Şriftin ölçüsü:
27.08.2011 10:35 | Oxunma sayı: 1184
2011-ci il avqustun 13-də 100 saylı Şəmkir-Daşkəsən və 101 saylı Göygöl-Daşkəsən seçki dairələri dairə seçki komissiyalarında məntəqə seçki komissiyası üzvlərinin tərkibinin təsdiqi ilə əlaqədar yol verilmiş qanun pozuntuları barədə Ədalət partiyası Daşkəsən rayon təşkilatının sədri Qafarov Elşad Məmməd oğlu 23 avqust 2011-ci il tarixdə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, qeyd olunan seçki dairələrində məntəqə seçki komissiyaları üzvlərinin tərkibinin təsdiqi zamanı Seçki Məcəlləsinin 36.2-ci maddəsinin tələbləri pozulmaqla, məntəqə seçki komissiyası üzvlüyünə YAP üzvlərinin təyin edildiyini, Daşkəsən rayonunda 2 partiya, YAP və Ədalət partiyaları olduğunu, Seçki Məcəlləsinin tələbinə əsasən Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları təmsil edən 232 yerdən 11 yer Ədalət partiyasına verilməsilə pozuntuya yol verilmiş, Ədalət partiyasına az yer verildiyini bildirməklə, 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsi dairə seçki komissiyasının 13 avqust 2011-ci il tarixli 04/4 saylı və 101 saylı Göygöl-Daşkəsən DSK-nın 15 avqust 2011-ci il tarixli 3/7 saylı qərarlarının ləğv edilməsini, həmin DSK-da məntəqə üzvlərinin tərkibini seçki qanunvericiliyinə əsasən formalaşmasını xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırılmaya qəbul edilmiş və bu barədə müvafiq rəy verilmişdir.
Şikayətdə göstərilən halların hərtərəfli araşdırılması və iş üzrə zəruri olan bütün sübutların əldə edilməsi üçün, seçki qanunvericiliyinə uyğun olaraq ərizəçi ilə əlaqə yaradılmış, araşdırmada iştirak etmək hüququ barədə ona məlumat verilmiş, araşdırmaya yardım etməyə dəvət olunmuş və ona müraciətdə qeyd edilən hallarla əlaqədar əlavə sübutlar təqdim edilməsi təklif edilmişdir.
Ərizəçi Elşad Qafarov müraciətində göstərilənlərdən başqa heç bir əlavə fakta və sübuta, habelə, 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsinin ərazisində olan məntəqə seçki komissiyalarının formalaşdırılması ilə əlaqədar heç bir iddia və narazılığa malik olmadığını bildirmişdir.
Araşdırma zamanı müəyyən edilmişdir ki, 100 saylı Şəmkir-Daşkəsən və 101 saylı Göygöl-Daşkəsən seçki dairələrinin əhatəsində olan məntəqə seçki komissiyaları üzvlərinin mövcud tərkibi Azərbaycan Respublikası Seçki Məcəlləsinin 36.2-ci maddəsinin tələblərinə əsasən deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları dairə seçki komissiyasında təmsil edən üzvlərin BAXCP, BQP, Ədalət partiyasının, ASRP-nin, VHP-nin və AVP-nin rayon təşkilatlarının təklifləri də nəzərə alınaraq irəli sürdükləri namizədlərindən ibarət tərkibdə məntəqə seçki komissiyalarına həlledici səs hüquqlu üzvlər təsdiq edilmişdir.
101 saylı Göygöl-Daşkəsən seçki dairəsinin əhatə etdiyi məntəqə seçki komissiyaları Milli Məclis deputatlarının azlıqda qalan siyasi partiyalar üzrə təmsilçilik normalarına əməl edilməklə Ədalət partiyasının 7 nəfər təmsilçisi də daxil olmaqla formalaşdırılmışdır.
Araşdırma ilə o da müəyyən olunmuşdur ki, Ədalət partiyasının 101 saylı Göygöl-Daşkəsən DSK-nın təqdim etdiyi siyahı üzrə təqdim edilmiş 20 nəfərin namizədliyinin mümkünlüyü, şikayətçinin iştirakı ilə araşdırılarkən təqdim edilmiş siyahı üzrə 20 nəfərdən 13-nün həmin dairənin ərazisində yaşamaları təsdiq edilməmiş, ona görə də Azərbaycan Respublikası Seçki Məcəlləsinin 36.2-ci maddəsinə əsasən 101 saylı dairənin əhatə etdiyi 7 məntəqə seçki komissiyasında Ədalət partiyasının 7 üzvünün təsdiq edilməsi mümkün olmuşdur.
Beləliklə, 101 saylı Göygöl-Daşkəsən seçki dairələrinin dairə seçki komissiyaları üzrə əhatə olunan məntəqələrdə məntəqə seçki komissiyaları üzvlərinin qanunvericiliyin tələbinə zidd təsdiq olunmaları barədə Ədalət partiyasının Daşkəsən rayon təşkilatının sədri Elşad Qafarovun 15.08.2011-ci il tarixli müraciəti əsassız hesab edilərək təmin edilməməlidir.
101 saylı Göygöl-Daşkəsən DSK-nın 13 avqust 2011-ci il tarixli 3/7 saylı qərarı Seçki Məcəlləsi və Mərkəzi Seçki Komissiyasının 09 avqust 2008-ci il tarixli 10/49-2 saylı qərarı ilə təsdiq edilmiş "Təlimat"a uyğun olaraq qəbul edildiyindən dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 36.2-ci, 112-ci, 112-1-ci və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən q ə r a r a a l ı r:
Elşad Qafarovun 23.08.2011-ci il tarixli 09 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.
Sədr Məzahir Pənahov
Müavin Natiq Məmmədov
Katib Arifə Muxtarova
Üzvlər: Şaitdin Əliyev, Fuad Cavadov, Validə Kazımova, Qabil Orucov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Bəxşeyiş Əsgərov, Almas Qəhramanlı, Etibar Quliyev
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.