alınmanın təsirinə məruz qalan şəxslərin onlara ödəniləcək kompensasiyanın məbləğinə dair, habelə bu məbləğdə dəyişikliklər edilməsi barədə qiymətləndirmə komissiyasının qərarı ilə tanış olması üçün zəruri şərait yaratmalıdır.
Maddə 24. Qiymətləndirmənin xüsusiyyətləri
24.1. Müstəqil qiymətləndirici hər bir torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təkliflərini bütün müvafiq sənədlərlə birlikdə qiymətləndirmə komissiyasına və nəzarət orqanına təqdim edir.
24.2. Nəzarət orqanı müstəqil qiymətləndiricinin təkliflərinə dair qiymətləndirmə komissiyasına yazılı qaydada münasibət bildirməli, hər hansı torpaq, torpaqda pay və ya daşınmaz əmlakla bağlı onun tövsiyə etdiyi qiyməti özünün mülahizəsinə görə bazar qiymətinə uyğunlaşdırmaq məqsədi ilə artırılmasını və ya azaldılmasını zəruri hesab etdiyi hallarda isə bu barədə əsaslandırılmış rəyini təqdim etməlidir.
24.3. Müstəqil qiymətləndiricinin təkliflərinə baxarkən nəzarət orqanı:
24.3.1. müvafiq icra hakimiyyəti orqanlarından, alan orqandan və ya torpağın alınması qrupundan özünün müəyyən etdiyi müddətdə əlavə məlumatın təqdim edilməsini tələb etmək;
24.3.2. zəruri hesab etdiyi hallarda alınmanın təsirinə məruz qalan, habelə digər aidiyyəti şəxslərlə və təşkilatlarla görüşmək, qiymətləndirmənin obyekti olan torpağın özü tərəfindən qiymətləndirilməsi məqsədilə onun hər hansı hissəsinə daxil olmaq hüququna malikdir.
24.4. Qiymətləndirmə komissiyasının bu Qanunun 23.1.7-ci maddəsinə uyğun olaraq müstəqil qiymətləndiricinin torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təkliflərinin, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyinin təhlili nəticəsində torpaq və digər əmlakın bazar qiyməti barədə qəbul etdiyi qərarı alan orqan tərəfindən bu Qanuna uyğun olaraq kompensasiyanın ödənilməsində istifadə edilir.
Maddə 25. Alınmanın təsirinə məruz qalan, lakin olduğu yer məlum olmayan şəxslər
25.1. Alınmanın təsirinə məruz qalan şəxsin olduğu yer məlum olmadıqda alan orqan, qrup və ya vəzifəli şəxs torpağın alınması ilə əlaqədar bütün məsələlərlə bağlı alınmanın təsirinə məruz qalan həmin şəxsin qanuni vərəsələri ilə əlaqə yaratmalıdır.
25.2. Alınmanın təsirinə məruz qalan şəxs məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş şəxs elan edildiyi halda, alan orqan, qrup və ya vəzifəli şəxs həmin torpağın alınması ilə əlaqədar bütün məsələlərlə bağlı onun qanuni vərəsələri, qanuni vərəsələri olmadıqda, qanunvericiliyə uyğun olaraq təyin olunmuş əmlak idarəçisi ilə əlaqə yaratmalıdır.
25.3. Alınan torpaqla bağlı kompensasiyanın ödənilməsi və hüquqların verilməsi ilə əlaqədar məsələlərin həll edilməsi üçün bu Qanunun 25.1-25.2-ci maddələrində nəzərdə tutulmuş şəxslər alınan torpağın alınması ilə bağlı bütün məsələlərə dair qərarlar qəbul etmək səlahiyyətinə malikdir.
Maddə 26. Alınan torpaqla bağlı sənədlərin təqdim olunması
26.1. Alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə həmin şəxslərin mülkiyyət və digər hüquqlarını təsdiq edən sənədlərin alan orqana təqdim edilməsi barədə bildiriş göndərir və həmin bildirişi alan şəxs müvafiq sənədləri və ya onların surətini alan orqana təqdim etmək, alan orqan isə həmin sənədlərin əsli təqdim edilməklə surətinin alınmasını təsdiq edən qəbzi həmin şəxsə təqdim etmək öhdəliyi daşıyır.
26.2. Bu Qanunun 26.1-ci maddəsində göstərilən bildiriş alınmanın təsirinə məruz qalan şəxsə torpağın alınması qrupu və ya qrup üzvü tərəfindən çatdırıla bilər. Bu halda şəxs bildirişdə istinad edilən hər hansı sənədi sənədlərin qəbul edilməsini təsdiq edən qəbz müqabilində torpağın alınması qrupuna təhvil verir və həmin qəbz alan orqanın bu Qanunun 26.1-ci maddəsində nəzərdə tutulmuş qəbzinə bərabər tutulur.
26.3. Alan orqan torpağın qiymətləndirilməsi və alınmanın təsirinə məruz qalan şəxslərlə kompensasiya ilə bağlı danışıqların aparılması işinə yardım etmək məqsədilə bu maddədə nəzərdə tutulan sənədləri torpağın alınması qrupuna və qiymətləndirmə komissiyasına təqdim edir.
26.4. Alan orqan bu maddəyə uyğun olaraq təqdim edilən sənədlərin qorunmasının təmin edilməsi vəzifəsini daşıyır.
Maddə 27. Torpağın yalnız müəyyən hissəsinin alınmasına yol verilməyən hallar
27.1. Bu Qanuna əsasən aşağıdakı hallarda alınan torpağın yalnız müəyyən hissəsinin alınmasına yol verilmir (torpaq tam (bütöv) alınır):
27.1.1. torpağın müəyyən (alınan) hissəsi alınmanın təsirinə məruz qalan şəxsin torpağının (müəyyən (alınan) hissənin də daxil olduğu bütöv torpaq) saxlanılan (alınmayan) hissəsində mövcud olan vahid tikilinin tam və toxunulmaz istifadəsi üçün əsaslı olaraq tələb olunduqda;
27.1.2. torpağın müəyyən hissəsinin alınması eyni zamanda torpaqda mövcud olan ayrıca tikilinin də müəyyən hissəsinin alınması zərurətini yaratdıqda və tikilinin müəyyən (alınan) hissəsi həmin tikilinin saxlanılan (alınmayan) hissəsinin tam və toxunulmaz istifadəsi üçün əsaslı olaraq tələb olunduqda.
27.2. Torpaqların alınmasını zəruri edən layihələrin həyata keçirilməsi alınmanın təsirinə məruz qalan şəxsin torpağının (müəyyən (alınan) hissənin də daxil olduğu bütöv torpaq) saxlanılan (alınmayan) hissəsində qanunvericiliklə nəzərdə tutulmuş məhdudiyyətlərin müəyyənləşdirilməsinə səbəb olarsa, torpağın müəyyən hissəsinin alınmasına yalnız hüquq sahibinin yazılı razılığı əsasında yol verilir.
27.3. Alınması təklif edilən hər hansı torpağın, tikilinin əsaslı olaraq tam və toxunulmaz istifadəsi üçün tələb olunan hissəsi olub-olmadığı barədə mübahisə yarandıqda, alınma həmin tikilinin mülkiyyətçisi ilə alan orqan arasında qarşılıqlı razılaşma əsasında müəyyən edilir.
27.4. Bu Qanunun 27.3-cü maddəsində nəzərdə tutulmuş hallarda tərəflər arasında razılaşma əldə edilmədikdə, alan orqan məsələnin həlli məqsədilə məhkəməyə müraciət edir və məsələyə məhkəmə tərəfindən baxılana qədər həmin torpaqla bağlı hüquqları əldə etmir.
27.5. Bu Qanunun 27.4-cü maddəsi alan orqan və mülkiyyətçinin həmin maddədə nəzərdə tutulan məsələni həll etmək məqsədilə nəzarət orqanına müraciət edilməsinə mane olan hal kimi qəbul edilə bilməz.
Maddə 28. Alınmadan imtina
28.1. Dövlət, bu Qanunun 19-cu maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün alınması barədə qərar qəbul edilmiş, lakin üzərində hüquqlar alınmamış (dövlətə keçməmiş) hər hansı torpağın alınmasından imtina edə bilər.
28.2. Bu Qanunun 28.1-ci maddəsinə uyğun olaraq alınmadan imtina edilməsi barədə qərar qəbul edildiyi halda, alan orqan aşağıdakıları həyata keçirir:
28.2.1. alınmanın təsirinə məruz qalan şəxslərə və digər maraqlı şəxslərə dərhal bu barədə bildiriş göndərməklə həmin torpağın alınması ilə bağlı hər hansı hərəkətləri dayandırır;
28.2.2. mövcud olduqda, alınma prosesində həmin torpağa vurulmuş zərərlə bağlı kompensasiyanın məbləğinə dair təkliflərini qiymətləndirmə komissiyasına təqdim edir;
28.2.3. alınmanın təsirinə məruz qalan şəxslərə və digər maraqlı şəxslərə alınma prosesi ilə bağlı və ya onun nəticəsində çəkdikləri xərclərin əvəzini, həmin proseslə bağlı və ya onun nəticəsində zərər dəyə biləcəyi ehtimalı olduqda isə, əlavə olaraq zərər üçün kompensasiya ödəyir.
Maddə 29. Alınma ilə bağlı məhkəmə müdafiəsi
29.1. Alan orqanın və ya torpağın alınması qrupunun hərəkətləri nəticəsində zərər çəkmiş alınmanın təsirinə məruz qalan şəxs və ya həmin torpaqda hüququnun olması iddiası ilə çıxış edən şəxs, yaxud həmin torpaqda belə hüququ olan şəxs hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 90 gün müddətində alan orqanın və ya torpağın alınması qrupunun müvafiq aktlarından və ya onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) yuxarı orqana və (və ya) qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər.
29.2. Torpağın və ya onun müəyyən hissəsinin müvafiq layihə üçün alınmasının zəruri olmadığını iddia edən, habelə ödənilən kompensasiyanın məbləği ilə razı olmayan alınmanın təsirinə məruz qalan şəxs qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər.
29.3. Bu maddənin heç bir müddəası alınmanın təsirinə məruz qalan şəxs, torpağın alınması qrupu, alan orqan və ya alınma prosesində iştirak edən digər orqan tərəfindən mübahisənin alternativ həlli üsullarından istifadə edilməsinə və ya məhkəməyə ərizə verilənədək mübahisənin digər həlli üsulları ilə bağlı razılığın əldə edilməsinə mane olan hal kimi qəbul edilə bilməz.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında