Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 23 avqust 2011-ci il tarixli 01 və 06 saylı müraciətlərə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Q Ə R A R I

94 saylı Bərdə kənd seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü Səfərov Namiq Musa oğlu və Ümid Partiyası Ali Məclisinin sədri Ağazadə Ənvər Sərdar oğlu 2011-ci il avqustun 23-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, 94 saylı Bərdə kənd seçki dairəsinin ərazisində olan məntəqə seçki komissiyaları formalaşdırılarkən müvafiq dairə seçki komissiyası tərəfindən deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaların təmsilçilik normalarının pozulduğunu bildirib, adı çəkilən dairə seçki komissiyasının ərizəçilərin maraqları ilə bağlı müvafiq qərarlarının qanunsuz olması səbəbindən ləğv olunmasını xahiş etmişlər.
Müraciətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, eyni məzmunlu olduğundan bir icraatda birləşdirilmiş və müvafiq rəy verilərək Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Şikayətdə göstəyilən halların tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması, iş üzrə zəruri olan bütün sübutların əldə edilməsi ilə müəyyən edilmişdir ki, adı çəkilən dairə seçki komissiyası həmin seçki dairəsinin ərazisində olan məntəqə seçki komissiyalarının tərkibini formalaşdırarkən Azərbaycan Respublikası Seçki Məcəlləsinin və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 9 avqust 2008-ci il tarixli 10/49-2 saylı Qərarı ilə təsdiq edilmiş "Məntəqə seçki komissiyalarının formalaşdırılması qaydaları haqqında Təlimat"ın tələblərinin tətbiqi zamanı düzgün nəticəyə gəlməmişdir.
Belə ki, Seçki Məcəlləsinin 24-cü, 30-cu və 36-cı maddələrinə görə, Mərkəzi Seçki Komissiyası Milli Məclis, dairə seçki komissiyaları Mərkəzi Seçki Komissiyası, məntəqə seçki komissiyaları isə dairə seçki komissiyaları tərəfindən siyasi partiyaların və bitərəflərin Milli Məclisdə təmsilçilik nisbətinə uyğun yaradılır.
Seçki Məcəlləsinin 36.2-ci maddəsinə və yuxarıda adıçəkilən Təlimatın 1-ci, 2-ci və 3-cü bəndlərinə əsasən məntəqə seçki komissiyası 6 üzvdən ibarətdir.
Məntəqə seçki komissiyasının 2 üzvünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı dairə seçki komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 2 üzvünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları dairə seçki komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 2 üzvünün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını dairə seçki komissiyasında təmsil edən üzvlər tərəfindən təqdim edilir.
Məntəqə seçki komissiyasının üzvlüyünə namizədləri və onlarla birlikdə əvəzedici üzvləri müvafıq siyasi partiyaların yerli təşkilatları da partiya nizamnaməsinə uyğun olaraq müəyyən edə və siyasi partiyaları dairə seçki komissiyasında təmsil edən komissiyanın üzvlərinə təqdim edə bilərlər. Siyasi partiyaların yerli təşkilatları qərar qəbul etdikdən sonra təsdiqlənmiş qərar, protokol və namizədlərin razılıq ərizələri müraciətlə birlikdə müvafiq dairə seçki komissiyasına göndərilir və müvafiq olaraq deputatları Milli Məclisdə çoxluq və azlıq təşkil edən dairə seçki komissiyasının üzvlərinə təqdim edilir.
Milli Məclisdə azlıq və çoxluq təşkil edən siyasi partiyaları, həmçinin heç bir siyasi partiyaya mənsub olmayan deputatları dairə seçki komissiyalarında təmsil edən komissiya üzvləri təqdim olunan sənədləri araşdırır, razılaşdıqları təqdirdə, onların namizədliyini dairə seçki komissiyasında irəli sürür və qərar qəbul olunması üçün dairə seçki komissiyasının iclasına çıxarırlar. Məsələnin dairə seçki komissiyasının iclasında müzakirə edilməsi əsasında komissiya bu barədə müvafiq qərar qəbul edir.
Araşdırma zamanı müəyyən olunmuşdur ki, 94 saylı Bərdə kənd seçki dairəsi dairə seçki komissiyası tərəfindən məntəqə seçki komissiyalarının tərkibinin formalaşdırılması ilə əlaqədar qərar qəbul edilərkən seçki qanunvericiliyinin prosedur qaydalarının tətbiqi ilə bağlı yuxarıda göstərilən tələblərə tam əməl edilməmişdir.
Belə ki, 94 saylı Bərdə kənd seçki dairəsi dairə seçki komissiyası 13 avqust 2011-ci il tarixli 05/10 saylı qərarı ilə məntəqə seçki komissiyalarının tərkibinin formalaşdırılması ilə bağlı Milli Məclisdə azlıqda olan deputatları təmsil edən siyasi partiyalara düşən yerlərin sayını müəyyən etmişdir. Bununla da müvafiq dairə seçki komissiyası aşağı seçki komissiyalarının formalaşmasında iştirak edən siyasi partiyaların dairə seçki komissiyasındakı təmsilçilərinin səlahiyyətlərinə aid olan məsələni buna zərurət olmadığı halda, dairə seçki komissiyasının gündəliyinin müəyyən olunmasına dair qanunvericiliyin tələblərini pozmaqla öz iclasında həll etmişdir. Məhz bu səbəbdən də dairə seçki komissiyasının 13 avqust 2011-ci il tarixli 05/10 saylı qərarı əsassız hesab edilərək ləğv edilməlidir.
Həmçinin, müəyyən olunmuşdur ki, 94 saylı Bərdə kənd seçki dairəsi dairə seçki komissiyasının 13 avqust 2011-ci il tarixli 05/10 saylı qərarından yaranan hüquqi nəticə məntəqə seçki komissiyalarındakı azlığı təmsil edən üzvlərin təsdiq edilməsi ilə bağlı dairə seçki komissiyasının müvafiq qərarının da əsassızlığına səbəb olmuşdur. Buna görə də dairə seçki komissiyasının həmin qərarı da bu səbəbdən ləğv edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 36-cı, 112-ci, 112-1-ci maddələrinə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 9 avqust 2008-ci il tarixli 10/49-2 saylı Qərarı ilə təsdiq edilmiş "Məntəqə seçki komissiyalarının formalaşdırılması qaydaları haqqında Təlimat"ın 1-ci, 2-ci və 3-cü bəndlərinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən q ə r a r a a l ı r :
1. Vətəndaş Səfərov Namiq Musa oğlu və Ağazadə Ənvər Sərdar oğlunun məntəqə seçki komissiyalarının formalaşdırılması qaydalarının 94 saylı Bərdə kənd seçki dairəsi dairə seçki komissiyası tərəfindən pozulması ilə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş 23 avqust 2011-ci il tarixli 01 və 06 saylı müraciətləri əsaslı hesab edilərək təmin edilsin və müvafiq dairə seçki komissiyasının 13 avqust 2011-ci tarixli 05/10 saylı və məntəqə seçki komissiyalarının formalaşdırılması ilə bağlı 15 avqust 2011-ci il tarixli 06/14 saylı qərarları əsassız olduğundan ləğv edilsin.
2. Həmin seçki dairəsinə aid olan seçki məntəqələrinin məntəqə seçki komissiyalarının tərkibinin qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə yenidən formalaşdırılması 94 saylı Bərdə kənd seçki dairəsinin dairə seçki komissiyasına həvalə edilsin.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Natiq Məmmədov
Katib Arifə Muxtarova
Üzvlər: Şaitdin Əliyev, Fuad Cavadov, Validə Kazımova, Qabil Orucov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Bəxşeyiş Əsgərov, Almas Qəhramanlı, Etibar Quliyev


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında